Rey Bredberi - “Sevgi haqqında hekayə”
Rey Bredberi - “Sevgi haqqında hekayə”
loading...
Faktor.az dünya şöhrətli yazıçı Rey Bredberinin “Sevgi haqqında hekayə” hekayəsini təqdim edir:
Enn Teylorun Qrintaundakı yay məktəbində dərs deməyə gəldiyi ilk həftə idi. O zaman müəllimə iyirmi dörd yaşındaydı, Bob Spoldinqin isə heç on dörd yaşı tamam olmamışdı. Enn Teylor elə ilk gündən diqqət cəlb elədi, hər kəsin qəlbində özünə məskən saldı. Çünki o, məhz yeniyetmə oğlanların aşiq olduğu, şəninə şeirlər yazıldığı, bayramqabağı bütün çiçək dəstələrinin ünvanlandığı gözəl və gənc müəllimələrdən idi. O, elə qadınlardan idi ki, hər dəfə qədim şəhəri gəzməyə çıxanda qarağac və palıd ağaclarının yaşıl tağlarının kölgəsinə qarışmış xəyalı bütün baxışları öz üzərinə cəmləyirdi. Bu qız yayın əsl təcəssümü idi – tər şaftalının ecazkar rəngini, erkən iyun rüzgarının xəfif titrəyişini xatırladırdı. İnsanlar hansısa bir gözəl haqqında danışanda məhz bu xanımı nümunə gətirirdilər. Təbiətdə bəzi nadir məqamların tarazlandığı gözəl günləri Enn Teylorla bəzəyib, təqvimdə onun adı ilə çağırmaq istəyirdilər.
O ki qaldı Bob Spoldinqə o, oktyabr axşamlarında şəhərdə tənha veyillənən qaraqabaq, adi bir oğlan idi; payızda arxasınca sərsəm yarpaqların boylandığı küçələrdə, yazda isə coşğun çayların dəli sularında tələsmədən üzən böyük balıq kimi dərədə gəzişərdi. Ya da uzun-uzadı çəmənlikdə gəzişər, sonra saatlarla oturub kitab oxuyardı. Ona yalnız böcəklərin səsi, ya da vərəqlərin üzərində uçuşan kəpənəklər mane olardı. Bunlardan bezəndə isə pəncərə önündəki qara pianoda ancaq özünə məlum olan musiqilər ifa edərdi. Başqa oğlanlara heç qoşulmazdı.
İlk dərs günündə, Enn Teylor yan qapıdan sinifə girib lövhədə iri hərflərlə ad və soyadını yazanda oğlanlardan heç kim başqa müəllimlərin dərslərində etdiyi kimi səs salmadı.
– Mənim adım Enn Teylordur, – o, bəm səslə dedi. – Mən sizin yeni müəllimənizəm.
Elə bil bu səslə sinif aydınlandı, sanki qaranlıq quyunun qapağı qaldırılmışdı. Onun səsi ağaclarda civildəşən quşların səsinə bənzəyirdi. Bob Spoldinq əlində kağızdan yumrulayib düzəltdiyi top saxlamışdı (adətən yeni müəllim içəri girəndə belə kağız kürəciklərini lövhəyə atıb onu cinləndirərdilər). Amma miss Teylorun səsini eşidən kimi barmaqları boşaldı, topu yerə saldı. Elə həmin gün, dərsdən sonra oğlan bir vedrə su və əsgi parçası gətirib lövhəni yumağa başladı.
– Bu nədir belə? – sinif otağında dəftərləri yoxlayan müəllimə oğlanı görcək soruşdu.
– Lövhə çox çirklidir, – Bob öz işini görə-görə cavab verdi.
– Görürəm, ancaq sən bu işi könüllü olaraq edirsən?
– Əlbəttə, amma gərək sizdən icazə alaydım…
– Elə hesab edək ki, icazə almısan, – Enn Teylor gülümsünüb dedi.
– Təşəkkür edirəm, miss.
– Dəyməz.
Müəllimənin xoş təbəssümünü görcək Bob ildırım sürətilə lövhəni təmizləməyə girişdi. Tozlu əsgini hər dəfə pəncərədən çırpdıqca, sanki ətrafa bozumtul qar dənələri səpələnirdi.
– Olarmı mən hər gün gəlib yazı taxtasını silim? – oğlan işarası soruşdu.
– Bəlkə, başqaları da təmizləmək istədi?
– Yox, özüm təmizləyəcəm.
– Yaxşı, hələ bir neçə gün təmizlə, sonrasına baxarıq.
Təmizlik bitsə də Bob otaqdan çıxmamışdı.
– Məncə, sənin evə getmək vaxtındır, – nəhayət müəllimə dilləndi.
– Sabaha qədər, – Bob könülsüz otaqdan çıxdı.
Ertəsi gün oğlan miss Teylorun kirayə qaldığı evin qarşısına gəlib gözləməyə başladı. Müəllimə dərsə getmək üçün evdən çıxanda özünü yetirib dedi:
– Bu da mən!
– Heç təəccüblənmədim, – miss Teylor dedi.
Onlar yanaşı addımladılar.
– Olar sizin kitablarınızı daşıyım? – Bob soruşdu.
– Nə deyirəm ki… Çox sag ol.
Bir müddət dinməzcə addımladılar. Enn azacıq hündür olduğu üçün yuxarıdan oğlanı nəzərdən keçirdi: Bob nə qədər sevincək olsa da, yeniyetmə utancaqlığı onu karıxdırırdı. Müəllimə yola körpü salmaq üçün havadan-sudan danışmaq istəsə də oğlanın çaşqın halından tərəddüd etdi. Beləcə məktəbin həyətinə gəlib çatanda Bob əlindəki kitabları müəlliməyə verib dedi:
– Buradan ayrılsaq yaxşıdır, yoxsa ayrı cür yozarlar.
– Anlamadım, nəyi nəzərdə tutursan? – miss Teylor soruşdu.
– Axı biz dostuq! – Bob uşaq təvəzökarlığı ilə dedi.
– Bob…
– Bəli, miss.
– Heç… elə-belə…
Enn sözünü bitirmədən dönüb məktəbə sarı getdi. Həmin gündən etibarən düz iki həftə Bob hər dəfə dərsdən sonra sinif otağına gəlir, dinib-danışmadan lövhəni təmizləyir, partaların tozunu alırdı. Enn isə sakitcə dəftərləri yoxlayırdı. Elə ki saat beş oldu, vedrədəki sonuncu su damlası da süngərin canına hopub yuyulmaqdan az qala taxtası ovulmuş lövhəyə son toxunuşunu etdi, dəftər vərəqlərinin xışıltıları, qələmin mürəkkəbi bitdi, miss Teylor daldığı işindən ayrılıb ətrafa göz gəzdirəndə, hələ də getməyib müəlliməsindən növbəti göstərişlər gözləyən şagirdi arxa sıradakı partada oturmuş görürdü.
– Hmm, evə getmək vaxtıdır, – deyə Enn qalxıb getməyə hazırlaşırdı.
Hər dəfə də Bob ondan qabaq özünü asılqana yetirib paltosunu geyməyə yardım edirdi. Həmin gün gözətçi gec gələcəkdisə sinif otağını da müəllimənin əvəzinə bağlayırdı. Sonra məktəb qapısından birlikdə çıxır, bu saatlarda bomboş olan həyətdən keçib maqnoliya çiçəklərinin arxasında gizlənmiş kimi görünən günəşin son şüaları altında söhbət edə-edə gedirdilər.
– Böyüyəndə nə olmaq istəyirsən, Bob?
– Yazıçı.
– Bu, böyük bir məqsəddir. Ona çatmaq üçün çox səy göstərməlisən.
– Bilirəm, amma mən cəhd edəcəm. Həm də çox kitab oxuyuram.
– Bəs sənin dərsdən sonra başqa işlərin olmur?
– Nə demək istəyirsiniz?
– Deməyim odur ki, hər dəfə lövhə təmizləməyə bu qədər vaxt ayırmağa ehtiyac yoxdur.
– Mənim bu iş xoşuma gəlir. Ümumiyyətlə, indiyədək heç vaxt istəmədiyim işi görməmişəm.
– Yenə də, bu qədər vaxt itirmə…
– Başqa cür ola da bilməz.
Bob ani sükutdan sonra əlavə etdi:
– Sizdən bir xahiş edə bilərəmmi?
– Baxır nə barədə…
– Hər şənbə Byütrik küçəsindən keçib çayaşağı ta Miçiqan gölünə qədər ərazini gəzintiyə çıxıram. Gölün ətrafındakı çəmənlikdə dincəlirəm. Bilirsinizmi orada nə qədər kəpənəklər, quşlar var? Bəlkə… siz də gələsiniz?!
– Təşəkkür edirəm, – Enn dedi.
– Deməli, gələcəksiniz!
– Yəqin ki, yox.
– Amma gəlsəniz vaxtınızı çox şən keçirərsiniz!
– Bəlkə də, amma mənim başqa işlərim var.
Bob istədi ki, soruşsun o nə işlərdi elə, amma özünü güclə saxladı.
– Mən həmişə özümlə vetçinalı sendviç götürürəm, – dedi. – Bir də portağal şirəsi. Tələsmədən çay boyu gəzirəm. Günortaya gölə çatıb bir az da orda dincəlirəm. Sonra da gəzə-gəzə geri qayıdıram. Saat üçdə evdə oluram. Günüm çox gözəl keçir, amma siz gəlsəniz daha gözəl keçərdi. Sizin kəpənəkləriniz var? Məndə bütöv bir kolleksiyadır. Gəlsəniz, sizin üçün də kəpənək toplamağa başlayarıq.
– Təşəkkür edirəm, amma qalsın başqa vaxta…
Bob müəlliməyə diqqətlə baxıb dedi:
– Gərək bu xahişi etməyəydim, hə?
– Niyə ki, istədiyini xahiş etməyə haqqın var, – Enn mızıldandı.
Bir neçə gündən sonra Enn özünün çoxdan oxuduğu “Böyük ümidlər” adlı kitabını Boba verdi. Oğlan kitabı sevincək alıb bütün gecəni gözünü qırpmadan başdan-ayağa oxudu. Ertəsi günü isə oxuduqlarını miss Teylorla müzakirə etməyə başladı. O, artıq hər gün müəlliməni evinin yaxınlığında, kənar gözlərdən uzaq bir yerdə qarşılayırdı. Hər dəfə də müəllimə “Bob…” deyə nəsə deməyə hazırlaşır, oğlanı özündən uzaqlaşdırmaq üçün uyğun cümlələr axtarır, ancaq sonra fikrindən daşınırdı. Beləcə içində qırıla-qırıla Bobun Çarlz Dikkens, Reynard Kiplinq, Edqar Po və digər yazıçıların əsərləri haqqında bilgilərinə qulaq asa-asa evdən məktəbə, məktəbdən evə gedirdilər.
Bir cümə günü sinif otağındakı masasının üzərinə kəpənək qoyulmuşdu. Enn istədi ki, kəpənəyi hürküdüb uçursun, diqqətlə baxanda kəpənəyin ölü olduğunu gördü. Gözucu Boba tərəf baxdı. Oğlan heç nə olmamış kimi başını aşağı salıb kitab oxuyurdu. Əslində, oxumurdu, sadəcə, gözünü kitaba zilləmişdi. Onu lövhəyə, dərsi danışmağa çağırmaq istədi. Lakin hiss etdi ki, çağıra bilmir, oğlanın adını çəkməyə utanır. Əlindəki karandaşı sinif jurnalındakı siyahının üzərində gəzdirir, adı Bobdan əvvəl və sonra gələnləri lövhəyə çağırır, ancaq nədənsə ondan yan keçirdi. Dərsdən sonra isə Bob qollarını gen açıb yazı taxtasındakı riyazi düsturları siləndə Enn fikrini dəftərlərə cəmləyə bilmirdi. Bəzən bir də ayılırdı ki, gizlincə oğlana tamaşa edir. Yanaşı yol gedəndə isə oğlana tərəf baxa bilmirdi.
Şənbə səhərlərinin birində şalvarını dizəcən çırmalayıb çayda xərçəng tutan Bob başını sahilə tərəf çevirəndə Enn Teyloru gördü.
– Bu da mən! – deyə müəllimə gülümsədi.
– İnanın ki, təəccüblənmədim, – oğlan soyuqqanlılıqla dedi.
– İndi göstər mənə dediyin kəpənəkləri, quşları…
Onlar yavaş-yavaş gölə tərəf gedib qumluqda özlərinə yer elədilər. Bob miss Teylordan azacıq aralı oturmuşdu. Külək qızın saçları ilə oynayır, köynəyinin yaxalığını qaldırıb-endirirdi. Onlar vetçinalı sendviçləri yeyib üstündən də portağal şirəsi içdilər.
– Ax, necə də gözəldir! – Bob dedi. – Heç vaxt bu gəzintilərdən belə həzz almamışam.
– Heç ağlıma gəlməzdi ki, belə bir piknikə gələ bilərəm, – Enn dedi.
– Həm də azyaşlı bir oğlanla? – Bob istehza ilə əlavə etdi.
– Amma bununla belə, xoşuma gəldi.
– Buna şadam.
Bir müddət susdular.
– Bu, heç də yaxşı görünmür, – handan-hana Bob dedi. – Səbəbini bilmirəm. Sadəcə gəzmək, kəpənək, xərçəng tutmaq, sendviç yemək – bunlar hamısı xoşdur. Ancaq valideynlərim və sinif yoldaşlarım bilsələr heç yaxşı düşməyəcək. Yəqin ki, sizi də müəllim yoldaşlarınız ələ salarlar, deyilmi?
– Güman ki…
– Onda, daha gəzməyə çıxmasaq yaxşıdır.
– Heç özüm də bilmirəm ki, necə oldu bura gəldim, – Enn təəssüfləndi.
Gün xoş başlasa da bir az qəmgin sona yetdi. Amma növbəti bazar ertəsi dərs başlamazdan əvvəl Bob yenidən müəlliməni evinin yanında gözləyirdi. Ancaq nə qədər gözləsə də miss Teylordan səs-səmir yox idi. Sonra məlum oldu ki, Enn məktəbə həmişəkindən daha erkən gəlibmiş. Elə dərslər bitməmiş icazə alıb getmişdi. Onu başqa müəllimə əvəzləyirdi. Bob bütün günü onun evinin həndəvərində gəzindi. Qapını döyməyə və ya evinə zəng etməyə cəsarəti çatmırdı.
Çərşənbə axşamı isə dərsdən sonra yenə də əvəlki kimi Bob yazı taxtasını silir, Enn isə dəftərləri yoxlayırdı. Onlar özlərini işlərinə başları qarışmış kimi göstərsələr də, əslində bütün diqqətləri bir-birlərində idi. Əlləri yavaşca mexaniki halda işləyir, fikrən isə bu səssiz xoşbəxtliyin uzun sürməsini diləyirdilər. Və birdən məktəb saatının səsi, məhkəmənin son qərarı kimi güruldadı. Bürünc kəfgirin uğultusu təkcə məktəbi deyil, onların bədənini də sarsıtdı. Saat beşi göstərirdi. İçəridəkilər sanki ayrılığın rəmzi olan saatın hər dəqiqəsindən qocalırdılar. Miss Teylor başını ağır-ağır qaldırıb saata baxdı. Qələmini kənara qoyub astaca:
– Bob, – deyə çağırdı.
Sanki nə olacağını öncədən hiss etmiş kimi oğlan ürkək-ükək baxdı. Bayaqdan bəri tək kəlmə də etməmişdilər.
– Yaxın gəl, xahiş edirəm, – Enn sakitcə dedi.
Bob süngəri lövhənin kənarına qoyub yaxınlaşdı.
– Otur.
Bir an göz-gözə baxışdılar. Nəhayət, Bob davam gətirməyib göz qapaqlarını endirdi.
– Yəqin, nə barədə danışacağımı təxmin edirsən.
– Bəli.
– Bəlkə… birinci sən başlayasan…
– Yox… sözünüzü deyin.
– Neçə yaşındasan, Bob?
– On dörd.
– Bəs mənim neçə yaşım var, bilirsən?
– İyirmi dörd. Amma on ildən sonra mənim də iyirmi dörd yaşım olacaq!
– Hə, amma təəssüf ki, indi on dörd yaşındasan.
– Bəzən mən özümü həqiqətən də iyirmi dörd yaşında hiss edirəm.
– Ola bilər, amma gəl həqiqətdən uzaqlaşmayaq. Ən əsası biz aramızda nə baş verdiyini anlayırıq. Ancaq bunları danışıb yoluna qoymalıyıq.
– Düzdür…
– Hər şeydən əvvəl etiraf edək ki, biz bu dünyada ən yaxşı, ən əziz dostlarıq. Mən şəxsən etiraf edirəm ki, hələ indiyədək sənin kimi şagirdim olmayıb və heç bir oğlana sənə qarşı olduğu kimi yaxşı münasibət göstərməmişəm.
Müəllimənin bu etirafından Bob qızarıb başını aşağı saldı. O isə sözünə davam edirdi:
– İcazə ver, sənin də ürəyindən keçənləri deyim: məncə sən düşünürsən ki, ömründə belə gözəl müəlliməyə rast gəlməmisən.
– Hətta bundan da artıq…
– Bəlkə də… Amma biz həqiqətin gözlərinə baxmalıyıq. Bu həyatda cəmiyyətin nəyi qəbul edib-etmədiyini unutmamalıyıq. Ətrafımızdakı insanları da nəzərə almalıyıq. Mən bizim barədə çox düşünmüşəm. Elə bilmə ki, nəyi isə gözdən qaçırmışam və öz hisslərimlə bağlı çox götür-qoy etmişəm. Kənardan həqiqətən də bizim dostluğumuz qəribə görünür. Amma sən ağıllı oğlansan, Bob, fərqlisən. Hər halda mən özümü də yaxşı tanıyıram və bilirəm ki, sağlam ruhlu, məntiqli düşünən bir insanam. Səninlə də məhz yaxşı oğlan olduğun üçün, təmiz hisslərinə inandığım üçün dostluq etmişəm. Amma bizim cəmiyyətdə belə şeyləri anlamazlar, Bob. Xüsusən də, səndən çox məni qınayacaqlar. Fikrimi aydın izah edə bilirəmmi?
– Hər şey aydındır, – Bob dedi. – Təbii ki, on il böyük və indikindən otuz santimetr daha hündür olsaydım hər şey başqa cür alınardı. Amma yenə də öz fikrimdə qalıram: məncə insanı yaşına və boyuna görə mühakimə etməzlər.
– Mən digər insanların da nə deyəcəyini nəzərə almalıyam.
– Mən “digər insanlar” deyiləm…
– Başa düşürəm, sən bunu qəbul etmək istəmirsən. Sən özünü yetərincə böyümüş və haqlı hesab edirsən. Sən qəlbində hiss etdiklərindən utanmamalısan, Bob! Sən təmiz və həqiqi duyğular yaşamısan, elə mən də…
– Orası elədir…
– Bəlkə də zaman gələcək, insanlar o qədər məntiqli və ədalətli olacaqlar ki, adama baxan kimi onun bioloji deyil, ruhi yaşını təyin edə biləcəklər. “Bax, filankəsin on dörd yaşı olsa da, ruhən yetkin kişidir” – deyə biləcəklər. Ancaq o zamana hələ var, indiki insanlar başqa cür düşünürlər və nə qədər ki, cəmiyyət tarazlığı sevir, biz də onlarla hesablaşmalıyıq, Bob.
– Bütün bunlar heç xoşuma gəlmir.
– Guya mənim xoşuma gəlir? Məgər sən istəyirsən ki, biz ikimiz də bədbəxt olaq? Əgər öz bildiyimizi etsək, bədbəxtlik yaxamızdan əl çəkməyəcək. İnan, bizim birlikdə gələcəyimiz yoxdur… Hətta hər hansı bir münasibətimizdən belə danışmaq yersizdir…
– Anlayıram…
– Ən azından biz bir-birimizi başa düşürük. Bilirik ki, dürüst olmuşuq. Özümüzü ləyaqətli aparmışıq. Qəlbimizdə yalnız təmiz hisslərə yer vermişik.
– Əlbəttə, amma mən bilmirəm o hisslərin öhdəsindən necə gəlim?!
– İndi nə edəcəyimizi düşünməliyik, – Enn davam elədi. – Hələlik hisslərimiz barədə yalnız özümüz bilirik. Tezliklə başqaları da xəbər tutacaq. Mən gərək başqa məktəbə keçim…
– Yox!
– Onda sən məktəbi dəyişməli olacaqsan…
– Buna ehtiyac yoxdur.
– Niyə?
– Biz onsuz da köçəcəyik. Medisonda yaşamağı planlaşdırırıq. Gələn həftə köçürük.
– Elə bu məsələyə görə?
– Yox, narahat olmayın, sadəcə, atam o şəhərə təyinat alıb. Burdan Medisona əlli mil məsafə var. Bu şəhərə gələsi olsam, sizinlə görüşə bilərəmmi?
– Məncə, bunu etməsən yaxşıdır.
– Bəlkə də…
Bir müddət danışmadılar. Birgə sükunətdən, bəlkə də son görüşdən sakitcə həzz aldılar.
– Bunu nə vaxt hiss etdiniz? – Bob acizanə şəkildə soruşdu.
– Bilmirəm, – Enn çiynini çəkib cavab verdi. – Heç kəs nə vaxt aşiq olduğunu bilmir. İnsanlar bir-birini ya sevir, ya da sevmirlər. Sevgi isə adətən, kimlər bir-birini sevə bilməz, kimlərə ki, bu yasaqdır, birinci elə onların qəlbinə girər. Özüm özümü anlaya bilmirəm. Yəqin elə sən də…
– Düzdür… – Bob ani sükutdan sonra dedi. – Mən gedim evə.
– Mənə acığın tutmur ki?
– Yox, nə danışırsınız. Heç sizə acıqlana bilərəm?!
– Daha bir şey deyim. Yadında saxla: nə olursa, yaxşılığa doğru olur. Bəlkə də indi bizim üçün ağırdır. Amma bir gün sevinc özü qapımızı döyəcək və onda “nə yaxşı ki, belə alındı” deyəcəyik. İnanırsan?
– Kaş ki, dediyiniz kimi olaydı!
– İnan, mütləq belə olacaq!
– Ancaq əgər…
– Əgər nə?
– Əgər məni gözləsəydiniz…
– On il?
– O zaman iyirmi dörd yaşım olacaq!
– Mənimsə otuz dörd… Yəqin ki, artıq indiki kimi də görünməyəcəm. Yox, Bob, bu mümkün deyil!
– Siz istərdinizmi mümkün olsun?
– Hə, – Enn sakitcə dedi. – Bəlkə də bu axmaqlıqdır, amma istərdim… Ancaq yenə də dediyimin üstündə dururam. Mümkün olmayacağına da əminəm.
Bob susdu, onu qəhər boğurdu. Handan-hana özünü ələ alıb:
– Mən sizi heç vaxt unutmayacam! – dedi.
– Unudacaqsan! Həyat özü bunu tələb edəcək.
– Yox, heç vaxt! Bəlkə özümü unudaram, amma sizi yox!
Miss Teylor bir söz demədən ayağa qalxdı. Əlinə əsgi parçası alıb yaş lövhəni qurulamağa başladı.
– Verin kömək edim, – Bob irəli atıldı.
– Yox, Bob, lazım deyil, – Enn dedi. – Get evə. Bir də dərsdən sonra lövhəni yumağa gəlmə! Mən bu işi Elen Stivensə tapşıracam.
Bob sinif otağından çıxdı. Məktəbin həyətində yenidən otağa boylandı. Pəncərədən üzü lövhəyə dayanmış müəllimənin aşağı-yuxarı hərəkət edən zərif əllərini gördü.
Növbəti həftə Bob ailəsi ilə birlikdə köçdü və on altı il o şəhərə gəlmədi. Cəmi əlli mil aralı yaşasa da bu müddət ərzində bir dəfə də Qrintauna baş çəkmədi. Ancaq bahar günlərinin birində, otuz yaşındaykən arvadı ilə birlikdə Çikaqoya gedəndə yolüstü birgünlük Qrintaunda dayandı. Arvadını mehmanxanada qoyub şəhəri gəzməyə çıxdı. Əslində Enn Teyloru soraqlamaq istəyirdi. Əvvəlcə heç kəs bu adı xatırlamadı, amma sonra kimsə dedi:
– Hə, yadıma düşdü, o qəşəng müəlliməni deyirsən. O, sənin gedişindən iki il sonra öldü.
Qolları sustaldı. Günortadan sonra qəbiristanlığa gəlib Enn Teylorun məzarını axtarıb tapdı. Başdaşının üzərindəki doğum-ölüm tarixini oxudu: “1910-1936”. İyirmi altı yaş… “Görürsünüzmü miss Teylor, yaşımın azlığına görə məni qəbul etmədiniz. İndi isə mən sizdən dörd yaş böyüyəm!”
Elə o günü qrintaunlular Bob Spoldinqin arvadının onu palıd ağaclarının altında necə qarşıladığını gördülər. Hər kəs dönüb bu qəşəng qadının arxasınca baxırdı: qadın irəlilədikcə qarağac və palıd ağaclarının yaşıl tağlarının kölgəsinə qarışmış xəyalı bütün baxışları öz üzərinə cəmləyirdi. O, yayın əsl təcəssümü idi – tər şaftalının ecazkar rəngini, erkən iyun rüzgarının xəfif titrəyişini və… kimisə xatırladırdı. Hamı düşünürdü ki, yüngül mehdən yarpaqlar titrərkən təbiətin bəzi nadir məqamlarının tarazlandığı gözəl günləri təqvimdə Bob Spoldinqin arvadının adı ilə çağırmaq lazımdır…
İngilis dilindən tərcümə edən: Şəfiqə ŞƏFA

Комментарии
Отправить комментарий