AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru
Almas İldırım: öncə vətən, öncə millət, öncə istiqlal
Azərbaycan
türklərinin tanınmış şair-mütəfəkkiri Almas İldırımın (1907-1952)
yaradıcılığında vətən sevgisi, Azərbaycan türkçülüyü ideyası, Azərbaycan
milli istiqlalı davası və s. mühüm yer tutmuşdur. Məhz milli ideal
yolunu tutduğuna görə, Sovet Rusiyası məmurlarının göstərişi ilə 1920-ci
illərin sonu, 1930-cu illərin əvvəllərində öncə Dağıstana, daha sonra
Türkmənistana sürgün edilən A.İldırım 1933-cü ildə İrana qaçmış, oradan
da doğma, qardaş Türkiyəyə üz tutaraq ömrünün axrına qədər ikinci ana
vətəndə yaşamışdır.
A.İldırımın şeir və poemalarında
Azərbaycanın milli istiqlal fəlsəfəsi və bu davaya olan inam müstəsna
yer tutur. Hələ Sovet Rusiyasında - Dağıstanda sürgün həyatı yaşayarkən
A.İldırım vətən sevgisini bu cür ifadə edirdi: «Mən gələrkən o yurdun
mövsümü son bahardı, Gülşəndə gül yerinə qızıl tikanlar vardı…».
Şübhəsiz, vətəndəki bu «qızıl tikanlar» rus, erməni və b. yadmillətli,
ancaq hökmran işğalçı bolşeviklər idi. Hər bir şeirində sətiraltı, bəzən
də açıq şəkildə vətənini əsarət altında saxlayanlara qəzəbini və kinini
ifadə edən istiqlal şairi Dağıstanda sürgündə olarkən anasına
ünvanladığı bir məktubunda yazırdı ki, məscidlərə gedib ondan ötrü Allah
qarşısında ağlayıb, sızlayıb, yalvarmaqdan heç nə çıxmaz:
Mən anlamaq isətəməm nə məzhəb, nə yol, nə din,
Mənim yalnız ümidim Türk qəlbi, iradəsi,
Mənim yalnız tutduğum millətimin haqq səsi.
Mən yalnız iman etdim qollarımın zoruna,
Bu zor məni qurtarıb, çıxaracaq yarına.
Dağları titrədirkən qəlbimin daşan kini,
Eh, sən ki bilməzsən bu gənc qəlbimdəkini….
Vətəninin
- Azərbaycan Cümhuriyyətinin müstəqilliyi əlindən aldığı üçün Sovet
Rusiyasına duyduğu bu kini gizlətməyən şair yazır ki, milli istiqlalsız
ona «Yeni dünya», yəni kommunizm lazım deyildir. A.İldırım «Mənim
türküm» şeirində kommunizmə olan nifrətinin və vətənə olan sevigisinin
ifadəsi olaraq yazırdı:
Qafqasın eşqi bütün zər dolu dünyaya dəyər,
Desələr yurdu unut, al «Yeni dünya»yı əgər,
Söylərəm, eşqimi ver, haqqımı ver, yurdumu ver,
Dinləsin qoy bütün aləm bu boğulmaz səsimi!.
Məhz
vətəninə, millətinə olan bu sonsuz, müqəddəs eşq sonda şairi sürgündən
mühacirətə üz tutmağa sövq etmişdir. Şair vətəndən nə qədər
uzaqlaşırdısa da, Azərbaycana, millətinə olan sevgisi, eşqi birə on qat
artır, yurdunun azadlığı mücadiləsindən dönməz edirdi. Əvvəlcə
Türkmənistandan İrana, daha sonra Türkiyəyə üz tutan Almas İldırım, bu
ucsuz-bucaqsız yollarda fiziki baxımdan çox əzab-əziyyətlər çəkməsinə
baxmayaraq, bütün bunlar onun vətənə, millətə və istiqlala olan
sevgisini nəinki azaltmış, əksinə artırmışdı.
Bu baxımdan 1930-cu
illərin ortalarında A.İldırım Türkiyədə olarkən üzünü Azərbaycan
türklərinə, soydaşlarına tutaraq bir tərəfdən onları rus bolşevizmi ilə
mübarizəyə səsləyir, digər tərəfdən isə öz mücadiləsini anladırdı: «Ey
Azəri türk… Ey vətəndaşım… Sənin qarət olunmuş haqqından doğan
daşqınlığına tərcüman olayım deyə hayqırdım… Nə yazıq ki, bu hayqırış
sonunda qırıq-sökük çıxan hıçqırıqlarımdan ibarət boğuq bir səs oldu…
Ah… Bu səsdə belə səni, həm sənin eşqini, həsrətini, qəribliyini azacıq
da olsa yaşada bildimsə, nə mutlu bana!...».
Bütün varlığı ilə
milli istiqlal uğrunda mübarizə aparan A.İldırım nə zamansa vətənin
qurtuluşu üçün müqəddəs bir inqilabın gerçəkləşəcəyinə ümid bəsləyirdi. O
inanırdı ki, müqəddəs bir inqilabla Azərbaycan yenidən istiqlalına
qovuşacaq. Bu inamla da A.İldırım «Müqəddəs ixtilal» şeirində yazır:
Qaranlıqda gözlərim dikilmiş üfüqlərə,
Bir fırtına səsi var, buldular göydə dal-dal
Açmış Doğu bağrını sökəcək şəfəqlərə,
Qop, ey dəli fırtına, rişəni könlümə sal,
İxtilal (inqilab - F.Ə.) istəyirəm, müqəddəs bir ixtilal...
Doğan günəşlə qopsun bir axın vəlvələsi,
Görünsün qan köpüklu qasırğanın yeləsi,
Bitsin əsir türklüyün, bitsin artıq çilləsi,
Nə zəncirli bir Qafqas, nə qan qusan bir Ural,
İxtilal istəyirəm, müqəddəs bir ixtilal…
Sovursun ümmanlara göldə, bacaq, bilək, baş,
Yerə girsin, Kremlin qalmasın daş üstdə daş,
Hürr insanlıq uğrunda başlasın qətl-savaş,
Vaxt gəlmişdir, ey zaman, bir ölüm şərqisi çal,
İxtilal istəyirəm, müqəddəs bir ixtilal…
Böyük
vətən sevdalılarından olan İldırımın arzuladğı milli inqilab baş verdi
və 1991-ci ildə Azərbaycan Cümhuriyyəti yenidən müstəqilliyə qovuşdu.
Ancaq çox təəssüf ki, bu müstəqillik uğrunda can qoyanlardan A.İldırımın
adı yeni tariximizdə çox da anılmır, mətbuatda və teleekranlarda çox
az-az xatırlanır. Görünür, bəziləri hesab edirlər ki, müstəqillik əldə
etdikdən sonra Əhməd Cavadlar, Almas İldırımlar, Məhəmməd Əminlər,
Gültəkinlər, Mirzə Balalar artıq lazım deyildir. Yəni onlar tarixə
qovuşmuşdur. Doğrudur, milli istiqlal şəhidlərimiz tarixə qovuşmuşdur,
ancaq bu şərəfli və ləyaqətli bir tarixdir. Ən azı ona görə ki, bugünkü
müstəqilliyimiz onların al qanları ilə qazanılmış və yaşadılmışdır.
Unutmaq
lazım deyil ki, A.İldırım və yüzlərlə milli istiqlal şəhidlərimiz
Azərbaycanın istiqlalı yolunda təkcə özünü deyil, ailəsini və
övladlarını da qurban vermişlər. Vətənə dönmək ümidi ilə əkiz
övladlarına Eldəgəz və Yurdavar isimlərinə verən şairin bu arzusu da
gözündə qalır. Hər iki övladı bir gündə dünyasını dəyişir. Buna səbəb
şübhəsiz ki, sürgün həyatında tapdıqları xəstəliklər idi. Halbuki
1920-1930-cu illərdə bəzi şair-mütəfəkkirlərimiz kimi, A.İldırım da
Stalinə, Leninə və başqalarına məhdiyyələr yazaraq vətənində rahatca
yaşaya və övladlarını da itirməyə bilərdi. Ancaq A.İldırım üçün
Vətən-Azərbaycan, Millət-Türk, İstiqlal-Azadlıq sedası hər şeydən -
ailədən də, övladlardan da, rahat yaşamaqdan da öndə dayanırdı. Çünki
Alman İldırımın həyat devizi belə idi: öncə vətən, öncə millət, öncə
istiqlal.
A.İldırımın özünün də yazdığı kimi, XX əsrdə hürr bir
aləmdə, bir millətin azadlığının əlindən alınması kimi faciəli bir
vəziyyət ola bilməzdi. Bu baxımdan «hürr bir aləmdə insan hürriyyətinə
məlun bir qüvvət kimi zəncir vurana lənət» deyən şair-mütəfəkkir qeyd
edirdi ki, Tanrı ona keçmişdən bir anını versəydi, bir məşəl yaxaraq
azad bir cəmiyyət qurardı:
Qazardım könüllərdə yalnız tək bir ideal:
«İnsanlara hürriyyət, millətlərə istiqlal!».
Hardasan, ey xilaskar Bozqurdum, çıx yoluma,
Hardasan, ey Teymurun qüdrəti, gəl qoluma,
Şimşəklər kimi bir an mən çaxmaq istiyorum.
Böyük
Azərbaycan-türk ideoloqu, Azərbaycan Cümhuriyyətinin qurucusu,
Azərbaycan türkçülüyü ideyasının müəllifi M.Ə.Rəsulzadənin «İnsanlara
hürriyyət, millətələr istiqlal!» devizini bir ideal kimi qəbul edən
A.İldırımın bir Azərbaycan türkçüsü qədər, turançı olması da
şübhəsizdir:
Türk elləri bir-birinə yadlanır,
Qazax, Qqırğız, Türkmən, Özbək adlanır,
Azəri türk yanır, içdən odlanır,
Ana yurdun içdən halı duman hey…
Qoca Türkün düşdüyü dərd yaman hey…
Azərbaycan dərd içində boğulmuş,
Sevənləri diyar-diyar qovulmuş,
Ağla, şair, ağla, yurdun dağılmış,
Nərdə qopuz, nərdə qırıq kaman hey?..
Nərdə böyük vətən, nərdə Turan hey?...
Göründüyü
kimi, milli istiqlal sevdalısı, Azərbaycan türkçülüyünü şeirdə
yaşadanlardan Almas İldırım şərəfli bir yol keçmiş, bu yolda birmənalı
şəkildə şəhid olmuşdur. İldırımn Vətən uğrunda şəhid olmasını ifadə edən
yüzlərlə şeirlərindən biri də «Əsir Azərbaycanım»dır:
Nerdə (harada) məni gül qoynunda doğuran,
Xəmrimi göz yaşıyla yoğuran,
Beşiyimdə «layla balam» çağıran,
Azərbaycan, mənim baxtsız annam oy,
Neçə bir il həsrətinlə yanam oy?..
Salam desəm. Ruzgar alıb götürsə,
Ağrı dağdan Alagözə ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəqgirini qırar oy!..
Hökm etsə, bu sərsəm gediş dursa oy!..
Xəbər alsam Muğanımdan, Milimdən,
Nazlı Bakım, o neft qoxan gülümdən,
Kim demiş ki, düşmüş adı dilimdən,
Azərbaycan, mənim eşsiz yurdum oy!..
Ölməz eşqim, içimdəki dərdim oy!..
Könlümə tək Kəbə yapdım səni mən,
Sənsiz nedəm qürbət eldə günü mən,
Sənsiz nedəm Allahı mən, dini mən,
Azərbaycan, mənim taxtım, tacım oy!
Oyanmazmı kor olası baxtım oy!
Комментарии
Отправить комментарий