AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru
Mədəni türkçülük və Abbasqulu Ağa Bakıxanovun milli «Tarix»i
Bizə
elə gəlir ki, bu gün Azərbaycan xalqının böyük əksəriyyətini təşkil
edən və daha çox «azərbaycanlı» anlayışı ilə tanınan Azərbaycan
türklərinin bir millət kimi formalaşması və özünü təsdiq etməsi
məsələlərinin tarixi-fəlsəfi yöndən araşdırılmasına ciddi ehtiyac var.
Belə ki, digər azsaylı etnik qruplardan (talış, ləzgi, tat və b.) fərqli
olaraq Azərbaycan türklərinin xeyli bir qismi öz etnik mənsubiyyətini
(türklyünü) və milli dillini (türk dilini) ifadə etməkdə çətinlik
çəkirlər. Şübhəsiz, bunun bir sıra subyektiv və obyektiv səbəbləri
vardır.
Fikrimizcə, bu cür obyektiv və subyektiv səbəblər
arasında ən mühüm olanı bu günə qədər milli və gerçək tarixin,
ədəbiyyatın, fəlsəfənin və s. yazılmamasıdır. Bu cür dərsliklər və
əsərlərin yoxluğu bir dövründə yeni yetişən nəslə çatdırılan biliklərin
yarımçıq və qarışıq olması da bir faktdır. O da, bir gerçəklikdir ki, bu
gün Azərbaycan təhsili əsasən, böhran içindədir. Bu böhranın ən pik
nöqtəsi isə buradakı milli ruh yoxsulluğudur. Başqa sözlə, hazırkı
Azərbaycan təhsilin də milli özünüdərk, milli özünütəyin, milli
özünütəsdiq və s. ya yoxdur, ya da çox qarışıq, xaotik bir şəkildədir.
Buna bariz nümunə kimi, bir qayda olaraq Təhsil Nazirliyi və TQDK
arasında olan qovğaları və onların bir-birlərinə qarşı sürdükləri
ittihamları göstərə bilərik. Şübhəsiz, təhsildəki milli ruh yoxsulluğu
bu gün yetişən gənc nəslin hansı səviyyədə olmasının ən bariz
nümunəsidir.
Hər bir milləti yaşadan və onun varlığını təsdiq
edən milli ideyadır. Milli ideyanın son nöqtəsi isə milli və müstəqil
dövlətin yaranmasıdır. Əgər biz Azərbaycan türkçülüyü ideyasını
(Azərbaycan milli ideyasını) doğru şəkildə mənimsəsək, dünya xalqları
arasında milli varlığımızı sona qədər sürdürmək çətin olmaz. Ancaq bu
cür mənəvi-ideoloji məsələlərlə uğraşan bir şəxs kimi hesab edirik ki,
milli kimliyini, milli dilini, milli mədəniyyətini, milli tarixini və s.
vaxtında və obyektiv şəkildə qavramayan, dərk etməyən bir millət, bir
toplum üçün dünya millətləri arasında özünü ifadə etmək isə çətin olar.
Bu baxımdan öncəki yazılarımızın da tərkib hissəsi olaraq, Azərbaycan
türkçülüyü ideyasının yaranması və inkişaf mərhələlərinə tarixi-fəlsəfi
yöndən yanaşmağı zəruri hesab edirik. Bu zərurətin nəticəsi olaraq
«Azərbaycan türkçülüyü ideyası» başlıqlı silsilə məqalələrimizi
oxucuların diqqətinə çatdırmaq qərarına gəlmişik.
Fikrimizcə,
Azərbaycan türkçülüyünün yaranması və inkişafı bütövlükdə üç mərhələdən:
1) mədəni türkçülük (dil, ədəbiyyat, tarix və s. sahələrdə türkçülük);
2) siyasi-ideoloji türkçülük (Türk birliyi, Turan birliyi və s.); 3)
milli-etnik türkçülük (Türkiyə türkçülüyü, Azərbaycan türkçülüyü,
Türküstan türkçülüyü və s.) keçmişdir.
Türkçülüyün ilk mərhələsi
olan mədəni türkçülüyün yaranmasına başlıca səbəb 18-ci əsrdən
başlayaraq müsəlman dövlətlərinin, o cümlədən Osmanlı və Səfəvilər kimi
türk imperiyalarının Avropa dövlətləri ilə müqayisədə elm və təhsil,
texnoloji və başqa sahələrdə geri qalması, get-gedə tənəzzülə uğraması
idi. 19-cu əsrdən etibarən türk ziyalıları bundan çıxış yolu axtarmağa
başlamış və belə nəticəyə gəlmişlər ki, tənəzzüldən qurtulmaq üçün
yalnız Avropa mədəniyyətini, texnologiyasını təqlid və s. yetərli ola
bilməz. Bu baxımdan, onlar bir millət üçün vacib olan soykök, dil,
mədəniyyət, tarix və s. məsələləri tədqiq etməyə başlamış, bununla da
türkçülüyün ibtidasını, yəni mədəni türkçülüyün əsasını qoymuşlar.
Mədəni türkçülük ilk dövrlərdə, bütün türk coğrafiyasında bir-birindən
xəbərsiz şəkildə yaransa da, çox keçmədən ümumtürk mədəniyyətini,
ədəbiyyatını, dilini və s. hədəfləmişdi. Beləliklə, türk coğrafiyasını
özündə əhatə edən mədəni «Türk birliyi», hətta «Turan birliyi» meydana
çıxmışdı.
Azərbaycanda mədəni türkçülüyün meydana çıxması
yeniləşmənin, maarifçiliyin və ilkin islama qayıtmanın təsiri altında
XIX əsrin ikinci yarısında başlamışdır. Fikrimizcə, XIX əsrdə
A.A.Bakıxanov, M.Kazımbəy, M.F.Axundzadə, H.Zərdabi və b. mədəni
türkçülüyün Azərbaycanda ilk nümayəndələri olmuşlar.
Çar
Rusiyasının Azərbaycan türklərinin soykökünü, dilini, mədəniyyətini,
tarixini saxtalaşdırmaq niyyətini ilk dəfə Abbasqulu Ağa Bakıxanov
anlamış və millətini gözləyən böyük təhlükəni, yəni milli mənşəyin,
dilin və mədəniyyətin assimilyasiya edilməsini görərək «Gülüstani-İrəm»
adlı milli ruhlu tarixi əsərini yazmışdır. Hər halda, 19-cu əsrin
əvvəllərində vətəninin çar Rusiyası tərəfindən işğalı, işğaldan sonra
digər millətlərlə müqayisədə Qafqaz türklərinə qarşı ayrı-seçkiliyi,
eyni zamanda erməni, gürcü və b. xalqların alimlərinin öz millətləri
uğrunda apardıqları milli mübarizə A.A.Bakıxanovu türk millətinin
«Tarix»ini yazmağa sövq etmişdir. O, açıq şəkildə göstərir ki, yalnız
«Tarix» vasitəsilə hər bir xalq etnoqrafiyasını, adət-ənənələrini, milli
xüsusiyyətlərini öyrənir və keçmişi haqqında məlumat əldə edir.
Fikrimizcə,
A.A.Bakıxanovun «Tarix»i milli «Tarix»dir və burada öz əksni tapan
bilgilər Azərbaycan xalqının milli özünüdərkinə hesablanmışdır. Bu
kitabla dərindən tanış olan hər bir kəs anlaya bilər ki, bu əsər
«Gülüstani-İrəm» adlanıb, özü də ilk baxışda Şirvan və Dağıstan
xalqlarının tarixindən bəhs edəcək təsiri bağışlasa da, əslində bu
«Tarix» Qafqaz türklərinin, o cümlədən Azərbaycan türklərinin tarixidir.
Eyni zamanda hiss olunur ki, burada yalnız quru bir «Tarix» yazılmamış,
həm də Azərbaycan türklərinin milli mənəvi dəyərlərinin tarixi və
mədəni irsi - türklərin soykökü, dili, mədəniyyəti, dövlətçiliyi,
coğrafiyası, etnoqrafiyası və s. öz əksini tapmışdır. Deməli, Bakıxanov
bu əsərində tarixçiliyi ilə bərabər millətini, vətənini sevən və onu
təbliğ edən bir ideoloq kimi çıxış etmişdir. A.A.Bakıxanovu özündən
əvvəlki yerli tarixçilərdən fərqləndirən başlıca cəhətləri də məhz
bunda axtarmaq lazımdır. Bu mənada, A.A.Bakıxanov «Gülüstani-İrəm»
tarixi əsəri ilə Qafqaz və Azərbaycan türklərinin həyatında yeni
bir səhifə açmışdır. Biz heç də o fikirdə deyilik ki, Azərbaycanın
tarixini ilk dəfə A.A.Bakıxanov yazıb. Hər halda elm aləminə məlumdur
ki, XIII əsrdə yaşamış Əbülhica Əl-Rəvvadinin Azərbaycan tarixinə dair
«Tarixi Azərbaycan» adlı əsəri olmuşdur, lakin bu əsər tapılmamışdır. Bu
mənada Z.Bünyadov haqlı olaraq yazır ki, A.A.Bakıxanov Azərbaycan
elmi tarixşünaslığının banisi, onun Gülüstani-İrəm» əsəri isə akademik
planlı ilk monoqrafik tədqiqatdır.
Bizə elə gəlir ki,
A.A.Bakıxanov milli çalarları gizlətmək naminə bu əsərinə belə bir rəmzi
ad, yəni «Gülüstani-İrəm» adını vermişdir. Əslində isə onun niyyəti
rus, erməni, gürcü, fars və b. xalqların tarixçilərinə Azərbaycan
türklərinin bu ərazinin aborigen milləti və vaxtilə burada yaranmış
dövlətlərin də türk dövlətləri olduğunu bir daha göstərmək olmuşdur.
Xüsusilə, bu bölgədə ermənilərin, gürcülərin və b. xalqların
bir-birinin ardınca milli ruhda tarixi, coğrafi əsərlər yazması
A.A.Bakıxanovda da milli hissləri oyatmış, öz xalqının tarixini,
mədəniyyətini və onların inkişaf dinamikasını tədqiq etmişdir. Görünür,
A.A.Bakıxanov artıq öz dövründə türklərə bəzi qonşu xalqların, o
cümlədən ermənilərin mənfur niyyətini də duymuş və buna uyğun olaraq da
Şirvan və Dağıstan xalqlarının tarixi adı altında, Qafqaz və
Azərbaycan türklərinin, bütövlükdə isə, bu bölgəyə aid olan bütün türk
etnoslarının tarixini, etnoqrafiyasını, dövlətçilik ənənələrini və
mədəni irsini qələmə almışdır. Bu baxımdan A.A.Bakıxanovun Qafqaz, o
cümlədən Azərbaycan türklərinin tarixinə həsr edilmiş bu əsəri, indiyə
qədər yazılmış bir çox tarixi əsərlərdən daha obyektiv, daha sanballı
və daha qiymətlidir. Hər halda A.A.Bakıxanov bugünkü bəzi
«tarixçilərimizin», «alimlərimizin» dolaşıq, qarmaqarışıq tarixindən
daha aydın və obyektiv bir tarix yazmışdır; baxmayaraq ki, o, çar
Rusiyasının əsarəti altında olan bir ölkədə yaşamış və ondan sonrakı
dövrlərdə aşkarlanan bir çox mənbələr və abidələr onun əlində
olmamışdır. Çox təəssüflər olsun ki, A.A.Bakıxanovda olan milli ruhu
indi adını ziyalı, alim, tarixçi, filosof, filoloq, politoloq və s.
adlanan bir çox tədqiqatçılarda görə bilmirik.
Ümumiyyətlə,
fikrimizcə yeni dövrdə A.A.Bakıxanov milli ideologiyamızın, Azərbaycan
ideologiyasının ilk nümayəndəsidir. Çağdaş anlamda ilk millilik, milli
özünüdərk, milli özünəməxsusluq və s. keyfiyyətlər A.A.Bakıxanovda özünü
büruzə vermişdir. Əgər kimlərsə iddia edirsə ki, milli ideologiyanın
başlanğıcı, ilkin mərhələsi M.F.Axundzadə ilə başlayır, bu bir qədər
mübahisəlidir. Doğrudur, M.F.Axundzadə Azərbaycan fəlsəfə və
ictimai-siyasi fikir tarixinə bir sıra reformaları (ilk dəfə Şərq
dünyasında Avropa üslubunda türkcə komediyalar yazmış, ərəb əlifbasının
dəyişilməsi və latın əlifbasına keçilməsi təklifini irəli sürmüş,
«millət» sözünü siyasi-ideoloji mənada işlətmiş, konstitusiyalı dövlət
ideyasını müdafiə etmiş və s.) daxil olmuşdur. Ancaq apardığımız
tədqiqatlar əsasında belə bir nəticəyə gəlmişik ki, M.F.Axundzadədən
öncə və ondan fərqli olaraq yalnız qiyabi deyil, əyani şəkildə Qərb
dünyası ilə yaxından tanış olan A.A.Bakıxanov öz dövrünün, XIX
yüzilliyin ilk milli ideoloqu və milli maarifçisidir. Şübhəsiz, burada
«milli ideoloq» və «milli maarifçi»lik nisbi xarakter daşıyır. Çünki bu
anlayışlar ilk növbədə yeni dövrün, kapitalist münasibətlərinin
mövcudluğu şəraitində meydana çıxmışdır. Biz də, bu mənada
A.A.Bakıxanovu ilk milli ideoloq və milli maarifçi hesab edirik.
|
Комментарии
Отправить комментарий