“Şiə hilalı”nın şimal yarımqövsü tamamlandı –İran eyni uğuru cənubda da göstərə biləcəkmi? - Təhlil
“Şiə hilalı”nın şimal yarımqövsü tamamlandı –İran eyni uğuru cənubda da göstərə biləcəkmi? - Təhlil
“Hələb zəfərindən sonra növbə Bəhreyn, Mosul və Yəməndədir”.
Strateq.az xəbər verir ki, bu sözləri İran İnqilab Keşikçiləri korpusunun komandir müavini general Hüseyn Səlami bildirib.
Generalın fikrincə, Hələb zəfərinin həyəcanı Bəhreynə müstəqillik gətirə və İranın öz nüfuz dairəsini Yəmənə qədər gücləndirməsinə şərait yarada bilər.
İranlı generalın bu fikirləri gəlişigözəl deyilmiş sözlər deyil.
Ötən il qələmə aldığımız yazılarda qeyd etdiyimiz kimi, İranın Yaxın Şərq strategiyası “şiə hilalı” adlanan prinsipə əsaslanır. “Hilal”ın ortası İran olmaqla, biri şimala, digəri cənuba uzanan iki “dili” mövcuddur. Şimal “dili” İraq üzərindən Suriyaya, oradan isə Aralıq dənizinə qədər uzanır. “Hilalı”n cənub qütbündə isə balaca körfəz ölkələri və Yəmən yerləşir. Yəmən vasitəsilə bu xətt dünyanın ən strateji su hövzələri sayılan Ədən körfəzinə və Qırmızı dənizə qədər uzanır.
İran generalı da öz açıqlamasında “şiə hilalı”nın keçdiyi coğrafiyalardan danışır, Hələbdən sonra növbənin Bəhreyn və Yəmənə gəldiyini bildirir. Onun bu fikirlərinə “şiə hilalı” strategiyasının konteksindən nəzər salanda ortaya belə bir nəticə çıxır: “Biz Hələb zəfəriylə, faktiki olaraq, "hilal"ın şimal “dilini” tamamladıq, indisə cənubda öz strateji maraqlarımızı həyata keçirməyə çalışacağıq”.
Tehranın “şiə hilalı” strategiyasının cənub “dil”ində fəaliyyətə Bəhreynlə başlamağa çalışması da səbəbsiz deyil. Cəmi-cümlətanı 1.3 milyon əhalisi olan bu körfəz ölkəsinin vətəndaşlarının 75%-ə yaxını şiələrdən təşəkkül tapıb. Buna baxmayaraq, ölkəyə sünni kral Hamad bin İsa əl-Xəlifə rəhbərlik edir.
Əl-Xəlifənin yürütdüyü məzhəbçi siyasət nəticəsində şiə çoxluq təzyiq altında tutulur, onların dövlət orqanlarında yer almasına, ədalətsiz seçki qanunlarıyla parlamentdə öz saylarına uyğun təmsil olunmalarına şərait yaradılmır. Bu da istər-istəməz bəhreynliləri qıcıqlandırır, öz haqları uğrunda mübarizəyə sürükləyir. Bəhreyn bu halıyla hər an partlamağa hazır bombanı xatırladır ki, İranın həmləyə burdan başlaması başadüşüləndir.
Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl bəhreynlilərin öz siyasi hüquqları uğrunda ayaqlanması krallığı çətin vəziyyətdə qoymuş, rəsmi Manamanın müraciətindən sonra Səudiyyə Ərəbistanı üsyanı yatırtmaq üçün bu ölkəyə 1000 əsgər göndərmişdi. O vaxt başı İraq və Suriyaya qarışan, həmçinin iqtisadi sanksiyalar ilə xeyli zəifləyən Tehran şiə müxalifləri yetərincə dəstəkləyə bilməmiş və üsyan rahatlıqla yatırılmışdı. İndisə ağır sanksiyalardan yaxasını qurtaran İran Hələb qələbəsindən sonra daha da rahatlaşmış, “hilal”ın cənub “dilinə” yönəlməyə fürsət qazanmışdır.
“Hilal”ın digər bir ucu olan Yəməndə isə vəziyyət İran üçün daha “ürəkaçandır”. Ədən boğazının sahilləri tamamilə husilərin əlindədir və onlar nə qədər zəif olsalar belə, Səudiyyə Ərəbistanı ilə ağır döyüşlər apara bilirlər. Sözsüz ki, Suriyada rahatlanan İranın diqqətini husilərə ayırması döyüşün daha uğurla aparılmasına gətirib çıxarar.
Hələb qələbəsiylə nə qədər hərbi və psixoloji üstünlük qazansa da, “hilal”ın cənub yarımqövsü İran üçün daha çətin sınaq yeri olacaq. Nədən ki, “hilal”ın şimal yarımqövsü tərəflər, xüsusilə də Səudiyyə Ərəbistanı üçün gücünə güc qatmaq, dünya hegomoniyasında təsir imkanı əldə etməkdirsə, cənub yarımqövsü suverenlik, iqtisadi təhlükəsizlik məsələsidir. Çünki hədəf ölkələrdən biri olan Bəhreyn Fars körfəzinin tam mərkəzində yerləşir. Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin neft hasilatının böyük hissəsi bu körfəzin payına düşür. Bəhreynin İranın təsir dairəsinə düşməsi ya dünya neft hasilatını təhlükə altında qoya, ya da Riyadı Tehrandan asılı vəziyyətə sala bilər.
Yəmən isə körfəz ölkələri neftinin böyük əksəriyyətinin keçdiyi Bab-əl Məndab boğazında yerləşir. Bu ərazinin də İranın təsir dairəsində olması nəinki ərəb ölkələrinin, həmçinin Avropanın isti dənizlərə açılması qarşısında ciddi problemlərin yaşanması deməkdir.
Bununla belə, İranın bu hədəfləri Avropanı özündən asılı vəziyyətə salmaq istəyən ABŞ-ın da maraqlarına uyğun olduğundan, super güc onun reallaşmasına gizli dəstək verə bilər…
Səlami öz çıxışında Türkiyəyə "ilişməyi" də yaddan çıxarmayıb. Onun fikrincə, Türkiyənin bölgədə yetərli hərbi gücü yoxdur. “Fərat qalxanı” çərçivəsində öz hərbi gücünü Suriyanın şimalına göndərən Ankaranın bu siyasətinin mənasız olduğuna inanan general deyib: "Türkiyə İslami oyanışdan sonra regional güc kimi rol oynamağa çalışdı. Halbuki, onun öz sərhədindən 10 metr kənara belə, təsir edəcək gücü yoxdur".
İran generalının Türkiyəni bu qədər xor görməsinə baxmayaraq, Ankara hələ də Suriya torpaqlarındadır, Rusiya ilə danışıqlar nəticəsində Hələbdə mühasirədən azad etdiyi qüvvələr hesabına İdilibdə “Əhrar-ül Şam” və “əl-Nusra” hərbi dəstələrini gücləndirməyə çalışır. Həmin hərbi qüvvələrdən daha sonra əl-Bab və Münbicin azad olunmasında istifadə ediləcəyi gözlənilir.
Üstəlik, Türkiyənin Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatında 1860 kvadrat kilometrlik sahəni terror təşkilatlarından təmizlədiyi də sirr deyil. Böyük ehtimalla, Hələbdəki yaralar sarıldıqdan sonra İran və Suriya ölkənin bəzi regionlarında Türkiyə ilə üz-üzə gələ bilər. Bütün bunlar isə Ankara-Moskva arasındakı danışıqların nəticəsindən asılıdır.
Yeri gəlmişkən, bu ayın 26-sında İran, Türkiyə və Rusiya rəsmilərinin Moskvada bir araya gəlməsi gözlənilir. Ehtimallara görə, 3-lük Suriya məsələsini də masaya yatıracaq. İndiki şəraitdə hər 3 dövləti Suriya məsələsində birləşdirən yeganə ortaq mövqe bu ölkənin ərazi bütövlüyüdür. Xüsusilə, anti-Əsəd koalisiyasında təklənən Ankara üçün Suriyanın bütövlüyü olduqca həyati önəm daşıyır. Öz qonşusu olan dövlətin şimalında Kürdüstan dövlətinin yaranmaması anlamına gələn bu prinsip Türkiyə baxımından istənilən güzəştə getmək üçün yetərli səbəbdir ki, Moskva görüşündə iştirak edəcək 3-lüyün buna etiraz etməsi mümkün görünmür.
Bu baxımdan İran generalının Hələb zəfərini “şiə hilalının” şimal “dilində” həlledici uğur sayması təəccüblü deyil.
(Əlavə məlumat üçün bu linkə baxa bilərsiniz: http://strateq.az/banner/1504/si%C9%99-hilali-mifl%C9%99r-v%C9%99-realliqlar.html)
Heydər Oğuz
Strateq.az
Комментарии
Отправить комментарий