Azərbaycan türkü — Səlahəddin Əyyubi

Azərbaycan türkü — Səlahəddin Əyyubi

Uzun illər öncə Əbülfəz Elçibəyin bir xatirəsini oxumuşdum. Bir gün Qahirə Universitetinin tarix fakultəsinin bir tələbəsi ilə tanış olur. Tələbə Elçibəydən haralı olduğunu soruşur və aldığı cavabdan sonra "siz Səlahəddin Əyyubinin vətənindənsiniz deyir". Həqiqətən də uzun illər boyu tarixə kürd kimi təqdim edilən bu böyük sərkərdə və dövlət xadimi əslində Azərbaycan türkü olub.
İndi bu cümlələri oxuyan bir çox oxucu dodağını büzüb "bütün dünyanı türk çıxardırsız, bu qədər də olmaz" deyəcək. Onlara isə məsləhət görürəm ki, orta əsr ərəb salnaməçisi İbn Hellikanın "Görkəmli adamların ölüm tarixi" əsərini vərəqləsinlər. Tarixçi əsərində qeyd edir: "Şirkuh deyib ki, bizim soykökümüz Göy Böridir. Yəni Boz Qurd soyundan gəlirik. Səlahəddinin atası Eyyub Azərbaycanda Urmiya, Xoy, Zəngəzur və İrəvan boylarında, Kərkük boylarında, Naxçıvanda, Göyçədə geniş yayılmış Göy boru, Qara boru və Boz boru tayfasından çıxıb. Eyni zamanda, başqa tarixçilər də Eyyubun Dvindən olduğunu qeyd edirlər.
Bundan başqa Ölkə.Az oxucularının diqqətinə bir məqamı da çatdırım ki, Səlahəddin övladlarına Tuğtəkin və Turanşah adını verib. Yəqin ki, bu adların sırf türk adı olduğuna heçkəsin şübhəsi yoxdur.
Bu yazıda böyük sərkərdənin həyat yolu və səlibçilərə qarşı apardığı mübarizəni işıqlandırmağa çalışacam. Əvvəlcədən qeyd edim ki, araşdırmada Azərbaycan mənbələrindən yox, rus və Avropa mənbələrindən istifadə edilib. Ölkə.Az Səlahəddin Eyyubinin həyatını sizlərə təqdim edir:
Onun şəxsiyyətinə həm müsəlmanlar, həm də xristianlar pərəstiş edir. Səlahəddin Avropadan Şərqə axan səlib ordusuna qarşı vuruşub və 1187-ci ildə Qüdsü geri alıb.

1099-cu ildə ilk Xaç yürüşü baş tutdu. Bu zaman səlibçilər Qüdsü işğal edərək, xristian, müsəlman və yəhudi inancına sahib olan əhalini qılıncdan keçirdilər. Əvvəlcədən şəhər sakinlərinə təhlükəsizlik barədə söz verilsə də, nə uşaqlara, nə də qadınlara aman verilmədi. 1100-cü ildə Latın krallığı təsis edildi. Bu krallıq 1187-ci ildə baş vermiş Hattin savaşına qədər yaşadı. Hattin savaşında Səlahəddin kral Qvidonun ordusunu darmadağın etdi və Qüdsü azad etdi.
Səlibçilərdən fərqli olaraq, Səlahəddin şəhərin xristian əhalisinə toxunmadı. Bu hərəkətinə görə hətta düşmənləri də ona hörmət etməyə başladı. İngiltərə kralı Riçard üçüncü səlib yürüşünü təşkil edir (1189-cu il) və savaşların birində Səlahəddinlə görüşür.
Səlibçilər Müqəddəs Şəhəri geri qaytara bilməsələr də, Riçard həyatının qalan hissəsini Səlahəddinə hörmətlə yanaşdı. İngilis kral onu ləyaqətli düşmən kimi qəbul edirdi. Səlib yürüşlərinə son qoyan sülh danışıqlarında mərdlik və alicənablıq nümayiş etdirən Səlahəddin bütün xristian dünyasının heyranlığını və təşəkkürünü qazandı.
Uşaqlığı və təhsili
Səlahəddin Tikrit şəhərində dünyaya gəlib. Onun atası Bağdad xəlifəsi tərəfindən bu şəhərin hakimi təyin edilib. O, ilk təhsilini Dəməşqdə alıb. Səlahəddinin altı yaşı olanda Mosul atabəyi Əyyubu Bəəlbək şəhərinə hakim təyin edir. Mosul atabəyi Zəngi 1130 və 1144-cü illərdə Hələb yaxınlığında səlibçilərə qalib gəlir və Edessa şəhərini ələ keçirir. Zənginin ölümündən sonra onun oğlu Nurəddin hakimiyyətə gəlir. Nurəddin nüfuzlu lider və inancı insan idi. Bir neçə il sonra Nurəddin Eyyubu Dəməşqdə orduya sərkərdə təyin edir. Onun kiçik qardaşı Şirkuh isə Hələb ordusunun komandanı olur.
Orta əsrlər adətinə uyğun olaraq (şahzadələr tez evlənirdi) Səlahəddin 14 yaşı olanda evləndi. Toydan sonra onu əmisi Şirkuhun yanına, Hələbə göndərdilər. Burada karyera quran Səlahəddin Sultan Nurəddinin əmiri vəzifəsinə qədər yüksələ bilir. Nurəddinin sultanlığı dövründə Suriya böyük elm və mədəniyyət mərkəzinə çevrilmişdi. O, məktəblər və xəstəxanalar tikdirir, alimləri yanında otuzdurur, elmə böyük qiymət verirdi.
Nurəddin tərəfindən təşkil edilən apellyasiya məhkəməsində adminstrativ mübahisələr həll edilirdi. Sultan bu məhkəmənin sədri idi. Tələbəlik illərində Səlahəddin bu məhkəməyə tez-tez gəlib-gedir, onun sədri ilə söhbət edirdi. Nurəddin səlibçilərə qarşı cihad savaşında qələbə qazanmağın yeganə yolunun vahid müsəlman dövləti çərçivəsində mümkün ola biləcəyini anlamışdı. Tezliklə o, müsəlman dövlətlərini birləşdirməyə başladı.

