NATO ilə Rusiya arasında Azərbaycan davası

NATO ilə Rusiya arasında Azərbaycan davası

Dəniz Təhlükəsizliyi Strategiyası NATO-nun "qolunu bağlayır”, Rusiya üçün "yaşıl işıq” yandırır

Dəniz Təhlükəsizliyi Strategiyasının mətninin hazırlanmasında Rusiyanın, Ukraynanın, Türkiyənin və Birləşmiş Ştatların müxtəlif adlarda olan sənədlərindən istifadə olunub. Sənəd ümumilikdə Azərbaycanın Dəniz Doktrinası kimi adlandırıla bilər. Lakin sənəd üzərində ilkin araşdırmalarımız göstərdi ki, bu sənəd çox "ehtiyatlı” olaraq hazırlanıb və öz məzmunu etibarilə əslində 2007-ci ildə qəbul edilmiş Milli Təhlükəsizlik Konsepsiyasından və 2010-cu ildə qəbul olunmuş Hərbi Doktrinadan fərqlidir. Araşdırmalarımız göstərir ki, qeyd edilən Strategiyada çoxsaylı çatışmazlıqlar diqqəti çəkir:
Ən əsas çatışmazlıq Azərbaycanın bu gün məruz qaldığı təhdidlərin, ərazisinin işğal altında olması faktının Dəniz Təhlükəsizlik Strategiyasında əsas müddəa kimi əksini tapmamasıdır. Əslində bu məsələ eyni zamanda birbaşa dəniz təhlükəsizliyi strategiyası ilə bağlıdır. Çünki Ermənistana aktiv hərbi-siyasi-iqtisadi dəstək göstərən iki ölkə - Rusiya və İran Xəzərdə Azərbaycanın qonşularıdırlar.
Ötən dövrlərdə mətbuatda əksini tapan bir sıra məlumatlara görə, Rusiyadan Xəzər dənizi vasitəsilə İrana daşınan bir sıra hərbi avadanlıqların sonradan Ermənistana ötürülməsi halları mövcud olub. Və yaxud Rusiya tərəfindən bir sıra hərbi afadanlıq və texnikanın İrana verilməsinin əvəzində İranın da Ermənistana bir sıra məsələlərdə dəstək olması kimi məlumatlar da mövcuddur. Beləliklə, Xəzərin təhlükəsizliyi Azərbaycan üçün eyni zamanda ərazisinin işğaldan azad olunması perspektivinə hesablanmış bir addım olmalı idi və bu Strategiyada əksini tapmalı idi.
Daha bir çatışmazlıq: bu sənəddə əsas xarici təhdidlər bölməsində konkret, aydın izahat, təhlil gözə dəymir. Lazım idi ki, bu bölümdə Azərbaycana Xəzərdən ola biləcək təhdidlərlə bağlı mövcud reallığın, Xəzəryanı ölkələrin atdıqları hərbi-siyasi addımların təhlili təqdim olunaydı.
Sənəddə Azərbaycanın Xəzər təhlükəsizliyi prosesində Qərb, NATO, xüsusilə də ABŞ-la əməkdaşlığı barədə ümumiyyətlə hər hansı məlumat qeyd olunmayıb. Halbuki, istər Azərbaycanın NATO ilə razılaşdırdığı Fərdi Tərəfdaşlığa dair Əməliyyat (İPAP) sənədi, istərsə də Birləşmiş Ştatların Avropadakı Komandanlığının – EUCOM-la "İş Planı” çərçivəsində Azərbaycanın Xəzər dənizində həyata keçirdiyi təhlükəsizlik tədbirləri mövcuddur.
Sənəddə bir sıra yerlərdə adı çəkilən Xəzəryanı müşahidə-nəzarət məntəqələri məhz Azərbaycanın EUCOM-la birgə əməkdaçlığı nəticəsində ortaya çıxıb. Sənəddə xüsusilə də son 2-3 il ərzində Azərbaycanın dənizdə energi ehtiyatlarının mühafizəsi üzrə ABŞ-la və eyni zamanda NATO ilə sıx əməkdaşlığına dair məqamlar əksini tapmayıb.
Sənəddə Xəzərdəki təhlükəsizlik məsələlərində bir sıra dövlətlərin xüsusilə də Türkiyə və Pakistanın rolu heç xatırlanmır da. Halbuki bu iki dövlət, xüsusilə Türkiyə müstəqil Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin formalaşmasında əsas rol oynayan ölkə hesab olunur.
Qeyd edək ki, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında bildirilir ki, Azərbaycan Respublikası Avratlantik strukturları ilə tərəfdaşlığı bütövlükdə Avratlantik məkanında ümumi təhlükəsizliyə, iqtisadi inkişafa və demokratiyaya dəstək verəcək vasitə kimi görür. Qeyd olunur ki, Azərbaycan Respublikası Avropa və Avratlantik məkanında qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında NATO ilə birgə işləyir və təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi və siyasi ayrı-seçkilik olmadan Avropada və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmindədir.
Bu sənəddə Azərbaycanın NATO ilə əməkdaşlığının onun müxtəklif sahələrinə, eyni zamanda Xəzərdə təhlükəsizlik qayğılarının qarşılanmasına verdiyi və verəcəyi töhfələr hər bölümdə təkrarlanır. Lakin təəəssüf ki, Strategiyada bunu görmək mümkün deyil.
Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında göstərilir: "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında 2006-cı ildə imzalanmış "Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında" Anlaşma Memorandumu Avropa İttifaqının üzvü olan ölkələrin enerji mənbələri və nəqli yollarının çoxşaxəliliyinin təmin edilməsi, Azərbaycan Respublikasında enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, enerji resurslarından səmərəli istifadə olunması və tükənməz enerji mənbələrindən yararlanmasına öz töhfəsini verəcəkdir. Azərbaycan Respublikasının Avropa İttifaqı ilə daha yaxından əməkdaşlıq etməsi Qafqazda sabitliyə töhfə verəcək və Avropa dəyərlərinin yayılmasına kömək edəcəkdir”.
Bu barədə Strategiyada hər hansı xatırlama yoxdur. Sənədin 5.5.1 bölümündə qarşılıqlı beynəlxalq fəaliyyət üzrə tədbirlər əksini tapıb və burada Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi üçün sahilyanı dövlətlərin iştirakı ilə üç əsas tədbirin həyata keçirilməsinin vacibliyinin vurğulanması əslində Xəzərin təhlükəsizliyinin təmin olunmasında Qərb ölkələrinin, NATO-nun, ABŞ-ın iştirakını mümkünsüz edir. 5.5.1.1-də qeyd olunan "mövcud təhdidlər və onların prioritetlər üzrə sıralanmasında Xəzəryanı dövlətlərin ümumi fikir vahidliyinin yaradılması və dövlətlərarası səylərin birləşdirilməsi” və 5.5.1.2-də əksini tapan "bütün Xəzəryanı dövlətlər tərəfindən terror aktları və digər cinayət fəaliyyətinə vaxtında və effektiv cavab verilməsi üzrə öhdəliklərin tam yerinə yetirilməsinə zəmanət verən yeni təşəbbüslərin irəli sürülməsi” kimi fikirlər əslində Rusiyanın milli maraqlarına uyğun olan bir müddəadır və rəsmi Moskvanın Xəzərdə bir vaxtlar yaratmaq istədiyi "Kasfor” – Xəzər Təhlükəsizlik Qüvvələri ideyasının gerçəkləşməsinə rəsmi Bakı tərəfindən yandırılmış "yaşıl işıq” kimi başa düşülə bilər.
Daha bir problem sənəddə Xəzərin hüquqi statusunun həllinə mane olan amillərin göstərilməməsidir. Bəllidir ki, bur gün Azərbaycana üçün Xəzər təhlükəsizlik strategiyasında əsas problem dənizin hüquqi statusunun müəyyən olunmaması ilə bağlıdır. Strategiyada bu problemə ən azı bir bölümün həsr olunması, qeyd edilən istiqamətdə proseslərin keşmişi, hazırkı durumu və perspektivlərinə dair ətraflı məlumatlar əksini tapmalı idi. Amma təəəssüf ki, qeyd edilən problem barədə yalnız bir-iki ötəri məlumat verilir.
Başqa bir problem Azərbaycanın dəniz təhlükəsizliyinə cavabdeh olan dövlət qurumlarının, hərbi və güc strukturlarının bu günkü vəziyyəti və perspektivləri barədə informasiyalar əksini tapmayıb. Bir çox dünya ölkələrinin (Türkiyə, ABŞ, Rusiya) analoji dəniz strategiyalarında təhlükəsizliyi təmin edən qurumlarda islahatların bu günü və perspektivləri əksini tapır.
Araşdırmalarımız göstərir ki, sənəd ümumilikdə nəzəri xarakter daşıyır və orada gerçək problemləri görmək mümkün deyil. Bu sənəd əslində Xəzərin təhlükəsizliyinin təmin olunması prosesində NATO-nun "qolunu bağlayır”, Rusiya üçünsə "yaşıl işıq” yandırır.
Xüsusilə də təəssüf doğuran məqam ondan ibarətdir ki, sənədin hazırlanmasında geniş kütlələr, ictimaiyyət işitirak etməyib. Bu sənəd ictimaiyyətdən gizlin hazırlanıb və dərhal da təsdiq edilib. Beləliklə, ümumilikdə düşünmək olar ki, bu sənəd Azərbaycanın mövcud milli təhlükəsizlik maraqlarını, onun Avroatlantik məkana inteqrasiya hədəflərini əks etdirmir. Bu sənəd bir sıra müddəalar baxımından Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi doktrinası ilə ziddiyyət təşkil edir. Fikrimcə, bu sənəd rəsmi Bakı tərəfindən Rusiyanın təhdidləri altında həddən ziyadı "ehtiyatlı” hazırlanmış bir sənəd kimi qəbul edilə bilər.

Cəsur Sümərinli

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами