Böyük Britaniyanın Ukraynayla bağlı təzadlı mövqeyi

Siyasət
05 Mart 2014 | 14:06
Böyük Britaniyanın Ukraynayla bağlı təzadlı mövqeyi
photo: Steve Back
A
A
print
Baxılıb: 164
Britaniyaya məxsus bir sənəddə göstərilir ki, Avropanın Rusiyanın Ukraynadakı hərəkətlərinə cavab vermək ehtimalı ABŞ-dan azdır.
«EUobserver»in məlumatına görə, martın 3-də Londonda müstəqil fotoqraf Stiv Bek (Stive Back) britaniyalı bir məmur tərəfindən ölkənin Milli Təhlükəsizlik Şurasının iclasına aparılan məxfi sənədin şəklini çəkib. Bununla da məlumat yayılıb.
Orada Böyük Britaniyanın Aİ-nin rus məmurlara dair «viza məhdudiyylətləri və səyahət qadağaları»nı dəstəklədiyi deyilir. Həmçinin, ATƏT və/və ya BMT-nin (Aİ-nin yox) Krım və Şərqi Ukraynaya müdaxiləsini dəstəkləyir.
Lakin Britaniya hələ ki ticarət sanksiyaları həyata keçirməyi və ya Londonun maliyyə mərkəzini rusların üzünə bağlamağı düşünmür. Həmçinin bildirilir ki, Böyük Britaniya hərbi hazırlıq barədə müzakirələrdən (məs: NATO-da) yayınacaq.
Məlumatda həmin gün Aİ xarici işlər nazirləri tərəfindən Brüsseldə əldə olunan razılaşma da öz əksini tapır. Razılaşmanın məqsədi Rusiyanı Ukraynanın Krım ərazisinin işğalına son qoymadığı təqdirdə, ona qarşı «məqsədyönlü tədbirlər» görüləcəyi ilə hədələməkdir.
Eyni zamanda göstərilir ki, Aİ liderləri martın 6-da Brüsseldə Ukrayna böhranını müzakirə etmək üçün toplaşanda, Britaniyanın baş naziri Devid Kemeron ölkəsinin Rusiya ilə maliyyə və ticarət əlaqələrinə məhdudiyyət qoymaq ideyasını dəstəkləməyəcək.
Bundan əlavə, sənəddə qeyd edilir ki, martın 4-də NATO ilə danışıqlara çağrılan Polşa bu qurumun iclasında böhranın həllinə nail olunmayacağı fikrindədir.
Qeyd edək ki, Böyük Britaniya Aİ-nin xarici siyasətdə ən güclü dövlətlərindən biridir. O, Ukrayna məsələsində mühüm rol oynayır. Çünki Britaniya 1994-cü ildə Rusiya, Ukrayna və ABŞ-la yanaşı, Budapeşt memorandumunu imzalayıb. Bu memoranduma görə, o, Ukraynanın ərazi bütövlüyünü qorumağı öhdəsinə götürüb.
ABŞ isə əksinə, martın 3–də Rusiya əleyhinə sanksiyaların birinci mərhələsini həyata keçirdi.
Pentaqonun mətbuat katibi Con Kirbi (John Kirby) qeyd edib: «Avropa və Aralıq dənizi ətrafındakı hərbi qüvvələrimizin mövqeyi dəyişməyib.» Lakin əlavə edib ki, ABŞ hazırda Rusiya ilə arasındakı bütün növ razılaşmaları dayandırıb. Bura təlimlər, ikitərəfli görüşlər, səfərlər və planlaşdırma konfransları daxildir.
ABŞ-ın ticarət üzrə nümayəndələrindən biri deyib: «Biz Rusiya hökuməti ilə qarşıdakı ikitərəfli ticarət və investisiya münasibətlərini dayandırmışıq.»
Nə Böyük Britaniya, nə də ki ABŞ yayılan informasiya barədə açıqlama verməyib.
Dövlət Departamentinin mətbuat katibi Cen Psaki (Jen Psaki) bazar ertəsi bildirib ki, Aİ və ABŞ Ukrayna məsələsinin üzərində çalışır. O, Aİ-ni mühüm və etibarlı tərəfdaş hesab etdiyini deyib.
Psaki ABŞ-ın şifahi diplomatiyadansa, hərəkətə keçməyə üstünlük verdiyini vurğulayıb: «Danışmaqdan hərəkətə keçməyin vaxtıdır.»
Eyni zamanda, ABŞ və Britaniya səfirləri bazar ertəsi BMT Təhlükəsizlik Şurasının iclasında eyni mövqeyi tutublar.
Britaniyanın BMT-dəki səfiri Mark Lyall Qrant (Mark Lyall Grant) bildirib ki, Rusiyanın Krımdakı həmvətənlərinin təhlükədə olduğu ilə bağlı iddiası sadəcə rus hərbi əməliyyatlarına bəraət qazandırmaq məqsədi güdür.
ABŞ-ın təmsilçisi Samanta Pauer (Samantha Power) Rusiyanı bütün dünyanı «qaranın ağ olduğuna inandırmağa çalışmaq»da ittiham edib.
Öz növbəsində, Ukraynanın BMT-dəki daimi nümayəndəsi Yuri Sergeyev bildirib ki, Rusiya ötən həftə Krıma 16,000 nəfərlik qoşun yeridib. «Bunu dövlət çevrilişi adlandırırsınız. Biz isə ləyaqətin inqilabı hesab edirik», - o, Rusiya səfiri Vitali Çurkinə deyib.
Öz mövqeyini irəli sürmək üçün BMT-nin iclasına çağrılan Rusiya geri addım atmayıb.
Çurkin hazırda Rusiyada olan keçmiş Ukrayna lideri Viktor Yanukoviçdən məktub təqdim edib. Məktubda Rusiya prezidenti Vladimir Putin qanunun aliliyi, sülh və qayda-qanunun bərpa edilməsi üçün rus silahlı qüvvələrindən istifadə etməyə dəvət edilir.
Rusiya səfiri qeyd edib ki, məqsəd Yanukoviçi hakimiyyətə qaytarmaq deyil.
Lakin onu da bildirib ki, böhranı başa çatdırmaq üçün yeganə yol 21 fevral razılığına geri qayıtmaqdır. Fransa, Almaniya və Polşa tərəfindən təsdiqlənmiş razılaşmaya görə, dekabrda baş tutacaq növbəti seçkilərə qədər Yanukoviç prezident vəzifəsində qalmalıdır. 
MÖVZU İLƏ BAĞLI XƏBƏRLƏR

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами