İntihar nədir? İntihar psixologiyası.

Analiz

İntihar nədir? İntiharın psixologiyası

2014-02-11 - 16:19:00
Şükran Dədəyev
Psixoloq, psixoterapevt

İntihar nədir? İnsan özünü niyə öldürür? İntihara qarşı necə mübarizə aparmalı? Bu suallar bütün dünyada müasir psixoterapiyanın və tibbi psixologiyanın ən aktual problemləridir. Əsas problem odur ki, intihar sərhəd, millət, dövlət və siyasi ideologiya tanımır. Ən kasıb ölkələr də, ən imkanlı dövlətlər də bu bəladan əziyyət çəkir. İstər sosial, istərsə də siyasi cəhətdən az qala heç bir problemi olmayan İsveçrə intihar statistikasına başçılıq edir. Buradan “intihar nədir”, “intiharı yaradan səbəblər hansılardır” kimi suallara cavab tapmağın necə çətin olduğu bir daha aydınlaşır.
İntihar psixoloji problemdir, psixi xəstəlikdir və yaxud psixi xəstəlik halıdır
Tibb elmində, psixoterapiyada “intihar nədir” sualının birmənalı cavabı yoxdur. Amma illərlə yığılan təcrübə və intihar probleminin elmi-tibbi təhlili müəyyən məntiqi nəticələrə gəlməyə imkan verir. Məlum olur ki, intihar özünü öldürməyi nəzərdə tutan psixi xəstəlikdir və yaxud müəyyən şəraitlə bağlı olaraq yaranan psixi xəstəlik halıdır. Yaranma və həyata keçirilmə xüsusiyyətlərinə görə intihar yalnız və yalnız psixi xəstəlik halı kimi qəbul edilə bilər.
Niyə intihar yalnız psixi xəstəlik və yaxud psixi xəstəlik halı kimi qəbul olunmalıdır?
Birincisi, insanın mövcud olmaq, yaşamaq və yaşamaq uğrunda mübarizə aparmaq xüsusiyyətləri köklü instinktiv xüsusiyyətlərdir. Bu, normal insan sağlamlığını və həyat tərzini şərtləndirən əsas genetik xüsusiyyətlər sayılır. Bu cür “mövcud olmaq” və “yaşamaq” xüsusiyyətlərinə qarşı insanın özünün mübarizə aparması isə normal, sağlam hal deyil. Bu cür vəziyyət, məhz psixi xəstəlik və şəraitlə bağlı ani formada yaranan psixi xəstəlik halı kimi qiymətləndirilə bilər. Yəni intihar mövcudluq xüsusiyyətlərinə görə psixi xəstəlik və yaxud şəraitə uyğun yaranan psixi xəstəlik halıdır. Sağlam psixikaya, orqanizmə və şəxsiyyətə malik insan özünə qəsd edə bilməz, özünü qəddarcasına öldürə bilməz.
İkincisi, intiharların real səbəbini tapmağın və müalicəsini müəyyənləşdirməyin çətin, əksər halda mümkünsüz olması baxımından məhz psixi xəstəliklərə bənzəyir. İntihara cəhd edən şəxsin özü də intihar etmək istəyinin real səbəblərini tapa bilmir və bu zaman çıxış yolu kimi müxtəlif səbəblər söyləyə bilir. Məsələn, sosial problemləri olduğunu səbəb kimi göstərə bilər. Bu isə insanın mövcud olmaq və yaşamaq uğrunda mübarizə kimi instinktiv xüsusiyyətlərini nəzərə aldıqda real səbəb sayıla bilməz. Əks halda, kasıb dövlətlərdə yaşayan insanların yarısından çoxu dözməyib intihar edərdi. Amma qeyd etdiyimiz kimi, intihar edənlərin sayına görə İsveçrə kimi ölkə birinci yerdədir.
Üçüncüsü, intihar edən şəxslərin 90 faizi məhz uzun müddət psixi problemlərdən əziyyət çəkən şəxslər olur. Onların intihara meyl etmələri sonda öz kulminasiya nöqtəsinə çatır. Bu şəxslər həm də qapalı, həssas və əsəbi olurlar. Şübhəsiz, onların arasında əsəb sistemində ciddi problemlər olan şəxslər də çox olur.
İntihar irsi-genetik əsaslara malik psixi problemdir, psixi xəstəlik halıdır. Müşahidələr təsdiq edir ki, intihar edən şəxslərin ailələrində və keçmiş nəsillərində bu problemə həmişə həssaslıq olub. İntihar edən şəxslərin təxminən 70 faizi bu problemdən əziyyət çəkən nəslin nümayəndələri olur və yaxud psixoloji cəhətdən həssas olan nəslə mənsub olurlar.
Deməli, intihar ilk növbədə özünə qəsdlə bağlı olan psixoloji problemdir. Onu yaradan səbəbləri müəyyənləşdirib təhlil etmək üçün intihar problemi psixoloji cəhətdən hökmən öyrənilməlidir. Yəni intihar problemini öyrənmək və onun müalicəsini təşkil etmək ilk növbədə psixoterapevtlərin (psixoloqların və psixiatrların) üzərinə düşür.
İntiharın yaranma prosesi
İntihar hadisələrinin səbəblərini təhlil edən mütəxəssislər, xüsusilə də psixoterapevtlər (psixoloqlar və psixiatrlar) müəyyən səhlənkarlığa yol verirlər. Məsələn, intihar hadisələrini təhlil edərkən onu sosial problemlərlə, yaşanmış faciə ilə, ailə problemləri ilə birbaşa əlaqələndirirlər və bu zaman əlavə psixoloji təhlil, şərh vermirlər. Bu cür psixoloji diaqnoz intihar hadisələrinin təhlili üçün düzgün professional yanaşma sayıla bilməz. Yuxarıda qeyd etdiyimiz kimi, intihar insanın mövcud olmaq və yaşamaq uğrunda mübarizə kimi instinktiv xüsusiyyətləri ilə ziddiyyət təşkil edir. İntiharın əsas səbəbləri kimi sadalanan problemlər isə insanın mövcud olmaq və yaşamaq uğrunda mübarizə xüsusiyyətlərini yox edə bilməz. Çünki insanın mövcud olmaq və yaşamaq uğrunda mübarizə kimi instinktiv xüsusiyyətləri psixoloji, bioloji və neyroloji əsaslara malikdir. İntiharın “səbəbləri” kimi sadalananlar isə hər kəsin üzləşdiyi gündəlik problemlərdir.
Əslində vəziyyət belədir ki, bu “səbəb”lər (sosial problemlər, ailə problemləri, yaşanmış faciə və sairə) özünü öldürməklə bağlı psixoloji problemlər yaradır, bu psixoloji problemlər psixi xəstəlik və yaxud dramatik vəziyyətə uyğun psixi xəstəlik halı yaradır, psixi xəstəlik və psixi xəstəlik halı isə intiharı yaratmış olur (aşağıdakı sxemə bax). Deməli, intiharı yaradan əsas səbəb bu adi hadisələri qəbul edə bilməyən zəif, problemli əsəb sistemi və xəstələnməkdə olan psixikadır. Bu vəziyyət isə müəyyən müddət ərzində yaranan psixoloji problemlərdən formalaşır. İntiharın yaranma prosesini sadə şəkildə aşağıdakı kimi təsəvvür etmək olar:
Psixoloji problemlər  Psixi xəstəlik və yaxud psixi xəstəlik halı  İntihar
Hər hansı formada baş vermiş intihar kobud psixi xəstəlik halı kimi qəbul olunmalıdır. İntiharı yalnız normal fəaliyyət göstərməyən xəstə psixika yarada bilər. Psixi xəstəliklərin mövcudluq xüsusiyyətləri təsdiq edir ki, bu hal hər an baş verə bilər, yəni hər hansı bir şəxs yaranmış şəraitlə bağlı problemli psixoloji halı qazanıb özünə qəsd edə bilər. Yalnız möhkəm iradəyə və yüksək səviyyəli şəxsiyyət xüsusiyyətlərinə malik insanlar intihar haqqında düşünmürlər.
İntihar hadisələrinin düzgün olmayan təhlili adi insanlarda, xüsusilə uşaqlarda, yeniyetmələrdə səhv fikirlər yaradır. Məsələn, televiziyada intiharın yalnız şərhini eşidən uşaq fikirləşir ki, onların ailəsində də yaşayış şəraiti yaxşı deyil, sosial problemlər var və yaxud ata-anası arasında tez-tez münaqişə olur, deməli, intihar onların da ailəsində ola bilər. Bu da onu narahat etməyə başlayır. Uşaqlar, yeniyetmələr əksər halda bu narahatlıqlar haqqında heç kəsə məlumat verməsələr də, bu hal onları psixoloji cəhətdən sarsıdır. Ümumiyyətlə, psixoloji diaqnoz və təhlil çox ciddi mütəxəssis səviyyəsi tələb edir, çünki psixoloji problemlər hər kəsi maraqlandıran və narahat edən həssas məsələlərdir.
İntiharın növləri
İntiharlar arasında yaranma xüsusiyyətlərinə görə müəyyən fərqlər var. Tarix boyu bu hadisənin təhlili bizi müxtəlif növ intihar halları ilə üz-üzə qoyur. Amma ən çox baş verən intiharları təsnif etmək mümkünüdür. Müşahidələr göstərir ki, intihar halları ən çox aşağıdakı növlərdə həyata keçirilir. Bir daha nəzərinizə çatdırırıq ki, hər hansı halda baş verən intihar müxtəlif səbəblərdən yaranan psixoloji problemlərin formalaşdırdığı psixi xəstəlikdir və yaxud psixi xəstəlik halıdır. Sadəcə olaraq, intiharın psixoloji problem, psixoloji xəstəlik və yaxud psixoloji xəstəlik halı kimi yaranma vaxtında müxtəlif fərqlər ola bilər. Bir intihar hadisəsi tez, digəri isə uzun vaxt ərzində formalaşa bilər.    
Sönük intihar. Bunlar ən çox yayılan intihar növüdür. Şəxs heç kəsə xəbər vermədən özünə qəsd edir. Bu tipli intihar halları müxtəlif formalarda həyata keçirilir. Səbəblər isə anlaşılmaz və gizli olur. Çox nadir hallarda “kağız” yazıb qoyurlar. Bu tipli intiharı seçən insanların fikirləri çox ciddi olur və onlar əksər halda intihara nail olurlar.
Dramatik intihar. Bu növ intihar da çox populyardır. Son dövrlər daha da artıb. Şəxs özünə qəsd edəcəyi haqda müxtəlif məlumatlar verir. İndi də sosial şəbəkələr onlara bu işdə kömək edirlər. Səbəblər isə bəzən anlaşılmaz, bəzən isə dramatik olur. Bu zaman onların əksəriyyəti “kağız” yazıb qoyurlar. Bu tipli intihar halları da müxtəlif formalarda həyata keçirilir. Məhəbbətlə bağlı baş verən intiharlar da bu növə daxilidir. Bəzən bir-birini sevən iki gənc də müxtəlif səbəblərdən bu cür intihara gedir.
Demonstrativ intihar. Bu növ intiharlar xüsusi və nümayişkaranə formalarda həyata keçirilir. Səbəbləri əksər halda bəlli olmur. Şəxs öz intihar niyyəti haqqında da kimlərəsə məlumat vermir. “Kağız” yazmırlar. İntihar etmək üçün xüsusi yerlər, binalar seçirlər. Təcrübə göstərir ki, belə intihar cəhdlərinin qarşısını almaq mümkündür. Psixoloji təhlil həm də onu deməyə imkan verir ki, bu cür intiharı seçən şəxslər özünə qəsd etmək məsələsində o qədər də qəti mövqedə olmurlar, əslində intihar etmək istəmirlər. Amma əlacsız qalıb bu cür səs-küylü intihar yolunu seçirlər. Elə bil gözləyirlər ki, bəlkə bu hadisədən sonra onlara kömək edən oldu. Doğrudan da, bu növ intiharların əksəriyyəti sonda müsbət nəticəli olur və məlum şəxslər xilas edilir.
Tragik intihar. Faciəvi hadisələr baş verən zaman reallaşır. Hansısa qəfil və yaxud gözlənilən şəxsi faciələr zamanı insan özünü sakitləşdirə və idarə edə bilmir. Əsəb sistemi öz gərgin son həddinə çatır. Ani psixoloji problemlər idarə olunmayan affekt halı yaradır. Nəticədə şəxs bu faciəyə psixoloji cəhətdən dözə bilməyərək “canını intiharla qurtarmaq” istəyir. Təcrübə sübut edir ki, bu cür faciəli anlarda məlum şəxsi müəyyən vaxt çərçivəsində intihardan qorumaq lazımdır. Vaxt keçdikcə bu şəxsin psixikası yaranmış faciə ilə “razılaşmağa” başlayacaq və psixoloji gərginlik azalacaq.  
Ani cismani intihar. Bu tipli intiharlar adətən əsəb sistemində problem olan, amma cəmiyyət içində yaşayan insanlar arasında baş verir. Onların əksəriyyəti müxtəlif vaxtlarda əsəb sistemi xəstəliklərindən müalicə alırlar, ancaq sağlam insanlar kimi yaşayırlar. Kiçik və yaxud ciddi bir mübahisədən sonra həmin şəxs özünə intihar edə bilər. Əksər halda bu cür intiharlar qəddarcasına həyata keçirilir, məsələn, özünü bıçaqla kəsib-doğrayır, pəncərədən atılır, elektrik cərəyanı ilə özünü öldürür və sair. Bu tipə intihar edən psixi xəstələri də aid etmək olar. Lakin ağır psixi xəstələr öz şəxsiyyətlərini idarə edə bilmədiklərinə görə onların özlərini öldürməsi bizim qəbul etdiyimiz “intihar” sayıla bilməz. Ağır psixi xəstələrin intiharı islam dinində də “intihar” kimi qəbul olunmur. İslama görə, əqli cəhətdən özünü və şəxsiyyətlərini idarə edə bilməyənlərin bu dünyada günahları olmur.
Siyasi və sosial əsaslı intiharlar. Adından göründüyü kimi, bu tipli intiharların siyasi və sosial əsasları olur. Məsələn, siyasi ideologiya, sosial ədalətsizlik, siyasi idarəetmə sistemi, məmur özbaşınalığı, dini azadlıq, vicdan azadlığı və sairə. Əslində bu növ intiharlar dünyada həmişə baş verib, amma son illərdə artmaqdadır. Bu tipli intiharlar hər kəsi narahat edə bildiyi üçün onlara ətraflı şəkildə yanaşacağıq. Xüsusilə də siyasi və sosial əsaslı intiharlar arasında nəzəri cəlb edən iki intihar tipi ilə ətraflı tanış olacağıq.
Birincisi, siyasi mahiyyət daşıyan kütləvi intihardır. Məsələn, ərəb ölkələrində baş verən inqilablar zamanı müşahidə olunanlar insanların kütləvi intiharına bənzəyir. Küçələrə çıxan 10 insan öldürülür, amma sabahı gün daha çox insan küçələrə axışır. Yenə onlarla insan öldürülür, amma yenə insanlar kütləvi şəkildə küçələrə axışmağa başlayır. Yəni insanlar qorxub geri çəkilməyərək düşünülmüş ölümü - siyasi mahiyyətli intiharı seçirlər. Şübhəsiz, bu problemin sırf psixoloji əsasları var və bu, intiharın bir növü sayıla bilər. Yəni insanlar yaranmış siyasi-sosial vəziyyətlə heç cür razılaşa, barışa bilmirlər - güzəştlər olsa belə. Bu hal elə bir psixoloji səviyyəyə çatır ki, insanlar intiharı yaşadıqları şəraitdən üstün tuturlar və yaxud bu cür yaşamamaq üçün ölümə belə getməyə üstünlük verirlər.
Əlbəttə, bu cür böhranlı şəraitin yaranması uzun illərin nəticəsi olur və bunun müəyyən siyasi-sosial səbəbləri var. Məsələn, dəyişməyən standart siyasi və sosial şərait, məmur özbaşınalığı, korrupsiya və daim təkrarlanan rüşvət alma sistemi, sosial ədalətsizlik, gələcəyə ümidlərin olmamağı, xalqın psixoloji cəhətdən idarə olunmamağı, vətəndaşlarla rəsmi davranışlarda mənəvi qaydaların kütləvi şəkildə pozulması, ideoloji boşluq və sairə. Bu cür halların gündəlik təkrarlanması hər bir şəxsin əsəb sistemini qıcıqlandıraraq onun psixikasında mənfi izlər buraxır. Getdikcə bu hallar əsəb sistemində öz pozucu sindromlarını genişləndirir və insan psixikasında, şəxsiyyətində siyasi idarəetmə sisteminə aqressivlik, anormal nifrət formalaşdırmağa başlayır. Bu zaman kiçik bir hadisə də bu insanları özlərini öldürməyə yönəldə bilir. Ərəb ölkələrində bu proses indi də davam etməkdədir.
Bəzən bu proseslərin xaricdən idarə olunduğu haqda iddialar irəli sürülür. Düzdür, burada müəyyən həqiqət var. Amma heç bir xarici dövlət, o cümlədən heç bir fövqəldövlət xalqı, onun bir hissəsini belə küçələrə ölməyə - kütləvi intihara çıxara bilməz. Bəzi dövlətlərdə də ərəb ölkələrində baş verənlərə oxşar hadisələr cərəyan edir. Amma az sayda insan öldürüləndən sonra proses səngiməyə başlayır. Ərəb ölkələrində isə biz, sözün əsl mənasında insanların kütləvi siyasi-sosial intiharının şahidi oluruq. Bu da təsadüfi deyil və bu halın yaranmasının yuxarıda sadaladığımz real psixoloji səbəbləri olub.
Siyasi və sosial əsaslı intiharlar arasında nəzəri cəlb edən ikinci intihar tipi isə sırf məmur özbaşınalığı ilə bağlıdır. Bu tipli intihar bütün tarixi dövrlərdə olub. Səbəbləri də müxtəlif olub, yəni hər tarixi dövrün məmur özbaşınalığına qarşı öz intihar formaları baş verib. Son vaxtlar Azərbaycanda da aktivləşən bu tipli intiharlar hazırda ölkənin bütün ictimai həyatına sirayət edib. Deməli, bu, real səbəblərə malikdir və ciddi problemdir. Yəqin ki, ictimaiyyətə bəlli olan son intiharlara qədər hansısa məmurun hərəkətindən bezib heç kəsi məlumatlandırmadan özünə qəsd etmiş şəxslər də olub. İndi dövlətin ciddi şəkildə məmurları cəzalandırmaq istəyinin şahid olandan sonra bu cür intiharlar qapalılıqdan çıxaraq demonstrativ hal alıb. Azərbaycanın dövlət başçısı dəfələrlə məmurları tənqid edib onlara müxtəlif formada xəbərdarlıqlar etsə də, yenə bəzi məmurlar “qırmızı xətti” keçərək xalqın əsəb sistemini zədələmək istiqamətində “nailiyyətlər” qazanmaqdadırlar.
Ərəb inqilablarındakı kütləvi intiharların əsasları da məhz bu cür formalaşıb. Əvvəl tək-tək insan özünü öldürməyə başlayır, sonra bu hal kütləvi siyasi-sosial hal alır. Adətən, buna inqilab deyirlər. Məlum olur ki, bu həm də xalqın siyasi-sosial səbəblərlə bağlı olaraq kütləvi intihara meyl etməsidir - intihar mübarizəsidir. Bu zaman güclü xarici qüvvələr şəraitdən özlərinə lazım olan səviyyədə bərhələnirlər. İndi bu qüvvələr siyasi psixologiyada bu halı təhlil etdikdən sonra digər xalqları da intihara “hazırlaya” bilərlər.
Burada incə bir məsələni də qeyd etməyə dəyər. Psixoloji cəhətdən problemləri olanlar və psixi xəstələr öz təkrarlanan uzunmüddətli mənfi davranışları və təsirləri ilə digərlərini yoluxdura, xətələndirə bilirlər. Bu baxımdan, deyəsən Azərbaycanda bəzi məmurlar özləri də psixoloji cəhətdən sağlam deyillər. Məmurlar işdən çıxarılır, hər gün korrupsiayaya qarşı cinayət işləri açılır və bu haqda KİV məlumatlar verir, amma heç bir xeyri olmur, qalan məmurlar vətəndaşları incitməkdə və rüşvət almaqda davam edirlər. Korrupsiyanın, rüşvətxorluğun sosial bəla, xəstəlik olması haqda çox danışılıb. Əslində bu problemin kökündə də psixoloji olanlar durur. Elə bu psixoloji problemlərə malik məmurlar vətəndaşalrı da öz təkrarlanan uzunmüddətli anormal maraqları və davranışları ilə yoluxdurur, xəstələndirir, hətta intihar etmək səviyyyəsinə çatdırırlar. Çünki normal fəaliyyətə və davranışa malik məmur bu cür hərəkətlər etməz və bu səviyyədə həddini aşmaz. Deməli, psixoloji bəlalar (həddini aşmış anormal məmur özbaşınalıqları) yeni psixoloji bəlaların (vətəndaşların intiharlarının) yaranmasına səbəb olur.
İntihara qarşı necə mübarizə aparmalı?
Müasir psixoterapiya və tibbi psixologiya intiharın birbaşa qarşısını almaq üçün xüsusi müalicə metoduna malik deyil. On görə də, intihar hallarının qarşısını almaq üçün bir çox dünya ölkəsində kompleks profilaktik tədbirlər həyata keçirilir. Müəyyən profilaktik tədbirlər üzrə ixtisaslaşmış psixoterapevtik klinikalar və mərkəzlər fəaliyyət göstərir. Bundan əlavə, bəzi dövlət təşkilatları nəzdində də xüsusi qruplar fəaliyyət göstərir. Məsələn, Səhiyyə Nazirliyində, Fövqəladə Hallar Nazirliyində və sairə. Azərbaycanda bu sahədə təcili tədbirlər həyata keçirilməlidir. İntihar hadisələri bütün insanlara, xüsusilə də uşaqlara və yeniyetmələrə çox pis psixoloji təsir edir. Ümumiyyətlə isə, profilaktik tədbirlər bütün yaş dövrlərini əhatə etməlidir.
Bu psixoloji sağlamlıq tədbirlərini daha rəsmi və geniş formalarda həyata keçirmək üçün “Psixoloji xidmət haqqında” qanun layihəsi hazırlanmalı və qəbul olunmalıdır. Artıq bu məsələyə Milli Məclisdə də münasibət bildirilib. Amma Milli Məclisin sədri bu sahədə kadr probleminin olması ilə əlaqədar bu cür qanun layihəsinin qəbuluna ehtiyac olmadığını qeyd edib. Halbuki kadr problemlərinin özü bu qanunla həll oluna bilər. Yəni professional praktik psixoloqların, psixoterapevtlərin sayının artırılmasını və onların mütəxəssis səviyyələrinin gücləndirilməsini nəzərdə tutan müddəalar da bu qanunda əks oluna bilər. “Psixoloji xidmət haqqında” qanun layihəsinin olması ilk növbədə xalqın psixoloji sağlamlığı ilə bağlı təxirəsalınmaz tədbirləri nəzərdə tutan vacib dövlət sənədi sayılır. İntiharla bağlı müasir dövrdə üzləşdiyimiz problemlərin həllində də bu qanun layihəsindən istifadə etmək mümkün olar. Artıq psixoloji sağlamlıq problemi bütün dövlətlər üçün aktual problemdir.
İntihar ölümü nəzərdə tutan özünə qəsdlə bağlı psixoloji problem və psixi xəstəlik tipi olduğundan hər bir intihar halına xüsusi yanaşma tələb olunur. Burada standart müalicə metodundan istifadə etmək mümkün deyil, hər adama xüsusi yanaşılmalıdır. Necə deyərlər, psixoterapevt hər zaman olduğu kimi, intihar hallarına qarşı mübarizədə də yaradıcı olmalıdır. İntihar etmək istəyən şəxsi ətraflı şəkildə öyrənməli, şəraitə və həmin şəxsə uyğun müalicəvi və profilaktik tədbirlər həyata keçirməlidir.
Bütün bunlara baxmayaraq, intihara qarşı mübarizə aparmaq üçün ictimai-tarixi təcrübədə sınanmış müəyyən standart fərdi məsləhətlər vermək mümkündür.
1. Təbii olanlara qarşı mübarizə aparmaq lazım deyil. Həyatın və yaşamağın təbii axarına qovuş, qapalı həyat tərzindən əl çək. İnsanlara, ətrafa və cəmiyyətə qovuş.
2. Ekzistensial-psixoloji suallara (yaranış və mövcudluq haqqında olan fundamental suallar; məsələn, insan niyə yaranıb, dünya nədir, biz niyə yaşayırıq və sairə) cavab axtarmaq gec-tez insanın əhvalını və sakit sağlam həyat tərzini poza bilər. Bu cür fəlsəfi suallara kim cavab tapa bilib ki, indi də sən vaxtını və həyatını buna həsr edib öz ruhuna əzab verirsən. Heç kəs sənə bu tipli suallar haqqında fikirləşməyi və mülahizə yürütməyi qadağan etməyib. Amma bu, sənin psixoloji sağlamlığa və normal həyat tərzinə mənfi təsir etməməlidir.  
3. Müasir təcrübə göstərir ki, dinə və dini adət-ənənələrə hörmət və əməl edən xristian və müsəlman icmalarında intihar aşağı səviyyədə olur. Təbii yollarla Böyük Allahı dərk et, ona yaxınlaş, dini kitabları oxu. Bəlkə elə axtardığın sənin yaxınlığındadır, qəlbindədir, qanındadır. İntihar böyük günahdır və heç bir səmavi din tərəfindən müsbət qəbul edilmir. Təsəvvür et: sən intihar etməklə öz ruhunu özün Böyük Allaha təslim edirsən - ən böyük günah, bax, budur. Doğmalarına böyük əzab verirsən, ətrafdakı insanları narahat edirsən, üstəlik özün üçün “pis axirət” hazırlayırsan. Göründüyü kimi, intihar etmək heç bir variantda xeyirli, müsbət əməl sayıla bilməz. Dözüb insan kimi ölmək ən üstünüdür. İndi intiharın yalnız KİV nümayəndələrinə xeyri olur. Xəbər yaranır və xüsusi maraqlı informasiya formasında, kiminsə xüsusi faciəsi kimi xalqa çatdırılır. Özünü faciəvi KİV xəbəri üçün qurban etmə. Deməli, sənin intiharın “xəbər”dən başqa bir işə yaramayacaq.
4. Öz xarakterini və psixoloji istəklərini nəzərə al. Səni intihara aparan xüsusiyyətləri yaradan şəraitdən və insanlardan təcili olaraq aralan. Səbirli və dözümlü ol, çünki digər yol yoxdur. Vaxt hər şeyi yuduğu kimi, sənin intihar istəyini də yuyub aparacaq.
5. Öz yaş dövrünü nəzərə al. Fikirləş ki, intihara meyl elə yaş dövrü böhranının psixoloji sindromudur. Səbirli və dözümlü ol, çünki digər yol yoxdur. Vaxt hər şeyi yuduğu kimi, sənin intiharını yuyub aparacaq. Elə bu “vaxt” səni məlum hisslərinə və itirilmiş vaxta görə peşman edəcək.  
6. Heç vaxt məmur özbaşınalığına qarşı mübarizənin kulminasiya nöqtəsini intiharla sona çatdırma. İlk növbədə fikirləş: o məmurun dəyəri nədir ki, ona görə özünə qəsd edərək böyük günah sahibi olursan. Hansısa məmura görə Böyük Allahın qoyduğu qadağan həddini aşmağa dəyərmi!? Ümumiyyətlə, kimə görəsə özünə, ailənə və yaxınlarına böyük əzab verməyə dəyərmi!?
Məlumdur ki, intihar halları yeniyetmələr və gənclər arasında daha çox baş verir. Bu yaş dövrlərində olanlarla psixoloji və ideoloji işin aparılması qaçılmazdır. Bu gün Azərbaycanda gənclər arasında psixoloji və ideoloji boşluq hiss olunan səviyyədədir. Elə bil, gənclərin yarısı artıq Azərbaycan dövlətinə və xalqına məxsus deyil. Onların bir qismi Avropa dəyərləri qarşısında çabalayır, bir qismi gələcəyə ümidsiz halda tərəddüd içərisindədir, digər qismi isə guya cihada gedirlər. Gənclər arasında ideoloji boşluğu doldurmaq və intiharların qarşısını almaq məqsədi ilə dövlət səviyyəsində müəyyən ciddi işlər aparıla və uzunmüddətli gənclər proqramı həyata keçirilə bilər.
Son dövrlər orta məktəb şagirdləri arasında da intihar halları çoxalmaqdadır. Təhsil Nazirliyi intiharla bağlı mübarizə aparmaq üçün müəyyən üstünlüklərə malikdir. Çünki bu nazirliyin tabeliyində fəaliyyət göstərən bütün orta məktəblərdə psixoloq ştatları var. İndi sadəcə olaraq intihara qarşı psixoloji profilaktik işlərin həyata keçirilməsi üçün rəsmi göstərişlər verilməlidir. 
Bakı, yanvar-fevral, 2014

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами