AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru
Mirzə Bala Məmmədzadə: islamçılıqdan türkçülük, türkçülükdən isə Azərbaycan türkçülüyü-azərbaycançılıq yaranmışdı
Gənc
yaşlarından türkçülük hərəkatına qoşulan, Azərbaycan Cümhuriyyəti
Sovetlər Birliyi tərəfindən işğal olunduqdan sonra Türkiyədə və başqa
ölkələrdə mühacirət həyatı yaşamağa məcbur olmuş Mirzə Bala
Məmmədzadənin (1898-1959) də milli fəlsəfi fikrinin əsasında türkçülük,
Azərbaycan türkçülüyü (azərbaycançılıq), milli istiqlal davası və bu
yolda gördüyü başqa milli əməlləri dayanır.
Azərbaycan
türkçülüyü ideyası, Azərbaycanın istiqlal davası, ümumilikdə Azərbaycan
milli ideologiyasının yaranması və inkişafının mahiyyətinin öyrənilməsi
baxımından M.B.Məmmədzadənin ən qiymətli əsəri 1938-ci ildə
Almaniyada-Berlində nəşr olunan «Milli Azərbaycan hərəkatı»dır. Bu
əsərində Məmmədzadə türkçülük, Azərbaycan türkçülüyü ideyasının
yaranması və təkamülü ilə yanaşı, mühacirət dövründə türkçülük və
turançılığın türk xalqları üçün hansı: siyasi yoxsa, mədəni birlik
mənası daşıması ilə bağlı mövcud olan fikirləri dəyərləndirməyə və bu
məsələdə tutduğu mövqeyi ifadə etməyə çalışmışdı.
M.B.Məmmədzadə
Azərbaycan türklərinin milliyyətdən millətə keçməsini cəmiyyətin
ayrı-ayrı üzvləri arasında milli iradənin, milli düşüncənin, milli
müqavimətin və s. yaranması ilə izah edir. Onun fikrincə, artıq XX əsrin
əvvəllərində mütərəqqi Azərbaycan ziyalıları özlərini Xanlıqlar
dövründə saraylara toplaşaraq xanların zövqünə uyğun olaraq özünü aparan
şair və mütəfəkkirlər deyildir: «Bu kollektiv bir hərəkat idi. Bu
kollektiv hərəkatdan həqiqətən kollektiv bir vicdan, kollektiv bir şüur
və iradə doğacaqdı. Bu şüur və iradə büllurlaşdıqca mahiyyəti və hədəfi
artıq büllurlaşmış olan milli hərəkat öz zahiri simasını ad taparaq
islami etiketdən çıxır, milli türk simasını alırdı. Çünki kollektiv
vicdan islami mahiyyətini çoxdan tərk etmiş, ictimai münasibətlərdə
dinin bağlıyıcılıq yerini dil almış olurdu».
Onun fikrincə, bu
şüurlu və kollektiv hərəkat isə türkçülük doğurdu və mədəni millətçiliyə
yeni bir yön verdi. Mədəni millətçiliyin sonrakı forması da tanınmış
türkçülərdən Əli bəy Hüseynzadə tərəfindən «türkləşmək, islamlaşmaq və
avropalaşmaq» kimi bir prinsip halına gətirilmiş, daha sonra «Müsavat»ın
başlıca şüarı və milli Azərbaycan bayrağının əsasını təşkil etmişdir.
Məmmədzadəyə görə, beləliklə, türk milli hərəkatı gərək geniş mənası
ilə, gərəksə də Azərbaycan ölçüsündə XX əsrin əvvəllərinə doğru
şəkillənməyə başlamışdır. Belə ki, XX əsrin əvvəllərində mədəni
millətçilik, mədəni türkçülük siyasi-ideoloji şəkil alaraq əvvəlcə türk
birliyini (türkçülüyü), daha sonra isə Azərbaycan türkçülüyünü, başqa
adla azərbaycançılığı hədəfləmişdir.
XIX əsrin ortalarından
etibarən yaranmağa başlayan mədəni millətçiliyin, mədəni türkçülüyün XX
əsrin əvvəllərində siyasi-ideoloji şəkil almasını çox doğru
müəyyənləşdirən M.B.Məmmədzadə qeyd edir ki, bu dövr Azərbaycan-türk
ziyalıları iki dilemma: 1) daxili mühafizəkarlarla; 2) çar Rusyası ilə
mübarizə qarşısında qalmışdı. Məhz bu dilemma Azərbaycan idealist
millətçilərini XX əsrin əvvəllərində iki qrupa ayırmışdı: «Nəticədə rus
liberalları ilə həmfikir olan tərəqqipərvər zümrə və rus inqilabçıları
ilə həmfikir olan inqilabi gənclik kimi iki ictimai hizb (qüvvə) meydana
gəlmişdi. Xatırladılan hər iki hizb (qüvvə) XIX əsrin idealistləri
tərəfindən elan edilmiş millətçilik prinsiplərinə sədaqətdə ortaq idi».
Deməli,
XIX əsr Azərbaycan türk ziyalıları M.F.Axundzadə, H.Zərdabi və b.
mədəni millətçiyliyin, mədəni türkçülüyün əsasını qoymuş, onların
davamçıları-siyasi türkçülər isə XX əsrin əvvəllərində bu ideyanı bir
qədər də inkişaf etdirərək, eyni hədəfə istiqamətlənməsinə baxmayaraq,
iki fərqli qüvvə 1) rus liberalları ilə həmfikir olan milli
liberallar-«ittifaqçılar» (Ə.Topçubaşov, İ.Qaspıralı və b.), 2) rus
inqilabçıları ilə həmfikir olan milli inqilabçılar (M.Ə.Rəsulzadə,
A.Kazımzadə və b.) şəklində meydana çıxmışdır. Bu iki qüvvənin əsas
rəqibləri isə çar Rusiyası və onun siyasətini Azərbaycanda dəstəkləyən
yerli mürtəce mühafizəkarlar idi. Çar Rusiyasına qarşı mübarizədə milli
inqilabçıların doğru yol tutduğuna inanan Mirzə Bala qeyd edir ki,
hadisələrin sonrakı gedişi də milli liberalların-«ittifaqçılar»ın deyil,
milli inqilabçıların doğru yol tutduğunu ortaya qoydu.
M.B.Məmmədzadə
yazır ki, Azərbaycanda «ümmətçilik»dən «millətçiliy»ə keçən, milli
ideologiyanın təməl prinsiplərini işləyib hazırlayan ilk ziyalı isə
böyük türkçü, Azərbaycan türkçülüyü ideyasının ideoloqu Məhəmməd Əmin
Rəsulzadə olmuşdur. Belə ki, tanınmış Azərbaycan-türk mütəfəkkiri
Ş.C.Əfqanin yolunu davam etdirən M.Ə.Rəsulzadə «islam millətçiliyi»nin
yerinə «türk millətçiliyi»ni irəli sürmüşdür. M.B.Məmmədzadə yazır:
«Şeyx Cəmaləddin Əfqani kimi Məhəmməd Əmin bəy də islamiyyətin və
müsəlmsanlığın milliyyət deyil, «ümmətçilik» ifadə etdiyini, milliyyətin
isə din üzərində deyil, dil və mədəniyyət birliyi üzərində qurulduğunu
və bu milli diriliyin təməlini təşkil edən milli mədəniyyətin
ünsürlərini izah edərək milli hərəkatın ictimai fəlsəfəsini qurmuşdur».
Onun fikrincə, 1915-ci ildən işıq üzü görən «Açıq söz» qəzetində ilk
dəfə olaraq «müsəlman», «tatar» əvəzinə «türk» sözünü işlədən, «Biz
türkük!» deyən M.Ə.Rəsulzadə bu surətlə «ümmət» və «ümmətçilik» dövrünü
rəsmən qapamış, «millət», «türk millətçiliyi» dövrünün başlandığını elan
etmişdir.
Onun fikrincə, milli davada Azərbaycan
türkçülüyü-azərbaycançılıq isə xüsusi bir yer tutmuşdur. Bu fikrini
əsaslandırmağa çalışan Mirzə Bala yazırdı ki, hələ çar Rusiyasının
dağılması ərəfəsində türkçulər və turançılar vahid türk dövlətinin
qurulması istəyində bulunsalar da, bunun imkansız olduğunu anlamışdılar:
«Rusiyanın xarabalıqları üzərində vahid deyil, ayrı-ayrı türk
dövlətləri qurulur və yaxud qurulmaq istənir. Dünya türklərinin
geopolitik vəziyyəti, coğrafi vəziyyət etibarilə dağınıq və
bir-birilərindən uzaq olmaları, onları ayrı-ayrı dövlətlər qurmağa sövq
etmişdi. Doğrudur, «Müsavat» firqəsi bu vəziyyəti nəzərə almış və bu
milli dövlət prinsipini dilə gətirərkən bir gün bu dövlətlərin
federasiya yaradacaqlarını təsəvvür etmişdi. Fəqət o «bir gün» uzaq, bu
gün isə yaxın idi. Türk dünyasının geopolitik vəziyyəti, mədəniyyət və
kültür xüsusunda eyni məfkurə, qayə və taktikaya sahib müxtəlif türk
ellərini siyasi-dövlətçilik sahəsində məhəlli yurdçuluq-vətənçilik
yoluna sövq etmişdi». Onun fikrincə, bir bütün halda başlayan türk milli
hərəkatının ayrı-ayrı yurdçuluq və milli dövlətçilik halına gəlməsində
siyasi, coğrafi, iqtisadi və strateji səbəblər mühüm rol oynamışdı.
Məhz
bu səbəblərin nəticəsidir ki, Türkiyədə milli hərəkata başlayanlar
yalnız Türkiyə türklərini düşünmüş, onların proqramında Türkiyə
xaricindəki türklərdən bəhs olunmamış, hətta Türkiyə Misaqi-Millini
gerçəkləşdirmək üçün Qərbi Avropa imperialistləri ilə döyüşdə Türküstan,
Krım, İdil-Ural və Azərbaycan türklərinin mübarizə apardıqları Rusiya
ilə müttəfiq olmaq məcburiyyətində qalmışdı. Türkiyə Cümhuriyyəti
qurulduqdan sonra da bu proses davam etmiş və türk birliyi uğrunda
mübarizə aparan «Türk ocağı» əvvəlcə fəaliyyətini Türkiyə ilə
məhdudlaşdırmış, daha sonra isə bir müddət qapanmışdır. Məmmədzadə
yazır: «Artıq Türkiyədə bir Türkiyə türkçülüyü doğmuşdu və bu halın
cığırından sapmış bir xətası olmaq üzrə «Anadolu miləltçiliyi» epizodu
da müşahidə edilmişdi. «Anadolu» məcmuəsi ətrafında toplanan bir qrup
ziyalılardan ibarət zümrənin irəli sürdyü iddiaya görə türklük bir
millət deyil, bir irqdir və bu irqə Anadolu, Azərbaycan, Türküstan və
i.a. kimi millətlər daxildir».
Doğrudan da bu dövrdə, türkçülüyün
ideoloqu sayılan Z.Gökalp belə türkçülüyün və turançılığın real
siyasi-ideoloji hədəfi kimi türkiyəçiliyi götürmüşdü. Onun fikrincə,
uzaq gələcəkdə oğuzçuluq və daha sonra turançılıq mümkündür ki, bu isə
daha çox siyasi deyil, mədəni birlik mahiyyətli idi. Gökalp yazır: «Yüz
milyon türkün bir millət halında birləşməsi türkçülər üçün qüvvətli bir
coşqunluq qaynağıdır. Turan məfkurəsi olmasaydı, türkçülük bu qədər
sürətlə yayılmayacaqdı. Bununla bərabər, kim bilir, bəlkə gələcəkdə
Turan ülküsünün gerçəkləşməsi də mümkün olacaqıdr». Gökalpın bu
fikirlərini əsas tutaraq M.B.Məmmədzadə qeyd edir ki, bu mənada artıq
türkçülük-türk birliyi kimi romantik turançılıq da əski mənasını
tamamilə dəyişdirmişdi.
O yazır ki, türkçülük və turançılıq
məsələsində «Müsavat»ın 1936-cı ildə qəbul etdiyi «Yeni proqram
əsasları»na görə, ümumi türkçülüklə Azərbaycan
türkçülüyünü-azarbaycançılığı ideal bir surətdə birləşdirməyə nail
olmaqdan ibarətdir. Yəni müsavatçılar da türk mədəni birliyinə sadiq və
bağlı qalmaqla yanaşı, müstəqil Azərbaycan türkçülüyü ideyasını müdafiə
edirlər: «Müsavatçılıq böyük türk kültürünə bağlı, milli, mədəni və
insani dəyərləri mənimsəyən, hürriyyət, cümhuriyyət və istiqlal idealına
sadiq Azərbaycan vətənsevərliyidir. Böyük türklüyə mənsub bir məmləkət
olması səbəbilə Azərbaycan digər türk elləri ilə kültürəl surətdə
bağlıdır. Bu bağlılığın bundan əvvəl olduğu kimi, bundan sonra da
qorunmasını müsavatçılıq ciddiyyətlə müdafiə edər».
Beləliklə,
müstəqil və milli Azərbaycan ideyasını müdafiə edən Məmmədzadə və başqa
müsavatçılar hesab etmişdilər ki, Azərbaycan
türkçülüyünün-azərbaycançılığın tarixi bir missiyası vardır. Bu missiya
«Müsavat»ın «Yeni proqram əsasları»ında da öz əksini belə tapmışdı:
«Azərbaycan qədim zamanlardan bəri tarixin müxtəlif dövrlərində
özünəməxsus siyasi varlıq göstərərək müstəqil dövlət halında yaşamışdır.
Azərbaycan xalqı isə müasir millət olmaq üzrə zəngin bir kültür
həyatına malik bulunmuş və bunun məntiqi nəticəsi olaraq siyasi bir
ideal daşımışdır. Bu ideala tərcüman olan milli Azərbaycan «Müsavat»
xalq firqəsi 1918-ci ildə milli Azərbaycan Cümhuriyyəti istiqlalının
elanındakı təşəbbüsü, bu təşəbbüsün fikirdən işə keçirilməsi yolundakı
fəaliyyəti və nəhayət qızıl rus istilasına qarşı milli mücadilə işində
göstərdiyi yol göstərənliyi ilə bütün azərbaycanlıların biricik siyasi
təşəkkülüdür».
Məmmədzadə daha sonra yazır ki, istiqlal və
milli dövlət ən yüksək, ən qüdsi və ən insani bir məfkurəni milli
sərhədlər daxilində gerçəkləşdirmək üçün bir vasitədir: «Zatən siyasi
türkçülük, milli dövlət qurmaq hərəkatı milli varlığı qorumaq
əndişəsindən və mədəni millətçiliyi gerçəkləşdirə bilmək arzusundan
doğmamışdırmı? Müstəqil və azad bir milli dövlət həyatı türk mədəni
birliyini tətbiq etməkdən və gerçəkləşdirə bilməkdən əlavə millətin
fərdlərini səadətə və rifaha qovuşdurmaq, ictimai bir ədalət və
bərabərlik qura bilmək üçün də lazımdır».
Beləliklə, Məmmədzadə
belə bir doğru nəticəyə gəlir ki, «Müsavat»ın liderliyi ilə Azərbaycan
türkləri ümmətçilikdən-islamçılıqdan türkçülüyə, ümumi türkçülükdən
Azərbaycan türkçülüyünə-Azərbaycan milli dövlətçiliyinə doğru böyük
bir yol keçmişdir: «Əgər o («Müsavat»), «islamçılıq» dövründən «ümumi
türkçülüyə», oradan da türk kültür birliyinə əsaslanan «Azərbaycan milli
dövlətçiliyinə» keçməmiş olsaydı, yerini başqa ifrat və qeyri-milli
firqələrə verəcəkdi».
Bəs, siyasi türkçülüyün nəticəsi olaraq
meydana çıxan türk dövlətləri, konkret olaraq Azərbaycan-türk dövləti
müstəqil olacağı təqdirdə hansı quruluşa, hansı siyasi sistemə
əsaslanmalı idi? Məmmədzadə bu məsələdə də «Müsavat»ın yeni proqramından
çıxış edərək M.Ə.Rəsulzadənin irəli sürdüyü milli həmrəylik
(solidarizm) ideyasını müdafiə etmişdi. Müsavat»ın «Yeni proqram
əsasları»na (M.Ə.Rəsulzadəyə) görə, müstəqil türk dövlətində nə ifrat
liberalizmə, nə də kommunizmə yer olmayacaqdı. Burada yalnız milli
həmrəylik hökm sürəcəkdi. Çünki türk mədəniyyətinin inkişafı və
təkamülü, Azərbaycan türkünün səadəti və rifahı belə bir milli həmərylik
sistemi daxilində mümkündür.
Bir sözlə, mühacirət dövründə
Məmmədzadənin müdafiə etdiyi millət, vətən, milli birlik, türklük, milli
mədəniyyət, Azərbaycan türkçülüyü-azərbaycançılıq və bu kimi milli
idealar idi.
Комментарии
Отправить комментарий