ABŞ əsgərləri Azərbaycanda
ABŞ əsgərləri Azərbaycanda
Azərbaycan Pentaqon Amerika hərbçilərinin təhlükəli şəraitdə xidmətə görə əlavə haqq aldıqları ölkələr siyahısındadır
Pentaqon bəyan edib ki, Amerika qoşunlarının yerləşdirildiyi ölkələr sırasından hərbçilərin təhlükəli şəraitdə xidmətə görə əlavə haqq aldığı ölkələrin bir qismi çıxarılıb. Bununla bağlı virtualaz.org saytı Pentaqonun rəsmi saytına istinadən xəbər verir ki, belə ölkələrin sayı Amerika hərbçilərinin yerləşdirildiyi ölkələrin ümumi sayının təqribən üçdə biri qədər azaldılıb. Nəticədə ABŞ Müdafiə Nazirliyi 100 milyon dollara qədər vəsaitə qənaət etmək imkanı qazanıb.
Maraqlıdır ki, Pentaqon Azərbaycanı Amerika hərbçilərinin təhlükəli şəraitdə xidmətə görə əlavə haqq aldıqları ölkələr siyahısında saxladığını elan edib. Bununla da Pentaqon ABŞ-ın Azərbaycanda hərbi iştirakını da təsdiqləmiş olub.
Açıqlamada bildirilir ki, Pentaqonun Amerika hərbçilərinin təhlükəli şəraitdə xidmətə görə əlavə ödəmə aldıqları ölkələrin sırasından Bəhreyni, Səudiyyə Ərəbistanını və bəzi digər körfəz ölkələrini çıxarıb. "Vətəndaş müharibələri, vətəndaş üsyanları və hərbi əməliyyatlarla bağlı Amerika hərbçilərinin həyatı üçün yaranan bilavasitə təhlükə bir çox ölkələrdə əhəmiyyətli ölçülərdə azalıb. Nəticədə bu ölkələrdə hərbçilərə təhlükəli şəraitdə xidmətə görə əlavə ödəmələr dayandırılır” deyə Pentaqonun açıqlamasında bildirilir.
Siyahıdan çıxarılan ölkələrin sayı 20-dən artıqdır. Yeni qayda 2014-cü il iyulun 1-dən qüvvəyə minir. Belə ölkələr arasında yer alan Bəhreyndə ABŞ hərbi dəniz qüvvələrinin 5-ci donanmasının qərargahı yerləşir. Təhlükənin azaldığı ölkələr siyahısında Küveyt, Qətər, Oman, Birləşmiş Ərəb Əmirlikləri, habelə Özbəkistan və Qırğızıstan da yer alır. Bir çox ölkələrin hava məkanlarından və su yollarından istifadəyə görə yaranan təhlükənin də azaldığı elan edilib.
Bununla belə Pentaqon bildirir ki, Amerika hərbçiləri 10 ildən çoxdur döyüş əməliyyatları apardıqları Əfqanıstan və İraqda, habelə Suriya ilə sərhəd olan İordaniya və Türkiyədə təhlükəli şəraitdə xidmətə görə əlavə pul almaqda davam edəcəklər. Eləcə də dəniz quldurlarının fəaliyyətdə olduğu Somali sahillərində xidmət edən Amerika hərbçiləri də təhlükəyə görə əlavə haqq alacaqlar.
ABŞ-ın "Əl-Qaidə” terrorçularını saxladığı Quantanamo bazasında, habelə İsraildə, Azərbaycanda və Yunanıstanın paytaxtı Afinada dislokasiya olunmuş Amerika hərbçiləri də əlavə ödəməni almaqda davam edəcəklər.
Amerika quru qoşunlarının polkovniki , Pentaqonun mətbuat katibi Stiv Uorren bildirib ki, Müdafiə Nazirliyi 2012-ci ildə hərbçilərə təhlükəli şəraitdə xidmətə görə əlavə 500 milyon dollar ödəyib. Amerika hərbçiləri təhlükəli şəraitdə xidmətə görə sutkada cəmi 7.5 dollar, ayda ən çoxu 225 dollar alır.
Uorren deyib ki, bir çox ölkələrdə Amerika hərbçiləri üçün təhlükəli şəraitdə xidmətə görə əlavə ödəmələrin ləğv edilməsi büdcə çətinlikləri ilə bağlı deyil və belə dəyişikliklər vaxtaşırı olaraq aparılır. Sonuncu dəfə 2011-ci ildə belə dəyişikliklər aparılıb. Polkovnik Uorren bildirib ki, 2012-ci ildə 194 min 189 hərbçi əlavə ödəmə alıb. Dəyişikliklər nəticəsində belə hərbçilərin sayı 50 min nəfər azalacaq. Bu da 100 milyon dollar vəsaitə qənaət etməyə imkan verəcək.
Pentaqonun bu açıqlamasının sensasion detalı bundan ibarətdir ki, ABŞ Müdafiə Nazirliyi rəsmi olaraq Azərbaycanda hərbi iştirakını təsdiqləyir. Özü də elan edir ki, Azərbaycan Amerika hərbçilərinin həyatı üçün bilavasitə təhlükələrin mövcud olduğu ölkələr sırasındadır. ABŞ-ın Azərbaycanda xüsusi təyinatlılardan ibarət məhdud hərbi kontingent yerləşdirildiyi barədə əvvəllər bir neçə dəfə Qərb qaynaqlarında məlumatlar yer alırdı. Lakin rəsmilər heç vaxt bu barədə təsdiqləyici nəsə deməyiblər.
Комментарии
Отправить комментарий