AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru
Azərbaycan türklərinin ilk milli istiqlal şair-mütəfəkkirləri: Məhəmməd Hadi və Abbas Səhhət XX
əsrin əvvəllərində Azərbaycan türkçülüyü, milli Azərbaycan ideyasının
bədii ədəbiyyatda, xüsusilə şeirdə bir neçə böyük tərənnümçüsü
olmuşdur: Məhəmməd Hadi, Abbas Səhhət, Əhməd Cavad, Hüseyn Cavid,
Abdulla Şaiq, Əlabbas Müznib, Cəfər Cabbarlı və başqaları. Biz burada
ilk olaraq iki milli aydınmızdan - Məhəmməd Hadi və Abbas Səhhətdən bəhs
etmək istərdik. Fikrimizcə, yuxarıda adlarını onlarla bərabər
çəkdiyimiz aydınlarımızla müqayisədə Hadi və Səhhəti şeirdə, sözün
həqiqi və məcazi mənasında Azərbaycan türkçülüyü ideyasının ilk
qaranquşları hesab etmək olar. Belə ki, onlar bədii ədəbiyyatda,
xüsusilə şeirdə, ilk dəfə milli istiqlal ideyasını tərənnüm etməyə
başlamış və ən əsası əsərlərində millət, vətən və islam kimi müqəddəs
dəyərləri daha çox Azərbaycanla bağlamağa çaplışmışlar. Başqa sözlə,
onlar ümumilikdən xüsusiyə, mücərrədlikdən konkretliyə doğru meyil
etmiş, bununla da Azərbaycan türklərinin ilk milli istiqlal
şair-aydınları kimi tarixə adlarını yazdırmağı bacarmışlar.
Fikrimizcə,
milli istiqlal şairləri arasında ilk yeri isə Məhəmməd Hadi (1879-1920)
tutur. Çünki birinci dəfə o, şeirdə türk millətinin istiqlalından bəhs
etmişdir. Bu mənada M.Hadinin yardıcılığında millət və vətən sevgisi ən
ali səviyyədə və yüksələn xətlə təzahür etmişdir. Hadi bütün varlığı ilə
millətini, vətənini sevən və onun istiqlalı üçün çalışan biri idi.
Hadinin milli ruhlu digər şeirlərində («Amali-tərəqqi»,
«Amali-istiqbal», «Təraneyi-milli», «Vətənin nidası» və b.) də türk
millətinin-türk vətəninin istiqbalına, tərəqqisinə, azadlığına və s.
böyük və sonsuz ümid, inam var. Hələ, 1906-cı ildə «Amali-tərəqqi»
şeirində Hadi yazırdı:
Həqiqi arizumuz intizami-hali-millətdir,
Məsaimiz bütün məsrufi-istikmali-millətdir,
Əsasi-fikrimiz təmini-istiqbali-millətdir,
Ürəkdə bəslənən amalımız iqbali-millətdir,
Yeganə nöqteyi-mətlub istiqlali-millətdir.
Hadi
«Amali-istiqbal» (1906) şeirində isə milli özünüdərkin yeni
mərhələsində olan Qafqaz-Azərbaycan türklərinin çağdaş bir millət olub,
istiqbala qovuşacağına ümid bəsləmişdi:
Ümidi-təalilə olur kəsbi-təkamül,
Ümid ilə insan ediyor teyyi-mərahil.
Amal ilə dərdəst olur əsbabi-məali,
Biz də olalım millət, əməlcuyi-təali.
Göründüyü
kimi, Hadi bir tərəfdən dünya millətlərini göz önünə gətirərək «yox
millətimin xətti bu imzalar içində» yazmış, başqa tərəfdən isə gələcəkdə
millətinin xəttinin bu imzalar arasında olacağına ümid etmişdi. Bununla
da, M.Hadi Azərbaycan türklərinin istiqlalı ideyasını irəli sürmüş və
bunu əldə etməyin gərəkli olmasını bildirmişdi.
Hadi Azərbaycan
Cümhuriyyətinin istiqlalını da sonsuz sevgi və hərarətlə qarşılamış,
istiqlalımıza öygülər yağdırmışdır («Türkün nəğməsi», «Əskərlərimizə,
könüllülərimizə», «Məfkureyi-aliyyəmiz», və b.). «Türkün nəğməsi»
şeirində o yazır ki, türklərin Azərbaycan Cümhuriyyətinin istiqlalı
uğrunda töklən qanları, məfkurə yolunda gördüyü işlər hədər gedə bilməz
və onlar getdikləri milli istiqlal yoldan heç vaxt geri dönməyəcəklər:
Türkün tökülən qanları bihudə (boşa) gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
Dörd ildə verilmiş bu qədər can hədər olmaz,
Məfkurə yolunda tökülən qan hədər olmaz,
Qiymətli olan xuni-şəhidan (şəhidlərin qanları) hədər olmaz,
Dul qalmış olan noheye-nisvan (qadınların ağısı) hədər olmaz,
Bax sən sonuna, himməti-türkan (türklərin əməyi) hədər olmaz,
Bədbəxt olan əfğani-yetiman (yetimlərin naləsi) hədər olmaz.
Türkün tökülən qanları bihudə (boşa) gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
Qan ilə qazandıq zəfəri, verməyiz əldən.
Xof eyləmədik atəşi-dəhhaşe-düvəldən (işğalçıların atəşindən qorxmadıq).
Bir zərrə belə qorxmayırız dəst-əcəldən,
İstərsə cahan çevrilə, varsın da təməldən,
Türkün üzü çevrilməyəcək səmti-əməldən,
Türklər geriyə dönməyəcək müslih (barışpərvər) əməldən.
Yüksək yaşamaq istər ikən cümlə miləldən:
Türkün tökülən qanları bihudə (boşa) gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
Azərbaycan
Cümhuriyyətinə həsr etdiyi «Məfkureyi-aliyyəmiz» şeirində isə Hadi gənc
Azərbaycan türk dövlətinin varlığını dünya millətlərinə isbat etməyi
zəruri hesab etmişdi:
Məfkurəmiz yolunda nə lazımsa etməli,
Məqsədə doğru əzmü-xüruşanla (əzəmətlə-F.Ə.) getməli.
Çıxsın dilərsə qarşımıza həp məzarımız,
Qorxmaz məzardan bu dili-əzmkarımız.
Guş eyləsin bu fikrimi əqvami-kainat,
Amali-zəval cəlalımız iştə: gözəl həyat!
Vicdani-millətə yazılıbdır bu ayəmiz:
Ən şanlı, ən şərəfli həyat - iştə qayəmiz!
Məhəmməd
Hadinin çağdaşı olan Abbas Səhhətin (1879-1918) də dünyagörüşündə
türkçülük, vətənçilik və islamçılıq mühüm yer tutmuşdur.
Azərbaycan
türk millətinin oyanışı uğrunda mübarizə aparan A.Səhhət hesab edirdi
ki, artıq bütün millətlər kimi islam millətlərinin də elm və mədəniyyət
öyrənmək vaxtıdır. İndi islamın adının qaldığını, hamını onu nifrətlə
yad etdiyini deyən A.Səhhət bunun günahını ikiüzlü ruhanilərdə görmüşdü.
Türklüyü və islamlığı vəhdətdə götürən Səhhət türk millətini oyanmağa,
milli özünüdərkə çağırırdı:
Nə idin dün, nə olmusan bu zaman?
Millət, ey banisi-həyati-vətən!
Oyan, ey milləti-əziz, oyan!
Sənə vabəstədir nicati-vətən.
Nə idin dün, nə olmusan əknun?
Gün ki, çoxdan çıxıb, nə çox yatdın?
Millət, ey sübh ulduzum, nə üçün,
Bir işıqlanmaq ilə tez batdın?
Səhhətin fikrincə, türk oğlu, müsəlman balası cahil olmamlı, elm və mərifəti vaxtında öyrənməlidir:
İslam olanın elmü kəmalı gərək olsun,
Əslafımızın şöhrəti məşhuri-cəhandır.
Türk oğlu, müsəlman balası cahil olarmı?
Billah, belə eybi daşımaq xeyli girandır.
Elm ilə, şücaətlə gərəkdir yaşayaq biz,
Fitrət dəyişir, sanma bu qan yenə o qandır.
Quran bizə buyurubdur alim gərək olmaq,
Zənn etmə ki, şair sözüdür, bəlkə yalandır.
Qanuni-həyatdır: yaşamaz cahil olan qövm,
Səy eylə oxu, qeyrət elə, qardaş, amandır! (61, 64).
Bu baxımdan millət, vətən anlayışlarını hər şeydən üstün tutan, milli
azadlıq idealını əsərlərində yaşadan A.Səhhətin yaradıcılığında millət,
vətən və islam bir bütövdür. O, «Vətən» şeirində yazır:
Gözəl torpaq, gözəl ölkə, gözəl yer!
Dünya üzrə bimislü, bibədəl yer!
Bu cür gözəl məmləkəti kim sevməz?
Bunca firavan neməti kim sevməz?
Mən vətəni canım kimi sevərəm,
Ruhum, ətim, qanım kimi sevərəm (61, 81).
Və yaxud da:
Ey vətən, getmə ki, əldən gedəriz!
Biləriz fərz sənin xidmətini!
Nəqdi-can eşqinə isar edəriz,
İstəriz vəzi-fəlah heyətini!
Bəzi
soydaşlarının ana dilinə, yəni türk dilinə biganə münasibət
bəsləmələrini tənqid edən A.Səhhət yazırdı ki, hər bir millətin əqidəsi,
məsləki olmalı və öz dilini hörmət etməlidir. Bu baxımdan o, Azərbaycan
türk dilinin tərəqqisinə çalışmışdır. O yazır:
Qeyrət edin, Türk dili bir gözəl, şirin dildir.
Onu öyrənməyə həmiyyət edin (61, 152).
Ancaq
bəzi dindaşlarının və soydaşlarının millət, vətən və din imanından,
inancından uzaq olduğunu görən A.Səhhət «Student» adlı satirik şeirində
yazırdı (bu günümüz üçün də aktual olduğunu gözə alaraq Səhhətin bu
şerini tam olaraq veririk):
Studentik, mey içib məst olarıq,
Hər gecə bir qıza pabəst olarıq,
Başımız vodka ilə dolduqda,
Çıxarıq səhnəyə artist olarıq.
Yoxdur heç məsləkimiz, məzhəbimiz,
Belə tiplər yetirir məktəbimiz,
Fikrimiz zövqü səfa sürməkdir,
Yaşamaqdan tək odur mətləbimiz.
Gah gülüb, gah yügürüb, gah ularıq,
Gah qusub fərşi-libası bularıq,
Paltarın düyməsini gah da açıb
Xalqın üstün-başını sularıq.
Yoxdur insafü sədaqət bizdə,
Nə də düz-doğru rəfaqət bizdə.
Qaldı tənbəlliyi sorsan, o da var,
Babadan qalma bir adət bizdə.
Studentik, deyillik biz realist,
Aramızdan çıkamaz idealist.
Sevərik təkcə cibişdanımızı,
Eqayistik, ateist, sansualist.
Bizləri sahəti-Şirvan yetirir,
Nə ki, vəhşi, cibişdan yetirir,
Ay belə ölkə abadan olasan!
Bax, nə qeyrətli müsəlman yetirir!
Bu
baxımdan Azərbaycan-Qafqaz türkləri arasında başqa millətləri
yamsılamağın güclü olduğunu, ancaq milli özünüdərkin yetərincə
olmadığını yazan mütəfəkkirin fikrinə görə, hər şeydə əcnəbləri təqlid
etsək bütün varlığımızı unuda, milli hürriyyətimizi məhv edə bilərik. O,
yazır: «Məsum balalarımızı hələ göz açmamış xarici mürəbbiələrə
(dayələrə - F.Ə.) təslim edirik. Bədbəxt balalarımıızı dünyanı
bilməmişdən, tanımamışdan ruhunu zəhərləiyb öldürürük. Doğrudur,
övladımız zahirdə ölüb qəbrə getməyir, lakin həqiqətdə ruhu ölür, vücudu
canlı bir məzar şəklini alır. Çünki insanın həqiqi ruhu dəyanət və
millətdir. O zəhərləndikdən sonra, o məhv olduqdan sonra yerdə nə qalır?
Ruhsuz bir qəlb, cansız bir cəsəd! Biz bununla mədənləşmirik, fəqət,
avropalılara bir nəfər də avropalı qazandırırq, «biz» isə yox oluruq!
Canım! Bu qədər laqyedlik olarmı? Kim ki, iki kəlmə «net» ilə «yes»i
bildi, dırnaqlarını uzadıb, başına altı şahılıq şapka keçirdib daha
islamiyyəti, milliyyəti tanımır. Əsla türkcə danışmağa, oxumağa rəğbət
etmir».
Belələrinin evlərində yüz cildlərlə Avropa ədiblərinin
əsərləri olduğu halda, bir vərəq türkcə yoxdur deyən A.Səhhət qeyd edir
ki, «ruspərəstlər» yalnış-doğru rusca danışır, türk yox, rus qəzetləri
alırlar. O yazır: «Hər şeydə Aropa ədəbini, əxlaqını təqlid edirik, bəs
millətpərvərliyi, vətənpərəstliyi nə üçün onlardan görüb götürməyirik?».
Onun fikrinə görə, əgər ziyalılar, ariflər dillərinə, ənənələrinə yad
gözü ilə baxarlarsa, «onu istiqbala götürəcək, yaşadacaq kim qalır?
Milləti kiçik görən insanlar yaşamağa deyil, ölməyə məhkumdurlar».
Cümhuriyyət
və hürriyyət tərəfdarı olan Səhhət hesab edirdi ki, əgər millət kimi
yaşamaq istəyirsək çalışmaq, yəni qəzetlər nəşr etmək, cəmiyyətlər
təşkil etmək və avam kütlənin başını bir yerə toplyaıb «ümumi ruhu
yeniləşdirmək» lazımdır.
Комментарии
Отправить комментарий