AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru
Nəriman Nərimanov: liberal-demokrat, sosial-demokrat və milli təmayülçü
Sovet
ədəbiyyatında Azərbaycanın məşhur proletar inqilabçısı, «əqidəli
marksist-leninçi», «Şərqin Lenini» kimi dəyərləndirilən Nəriman
Nərimanov haqqında bu günə qədər çox yazılmış, çox da mülahizələr irəli
sürülmüşdür. Əslində bu gün N.Nərimanova dövlət tərəfindən verilən
qiymət, nəinki Azərbaycan Cümhuriyyətinin liderlərinə, o cümlədən
M.Ə.Rəsulzadə, F.Xoylu, N.Yusifbəyli, Ə.Topubaşov və başqalarına verilən
dəyərdən azdır, əksinə bir qədər də çoxdur. Ancaq burada söhbət yalnız
hər hansı bir şəxsiyyətə verilən maddi qiymətdən - müxtəlif adlardan,
heykəllərdən və s. getməməlidir. Əsas məsələ hər bir millətin adı üzdə
olan şəxsiyyətini mənəvi baxımdan anlaması, dəyərləndirməsi və ona sahib
çıxmasıdır. Fikrimizcə, məsələnin mənəvi qiymətinə gəlincə,
N.Nərimanovla bağlı bir qədər ziddiyyətli məqamlar ortaya çıxır. Buna
səbəb isə N.Nərimanovun keçdiyi mürəkkəb və ziddiyyətli siyasi-ideoloji
həyat yoludur.
Bu baxımdan N.Nərimanovun Azərbaycan türkçülüyü
ideyası ilə hansı dərəcədə bağlı olub-olmamasını aydınlaşdırmaq, onun
milli-mənəvi baxımdan yerini müəyyənləşdirmək üçün, onun keçdiyi
siyasi-ideoloji həyatı üç mərhələyə bölməyi vacib hesab edirik:
1) Azərbaycan-türk maarifçisi və liberal-demokratı kimi - 1895-1917-ci illlər;
2) Azərbaycan-türk marksist-leninçisi və bolşevizmin qatı tərəfdarı kimi - 1917-1921-ci illər;
3) Müstəqil və milli sovet Azərbaycanının müdafiəçisi kimi - 1921-1925-ci illər.
Birinci
mərəhələdə Nərimanov əsasən, türk maarifçisi və liberal-demokratizmin
tərəfdarı kimi çıxış etmişdir. Nərimanov hələ, 1890-cı illərdə qələmə
aldığı «Bahadır və Sona» romanında millət, dil və din məsələlərini
liberal-demokrat mövqeyindən şərh edərək yazırdı ki, bir türk ailəsində
dünyaya gəlib, sonralar türk dilində danışmağı bəyənməyən heç bir kəs
övladlarına milli ruhda tərbiyə verə bilməz. Çünki onların özlərinin də,
doğma dillərinə bu cür münasibətin əsas səbəblərindən biri, bu günə
qədər türk dilində yazılan əsərlərin milli tərbiyədən, milli ruhdan uzaq
olması və onlara bunu verəcək, milli məktəblərin olmamasıdır.
N.Nərmanova görə, milli ruhda əsərlər yazıb millətin ruhunu
təmizləmədən, naxoş və kor millətdən nə isə gözləmək faydasızdır.
Nərimanov
yazır ki, bütün müsəlmanlar üçün müqəddəs bir məslək həqiqəti-islamı
öyrənməkdirsə, bu dinə qulluq edən hər bir millətin özünəməxsus
məsləkləri ola bilər. Çünki din ayrı-ayrı millətləri özündə birləşdirsə
də, özünəməxsus məslək və idealları onları bir-birndən fərqləndirir.