Orta yaş dövrü
Səlahəddin Nurəddinin ordusunda hərbi işi incəliklərinə qədər öyrəndi. O, tezliklə Nurəddinin sərkərdələrindən birinə çevrildi. 1164-cü ildə onun 26 yaşı var idi və Misirə baş tutan hərbi səfərdə Şirkuhun köməkçisi idi. Bu səfərdə Səlahəddin silahdaşlarına qeyri-adi istedadını nümayiş etdirdi.
1169-cu ildə Səlahəddin Şirkuhla birlikdə Misiri səlibçilərdən qorumaq üçün ikinci dəfə bu ölkəyə hərbi səfərə çıxdı. Sonradan o, Misiri idarə edən Fatimilər sülaləsini taxtdan salaraq, Qahirənin hakiminə çevrildi. Əyyubi Misiri də elm və mədəniyyət mərkəzinə çevirməyə başladı. 12 il ərzində o, Mesopotamiya, Suriya, Misir, Liviya, Tunis və Ərəb yarımadasının qərb hissəsini və Yəməni birləşdirdi. Diplomatik bacarığından istifadə edən Səlahəddin parçalara bölünmüş regionu birləşdirdi. Hakimiyyət və var-dövlət onun gözünü tutmadı. Çoxsaylı hərbi səfərlərdən əldə etdiyi qəniməti xəzinəyə köçürdü. Ölümündən sonra onun cəmi bir neçə dinar sərvəti qalmışdı.
Səlahəddinə qarşı sui-qəsd və səlib yürüşləri
20 may 1176-cı ildə Hələbin mühasirəsi zamanı Haşhaşilər adı ilə tanınan gizli bir qrupun qatilləri Səlahəddini öldürməyə cəhd etdi. Onun həyatına iki sui-qəsd təşkil edildi və bunların ikincisi az qalsın Misir sultanının həyatı bahasına başa gələcəkdi.
Suriyada öz hakimiyyətini möhkəmləndirməklə məşğul olan Səlahəddin, səlibçi qoşunları ilə girişdiyi döyüşlərdən adətən müzəffər çıxırdı. Yalnız 1177-ci il noyabrın 25-i Montgisard ətrafında baş vermiş döyüş zamanı Qüds kralı IV Bolduin, Reynald de Şatiyon və Tampliyer cəngavərlərinin birləşmiş qoşunu Səlahəddini ağır məğlubiyyətə uğratdı. Müsəlman ordusunun yalnız onda bir hissəsi Misirə qayıda bildi.
1178-ci ildə Səlahəddin və səlibçi krallığı arasında atəşkəs elan edildi. Sonrakı ili Səlahəddin uğradığı məğlubiyyətin acı nəticələrini aradan qaldırmaqla məşğul oldu. Ordusunu möhkəmləndirdikdən sonra, Səlahəddin yenidən səlibçilərə qarşı hücuma keçərək, onları 1179-cu ildə Vadum Yakob adı ilə tanınan yerdə məğlub etdi. Ancaq səlibçilərin əks-hücumları Səlahəddin tərəfindən qəti hərbi cavablara səbəb olurdu. Məsələn, Reynald de Şatiyon Qırmızı dənizdə yaratdığı donanma ilə müsəlman zəvvar və tacirlərinə basqın edirdi. Buna cavab olaraq, Səlahəddin 30 gəmidən ibarət donanma düzəldərək, 1182-ci ildə Reynald de Şatiyonu Beyruta hücum etməklə hədələdi. Öz növbəsində, de Şatiyon müsəlman dünyasının müqəddəs şəhərləri olan Məkkə və Mədinəni talamağı söz verdi. Səlahəddinin növbəti addımı 1183 və 1184-cü illərdə de Şatiyonun İordaniyada yerləşən Kerak qalasını mühasirəyə almaq oldu. Bunu meydan oxumaq kimi anlayan de Şatiyon 1185-ci ildə müsəlman zəvvarlarının karvanına hücum etdi. Qədim fransız mənbələrinin verdiyi yoxlanılmamış məlumata görə, bu karvana hücum zamanı Səlahəddinin bacısı əsir götürülmüşdü. Həqiqətdə isə, de Şatiyonun cəngavərləri Səlahəddinin bacısı və onun oğlunun olduğu karvana yox, başqasına basqın etmişdilər.

Hattin savaşı
1187-ci ildə səlibçilər müsəlman zəvvarlara hücum edirlər. Səlahəddin ordusunu Fələstinin şimalına aparır və düşmən ordusunun sayca çox olmasına baxmayaraq, həlledici Hattin döyüşündə səlibçiləri darmadağın edir (1187-ci il 4 iyul). 3 ay sonra Səlahəddin Qüdsə daxil olur. Səlibçilərdən fərqli olaraq, dahi sərkərdə heç bir talan və qarətə, qətlə yol vermədi. Orduya müsəlmanların intiqamını almamağı tapşırdı. O, Qüdsün 100 min xristian əhalisinin həyatını bağışladı və xristian zəvvarların Qüdsə səfərinə icazə verdi.
Qüdsün itirilməsi Qərbi silkələdi və İngiltərə kralı Riçard 1189-cu ildə üçüncü səlib yürüşünü təşkil etdi. Bu yürüşdə İngiltərə, Fransa və Avstriya orduları iştirak edirdi. Səlahəddinin ordusu dəfələrlə səlib ordusuna dağıdıcı zərbə vurdu və Riçard Qüdsü mühasirəyə almaqdan imtina etdi. Tərəflər arasında sülh müqaviləsi imzalandı. Əslində Səlahəddin sülhə imza atmaya bilərdi. Çünki onun ordusu daha güclü idi və vəziyyətə nəzarət edirdi. Səlib ordusu isə döyüş ruhunu itirmişdi və Riçard evə dönməyə hazır idi. Bununla belə, dahi sərkərdə mərhəmət göstərdi və sülh müqaviləsi imzaladı. Bu müqavilədən sonra bir daha səlib yürüşləri keçirilmədi.
Səlahəddinin insanlıq naminə etdikləri
Səlahəddin dünya tarixinə ən mərhəmətli dövlət xadimi və səkrərdə kimi daxil edilib. Onu nəinki müsəlmanlar, hətta xristian dünyası da sevirdi. Çünki Qüdsü ələ keçirən Əyyubi 100 min xristianı bağışladı. Eyni zamanda onlara əşyalarını götürərək şəhəri tərk etməyə də icazə verdi. Hazırlıq və köç üçün onlara 40 gün vaxt da verildi. 84 min xristian şəhəri tərk etdi. Təbii ki, Səlahəddin müsəlmanların hayıfını çıxa bilərdi. Amma o, bunu etmədi. Çünki onun inandığı İslam dini belə vəhşiliyə icazə vermirdi.
Qüdsün müsəlmanlar tərəfindən ələ keçirilməsi zamanı hər bir xristian pul ödəyərək canını satın ala bilərdi. Minlərlə şəhər sakini, xüsusən də qadınların belə imkanı yox idi. Bu zaman onları qul olmaqdan xilas etmək üçün Səlahəddin, qardaşı Əl-Ədəl, kürəkəni Gökbörü külli miqdarda vəsait xərclədilər.
Qüdsün patriarxı İrakli və arvadı kifayət qədər imkanlı olsalar da, xristian əhalinin xilası üçün bir qəpik də pul xərcləmədilər.
Xristianlara verilmiş 40 günlük müddət ərzində çoxsaylı qadınlar Səlahəddinə yaxınlaşaraq kimsəsiz olduqlarını bildirdilər. Mərhəmətli sərkərdə əsgərlərə bu qadınların qohumlarını axtarıb tapmağı əmr etdi. Heç kəsi olmayan qadınlara isə kifayət qədər kompensasiya ödənildi.
1192-ci ildə bir şəhərin mühasirəsi zamanı kral Riçard Səlahəddinə əbədi hörmət edəcəyinə and içdi. Riçard xəstələndiyi üçün dahi sərkərdə öz həkimini onun yanına göndərdi. Eyni zamanda, qızdırmanı salmaq üçün buz, sağlamlığı qorumaq üçün meyvələr təklif etdi.
Səlahəddinin oğlunun rəhbərlik etdiyi ordu Riçarda hücum etdi. Bu savaş zamanı Riçardın atı öldü və kral yerə yıxıldı. Kənardan hadisəni seyr edən Səlahəddin iki atını Riçarda hədiyyə göndərdi.
Səlahəddinin düşərgəsinə qaçıb gələn xristian qadın ağlayaraq övladının əsgərlər tərəfindən oğurlandığını deyir. Bu zaman Səlahəddin uşağı tapdırır və onlara at verərək evə qayıtmaqlarını təmin edir.
Əsir düşən səlibçilərdən biri əldən düşmüş qoca idi. Səlahəddin ondan bu savaşda nə işi olduğunu soruşanda, qoca əslində Qüdsə zəvvar kimi getmək istədiyini bildirdi. Dahi sərkərdə qocaya at və bir az pul verərək onu azad etdi.

Hikmət
Ölkə.Az

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами