Qənirə Paşayeva generalların müdafiəsinə qalxdı
Qənirə Paşayeva generalların müdafiəsinə qalxdı |
Tarix: 02.07.2013 | Saat: 17:58:00 | E-mail | Çapa göndər |
Millət vəkili Qənirə Paşayeva parlamentin növbədənkənar sessiyasının iyulun 2-də keçirilən son plenar iclasında çıxışı zamanı Azərbaycanın məşhur generalları Əliağa Şıxlinski və ilk hərbi nazir Səməd bəy Mehmandarovun məzarlarının vəziyyəti məsələsini gündəmə gətirib.
Millət vəkili çıxışında öncə Azərbaycan milli ordusunun yaranmasının 95-ci ildönümü ilə bağlı iyunun 26-da yüksək səviyyəli hərbi paradın keçirildiyini bildirib və sözlərinə əlavə edib ki, bu parad Azərbaycanın həm dostlarına, həm də düşmənlərinə önəmli mesajlar verdi:
“Çox əlamətdar haldır ki, ölkə rəhbəri İlham Əliyevin ali baş komandanlığı ilə Azərbaycan ordusu çox yüksək səviyyədə inkişaf edir və eyni zamanda ilk müstəqil Azərbaycan ordusunun 95-ci ildönümü ilə bağlı yüksək səviyyəli tədbirlər keçirilir. Eyni zamanda, o da məlumdur ki, sentyabrın 15-də Bakının bolşeviklərdən, daşnaklardan azad edilməsinin 95-ci ildönümü gəlir”.
Millət vəkili qeyd edib ki, Azərbaycanın paytaxtı olan Bakının azad edilməsində Qafqaz İslam Ordusu ilə yanaşı Azərbaycanın görkəmli oğulları-sərkərdələri, ilk hərbi nazirimiz Səməd bəy Mehmandarovun və Çar Rusiyasının “Artilleriya Allahı” adlandırılan Əliağa Şıxlinskinin böyük, danılmaz rolu olub.
“Ancaq çox təəssüflər olsun ki, bu gün hər iki sərkərdəmizin məzarları baxımsız vəziyyətdədir. Hətta Səməd bəy Mehmandarovun məzarı belə mövcud deyil. Hansı ki, vaxtilə onun Çəmbərəkənd qəbiristanlığında dəfn etmişdilər. Sonra həmin qəbiristanlığı Kirov adına Dağüstü Park etdikdən sonra onun məzarı dağıdılmış və yerinə sadəcə daş qoyulmuşdu”.
Q.Paşayeva Bakının azad olunmasının 95-ci il dönümü ilə əlaqədar Səməd bəy Mehmandarovun indiki Şəhidlər Xiyabanında məzarının tikilməsinin yaxşı hal ola biləcəyini vurğulayıb.
“Bununla yanaşı Əliağa Şıxlinskinin Yasamal qəbiristanlığındakı son dərəcə bərbad olan məzarı Fəxri Xiyabana köçürülsün və onun orada çox yüksək səviyyədə qəbirüstü abidəsi ucaldılsın. Elə bilirəm ki, bu addım çox əhəmiyyətli və önəmli olardı”.
|
Xəbər 77 dəfə oxundu |
Комментарии
Отправить комментарий