İmam Hüseynin ölümü
“İmam Hüseynin ölüm xəbərini eşidən Yezid hönkür-hönkür ağlamışdı”
İmam Hüseyn və Yezid arasında baş vermiş qanlı olay yüz illərdir ki, İslam tarixində matəm gününə çevrilib. Əksəriyyət olanlarda günahkar Yezidi hesab etsə də İslam qanunlarına görə, hakimə tabe olmaq mütləq hesab olunur. Maraqlıdır, İmam Hüseyn həmin dövrdə hakim olan Yezidə tabe olmamaqla islam qanunlarını pozmayıb ki?
İlahiyyat elmi üzrə fəlsəfə doktoru Əkrən Həsənov məsələ ilə bağlı Moderator.az - a açıqlama verib:
“İmam Hüseynin qətli islam tarixində çox acı bir hadisədir. Bu hadisənin düzgün anlaşılması üçün mütləq islam tarixi mənbələrinə baş vurmaq lazımdır. Bu məsələdə haqlı tərəf İmam Hüseyndir. Ona görə ki, İmam Hüseyn mövcud hakimiyyətə qarşı çıxmamışdır. Bunu deyənlər dini siyasiləşdirmək istəyənlərdir. İmam Hüseyn həyatı boyu dünyaya üstünlük verən şəxsiyyət, vəzifə üstündə dava edən insan olmamışdır. Çünki, onun buna ehtiyacı yox idi. Sadəcə İmam Hüseyn bütün bəşəriyyət tərəfindən sevilirdi, onun bir kəlməsi o dövrün insanları üçün dünyadan qiymətli idi. Ona bütün dövrünün insanları hörmətlə yanaşırdılar. Kufə camaatı ona ard-arda məktublar yazırdılar ki, bəs biz səni öz rəhbərimiz görmək istəyirik. Ancaq digər tərəfdən bildiyimiz kimi islam tarixində Müaviyə uzun illər müsəlmanların xəlifəsi olmuşdur. Bütün mənbələrdə onun xəlifəliyi dövründə islamın daha geniş coğrafiyalara yayılması bildirilir. İmam Hüseynin qardaşı Həsən də o dövrdə hakimiyyəti, dünyanı istəmədi və Müaviyənin xəlifə olmasına razılıq vermişdir. Hüseyn də Həsənin öldürülməsindən sonra qardaşı Həsənin Müaviyə ilə sülh müqaviləsinə sadiq qalmış və müqavilənin şərtlərini pozmamışdır. Bütün bunlar islam tarixi mənbələrində qeyd olunub. Bizim qeyd etdiyimiz qısa açıqlama tamamilə bu mövzuya işıqlıq gətirə bilməz. Çünki, bunu tam təfsilatı ilə anlamaq üçün o dövrün həyat şəraitini, şərtləri bilməyimiz vacibdir. Qısa açıqlama geniş cavabı əhatə etmir. Buna baxmayaraq bəzi mənbələrədə qeyd olunan bir neçə məsələləri demək olar. Belə ki, Kufə camaatı çox üsyançı idilər. Onlar mövcud hakimiyyəti devirmək istəyirdilər. Halbuki, islama görə mövcud hakimiyyətə qarşı çıxmaq böyük günah və haramdır. Məhz onların özlərinin uçuruma salmaları bir yana, digər tərəfdən İmam Hüseyni də aldadaraq özlərinə köməyə çağırmışdılar. Kufəlilər ardı-arası kəsilməyən məktublar göndərərək İmam Hüseyni özlərinə başçı, rəhbər seçmək, Yezidi isə devirməyi planlaşdırırdılar. Kufə xalqı Müaviyəyə qarşı qiyam etməsi üçün ona yazdığı məktublara, Müaviyənin müsəlmanlara rəhbərlik etməsinə qarşı çıxmasına və Müaviyənin nümayəndələrinə qarşı cihad edilməsi lazım olduğunu bildirməsinə baxmayaraq qiyam etməmiş və qiyamı Müaviyənin ölümündən sonraya ertələmişdir. Müaviyə Həsənin öldürülməsindən sonra Hüseyndən qiyam etməməsini tələb etmiş, Hüseyn də bağlanan sülh müqaviləsinə sadiq olduğunu açıqlamışdır. Müaviyə 60-cı ilin Rəcəb ayında Dəməşqdə öldü. Öldüyü zaman Yezid, Həvarində idi. Dəməşqə çatanda xalq ona beyət etdi. Yezid, Mədinə valisi Vəlid ibn Ütbəyə bir məktub yazaraq "Hüseyn ibn Əli, Abdullah ibn Ömər və Abdullah ibn Zübeyrdən öz xilafəti üçün beyət almasını istəmişdir". Mədinə valisi bu məsələdə Mərvan ibn Həkəm ilə müşavirə etmiş, Mərvan belə demişdir: "Əgər mənim fikrimi qəbul etsən, dərhal, indi, xalq Müaviyənin ölümündən xəbərdar olmamışdan əvvəl Hüseyn ibn Əli və Abdullah ibn Zübeyri çağır! Əgər beyət etsələr bir problem yoxdur, ancaq əgər qəbul etməsələr, boyunlarını vur. Əgər beyət etməz və xalq Müaviyənin öldüyündən xəbərdar olarsa, Hüseyn və İbn Zübeyrdən yapışarlar. Və böyük bir fitnə çıxar. Ancaq İbn Ömərin qiyam edəcək bir xarakteri yoxdur. Amma əgər xalq, vaxtında onun arxasınca getsə və xilafəti ona tapşırsa o başqa". Vəlid onları çağırmaq üçün Abdullah ibn Əmr ibn Osmanı göndərmişdir. Abdullah ibn Zübeyr və Hüseyn - hər ikisi də o vaxt məsciddə idilər. Abdullah ibn Əmr, onlarla görüşərək Vəlidin mesajını onlara çatdırdı. Abdullah ibn Əmrə getməsini və bir azdan gələcəklərini söylədilər. Vəlidin görüşmək üçün təyin etdiyi saat valinin, normalda xalqı qəbul etdiyi bir saat deyildi. Elə bu səbəbdən də Vəlidin elçisinə, sən get, biz də gələcəyik, - dedilər. Abdullah ibn Əmr getdikdən sonra Abdullah ibn Zübeyr Hüseynə: Səncə niyə bizi istəyir? Deyə soruşdu. Hüseyn Abdullah ibn Zübeyrə "Elə güman edirəm ki, Müaviyə ibn Əbu Süfyan öldü və onun ölüm xəbəri yayılmamışdan Yezid üçün bizdən beyət almaq istəyirlər" deyə cavab vermişdir. Abdullah ibn Zübeyr: "Mən də bu fikirdəyəm. İndi sən nə etməyi düşünürsən?" demiş, Hüseyn də cavabında "Valinin yanına gedəcəyəm!" demişdir. Sonra Hüseyn məsciddən bayıra çıxmış, qohumlarından və tərəfdarlarından bir qrupu toplayaraq hökumət evinə getmiş və onlara belə demişdir: "Mən Vəlidin yanına gedirəm; Çağırsam və ya Vəlidin qışqırıb hirsləndiyini görsəniz dərhal içəri girib ətrafımı sarın; Əks halda, mənim gəlməyimi gözləyin". Hüseyn içəri girdikdə Mərvan ibn Həkəm, Vəlidin yanında olmuşdur. Sonra Vəlid, Yezidin məktubunu Hüseynə oxuyaraq Yezid adına ona beyət etməsini istəmişdir. Hüseyn isə "Mənim kimi biri gizli olaraq beyət etməz, bütün Mədinə xalqını və məni dəvət et, görək nə olacaq?" demişdir. Bunun üstündən Vəlid Hüseynin təklifi qarşısında: "O halda sağ-salamat get" - demişdir. Hadisəyə şahid olan Mərvan Vəlidə xitabən "Onu qoyma! Əgər beyət etmədən getsə, artıq bir daha onu tapa bilməzsən. Əgər beyət etməzsə onu öldür" demişdir. Hüseyn isə hirslənərək belə demişdir: "Nə sən məni öldürə bilərsən, nə də o". Ən sonda Hüseyn və Abdullah ibn Zübeyr, beyət etmədən Məkkəyə getdilər". Əli Şiələri, Süleyman ibn Surad Həzainin evində bir araya gəldi. Söhbətlər aparıldı. Cilddən cildə girən həmyerlilərindən xəbərdar olan Süleyman ibn Surad, belə bir çıxış etdi: "Ey insanlar! Əgər canınızdan qorxur və meydan əhli deyilsinizsə, bu adamı boşuna aldatmayın!" Səslər yüksəldi və hamı bir ağızdan belə deməyə başladılar: "Əsla və əsla, biz canımızdan keçdik və Yezidi devirib Hüseyni xilafətə çıxaracağımıza dair öz qanımızla əhdləşdik!" Daha sonra Hüseynə belə bir məktub yazdılar: "Həmd olsun Allaha ki, Məhəmməd ümmətinin yaxşılarını öldürüb pislərini iş başına gətirdiyi düşmənini məhv etdi. Müsəlmanların dövlət xəzinəsini güclü və zənginlər arasında bölüşdürərdi. İndi sənin hökmranlığının qarşısında heç bir maneə qalmadı. Bu şəhərin hakimi, Numan ibn Bəşir hökumət sarayında yaşayır. Bizlər nə ona encümenlik edir və nə də namazlarında iştirak edirik."
Göndərilən məktublar yalnız bunlarla məhdud deyildi. Yüzlərlə və hətta minlərlə məktub bir-birinin ardı sıra göndərildi. [120] Hər nə olursa olsun, Kufəlilərin Hüseynə göndərdikləri məktubların sayı həddindən artıq olmuşdu. Hüseyn Kufə xalqına cavab verərək onları maraqda saxlamağın doğru olmadığını düşünərək onlara belə bir məktub yazdı: "Güvəndiyim bir adam olan əmi oğlum Müslimi şəhərin vəziyyətini müşahidə edərək mənə lazımi məlumatları verməsi üçün sizə göndərirəm. Mənə yazdıqlarınız doğru isə sizin yanınıza gələcəyəm”. Digər tərəfdən Əməvilərin tərəfdarı, öz maraqlarının Şam idarəçiliyində olduğunu görənlər və eyni zamanda gələcək qorxusu yaşayanlar Yezidə məktublar yazaraq Kufə və İraqı istəyirsə Kufəyə uyğun bir vali təyin etməsini istədilər. Şəhərin valisi Numan ibn Bəşir onlara görə ya yetərsiz və ya özünü yetərsizliyə vururdu. Yezid, Rum müşaviri Sərcunla məşvərət etdikdən sonra Bəsrə valisi olan Ubeydullah ibn Ziyadı Kufə valisi təyin etdi. Bu qeyd etdiklərim ən məşhur islam tarixi kitablarında keçir. Digər tərəfdən, Müslim ibn Əqil, Hüseynin məktubu ilə Kufəyə gedər. Kufə xalqı, Müslimi olduqca isti bir şəkildə coşğu və təntənəylə qarşılayır. Təmiz əqidəli bir müsəlman olan Müslim ibn Əqil ona ruh yüksəkliyi ilə beyət edən Kufə xalqının asan bir şəkildə ondan imtina edəcəyini və onu tək qoyacaqlarını güman etmədiyindən Hüseynə belə bir məktub yazır:
"Kufə və İraq xalqının hamısı sənin ardıcılındır və səni gözləyirlər. Bir an əvvəl İraqa gəlməyində fayda var”. Hüseyn Müslim ibn Əqilin məktubunu alar-almaz qadınlar, uşaqlar və bir qrup köməkçiləri ilə birlikdə İraq yolunu tutur. Digər tərəfdən, Yezidin fərmanını alan Ubeydullah ibn Ziyad, Kufəyə doğru yola çıxır. Ubeydullah, İraq və xüsusilə Kufə xalqını çox yaxşı tanıyırdı. Atası illərlə bu şəhərdə hökumət etmiş və Ubeydullah atasının əlinin altında burada böyümüşdü. Kufə xalqına necə davranacağını çox yaxşı bilirdi. Şəhərə çatdıqdan sonra o, dərhal şəhərin irəli gələnlərini təhdid və rüşvətlərlə öz yanına çəkdi və onların köməyi ilə sünbüllərini öz yerinə qoyaraq casuslar göndərərək Müslimin qaldığı yeri öyrəndi. İlk əvvəl Müslim ibn Əqili qarşılayan Hani ibn Urvəni həbsə atdı. Bunun üzərinə Müslim, tərəfdarlarını döyüşə çağırır, ancaq saylarının yüz minə qədər olduğu söylənən xalq, özündən heç bir cəsarət nümunəsi göstərmədən və heç bir qarşıdurmaya girmədən bir gün ərzində Müslim ibn Əqilin yanından ayrılırlar. Belə ki, Müslim, axşam namazını qılarkən bir nəfəri belə yanında tapa bilmir. Hökumət qüvvələri sonunda Müslimin sığındığı yeri də müəyyən edir. Müslim, həbs olunur. Sonra Ubeydullahın əmri ilə o və Hani ibn Urvəni öldürərək başsız bədənlərini iplərə bağlayaraq Kufə küçələrində gəzdirirlər. Kufənin irəli gələnləri heç bir şey olmamışcasına eləcə evlərində qalırlar! Hüseyn Məkkədən çıxdıqdan sonra İraq yolunda Müslim və Haninin öldürüldüyünü və Kufə xalqının əhdlərinə vəfa göstərmədikləri xəbərini alır. Vəziyyəti əshabına izah edir və onlara yanından ayrılmaları üçün icazə verir. Bir qrup yanından ayrılır, ancaq ailəsi, fədakar və imanlı az sayda səhabələri onu tək qoymurlar. Hüseyn Kufəyə yaxınlaşanda, Ziyadin əsas qüvvələri ilə qarşı-qarşıya gəlir. Ordunun rəhbəri, Bəni Riyah qəbiləsindən Hür ibn Yeziddir. Qoşunu ilə Hüseynin yolunu kəsərək onları Kərbəla deyilən yerə sürükləyirlər. Kufə hakimi, Hüseynin Kufəyə yaxınlaşdığı xəbərini alınca, Ömər ibn Səd ibn Əbu Vəqqas rəhbərliyində bir ordunu onlara doğru göndərir. Ubeydullah ibn Ziyad, Hüseyndən Yezidə beyət etməsini istəyir, ancaq Hüseyn bu istəkdən imtina edir və qəbul etmir. Beləcə Hüseyni Kərbala düzündə öldürürlər. Onun necə baş verməsini isə uzun olacağı üçün qeyd etmirəm. Bütün bunlar ondan xəbər verir ki, Kufə əhli üsyankar idilər. Onlar öz yalan vədləri ilə İmam Hüseyni aldadıb meydanda tək qoydular. Ancaq Yezid isə tarixi mənbələrdə bildirilir ki, Hüseynin ölümünü eşidəndə çox pis olur. Hətta onun başını Yezidin qarşısına qoyanda o hönkür-hönkür ağlayaraq bildirir ki, mən bunun belə olmasını istəməmişdim. Bütün bunlar islam tarixi kitablarında qeyd olunmuşdur. Bu da sonradan islam dünyası üçün bir nümunə olmuşdur ki, mövcud hakimiyyətə qarşı baş qaldırmaq olmaz. Bu məsələdə İmam Hüseyn haqlı, qarşı tərəf isə haqsız olmuşdur. Çünki, qarşı tərəfin qoşun başçıları və əsgərləri həm öz ölkə rəhbərlərinə xəyanət etmiş, həm də Peyğəmbərin nəvəsini qətl emtişlər. Bu səbəblə böyük islam tarixçisi İbn Kəsir bildirir ki, İmam Hüseynin ölümünə kim səbəb olubsa doğrudan da o lənətlikdir. Ancaq bu məsələdə konkret ölkə rəhbərini günahlandırmaq qolmaz. Çünki Yezidin qoşunları və qoşun başçısı eyni zamanda öz dövrünün hakimiyyətinə xəyanət etmişdir. Daha doğrusunu isə Allah bilir.”
Комментарии
Отправить комментарий