AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrəfəlsəfə doktoru
Üzeyir Hacıbəyli: «Azərbaycan türklüyün ümidgahı, islamın pənahı və dünya mədəniyyətinin daşıyıcısıdır» XIX
əsrin sonu, XX əsrin əvvəllərində milli-demokratik cəbhədə fəaliyyət
göstərənlərdən Üzeyir Hacıbəylinin irsində ən çox diqqəti çəkən türk
millətinin oyanışı, onun hüquq və azadlıqları ilə bağlı olmuşdur. Hələ,
1900-1910-cu illərdə M.Ə.Rəsulzadə və başqaları kimi, Hacıbəyli də milli
ideya xəttinin olmadığı bir dövrdə çarizmə qarşı mübarizə aparan
cərəyanlar arasında tələb və məramına görə sosial-demokrat əqidəsini
müsbət dəyərləndirmiş, ancaq bu, sovet dövrünün müəlliflərinin yazdığı
kimi, guya, onun marksizmin təsiri altında inqilabi hərəkata qızğın
rəğbət bəsləməsi və s. demək olmamışdır. Sadəcə, o, həmin dövrdə
M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu və başqaları kimi sosial-demokrat cərəyanındakı
müsbət cəhətləri görmüş və onu qiymətləndirmişdi.
Sovet
ədəbiyyatında Ü.Hacıbəylinin inqilabçı-demokratlığa meyililiyinə bir
səbəb kimi də, Azərbaycan-türk dilini müdafiə etməsi göstərilir. Əslində
Ü.Hacıbəylinin ana dil məsələsi ilə bağlı mülazhizələri nə Osmanlı
Türkiyəsinə, nə də osmanlı şivəsini müdafiə edən Ə.Hüseynzadə və
başaqlarına qarşı yönəlmişdir. Ü.Hacıbyəli bu məsələ ilə bağlı hesab
edirdi ki, müəllimlər öz türk dillərini bilmədikləri üçün onu daha da
xarab edirlər. Onun fikrincə, öz ana dilini inkişaf etdirmək əvəzinə,
osmanlı şivəsini bəyənməyib onlarla mübahisə açmaq doğru deyildir: «Biz
türk dili üzrə böyük bir padşahlıq təsis etmiş olan osmanlılardan, fars
və rus tərcümələri altında bilkülliyyə xarab olub türkülük ruhunu
itirmiş olan dilimizi təzədən öyrənmək əvəzinə hələ osmanlıları
bəyənməyib sərf cahil olduğumuz bu məsələ üstə onlar ilə mübahisəyə də
cəsarət edirik».
Deməli, sosial-demokrat əqidəsinə rəğbət
bəslədiyi dövrdə belə, Ü.Hacıbəyli az qala hər bir məqaləsində türk
millətinin mənafeyini müdafiə etməyə çalışmışdı. Xüsusilə, o, bu dövrdə
əcnəbi müəlliflər tərəfindən türklərin tamamilə vəhşi və barbar kimi
qələmə verilməsinə, guya türklərə mədəniyyət və mərifətin qətiyyən təsir
etməməsi fikrinə kəskin şəkildə etiraz etmişdir. Onun fikrinə görə,
Allahın insanları yaradanda guya, yalnız türklərin mayasına istedad
qoymaması, mərifət və mədəniyyətdən uzaq tutması mülahizələri
əsassızdır. Belə ki, son əsrlərdə türklər mədəniyyət sarıdan həqiqətəndə
inkişaf etmiş bəzi millətlərdən geridə qalsalar da, ancaq məsələni
ifrat şəkildə qoymaq doğru deyildir.
Hacıbəyliyə görə, Avropa
millətlərindən fərqli olaraq, türk milləti son əsrlərdə kənardan
müdaxilə səbələrinə görə mədəniyyət yolunu tapa bilməmişdir. İndi işıq
qapısı türklərin üzünə açılmışdır ki, onlar əl-ələ verib mədəniyyət və
mərifət sarayına daxil olmağa hazırdır. Ancaq bəzi fitnəkar şəxslər
tapılır ki, türklərin mədəniyyət bulağından su içməsinə imkan vermirlər.
Xüsusilə, guya türklərin ədəbi dillinin olmaması fikrinə etiraz edən
Hacıbəyliyə görə, hazırda türk dili üç dilin (türk, ərəb və fars)
əsasından ibarət olsa da, onun kökü türk dilidir. Onun fikrincə, əslində
fitnəkarları narahat edən türklərin ədəbi dilinin olub-olmaması
məsələsi deyil, din məsələsidir - yəni «islam birliyi»nin zühura
gəlməsidir: «Bədbəxt türklər! Böhtan, yalan və iftira altında qol çalan
türklər! İnsafsız, mürvətsiz və vicdansız junalistlər qələminin oynağı
(oyuncağı - F.Ə.) olmuşsunuz. Hər əli qələm tutan sizin barənizdə bir
iftira yazmasa olmaz! Əcaba buna səbəb nədir? Qafqaz iğtişaşıdırmı? Elə
isə genə bədbəxt türklər».
Azərbaycan türklərinin millət kimi
formalaşması baxımından millət və din mənsubiyyəti məsələsinə aydınlıq
gətirmək istəyən Ü.Hacıbəyli yazırdı ki, Qafqaz müsəlmanların etnik
mənşələri türk, dilləri türk dili olduğu halda, özlərini və dillərini
«müsəlman» kimi qələmə vermələri doğru deyildir. Onun fikrincə, müsəlman
adında nə millət, nə də dil var; müsəlman islamı qəbul etmiş bir adam
deməkdir. Bu baxımdan ərəb və fars təşəbbüsündə olmayan Azərbaycan
türklərinin türklüyündə qaldıqlarını bildirən Hacıbəylinin sözlərinə
görə dilimizdə türk dilidir. Bu baxımdan türklər öz etnik
mənsubiyyətlərini, doğma dilini tanımalı və onun tərəqqi etməsinə,
islahına çalışmalıdırlar: «Çünki doğrudan da əgər biz öz ana dilimizə
indiyə qədər baxdığımız nəzərlə baxmaqda davam edərsək, yəni heç bir
əhəmiyyət verməsək, ola bilər ki, günlərin bir günü dilimiz itər, batar,
yox olar və bir millətin də ki dili batdı, onda o millət özü də batar,
çünki bir millətin varlığına, isbati vücud etməsinə səbəb onun dilidir».
Bu
dövrdə Azərbaycan türk dili ilə yanaşı, Azərbaycan türklərinin bir
millət kimi varlığında müdafiə etməyə başlayan Ü.Hacıybəli
M.Ə.Rəsulzadə, N.Yusifbəyli, Ö.F.Nemanzadə və başqaları kimi, milli bir
ictimai təşkilatın yaranmasını zəruriliyndən də bəhs etmişdi. Onun
fikrincə, indiyə qədər yaradılan ümummüsəlman təşkilatlarının gözə
görünən və işə yaradılan nəticələri olmasa da, mənəvi əhəmiyyəti
olmuşdur. Bu baxımdan yeni istər ümumRusiya müsəlmanları, istərsə də
xüsusi Qafqaz müsəlmanları təşkilatının yaranması zəruriliyini
vurğulayan Üzeyir bəy qeyd edirdi ki, artıq ümumi və təkrarçı sözlərdən
işə keçməyin vaxtıdır: «…Bu milli ehtiyaclarımızın, və mili
məsələlərimizin bundan belə quru danışmaq deyil, bəlkə felən rəf və
dəfini və həllini təmin edə biləcək yollar xüsusunda danışıb və
ictimalar qurmağımız daha münasib deyilmi? Və bundan sonra məhz bu
yolların aranılmasının vaxtı deyilmi?».
Hacıbəyli qeyd edir ki,
Rusiya millətləri arasında sayına görə ikinci olmasına baxmayaraq (30
milyon), türklər arasında milli birlik yoxdur. Əgər bəzilərində milli və
ictimai işlərə qarşı bir həvəs əlaməti görsənirsə, bu həvəs də tez
yatıb yenə qeydsizlik zülməti içində yox olur. Müsəlmanlar yalnız şəxsi
mənafeyi ilə bağlı olduqda bu cür milli və ictimai işlərə maraq
göstərirlər. Halbuki 1905-ci il 1-ci rus inqilabının verdiyi azadlıqlar
sayəsində milli qəzetlər, milli məktəblər, maarif və xeyriyyə
cəmiyyətləri və s. təşəkkül tapmışdı ki, indiyə qədər bundan daha çox
faydalanmaq olardı. Ancaq ötən on il ərzində bütün bunlardan faydalanmaq
əvəzinə milli qəzetlər və müsəlman intelligentlər arasında əlaqə
kəsilmək həddinə çatmışdır. Bunun nəticəsində «Həyat», «İrşad», «Molla
Nəsirəddin» və bu kimi mili qəzet-jurnallar bağlanmış, «Səadət», «Nur»
və b. milli məktəblərin, eyni zamanda mədəni-maafri cəmiyyətlərinin
(«Nicat» və b.) fəaliyyəti zəifləmişdi.
Milli mətbuat, milli
məktəb və milli cəmyyətlər məsələsinə xüsusi diqqət yetirən Ü.Hacıbəyli
hesab edirdi ki, bütün bunlar ciddi şəkildə meydana çıxmadığı üçün
Dövlət Dumasında Qafqaz müsəlmanlarını siyasi sima kimi tanımırlar.
Çünki Dumada olan kadetlər, nasionalistlər, oktybabristlər və başqaları
müsəlman fraksiyasının hansı siyasi firqəyə bənzədyini və ya xüsusi
siyasi sifətinin olmasını müəyyən edə bilməyiblər. O, bundan çıxış yolu
kimi, Qafqaz müsəlmanlarının bir millət kimi meydana çıxmasının vaxtının
çatdığını yazır: «Hal-hazırda əsil bunun vaxtıdır ki, biz öz-özümüzə
məhəl qoyaq, millətimizin qədrini bilək , müsəlman millətinin içini və
çölünü o crüə düzəldək ki, bizə də bir millət olub millətlər arasına
girməyə laiyq olaq. Ehtiyacımızın deyil, tək-tük ağızlardan bəlkə
ümummillət ağzından çıxan bir səs olduğuna və bu səsə də rus camaatı,
rus mətbuatı və Dövlət Dumasının tərəqqipərvər vəkilləri ağzından da səs
verilib kömək edilməsinə və qonşu millətlər tərəfindən də haqlı
görülməsinə yol göstərən şərait ilə dolanmaq xüsusunda danışmağımızın və
çalışmağımızın vaxtıdır».
Qeyd edək ki, bu dövrdə Hacıbəyli
islamı isə Azərbaycan türkçülüyü ideyasının tərkib hissəsi kimi
görmüşdü. Onun fikrincə, islam və türklük bir-birini tamamlayır. O, buna
misal kimi türk millətinin islama və onun peyğəmbərinə olan sevgisini
göstərirdi. Onun fikrinə görə, peyğəmbər haqqında qəlbimizdə
bəslədyiimiz böyük bir məhəbbət, başqda dinlərdə olanların qibtə edə
biləcəyi dərəcədə səmim və həqiqidir. Bu baxımdan Hacıbəyli qeyd edirdi
ki, milli ictimai və siyasi bir əqidə yoxdursa da, dini əqidəmiz mətin
və möhkəmdir. Hətta, o, 2-ci rus fevral burjua inqilabından sonra islam
aləminin birliyinin vaciblyindən yazırdı: «Bu gündən belə amalımız və
əfkarımız bu olmalıdır ki, hər bir yerin, şər bir diyarın müsəlmanları
bir-birinə var-qüvvələri ilə kömək edib əcnəbi hakimiyyəti altından
azad edilsinlər. Ondan sonra əl-ələ verib islam aləmi təhtində
birləşsinlər və almanlar kimi güclü bir «müşt-zireh» əmələ gətirib
həmişə davaya hazır olsunlar. Aləmi-islamn əzəmət və şövkəti ancaq
ittizad və ittifaqə bağlıdır».
Qeyd edək ki, Ü.Hacıbəyli
Azərbaycan türkçülüyü ideyasının nəticəsi olaraq istiqlalın əldə
edilməsini təbii qarşılamışdı. Azərbaycan Cümhuriyyətinin istiqlalının
ildönümü ilə bağlı «Bir yaş» məqaləsində Ü.Hacıbəyli yazır ki,
Azərbaycan Türk dövlətinin istiqlalı «türk irqində sağlam bir milliyyət
hissi oyatdı, millət nə olduğunu milliyyətini unutmuş türklərə bildirdi:
Onlara - sən əvvəl-əvvəl bir türksən dedi və «türkəm» dedirtdi». Onun
fikrincə, Azərbaycan Cümhuriyyəti türklüyün ümidgahı, islamın pənahı və
dünya mədəniyyətinin daşıyıcısıdır. İslam ölkələri arasında, ilk dəfə
Azərbaycan türkləri dinimizin, Quranımızın, peyğəmbərimizin bir olduğunu
ortaya qoydu. O, türklərin müstəqil hökumət qura bilməyəcəyi fikrini
səsləndirənlərə cavab olaraq isə yazır: «Adamlar var ki, bizim
istiqlalımızı istəmirdilər, halbuki bizə düşmən deyil idilər və bu
istəməməklikləri düşmənçilik üzündən deyil idi. Fəqət onlar qorxurdular.
Qorxurdular ki, biz hökumət etməyə, məmləkət dolandırmağa, dövlət
saxlamağa qabil olmayıb da müxtəlif millətli təbəəmizin can və malını
mühafizə edə bilməyən məmləkətdə asayiş bərpa edə bilməyək, nizam və
qaidə qoya bilməyək, siyasətdə bacarıqsızlıq göstərib xalqın
istirahətini pozaq».
Qeyd edək ki, Ü.Hacıbəylidə olan bu milli
ruhu inkar edə bilməyən sovet müəllifləri yazırdılar ki, 1920-ci il
aprel işğalına qədər Ü.Hacıbəyli marksizmə yiyələnə bilməmiş, «bəzi
digər demokratik ziyalılar kimi, müsavatçıların «milli istiqlaliyyət»
pərdəsi altında apardıqları hiyləgər millətçilik siyasətinin həqiqi
mənasını düzgün başa düşməmişdi. Müsavatçıların hakimiyyəti illərində o,
dərin mənəvi böhran keçirir, millətçilik təsiri altında ciddi
ideya-siyasi səhvlərə yol verirdi». Sovet müəlliflərinin Ü.Hacıbəylidə
«ciddi ideya-siyasi səhvlər» kimi qələmə aldığı məsələlər, əslində onun
vətəninə, millətinə, dininə, demokratik dəyərlərə və istiqlalçılığa
bağlılığı idi.
Комментарии
Отправить комментарий