Ermənistanın müdafiə nazirinin keçmiş müavini, qondarma Dağlıq Qarabağ Respublikasının “müdafiə nazirinin müavini” Artur Aqabekyan Rusiyanın Azərbaycana satdığı silahlarla bağlı narahatlığını ifadə edib.
Publika.Az-ın “Aravot” qəzetinə istinadən verdiyi xəbərə görə, “nazir müavini” strateji müttəfiqinin Azərbaycana dinc əhalisinin məhv edilməsi üçün nəzərdə tutulmuş hərbi texnikanı satdığını bildirib.
“Dinc əhaliyə qarşı tətbiq edilən silah təlaşa səbəb olur. Cəbhədə olan vuruşan əsgərlərimiz bilir ki, arxada onların valideynləri, doğmaları var. Bu baxımdan müəyyən məsələləri həll etmək lazımdır. Siyasətçilərimiz, bizə dost olan ölkələrin siyasətçiləri bildirməlidir ki, Rusiya Azərbaycana dinc əhalinin məhv edilməsi üçün hərbi texnika satıb”,- erməni hərbçisi bildirib. O, Ermənistanda və Dağlıq Qarabağda belə siyasətçilər tapılacağına və silah satışı sazişinə obyektiv qiyməti verəcəyinə inandığını qeyd edib.
Qeyd edək ki, Rusiya 2011-2012-ci illər ərzində Azərbaycanla dəyəri 1 milyard dollar olan müqavilə imzalayıb. Müqaviləyə əsasən, Azərbaycana 94 ədəd T-90C tankı, 100-ə yaxın BMP-3, 18 ədəd “Msta-C” özüyeriyən artilleriya qurğusu, 18 ədəd “Smerç” reaktiv atəş qurğusu, 18 ədəd “Vena” artilleriya topu və 6 ədəd ağır atəş sistemi olan “TOC-1A” satılıb.
Müqavilətə əsasən, bu silah komplektlərinə döyüş mərmiləri və bütün təmir-xidmət aparatları da daxildir.
«Karabakh-open» portalına müsahibəsində Qarabağ separatçılarının silahlı dəstələrinin sabiq rəhbəri Arkadi Karapetyansa Rusiyanın Azərbaycana böyük həcmdə silah satışına münasibət bildirərkən deyib ki, Rusiya ermənilərin növbəti soyqırımını hazırlayır.
Karapetyan bu silahların minlərlə erməninin məhvinə yönəldiyini ifadə edib: “Düşünmürəm ki, Rusiya silah sataraq Cənubi Qafqazda balansa riayət etməyə çalışır. Əksinə o vəziyyəti közərdir və öz bazasını gücləndirir, hansı ki, Ermənistana aid deyil. Xüsusilə Azərbaycanın «Smerç» reaktiv yaylım atəş komplekslərini əldə etməsi məni narahat edir. Heç düşünürsünüz, bu silahlar Xankəndinə yönəldilsə, nə olacaq? Minlərlə insan həlak olacaq».
Karapetyan bildirib ki, Rusiya Ermənistana T-72, Azərbaycana isə T-90 tanklarını satır: «Niyə balans üçün onlar bizə «Smerç» və qırıcı təyyarələr vermirlər?».
Rusiyanın Ermənistanda yerləşdirdiyi «İskəndər» operativ-taktiki raketlərindən danışan Karapetyan bildirib ki, bu raketlər Rusiyanın Ermənistandakı bazasına verilib. Ermənistanda həmin raketlərin tətbiqi üzrə mütəxəssis yoxdur: «Bundan başqa, «İskəndər» qərargahlara və ayrı obyektlərə qarşı yönəldilmiş ola bilər. Amma «Smerç» - kütləvi qırğın yaradan silahdır. Bir «Smerç» maşını 67 hektar ərazidə hər şeyi məhv edə bilər. Bizim regionumuzda «Smerç» atom bombasına bərabərdir. Azərbaycanın Qarabağda «Smerç»ləri tətbiq etməsi ermənilərin soyqırımı deməkdir. Rusiya müəyyən etməlidir - biznesmendir və ya ciddi dövlət?»
Ömər Əmirov
Комментарии
Отправить комментарий