Azərbaycan türkçülüyü ideyası - IV


Azərbaycan türkçülüyü ideyası - IV
 26.05.2012, 11:06

Faiq Ələkbərov (Qəzənfəroğlu)
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru  Faiq Ələkbərov

Məhəmməd Əmin Rəsulzadənin milli idealı: Azərbaycan Cümhuriyyətindən Türk Federasiyasınadək 
Azərbaycan türkçülüyü ideyasının yaranmasında milli azadlıq hərəkatının təkamül prosesinin məntiqi nəticəsi olmaqla yanaşı, 20-ci əsrin əvvəllərində, xüsusilə 1910-cu illərdə dünyada və Qafqazda baş verən mühüm hadisələr (Balkan müharibəsi, 1-ci dünya müharibəsi, 2-ci rus burjua inqilabı və s.) və bir sıra digər amillər (milli özünüdərk, inqilabi ideyaların güclənməsi, çar Rusiyasını əsarəti altında olan müxtəlif xalqların azadlıq hərəkatı və s.) mühüm rol oynamışdı. Məhz bu tarixi olayların və milli azadlıq hərəkatlarının təsiri altında Azərbaycandakı milli ruhlu mütəfəkkirlər vahid əqidə ətrafında birləşərək milli və müstəqil taktika yürütməyə başlamışlar.
Azərbaycan milli-türk ideyasının, yəni Azərbaycan türkçülüyünün yaranmasında və inkişafında da əsas təkanverici, katalizator rolunu isə türkçülük, islamçılıq və müasirləşmək kimi ideya xətləri oynamışdır. Belə ki, 1910-cu illərdə Azərbaycan türk mətbuatında milli motivlərin, o cümlədən türkçülüyün, türk birliyinin önə keçməsində Balkan savaşından sonra Türkiyədə güclənməyə başlayan türkçülük cərəyanının güclü təsiri olmuşdu. Xüsusilə, «Türk Yurdu» müəlliflərinin timsalında (Y.Akçuraoğlu, Z.Gökalp və b.) Türkiyədə başlayan türkçülük hərəkatı Qafqazda da çox atəşli ardıcıllar bulmuşdur.
Əlbəttə, bu o demək deyildi ki, türkçülük ideyası Türkiyədən Azərbaycana ixrac olunmuşdu. Sadəcə, türkçülük bütün türk ölkələrində, o cümlədən Azərbaycan və Türkiyədə eyni zamanda yaranmış və inkişaf etmişdir. Ancaq bu prosesdə qarşılıqlı mübadilələr də olmuşdur ki, bu isə təbii qarşılanmalıdır. Bunu, yəni 1910-cu illərdə Türkiyədə mövcud olan milli cərəyanların kökünün Azərbaycanla bağlı olmasını M.Ə.Rəsulzadə, Y.Akçura­oğlu, M.B.Məmmədzadə və b. ziyalılar da dəfələrlə qeyd etmişlər. M.Ə.Rəsulzadə yazır: ««Füyuzat» jurnalı «Türk Yurdu»nda olduğu kimi aydın və təkrarla olmasa da türkçülük konusunu daha öncə işə salmış, hətta mərhum Ziya bəyin son çağlarda «Türk millətindənəm, islam ümmətindənəm, qərb mədəniyyətindənəm» şüarı ilə göstərdiyi anlamı Əli bəy Hüseynzadə «Türk qanlı, islam imanlı və firəng qiyafəli olaq» formulu ilə açıqlamışdı. Azərbaycan mətbuatı və ədəbiyyatında, şüurlu metodik bir şəkildə milli türk ideologiyasının işə salınması isə, o, birinci dünya savaşı öncəsi və illərində daha çox gəlişmişdir».
Bu dövrdə Azərbaycan türkçülüyü ideyasının əsas ideoloqu, Azərbaycan türklərinin şərksiz lideri Məhəmməd Əmin Rəsulzadə (1884-1955) olmuşdur. M.B.Məmmədzadənin də qeyd etdiyi kimi, M.Ə.Rəsulzadə Azərbaycan türk ziyalıları arasında ilk dəfə, «ümmətçilik»dən «millətçiliy»ə üz tutaraq milli türk ideologiyasının təməl prinsiplərini işləyib hazırlamışdır. Belə ki, Ş.C.Əfqanin, Ə.Hüseynzadənin və başqalarının yolunu davam etdirən M.Ə.Rə­sul­zadə «islam millətçiliyi»nin yerinə «türk millətçiliyi»ni irəli sürmüşdür. 1915-ci ildən işıq üzü görən «Açıq söz» qəzetində ilk dəfə olaraq «müsəlman», «tatar» əvəzinə «türk» sözünü işlədən, «Biz türkük!» deyən M.Ə.Rəsulzadə bu surətlə «ümmət» və «ümmətçilik» dövrünü rəsmən qapamış, «millət», «türk millətçiliyi» dövrünün başlandığını elan etmişdir.
M.Ə.Rəsulzadə 1914-cü ildə «Milli dirilik» əsərində yazırdı ki, əvvəllər «ümmət» ilə «millət» arasında fərq olmayıb, qövmiyyət və cinsiyyət camesini andıran «millət» kəlməsi həmkeş və həmdinlik camesinə aid olan «ümmət» kəlməsilə qarışmış və «milləti-islam» təbiri məşhur olmuşdur. M.Ə.Rəsulzadə isə «ümmət»ə dini, «millət»ə isə dil baxımından yanaşır və dili milliyyətin (millətin) varlığının əsas amili kimi verirdi. Onun fikrincə, türklər (Türküstan, Osmanlı, Azərbaycan, Krım türkləri və b.) ayrı-ayrılıqda «milliyyət», cəm halında isə «millət»dir: türk milləti. Deməli, əvvəllər Rəsulzadə «milliyyət» və «millət»ə eyni mənada başa düşmüş, bu anlayışları bir-birindən yalnız miqaysına görə fərqləndirmiş və «millət»i daha geniş anlamda götürmüşdür.
«Açıq söz» qəzetinin ilk sayında nəşr olunan «Tutacağımız yol» (1915) məqaləsində Rəsulzadə ilk dəfə Azərbaycan türkçülüyü ideyasının əsas prinsiplərini göstərmişdir. Onun fikrincə, milli ideyanın əsas idealı milliyyətdir ki, 20-ci əsrdə milliyyət əsri olduğuna görə, Azərbaycan türkləri də bir milliyyət və millət olaraq meydana çıxmalıdır. Bu baxımdan 1-ci dünya müharibəsi nəticəsində dünyanın xəritəsinin dəyişməsinin labüd olduğunu qeyd edən Rəsulzadəyə görə, dünya xəritəsinin alacağı yeni şəklə vətəndaşların fədakarlığı, dövlətlərin təşkilatı və orduların əzəməti ilə bərabər, aşkar və qətiyyətlə peyda olmuş milliyyət məfkurələrinin də böyük təsiri var və olacaqdır.
Fikrimizcə, Azərbaycan tarixində ilk dəfə siyasi-ideoloji mənada «milliyyət» anlayışını ortaya atan və onu Azərbaycan türk milliyyəti kimi ifadə edən Rəsulzadə olmuşdur. Ancaq bu milli ideyanın əsas hədəfi olan «milliyyət»çilik, Rəsulzadənin özünün də qeyd etdiyi kimi, şovinist milətçilik, yəni onlarca özgə millətləri hakim millət mənafeyinə fəda edən rus millətçiliyi deyildir: «Halbuki bizim tərvic elədiyimiz əsas bütün milliyyətlər üçün bir dərəcə hürriyyət və müsavat tələb edir ki, bununla biz rus camaatının da sağlam düşünən qismilə heç bir ixtilafda bulunmuyoruz».
Onun fikrinə görə, hər bir milliyyət, millət azad yaşayıb da tərəqqi edə bilmək üçün üç əsasa: 1) dil; 2) din; 3) zaman-müasirliyə istinad etmək məcburiyyətindədir. Milliyyətin birinci əsası dildir ki, dili türk olan bu xalqın etnik mənsubiyyəti də türkdür. Rəsulzadə yazır: «Dilcə - biz türküz, türklük milliyyətimizdir. Ona görə də müstəqil türk ədəbiyyatı, türk sənəti, türk tarixi və türk mədəniyyətinə malikiyyətimiz - məqsədimizdir. Parlaq bir türk mədəniyyəti isə ən müqəddəs qayeyi-amalımız, işıqlı yıldızmızdır».
Bu dövrdə türk dilinin məhəlli şivələrinin (İstanbul, Bakı, Təbriz və s.) inkişafına qarşı çıxan Rəsulzadə ortaq türk dilini müdafiə etmişdi. Məhz bunun nəticəsidir ki, Azərbaycan Cümhuriyyəti dövründə natamam ali və ali məktəblərdə Türkiyə türkcəsinin qrammatikası əsasında ortaq türk dili keçilmişdi. Hətta Müsavat Partiyasının ikinci qurultayında (1919) qəbul edilmiş proqramında da, M.Əmin bəyin təklifi ilə ortaq türk birliyindən və ortaq türk dilindən, yəni «İstanbul şivəsinin orta məktəblərdə keçilməsilə ali məktəblərdəki dərslərin ortaq ədəbi şivə saydığı İstanbul türkcəsilə oxudulması» tələblərindən çıxış edilmişdir. Beləliklə, «milli və müstəqil Azərbaycan» ideyasının ideoloqları vahid türk dili, türk tarixi, türk ədəbiyyatı və s. ilə bağlı nəzəri ideyalarını 1918-ci ilin mayın 28-də qurulan Azərbaycan Cümhuriyyətində realaşdırmışlar.
Rəsulzadənin fikrinə görə, milliyyətin ikinci əsası dindir: «Dincə - müsəlmanız. Hər bir din öz mütədəyyinləri (inananları) arasında məxsusi bir təməddün (yeniləşmə) vücuda gətirmişdir ki, bu mədəniyyət də bir beynəlmiləliyyət səbəbi təşkil edir. Müsəlman olduğumuz üçün biz türklər beynəlmiləliyyəti-islamiyyəyə daxiliz. Bütün islam millətlərilə şərikli bir əxlaqa, dini bir tarixə, müştərək bir yazıya, xülasə ortaq bir mədəniyyətə malikiz… Bu şəriklik islamiyyətə daxil olan zərərli təsirlərdən bizi mütəzərrir etdiyi kimi, bu yolda olacaq islahat feyzlərindən də bizi nəsibsiz qoymaz».
Onun fikrincə, milliyyətin varlığının üçüncü əsası isə zamandır-müasirləş­mək­dir: «Zamanca da - biz texnikanın, elm və fənnin möcüzələr yaradan bir dövründəyiz. Türk və müsəlman qalaraq müstəqilən yaşamaq istərsək mütləq əsrimizdəki elmlər, fənlər, hikmət və fəlsəfələrlə silahlanmalı, sözün bütün mənası ilə zamanə adamı olmalıyız». O sonda belə bir nəticəyə gəlir: «Demək ki, sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücuduna çalışmaq istərsək ki, zaman bunu tələb ediyor - mütləqə üç əsasa sarılmalıyız: türkləşmək, islamlaşmaq və müasirləşmək. İştə millətimizin ictimai həyatının islahı üçün üzərinə dayandığımız üç payeyi-mədəniyyət!».
Bu üçlü düstura əsaslanan Azərbaycan türkçülüyü ideyasının yaxın hədəfi Azərbaycan türk muxtariyyəti, uzaq hədəfi isə Azərbaycan türk istiqlalı idi. Azərbaycan türk muxtariyyətini, eləcə də Rusiya daxilindəki digər türk ellərinin avtonomiyası uğrunda mübarizəni M.Ə.Rəsulzadə 1917-ci il fevral burjua inqilabından sonra rəsmən irəli sürmüş və müdafiə etmişdi. 1917-ci il mayında Moskvada keçirilən Ümumrusiya Müsəlmanlarının I qurultayında Rəsulzadə Bakıda irəli sürdüyü federativ quruluş əsasında milli-məhəli muxtariyyət ideyasını burada da müdafiə etmişdi. Onun irəli sürdüyü milli-məhəlli muxtariyyət ideyası unitaristlərin (Əhməd Salikov və b.) mədəni muxtariyyət ideyasına qarşı üstünlük saxlamaqla, qurultay nümayəndələrinin əksəriyyəti (717 sədən 446 səslə) tərəfindən qəbul edilmişdi.
Beləliklə, türkçülüyün milli özünütəyin ifadəsi olan Azərbaycan türkçülüyü  ideyasının müəllifi kimi M.Ə.Rəsulzadə, 1918-1920-ci illərdə də və sonralar da «Azərbaycan məfkurəsi», «Azərbaycan milli məfkurəsi», «Azərbaycan fikri», «Azərbaycan milli ideyası»,  «Azərbaycan məfhumu», «azərbaycançılıq» və s. dedikdə, ilk növbədə türklüyü ifadə edən Azərbaycanı-Türk Azərbaycanı nəzərdə tutmuşdur. Rəsulzadə yazır: «Rus istibdadı pənəcəsindən dağılmış xanlıqlar şəklində deyil, müttəhid və milli bir kütlə surətində nicat arayan Azərbaycan türklüyü bu istiqlalını tərtəmiz edəcək bayrağa əsri məfkurəsi ilə mütənasib bir məna vermək istəyirdi. Bu mənanı da «türkləşmək, islamlaşmaq və müasirləşmək» məfhumlarında tapdı: bayrağı mavi, al (qırmızı) və yaşıl rəngli qumaşlardan düzəldildi».
M.Ə.Rəsul­zadə və onun silahdaşlarının uzaqgörənliyi nəticəsində «Azərbaycan məfkurəsi» yalnız türklüyü ifadə etməklə kifayətlənməmiş, Azərbaycandakı bütün siyasi qüvvələrin, o cümlədən burada yaşayan bütün milli azlıqların da əsas ideyasına çevirilə bilmişdir. M.Ə.Rəsulzadə 1918-ci ilin 10 dekabrında palamentin 2-ci iclasındakı çıxışında deyir: «Bizim yaxın məqsədlərmizdən biri olan Azərbaycan muxtariy­yətini tələb edərkən həm sağdan, həm də soldan hücumlara düçar olurduq. Sağdaklar bir nöqtədən Azərbaycan muxtariyyətini inkar edirdilər. Sağdan deyirdilər ki, Azərbaycan-Azərbaycan deyə müsəlmanları parçalayır, türklük bayrağı qalxızarkən - nəuzu billah (Allah eləməsin)- islama xətər vurursunuz. Soldan da iddia edirdilər ki, Azərbaycan davası bizi inqilabçı, hürriyyətpərvər Rusiya demokratiyasından ayırır, xan, bəy hökuməti düzəltməyə səbəb olur… Daima Azərbaycan məfkurəsinin müdafiəçisi olan firqəmiz üçün bu gün o böyük məqsəd hasil olmuşdur. Çünki artıq gərək sağlar, gərəksə sollar Azərbaycanı inkar deyil, var qənaətlərilə isbat edirlər. Çünki artıq Azərbaycan fikri üzərində müsəlman firqələri arasında ixtilafi-nəzər yoxdur. Çünki cəmiyyətimizin zehnində Azərbaycan istiqlalı fikri yer tutmuş, yerləşmişdir. Çünki üçrəngli o məğrur bayraq artıq siyasətən hamımızı birləşdirmişdir».
Deməli, o dövrdə türkçülüyün doğurduğu  milli-türk Azərbaycan ideyası olmuş, onun nüvəsində də Azərbaycan türkləri durmuşdur. M.Ə.Rəsulzadə parlamentdəki çıxışında deyirdi ki, Azərbaycan mili-türk ideyasını irəli sürənlər və onu gerçəkləşdirənlər isə məsləkcə federalist, türkçü və demokratdırlar: «Millətin qüvvətli bir birləşdirici ümumi cəhətini yalnız dinə deyil, xalqın «dili dilimdən, dini dinimdən» deyə özünəməxsus sağlam hisslə dərk elədiyi düsturda görürüz. Bu mülahizə ilə biz məfkurəmizdə böyük bir türk millətini bir gün gəlib də bir Türk Federasyonu qurmaqla bütün görmək istəriz! Bu ittihadın bəşər mədəniyyəti sərgisinə qiymətli bir milli kültür bəxş edəcəyinə əminiz!».
Beləliklə, Azərbaycan Cümhuriyyət dövründə M.Ə.Rəsulzadə milli-demokratik cərəyanın əsasını təşkil edən türkçülük, islamçılıq, müasirləşmək və Azərbaycan türkçülüyü ideyalarına sadiq qalmaqla yanaşı, gələcəkdə türk millətlərinin Türk Federasiyası yarada bilməsinin mümkünlüyü irəli sürürdü. Məhz, gələcəkdə Türk Federasiyası ideyasının gerçəkləşməsi istiqamətində Azərbaycan Cümhuriyyətinin məktəblərində ümumi türk tarixi tədris edilmiş, türk dili mək­təblərdə məcburi şəkildə keçilmiş, dövlətin rəsmi dili elan olunmuşdur. Bizə elə gəlir ki, Rəsulzadənin Türk Federasiyası ideyası bu günün ən aktual məsələsidir. Bu baxımdan Rəsulzadə yalnız Azərbaycan Türk Cümhuriyyətinin deyil, bütün türk dünyasının gələcəyini düşünən nadir şəxsiyytələrimizdəndir.
P.S: Bu yazı Azərbaycan türklərinin və bütün azərbaycanlıların ən dəyərli və ən qiymətli bayramı olan 28 May İstiqlal gününə ərmağandır. Bizə Azərbaycan Cüymhuriyyəti kimi milli və demokratik bir ölkə nümunəsi bəxş etdiklərinə görə M.Ə.Rəsulzadə, N.Yusifbəyli, F.Xan Xoylu, Ə.Topçubaşov, H.Ağayev, S.Mehmandorov, Ə.Şıxlınski, Ü.Hacıbəyli və onlarla Azərbaycan türk böyüklərmizin ölməz ruhları və əməlləri qarşısında baş əyirək hesab edirəm ki, millətimizin 28 May İstiqlal gününün mahiyyətini daha dərindən dərk etməsi üçün, bütün istiqlalçılara layiq olduqları möhtəşəm bir İstiqlal Abidəsi (hər bir şəxsiyyətə ayrıca büstlər ucaltmaq şərti ilə) inşa olunmalıdır. Onların yox, bu millətin, bu Milli Abidəyə böyük ehtiyacı vardır.

Digər məqalələr

Biz kimin varisiyik: Milli Azərbaycanın, yoxsa Sovet Azərbaycanın? (26.05.2012, 11:06)
Azərbaycanda «Türk dili»nin əcnəbləşdirilməsi siyasətinin gizlinləri… (26.05.2012, 11:06)
İran Azərbaycanda 20 ildir nə axtarır: əmin-amanlıq, yoxsa anarxiya? (26.05.2012, 11:06)
Demokrat, patriot, türkçü, maarifçi - mənəviyyatımızın və ruhumuzun heykəli (26.05.2012, 11:06)
İstiqlal abidəsi - kiçik bir meydançaya sığışdırılan millət… (26.05.2012, 11:06)
Milli tarixi yarımçıq yazılmış millət… (26.05.2012, 11:06)
Türklərin Yaz bayramı necə Novruza çevrildi? (26.05.2012, 11:06)
Azərbaycan və Türkiyə: tək millət, tək bayraq, tək dövlət… (26.05.2012, 11:06)
Türk Cümhuriyyətinə nədən «Azərbaycan» adı verildi? (26.05.2012, 11:06)
Azərbaycan bayrağının mənəvi-ideoloji mənası - BUNLARI BİLMƏK MARAQLIDIR (26.05.2012, 11:06)
Türkçülük: Azərbaycan və Türkiyə türklərinin vahid milli ideyası (26.05.2012, 11:06)
Azərbaycanın türksüzləşdirilməsi kimlərin marağındadır? (26.05.2012, 11:06)
Azərbaycan türkçülüyü ideyası - I (26.05.2012, 11:06)
Azərbaycan türkçülüyü ideyası - II (26.05.2012, 11:06)
Azərbaycan türkçülüyü ideyası -III (26.05.2012, 11:06)
Azərbaycan türkçülüyü ideyası - V (26.05.2012, 11:06)
Azərbaycan türkçülüyü ideyası - VI (26.05.2012, 11:06)
Azərbaycan türkçülüyü ideyası - VII (26.05.2012, 11:06)
Azərbaycan türkçülüyü ideyası - VIII (26.05.2012, 11:06)
Azərbaycan türkçülüyü ideyası-IX (26.05.2012, 11:06)
Azərbaycan türkçülüyü ideyası - X (26.05.2012, 11:06)
Azərbaycan türkçülüyü ideyası - XI (26.05.2012, 11:06)
Azərbaycan türkçülüyü ideyası - XII (26.05.2012, 11:06)
Azərbaycan türkçülüyü ideyası - XIII (26.05.2012, 11:06)
Azərbaycan türkçülüyü ideyası - XIV (26.05.2012, 11:06)
Azərbaycan türkçülüyü ideyası - XV (26.05.2012, 11:06)
Azərbaycan türkçülüyü ideyası - XVI (26.05.2012, 11:06)
Azərbaycan türkçülüyü ideyası - XVII (26.05.2012, 11:06)
Azərbaycan türkçülüyü ideyası - XVIII (26.05.2012, 11:06)
Azərbaycan türkçülüyü ideyası - XIX: Əhməd Cəfəroğlu (26.05.2012, 11:06)
Azərbaycan türkçülüyü ideyası - XX (26.05.2012, 11:06)
Azərbaycan türkçülüyü ideyası - XXI - Yusif Çəmənzəminli (26.05.2012, 11:06)
Azərbaycan türkçülüyü ideyası - XXII - Əbdürrəhman Fətəlibəyli-Düdənginski (26.05.2012, 11:06)
Azərbaycanda türk dili hansı statusa malikdir? (26.05.2012, 11:06)
Azərbaycan türkçülüyü ideyası – XXIII - Hüseyn Baykara (26.05.2012, 11:06)
Azərbaycan türkçülüyü ideyası – XXIV- Əlabbas Müznib (26.05.2012, 11:06)
Türk-milli azərbaycançılığı və sovet-kosmopolit azərbaycançılığı (26.05.2012, 11:06)
Azərbaycan türkçülüyü ideyası - XXV: Bəxtiyar Vahabzadə (26.05.2012, 11:06)
Nizami Gəncəvinin irsində türklük və islamlıq (26.05.2012, 11:06)
Azərbaycan türkcəsindəki ilk Quranı Osmanlı sultanına təqdim edən azərbaycanlı (26.05.2012, 11:06)
Türk dili Azərbaycan dilinə necə çevrildi? (26.05.2012, 11:06)
Türk dili Azərbaycan dilinə necə çevrildi? - II yazı (26.05.2012, 11:06)
Türk dili Azərbaycan dilinə necə çevrildi? - III yazı (26.05.2012, 11:06)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - I yazı (26.05.2012, 11:06)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - II yazı (26.05.2012, 11:06)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - III yazı (26.05.2012, 11:06)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - IV yazı (26.05.2012, 11:06)
Milli ideologiya probleminə ikili baxış: milli və kosmopolit - V yazı (26.05.2012, 11:06)
Turan yolçusu Əhməd Cavad: «Turan öylə bir müqəddəs Kəbədir ki» (26.05.2012, 11:06)
Azərbaycan mühafizəkarları və «ittihadçı»ların «islam birliyi» ideyası (26.05.2012, 11:06)
Türkçülük və azərbaycançılıq: alternativlik, yoxsa eynilik? (26.05.2012, 11:06)
Türkçülük və azərbaycançılıq: alternativlik, yoxsa eynilik? II Yazı (26.05.2012, 11:06)
Novruz barədə bilmədiklərimiz... (26.05.2012, 11:06)
“Yazıq və bədbəxt millət”in 31 mart və 26 fevral günahları… (26.05.2012, 11:06)
Milli dil məsələsi: Türk dili, yoxsa Azərbaycan dili? (26.05.2012, 11:06)
Türkiyədə «Azərbaycan variantı» baş tutacaqmı? (26.05.2012, 11:06)
Türkçülüyü azərbaycançılığa qarşı qoyanlar… (26.05.2012, 11:06)
«Azəriçilik» nəzəriyyəsi (26.05.2012, 11:06)
Azərbaycançılıq türkçülükdən ayrı tutula bilməz… (26.05.2012, 11:06)
Azərbaycanda milli əlifba probleminin ideoloji yönləri - I yazı (26.05.2012, 11:06)
Azərbaycanda milli əlifba probleminin ideoloji yönləri - II yazı (26.05.2012, 11:06)
Azərbaycan xalqı mədəniyyətə qarşı təcavüzün sancılarını çəkir (26.05.2012, 11:06)
Cəfər Cabbarlının Elxanı və Məhəmməd Əmin Rəsulzadə (26.05.2012, 11:06)
Niyə sadəcə deyə bilmirsən ki, mən türkəm? (26.05.2012, 11:06)
100 il öncə Azərbaycanda Ramazan (26.05.2012, 11:06)
«Birləşəlim, türk oğlu, bu yol millət yoludur» (26.05.2012, 11:06)
«İndi naxoşdu-milləti-İslam» (26.05.2012, 11:06)
«İttihadçı» və türkçü Sultan Məcid Qənizadə (26.05.2012, 11:06)
«Osmanlıcadan türkə tərcümə» nə deməkdir?!. (26.05.2012, 11:06)
«Özü türk oğlu türk, amma deyir türki cəhalətdir» (26.05.2012, 11:06)
«Nə qədər dolandım Turan elini» (26.05.2012, 11:06)
«Türk milləti, türk ölkəsi, türk dili» (26.05.2012, 11:06)

Şərhlər
Adil
26-05-2012
Hörmətli Faiq müəllim!
M.Ə.Rəsulzadə və türkçülüklə əlaqədar məqalələrinizi həmişə maraqla oxuyuram və toplayıram. Buna görə Sizə təşəkkür edrəm.

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами