Kəlbəcər girovlarının özfəaliyyəti və Bərşadlının “B” planı

SOSİUM

Kəlbəcər girovlarının özfəaliyyəti və Bərşadlının “B” planı

Şərh: 0
Oxunma: 6934
Kəlbəcər girovlarının özfəaliyyəti və Bərşadlının “B” planı
General-leytenant Valeh Bərşadlı: “Elə etmək lazımdı ki, ermənilər Qarabağda sakit otura bilməsin”.
Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov, Şahbaz Quliyev və qətlə yetirilən Həsən Həsənovla bağlı söhbətlər artıq səngiyir. Bu da təbiidir. Çünki indi hamı ermənilərdən gələn xəbərləri gözləyir və qarşı tərəfin verəcəyi xəbərlər ətrafında mülahizələr irəli sürüləcək. Amma məncə, bu mövzu ətrafında danışmağın əsl vaxtı indidir. Soyuq başla, emosiyasız.

ERMƏNİ VERSİYALARI
Əvvəlcə erməni təbliğat maşınının irəli sürdüyü versiyalar barədə.
Birinci: Ermənilər iddia etdi ki, kəşfiyyat-diversiya qrupunu zərərsizləşdiriblər.
İkincisi: Ermənilər iddia edir ki, Kəlbəcər ərazisinə keçən üç nəfər kimisə qətlə yetirib.
Birinci versiya ona görə lazım idi ki, Azərbaycanın atəşkəs rejiminə əməl etmədiyini, danışıqları pozduğunu dünyaya göstərsinlər.
İkinci versiya isə girov götürdükləri insanları geri qaytarmamaq üçün lazım idi.
Amma hər iki versiya absurdun son həddidir.
Sözsüz ki, hər iki versiyada erməni hakimiyyətinin daxili auditoriyaya hesablanmış siyasi şou elementləri də var. Bunu hətta bəzi erməni ekspertləri də etiraf edir.

AZƏRBAYCANDA AKTUALLAŞAN MÖVZU
Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun qoşunların təmas xəttini keçərək doğma torpaqlara getməsi Azərbaycanda da müxtəlif mövzuların yenidən gündəmə gəlməsini şərtləndirdi.
Bu mövzulardan birincisi partizan müharibəsi idi. Müxtəlif fikirlər səsləndi. Kimisi bunun lazımlı, kimisi isə mənasız olduğunu bildirdi.
Bu yerdə sizi bir qədər geriyə qaytarmaq istəyirəm. Daha doğrusu, mərhum general Valeh Bərşadlının çoxlarının xəbərdar olmadığı planlarına.

BƏRŞADLININ “A” PLANI
1996-cı ildə Kəlbəcərin işğalında təqsirləndirilən Əzizağa Qənizadəninməhkəməsində maraqlı bir fakt barədə xəbər tutdum.
Sən demə, 1992-ci ildə “Azərbaycanın Ümumi Müdafiə Planı” olub. Amma bu plan kağız üzərində qalıb. Kəlbəcərin işğalına görə ittiham olunan şəxslər bu faktdan istifadə etməyə çalışırdı.
Həmin vaxt apardığım araşdırma məni planın müəllifi Valeh Bərşadlı ilə rastlaşdırdı. General danışmağa razılaşdı, çünki onun dediyinə görə, mən planın adını dəqiq yazmışdım. Və etiraf edim ki, bu, sırf təsadüf idi.
Generalın dediyindən belə bəlli olurdu ki, 1992-ci ildə baş qərargah rəisi olarkən o, siyasi, hərbi və digər amilləri nəzərə alaraq “Azərbaycanın Ümumi Müdafiə Planı” adlı sənəd hazırlayıb. Plan prezident Əbülfəz Elçibəyə təqdim olunub. Əbülfəz Elçibəy planın həyata keçirilməsini əmr edib və müvafiq sənəd imzalayıb. İş başlayıb və yarımçıq qalıb.
“Azərbaycanın Ümumi Müdafiə Planı” Kəlbəcərin işğalından sonra yada düşüb və Valeh Bərşadlı Prezident Aparatına çağırılıb. Məlum olub ki, plan Valeh Bərşadlı Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırıldıqdan sonra yaddan çıxıb.
Bu yerdə qısa bir haşiyə: Prezident Aparatında Valeh Bərşadlı Baş Qərargah rəisi vəzifəsindən kənarlaşdırılan iclasda Əbülfəz Elçibəyin türkiyəli hərbi müşavirləri bu addımı atmamağı tövsiyə ediblər. Amma qərar qəbul edilib və İsa Qəmbərin təklifi ilə “generala gənclərin təlim-tərbiyəsi ilə məşğul olmaq tapşırılıb”. Beləliklə, Valeh Bərşadlı Naxçıvanski adına Liseyə rəis təyin olunub. Doğrudur, burada o, gənclərin təlim-tərbiyəsi ilə sözün həqiqi mənasında məşğul olub.
Hazırda N saylı hərbi hissəyə rəhbərlik edən polkovnik Mais Barxudarov Valeh Bərşadlının liseydəki fəaliyyəti ilə bağlı maraqlı bir hadisəni belə xatırlayır: “Cəbhədə vəziyyət ağırlaşanda biz liseyin yuxarı kursunun müdavimləri qərara aldıq ki, liseydən qaçıb cəbhəyə gedək və vuruşaq. Bundan xəbər tutan general bizi yığıb uzun bir söhbət etdi və bizi inandırdı ki, bu, düz yol deyil”.
General gəncləri bu addımdan çəkindirməklə əslində Azərbaycana bu gün hava su kimi lazım olan zabitləri düz yola dəvət edib, onları qoruya bilmişdi. İndi həmin zabitlərdən biri Mais Barxudarov çox mühüm bir istiqamətdə vətənə ləyaqətlə xidmət edirsə, deməli, generalın zəhməti hədər getməyib.
Qayıdaq Bərşadlının planına.
Valeh Bərşadlının planına görə, 1992-ci ildə mövcud olan cəbhə xətti boyunca müdafiə qurğuları tikilməli idi. Bu, müəyyən elementlərinə görə, finlərin SSRİ-yə qarşı qurduğu “Maynerqeym xətti”nə bənzər qurğular sistemi olmalı idi. Planın iqtisadi əsaslandırması da hazırlanmışdı və 1992-ci ildəki iqtisadi duruma görə, bu planı həyata keçirmək mümkün idi.
Məndə olan məlumatlara görə, bu planın hazırlanmasında hazırda millət vəkili, həmin dövrdə baş nazirin müavini olan Vahid Əhmədov və hazırda Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, həmin dövrdə isə Baş Qərargah rəisinin müavini olanRüfət Əmirov yaxından iştirak edib və detallar barədə məlumatları var. Lakin onlar bu barədə danışmamağa üstünlük verirlər.
 
Həmin dövrdə əvvəl dövlət katibi, sonra isə baş nazir olan Pənah Hüseyn isə “biz həmin vaxt hücum barədə düşünürdük, müdafiə barədə düşünmək maraqlı deyildi”, deyir.

BƏRŞADLININ “B” PLANI
1996-cı ildə Valeh Bərşadlı ilə görüşümüzdə təbii ki, ondan atəşkəs dövründə nə etmək lazım olduğunu da soruşmuşdum. Bu sualımdan sonra general bir anlıq susdu və siyirmədən qalın bir qovluq çıxartdı: “Hər şey burda var”.
Generalın mənə göstərdiyi qovluq partizan müharibəsinin planı idi. O bu planın detallarını təbii ki, açmadı, ancaq bunları dedi: “Elə etmək lazımdı ki, ermənilər Qarabağda sakit otura bilməsin. Bunu necə etmək lazımdı? Hamısı burda var”.
Valeh Bərşadlı Mantardan Kirsə, Kirsdən Hoçaza, Hoşazdan Murova, Murovdan Şahbulağa mümkün keçidləri, tam saf-çürük etmişdi. Bu, hansısa jurnalistin təxəyyülünün, hansısa tarixçinin araşdırmalarının məhsulu deyildi. Bu, SSRİ-nin Şərqi Avropada zərbə qüvvələrinin komandan müavini olmuş bir generalın hazırladığı plan idi.
Sonradan müxtəlif mənbələrdən aldığım məlumatlara görə, general bu plan barədə mərhum prezident Heydər Əliyevi də təkbətək görüşdə məlumatlandırmışdı.
Məndə olan məlumatlara görə, Ali Baş Komandan Heydər Əliyev buna bənzər əməliyyatlar keçirilməsini məqbul hesab edirdi.
Bu yerdə qısa bir haşiyə: Azərbaycan Silahlı Qüvvələrinin düşmən arxasında müəyyən əməliyyatlar keçirməsi faktları mövcuddur. Belə əməliyyatlardan biri 1997-ci ilin aprelində həyata keçirilib.
Düşmən arxasında əməliyyata iki dəstə yollanıb. Onlar düşmən arxasında verilən tapşırığı yerinə yetirdikdən sonra birinci dəstə mühasirəyə düşür. Və dəstə üzvləri hamısı özünü məhv edir. Dəstədən yalnız bir nəfər ağır yaralı və huşsuz vəziyyətdə ermənilərin əlinə keçir və o, sonradan Əsir və Girovlarla bağlı Beynəlxalq İşçi Qrup tərəfindən hərbi əsir kimi geri alınır. İkinci dəstə isə sağ-salamat qayıdır. Birinci dəstənin üzvlərinin təltifləndirilməsi barədə məlumatım olmasa da, ikinci dəstənin komandirinin Azərbaycan Bayrağı Ordeni ilə təltif olunması dəqiqdir. Və bu ordeni komandirə şəxsən Heydər Əliyev təqdim edib. Bundan başqa, ikinci dəstənin komandirinə verilən evdən o, imtina edib və həmin evin birinci dəstənin şəhid olmuş komandirinin ailəsinə verilməsini xahiş edib.

KƏLBƏCƏR GİROVLARI
Bütün bu sadaladıqlarımın əslində bu gün girovluqda olan və qətlə yetirilən həmvətənimizlə birbaşa bağlantısı var.
Yuxarıda qeyd etdim ki, ermənilər iki versiya ortaya atdılar. Diversant və yeniyetmə qatili.
Əvvəla, əgər doğurdan da bu gün girovluqda olan həmvətənlərimiz diversant olsaydı, onlar düşmən əlinə sağ keçməzdi. İkincisi, kəşfiyyatçı-diversant özü ilə bayraq aparmır. Üçüncüsü, Azərbaycan kəşfiyyatçısının ermənilərin təqdim etdiyi silahlarla silahlanması gülüncdür. Azərbaycanın daha müasir və yüksək TTX-ya malik silahlara malik olmasını hamı bilir.
İkinci versiyanın absurdluğu ondadır ki, əgər girov götürülən şəxslər erməni yeniyetməni öldürmüş olsaydı, dərhal ərazidən uzaqlaşardılar. Lakin elə ermənilərin özlərinin yaydığı başqa bir məlumata görə, onlar Kəlbəcər ərazisində dana kəsirlər...
Deməli onlar nə diversant, nə də qatil deyil. Bu insanlar sadəcə öz doğma torpaqlarına can atırlar. Bu hal təbii ki, erməniləri ciddi düşündürür. Həm də söhbət təkcə ermənilərin belə təhlükələrdən sığortalanması üçün silahlandırılmasından getmir.
Dağlıq Qarabağ və ətraf rayonları tərk edənləri o torpaqlardan ayıran zaman heç nəyi dəyişməyib. Və geri qayıtmaq istəyi hər şeydən irəlidir. Bu istək insanların şüurunda dominantdır. Əslində, bu, erməni təbliğatına ağır zərbədir.
Çünki erməni təbliğatının əsaslarından xəbəri olan hər bir şəxs bilir ki, onların yaratdığı miflərdən biri də Qarabağa daha çox bağlı olduqları barədədir. Yəni iddia olunur ki, ermənilər Qarabağa türklərdən daha çox bağlıdır, buna görə də türklər buranı qoyub qaçıb.
Kəlbəcər girovlarının reallığı isə bu mifin dağılmasına təkan verə bilər. Əgər Azərbaycan təbliğat maşını bundan düzgün istifadə edə bilsə.

SONDA
Bəli, reallıq ondan ibarətdir ki, ermənilərin Dağlıq Qarabağda rahat yaşamasına mane olmalıyıq. Bizim Qarabağa bağlılığımızı daim gündəmdə saxlamalıyıq. Eyni zamanda, sülh danışıqlarının intensivləşməsində maraqlı olmalıyıq. Vətəndaş cəmiyyətləri arasında dialoqun inkişafına cəhdlər göstərməliyik.
Amma bütün bunlar peşəkar səviyyədə və planlı olmalıdır.
Bu yerdə köhnə kəşfiyyatçı Rey Kərimoğlunun bir fikri ilə razılaşmalıyıq:
"Müharibədə özfəaliyyət bəri başdan məğlubiyyət deməkdir".
Bəli, dostlar, özfəaliyyət zamanı bitdi.
“B” planına keçmək vaxtıdır...

    AÇAR KƏLMƏLƏR


    Комментарии

    Популярные сообщения из этого блога

    Глава четвертая Служба пограничных нарядов

    Наставление по охране государственной границы (пограничный наряд)

    Глава вторая Основы охраны государственной границы пограничными нарядами