Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Nəcəfov


Növbəti güllə həyatına son qoya bilərdi... Milli Qəhrəmann: Fəxrəddin Nəcəfov (Aira Turan)



10 Kasım 2010 Çarşamba, 00:34 · tarihinde Azərbaycan Var Olsun tarafından eklendi






Milli

 

Qəhrəman


 Fəxrəddin

 

Nəcəfov



Görkəmindən hüzn yağan ortayaşlı qadınla oğlu 
dayanacağa yaxınlaşanda sərnişin gözləyən taksi sürücüləri bir yerə toplaşıb söhbət edirdilər. Gələnləri görən kimi söhbəti kəsdilər. Sürücülərdən biri onlardan gedəcəkləri ünvanı öyrənib rolun arxasına keçdi. Qadınla oğlan da maşına əyləşdilər. Sürücü maşını işə saldı. Yola düşdülər. Görünür, sürücünün ürəyi dolu idi. Yoldaşları ilə yarımçıq qalan söhbətini davam etdirməsə, rahatlıq tapmayacaqdı. Çox getməmişdilər ki, danışmağa başladı:

- Ana, bayaq onu deyirdim ey… Allah erməninin evini yıxsın. Nə qədər igid oğullarımız torpaqlarımız uğrunda qurban getdi.

Qadın gözlərini maşının pəncərəsindən ayırmadan başı ilə sürücünün dediklərini təsdiqlədi. O, söhbətinə davam etdi:

- Heç yadımdan çıxmaz… Sentyabrın 4-də ermənilər yenidən Ağdərə rayonunun Çıldıran kəndinə hücum etdilər. 1992-ci il idi. Qarabağ torpaqları uğrunda müharibənin ən ağır vaxtları idi. O gün də çox dəhşətli bir döyüş başladı. Düşmənlərimiz döyüş mövqelərinə görə bizdən üstün idilər. Onlar dağda, qayaların başında dayanıb bizi atəşə tuturdular. Ermənilərin bir üstünlüyü də döyüş texnikası cəhətdən güclü olmaları idi. Bizim gücümüz isə onda idi ki, öz torpaqlarımız uğrunda mübarizə aparırdıq. Qisas hissimiz, hiddətimiz coşub-daşırdı. Komandirimiz baş leytenant Fəxrəddin Nəcəfov çox igid oğlan idi…

Qadınla yanında əyləşmiş on beş yaşlı oğlan bu adı eşidəndə elə bil diksindilər. Hüznlü simaları canlandı. Taksi sürücüsü bunu hiss etdisə də, əhəmiyyət vermədi:

- Elə qoçaq oğullar az-az gəlir dünyaya, - dedi. - Bu insan qorxu nə olduğunu bilmirdi. Elə döyüşürdü ki… Onunla çiyin-çiyinə vuruşanda ürəyimizə bir arxayınlıq gəlirdi. Özünün də nə yaşı vardı, 25 yaşındaydı. Amma əsl komandir idi. Hamımıza can yandırırdı. Ona görə əsgərlər xətrini çox istəyirdilər.

Taksi sürücüsü atəşkəs elan ediləndən sonra ordudan tərxis olunanlardan idi. Keçmiş döyüşçü olması ilə fəxr edirdi. Cəbhə xatirələrindən danışanda heç nəyi artırıb-əskiltmirdi, çünki qəlbinə qəribə hisslər hakim kəsilirdi. Ona elə gəlirdi ki, bir yerdə döyüşdüyü şəhid oğullar onu görür, bütün söhbətlərini eşidirlər. İndi də hadisə necə baş vermişdisə, elə danışırdı:

- Güllə səslərindən qulaq tutulurdu. Hər yandan od yağırdı. Düşmənlərin atdığı güllələrdən biri döyüşçülərimizin birinə dəydi. O, ağrılardan qıvrılaraq dikəldi. Ermənilərin hədəfində idi. Növbəti güllə həyatına son qoya bilərdi. Fəxrəddin yaralı döyüşçüyə kömək etmək üçün yerindən sıçradı. Onu qucaqlayıb yerə uzatmaq istədi. Ucaboylu komandirimizi düşmənlər o an gördülər, yerbəyerdən atəşə tutdular. Fəxrəddinin yaraları ağır idi…

Birdən sürücünün nəzərləri maşının güzgüsündə qadının baxışları ilə qarşılaşdı. Ağlamırdı. Gözlərindəki lal sükutda parça-parça olmuş bir qəlbin fəryadı var idi. Sürücü maşını saxladı. Başını geri çevirdi. Baxdı… baxdı... Suala ehtiyac belə qalmadı: qarşısındakı igid komandiri Fəxrəddin Nəcəfovun anası idi. Onun çiyninə söykənmiş bu cavan oğlan isə yəqin ki, qardaşı idi. Bir suyundan Fəxrəddinə oxşayırdı. Gözləri qəzəbdən alışıb yanırdı. Düşmənin adı çəkiləndə Fəxrəddində də belə olurdu. Taksi sürücüsü peşman olmuşdu. İstəmədən dünyada xatirəsini ən əziz tutduğu insanlardan birinin doğmalarının yaralarının közünü qoparmışdı.

