Azərbaycanın işğal olunan ərazilərinə kimlər səfər edir?

Azərbaycanın işğal olunan ərazilərinə kimlər səfər edir? – Mövqe

Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə hörmət göstərməyərək işğal olunmuş ərazilərə qanunsuz səfər etmiş və bununla da, Azərbaycan Respublikasının “Dövlət Sərhədi haqqında” qanunu pozmuş xarici ölkə vətəndaşlarının adlarından ibarət “arzuolunmaz şəxslər”in siyahısının tərtib edilib kütləvi informasiya vasitələrində yayılması Ermənistan tərəfini ciddi şəkildə narahat etmişdir.
Hətta bu siyahının Ermənistanı ciddi təşvişə saldığını desək yanılmarıq.

Ermənistan kütləvi informasiya vasitələri və erməni diasporası vasitəsilə bu siyahının əhəmiyyətinin aşağı salınması istiqamətində təbliğat aparılsa da, fakt öz yerində qalır.

Belə ki, bu siyahı təqdim olunandan sonra Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməmişdən öncə Azərbaycan tərəfinin razılığının alınması üçün müraciət edən xarici ölkə vətəndaşlarının sayı əsaslı dərəcədə artmışdır. Son olaraq bu siyahıya New York Times qəzetinin əməkdaşları və Los Anceles şəhər şurasının üzvü Bob Blumfild əlavə edilə bilər.

Los Ancelesdə fəaliyyət göstərən və öz qatı mövqelərinə görə fərqlənən Kalofornia Assambleyasının üzvü Katço Ağacanyan və şəhər şurasının üzvü Paul Krekoryan ilə səfər edən Bob Blumfildin əvvəlcədən razılıq üçün Azərbaycan tərəfinə müraciət etməsi artıq nədənsə xəbər verir. Hələ bu azmış kimi nümayəndə heyətinə rəhbərlik edən Kalifornia dövlət assambleyasının sədri Con Perez qondarma rejimin rəhbəri Baako Saakyan ilə İrəvanda görüşmüşdür.

Trend Agentliyinin məlumatına görə aralarında Rusiya dövlət dumasının üzvü Aleksey Mitrofanov və Azadlıq radiosunun Moskva bürosunun rəhbəri Ceyms Bruk və digərləri olmaqla, bir qrup şəxs peşmançılıq hissi ilə Azərbaycan tərəfinə müraciət edərək, aldadılaraq işğal olunmuş ərazilərə aparıldıqlarını bildirmiş və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət etdiklərini bir daha ifadə etmişlər. Yəqin ki, bu kimi müraciətlərin sayı yaxın günlərdə daha da artacaqdır.

Ermənistan tərəfinin narahatlığı ondan ibarətdir ki, erməni diasporasının nəzarətində olan bəzi qeyri-rəsmi nümayəndə heyətləri və peşəkar fəaliyyət üçün jurnalistlər olmaqla, işğal olunmuş ərazilərə onsuz da səfərlər edilmədiyi halda, bu siyahının təqdimatından sonra işğal olunmuş ərazilərin təcridi daha da geniş miqyas alacaqdır.

Azərbaycan torpaqları işğal edəndən sonra Ermənistan elə zənn edirdi ki, dünya biznesi və turistlərinin bu ərazilərə axını başlayacaq və erməni diasporasının pulu ilə bu ərazilərdə cəlbedici turist mərkəzləri tikiləcəkdir.

Bunların heç biri baş vermədi. Heç verə də bilməzdi. Bu gün korrupsiyanın inanılmaz həddə çatdığı, alıcılıq qabiliyyəti olduqca aşağı olan və ölkə iqtisadiyyatının Sarkisyana yaxın olan yüksək çinli generallar və oliqarxlar tərəfindən idarə olunduğu Ermənistan özü dünyanın biznes və turizm xəritəsində tam unudulmuş bir məkan olduğu halda, “Dağlıq Qarabağ Respublikası”na kiminsə gedəcəyi lap gülməli zarafata bənzəyir.

Ermənistanda hökm sürən və dövlət səviyyəsində himayə edilən kriminal durumdan qorxaraq, erməni diasporası arasında olan iş adamları belə Ermənistana investisiya qoymağa cəsarət etmirlər. Onlar pullarının oğurlandığı, sərmayə yatırdıqları müəssisələrin “müsadirə” edildiyi və ya yerli məmurlar tərəfindən “böyük haqq”ların qoyulduğu məgər az baş vermişdir?

Belə bir şəraitdə Ermənistan və qondarma rejim tərəfindən statistik yalanlar vasitəsilə hər şey ört-basdır edilir. Məsələn, erməni təbliğat maşınına görə guya keçən il ərzində “Dağlıq Qarabağ Respublikası”na 16 min nəfər xarici səfər edib. Amma reallıqda vəziyyət nədən ibarətdir?

İlk növbədə “Dağlıq Qarabağ Respublikası”na səfər edənlər elə Ermənistan vətəndaşlarıdır. Bu statistika bəzədilmiş və şişirdilmiş formada xarici ölkə vətəndaşları kimi təqdim edilir. Yeri gəlmişkən öz vətəndaşlarını belə aldadaraq, işğal olunmuş ərazilərdə xidmət göstərən əsgərlərin və onlara yemək və geyim gətirmək məqsədilə səfər edən valideynlərin də səfərləri “xarici ölkə” vətəndaşlarının səfərləri kimi təqdim edilir.

Statistikanı inkişaf etdirmək üçün istifadə olunan digər metod ölkəyə səfər etmiş xarici nümayəndə heyətlərin mədəni və turizm proqramı adı altında aldadılaraq işğal olunmuş ərazilərə gətirilməsidir. Sonradan Ermənistan tərəfi bu kimi “səfərləri” həmin şəxslərə qarşı şantaj kimi də istifadə etmişdir. Azərbaycan tərəfinə peşmançılıq hissi ilə edilmiş müraciətlər bir daha bunu təsdiq edir.

Sözün əsl mənasında işğal edilmiş ərazilərə səfər edən xarici ölkə vətəndaşlarına gəldikdə isə bunların mütləq əksəriyyətini isə erməni diasporasının üzvləri və maliyyə baxımdan diaspora tərəfindən ələ alınmış “siyasətçi”lər təşkil edirlər.

Yeri gəlmişkən bu da maraqlı faktdır ki, “statistika”nı özünün yeganə çıxış yolu görən Ermənistan ikili vətəndaşlıq haqqında qanunu qəbul edərək, kütləvi şəkildə diaspora üzvlərinə Ermənistan vətəndaşlığını verməklə, ən azından statistik baxımdan artıq faciə halını almış demoqrafik vəziyyəti tənzimləməyə çalışır. Amma burada da vəziyyət Sarkisyan hökumətinin ürəyincə deyildir. Çünki Yaxın Şərq regionunda münaqişəli ərazilərdə yaşayan bir qrup erməni diaspora üzvləri istisna olmaqla, digər ölkələrdə yaşayan ermənilər heç bir halda Ermənistan vətəndaşlığını almaqda maraqlı deyillər. Ermənistan vətəndaşlığı olanlar bütün imkanlardan istifadə edərək, ondan imtina etməyə çalışdıqları halda, diaspora ermənisinin Ermənistan vətəndaşlığı alması sadə məntiqə sığmır.

Beləliklə, indi aydın olur ki, nəyə görə Ermənistan Dövlət Statistika İdarəsi və onun yerli filialları nəyə görə ölkə boyunca ən böyük və ən çox ştata malik olan dövlət müəssisələridir. Bu halda adamın yadına dövlət statistika idarəsində sevgi məcrasının baş verdiyi məşhur sovet filmi yada düşür.       

Gün.Az    
Share Share Share Share Share
Baxışların sayı: 453

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами