İlham ABBASOV
Mətbuatımızda Azərbaycan ədəbi dilinin bütün sahələrinə
aid çoxlu miqdarda “rəngarəng” pozuntu nümunələri
müşahidə etmək mümkündür.
Son onilliklərdə cəmiyyətimizin həyatında baş verən
cilddi dəyişikliklərlə bağlı dilimizə külli miqdarda yeni
alınma sözlərin daxil olması təbii və qanunauyğun haldır.
Bundan narahat olmağa əsas yoxdur.
Əvvəla, bu sözlərin çoxuna dilimizin təbii ehtiyacı var.
Həm də bu sözlərin böyük əksəriyyəti dünyanın, demək
olar ki, bütün dillərində işlənən beynəlmiləl sözlərdir.
Bununla belə, son dövrlərdə ədəbi dilimizdə geniş
şəkildə işlənən öz sözlərimiz ola-ola zəruri ehtiyac
duyulmadan onların əcnəbi qarşılığının nitqimizə nüfuz
etməsinin də şahidi oluruq.
Mağaza, yaxud dükan əvəzinə – market, seçim əvəzinə--
kastinq, yoxlama əvəzinə – monitorinq, təbliğat əvəzinə –
piar, marka əvəzinə – brend, qapıçı əvəzinə – qolkiper,
hakim əvəzinə – referi, birgə əvəzinə – bahəm sözlərini
işlətməyə zəruri ehtiyac varmı?
Müasir dünyanın reallıqlarına uyğun olaraq, dilimizə təzə
keçən alınma sözlərin çoxu ingilis mənşəlidir. Ancaq son
vaxtlar qəzet səhifələrində dil qanunlarına sığmayan bir
hal da müşahidə olunur. İngilis mənşəli nəinki yeni, hətta
köhnə sözləri də ingilis transkripsiyası ilə yazmağa
başlayıblar (şifahi nitqdə isə buna müvafiq olaraq, həmin
sözləri ingilis, daha dəqiqi, amerikan ləhcəsi ilə tələffüz
edirlər). İngilis dilini bilməyən, onun hərf birləşmələrindən
xəbərsiz olan azərbaycanlı oxucu bu mətnlərin qarşısında
çaş-baş qalır. Bu hal ən çox xüsusi isimlərin yazılışına aiddir.
Məsələn: “Bakıya uzaq məsafəyə uça bilən “Boeing”
təyyarəsi gətirildi”, “New-York Times” qəzeti bu çıxışa
sərt reaksiya verdi», “ABŞ-ın ilk prezidenti Corc
Woshingtonun abidəsi önünə əklil qoyuldu”.
Yeri gəlmişkən, ölkəmiz paytaxtımızda keçiriləcək Avropa
mahnı yarışmasına çox ciddi hazırlaşdığı bir zamanda
Azərbaycan mətbuatı bu müsabiqənin adının necə yazılması
barədə hələ də vahid rəyə gələ bilmir. Mətbuat
səhifələrində bu adın beş variantda yazıldığını müşahidə
etmişik: “Avroviziya”, “Yevroviziya”, “Yevrovijn”,
“Yevrovizion” və “Eurovision” və “Avrovizion”. Əgər
biz Avropa və avro, eləcə də (tele)viziya sözlərini
işlədiriksə, deməli, onların birləşməsindən yaranan
“Avroviziya” variantını işlətmək daha düzgündür.
Xüsusi isimlərin yazılmasından bəhs edərkən bir məsələyə
də münasibət bildirmək istərdik. Son illər mətbuatımız
qədim şəhərimizin adını erməni tərzində Yerevan yox,
haqlı olaraq İrəvan yazır. Lakin türk mənşəli bir sıra erməni
soyadlarını hələ də dilimizin ənənələrinə uyğun yox, erməni
manerasında yazmaqda davam edirik. Ana dilimizin
qaydalarına hörmət edərək Demirçyan yox –
Dəmirçiyan, Koçaryan yox – Köçəryan, Nalbandyan
yox – Nalbəndyan, Şaxnazarov yox – Şahnəzərov
yazmalıyıq. Hətta erməni köklü Sarkisyan tipli soyadları
da öz dilimizə uyğun Sərkisyan işlətsək, daha düzgün olar.
Göstərilən nümunələr bizə yabançı olan dillərdəndir. Ancaq
adların yazılışı ilə bağlı yanlışlıqlar qardaş türk dilinə məxsus
xüsusi isimlərin işlədilməsində də müşahidə olunur. Bizcə,
Azərbaycan dilli mətnlərdə bu adların Kıbrıs, Kaziantep,
Çanakkale, Erzurum, Erzincan, Erdahan, Kars, Fatih Terim,
Erdoğan, Demirel, Tatlıses, Küçük Emrah, Taştelen, Hakan
Şükür şəklində işlədilməsinə heç bir ehtiyac yoxdur.
Dilçilik elminin qanununa görə, qohum dillərdən bir-birinə
keçən sözlər alınma söz sayılmır. İlk növbədə ona görə ki,
bu sözlərin böyük əksəriyyətinin kökü ortaqdır. Ancaq
nəzərə almaq lazımdır ki, qohum dillər (və onları daşıyan
xalqlar) nə qədər doğma olsalar da, hər bir müstəqil dilin
öz inkişaf yolu və formalaşmış ənənələri var.
Son dövrdə Türkiyə türkcəsindən dilimizə keçmiş çoxlu
miqdarda zəruri ehtiyac duyulan, yerinə düşən, dilimizin
ehtiyacını ödəyən «qurum», “yetərsay”, “örnək”, “dönəm”,
“soyqırım”, “həftəsonu”, “öndər”, “dəstəkləmək”, «açıqlamaq»,
“önəmli”, “özəl” kimi sözlər vardır (Hərçənd, zənnimizcə, “özəl”
sözünün iki fərqli mənada – həm mülkiyyət forması bildirən
“castnıy”, həm də keyfiyyət bildirən “osobıy”, “spesialnıy”
mənalarında işlədilməsi səhvdir. İkinci mənada «xüsusi»
sözünü saxlamaq yaxşı olardı).
Bununla belə, Azərbaycan və Türkiyə türkcələri adicə ləhcələr
yox, tarixi təkamül prosesində eyni kökdən ayrılaraq formalaşmış
müstəqil dillərdir. Onlar son dərəcə yaxın və doğma olsalar
da, aralarında fonetikadan tutmuş sintaksisə qədər bütün
səviyyələrdə prinsipial fərqlər mövcuddur. Buna görə də
öz dilimizdə əsrlər boyu işlədilən qarşılığı ola-ola yaxın,
bəzən hətta eyni köklü digər bir kəlmənin türk dilindən
alınaraq işlədilməsi dilimizin özünəməxsusluğuna xələl
gətirir. Məsələn, yerinə düşdü-düşmədi hər yerdə yazıçı
əvəzinə – yazar, duyğu əvəzinə – duyum, maraqlı əvəzinə –
ilginc, cavabdeh əvəzinə – sorumlu, yozmaq əvəzinə –
yorumlamaq, tüstü əvəzinə – duman, kökəlmək əvəzinə –
kilo almaq, arıqlamaq əvəzinə - kilo vermək, sual əvəzinə –
soru, sevimli tamaşaçılar əvəzinə – sevgili seyrcilər (yaxud
izləyicilər), göstərmək əvəzinə – görüntüləmək, bölüşmək
əvəzinə – paylaşmaq, eşitmək əvəzinə-- duymaq, hamı
əvəzinə-- hər kəs işlətməyə nə ehtiyac var?!
* * *
Lüğət tərkibində xüsusi yer tutan neologizmlər qrupu həm
alınma sözlər hesabına, həm də dilin öz potensialı hesabına
formalaşır. Dilimizin öz materialı əsasında meydana gələn
neologizmlərin yaranması və işlədilməsi bir sıra linqvistik və
üslubi incəliklərlə bağlıdır. Fikirlərimizi bir nümunə əsasında
izah etməyə çalışaq: son vaxtlar bir sıra qəzetlərin dilində
“narahat” əvəzinə «rahatsız» sözü işlədilir. Zahirən hər şey
gözəldir – dilimizdə yer tutmuş fars mənşəli söz doğma türk
sözü ilə əvəz olunur. Ancaq bir həqiqət var ki, bəzən dil üçün
əcnəbi sözü alıb işlətmək doğma, lakin onun qanunlarına zidd
olaraq formalaşmış yeni sözü işlətməkdən daha rahat olur.
Məsələ burasındadır ki, söz yaradıcılığının mühüm elementi
olan hər bir leksik şəkilçi dilin min illik təkamülü prosesində
formalaşıb başa gəlir. Nəzərdən keçirdiyimiz nümunədə isə
dilimizin qaydalarına zidd olan incə bir məqam var – şəkilçi
sözə öz semantik xarakterinə uyğun olmadan qoşulur, ona
görə də bu düzəltmə sözün dilimizin lüğət tərkibində yer tutub
işləklik qazanacağı problemli görünür.
Deyə bilərlər, “nahaq” əvəzinə “haqsız” işlənə bildiyi halda
nə üçün “narahat” əvəzinə “rahatsız” işlənməsin? Məsələ
burasındadır ki, “-sız” şəkilçisi isimdən sifət düzəldən şəkilçidir.
Məlum olduğu kimi, onunla antonim xarakterli “-lı” şəkilçisi
də var. Onların vasitəsilə yaradılan sifətlər bir-birinə zidd məna
daşıyır. Məsələn, dadlı – dadsız, ağıllı – ağılsız, yaraşıqlı –
yaraşıqsız, yağmurlu – yağmursuz və s. Baxdığımız misalda
isə “-sız” şəkilçisi isimə yox, sifətə qoşulub, halbuki, dilimizdə
sifətdən sifət düzəldən belə bir şəkilçi yoxdur. «Rahatsız» sözü
olsa, onda gərək «rahatlı» sözü də ola (“Haqlı” və “haqsız”
sözləri kimi).
* * *
Leksik pozuntular dildə tez-tez baş verən, eyni zamanda nisbətən
asanlıqla aradan qaldırıla bilən bir hadisədir. Dilin varlığı üçün
daha ciddi təhlükə törədən və düzəldilməsi çox çətin olan
fəsadlar isə qrammatik, ilk növbədə morfoloji pozuntularla
bağlıdır. Bunlar dilin daxili sisteminə çətinliklə, tədricən nüfuz
edir, ancaq dilə onun mahiyyətini sarsıdan zədələr vura bilirlər.
Bu da təsadüfi deyil, çünki dilin mahiyyətini onun leksik tərkibi
deyil, qrammatik sistemi müəyyən edir. Məsələn, Füzulinin –
Aşiyani-mürği-dil zülfi-pərişanındadır. –
misrasında azərbaycanca bircə kəlmə də yoxdur. Burada
Azərbaycan dilinə məxsus cəmi üç şəkilçi var: mənsubiyyət –
“ın”, yerlik hal – “da” və xəbərlik – “dır” şəkilçiləri. Amma
həmin üç şəkilçinin sayəsində bu misra azərbaycancadır.
Bəzi başqa dillərdən (məsələn, rus dilindən) fərqli olaraq
dilimizdə daimi olaraq yalnız cəm formada işlənən isimlər
yoxdur. Və bu hal ümumiyyətlə türk dillərinin qrammatik
sistemi üçün səciyyəvidir. Təəssüf ki, Türkiyə türkcəsində
həmin ümumi qaydanın pozulması hallarına çox təsadüf
edilir və son vaxtlar bu pozuntu Azərbaycan mətbuatının
dilində də müşahidə olunmağa başlayıb. Söhbət bəzi
coğrafi adların yanlış olaraq cəm formada işlədilməsindən
gedir. Məsələn, Altaylar, Qafqazlar, Balkanlar və s. Bizcə,
bu, həmin sözləri yalnız cəmdə işlədən slavyan dillərinin türk
dilinə lüzumsuz təsirinin nəticəsidir. Təbii olaraq sual
meydana çıxır: O halda nə üçün Pamirlər, Abşeronlar,
Anadolular, Skandinaviyalar, Kiprlər və s. işlədilməsin?!
Tutaq ki, Qafqaz sözünü cəmdə işlətmək üslub və ifadə
baxımından dilimizə nə kimi əlavə imkanlar verir?
Xüsusi isimlərlə bağlı nəzərə çarpan pozuntulardan biri
də şəxs adlarına qoşulan xan, bəy, mirzə, ağa kimi
titulların işlədilməsi ilə bağlıdır. Bəzən həmin titulları
səhv olaraq adlara bitişik yazırlar. Titul bildirən həmin
sözlər adlara bitişik yazılanda mürəkkəb antroponim
yaradır, ayrı yazılanda isə tamam başqa funksiya
daşıyaraq məhz titul bildirirlər. Məsələn, Həsən bəy
Zərdabi ilə Yusif Həsənbəy, Mirzə Fətəli ilə Mirzəbala
Məmmədzadə, Məhəmməd ağa Şahtaxtlı ilə Əliağa Vahid,
Şah İsmayıl Xətai ilə Şahmərdan Xəlilov, Fətəli xan Xoyski
ilə Qardaşxan Əzizxanlı adları tamam başqa-başqa dil
hadisələridir. Buna görə də qəzetlərimizin dilində rast
gəlinən – “Üzeyir bəyin “Arşın malalan” komediyası
yenidən tamaşaya qoyuldu, “ yaxud “Tamaşaçılar
“Cavad xan” filmini maraqla qarşıladılar.” - tipli cümlələr
pozuntu kimi qiymətləndirilməlidir. Bu baxımdan ən çox
ziyan görən görkəmli Azərbaycan sərkərdəsi Əli ağa
Şıxlınskinin adıdır. Bu ad demək olar ki, hər yerdə səhv
olaraq Əlağa Şıxlinski kimi yazılır.
Dilimizin morfoloji qanununa görə, mənsubiyyət şəkilçili
sözlər hallanarkən onlara bitişdirici samit olaraq “n” samiti
qoşulur: “Axşam üstü maşınımız Meşəli kəndinə çatdı.”
“Oyundan sonra topu qonşumuzun oğluna verdim.” Lakin
həmin şəkilçilər öz üzərlərinə leksik funksiya götürüb
düzəltmə söz əmələ gətirəndə saitlə bitən adi sözlər
kimi hallanmalı, bitişdirici samit olaraq “y” samitini qəbul
etməlidirlər. Yəni həmin sözləri mətbuat səhifələrində rast
gəldiyimiz – “Həmsədrlər məsləhətləşmələri davam etdirmək
üçün Xankəndinə yola düşdülər”, “Sonra söz ölkəmizin
Rusiyadakı səfiri Polad Bülbüloğluna verildi” cümlələrində
olduğu kimi işlətmək səhvdir. Düzgün variant olaraq
“Xankəndiyə” və “Bülbüloğluya” yazılmalıdır. Necə ki,
analoji olaraq – “Bu qəzəl Həsənoğluya məxsusdur”,
“Sonra Nigar xanım üzünü Koroğluya tutdu” - kimi işlədirik.
* * *
Müşahidələr göstərir ki, son illər mətbuatımızın dilində bədən
üzvlərini bildirən “qol”, xüsusən də “qıç” (“qılça”) sözləri
işləklikdən çıxarılmaq üzrədir. Onların əvəzinə müvafiq
olaraq “əl” və “ayaq” sözləri işlədilir. Onlar isə, təbii ki,
“qol” və “qıç” sözlərinin leksik-semantik mənalarını tam
ehtiva və dəqiq ifadə edə bilmirlər. Məsələn, qəzet
idman xəbərlərində yazır ki, “top xorvatiyalı futbolçunun
əlinə dəydiyi üçün hakim onbir metrlik cərimə zərbəsi
təyin etdi.” Milyonlarla tamaşaçı isə gördü ki, top
xorvatiyalının dirsəyinə dəyib. Müəllifə və qəzetin
redaktoruna başa salan lazımdır ki, dirsək əl deyil,
qoldur. Yaxud başqa bir yazıda oxuyuruq: “Qəza zamanı
ayağı dizdən yuxarı zədələnən sərnişin xəstəxanaya
yerləşdirilib.” Yenə izah etmək lazım gəlir ki, diz ayaq
deyil, qıçdır, ayaq topuğacan olur. Qəzetlərin biri yazır:
“Ukraynanın ən ucaboy vətəndaşının ayaqları çox uzun
olduğuna görə prezidentin bağışladığı avtomobilə yerləşə
bilmədi.” Düşünürsən, görəsən, zavallının ayaqları neçə
ölçüdədir ki, maşına sığmır? Sonra başa düşürsən ki,
söhbət ayaqdan yox, qılçadan gedir.
Bizcə, bu da həmin anlayışları “ruka” və “noqa” deyərək
eyni bir sözlə ifadə edən rus dilinin təsiri ilə baş vermişdir.
* * *
“Nömrə” anlayışı və onu ifadə edən söz beynəlmiləl xarakter
daşıyır. Azərbaycan dilində də bu kəlmə on illər boyu
işlədilmişdi. Lakin son 10-15 ildə kimlərinsə subyektiv
rəyi ilə KİV-lərdə “nömrəli” sözü əvəzinə “saylı” işlədilməyə
başladı və tədricən danışıq dilinə də nüfuz etdi. Nərçənd,
dildən baş çıxaranların hamısına aydındır ki, “say” və “saylı”
sözləri “nömrə” və “nömrəli” sözlərinin daşıdığı mənanı tam
ehtiva edə bilmir. Ancaq bu yerdə “bir dəli quyuya bir
daş atdı …” məsəli çox yerinə düşür.
“Say”, “saylı” sözlərinin yersiz işlədilməsi bir çox hallarda
gülünc situasiyaların yaranmasına səbəb olur.
Təsəvvür edin, polis zabiti postda dayanmış çavuşdan
soruşur: – Ə, keçən maşının sayı neçə idi?
– Rəis, vallah, çox idi, saya bilmədim.
Yaxud, bir nəfər digərindən soruşur:
– Evinizdə telefonun sayı neçədir?
– Dörd dənədir, hər otaqda biri var.
Bunun nəticəsidir ki, bəzi hallarda – “Əlaqə üçün filan
, filan saylı növrələrimizə zəng vurun” – kimi absurd
ifadələrlə qarşılaşmalı oluruq.
Qeyd etdiyimiz kimi, “nömrə” (“nömrəli”) dünyanın,
demək olar ki, bütün dillərində işlədilir və hətta
işlədilməsinin rahatlığını təmin etmək üçün xüsusi
yazı işarəsi də var. Bu yanlışlığı (anlaşılmazlığı da
demək olar) aradan qaldırmaq üçün qəzetlər ilk öncə
özlərindən başlamalı, “bu günkü sayımızda”, “davamı
gələn sayımızda” kimi ifadələri işlətməyə son qoymalıdırlar.
* * *
Mətbuatımızın dilində isimlərlə bağlı geniş yayılmış
pozuntuların böyük qismi xəbərlik şəkilçiləri ilə bağlıdır.
Feli xəbərlərdən fərqli olaraq, ismi xəbərlərdə konkret
zaman kateqoriyası olmasa da, məzmunca zaman
anlayışı var. İsmi xəbərlərdə indiki zaman anlayışı “-dır”
şəkilçisi ilə ifadə olunur. Təəssüf ki, mətbuat orqanlarımızın
bir çoxunda bu şəkilçi “-dı” formasında işlədilir. Bunu
guya dilin sadəliyinin, təbiiliyinin təmin olunması kimi
izah edirlər. Amma danışıq dilinin təsiri ilə yaranan bu
pozuntu bir çox hallarda ciddi məna təhriflərinə səbəb olur.
Çünki “-dı” ismi xəbərlərdə keçmiş zaman anlayışı yaradan
“idi” hissəciyinin şəkilçiləşmiş formasıdır. “Elçin mənim
dostumdur” cümləsi indiki zamanı bildirdiyi halda “Elçin
mənim dostumdu” keçmiş zamanı bildirir. Yəni “Elçin daha
mənim dostum deyil” mənasını ifadə edir. Birmənalı şəkildə
yadda saxlamaq lazımdır ki, danışıq dilinin öz qayda-
qanunları, yazı dilinin isə öz normaları var və bunları heç bir
vəchlə qarışdırmaq olmaz.
Şəxsin yazdığı kimi danışması nə qədər süni və qondarma
görünürsə, danışdığı kimi yazması da bir o qədər savadsız
və zövqsüz görünür.
* * *
Mətbuatımızın, ümumən kütləvi informasiya vasitələrinin
dilində fellərə aid ən ciddi və ən çox yol verilən pozuntu
“-mış” nəqli keçmiş zaman şəkilçisinin işlədilməsi ilə
bağlıdır. Hər bir şəkilçi dilin min illik təkamül prosesinin
məhsuludur. Onların hər hansı bir subyektiv münasibətlər
mövqeyindən dəyərləndirilməsi yolverilməz nadanlıq olardı.
Məlum olduğu kimi, dilimizdə nəqli keçmiş zamanın iki
variantı var – “-mış” və “-ıb” şəkilçiləri ilə düşələnlər.
Onların hər birinin yerli-yerində işlədilməsi dilimizə
ikiqat artıq ifadə imkanları verir. Fikrimizi əsaslandırmaq
üçün Füzulinin bir beytini nəzərdən keçirək:
Adəm əvvəl səri-kuyin verib almış cənnət,
Eşidib təni-mələk, sonar peşiman olmuş.
Bütün şəxslərin həm təkində, həm də cəmində işlənən
“-mış” variantından fərqli olaraq, “-ıb” variantı birinci
şəxsdə (nə təkdə, nə də cəmdə) işlənə bilmir.
Deməli, bu variant istifadə potensialına və ifadə
imkanlarına görə daha məhduddur. Hərçənd ki,
təxminən XVII əsrə qədər “-ıb” variantı birinci şəxsdə də
işlənirdi. Füzulidən bir beyti yada salaq:
Eşq daminə giriftar olalı zar olubam,
Nə bəladır ki, ona böylə giriftar olubam.
Lakin Azərbaycan dili sonrakı təkamül prosesində hətta
özünün ən böyük daşıyıcısının xatirinə belə, bu formanı
mühafizə edib saxlamağı lazım bilmədi …
Təxminən ötən əsrin 80-ci illərindən başlayaraq jurnalist
dairələrində “-mış” şəkilçisinə qarşı səbəbi tam
anlaşılmayan “səlib yürüşü” başladı və tədricən bu
mövqeyi geniş ictimai rəyə də sırımağa çalışdılar.
Etiraf etmək lazımdır ki, dilimizin qayda-qanunlarını
yaxşı bilməyən ziyalılar arasında müəyyən uğur qazana
da bildilər. Bu gün telekanalların da bu virusa yoluxduğu
müşahidə olunur.
Bu gün “-mış”ı kinayə, hətta ikrahla “sovet televiziyasının
dil elementi” elan etmək qeyri-dəqiq və qərəzli yanaşma
olmaqla bərabər həm də elementar cahillik və savadsızlıq
nümunəsidir. Bu şəkilçi ana dilimizin istisnasız olaraq
bütün şifahi və yazılı mənbələrində, həmçinin istisnasız
olaraq bütün ümumtürk şifahi və yazılı ədəbi abidələrində,
müasir türk dillərinin hamısında işlənir. Və birdən-birə
özünü qəhrəman sayan kimlərsə onun inkarına qalxır …
Azərbaycan torpağı bizim maddi Vətənimizdirsə,
Azərbaycan dili mənəvi Vətənimizdir. Onların hər
ikisinin sərhədlərinin toxunulmazlığını qorumaq eyni
dərəcədə müqəddəs borcumuzdur. Bu mənada
mənəvi Vətənimizin kiçik bir parçası olan “-mış”
şəkilçisini əlimizdən almaq istəyənlərlə maddi
Vətənimizin kiçik bir parçası olan Şuşa qalasını
əlimizdən almaq istəyənlər arasında elə bir fərq yoxdur.
* * *
Müşahidələr “-mış” şəkilçisinə qarşı bu cür anormal,
xəstə münasibətin təkcə nəqli keçmiş zamanlı fellərə
yox, həmin şəkilçi ilə düzələn feli sifətlərə qarşı da
yönəldiyini göstərir. Məlum olduğu kimi, “-acaq”
şəkilçili feli sifətlər gələcək, “-an” şəkilçili feli sifətlər
indiki, “-mış” şəkilçili feli sifətlər isə keçmiş zaman
anlamı daşıyır. Yəni, “deyilmiş söz” ifadəsi keçmiş,
“deyiləcək söz” gələcək, “deyilən söz” isə indiki
zamana aiddir. Nitq prosesində bunların bir-birinin
əvəzinə işlədilməsi kobud morfoloji pozuntu olmaqla
bərabər, ciddi məntiqi yanlışlığa və üslubi qarışıqlığa
gətirib çıxarır.
“Beş yüz il əvvəl tikiləcək bina” deyimi necə yanlışdırsa,
“beş yüz il əvvəl tikilən bina” da eyni dərəcədə absurddur.
Təəssüf ki, müasir mətbuatımızda bu adi həqiqətin çox
tez-tez nəzərdən qaçırıldığının şahidi oluruq.
Məsələn, qəzetlərin birində belə bir xəbər oxuyuruq:
“Çinin Şanxay şəhərində yeni tikilən binada yanğın
baş verib.” Fikirləşirik ki, görəsən, tikilən (yəni,
tikilməkdə olan!) binada yanan nə imiş? Sonrakı
cümlədə isə yazılıb ki, “binaya cəmi dörd ay qabaq
köçmüş ailənin iki uşağı həlak olub.” Belə bir
anlaşılmazlığın baş verməməsi üçün jurnalist
həmkarımız, sadəcə olaraq, “yeni tikilmiş bina”
ifadəsini işlətməli idi.
Yaxud başqa bir qəzetdə belə bir başlıq görürsən:
“Türkiyə universitetlərində təhsil alan azərbaycanlı
gənclər Bakıda bir araya gəldilər.” Düşünürsən ki,
görəsən, bu gənclər ilin ortasında dərslərini buraxıb
Bakıya niyə toplaşıblar? Materialı oxuyandan sonra
aydın olur ki, söhbət Türkiyə universitetlərində təhsil
almış gənc mütəxəssislərdən gedir.
Başqa bir yazıda belə bir cümlə ilə rastlaşırıq: “Dünyanın
inkişaf edən ölkələri sırasında İtaliya layiqli yer tutur.”
Dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan İtaliya
bu cümlədən xəbər tutsa, bəlkə də Azərbaycana nota
verər. Sonra gəl başa sal ki, bizim jurnalist sizi
aşağılamaq istəməyib, sadəcə olaraq, “-mış”
şəkilçisindən xoşu gəlmir …
* * *
Mətbuatımızdakı dil qüsurlarının əsas səbəblərindən biri də
jurnalistlərin müraciət elədikləri mövzunu, bəhs etdikləri
predmeti yaxşı bilməmələrindən irəli gəlir. Bir az mübaliğəli
səslənsə də mən deyərdim ki, predmeti bilməmək bizim
çağdaş jurnalistikamızın ən geniş yayılmış “peşə xəstəliyidir”
və bu xəstəliyin fəsadları ilə mətbuat səhifələrində hər
an üzləşirik.
Qloballaşma ilə inteqrasiyanın fərqini bilməyən siyasətdən,
kreditlə investisiyanın fərqini bilməyən iqtisadiyyatdan,
əkinlə səpinin fərqini bilməyən kənd təsərrüfatından,
ictimai təşkilatla qeyri-hökumət təşkilatının fərqini
bilməyən sosial həyatdan, fərmanla sərəncamın fərqini
bilməyən hüquqdan, snayperlə avtomatın fərqini bilməyən
hərbidən, partitura ilə klavirin fərqini bilməyən musiqidən,
güləşlə döyüşün fərqini bilməyən idmandan, etudlə
eskizin fərqini bilməyən rəssamlıqdan, tədrislə təlimin
fərqini bilməyən təhsildən, yazıçı ilə nasirin fərqini
bilməyən ədəbiyyatdan, fasadla interyerin fərqini
bilməyən memarlıqdar, tamaşaya qoymaqla
səhnələşdirməyin fərqini bilməyən teatrdan, quruluş
verməklə ekranlaşdırmağın fərqini bilməyən kinodan,
müayinə ilə müalicənin fərqini bilməyən tibbdən yazır.
Əslində predmeti bilsən, bütün bunlar çox sadə məsələlərdir
. Amma nə qədər acınacaqlı olsa da etiraf etməyə
məcburuq ki, bu halla istənilən qəzetin hər bir
nömrəsində üzləşmək mümkündür.
Durğu işarələrinin işlədilməsi ilə bağlı pozuntulardan
isə heç danışmağa dəyməz … Bu baxımdan ən
acınacaqlı vəziyyət vergül işarəsinin işlədilməsi ilə
bağlıdır. Mübaliğəsiz demək olar ki, mətbuatımızın
səhifələrində vergül səhvlərinə yol verilməyən bir dənə də
material tapmaq mümkün deyildir. Əslində ana dilimizi
qanı-canı, ailə mühiti ilə uşaqlıqdan mükəmməl öyrənmiş
adama dilçilik qaydalarını bilmək heç vacib də deyil.
Onun düzgün danışması, yaxud yazması normal nəfəs
alması kimi təbii bir şeydir. Ancaq dili yaxşı bilməyənin
peşə səviyyəsini yüksəltmək üçün qaydaları izah etməkdən
başqa yol qalmır. Fəqət çox zaman heç bunun da köməyi
olmur, çünki qaydaları anlamaq üçün şəxsin dilçilikdən heç
olmasa elementar təsəvvürlərə malik olması lazımdır. Lakin
jurnalistlərimizin bir çoxunun savad (daha doğrusu,
savadsızlıq) səviyyəsi heç buna da imkan vermir.
Mətbuat orqanlarının yolu, mövqeyi hər şeydə, istənilən
məsələdə bir-birindən fərqli ola bilər. Ancaq dil məsələsində
bizim həmrəy, həmfikir olmaqdan başqa yolumuz yoxdur.
Çünki ana dili bizi həqiqətən birləşdirən ən böyük dəyərdir.
Hər bir xalqın tarixi taleyinin müəyyənləşməsində onun malik
olduğu mənəvi dəyərlərin həlledici əhəmiyyəti vardır. Bu
dəyərlər içərisində isə dilin müstəsna yeri və mövqeyi xüsusi
qeyd olunmalıdır. Xalqın həyatında dilin önəmliliyi digər mənəvi
dəyərlərin hər birindən (adət-ənənə, musiqi, mətbəx, ədəbiyyat,
jurnalistika və s.), hətta hamısından bir yerdə daha üstündür.
Əgər bir xalq bütün mənəvi dəyərlərini, hətta torpağını itirsə,
təkcə dilini saxlasa, öz varlığını qoruya biləcəkdir. Yox əgər
xalq bütün mənəvi dəyərlərini saxlayıb təkcə dilini itirsə,
deməli, məhvə məhkumdur.
Mətbuat da dili yaşadan, onun varlığını, qorunmasını, inkişafını
təmin edən əsas amillərdən biridir. Mətbuatın daşıdığı bütün
funksiyalar (məlumatlandırma, maarifləndirmə, ideoloji,
əyləndirmə və s.) törəmə funksiyalardır. Gərək mətbuat
mövcud ola ki, bütün bu funksiyaları yerinə yetirə bilə.
Mətbuatın var olması isə birbaşa dil hadisəsidir.
Комментарии
Отправить комментарий