N.Nərimanovun fikrincə, ümumi məsləkə, ideala çatmaq üçün hər bir
millət, o cümlədən islama inanan Azərbaycan türkləri özünü tanımalı,
başqalarından fərqli cəhətlərini bilməlidir. Özünü tanımaq, başqa
millətlərdən fərqliliyini hiss etmək üçün, ilk növbədə milli dil, milli
məktəb, milli mətbuat, milli ədəbiyyat və s. lazımdır. Onun fikrincə,
1-ci rus inqilabına qədər Azərbaycan türkləri ana dilinə həsrət qalmış,
milli və dini hissiyyatı tapdalanmış, ixtiyarı başqalarının əlində
olmuşdur. İndi özünü millətin dostu, millətpərəst kimi qələmə verənlərin
çoxu da həmin dövrdə xalqın, millətin mənafeyi naminə deyil, çar
məmurları üçün çalışmışlar. N.Nərimanova görə, millətin birliyi yalançı
millətpərəstlərlə deyil, yalnız millətin həqiqi dostları olan milli
müəllimlər, milli ziyalılarla mümkündür.
N.Nərimanov bu dövrdə
milli özünüdərklə bağlı milli dil məsələsinə, yəni türk dilinin
öyrənilməsinə və tərəqqisinə xüsusi diqqət yetirmişdi. Dövründə
Azərbaycan türklərinin ədəbi dil məsələsində çətinlik çəkdiyini, bunun
üçün də bir kitabça hazırladğını bildirən Nərimanov yazır: «Bizsə
özümüzü türk-Azərbaycan tayfasından hesab edib ana dilimizcə cüzü bir
nəf görməkdən ötrü osmanlı sərf və nəhvinə müvafiq bu kitabçanı
düzəltdik…». N.Nərimanova görə, fransız dili Avropada hansı məqama
sahibdirsə, hüriyyətin gəlişi ilə xilas olan türk dili də Asiyada həmin
səviyyədədir.
N.Nərimanovun bolşevikləşməsi yalnız 1917-ci il -
fevral burjua inqilabğından sonra, yəni ikinci mərhələdə baş vermişdir.
Artıq mərkəzçi bolşevizm mövqeyində dayanan Nərimanovun fikrincə, bu
vaxtadək müsəlman fəhlələrinin müsəlman kəndçilərinin başını «millət»
sözü ilə tovlayıb onları rus, erməni, gürcü və b. xalqların
fəhlələrindən ayıran «millətpərəstlər» olmuşdur: «Bu «millətpərəstlər»
sizləri bir-birinzdən ayrııb qüvvənizi azaldacaqlar və bununla da
sərməyadarlar üçün geniş meydan açacaqlar…
Açıb da elan olunmuş
sinif mübarizəsində sizi uçurumlara salacaqlar… Bunun üçün biz sizə
açıqdan-açığına deyirik: hamınız qırmızı bayraq altında toplanınız». O,
artıq Azərbaycan türklərinin Osmanlı türklərinə güvənərək millət
təəssübkeşliyini yaymasını doğru hesab etmirdi.
Fikrimizcə,
marksizm-leninizmin Azərbaycanda tamamilə iflasa uğradığı bir zamanda
(1917-1918-ci illərdə) N.Nərimanovun Rusiya bolşeviklərinin, xüsusilə
onların rəhbəri Leninin taktikasına uyğun olaraq «Azərbaycan
bolşevikləri»nin lideri kimi önə çəkilməsi təsadüfi olmamışdır. Bu
məsələ də Sovet Rusiyasının maraqlı olması şübhəsizdir. Məhz Moskvanın
təhriki ilə Nərimanov Azərbaycan Cümhuriyyətinin baş naziri Nəsib bəy
Yusifbəyliyə məktub yazaraq, hakimiyyətdən əl çəkmələrini belə tövsiyə
etmişdi. Sovet Rusiyasının onun üçün qurduğu oyunu yalnız sonralar
anlayacaq Nərimanov 1921-ci ilə qədər doğru yolda olduğuna inamışdı.
Onun doğru yol saydığı ideya isə Azərbaycanın yalnız sosializm
çərçivəsində və Rusiya bolşevikləri ilə bir yerdə müstəqil və xoşbəxt
olmasına inam idi.
Ancaq Nərimanov üçün əsasən, 1921-ci ildən
sonra yeni bir mərhələ başladı ki, bu da sosializm cəmiyyətinin
çürüklüyü və Rusiya bolşeviklərinin ikiüzlülüyü nəticəsində meydana
çıxdı. Belə ki, işğalın ilk illərindən (1920-1921) başlayaraq Sovet
Rusiyasının Azərbaycanla bağlı niyyətlərindən biri onun sözdə
müstəqilliyini də əlindən almaq idisə, digəri isə Sovet Azərbaycanın
rəhbərliyində milli ruhlu türklərin təmsil olunmasına əngəl yaratmaq
idi. Mərkəzin müstəqil və milli Sovet Azərbaycanı ideyasına qarşı olan
bu cür mövqeyindən, yəni bir tərəfdən vəd verilmiş müstəqilliyin təmin
edilməməsi, digər tərəfdən isə Sovet Azərbaycanı rəhbərliyinin rus,
erməni, yəhudi və onların yerli əlaltılarından ibarət olması milli
məsələnin yaranmasına səbəb olmuşdu.
Milli təmayülçülər
fraksiyasına rəhbərlik edən Nərimanov Sovet Rusiyasının Azərbaycanda
apardığı müstəmləkəçilik siyasətinə ilk dəfə açıq şəkildə etiraz
edənlərdən olmuşdu. O, hələ 1921-ci ilin fevralında V.İ.Leninə
məktubunda yazırdı ki, yerlərdən ona göndərilən «bütün məruzələrdə Sovet
Rusiyasının müstəmləkə siyasətindən danışırlar».
Bütün bunlarla
yanaşı, N.Nərimanovun «Ucqarlarda inqilabımızın tarixinə dair» (1923)
əsərində milli məsələ ilə bağlı irəli sürdüyü mülahizələrdən belə nəticə
çıxarmaq olar ki, o, müstəqil və milli Sovet Azərbaycanı dedikdə, heç
də onu Sovet Rusiyasından tamamilə ayrılıqda nəzərdə tutmamışdı. Yəni, o
bütün hallarda Sovet Azərbaycanının varlığının Sovet Rusiyası ilə bağlı
olmasını qəbul etmişdi: «Sovet Rusiyasız biz elə sabah mövcudluğumuza
son qoyarıq…». Görünür, bu dönəmdə, N.Nərimanov hesab edirmiş ki, Sovet
Azərbaycanının müəyyən mənada müstəqil və milli siyasət yürütməsi Sovet
Rusiyasının özünə də lazım imiş.
Ancaq buna baxmayaraq,
N.Nərimanov Mərkəzin nədən ona, yəni Sovet Rusiyasına bütün mənalarda
bağlı olan bir şəxsə deyil, çox sonralar kommunist olmuş keçmiş
menşeviklərə, eserlərə, hətta müsavatçılara güvənməsini ilk vaxtlarda
anlaya bilməmişdir. Çünki Nərimanovun niyyəti Sovet Azərbaycanını Sovet
Rusiyasından ayırmaq deyil, müəyyən mənada müstəqil və milli Sovet
Azərbaycanı vasitəsilə digər Şərq xalqlarını da sosializm hərəkatına
qoşmaq idi. Ancaq bu idyeasını həyata keçirmək üçün Mərkəzin ona etibar
etmədiyini, üstəlik bütün səlahiyyətləri Orconikidzeyə, Kirova,
Mirzoyana və başqa əcnəbilərə verdiyni deyən Nərimanov yazır ki, onlar
isə ətrafndakı xəbis adamları vasitəsilə onu milli təmayülçülükdə
ittiham edirlər: «Mərkəz başa aça bilmirdi ki, nə üçün mən, 20 il bundan
əvvəl öz romanımda beynəlmiləlçiliyi təbliğ etdiym halda, o zaman ən
çətin anda müsəlmanlar arasında hər cür dini inkar etdiym halda, indi
mənim milli təmayülüm olmalıdır, dünənki daşnak və ya müsavatçı isə
beynəlmiləlçi olmalıdır».
Nərimanov gec də olsa, sonralar
anlamışdı ki, həmin dövrdə Sovet Rusiyasının Şərqdə sosializm inqilabı
etmək kimi niyyəti olmamışdı. Belə bir niyyəti olmadığı üçün də, Sovet
Azərbaycanının milli və müstəqil olması sovet rəhbərlərinə heç cür əl
vermirdi. Əksinə, Sovet Rusiyasına müstəmləkə və onun hər cür arzu və
istəklərini qeyd şərtsiz yerinə yetirən «beynəlmiləlçi» rəhbərlər lazım
idi. Məhz N.Nərimanov Sovet Rusiyasının rəhbərlərinin nəzərində ideya
baxımından deyil, praktik baxımından «beynəlmiləlçi» hesab olunmurdu.
Praktiki «beynəlmiləlçi» o kəslər (R.Axundov, S.Ağamalıoğlu, Ə.Qarayev
və b.) idilər ki, onlar Nərimanovdan fərqli olaraq, Azərbaycanın
sərvətinin Rusiya tərəfindən istənilən şəkildə istimar olunmasına,
üstəlik onun millətinə yuxarıdan aşağı baxılmasına, eyni zamanda
ermənilərin Azərbaycan rəhbərliyində yüksək vəzifə tutmalarına heç bir
etiraz etmirdilər. Bu baxımdan Nərimanovun əsas savaşı Sovet
Azərbaycanının müstəqilliyini tanımaq istəməyən rəsmi Moskva ilə idi.
Bizə
elə gəlir ki, bu baxımdan Nərimanov Sovet Azərbaycanının müstəqilliyi
və milliliyi dedikdə, Mərkəzin başqa sovet respublikaları ilə, xüsusilə
Ermənistan və Gürcüstanla müqayisədə Azərbaycana qarşı tutduğu ikiüzlü,
riyakar siyasəti qəbul etməmiş və daha çox buna etiraz etmişdi. Çünki
həmin respublikalar daxili və xarici siyasətinə, eləcə də rəhbərliyinin
milli tərkibinə görə Azərbaycandan çox fərqlənmişdi. Bu baxımdan
Nərimanovun tələbi ondan ibarət idi ki, Mərkəz digər sovet
respublikalarına, xüsusilə Ermənistana və Gürcüstana hansı münasibət
bəsləyirsə, Azərbaycana da eyni mövqedən yanaşmalıdır.
Bu
güvənsizliyin nəticəsi olaraq xüsusilə, 1920-1930-cu illərdə Mərkəz
Sovet Azərbaycanın rəhbərləri kimi, əsasən erməniləri, rusları və başqa
qeyri-türkləri irəli çəkmişdir. Nərimanov da məhz bu güvənsizliyə etiraz
etmiş, hansı səbəblərdən türklərin deyil, qeyri-türklərin Sovet
Azərbaycanın rəhbəri vəziflərinə çəkilmələrini aydınlaşdırmağa
çalışmışdır. O yazır: «Mənim zərrə qədər də şübhə yoxdur ki, Serqo və
Stalilnin simasında AKP MK biz türklərə etibar etmir və Azərbaycanın
taleyini erməni daşnaklarna tapşırır. Nə kimi nəticələr olacağını demək
çətindir, lakin əgər olsa, bunun bütün məsuliyyəti Serqo və Stalinin
üzərinə düşəcəkdir. Maraqlı odur ki, bu şəxslər elə fikirləşir ki,
türklər o qədər axmaqdırlar ki, bütün bunları başa düşmürlər».
Fikrimizcə,
Nərimanovun Leninə məktubu da açıq şəkildə göstərir ki, o,
«beynəlmiləlçilik» adı altında Azərbaycanın simasızlaşdırılmasında və
müstəqillyinin əlindən alınmasında əsas günahkar kimi Mərkəzi və onun
havadarlıq etdiyi daşnakları və başqa antitürk, antiazərbaycan qüvvələri
görmüşdü. O, Leninə yazır: «Əziz Vladimir İliç Lenin, məgər «Müstəqil
Azərbaycan» sizin dilinizdən çıxmamışdırmı? Axı, məhz buna əsaslanaraq
biz Müsavatın qurduğu fitnəkarlığı məhv edə bildik. İndi vəziyyət belə
bir şəkil alır: həmişə Denikini müdafiə etmiş Ermənistan müstəqillik
qazanmış və üstəlik də Azərbaycanın ərazisini almışdır. İndiyə qədər
ikili siyasət aparan Gürcüstan müstəqillik əldə etmişdi. Üç
respublikadan birinci olaraq Sovet Rusiyasının qoyununa atılmış
Azərbaycan isə həm ərazisini, həm də müstəqilliyini itirir».
N.Nərimanovun
siyasi-ideoloji həyatı ilə bağlı keçdiyi üç mərhələyə qısaca, nəzər
salaraq belə qənaətə gəlmək olar ki, məsələyə bir qədər xüsusi şəkildə
yanaşsaq, N.Nərimanov bolşevizmə və onun liderlərinə həddən artıq aludə
olmuş, bununla da müəyyən səhvlərə yol vermişdir. N.Nərimanovun ən böyük
səhvlərindən biri Azərbaycan Cümhuriyyətinə dayaq durmaq əvəzinə,
əksinə onun süqutu üçün rus bolşeviklərə yardım etməsidir. Yəni
N.Nərimanovun burada buraxdığı səhv sosial-demokrat (marksizm-leninizm)
ideyasına inanması deyil (çünki bu ideyaya M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu və
başqaları da rəğbət göstəriblər), bir növ rus bolşeviklərinin əlində
alətə çevrilməsidir. N.Nərimanov bunu, yalnız Azərbaycanda zorla sovet
hakimiyyəti quruludqdan sonra anlamış və səhvlərini düzəltməyə
çalışmışdır. Hətta, onu da qeyd edərdim ki, məhz buraxdığı səhvləri
düzəltmək onun canı bahasına başa gəlmişdi.
Bu baxımdan
fikrimizcə, Nərimanov ümumi mənada Azərbaycan, Azərbaycan-türk milləti,
Azərbaycan türkçülüyü uğrunda savaş vermiş, sadəcə siyasi-ideoloji
həyatının bir dönəmini rus bolşevikləri ilə bağlamış və bu bağlanış onun
həyatının sonrakı dönəmlərində həlledici rol oynamışdır. Biz burada
Azərbaycan türkçülüyü dedikdə, Nərimanovun ömrünün sonuna qədər türk
milləti, türk dili, türk Azərbaycanı adına savaşamasını nəzərdə tuturuq.
Doğrudur, o, bir müddət Milli Azərbaycan deyil, Sovet Azərbaycanı
ideyasını müdafiə etmişdi. Ancaq sonunda özü də başa düşmüşdür ki,
istənilən bir ideya (sosial-demokrat, liberalizm, millətçilik və b.)
məhz millətin xeyrinə işləməli və onun maraqlarına uyğun olmalıdır. Bu
isə, ilk növbədə millətin kimliyi, dili, mədəniyyəti, ərazi bütövlüyü və
müstəqilliyi ilə bağlıdır. Bunlar olmayan yerdə nə
sosial-demokratizmin, nə də başqa bir ideyanın-cərəyanın heç bir
əhəmiyyəti qalmır. Bizə elə gəlir ki, Nərimanov gec də olsa, sonralar
məhz millətə aid amilləri müdafiə etmişdi.
Комментарии
Отправить комментарий