AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru
Çəmənzəminli: «Böyük türk irqinə mənsub olduğumuz üçün türk idarəsinin ədalətini saxladıq»
XX
əsrin birinci yarısında yaşamış Azərbaycan-türk mütəfəkkiri Yusif Vəzir
Çəmənzəminli də bu dövrdə milli ideologiyanın aparıcı xətti olan
Azərbaycan türkçülüyü ideyasının təşəkkülündə və inkişafında fəal
şəkildə iştirak etmişdir. Belə ki, Çəmənzəminli ilk növbədə, diqqətini
Azərbaycan türklərinin millət kimi formalaşması, ədəbi dilinin və
ədəbiyyatının yaranması, eyni zamanda türklük və islamlığın vəhdəti
məsələlərinə diqqəti yönəltmişdir.
Dinə, o cümlədən islama
münasibətdə Çəmənzəminlinin mövqeyi ondan ibarət idi ki, bu məsələdə
iman və etiqad azadlığı olmalıdır. Yəni heç bir Azərbaycan vətəndaşı
dini etiqadına görə hər hansı təzyiqə və zorakılığa məruz qalmamalı,
ölkədə dini dözümlülülk hökm sürməlidir. Çəmənzəminli yazır: «Çünki din
insan ilə Allahın əlaqəsinə dair bir şeydir. Din müqəddəs bir yoldur ki,
insanın gizli sirlərini, dua və diləklərini Allahın hüzuruna aparır. Bu
yolu hərə özünə bir növ təsəvvür edir. Din bir aləmdir ki, oraya dünya
qanunlarının qarışmağı lazımsızdır. Allah ilə insanın arasına girmək
insanın azadlığına xətər yetirir».
Azərbaycan xalqının milli
klimliyini tanıması, millət kimi formalaşması məsələsinə gəlincə, buna
xüsusi diqqət yetirən Çəmənzəminli hesab edirdi ki, Azərbaycan türkləri
başqa türk tayfaları, yəni türkmənlər, qırğızlar və s. ilə müqayisədə
yad millətlərdən (fars və b.) daha çox özlərini qorumaq məcburiyyətində
qalıblar. Yad millətlər, xüsusilə farslar Azərbaycan-türk mədəniyyətinə,
ədəbiyyatına, dilinə və s. çox mənfi təsir göstərmiş, bunun da
nəticəsində dilimizi, etnik mənşəyimizi unutmuşuq. Onun fikrinə görə,
bundan qurtulmaq üçün: 1) dilimiz saflaşmalı; 2) ədəbi dil el
ədəbiyyatından götürülməli; 3) musiqimiz türkləşməli; 4) qadınlara
hüquqlar verilməli; 5) türk məktəblərinin sayı artırılmalı; 6) fars
ədəbiyyatı türkcəyə çevirilməli; 7) milli dahilər təbliğ edilməli; 8)
Azərbaycan türk tarixi yazılmalıdır.
Dildə, mədəniyyətdə,
fikirdə və s. türkçülük davası aparan Çəmənzəminli yazırdı ki, türklərin
təbiətində heç vaxt kölələlik, yazıqlıq, qorxaqlıq və s. mənfi cəhətlər
olmayıb. Türklük həmişə dağ kimi qüvvətli və qaya kimi möhkəm,
fikirləri gün kimi parlaq, niyyətləri ulduzlar kimi yüksək olmuşdur. Bu
fikirlərinin davamı olaraq Çəmənzəminli yazır: «Türk oğlu türk olun!
Türklər heç vədə dünyanın şövkətli həyatından əl çəkib axirət yolu üçün
çalışmayıblar. həmişə ağalıq ediblər. Şanlı yaşayış üçün qılınc
vurublar. Bu fikrin doğruluğunu türk və islamın düşmənləri belə inkar
etmirlər».
Dil məsələsinə gəldikdə, o bildirirdi ki,
Azərbaycanda dövlət dili türk dili olmalıdır. Çünki Azərbaycan
əhalisinin çoxu türkdür. Yusif bəyin fikrinə görə, mədəniyyət sahəsində
də ilk növbədə, ana dilimizin - Azərbaycan türk dilinin qayğısına
qalmalıyıq. Çünki ana dilin tənəzzülü millətin tənəzzülüdür. Ona görə
də, hər bir kəs türk dilini sevməli, bu dildə danışmağı eyib yox, fəxr
hesab etməlidir. Bu baxımdan dil məsələsində osmanlı türk ləhcəsinin
bütün türklərin ortaq dili olmasına qarşı çıxan Çəmənzəminli Azərbaycan
türkcəsinə üstünlük verməsini isə, belə əsaslandırırdı: «Dilin birliyi
üç-dörd adamın bir dildə yazmağı ilə olmaz: dil gərək işlənsin, mürurla
gəlib birləşsin. Dil qayırmaq zəiflik sevməz, zor gücü də qəbul etməz.
Dil öz kökü üstə bitər, qalxar, qol-qanad açar və bu asudəlik sayəsində
də belə gözəl, zərif və geniş bir hala gələr ki, hamını heyran qoyar.
Dilin kökü camaatımızın yaratdığı el ədəbiyyatındadır, gərək onlar
toplansın, öyrənilsin, əzbərlənsin. Dil axtaran gərək camaatımızın
arasında gəzsin, dolaşsın, öyrənsin». Beləliklə, Çəmənzəminli hesab
edirdi ki, Azərbaycan türkləri osmanlı şivəsini tamamilə anlamadıqları
üçün, ən doğru seçim Azərbaycan türkcəsində yazıb-yaratmaq və ata-baba
dilimizə qayıtmaqdır.
Onun fikrincə, böyük bir ərazidə yaşayan,
dili bütün yad tayfalar üçün belə ortaq dilə çevrilən, eyni zamanda
ədəbiyyatı, musiqisi, operası, teatrı və s. olan bir camaat «millət»
adını daşımağa haqlıdır. Onun fikrincə, bu mənada Azərbaycan türklərinin
siyasi «millət» kimi meydana çıxması isə, məhz 20-ci əsrin əvvəlləri
ilə bağlıdır.
Beləliklə, siyasi-ideoloji baxımdan M.Ə.Rəsulzadə,
N.Yusifbəyli və b. kimi Azərbaycan türkçülüyü və milli istiqlal yolunu
tutan Y.V.Çəmənzəminlinin fikrincə türk milləti artıq ayılmalıdır:
«Əsrlərlə qılınc zərbəsi ilə istila olunub, millətlərin qan və göz
yaşları ilə bir-birinə bitişdirilən torpaqlar başsızlıq sayəsində məhv
olub gedir. Şəddadın zülmü ilə abad olunmuş imarəti uçur, dağılır. Böyük
ölkə bir-birinə dəyir: Rusiyanın qiyaməti qopur. Geniş bir dövləti
mərkəz bir orta idarəyə qadir deyil. Hökumətə gündə bir adam daxil olub,
biri çıxır. Sabit idarə yox, nizam yox, qayda yox, əmin-amanlıq yox».
Ona görə də, Çəmənzəminli hesab edrdi ki, artıq hansı cərəyanda təmsil
olunmasından asılı olmayaraq bütün türklər Azərbaycan muxtariyyəti
ideyası ətrafında birləşməlidir. Bu məqsədlə o, üzünü bolşevizmə
meyilli «hümmətçilər»ə tutaraq yazırdı ki, marksizm-leninzmin əsil
mahiyyətini onlar da bilməli və bolşeviklərin əli ilə millətin
parçalanmasına yol verməməlidirlər: «Ey hümmətçilər! Ukraynanın cəmi
firqələri ittifaq edib, Ukrayna muxtariyyətini yapdılar. Muxtariyyət
olmasa, ölkə başsızlıq bəlasından xilas olmasa, orada firqə həyatı da
olmaz. Bəs əqidə davası eyləmək zamanı deyil. Mərkəziyyəti öldürüb,
yerində ədəmi-mərkəziyyət payidar edilməlidir. Milli idarə qoy çöl
tərəfdən düzəlsin, sonra içini düzəltdikdə mübahisə edərik».
Beləliklə,
bolşevizmin əsl mahiyyətini dərindən anlayan Y.Vəzir haqlı olaraq
yazırdı ki, bu cərəyan heç bir millət üçün, xüsusilə əsarətdən
Beləlikakı as daşıyıcısı olan u türkdürö Azərbaycan məktəblərində
işlənən türk dili olmalıdır.yenicə xilas olmuş millətlər üçün səadət
gətirə bilməz: «Bolşevizmin sonu hərc-mərclikdir. Biz gərək bolşevizmin
öz vətənimizə gəlməsinə bütün ciddiyyətimizlə manne olaq. Bunun
qarşısını almaq üçün bolşevizmi doğura biləcək ədalətsizliyi
məmləkətimizdən rəf və dəf etməliyiz. Bolşevizm aclıqdan və səfalətdən
çıxar. Bunun üçün millətimizin əksəriyyətini təşkil edən fəhlə və kəndçi
sinfinin iqtisadi həyatını yoluna qoymalı, torpaq məsələsi onlara
əlverişli bir surətdə həll edilməlidir». Başqa sözlə, bolşeviklikdə
quruculuq yox, dağıdıcılıq var. Çünki bolşeviklərin şuarı belədir:
«Yaxmaq, yıxmaq və öldürmək!» .
Bu dövrdə o, milli ideyanın əsas
daşıyıcısı olan «Müsavat»ın milli istiqlal yolundakı öncüllüyünü görür
və gəncləri bu siyasi qurum ətrafında toplanmağa çağırırdı: «Ey
cavanlar! Ədəmi-mərkəziyyət fikrinin başında toplaşın. "Müsavat"
firqəsinə yazılın. Yatmışları oyadın. Onları federasiyon nuru ilə
işıqlandırın! Durmaq zamanı deyil. Bir mərkəzə tabe Rusiya uçurum
qarşısında durub, bizi də çəkib aparmaq istəyir. Məmləkəti bu haldan
qurtarın; onun idarə ixtiyarının bir hissəsini Qafqaza gətirib öz
əlinizə alın». O, birmənalı şəkildə yazırdı ki, Azərbaycanda hakimiyyəti
ələ almaq yalnız milli istiqlal ilə olur. Bundan başqa, ikinci yol
yoxdur.
Azərbaycan Cümhuriyyəti dövründə də milli ideyanın fəal
təbliğatçılarından olan Çəmənzəminli yazırdı ki, dünyada hər bir dövləti
təşkil edən üç amidir: torpaq, millət və hakimiyyət. Bu gün
Azərbaycanda bu üç amil mövcud olduğu üçün Azərbaycan müstəqil bir
məmləkətdir. O daha sonra qeyd edirdi ki, Azərbaycan Cümhuriyyəti bir
türk dövləti və türk hökuməti olsa da, başqa etnik qruplara da doğma
yanaşır: «Böyük türk irqinə mənsub olduğumuz üçün türk idarəsinin
ədalətini saxladıq. Bu gün vətənimizdəki xırda millətlər bizimlə bərabər
yaşamaqdadırlar; bunların hüququ heç bir qanun ilə təhdid olunmayıb və
olunmayacaqdır. Hökumətimiz ədalət hökmranlığını daimi surətdə təmin
etməyə çalışacaqdır».
Eyni zamanda, Çəmənzəminli Azərbaycan
Cümhuriyyətinin milli dövlət olmaqla bərabər, demokratik məmləkət
olmasını sübut etmək üçün yazırdı ki, Azərbaycan birinci islam məmləkəti
kimi qanunların icrasında və məhkəmə işlərinin həyata keçirilməsində
şəriətə ehtiyac duymur: «Burada Rusiya və Avropada məşhur olan qanun
məhkəməsi daha da ədalətli şəkildə qoyuldu. Millətlər, cinslər və
siniflər bərabərliyi də felən tanındı».
Qeyd edək ki,
Çəmənzəminli Azərbaycan türkçülüyü ideyasının tərkib hissəsi kimi,
Azərbaycan türk tarixinin, Azərbaycan türk fəlsəfəsinin, Azərbaycan türk
mədəniyyətinin və sair araşdırılmasında, qələmə alınmasında mühüm işlər
görmüşdür. O hesab edirdi ki, milli dövləti qorumaq və yaşatmaq üçün,
ilk növbədə onun elmi əsasaları işlənib hazırlanmalıdır. Bütün dünya
millətləri bilməlidir ki, Azərbaycan Cümhuriyyəti gənc bir dövlət olsa
da, onun şanlı dövlətçilik ənənəsi, mədəniyyəti, fəlsəfəsi, ədəbiyyatı
və s. olmuşdur. Bu baxımdan Y.Vəzirin 1920-1921-ci illərdə qələmə aldığı
«Tarixi, coğrafi və iqtisadi Azərbaycan» əsəri, xüsusilə diqqətə
layiqdir. Maraqlıdır ki, Çəmənzəminli bu əsərini «əziz yoldaşımız və
böyük mürşidimiz Məhəmməd Əmin Rəsulzadəyə sevgi ilə ithaf etdiyi»ni
bildirmişdi.
Комментарии
Отправить комментарий