"Şahdəniz 2" üzrə Yekun İnvestisiya Qərarı

Enerji
17 Dekabr 2013 | 19:07
"Şahdəniz 2" üzrə Yekun İnvestisiya Qərarı imzalandı
A
A
print
Baxılıb: 747
Dekabrın 17-də Şahdəniz konsorsiumu Xəzər dənizinin Azərbaycanın ofşor hissəsində yerləşən “Şahdəniz” qaz yatağının II mərhələsi ilə bağlı yekun investisiya qərarını elan etdi.
Bu qərar Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsinə, Türkiyə ərazisindən keçən Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verir. Bu layihələr birlikdə həmçinin qazı Bolqarıstana ötürəcək infrastruktur yaradacaq, eləcə də Avropaya yeni “Cənub Qaz Dəhlizi” açacaq.
“Şahdəniz 2” layihəsi özündə bir sıra elementləri birləşdirir - dənizdə 26 quyunun qazılması və tamamlanması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, quruda -“Səngəçal”da yeni texniki emal və kompressiya qurğularının tikintisi nəzərdə tutulur.
Qeyd edək ki, “Şahdəniz” qaz yatağının 2-ci mərhələsi və “Cənubi Qafqaz” boru kəmərinin (CQBK) genişləndirilməsi layihələrinin ümumi dəyəri təxminən 28 milyard dollar təşkil edəcək. 
Nəhəng “Şahdəniz” yatağından hasil ediləcək illik 16 milyard kubmetr qaz təxminən 3500 kilometr məsafəyə nəql edilərək Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçını enerji ilə təmin edəcək. İlk qaz Gürcüstan və Türkiyəyə satılmaqla, 2018-ci ilin sonlarına nəzərdə tutulur, Avropaya isə qazın bundan təxminən bir il sonra çatdırılacağı planlaşdırılır.
“Şahdəniz” yatağından kondensat hasilatının hazırki gündə təxminən 55 000 barrel səviyyədən artaraq gündə 120 000 barrelə çatacağı gözlənilir.
Daha yaxın zaman üçün isə “Şahdəniz” tərəfdaşları mövcud qurğular vasitəsilə hasilatın ildə 1,4 milyard kubmetr artırılması üçün ARDNŞ ilə şərtləri razılaşdırıblar. Hasilatın bu artımı artıq aparılır və 2014-cü ilin sonunadək başa çatacağı gözlənilir.
ARDNŞ və “Şahdəniz” tərəfdaşları həmçinin “Şahdəniz” üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin müddətinin 2048-ci ilədək artırılması üçün şərtləri də razılaşdırıblar. “Şahdəniz” tərəfdaşları HPBS sahəsi daxilindəki strukturlarda kəşfiyyat və qiymətləndirmə işlərinin aparılmasına dair razılığa gəliblər. 
Qeyd edək ki, “Şahdəniz – 2” ilə bağlı yekun investisiya qərarının rəsmi imzalanması mərasimi bu gün Bakıdakı Heydər Əliyev Mərkəzində keçirildi. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, “Cənub Dəhlizi” boyunca yerləşən dövlətlərin rəhbərləri, eləcə də Avropa Komissiyasından və digər ölkələrdən olan rəsmi şəxslər iştirak ediblər.
ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev tədbir zamanı bildirib: "Bu, həqiqətən də Azərbaycan üçün tarixi gündür. İlk dəfədir ki, ölkəmiz və bu region bu miqyasda bir layihəyə qədəm qoyur. Bu layihə bizim və regionun gələcəyinə yol açır. Bu, bizə imkan verir ki, ilk növbədə, xalqımızın mənafeyi üçün Azərbaycanın nəhəng qaz ehtiyatlarının istismarına başlayaq. İkincisi, layihə Azərbaycanı Avropa üçün mühüm enerji təchizatçısına çevirir və beləliklə də, bizim uzun illərdən bəri olan arzumuzu gerçəkləşdirir. Üçüncüsü isə, Xəzər regionu ilə Avropa bazarlarını birbaşa bağlamaqla o, Xəzər dənizindən Avropanın mərkəzinə qədər yerləşən ölkələrə mənfəətlər gətirir.
“Şahdəniz” qaz yatağının II mərhələsinin və CQBK-nin genişləndirilməsi layihələrinin operatoru olan BP-nin baş icraçı direktoru Bob Dadli dedi: "Çox az sayda layihə bütöv bir regionun enerji xəritəsini dəyişə bilər. “Şahdəniz – 2” və “Cənub Dəhlizi” boru kəmərləri yalnız enerji xəritəsini dəyişməyəcək, həm də Avropadakı qaz alıcılarına ilk dəfə olaraq, Azərbaycanın qaz ehtiyatlarına birbaşa çıxış imkanı verəcək. Bugünkü yekun investisiya qərarı çoxsaylı şirkətlər və ölkələr arasında illərlə davam edən əməkdaşlıq olmadan baş tuta bilməzdi. Mən BP şirkətinin bu tarixi anın bir hissəsi olmasından qürur duyuram və bunun mümkün olması üçün bu qədər insanın səyinə görə öz minnətdarlığımı bildirirəm. Bu layihə indiyə qədər Azərbaycana yatırılmış ən böyük xarici investisiya olmaqla Azərbaycan, Gürcüstan, Türkiyə və Avropada boru kəmərlərinin marşrutu boyunca on minlərlə yeni iş yeri açacaq.
Mən xüsusilə də ondan məmnunluq duyuram ki, biz “Şahdəniz” hasilatının pay bölgüsü sazişinin müddətinin 2048-ci ilə qədər uzadılması üçün şərtləri razılaşdırmışıq. Bu, BP şirkətinə və bizim tərəfdaşlarımıza imkan verir ki, “Şahdəniz” layihəsinin gələcək mərhələlərinin qiymətləndirilməsində Azərbaycanla tərəfdaş kimi işləyək. 2007-ci ildə BP tərəfindən “Şahdəniz”in dərin hissəsində yeni ehtiyatların aşkar edilməsi bu ərazidə II mərhələdən sonra da potensialın mövcud olduğunu göstərir."
Bugünkü qərar o deməkdir ki, doqquz Avropa şirkəti ilə bağlanmış qaz satışı müqavilələri indi artıq qüvvəyə minəcək. Nəticədə, “Şahdəniz” qazının ildə təxminən 10 milyard kubmetrinin 25 il ərzində İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara nəql ediləcəyi gözlənilir. Bundan başqa, “Şahdəniz – 2”də hasil olunacaq qazın ildə təxminən 6 milyard kubmetri Türkiyədəki istehlakçılara çatdırılacaq. Qaz satışı və nəqli üzrə bütün sazişlər “Şahdəniz” tərəfdaşlarının təsis etdiyi Azərbaycan Qaz Təchizatı Şirkəti tərəfindən ARDNŞ-nin əməliyyatçılığı ilə idarə olunacaq. 
Qeyd edək ki, “Şahdəniz – 2” və “Cənub Dəhlizi” boru kəməri layihələri birlikdə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və ən mürəkkəb təşəbbüslərdən biridir.
“Şahdəniz” yatağı 1999-cu ildə kəşf olunub. Azərbaycan 2006-cı ildən etibarən “Şahdəniz”in I Mərhələsindən Gürcüstan və Türkiyəyə qaz ixrac edir.
Yekun investisiya qərarına təsadüf edərək, ARDNŞ “Statoyl” şirkətindən “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəmərində 6,7% iştirak payı, BP isə “Statoyl” şirkətindən “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəmərində 3,3% iştirak payı alıb. Hər iki əməliyyat 2014-cü ildə yerinə yetirilməsi gözlənilən şərtlərdən asılıdır.
Qeyd edək ki, “Şahdəniz” tərəfdaşları (satınalma əməliyyatlarından sonra) aşağıdakı şirkətlərdir: BP, operator (28,8%), ARDNŞ (16,7%), Statoyl (15,5%), Total (10%), Lukoyl (10%), NIKO (10%) və TPAO (9%). Bu faizlərə “Statoyl”dan BP və ARDNŞ-nin müvafiq olaraq aldığı yuxarıda qeyd olunmuş iştirak payları da daxildir. Bu əməliyyatlar onların yekunlaşması üçün 2014-cü ildə yerinə yetirilməsi gözlənilən şərtlərdən asılıdır.
BOTAŞ və BP-nin TANAP-da 2014-cü ildə başa çatması gözlənilən iştirak paylarını alması əməliyyatından sonra TANAP tərəfdaşlarının bu şirkətlər olacağı gözlənilir: ARDNŞ, operator (68%), BOTAŞ (20%) və BP (12%).
TAP tərəfdaşları isə aşağıdakı şirkətlərdir: ARDNŞ (20%), BP (20%), Statoyl (20%), Fluxys (16%), Total (10%), E.ON (9%) və Axpo (5%).

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами