Intihar halları daha çox kasıblıq, işsizlik... problemlərindən qaynaqlanır
Intihar halları daha çox kasıblıq, işsizlik... problemlərindən qaynaqlanır
Tarix: 05-11-2015 22:48
Hər 40 saniyədən bir baş verən hadisənin dünyada və bizdəki səbəbləri
Bu gün Bakı sakinləri bir sahibkarın intihar cəhdinə şahidlik etdilər. Binəqədi rayonu, 9-cı mikrorayonda restoran sahibi intihara cəhd edib. intihara cəhd edən İlqar Məmmədov adlı şəxs “Zeytun bağı" restoranın sahibi olub. İntiharın səbəbi restoranın sökülməsi olub. Xoşbəxtlikdən hadisə ölüm və xəsarətlə yekunlaşmadı, sahibkarı bu fikrindən çəkindirdilər. Amma hər zamanmı belə olur?
Son illər Azərbaycanda intihar statistikası qabarıqdır. İldən-ilə bu halların artması isə ölkədə sosial vəziyyətin kritikliyindən xəbər verir. Çünki Azərbaycanda intihar halları daha çox kasıblıq, işsizlik... problemlərindən qaynaqlanır.
HƏR İL 800 MİN NƏFƏRİN İNTİHARI...
Dünyada hər il 800 min adam həyatına qəsd edir. Dünya Səhiyyə Təşkilatının hesabatına görə, hər 40 saniyədə bir nəfər özünü öldürür. Təşkilatın hesabatında qeyd edilir ki, bir çox ölkədə intihar edənlərin statistikası aparılmır, araşdırmaçıların fikrincə, bəzi hallarda intiharlar bədbəxt hadisə, yaxud başqa formada təqdim olunur. Digər məlumata görə, həyat şəraiti yüksək olan ölkələrdə kişilər qadınlara nisbətən üç dəfə çox intihar edir, orta və daha pis həyat şəraiti olan ölkələrdə isə özünə qəsd edən kişilərlə qadınların sayı demək olar bərabərdir.
Statistikaya görə, yaşı 15-dən 29-a qədər olan insanların ölümünün başlıca səbəblərindən biri intihardır. Bununla belə, 70-dən yuxarı yaşı olan insanların intihara meyllilikləri daha yüksəkdir.
Daha bir kritik durum ABŞ ordusundadır. Orda da intihar olayları 15 faiz artıb. Pentaqon əsgərlərinin intiharının qeydə alınmağa başladığı 2001-ci ildən bu vaxtadək rekord həddə çatıb. Məsələn, təkcə 2012-ci ildə 349 amerikan əsgəri intihar edib. 2011-ci ildə isə bu rəqəm 301 olub. 2012-ci ildə intihar edən ABŞ əsgərlərinin sayı Əfqanıstandakı döyüşlərdə ölənlərdən 54 nəfər çoxdur. Pentaqon 2012-ci ildə 325 əsgərin intihar edə biləcəyini təxmin etmişdi.
İNTİHAR VARLIYA-KASIBA BAXMIR – SƏBƏB PUL DEYİL?
Dünyanın ayrı-ayrı ölkələrində də ümumi durum bundan fərqli deyil. Amerika İntiharı Xəbərdarlıq Fondu intihar cəhdlərinin daha çox aprel, iyun və iyul aylarında edildiyini açıqlayıb. ABŞ-da və dünyanın bir çox ölkələrində 1970-80-ci illərdə intiharlar, əsasən, bayram günlərində daha çox baş verirdi. Dünya Səhiyyə Təşkilatının məlumatları göstərir ki, intiharların daha çox iqtisadi və sosial baxımdan yoxsul ölkələrdə baş verməsinə baxmayaraq, bu qaydada istisnalar mövcuddur.
Misal üçün, Latın Amerikasının və Yaxın Şərqin bir çox “yoxsul” ölkələrində intiharların səviyyəsi Qərbi Avropanın “zəngin” dövlətlərinə nisbətən yetərincə aşağıdır. Bu zaman iqtisadi baxımdan tam rifahlı sayılan Baltikyanı ölkələrdə, Finlandiya və Macarıstanda intihar səviyyəsi ümumi Avropa göstəricisindən xeyli yuxarıdır. Ada dövlətlərində, məsələn, Kubada, Yaponiyada, Şri-Lankada, Mavrikidə və s.-də intiharların səviyyəsi inanılmaz dərəcədə yüksəkdir.
Din və intihar arasında bağlılıq da var. Əksər islam ölkələrində intihar sayı, demək olar ki, sıfıra bərabərdir. Əhalisinin daha çox xristianlığa və ya induizmə tapınan ölkələrində isə intihar səviyyəsi yetərincə yüksəkdir. Xristian dövlətlərindən hər 100 min əhaliyə 11,2 intihar halı, Hindistanda isə uyğun olaraq 9,6 intihar halı düşür.
Buddist ölkələrdə bu göstərici daha yüksəkdir - 100 min adama 17,6 intihar halı qeydə alınır. Maraqlıdır ki, Çin kimi ateist dövlətlərdə bu göstərici 25,6-ya bərabərdir. Xristian və buddistlər arasında özünü öldürən kişilərin sayı özünü öldürən qadınlardan 3,5 dəfə çoxdur, müsəlman və induistlərdə isə bu fərq 3 dəfə aşağıdır. Ancaq dini inanclar heç də mütləq meyar deyil. Katolik İrlandiyada intihar halı katolik İtaliyaya baxanda üç dəfə çoxdur. Protestantların çox olduğu Böyük Britaniyada isə intiharların sayı keçmiş müstəmləkəsi Avstraliyaya baxanda iki dəfə yüksəkdir. Bütün bu ölkələr həyat səviyyəsinə və başqa göstəricilərinə görə bərabərdirlər.
YAPON QOCALAR ÖVLADI SIĞORTA ÖDƏNİŞİ ALSIN DEYƏ... İNTİHAR EDİR...
ABŞ-da il ərzində intihar edən gənclərin sayı Dünya Ticarət Mərkəzi hücumunda ölənlərin iki mislindən çoxdur. Amerika ordusunda isə gündə 22 əsgərin intihar etməsi məlumatı dəhşət vericidir. ABŞ-da 11 ay ərzində 23 ştatda baş verən 173.969 intiharın böyük hissəsi ordunun payına düşür. Kanadada 15-24 yaş arasındakı gənclər üçün intiharlar üçüncü ölüm səbəbidir. Avropanın Litva və Macarıstan kimi ölkələrində intiharların sayının hər il artması problemin daha da ciddiləşdiyini göstərir. Yunanıstanda isə iqtisadi böhran başladıqdan sonra son iki il ərzində intiharlar 35% artıb.
Yaponiyada zaman keçdikcə yaşlıların gənclər tərəfindən daha çox tərk edilmələri, qocalmış insanların özlərini işə yaramaz hiss etmələrinə, ölümləri ilə gələcək sığorta ödənişinin özlərindən daha çox fayda verəcəyinə inanmalarına səbəb olub.
Yapon rəsmiləri qutu şəklində tək otaqlı mənzillərdə ictimai həyatdan, sədaqət, dostluq kimi anlayışlardan uzaq yaşayan, əsasən texnologiya ilə başını qatan bədbəxt yapon gəncliyinin gün keçdikcə daha çox intihara sürükləndiyini müşahidə edirlər.
Əslində Avropadakı mənzərə də fərqli deyil. Tərk edilən yaşlılar, insan münasibətlərindən zövq almayan, ünsiyyətsiz, eyni zamanda bədbəxt gənc nəsil insanları bir-bir öz canlarına qəsd etməyə yönləndirir.
Ölkələr bu qorxunc mənzərənin qarşısını almaq üçün müxtəlif tədbirlər alırlar. Yaponiya "intihara qarşı bəyaz sənəd" deyilən 9 mərhələli planla 2017-ci ilə qədər intiharları dayandırmağı qarşısına məqsəd qoyub. Bu tədbirlərin arasında telefon yardım xətlərinin qurulması, içində çəkindirici məlumatlar olan lövhələrin intihar məkanlarına qurulması nəzərdə tutulub. Avropa və Amerikada isə problemli insanlar, adətən, özlərini razı salacaq psixiatrlara istiqamətləndirilirlər. Alınan tədbirlərin intihar hallarını azaldacağını ümid edərkən, qarşımıza çıxan həqiqət bu halların daha da artdığını göstərir.
İNTERNET ASILILIĞI DA BİR SƏBƏB SAYILIR?
Dünya Səhiyyə Təşkilatının hesabatında qeyd olunub ki, uzun sürən xəstəlikdən bezən insanlar, tənha yaşayanlar, alkoqolizmdən, narkomaniyadan əziyyət çəkən insanlar bəlli bir müddətdən sonra intihara cəhd edirlər. Amma onlarla yanaşı, heç bir xəstəliyi olmayan, zərərli vərdişlərdən asılılığı olmayan gənclər, yeniyetmələr arasında da intihar halları yaranır. İntihar hallarının əsas səbəbləri informasiya, sürət əsrində yaşamağımızdır. İnternet asılılığı bu insanlarda tez bir zamanda həyatdan bezmək, doyum nöqtəsinə çatmaq, cəmiyyətdən təcrid olunmaq, özünə qapanmaq və sairə, bu kimi narahatlıqlara gətirib çıxarır. Ekologiya özü də insanın psixikasına təsir edir və dolayısı ilə intihara müəyyən qədər yol aça bilir. Eyni zamanda qidalar belə insanda müəyyən narahatlıqlar yaranmasına səbəb olur ki, bunlar birbaşa olmasa da, dolayı yolla intihara yol açır.
Psixoloji analizlər göstərir ki, ailə bağlarının qırılması zaman keçdikcə fərdin özünə qapanmasına və sonda intihar etməsinə gətirib çıxarır. İntihar edən insanların böyük əksəriyyəti ortaq əlaməti depressiyadan əziyyət çəkir.
Dünya Səhiyyə Təşkilatı, 2030-cu ilə qədər depressiyanın səbəb olduğu yükün dünyada qlobal böhran səviyyəsində olacağını açıqlayıb.
Sevinc TELMANQIZI
Musavat.com
Комментарии
Отправить комментарий