"Rusiyanın özü sağı-solu bəlli olmayan mayakdır"
"Rusiyanın özü sağı-solu bəlli olmayan mayakdır" - Deputatdan ilginc açıqlamalar
Ötən həftənin sonu İrəvanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (adı fikirləşənə - əhsən!) növbəti sammiti ətrafında mülahizələr tükənmək bilmir. Bu tədbiri ciddi-cəhdlə Azərbaycana qarşı demarş yönündə əsaslandıranlar da var, dünya siyasətinin şahmat taxtasında Putinin növbəti at gedişi kimi səciyyələndirənlər də. Hərçənd, alt məqsəd daha dərin mətləblərə hesablanıb.
Diqqət edin: dünya tam qarışıb. Artıq kimin əli kimin cibindədir – anlaşılmaz hala gəlib. Suriya məsələsində azacıq sabitlik yaranan kimi Mosul qarışır, Türkiyə Fətullah tələbi edən kimi Qərbin İraq təpkisi gəlir (və beləcə mövzudan yayınır), Gürcüstan parlament seçkilərinin nəticələrinə uyğun növbəti dəfə Amerika vassallığından imtina edən kimi, "yeni qüvvə” hədəsi ilə üzləşir və nəhayət… Azərbaycan tərəfinin Qarabağla ilgili hücum bəyənatları yayılan kimi "İsgəndər” kompensasiyası, "rus NATO”sunun məkan spekulyasiyası ya da bu fason nələrsə dövrəyə girir.
Və əslində prosedur dinamika tam nomaldır. Təbii, hər dövlətin öz acısından baxarsaq. Yəni, sosialist Rusiyasının, Qərblə rəqabəti iqtisadi natamamlıq ucbatından uduzan və nəticədə dağılan SSRİ-nin itirdiklərini kimsə bərpa etmə çabasına girməli idi. Bu adam Putindir. Məqsədinə doğru isə düz xətt üzərindən deyil, diaqonal gedir. Elə son təftiş etdiyimiz mövzuya nəzərən onun KTMT-nın tədbirinə Azərbaycan üzərindən uçması da, öncədən təlimatlandırılmış Lavrovun verdiyi labirintsayağı Qarabağ bəyənatı da, erməni tərəfin eyni adlı quruma baş katib seçmə arzusunun ikinci cəhddə iflasa uğraması da, hətta Nazarbayevin "anidən” xəstələnməsi də məsələnin görünən tərəfidir. Daha doğrusu bütün bunlar politoloqlar, siyasətşünaslar, analitiklər üçün "mövzu yemi”dir. Bekar qalmasınlar deyə. Əsl hədəf isə Qərbin "Şərq təlatümləri”nin, "pambıqla baş kəsmə” fəlsəfəsinin qarşısına "post-sovet kartı” çıxarmaqdır. Eyni zamanda vaxtilə əldən verilmiş Kuba, İraq, Orta Asiya nəzarətinin, Gürcüstanın əli ilə Qafqaz provokasiyasının, Türkiyə ilə yaşanan süni qarşıdurmanın bədəlini ödətmək! Və...təbii, həm də dünyanın bölüşdürülməsində tərəf + ciddi subyekt kimi var olduğunu növbəti dəfə bəlirtmək...
KTMT əslində "hərbi kəbin”dir. Avrasiya İttifaqından fərqli olaraq. Fəqət, bəzən Amerikanın "gül-çiçək”lə, avazı xoş "demokratiya şeypuru” ilə gələn mədəni işğalından qorunmaq üçün hədəfdə olan dövlətlər instiktiv tədbirlər almağa məhkumdur. Sadəcə məsələ burasındadır ki, Rusiyanın özü də rahat çiyin yastıyası tərəfdaş deyil. Sağı-solu bəlli olmayan mayakdır. Əks halda qonşu ölkələrin hansısa biri "ağsaqqal” axtarışına çıxarkən üzü o tərəfə okean adlamaz, elə yanındakı qapını döyərdi. Hətta məcburən. Amma bir populist Saakaşvilinin avantürizmi qarşısında səbr tabı gətirməyib Gürcüstan boyda dövləti müvəqqəti də olsa itirməyi gözə alan, dünyanın ən böyük + istifadəsiz ərazisinə sahibkən Qərbin Ukrayna tələsinə bu qədər rahatca düşən Rusiya ilk öncə dostların ya da dost olmaq istədiklərinin etimadını qazanmalıdır. Üstəlik, nəhəng NATO-ya qarşı KTMT formatında alternativ çıxarırsa həmin NATO-dan daha ədalətli olmalıdır. Bunun üçünsə münbit, tarixi şərait var. Elə ancaq Dağlıq Qarabağ mövzusunda ortalığa ciddi mövqe qoyulsa Qərb avtomatik oyundan kənar vəziyyətə düşə bilər. Hətta Ermənistan itkisi olmadan. Çün, zatən kimsə Ermənistanı "kişi söhbəti”nə qatmır. Və ya onların iradəsi bu münaqişənin çözümündə rol oynamır. Yaxşı, o zaman nəyi gözləyir Rusiya? Niyə problemin həll olunmasından çox olunmamasında maraqlıdır?. Təbii, ortalıqda dövlət maraqları, xristian faktoru var. Ayrıca, regiondakı problemlərin fonunda qonşu dövlətlərə təsir mexanizmi də "söz konusu”dur. Amma bu qorxu yükünü sevgiyə, etimada çevirmədən yeni bir NATO (ya da bənzər təşkilatlar) yaratmaq, dünya hegemonluğuna iddia etmək mümkündürmü? Yox, təbii.
Hələ görün Qərb paralel müstəvidə nə "oyun”lar çıxarır. Baxıb, "öyrənmək” gərək:
İŞİD-i ortalığa buraxıb Mosulu alır, 2 ildən sonra isə İraqa məsləhət verir ki, ölkəni terrorçulardan necə təmizləmək(?!) olar.
Malayziya və İndoneziyada maraqları toqquşan kimi Filippin Prezidentini danışdırır, onun dili ilə Amerika rəsmilərini söydürür, adama absurd bəyənatlar verdirir. Ki, sabah əraziyə "insan hüquqlarının təminatçısı” qismində rahatca girə bilsin və Filippinə dərs verərkən qonşu Malayziya və İndoneziyadan da "qardaş məsləhəti”ni əsirgəməsin.
Türkiyədəki çevriliş fiaskosundan sonra AKP-nin Fətullah tələbi, Amerikanın isə ekstradisiya "fırlatma”sı paralel olaraq kürdlərin qəfil təşkilatlanması, canlanması ilə müşahidə olunur. Ərdoğanın başı ən azından bir müddət özünə qarışsın deyə.
Türkmənlərin İraq və Suriya sərhədində kompakt halda təklənməsi, sahibsiz qalması, Türkiyənin müdaxilə və manevr imkanlarının zəiflədiləməsi üzərində planlı iş gedir. Həm də Türkmənistan Prezident seçkilərinin bir addımlığında ikən.
Monteneqronun NATO üzvlüyündən bəri ilk dəfə Rusiyaya meyl göstərməsindən (xarici işlər nazirinin dilindən səslənən sadə bəyənatdan) düz 17 saat (?!) sonra ölkədə çevriliş cəhdi olur.
Rusiyanın rəsmi nəşrlərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı "mərhələli həll” (7 rayonun azad edilməsi) planı haqda 1 manşet xəbəri yayılan kimi "Venesiya Komissiyası” "xod”a salınır, Qərb "ağsaqqallıq” kompleksinə girir, ölkənin radikal müxalif qanadı səfirliklər vasitəsilə 100 min dollar dəyərində ilkin avans alır. Və... bu estafet Azərbaycanla Avropa İttifaqı arasında olan buzlar əriyənə qədər davam edir. Daha sonra isə vəziyyət yenidən stabilləşir və ikinci mərhələdə "Avropa Şurası”nın dili ilə "sadəcə narahat idim” mesajı verilir.
Və s ilaxır.
İndi sual olunur: KTMT adı və ya "Rus NATO”su ayaması ilə meydana buraxılan qurum bu qədər çoxşaxəli plana və maksimum resursa sahib ABŞ-la, qlobal anlamda isə Qərblə baş-başa gələcək gücdədirmi?
Bunu zaman göstərəcək. Hər halda şans var. Yetər ki, Putin öz fenomenal istedanını həm də (!) Qərbdən küskün dövlətlərin səfərbərliyinə yönəltsin. Ən azından ədalətli bir format təklif etsin. Hətta bəzən səssiz qalsın. Sadəcə müdaxilə etməsin.
Məsələn, Dağlıq Qarabağ mövzusuna...
Elşən Musayev,
Milli Məclisin deputatı
Musavat
Комментарии
Отправить комментарий