Ananın gözlərində yalvarış var idi: «Oğlumdan yenə danış», - deyirdi. Sürücü nəzərlərini yayındırdı. Ürəyində özünü qınadı: «Niyə onları görən kimi tanımadım?». Güclə dilləndi:

- Məni bağışla, ana. Yaralarının közünü qopardım.

«O yara heç köz bağlamır, oğul, elə həmişə sızım-sızım sızlayır», ana bu sözləri də dərdli baxışları ilə dedi. Sürücü həmişə cəbhə xatirələrindən danışanda sonda mütləq and içirdi: «Allaha and olsun, Ali Baş Komandanımızın əmrini gözləyirəm. Günü bu gün əmr versə, döyüşə birinci könüllü gedənlərdən olacağam». İndi isə susdu. Belə sözlər söyləmək ona yersiz göründü. Bu anda bir məsələ onun üçün qəti idi: Fəxrəddin Nəcəfov kimi oğulların ruhu rahatlıq tapmalıdır, bunun üçün o torpaqlar ya sülhlə, ya müharibə yolu ilə geri qaytarılmalıdır. Əli silah tutan hər kəs doğma torpağının müdafiəsinə qalxmalıdır. Mənzil başına çatanadək sürücü kəlmə kəsmədi. «Fəxrəddin kimi oğullar təkcə öz ailələrinin yox, xalqının qürurudur». Bunu demək istəyirdi. Deyə bilmədi. Ayrılanda oğlu Dağlıq Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş bütün azərbaycanlı analarının əvəzinə Fəxrəddin Nəcəfovun anası Lida xalanın qarşısında baş əydi.

Onun deyə bilmədiklərini həssas ana qəlbi ilə duydu, hiss etdi Lida xala. Bircə ona təəssüf etdi ki, keçmiş döyüşçü qəhərlənib oğlu barədə danışa bilmədi. Onun ürəyini ağrıdacağından qorxdu. Daha bilmədi ki, Lida xala üçün indi oğlu Fəxrəddin barədə danışmaqdan xoş heç nə ola bilməz.

Həmişə deyirdi, ömrümün ən xoşbəxt günü 1967-ci ilin 31 martıdır. Həmin gün ilki Fəxrəddin dünyaya gəlmişdi. Nə onu, nə də atasını heç incitməzdi Fəxrəddin. Qonşular onun tərbiyəsindən danışardılar. Orta məktəbdə oxuyanda da hamıya nümunə göstərilirdi. Sakit təbiətli idi. Heç vaxt evə dava-dalaş salıb gəlməzdi. Yaxşı əl qabiliyyəti var idi. Elə gözəl rəsmlər çəkirdi ki. Ancaq onun rəssam olmayacağını bilirdilər. Çünki bütün meyli hərbçilik sənətinəydi. 1984-cü ildə Nəsimi rayonundakı 19 saylı orta məktəbi bitirdi. Bir müddət Bakı Çini Qablar Zavodunda işlədi.

Bir ildən sonra əsgərliyə çağırıldı. Arxangelsk vilayətində hərbi xidmətə yollandı. Lida xala iki il balasının nə üzünü gördü, nə də səsini eşitdi. Onun ətrini məktublarından aldı. Sonralar bildi ki, oğlu çox çətin bir hərbi xidmət keçib. Ancaq məktublarında öz vəziyyətindən şikayətlənmir, anasına ürək-dirək verirdi. 1987-ci ildə hərbi xidmətini başa vurub Bakıya qayıtdı. DİN-in Yanğından Mühafizə İdarəsində işə qəbul olundu. 1988-ci ildə nazirliyin təqdimatı ilə Xarkov Yanğından Mühafizə Ali Hərbi Məktəbinə göndərildi. 1990-cı ildə təhsilini başa vurdu. Təhsil müddətində özünü fəal göstərmişdi. Odur ki onu həmin məktəbdə saxlamaq istəyirdilər. Fəxrəddin isə Bakıya can atırdı. Geri qayıtdı. 14 saylı Yanğından Mühafizə İdarəsində qarovul rəisi vəzifəsinə təyin olundu.

O vaxtlar hər gün Dağlıq Qarabağdan ağır xəbərlər gəlirdi. Erməni yaraqlıları getdikcə azğınlaşır, azərbaycanlılara işgəncələr verir, günahsız insanları qətlə yetirirdilər. Vətənin qeyrətli oğulları bu faciələrə biganə qala bilmir, özlərini soydaşlarımızın harayına yetirirdilər. 1991-ci ilin oktyabrında Fəxrəddin Nəcəfov da iş yerindən könüllü olaraq Goranboy cəbhəsinə getdi. Todan və Buzlaq kəndlərinin müdafiəsi uğrunda döyüşlərdə iştirak etdi.

1992-ci ildə onu Ağdam cəbhəsində döyüşən hissələrin birinə bölük komandiri təyin etdilər. Ağdamın Canyataq və Gülyataq kəndləri uğrunda gedən ağır döyüşlərdə iştirak etdi.

O, evə gələndə Lida xala sevindiyindən nə edəcəyini bilmirdi. Ananın qəlbi çox narahat idi. Ancaq oğluna «müharibəyə getmə», demirdi. Oğul Vətən üçün böyüdülür. Bir də anası görürdü ki, Fəxrəddin bir neçə günlüyə evə gələndə də döyüş yoldaşlarının nigaranlığını çəkir. «Görəsən uşaqlar neylədilər?», deyirdi. Doğma şəhərdə, isti ata ocağında bir an dinclik tapa bilmirdi Fəxrəddin. Orada – cəbhədə gözləri önundə mərdliklə vuruşan döyüş yoldaşlarından neçəsi həlak olur, qolları üstündə can verirdi. Arxa cəbhədə güllə səsləri eşidilmirdi. Müharibənin ağrı-acısı başqa cür çəkilirdi burda. Cəbhədə olan doğmalarını itirmək qorxusu var idi, bir də şəhid analarının, bacılarının nalələri, göz yaşları… Bunları görmək Fəxrəddin kimi igid oğullar üçün düşmənə qarşı gərgin döyüşlərdə iştirak etməkdən, ölümlə üz-üzə dayanmaqdan ağır idi. Evə hər gəlişində yaxından, uzaqdan tanıdığı neçə cavanın şəhid olduğunu eşidirdi. Bir dəfə də gəlib öz ailə üzvlərini gözüyaşlı gördü. Əmisi oğlu Aqil Quliyev Dağlıq Qarabağ uğrunda döyüşlərin birində şəhid olmuşdu. Fəxrəddinlə Aqil qohum olmaqdan başqa, həm də uşaqlıq dostu idilər. Şəhidlər Xiyabanına getdi. Dostunun məzarı başında bundan sonra da düşmənə qarşı amansız olacağına, Aqil Quliyev kimi igid oğulların qanını yerdə qoymayacağına and içdi.

Cəbhədə baş verənlərdən ən çox da anasının yanında danışmırdı Fəxrəddin. Döyüşlərin birində ayağından güllə yarası almışdı. Bakıya gəldi. Xəstəxanada müayinə olundu. Bir neçə gün evdə qaldı. Yaralı olduğunu valideynlərindən, bacı-qardaşından gizlətdi. Arabir öz otağına çəkilirdi. Yarasını açıb dərman qoyur, sarıyırdı. Tam sağalmamış yenidən döyüşə yollandı.

Həmin ilin yayında Ağdərə istiqamətində gedən gərgin döyüşlərin birində təyyarəçimiz döyüş tapşırığını yerinə yetirərkən qəflətən uğursuzluqla üzləşdi, düşmənlərin nəzarətində olan əraziyə düşdü. Təyyarəçi xilas edilməli idi. Düşmənlərin onu əsir götürmələrinə yol vermək olmazdı. Bu çətin əməliyyat Fəxrəddin Nəcəfovun başçılıq etdiyi bölüyə tapşırıldı. Onlar düşmənlərin nəzarət etdikləri ərazi ilə bir neçə kilometr irəlilədilər. Gərgin axtarışlardan sonra təyyarəçini tapdılar. O, ağır yaralı idi. Tapşırığın bir hissəsi yerinə yetirilmişdi. Təyyarəçi ilə birlikdə geri dönürdülər. Ancaq onları yenə böyük təhlükə gözləyirdi. Döyüşçülərimiz Canyataq kəndində düşmənin mühasirəsinə düşdülər. Atışma başladı. Qüvvələr qeyri-bərabər idi. Fəxrəddingilin dəstəsi üç gün gecə-gündüz sayca onlardan qat-qat çox olan düşmən qüvvəllərinə qarşı vuruşdular. Artıq döyüş sursatları və ərzaqları tükənməkdəydi. Yaralı təyyarəçinin vəziyyəti də getdikcə ağırlaşırdı. Bir yol qalırdı: düşmənlərin diqqətini yayındırmalı, mühasirəni yarıb keçməli idilər. Komandir bir neçə döyüşçü ilə sürünə-sürünə düşmən mövqelərinin arxasına keçdi. Sonra istiqaməti dəyişdilər. Erməni işğalçılarının heç gözləmədikləri istiqamətdən hücuma keçdilər. Atışma bir neçə dəqiqə çəkdi. Düşmənin atəş nöqtələri susduruldu. Çətin əməliyyat uğurla başa çatdı. Xilas edilən təyyarəçi hospitala göndərildi. Fəxrəddin Nəcəfova döyüş şücaətinə və komandanlıq bacarığına görə baş leytenant rütbəsi və 10 min manat mükafat verildi.

…1992-ci ilin avqustunda cəbhədən qayıtdı. Bir neçə yerindən yaralı idi. DİN-in hospitalında müalicə olundu. Avqustun 31-də evə gəldi. Qolundan, ayağından aldığı yaralar qan verirdi. Lida xala onlara baxdıqca sızlayırdı. Fəxrəddin isə yenə özünü şux tuturdu. Onun dözümü kiçik qardaşı, on dörd yaşlı Pərvizi heyrətə gətirirdi. Böyük qardaşının əsl qəhrəman olduğunu düşündükcə köksü qürurla qabarırdı. …1992-ci ilin 2 sentyabr gecəsini sonralar Vəliyəddin kişi də, Lida xala da, İlahə də, Pərviz də həyatlarının ən gözəl anları kimi yada salacaqdılar. Yenə bir yerdəydilər. Bir-birlərindən xəbərsiz hamısının qəlbinə eyni duyğular hakim kəsilmişdi. İstəyirdilər zaman keçib-getməsin. Bu gecə heç bitməsin. Fəxrəddin sabah yenə cəbhəyə gedəcəkdi. Hələ sağalmamışdı. Ancaq yenə döyüş yoldaşlarını düşünürdü. Fəxrəddinin qəribə əhvalı var idi. O gün bütün qohumlarına, dostlarına baş çəkmişdi, hamı ilə beləcə vidalaşmışdı. Amma valideynləri, bacı-qardaşı bunu bir neçə gün sonra biləcəkdilər…

O gecə Fəxrəddini çox dilə tutdu anası ilə bacısı. «Nişanlan, toyunu görək» deyib boyunu oxşadılar. Fəxrəddin sevindirdi onları. Gülə-gülə: «Bu dəfə cəbhəyə gedim, qayıdım, sonra…», dedi. Sentyabrın 3-də Ağdama yola düşdü. Həmişə Fəxrəddin getdiyi gündən onun yollarına göz dikir, gəlişini gözləyirdilər. Sağ-salamat qayıdacağına inanırdılar. Ölümü bu ucaboylu, şux qamətli, yaraşıqlı cavana kim yaraşdırardı? Ancaq o gün hamısının ürəyində bir üzüntü var idi.

Sentyabrın 4-ü gecəsi anasının yuxusuna gəldi Fəxrəddin. Qapının ağzında dayanmışdı. Hara isə gedənə oxşayırdı. «Təzə bir otaq almışam» deyib anasını muştuluqladı.

…Lida xala səhər oyanandan yuxusunu tərsinə yozub, özünü aldatmaq istəyirdi. Düşünürdü: «Fəxrəddin gələcək, toyunu edəcəyik, ev-eşik quracaq. Gedəndə də tezliklə geri dönəcəyinə, nişanlanacağına söz vermədi?». Nə qədər özünə təsəlli verirdisə, ürəyi toxtaqlıq tapmırdı.

Həmin gün - 1992-ci ilin 5 sentyabr günü Vəliyəddin kişi də narahat görünürdü. Lida xala qızı İlahəni də götürüb bacısıgilə qonaq getdi. Ana-bala yaşadıqları binanın həyətindən keçəndə Fəxrəddindən söhbət saldılar. Yenə dünyanı unutdular. Həyətdə dayanan şəhid tabutu gətirmiş təcili yardım maşınını da görmədilər. Yolboyu ana ilə qızı Fəxrəddinə necə nişan aparacaqlarından danışırdılar. Xəyalən gəlinlərinə hədiyələr aldılar, xonça tutdular, nişan apardılar. Sonra toya hazırlaşdılar. Dəvət edəcəkləri qonaqların siyahısını tutdular. Fəxrəddinə ürəkləri istədikləri toyu etdilər. Qol götürüb doyunca süzdülər. Dünyanın bəxtəvəri oldular. Çünki onların ardınca üçüncü mərtəbəyə qalxan, qapılarını döyən zabitlərin gətirdiyi acı xəbərdən agah deyildilər hələ…

Zabitlərə qapını Vəliyəddin kişi açdı. Gələnlər tərəddüdlə susurdular. Nəhayət, biri çətinliklə Fəxrəddinin şəhid olduğunu deyib, ataya başsağlığı verdi. Vəliyəddin kişi iki əli ilə başını tutub yerə çökdü. …Lida xalagili bacısı qapıda qarşıladı. Dayanıb onları gözləyirdi. Həyəcanını boğmağa çalışdı: - Fəxrəddini gətiriblər, yaralıdır, - dedi.

Onun üzünə baxanda hər şeyi başa düşdü Lida xala. Fəryad qoparıb küçəyə qaçdı. İlahə onu saxlaya bilmirdi. Onlar evə çatanda Fəxrəddinin cənazəsini məscidə aparmışdılar.

1992-ci ilin 5 sentyabrında Şəhidlər Xiyabanında bir şəhid məzarı da artdı. Şəhidin ailəsinə başsağlığı verməyə gələn döyüş yoldaşları danışdılar ki, əsgəri xilas edərkən neçə yerdən güllə yarası alan Fəxrəddini mühasirədən çıxarmaq mümkün deyilmiş. O özü də yalnız yoldaşlarını düşünür, onların mühasirədən çıxmasını təkid edirmiş. Son nəfəsində: «Anam mənə toy edəcəkdi», deyib. Gözlərini əbədi yumub. Qəhrəmancasına həlak olan Fəxrəddinin cənazəsini bir ağacın altında qoyub üstünü budaqlarla örtərək gizlədiblər. Artıq ermənilərin yaxınlaşdığını görən döyüşçülərimiz geri çəkiliblər. Döyüş bir qədər səngiyib. Döyüş yoldaşları ölümü gözlərinin qarşısına alıblar. Təhlükəli əraziyə gedib Fəxrəddinin cənazəsini gətiriblər.

…İl yarım idi yataq xəstəsi olan Lida xala bunları yada saldıqca yenə o ağrıları yaşayırdı. Fəxrəddindən sonra xəstəliklər bir-birinin ardınca onu tapırdı. Beş il idi müayinələrin, iynə-dərmanların ardı-arası kəsilmirdi. Həkimlər ona gah ürək, gah da şəkər xəstəliyi diaqnozu qoyurdular. Hamıdan yaxşı özü bilirdi dərdini. Təkcə oğlu Fəxrəddin idi bu ağrıların dərmanı. Elə onun şəhid olduğu gündən başlamışdı bu xəstəliklər. Həyat yoldaşı Vəliyəddinin vəfatından sonra da yatağa düşmüşdü. O vəfat edəndə başa düşdü ki, bundan belə oğul dərdinə tablaşmağı çətin olacaq. Qızı İlahə də, oğlu Pərviz də ona həyan idilər. Ancaq ömür-gün yoldaşı ilə birgə dözürdü bala dərdinə...

Bilirdi ki, bu yataqdan bir də heç vaxt qalxa bilməyəcək. Ölüm onun üçün balası ilə görüş demək idi. Elə istəyirdi kimsə yanında otursun, yenə Fəxrəddin barədə danışsın. Oğlunun son gedişindən on səkkiz il ötürdü. Bu illər ərzində İlahə ailə qurmuşdu. Pərviz də böyümüşdü. Onu da evləndirmişdilər. İndi Lida xalanın bircə arzusu qalırdı. Ağrılar onu əldən salanda da Tanrıdan möhlət istəyirdi. «Fəxrəddinimi görüm, sonra bu dünyadan köçüm».

Bu vaxt Pərvizin yeni dünyaya gəlmiş oğlunu Lida xalaya verdilər. Uşağı bağrına basdı: «Fəxrəddinim gəldi», dedi. Daha bu dünyadan arxayın köçə bilərdi. O biri aləmdə Lida xalanın yolunu oğlu Fəxrəddin gözləyirdi. Bu ocaqda isə yenə Fəxrəddin adlı, Fəxrəddin qeyrətli bir oğul qalırdı. Lida xala həyatının son anlarında da əmin idi: Azərbaycanın keçmişi kimi, gələcəyi də igid oğullarındır! 

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами