Orta statistik Azərbaycan vətəndaşı yaşamaq istəmir...”
İntihar bütün səmavi dinlər baxımdan bağışlanmaz günah, psixoloqlara görə insanların şüurlu şəkildə özünə qəsd etməsidir. Son zamanlar "intihar" sözünü tez-tez eşidirik. Bu baxımdan təkrar həmin mövzuya qayıtmağa ehtiyac hiss etdik. Psixoloqlar o qənaətdədir ki, insanlara hər hansı bir bədbəxtlik üz verdikdə, onlar əqli zəiflik edib intihar yoluna əl atırlar.
Hər il təxminən 60 milyon insan intihara cəhd edir
Dünya Psixiatriya Assosiasiyası XXI əsri "depressiya və intiharlar əsri" adlandırıb. 2020-ci ildə intiharların sayının 500 minə qədər artacağını proqnozlaşdırıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son illər apardığı tədqiqatların nəticəsinə görə, hər il təxminən 60 milyon insan intihara cəhd edir. İntihar nəticəsində hər il bir milyon insan həyatını itirir. Onların 63 faizini kişilər, 37 faizini isə qadınlar təşkil edir.
İntihar edənlərin təxminən bir faizi isə Azərbaycanın payına düşür. Assosiasiyanın məlumatında o da vurğulanır ki, postsovet ölkələri intiharlar üzrə ilk sıralardadır. Litvada hər yüz min nəfərdən 42-si, Rusiyada 36-sı, Qazaxıstanda 30-u, Macarıstanda 26-sı, Latviya və Sloveniyada 26-sı, Ukraynada isə 25-i intihar edərək həyatlarına son verir.
Ümumdünya Səhiyyə Təşkilatının statistikasında Azərbaycanın yeri
Təşkilatın göstəricisinə görə, Azərbaycan intihar hallarının az olduğu ölkələr qrupuna aiddir. 2008-ci ildə 138, 2009-cu ildə 165, 2010-cu ildə 289, 2011-ci ildə 414, 2012-ci ildə isə 482 nəfər intihar edib. Statistik göstəricidən isə görünür ki, Azərbaycanda intihar halları hər il artır.
Ancaq son günlər artan intiharlar səhiyyə təşkilatının göstəricilərinin əksinədir. Elə təkcə 2014-cü ili götürək: Yanvarın 5-də bir nəfər "Koroğlu" stansiyasının yaxınlığındakı körpüdən atladı. Elə həmin gün Şamaxıda azyaşlı qız özünü asdı. 12 yaşlı Pərvanə Səlimova tövlədə özünü asdı. Yanvarın 7-də 15 yaşlı Heybət Bağırovun asılmış meyiti yataq otağında tapıldı. O da özünü asmışdı. Yanvarın 9-da gənc ər və arvad sirkə turşusu içərək intihar etdi. Tərtər rayon sakinləri, 1983-cü il təvəllüdlü Turan Həsənov və həyat yoldaşı 1986-cı il təvəllüdlü Gülnar Həsənova zəhərlənmə diaqnozu ilə Bərdə rayon Mərkəzi xəstəxanasına çatdırıldı. Məlum oldu ki, onlar evlərində sirkə turşusu içərək özlərini zəhərləyiblər.
Yanvarın 11-də Azərbaycan Ordusu daha bir əsgərini itirdi. Yenə intihar. Hadisə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 1992-ci il təvəllüdlü Məzahir Abdullayev intihar etmişdi. Yanvarın 14-də Azərbaycan Universitetinin tələbəsi, 2-ci kursdan sonra əsgər gedən Məzahir Abdullayev də əsgərlikdə özünü asıb.
Daha sonra LGBT üzvü İsa Şahmarlının özünü öldürməsi, ana və qızın yüksək mərtəbəli binadan özünü atması, azyaşlı qızın qatarın altına atlaması, rayonlarda baş verən intiharlar və s. bütün bunların hamısı intihar hallarının artmasına sübutdur.
Psixoloqlar deyirlər ki, intihar insanların özlərini cəzalandırma mexanizmi deyil, problemlərdən qaçış yoludur. İntihar edən insanların əsas məqsədi özünü öldürmək yox, mövcud problemindən qaçmaqdır. İnsanların ciddi sosial - psixoloji problemlərinin mövcudluğu onları intihara sürükləyir. Bu isə həmin cəmiyyətin məhvə doğru getməsinin göstəricisidir.
Psixoloq Azad İsizadəyə görə, Cənub - Şərq ölkələrində intiharların sayı Qərb- Şimal ölkələrində olan intiharların sayından daha azdır: "Son illərdə Azərbaycanda intiharların sayında bir balaca artım var. Ancaq bu göstərici dünya statistikasının göstəricisindən daha azdır".
Psixoloqun fikrincə, intiharların sayının az olması onunla bağlı profilaktik tədbirlərin görülməməsi gərəkdiyini göstərmir. Azad İsizadə bildirir ki, artıma uyğun olaraq müəyyən tədbirlər görülməli, araşdırmalar aparılmalıdır: "Təəssüf ki, bizdə profilaktik işlərlə məşğul olan vahid qurum yoxdur. Kim necə bacarırsa, elə profilaktik tədbir görür. Sözsüz, intihar mövzusunda ilk gərəkən addım onun səbəbini araşdırmaqdır. Risk qrupunda ilk yeniyetmələr gəlir, daha sonra isə 60-70 yaş qrupu. Amma yeniyetmələr arasında özünəqəsdin "cavanlaşması" qeyd olunur. Buna görə də psixoloqlar, həkimlər, psxiatrlar intiharla bağlı araşdırmalar, profilaktik tədbirlər aparmalıdır".
İntiharların statistikası aparılmır?
Azad İsizadə intiharların səbəblərinin müxtəlif olduğunu söyləyir: "Çünki özünə qəsd edən şəxslərdə region, yaş, cins fərqi var. Azərbaycanda isə intiharın statistikası aparılmadığından, obyektiv statistik göstərici və risk qruplarında üstünlük təşkil edən əsas səbəblər tam məlum deyil. Sovet dönəmində intiharın araşdırılması üçün xüsusi mərkəz var idi. İndi belə bir mərkəz yoxdur. Yalnız polis öz vəzifəsi çərçivəsində intiharın araşdırması ilə məşğul olur. Lakin nə Səhiyyə Nazirliyi, nə İdman və Gənclər Nazirliyi, nə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi belə bir mərkəzin açılmasını öz üzərinə götürür".
Keçmiş Qarabağ döyüşçülərinin intiharı
2013-cü il dekabrın 25-də II qrup Qarabağ əlili Zaur Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qarşısında özünü yandıraraq intihar etdi. O, dekabrın 28-də xəstəxanada dünyasını dəyişdi. Zaur Həsənov iddia edirdi ki, millət vəkili Səttar Mehbalıyev tərəfindən obyekti əlindən alınıb, bu səbəbdən də etiraz olaraq özünü yandırıb.
Yanvarın 27-də Yevlax şəhər sakini Nizami Kərimov Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin qarşısında özünü yandırdı. Bacısı Rəbiyyə Kərimova qardaşının intihara əl atmasının səbəbini kasıbçılıqda gördü: "Nizami kasıb adamdır. Üç övlad atasıdır. Sosial Müdafiə Mərkəzinə müavinət üçün müraciət etmişdi. Ordan ona deyiblər ki, "müavinətin ilk altı ayının pulu bizə çatacaq, sonra isə sən almağa başlayacaqsan". Nizami isə onlara deyib ki, yox, mənə təcili olaraq pul lazımdır. Xeyri olmayıb. Buna görə də o əsəbiləşib və özünü yandırıb".
Yanvarın 28-də isə Bərdə rayonu, Alpout kənd sakini, 2-ci qrup Qarabağ əlili Maarif Vəliyev icra hakimiyyətinin binası önündə özünü yandırdı. Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov Azadlıq Radiosuna onun evinin olmadığı üçün özünü yandırdığını söylədi: "Bərdə sakini olsa da, evi olmadığından ailəsi ilə Tərtərdə yaşayır. Dəfələrlə Bərdə rayon İcra Hakimiyyətinə gedib ona 3-5 sot torpaq sahəsi verilməsini istəyib. Onlar da verməyiblər, get-gələ salıblar. Axırda o da üstünə benzin tökərək özünü yandırıb".
Sonda isə avqustun 21-i səhər saatlarında Fəqan Nəsibov adlı iş adamının "Koroğlu" metrostansiyasının yaxınlığındakı körpüdən özünü atmaq istəməsi... F.Nəsibov da Qarabağ veteranıdır və bundan öncə də intihara əl atıb. O, daha öncə özünü Prezident Administrasiyasının (PA) qəbul otağının qarşısında yandırmağa cəhd etmişdi. Həmin gün jurnalistlərə açıqlamasında bildirmişdi ki, onu özünəqəsdə vadar edən səbəb məmur özbaşınalığıdır. F.Nəsibov üzərinə benzini töküb özünü yandırmaq istədikdə, Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən hadisənin qarşısı alınmışdı.
F.Nəsibov sonradan bizimyol.info-ya intihar səbəbini də açıqladı. Onun sözlərinə görə, Mingəçevirin keçmiş icra başçısı, hazırda Zərdab rayonunun icra başçısı vəzifəsində işləyən Lütfəli Babayev tərəfindən aldadılıb: "Lütfəli Babayev Mingəçevirin icra başçısı olarkən məni aldadaraq 65 min dollar pulunu mənimsəyib. Həmin vaxt Mingəçevirdə trolleybus ləğv edilmişdi. Lütfəli Babayev trolleybus xətlərini satışa çıxarmışdı. Müştəri kimi icra başçısı ilə onun kabinetində görüşdüm. O, ümumilikdə 80-85 ton olan xətlərin bir tonunu 2000 dollara mənə satacağına razılıq verdi. Bildirdi ki, 3 günə qədər bütün sənədlər hazır olacaq və mən gedib malı ala biləcəyəm. Hələ 30 min dollar beh də verdim. Lakin bununla kifayətlənməyən icra başçısı müxtəlif bəhanələrlə məndən daha 35 min dollar pul aldı. Üstündən bir neçə ay keçdi. Ancaq Lütfəli Babayevdən səs-soraq gəlmədi. Ona görə mən yenidən icra başçısının qəbuluna getdim. Lakin icra başçısı müxtəlif bəhanələrlə məni qəbul etmədi. Və mən aldandığımı anladım".
F. Nəsibov icra başçısına verdiyi 65 min dolları illərdir ala bilmir. Deyir bir neçə ildir bu məsələ ilə bağlı ölkə başçısına, hüquq-mühafizə orqanlarına şikayətlər edib: "Müraciət etmədiyim məmur, getmədiyim idarə qalmayıb. Ancaq heç bir nəticəsi olmayıb. Son çarəm qalıb, o da intihar etməkdir. Və bildirmək istəyirəm ki, artıq heç bir məmura inamım qalmayıb. Qənirə Paşayevadan başqa".
"Bunu sosial partlayış, sosial etiraz kimi qəbul etmək olar"
Psixoloq Azad İsizadənin sözlərinə görə, sözsüz ki, bu intiharlarda həm psixoloji, həm də sosial problemlər rol oynayır. Məsələyə Respublikanın sosial-psixoloji durumu aspektindən baxsaq, sözsüz ki, bu, böyük bir sosial problemdir: "Faktiki olaraq bu il intiharların sayı artıb. İstər əsgər, istər təqaüdçü, istər Qarabağ əlili, istər gənclər, istərsə də uşaqlar. Bu, real və böyük bir problemdir. Bu problemlə məşğul olmaq lazımdır. Təəssüf ki, biz bu gün bu problemlərlə məşğul olunduğunu görmürük. Qarabağ qazisinə ölümündən sonra 100 min manat kompensasiya verilir. Halbuki, o kompensasiya vaxtında verilsəydi, nə qazi özünü yandırardı, nə də bu qədər qalmaqal olardı. Bundan əlavə, özünü yandırmaq nümayişkəranə sui-qəsd formasıdır. İnsanı o dərəcəyə çatdırırlar ki, cəmiyyətə qışqırır, etiraz edir. "Baxın, görün mən necə əziyyət çəkirəm ki, özümü yandırmağa, yanğının ağrısına dözməyə hazıram", - deyir. İntiharların bu qədər artması sosial partlayışdır. Deməkdir ki, orta statistik Azərbaycan vətəndaşı yaşamaq istəmir... İntihar edir, tərk edir bu dünyanı, dözə bilmir. Bunu sosial partlayış, sosial etiraz kimi qəbul etmək olar".
Ən pisi də odur ki, bütün bu intihar olaylarında Kütləvi İnformasiya Vasitələrinin də rolu var. Harada mətbuat intihar faktları barədə ard-arda materiallar yayırsa, orada intiharların sayı da həndəsi silsilə üzrə artmağa başlayır. Bunun izahını Kaliforniya universitetlərindən birinin sosioloqu Devid Filips verib. O, 1947-1962-ci illər ərzində ABŞ-ın ayrı-ayrı ştatlarında baş verən intiharları, həmin ştatın KİV-lərində intiharlar barədə dərc olunan materiallarla əlaqələndirib. Yəni intihar halının epidemiya şəkli alıb yayılmasında mətbuatın rolu var. Özü də mətbuatda hansı formalı intihar xüsusi qeyd olunursa, növbəti intiharçılar da özlərini məhz həmin qaydada öldürürlər. Özünə inamı olmayan, mütəəssir insanlara "qrup təzyiqi" (yəni KİV) təsir edir.
Gülər
Комментарии
Отправить комментарий