“FETÖ Eldar Mahmudovun bank hesabına ildə 1 milyon dollar köçürüb”
“FETÖ Eldar Mahmudovun bank hesabına ildə 1 milyon dollar köçürüb” – Türkiyə mediasından şok iddia
Türkiyədə hakimiyyətə yaxın “Ak gazete” saytı “Gülən camaatı”nın (FETÖ) Azərbaycandakı dayaqları haqda araşdırma yazı yayımlayıb. Yazıda FETÖ-nün Türkiyədən sonra ən güclü dayaqlarının Azərbaycanda olduğu və ləğv edilmiş MTN-in sabiq şefi Eldar Mahmudovla əlaqələrindən danışılır. Hakim partiya və kəşfiyyat dairələrinə yaxın media orqanı hesab olunan qəzetin “FETÖ-nün Azərbaycanı addım-addım ələ keçirmə planı” başlıqlı yazı sensasion məlumatlarla zəngindir.
Qeyd edək ki, 15 iyul çevrilişindən sonra Türkiyə mediası xarici ölkələrdə, xüsusən də türkdilli respublikalardakı Fətullahçı strukturlardan yazmağa başladı. Bu əsnada əsas diqqət mərkəzində olan ölkələrdən biri də Azərbaycan oldu.
***
Yazıda qeyd olunur ki, Ankara 15 iyulda hərbi çevriliş cəhdindən sonra Gülən camaatının xarici ölkələrdəki bağları, çevriliş etmək təhlükəsi barədə narahatlığını bildirib. Bu sırada ən başda olan ölkələrdən biri də Qırğızıstan göstərilib. Belə ki, SSRİ-nin dağılmasından sonra yeni müstəqil respublikalarda, xüsusən də türkdilli ölkələrdə yerləşən “Gülən camaatı” bu ölkələrdə öz kadrlarını yetişdirməklə yanaşı, digər tərəfdən də öz tabanından olmayan, lakin dövlətin önəmli postlarını tutan şəxsləri rüşvətlə öz tərəfinə çəkərək mühüm dövlət qurumlarına nəzarət imkanları əldə edib.
Yazıda “Qeyri-müqəddəs ittifaq” adlı yarımbaşlıqda deyilir:
“Bu cəhətdən ”Gülən camaatı”nın türkdilli respublikalarda həyata keçirdiyi “insan ovu” taktikası Türkiyədəkindən fərqli olsa da, son məqsəd eyni hədəfə xidmət edib. “Camaat” tərəfindən ələ alınan bu kadrların son məqsədi-xüsusən də “Ərəb baharı”ndan sonra-örgütün “Üst ağlı”nın İslam dünyasında geniş yaydığı “idarə olunan xaos” layihəsində “Troya atı” rolunu oynamaq olmuşdur”.
Türk respublikalarındakı “camaat” təşkilatlanması strategiyasını daha yaxşı anlamaq üçün geniş tədqiqat aparmış yazı müəllifləri Azərbaycandakı fəaliyyətilə bağlı, lakin ilk görünüşdə bir-birilə əlaqəsi olmayan iki kritik hadisənin analizini aparıblar. Birinci hadisə 2014-cü ildə Türkiyənin ovaxtkı baş nazir Rəcəb Tayyib Ərdoğanın Bakı səfərindən sonra Azərbaycanda FETÖ ilə mübarizə çərçivəsində bir sıra addımların atılması, ikincisi isə 2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən çıxarılmasından sonra nazirlikdə cinayətkar qrupun zərərsizləşdirilməsidir. Mahmudov qrupunun kaset şantajı, qeyru-qanuni dinləmələr, iş adamlarından şantajla malların qəsb edilməsi kimi əməlləri ilə FETÖ-nün Türkiyədəki fəaliyyətləri arasında bənzərliyin olduğunu yazan məqalə müəllifləri bu 2 qrupun arasındakı bağlantını ortaya qoyublar.
FETÖ təhlükəsizlik şefinin atasına nədən heykəl qoydu?
Yazıda qeyd olunur ki, ilk baxışdan çox təəccüblü görünən və uzun illər gizli qalan MTN-FETÖ əlaqələri ilk dəfə Eldar Mahmudov vəzifədən çıxarıldıqdan sonra aşkarlanıb. Belə ki, ““Zaman” qəzeti Eldar Mahmudovu müdafiəyə qalxdı” başlıqlı bir xəbər qəzetin diqqətini çəkərək bu sahədə araşdirmaya təkan vermiş olub. “Camaat” mediasının aparıcı orqanı olan “Zaman” qəzetinin həmin yazısı “gedənin arxasınca danışmazlar” məntiqi ilə çıxış edərək Mahmudovu müdafiə edirdi. Sonrakı araşdırmalardan məlum olub ki, Naxçıvanda Gülən liseylərindən birinə Eldar Mahmudovun atasının adı verilib və hətta həyətində heykəli də qoyulub, lisey məzunlarının tədbirləri də bu heykəlin önündə keçirilib. Yazıda qeyd olunur ki, həmin vaxt az qala bütün Azərbaycan mətbuatı Mahmudovun korrupsiya və cinayətlərindən yazdığı halda, Gülən mediasının onu müdafiə etməsi, “camaat” liseylərindən birinə onun atasının adını verib heykəlini ucaltmasının arxasında önəmli bir səbəbin dayandığı aydındır.
FETÖ – Mahmudov əməkdaşlığı
Qəzet yazır ki, “Gülən camaatı”nın Mahmudovla əməkdaşlığı sonuncunun nazir təyinatının ilk illərinə, daha dəqiqi, 2006-cı ilə təsadüf edir. 2006-cı ildə MTN Göyçayda “nur tələbələri” (klassik nurçular – red.) adlı qrupa qarşı əməliyyat keçirib və bu, “Gülən camaatı”nı hərəkətə gətirib. Məhz bu hadisədən sonra Gülən qrupu Azərbaycanda daxili və xarici təhdidlərlə mübarizəyə məsuliyyət daşıyan, xüsusən də dini sahədə təhlükəsizliyə cavabdeh olan bu dövlət qurumunun özlərinə qarşı mümkün təhdidə çevrilməməsi üçün fəaliyyətə başlayıb.
Mahmudovun pula hərisliyini təsbit edən FETÖ rüşvət metodundan yararlanıb. Gülən örgütü ilk illərdə Mahmudovun xarici bank hesablarına ildə 1 milyon dollar ödəyib, sonrakı illərdə isə həm də MTN şefinin Türkiyədəki biznes fəaliyyətlərinə də dəstək olub. Məhz bu “qeyri-müqəddəs” ittifaq nəticəsində MTN gülənçilərin Azərbaycanda fəaliyyətinə şərait yaratmış, onları ifşadan qorumuş və ən önəmlisi, bu qrupun düşmənlərini sıradan çıxarmışdır. MTN-in sabiq rəhbəri 2006-cı ildən sonra gülənçilərə qarşı geniş mübarizədən dəm vursa da, 10 ilə yaxın bir müddətdə “camaat” şirkətinə və ya nümayəndəsinə qarşı əməliyyat keçirilməyib, tam əksinə, onlara maneə olanları “təmizləyib”.
Zəruru qeyd: Adı camaat polislərinin planlaşdırdığı saxta “Salam-Tevhid” cinayət işində keçən Məzlumder Hüquq Müdafiə Dərnəyinin Ankara nümayəndəsi Üzeyir Yiğit Azərbaycanda hökumət orqanlarının dindarlara qarşı əməliyyatlarının arxasında “camaat”ın dayandığını bildirib. Sitat: “Fətullah Gülənə bağlı güclər Türkiyədə həyata keçirdikləri işlər onu göstərir ki, onlar Azərbaycanda da sakit dayanmayıblar. Əvvəllər Azərbaycan dövlətinin yerli islamçı qruplara qarşı əməliyyatlar həyata keçirdiyini düşünürdüm, amma sonradan rastlaşdığım bir sıra sübutlar bu əməliyyatların arxasında ”camaat”ın dayandığını göstərir. Əsas məqsədləri isə Gülən ideologiyasının rahat yayılması üçün digər qrupları sıradan çıxarmaq olub”.
Gülən düşmənləri “Gülənçi” kimi şərlənib
Müəllif yazır ki, 2014-cü ildə Türkiyə hakimiyyətinin xahişi ilə Azərbaycan rəhbərliyi ölkədəki FETÖ qruplarını ifşa edərək “təmizləməyə” qərar verir. Bu işi isə aydın məsələdir ki, ovaxtkı MTN rəhbərliyi – yəni elə Gülənin himayədarı həyata keçirməli idi. 2014-cü ilin aprelində MTN Azərbaycandakı “nur tələbələrinin” söhbət evlərinə ardıcıl əməliyyatlar təşkil edib, çoxlu sayda insan saxlanılıb. Azərbaycan cəmiyyətində “nurçular” ( klassik nurçular) və “gülənçilər” arasında fərq o qədər də aydın bilinmədiyi üçün MTN gülənçi adı ilə nurçuları həbs edirdi. Məsələn, MTN-in həbs etdiyi “Firıncı Abi” və ya başqa adı ilə “Mustafa Sunqur camaatı” nurçu qrupunun üzvləri FETÖ-çü kimi təqdim olunurdu. Əslində isə həbs olunan Türkiyə vətəndaşları Mehmet Nuri Güleç Koçoğlu, Kadir Uyar, Mustafa Kemal Uyar ve Nurettin Karagözoğlu uzun illər “Gülən camaatı”na qarşı mübarizə aparmış insanlar idi. “Star” qəzetinin yaydığı məlumata görə, hətta onların Türkiyədəki liderləri 17-25 dekabr əməliyyatlarından sonra Gülənə qarşı birgə bəyanat yaydıqları üçün FETÖ tərəfindən ölumlə hədələnib və 1 il içində müəmmalı şəkildə “camaat”a məxsus klinikalarda infarktdan dünyalarını dəyişiblər.
Qəzetin yazdığına görə, “camaat”ın Türkiyə qolu bu taktikadan uzun müddət öz rəqiblərinə qarşı istifadə edib. “Camaat”a əslində düşmən olanları “camaatçı” adı ilə təqdim etməklə yem kimi istifadə edib. 2014-də isə eyni taktika Azərbaycanda da aparılıb.
FETÖ-yə qarşı olan iş adamları da şərlənib
Yazıda daha bir maraqlı məqam isə 2014-də Azərbaycandan Mahmudov qrupu tərəfindən “gülənçi”adı ilə deportasiya olunan türk iş adamlarının əslində “camaatçı” deyil, əksinə, AKP-ya yaxın insanlar olmasıdır. Qəzetin iddiasına görə, məhz MTN-in sabiq rəhbərliyinin əli ilə “camaatçı” adı ilə bəzi iş adamları ölkədən çıxarılıb. Belə adamlardan biri isə 2010-cu ildən Azərbaycanda “Azərsu” dövlət şirkətinin iri layihəsinin həyata keçirilməsində məsləhətçi qismində işləmiş, daha əvvəl Türkiyədə su təsərrüfatında mühüm vəzifələrdə çalışmış, İstanbul Esenler bələdiyyəsinin hazırkı AKP-li sədrinin yaxın qohumu olan Tevfik Göksu olub. Belə ki, yaxın ətrafında Gülən düşmənliyi ilə tanınan Göksu 2014-cü ildə MTN tərəfindən “gülənçi” damğası ilə ölkədən deportasiya edilib.
Bakıdakı həbslər 15 iyulun məşqi idi?
Qəzet yazır ki, E.Mahmudov vəzifəsindən çıxarıldıqdan sonra MTN-də böyük əməliyyat keçirilmiş və nazirlikdə çoxsaylı yüksək rütbəli məmurların həbsi ilə yanaşı, Azərbaycanın ən böyük bankı olan Beynəlxalq Bankdan 5 ildə 10 milyard dolların yoxa çıxdığı aşkarlanıb. Bankın rəhbəri Cahangir Hacıyev isə Mahmudovun qudasıdır. Ekspertlərə görə isə bu qədər pulun oğurlanmasında Cahangir Hacıyevə qudası Mahmudov dəstək verib. O da iddia olunur ki, Mahmudovun son hədəfi ölkədə dini və siyasi müxalifətdən istifadə edərək çaxnaşma yaratmaq, çevriliş həyata keçirərək, bu mərhələdə yoxa çıxan 10 milyard dolları ört-basdır etmək olmuşdur. Bu plandan vaxtında xəbər tutan Azərbaycan prezidenti İlham Əliyev isə Mahmudovu vəzifədən uzaqlaşdıraraq, böyük bir əməliyyat keçirməklə planı ifşa edib. Yazı müəllifinin təhlilinə görə, bu əməliyyat zamanı Azərbaycanda bir həftə ərzində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və MTN-in ləğv edilərək yerində iki qurumun yaradılması təhlükənin miqyasını göstərir.
Qəzetə görə, Azərbaycan hakimiyyətinə qarşı ABŞ tərəfindən ciddi təzyiqlərin olduğu 2015-ci ilin ikinci yarısına təsadüf edən Mahmudovun çevriliş planında onunla əməkdaşlıq etmiş Amerika mənşəli FETÖ-nün rolu indi də sual doğurur. Əcəba, bu, 15 iyulun bir məşqi idimi?
Qəzetin iddiasına görə, prezident İlham Əliyevin qabaqlayıcı tədbirləri nəticəsində “camaat”ın Azərbaycandakı dəstəkçisi ifşa olunaraq təmizləndi. Hətta FETÖ-Mahmudov xəyanətinin simvolu olan ata Mahmudovun Naxçıvandakı liseyinin önündəki heykəli də səssizcə dağıdıldı. Bununla da “camaat”ın bir nazirlikdəki təsiri sıradan çıxarıldı. Lakin oxşar vəziyyət başqa ölkələrdə də var və bu ölkələrin də 15 iyul çevrilişindən lazımi dərslər çıxararaq, tədbirlər görmələri gərəkdir/Musavat.com/.
Qeyd edək ki, FETÖ və Mahmudovun əlaqələri barədə ilk dəfə Avropa.info saytı yazıb.
Комментарии
Отправить комментарий