Kremlin ideoloqundan Qarabağı Rusiyaya birləşdirmək tələbi
Rusiyanın bir güllə də atmadan Krımı ələ keçirdiyi, Ukraynanın şərq ərazilərini, hətta Kiyevi tutmaq üçün hərbi qüvvələr cəmləşdirdiyi bir vaxtda Kremlin imperiya ambisiyalarının carçısı olan Vladimir Jirinovski təhlükəli planların anonsunu verib.
Virtualaz.org saytı xəbər verir ki, Jirinovski “Russkaya slujba novostey” radiosunun (internet saytı: rusnovosti.ru) “Mövqe” verilişində canlı yayımda aparıcı Darya Nadinanın Krım hadisələri və Ukraynadakı vəziyyət barədə suallarına, habelə dinləyicilərin suallarına cavab verib.
Jirinovskinin “kəpənəyi” və bayramı
Jirinovski radionun studiyasına “kəpənək” qalstukda gəlib və aparıcı qalstukun ona çox yaraşdığını, Liberal Demokrat Partiyası (LDP) liderinin nədən adi qalstuk yox, “kəpənək” taxdığını soruşub. Jirinovski “bayramdır, ona görə” deyib.
O, “bayram” dedikdə Krımın Rusiyaya birləşməsi barədə referendum keçirilməsi qərarını nəzərdə tutduğunu bildirib.
Jirinovski deyib ki, referendumun nəticələri açıqlanan kimi LDP Krımda öz yerli şöbələrini açacaq. Onun sözlərinə görə, Ukraynada hakimiyyətdən devrilmiş Regionlar Partiyasının üzvlərinin əksəriyyəti LDP-yə daxil olmaq üçün müraciət ediblər.
LDP lideri Krımın separatçı hökumətinin martın 16-da referendum keçirilməsinə dair qərar qəbul etdiyi tarixin - martın 6-nın onun üçün bayram olduğunu vurğulayıb.
“Bu xəbəri eşidən kimi sevincimdən yerə-göyə sığmadım, çünki bu, bütün rus torpaqlarının birləşdirilməsinə aparan böyük yolun başlanğıcıdır. Bu, mənim üçün əsl bayramdır. İstəyirəm ki, bütün Rusiya vətəndaşlarının bayram əhval-ruhiyyəsi olsun. Biz indi gülümsəməliyik. Birləşmə bayramı hələ davam edəcək. Çünki Krımın ardınca bütün cənub-şərqi Ukrayna tədricən Rusiyanın pəncəsi altına qayıdacaq. Ukraynanın digər əraziləri də mümkündür. Məsələn, Çerniqov. O, Bryanskla qonşudur. Sumı vilayəti. Orada əsasən ruslar yaşayır” - deyə Jirinovski bildirib.
“Ukrayna yalnız Lvovdan ibarətdir”
Aparıcı Jirinovskiyə xatırladıb: “Odessa, Nikolayev, Xerson də artıq Rusiyaya birləşməyi xahiş edir”.
Jirinovski: “Bu, öz-özlüyündə belədir. Onlar Rusiya imperiyasının əsas şəhərləri idi. Ukrayna yalnız Lvovdan ibarətdir. Ona da Avstriya, polyaklar iddia edir. Ternopol, İvanovo-Frankovsk, Rovno - bunlar hamısı rus şəhərləridir. Zakarpatye Macarıstanın olub, orada ukraynanlılar yaşamayıb. Çernovetsi biz müharibə nəticəsində Rumıniyadan almışıq, çünki o, Almaniyanın tərəfində idi. Bütün cənub-şərq Ukrayna Rusiya ərazisidir. Ümumiyyətlə, Ukrayna ərazisində ilk rus dövləti - Kiyev Rus dövləti olub. Dövlət kimi daha sonra formalaşıb, ancaq Ukraynaya heç yaxın da olmayıb. Kiyev rus knyazlığının paytaxtı olub. Kiyev Rusu adlanırdı. Görün necə də gözəldir!”
“Martın 17-də Rusiyanın artıq 84 subyekti olacaq”
Jirinovskinin sözlərinə görə, martın 16-da Krımda keçiriləcək referendumda ancaq bir variant olacaq: əhalinin 90 faizdən çoxu Rusiyanın tərkibinə birləşməyə səs verəcək: “Artıq Krımın Ali Soveti müstəqillik bəyannaməsi qəbul edib. Yəni onlar artıq Ukraynanın tərkibindən çıxıblar. Bazar günü isə müstəqil Krım Respublikasının Rusiyanın tərkibinə daxil edilməsi haqda qərar verəcəklər. Yəni martın 17-də Rusiyanın artıq 84 subyekti olacaq. Bu, böyük bayramdır”.
“Rusiya Yanukoviçi Kiyevə qaytarıb iqamətgahına əyləşdirəcək...”
Rusiya Dövlət Dumasının vitse-spikeri olan Jirinovski həmçinin deyib ki, Ukraynanın indiki hakimiyyəti tamamilə qanunsuzdur və Moskva bu hökumətin heç bir nümayəndəsini tanımır. Onun sözlərinə görə, Viktor Yanukoviç hələ də Ukraynanın qanuni prezidentidir.
“Ukraynanın qanuni prezidenti müvəqqəti olaraq Rostovdadır və istənilən vaxt bizim rəhbərliyə müraciət edib Kiyevə qayıda bilər. Mən onun yerinə olsaydım, Rusiya rəhbərliyinə müraciət edib Kiyevə qayıtmaqda kömək xahiş edərdim. Rusiya istəsə, güc yolu ilə onu Kiyevə qaytarıb öz iqamətgahında əyləşdirə bilər. Və heç kim buna müqavimət göstərməyə cəsarət etməz” - deyə Jirinovski bildirib.
Aparıcı sual verib: “Yəni o, Kiyevə rus hərbçiləri ilə qayıdacaq?”
Jirinovskinin cavabı belə olub: “Əvvəlcə o, Ukraynanın sərhəd xidmətinə və Ali Radaya müraciət edəcək ki, mən Ukraynanın qanuni prezidentiyəm, Kiyevə qayıdıram, şərti olaraq martın 15-də. Xahiş edirəm mənim təhlükəsizliyimi təmin edəsiniz və üç saat ərzində cavab verməyinizi xahiş edirəm. Onlar təbii ki, cavab verməyəcəklər. Onda o, Rusiya rəhbərliyinə müraciət edəcək. Deyəcək ki, xahiş edirəm mənə, Ukraynanın qanuni prezidentinə paytaxt Kiyev şəhərində öz səlahiyyətlərimin icrasını həyata keçirməkdə kömək edəsiniz. Və biz bunu təmin edəcəyik. Heç kimin ona barmağı ilə də toxunmağa cəsarəti çatmayacaq. Hamısı evdə oturacaq - Təhlükəsizlik Xidməti, milis, sərhədçilər.
Bizim desant təyyarələrimiz Kiyevə enəcək
Yanukoviçin prezident maşını təyyarədən düşürüləcək və o, bizim mühafizəmiz altında öz iqamətgahına hərəkət edəcək. Heç kimin bir güllə atmağa da cəsarəti çatmayacaq, çünki dərhal həbs olunacaqlar və Moskva hərbi tribunalına veriləcəklər” - deyə Jirinovski bildirib.
Aparıcı soruşur: “Bəs Viktor Yanukoviçin sonrakı taleyi necə olacaq?
Jirinovski: “Mən hesab edirəm ki, yaxın aylarda o, Kiyevə qayıdacaq və 2015-ci ilin martına qədər Ukraynanın prezidenti olacaq. Bax, ondan sonra qanuni seçkilər keçiriləcək və başqa seçilmiş prezident olacaq. Ola bilsin, Kiyevin həbs etməyə çalışdığı qubernator Dobkin, yaxud Donetskin başqa xalq qubernatoru Qubaryov, yaxud Luqanskdan Xaritonov olacaq. Yaxud ola bilsin Krımın indiki rəhbəri Konstantinov Ukraynanın prezidenti seçiləcək. Namizədlər tapılar. Gələn ilin martında Ukraynanın qalan hissəsində prezidentin səlahiyyət müddətinin başa çatmasından sonra qanuni əsaslarla yeni prezident seçiləcək”.
Radiostansiyanın aparıcısı D.Nadinanın sualı: “Siz 4 il əvvəl Krımdakı indiki vəziyyəti görmüşdünüz, təsvir etmişdiniz. Demişdiniz ki, Krım bizim olacaq. İndi isə Kiyevin və Ukraynanın cənub-şərq ərazilərinin Rusiyaya birləşdiriləcəyini deyirsiniz. Gəlin onda bu hadisənin nə vaxt baş verəcəyini də dəqiqləşdirək”.
Jirinovski isə belə cavab verir: “Gəlin ondan çıxış edək ki, bu il Krım, ola bilsin gələn il Luqansk, Zaporojye, Xerson, Nikolayevlə birlikdə Luqansk, daha bir il sonra Odessa Rusiyaya birləşdiriləcək. Yaxın bir il-il yarımda bütün cənub-şərqi Ukrayna Rusiyanın tərkibində olacaq”.
“Ukraynalıların hamısına Rusiya vətəndaşlığı verəcəyik”
“Bəs Qərbi Ukrayna?” - aparıcı sual edir.
Jirinovski: “Sonra da Qərbi Ukrayna. Qərbi Ukraynada ümumiyyətlə iqtisadiyyat yoxdur, onlar hamısı bizdə işləyir. Və biz Qərbi Ukraynanın sakinlərini dəvət edəcəyik. Rusiyaya xoş gəlmisiniz. Rusiya vətəndaşlığı almaq istəyənlər asanlıqla bunu edəcəklər.
İndi gələn həftə biz bu barədə qanunu qəbul edəcəyik. Qanun qəbul olunandan sonra bütün ukraynalılar ilk müraciətdəcə Rusiya pasportu alacaqlar. Onların hamısına Rusiya vətəndaşlığı verəcəyik”.
“Qarabağ da Rusiyanın tərkibinə daxil olacaq...”
Daha sonra dinləyici efirə qoşulub və Jirinovskiyə sual verib: “Vladimir Volfoviç, ola bilərmi ki, gələcəkdə Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağ da Rusiyaya birləşsin? Xatırlatmaq istəyirəm ki, Dağlıq Qarabağda referendum olanda hamı Rusiya Sovet Sosialist Federativ Respublikasının (RSFSR) tərkibinə daxil olmağın tərəfdarı idi”.
V.Jirinovskinin cavabı belə olub: “Siz tamamilə haqlısınız. Cənubi və Şimali Osetiya - bunlar osetin xalqıdır. Onların Şimali Osetiya ilə birləşməyə və avtomatik olaraq Rusiyanın tərkibinə daxil olmağa tam haqqı var. Abxaziyanın müstəqil olması çətindir, o, faktiki olaraq bizim tərkibimizdədir. Ona görə də perspektivdə Rusiyanın tərkibinə daxil olmaq barədə referendumun keçirilməsi gündəmə gələ bilər.
Dağlıq Qarabağa gəldikdə isə onlar heç vaxt razılığa gələ bilməyəcəklər. Ona görə də ən yaxşısı onu Rusiyanın tərkibinə daxil etməkdir. Bu halda ermənilər də inciməz, azərbaycanlılar isə barışmalı olacaqlar. Çünki Dağlıq Qarabağ Ermənistana qalmayacaq, Rusiyanın tərkibinə daxil olacaq.
Dnestryanı bölgə də həmçinin. Bütün keçmiş SSRİ ərazisində referendum yolu ilə, hansısa zorakılığa, fırıldağa yol vermədən Rusiyaya birləşmək arzusu baş qaldıracaq. Hamı Rusiyanın tərkibinə qayıdacaq və hamı üçün də yaxşı olacaq. Hamıya demokratiya, yaxşı təminat, təhlükəsizlik vəd edirik, hamı ildən-ilə daha yaxşı yaşayacaq”.
Söhbətə aparıcı D.Nadina qoşulur: “Bəs qərarı kim verəcək? Tutaq ki, sabah, o biri gün Krımdan sonra daha bir neçə regionun sakinləri Rusiyaya birləşmək istəyəcək. Kim qərar verəcək ki, hansını götürək, hansını yox?”
V.Jirinovski: “Kim istəyirsə, hamısını götürəcəyik. Qoy orada ruslar da, ukraynalılar da, tatarlar da, azərbaycanlılar da, ermənilər də yaşasın, kim istəyirsə. Bunlar bizim qonşularımızdır. Bütün bu ərazilər bizim keçmiş Rusiya imperiyasının və Sovet İttifaqının torpaqlarıdır. Biz 300, 400, 500 ildir bir yerdə yaşayırıq”.
***
Redaksiya qeydi: Vladimir Jirinovski çoxlarına sərsəm kimi görünə bilər. Lakin belə görünür ki, o, heç də sərsəm biri deyil və Rusiyanın imperiya ambisiyalarının əsas ideoloqlarından biri, Kremlin, prezident Vladimir Putinin planlarını əvvəlcədən anons edib ictimai rəyi hazırlayan peşəkar texnoloqdur.
Jirinovskinin Kreml və Putinlə nə dərəcədə bağlı olduğunu bilməyən yoxdur. Ona görə də onun Rusiyanın dövlət radiosunun efirində səsləndirdiyi fikirlərə, o cümlədən Dağlıq Qarabağın Rusiyaya birləşdiriləcəyinə dair dediklərinə qeyri-ciddi yanaşmaq olmaz.
Xatırladaq ki, bu ideya ilk dəfə deyil səslənir. Ötən ilin payızında Dağlıq Qarabağda erməni separatizminin baş ideoloqu olan bədnam yazıçı Zori Balayan Vladimir Putinə açıq məktub yazmışdı və onu Gülüstan sülh müqaviləsinə istinad edərək Dağlıq Qarabağı Rusiyaya birləşdirməyə çağırırdı. O vaxt ermənilər Balayanı bu məktubuna görə milli satqınlıqda və şərəfsizlikdə günahlandırdılar. Lakin prezident Serj Sərkisyan və Ermənistan hakimiyyəti Balayanın məktubuna heç cür reaksiya vermədi. Ermənistanda hesab edirdilər ki, Balayanın məktubu Sərkisyanla razılaşdırılıb və Kremlin yaxın perspektiv üçün
Комментарии
Отправить комментарий