Bir qadın tanıdım - güllərin dilində danışan...

Bir qadın tanıdım - güllərin dilində danışan...
 23.09.2013, 09:54
Qənirə Paşayeva

Bir qadın tanıdım - güllərin dilində danışan...Gerçəkdən anlanılmaya ehtiyac duyulan bir qadın! Onu və onun sirli və maraqlı güllər dünyasını sizin də yaxından tanımanızı istədim. Onun həddindən artıq gözəl və maraqlı əsərlərini hər kəs görməlidir deyə düşünürəm. Gerçək sənət, gerçək sənətçi və böyük mənəvi zövq!
Gözəl sənətçi, aktrisa, ölkəmizin ən istedadlı və dünyaca məşhur floristi, gözəl insan və gözəl qadın Suğra Bağırzadənin kiçik iş otağındakı sərgisində  2 saat mənəvi  bir zövq yaşadım və bütüm həyatım boyu aldığım ən gözəl hədiyyələrdən birini aldım. Mənim günəbaxanlara (Ayçiçəklərə) qarşı fərqli bir sevgim var. Günəbaxan tarlasında gəzməyi, onlara tamaşa etməyi, toxunmağı çox sevdiyim qədər də onların təsvir olunduğu rəsmlər, fotoları, əl işlərini də çox sevirəm. Suğra xanım mənim bu sevgimi bildiyindən özünün düz 12 il əvvəl hazırladığı və bir çox müsabiqələrdə zövqlə izlənən “Günəş Aşiqləri-Günəbaxanlar” adlı əl işini mənə hədiyyə etdi. Təbii günəbaxanlardan hazırlanmış və böyük zəhmət, incə əl işi və böyük sevgi ilə hazırlanmış bu gözəl əsər üçün Suğra xanıma təşəkkür edirəm! Bu əsər mənim evimin ən gözəl yerində, ən qiymətli hədiyyələrdən biri olacaq! Ümumiyyətlə, Suğra xanımın bütün işləri möhtəşəmdir, insan onun kiçik iş otağında və evində sığınacaq tapmış sərgisində böyük zövq alır. Çiçəklərin dilini anladır, onların dilində danışır. Sirli və əsrarəngiz güllər və nağıllar dünyasına düşürsən sanki... Bütün dostlara məmnuniyyətlə Suğra xanımın əsərlərinə baxmağı və onlardan alıb öz evini, ofisini bəzəməsini böyük məmnuniyyətlə məsləhət görərdim. Suğra xanım, onun sənəti və masallar aləmini xatırladan əsərləri, sərgisi barədə ayrıca maraqlı bir yazı yazmağı da düşünürəm. Çünki bu gün Suğra xanım mənə çiçəklərlə danışmağın sirlərindən və onların bizə hər gün söylədiklərini necə anlamaq gərəkliyi barədə də çox maraqlı bilgilər verib və onları mütləq maraqlanan dostlarla paylaşmalıyam.   Mələk simalı,  gözəl qadın olmaqla bərabər gözəl bir insan olan Suğra xanıma hər zaman olduğu kimi, bu gün də mənə yaşatdığı mənəvi zövqə görə təşəkkür edirəm!  Təşəkkür edirəm ona görə ki, onun allı-güllü çiçəklərər, əlvan-əlvan güllərə olan sevgisi, bu sevginin mənəvi övladları olan əl işləri “insanda insan oyadır”. Təşəkkür edirəm ona görə ki, onun zərif zövqü, incə ruhu, səbirli, qürurlu təbiəti ölkəmizdən çox-çox uzaqlarda belə Azərbaycan qadınının mənəvi ucalığını, şəxsiyyət bütövlüyünü, daha çox da zərifliyini bütöv, boyaboy ifadə edir, sonsuz maraq və sözün ən yaxşı mənasında qürur hissi oyadır. O, yaratdığı nadir sənət incilərində təkcə öz könül duyğularını ifadə etmir, eyni zamanda (və daha çox!) Azərbaycan təbiətinin ecazkar təbiətini, özünəməxsusluğunu, həyat nəşəsi ilə süslənən mənzərəsini bütün dolğunluğu ilə verə bilir.

Suğra xanımın təqdimində hər kəsə məlum olan, hər kəsin tanıyıb-bildiyi güllərin, çiçəklərin hər birinin öz adı, nəmi-nişanı var. Bəri başdan birini mən deyirəm – hər cizgisi bir qəriblik, pərişanlıq, mistik bir dünya effekti doğuran zanbaq gülləri onun üçün təkcə zambaq gülləri deyil ki... Həm də “Qu quşu gölü”nün özüdü ki, var! Eləcə də günəbaxan onun üçün “Günəşin yerdəki əksi”di, bənövşə “Yazın incə qoxusu”du, çobanyastığı “Məhəbbət kuzəsi” kimidi.
Suğra xanımın zərif barmaqlarının incəsənətimizə töhfəsi olan “Güllərin oxuması” rəsmdən çox səs, avaz titrəyişilə yaddaşa köçür. Lalələrin könül dağı “Məhəbbət fərağında”n söz açır. “Qızıl gül və mirvari” isə ayrıca bir söhbətin mövzusudu: bu fonda Mərdəkan qalası Azərbaycanın tarix salnamələrindən biri kimi verilib, dost üzünə açılan süfrə öz dalğavari şəkillənməsilə Xəzəri ifadə etməkdədi.
Onun barmaqları “Bətndəki həyat”ın iç dünyasını sarı rəngli yumurta fonunda ortaya qoyur. Bu tablo qızılgül, çobanyastığı işləmələriylə təmizliyi, munisliyi, paklığı ifadə etməkdədi.
Suğra xanım atılmış, “əski güllər”in xatirəsinə vəfalıdı, çiçəklərin “Yaz əhvalı”na, “Güllərin rəqsi”nə etinalıdı. Onun əl işləri üstündə elə bil əl işləməyib, gülün-gülə verdiyi yeni ömür naxışlanıb.
Bu naxışlar Suğra xanımı bir sənət fədaisi kimi yenidən dünyaya gətirib, durub...
Dünyaya  ilk  gəlişi 1947-ci ildə Bakının Çəmbərəkənd kəndində tarixləşib.
Vur-tut 12 yaşı vardı Sovetlər ölkəsinin baş şəhəri olan Moskvanın Böyük teatrında zərif çiyinlərini məsuliyyətli bir işi altına verəndə; Deməli 1959-cu il idi... Moskvada Azərbaycan mədəniyyəti ongünlüyü keçirilirdi. Həmin tədbirdə “Cücələrim” uşaq mahnı və rəqs ansamblının solo ifaçısı Suğra xanım olmayıb kim olacaqdı ki?!
Rejissor Zeynəb Kazımovanın “Yollar və küçələr” qısametrajlı filmində baş rola çəkiləndə orta məktəbin 8-ci sinfində oxuyurdu.
Ağarza Quliyevin “Ulduz” filmində Yetər roluna dəvət alanda orta məktəbi bitirməmişdi...
Sonra “Alma almaya bənzər”də Yetəri oynadı, “Tələ”də Fatimə rolunda çəkildi, “Şir evdən getdi”də təyyarə bələdçisi oldu, “Güllələnmə təxirə salınır”da Nərgiz kimi sevildi... Rafiq Dadaşov “Cücələrim”ə, Məhərrəm Bədirzadə “Axırıncı şahid”ə dəvət etdi, “Dünyaya insan gəlir”də qadın, “Bakı kondisionerləri”ndə apacı oldu. Braziliyalı rejissor isə onu “Bu gün, sabah və...” filmində Mariya rolunda gördü...
1990-cı ildə isə onun taleyinin yeni bir gülü açdı, baharı gəldi; könlünü daha çox floristikaya bağladı. Anası Məleykə xanımın gül-çiçəyə olan sevgisi onun barmaqlarından aşıb-daşdı. Az keçməmiş Riqa şəhərində keçirilən Ümumdünya floristlər Şurasının XXI sammiti onun floristika industriyasında yeni professional səmt yaratdığını etiraf etdi. Elə həmin 2004-cü ildə Sankt-Peterburqda keçirilən beynəlxalq sərgidə mükafat alan 4 nəfərdən biri də Suğra xanım oldu. Sırasıyla ölkəmizi Polşada, Yeni Zelandiyada, Türkiyədə, Yaponiyada təmsil etdi, əl işləri Azərbaycanda keçirilən Gül bayramlarının bəzəyinə çevrildi.
Bütün bunları sevərək etdi.  Zərif qəlbi zərif çiyinlərinə arxa, kömək oldu.
   Suğra xanım bu gün ölkəmizin ən istedadlı və dünyada tanınan floristidir . Amma onun "güllər dünyasına" tamaşa edərkən bir şey çox üzüldüm ki, onlar Kinostudiyada Suğra xanımın kiçik iş otağına sığınıb qalıblar. Suğra xanımın ölkəmizin ən istedadlı və dünyada tanınan floristi olmasına baxmayaraq indiyədək fərdi emalatxanası yoxdur. Heç kəsə bu barədə danışmaq istəməsə də, söhbət zamanı belə bir emalatxana qurmaq üçün heç bir şəxsi imkanlarının olmadığını gördüm. Emalatxanasının olmaması səbəbindən floristikanın sirlərini öyrənmək istəyənlərlə ya öz evində, ya da kiçik iş otağında bu sənətin sirlərini öyrədir. İnanıram ki, bu sənətin Azərbaycanda inkişafı, onun gənc nəsillər tərəfindən öyrənilməsi və Azərbaycanı bu sahədə layiqli təmsil etmək üçün çalışan Suğra xanıma müvafiq dövlət orqanları ciddi dəstək olacaq və güllər, çiçəklərlə zəngin Azərbaycanda floristika sürətlə inkişaf edəcək.
  Suğra xanım sənətini mədəniyyətimiz qarşısında təmənnasız xidmət örnəyinə çevirə bildi. Sənətə “Ulduz”dan gəlsə də, ulduzluq iddiasıyla gözləri qabar etmədi. İstəklərini gül-çiçək diliylə açdı bizlərə...
Eşitməyə;
Dərk etməyə;
Dəyərləndirməyə;
Haqqını haqlamağa hazırıqmı? Bacarırıqmı?
Bu uzun illər ərzində qazandığı nailiyyətlər təkcə “əməkdar artist” adına sığınıb qalıb...
O, çiçəklərin, güllərin diliylə danışa bilir.
Yazılmamış qanunların dilinə nabələddi... Daha çox xalqına, dövlətinə arxalanır. Özü də haqqına!..


 
Oxunub: 212
Çap variantı
Məktub göndər
Facebook-da paylaş

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами