4 nəfərlik ailənin aylıq yaşam norması - Azərbaycanda və dünyada
4 nəfərlik ailənin aylıq yaşam norması - Azərbaycanda və dünyada
Ərzaq məhsullarının bahalaşmasının ardından kommunal xidmətlərin də qiyməti artdı. Lakin maaş və təqaüdlərdə heç bir artım müşahidə edilmir. İnsanların aylıq orta əmək haqqını nəzərə alsaq, bir ailənin hazırkı qiymət şərtləri ilə bir ayda normal yaşayışını təmin edə bilməsi mümkünsüzdür.
Sosioloqlara görə, bir insanın xoşbəxt və qayğısız yaşaması üçün ildə 75 min dollar qazanması lazımdır. Bu isə ayda 6250 dollar edir ki, o da Azərbaycan reallığında mümkünsüzdür. Maraqlıdır, bəs hazırkı şəraitdə 4 nəfərdən ibarət, orta statistik bir ailənin normal yaşaması üçün nə qədər vəsait lazımdır?
İqtisadçı ekspert Natiq Cəfərli bundan ötrü aylıq 1500 manat lazım olduğunu dedi: "Hökumət Azərbaycanda köhnəlmiş və reallığı əks etdirməyən bir hesablama qaydaları müəyyən edib. Həm yaşayış minimumu, həm minimum istehlak zənbilini köhnə yanaşma ilə hesablayır və Azərbaycanda çox kiçik rəqəmlər alınır. Bunun da məntiqini anlayıram. O mənada ki, hökumət özü belə rəqəmlərlə oynayaraq, yaşayış minimumunu aşağı rəqəmlərlə göstərərək müəyyən dərəcədə büdcədən maliyyələşən insanların həm maaşlarını, həm də təqaüdlərini kəskin şəkildə artırmamaq üçün bu addımı atır. Yəni yaşayış minimumu artsa, avtomatik olaraq həm təqaüdlərdə, həm də maaşlarda ciddi artım müşahidə olunmalıdır. Azərbaycanda alternativ hesabatlar aparmaq çox çətin olduğu üçün biz məcburən qonşu ölkələrin praktikasına müraciət edə bilərik. Məsələn, bu yaxınlarda Türkiyədə hesablamalar aparılıb. Təxminən 4 nəfərdən ibarət standart türk ailəsinin minimum xərcləri ay ərzində təqribən 3100 lirəyə yaxın bir məbləğ müəyyənləşdirilib. Bura kommunal xərclər, ərzaq və digər xərclər daxil edilib. Buna uyğun götürsək, Azərbaycan reallığında indiki məzənnə ilə götürdükdə bu, təqribən 1500 manat edir. Bu da Azərbaycanın indiki reallığı ilə uyğunsuzluq təşkil edir. Yəni Azərbaycanda orta aylıq əmək haqqı təqribən 490 manata yaxındır. Minimum dolanışıqdan, standartlardan üç dəfə aşağı bir orta aylıq əmək haqqı varsa, deməli, Azərbaycanda bunun hesablanması ilə bağlı, ödənişlərlə bağlı ciddi problemlər var. Ona görə də Azərbaycanda son zamanların qiymət artımını, kommunal xərclərin artımını, valyutanın dəyər qazanmasını, milli valyutamızın ucuzlaşmasını, idxal mallarında ciddi bahalaşmanı nəzərə alsaq təbii ki, yaşayış minimumunun həddi ən azı Türkiyə qaydalarına görə hesablansa, 4 nəfərlik bir ailəyə 1500 manat civarında pul lazımdır”.
İndiki şərtlərdə ərzaq səbətindən nələrisə ixtisar etməklə ailələrin dolanışığını təmin etdiyini deyən N.Cəfərli insanların daha ucuz ərzaq məhsullarına üstünlük verdiyini bildirdi: "Ailələr ərzaq səbətində avtomatik olaraq ixtisarlar edir. Məsələn, ət bahalaşdıqca ailələr daha az ət istehlak etməyə məcbur olurlar. Əsasən daha ucuz ərzaq məhsullarına - makarona, vermişelə, undan hazırlanmış məhsullara üstünlük verilir. Bunların qiyməti nisbətən ucuzdur və doyumluluğu kifayət qədər yüksəkdir. Yəni avtomatik olaraq insanlar onsuz da öz ərzaq zənbilindən daha bahalı məhsulları çıxartmalı olurlar. Yəni kərə yağını azaldıb onun əvəzinə daha ucuz bitki yağlarından istifadə edirlər, ət məhsullarını azaldırlar. Bütün bu məcburiyyətdən doğan ərzaq zənbilində dəyişikliklər onsuz da baş verir. Çünki insanlar bu addımı atmağa məcburdurlar”.
Ümumiyyətlə, dünya ölkələrində həftəlik ərzaq məhsullarına xərclənən pula baxsaq, bunun Azərbaycandakından dəfələrlə çox olduğunu görərik. Təbii ki, bu ölkələrdə əmək haqları olduqca yüksəkdir. Məsələn, Yaponiyada 4 nəfərlik ailə üçün həftəlik bazarlıq etməyə 320 dollar, Çində 155 dollar, Fransada 420 dollar, Avstraliyada 380 dollar xərcləyirlər. Amerikalılar işdə olarkən fast food yeməklərinə pul xərcləməsələr, 4 nəfərlik ailə üzvləri üçün həftəlik ərzaq məhsullarına 340 dollar çatar. Almanlar da yeməklərinə az pul xərcləmirlər. Ailə başçısı 4 nəfərlik ailə üzvlərinə bir həftəlik bazarlıq edəndə 500 dollardan artıq pul Polşada təxminən 180-200 dollar xərcləməklə 4 nəfərlik ailənin həftəlik ərzaq tələbatını ödəmək mümkündür. Ekvadorda evin kişisi həftədə 35 dollar qazana bilirsə, 10 nəfərlik ailəsinə bir həftəlik bazarlıq etməsi problem deyil. Daha çox banan, kartof, kələm və digər meyvə tərəvəzlərə üstünlük verən Ekvador sakinlərinə həftəlik ərzaq məhsulları üçün 35-40 dollar bəs edir.(qlobal.az)
Politika.Az
Комментарии
Отправить комментарий