Azərbaycan və Türkiyənin “erməni ssenarisi”nə qarşı planı - 3300 nömrəli MƏXFİ TELEQRAM
Azərbaycan və Türkiyənin “erməni ssenarisi”nə qarşı planı - 3300 nömrəli MƏXFİ TELEQRAM
- Tarix
- 8 Dekabr 2016 12:46
- 1 190 Baxış
Vilsonun 1918-ci ilin 28 mayında Əlimərdan bəy Topçubaşovun Paris sülh konfransında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tanınması təklifini rədd etməsinin səbəbi də bu idi. Onun “yeni dünya xəritəsində” Azərbaycana yer verilməmişdi. Türkiyənin Ərzurum, Trapezund, Van və Bitlis bölgələri Ermənistana verilirdi. Bu plan baş tutmadı və 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması bu planların təxirə düşməsi ilə yanaşı, ermənilərin də bölgədə soyqırımı siyasətinin qarşısını müəyyən qədər aldı. Lakin AXC Naxçıvanı qoruya bilmədiyi üçün ermənilərin hədəfi bura oldu. Həmçinin, İrəvanda və Qarsda türk-müsəlman əhaliyə divan tutulmağa başlandı.
Zaqafqaziya Federativ Demokrat Respublikasının dağılmasından sonra yaradılan Ermənistan Demokratik Respublikasının fərqli adlarla tanınması da diqqət çəkirdi: “İrəvan respublikası” və “Ararat respublikası”. Birinci adda onlar Azərbaycan torpaqlarına iddia edir, ikincidə isə qədim olduqları iddiasını irəli sürürdülər.
100 il öncə bu bölgədə gedən qanlı savaşların əsas hədəfini belə xarakterizə etmək olar: Türkiyə və Azərbaycan torpaqlarında “Böyük Ermənistan” yaratmaq.
Lakin bu ssenarilərə qarşı AXC və Türkiyə iki plan işə saldı:
1. Araz-Türk Cümhuriyyəti
2. Qars Demokratik Cümhuriyyəti (Cənub-Qərbi Qafqaz Cümhuriyyəti).
Araz-Türk Cümhuriyyəti: Vilsonun xəritəsindəki “dəfinəni” tapmaq ümidi ilə türk-müsəlman əhaliyə qarşı əsil soyqırımı törədən ermənilər AXC-nin Naxçıvana dəstək verə bilməməsindən istifadə edərək, bura hücuma keçdilər. Onlar bu qədim Azərbaycan torpaqlarına da iddia edirdilər. Və bu iddialar hələ I Nikolayın dövründən başlanmışdı. Belə ki, 1828-ci ilin 21 martında Naxçıvan xanlığı çar Nikolayın əmri ilə ləğv olunur. Sonra da İrəvan və Naxçıvan xanlıqlarının ərazisində erməni vilayəti yaradılır. Türkmənçay müqaviləsi əsas gətirilərək, İrandan bura 10 min 652 nəfər erməni köçürülür. 1849-cu ildə erməni vilayəti ləğv olunur və bu ərazilərdə İrəvan quberniyasına yaradılır. Naxçıvan ərazisi isə qəzalara bölünür.
Nəhayət, Çar İmperiyasının dağılmasından sonra I Dünya Müharibəsinin yaratdığı xaosdan istifadə edən ermənilər yenidən Naxçıvan iddialarını qaldırırlar. 1918-ci ilin 4 iyununda erməni terrorçu Andranik Ozanyan Osmanlı ilə AXC arasında bağlanan müqaviləni tanımayaraq, Naxçıvanı işğal etməyə cəhd edir. Zəngəzur işğal olunur və əhali soyqırıma məruz qalır. İyulun 19-da isə türk ordusu bölgəni ermənilərdən təmizləyir. Avqustun 30-da Mudros müqaviləsindən sonra türklər bölgəni tərk etmək məcburiyyətində qalırlar. Bu, ermənilərin fəallaşmasına səbəb olur. Məhz bu planların qarşısını almaq məqsədilə bölgədə Araz-Türk Cümhuriyyəti qurulur. Cəfərqulu xan Naxçıvaniski yeni dövlətin ilk general-qubernatoru olur. Araz-Türk Cümhuriyyətinin 1918-ci ilin hansı ayında elan edildiyi dəqiq deyil. Tarixçilərin ümumi razılaşdığı təqvim 1918-ci ilin noyabr ayıdır. Lakin bəzi tarixçilər bunun noyabrın 3-də, bəziləri isə 18-də qeyd edirlər.
Misal üçün AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi Nazim Mustafa yazır: “30 oktyabr 1918-ci ildə imzalanan Mudros sazişinə əsasən, türk ordusu 1914-cü il sərhədlərinə çəkilmək məcburiyyətində qaldığından və bununla da, ermənilərin həmin əraziləri işğal etmək təhlükəsi yarandığından Ordubaddan Sürməliyədək ərazinin nümayəndələri noyabrın 3-də Qəmərli qəsəbəsinə toplanaraq Araz-Türk Hökuməti qurmaq haqqında qərar çıxarırlar”.
Araz-Türk Cümhuriyyətinin mərkəzinin İğdır olduğu haqda məlumatlar var. Digər versiyalara görə, Naxçıvan, Qars və Qəmərli də mərkəz olub. Lakin bütün proseslərin Naxçıvandan idarə olunduğu əksər tarixçilərin razılaşdığı fikirdir.
Həmin hadisələrin canlı şahidi olmuş ədəbiyyatşünas Lətif Hüseynzadə “Araz şahiddir” kitabında yazır: “Oktyabr ayının son günləri idi. Kazım Qarabəkir paşanın son iqamətgahı olan Rəhim xanın evinin qarşısında çoxlu adam toplaşmışdı... Burada Naxçıvanın gələcək taleyi – dövlətçilik statusu haqqında məsələ müzakirə edilirdi. Bu iclasda Kazım Qarabəkir paşa dedi: “Naxçıvanın gələcək müqəddəratını təmin etmək üçün burada bir hökumət qurulması vacib və zəruridir. Zatən siz naxçıvanlılar milli azadlıq mübarizəsində tarixə şanlı səhifələr yazmısınız. Dövlətçilik hüququna və ləyaqətinə maliksiniz. Siz bu hüququ, haqqı döyüş meydanlarında düşmənə qələbə çalaraq qazanmısınız. Şərqin qapısında, Naxçıvanda bir cümhuriyyət qurulmalıdır”.
Şərqin qapısında cümhuriyyət qurulur. Bu cümhuriyyətin tərkibinə Naxçıvan, Şərur-Dərələyəz və Ordubad qəzaları, Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və sair ərazilər daxil olur.
Araz-Türk Cümhuriyyətinin ilk general-qubernatoru Cəfərqulu xan Naxçıvanski idi. Sonradan cümhuriyyətin sədr və 6 üzvdən ibarət hökuməti yaradıldı. Hökumətin sədri Əmir bəy Əkbərzadə idi. İbrahim bəy Cahangiroğlu hərbi nazir, Qənbər Əlibəy Bənəniyarlı maliyyə naziri, Bağır bəy Rzazadə inzibati nazir, Məmməd Bəyzadə ədliyyə naziri, Həsənağa Şəfizadə xarici işlər naziri və Mirzəhüseyn Mirzə Həsənzadə və Lütfi Xoca Ekid Əfəndi şeyxülislam, general Əli Əşrəfbəy fəxri üzv və aşirət rəisi idi.
Cümhuriyyət cəmi bir il fəaliyyət göstərə bildi. Ermənilər Naxçıvanı işğal edəndən sonra bu dövlət dağıdıldı. Bölgə bir də 1920-ci ildə Qarabəkir Paşa tərəfindən azad olundu. AXC-nin süqutundan sonra bolşeviklər bu əraziləri də işğal etdi.
Qars Demokratik Cümhuriyyəti (Cənub-Qərbi Qafqaz Cümhuriyyəti): Mudros müqaviləsi nəticəsində Osmanlı bölgədən geri çəkilmək məcburiyyətində qaldı. Lakin bölgəyə verilən dəstək kəsilmədi. Əvvəlcə, oktyabrın 29-da Ömər Faiq Nemanzadənin rəhbərliyi ilə Axıska hökuməti yaradıldı. Noyabrın 5-də “Qars İslam Şurası” elan olundu. Noyabrın 14-də I Qars konfransı çağırıldı. Noyabrın 30-da “Qars İslam Şurası”nın dəvəti ilə Naxçıvan, Ordubad, Qəmərli, Sürməli (İğdır), Şərdi Şörəyəl, Axıska, Axalkələk və Batum bölgələrindən gələn 60 nəfərlik nümayəndənin iştirakı ilə II Qars konqresi keçirilir. Bu konqresdə Qars İslam Şurası yaradılır. Araz-Türk Cümhuriyyəti də bu Şuranın tərkibinə qatılır. 12 nəfərlik hökumətə də Araz-Türk Cümhuriyyətinin hərbi naziri olmuş İbrahim bəy Cahangirzadə rəhbərlik edirdi. Əsas hədəf daşnakların türk-müsəlman əhaliyə qarşı törətdiyi soyqırımın qarşısını almaq idi. 1919-cu ilin 13 yanvarında isə ingilis generalı Bisç Qarsa gələrək, erməni Stepan Korqanovu Qarsın valisi təyin etdiyini elan edir. Lakin Şura ona qarşı çıxaraq, bölgə əhalisinin 85 faizinin türklərdən ibarət olduğu əsasını gətirirlər. Son nəticədə general Bisç Qars İslam Şurası hökumətini tanıyır.
1919-cu ilin 27 yanvar tarixində isə Qars İslam Şurası Qars Demokratik Cümhuriyyətinin (Cənub-Qərbi Qafqaz Cümhuriyyəti) yarandığını elan edir. Dövlətin paytaxtı Batumi olur. Əraziləri isə Batumidən Ordubada qədər uzanır. Ərazisi 40 min kvadratkilometr, əhalisinin sayı 1 milyon 800 min nəfər idi. Əhali arasında türklər üstünlük təşkil etsə də, rus, yunan, malakan kimi milli azlıqların da hüquqları qorunur, onların nümayəndələri hökumətdə təmsil olunurdu. Yeni dövlətin 18 maddədən ibarət konstitusiyası qəbul olundu. Dövlət dili türk dili idi. Bayrağı ağ, yaşıl və qara olmaqla üç rəngdən və ay-ulduzdan ibarət idi. Hökumətin rəsmi orqanı Batumidə həftədə üç dəfə çıxan “Sədayi millət” qəzeti idi. Lakin heç bir siyasi partiya yox idi. Buna görə də 65 bitərəf deputatın təmsil olunduğu parlament yaradıldı. Spiker Doktor Əsəd bəy Oktay oldu.
Parlament dövlətin daxili və xarici siyasət kursunu müəyyənləşdirmişdi:
- Bütün qonşularla, xüsusilə yeni yaranmış Qafqaz dövlətləri ilə mehriban münasibətlər qurmaq.
- Qars Demokratik Cümhuriyyəti (Cənub-Qərbi Qafqaz Cümhuriyyəti) neytral dövlətdir.
- Dövlətin vətəndaşları milliyyətindən, dinindən, sosial mənşəyindən, siyasi əqidəsindən asılı olmayaraq, bərabər hüquqlara malikdirlər.
Lakin yeni dövlətin bir çox çətinlikləri var idi və onlar əsas ümidlərini Azərbaycan Xalq Cümhuriyyətinə bağlamışdılar. AXC-nin Batumidəki konsulu məsələ ilə bağlı Bakıya teleqram göndərərək bildirdi: “Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyəti əhalisi Azərbaycan Xalq Cümhuriyyətinin ona hərtərəfli yardım edəcəyinə böyük ümidlər bəsləyir”.
Qars Demokratik Cümhuriyyəti (Cənub-Qərbi Qafqaz Cümhuriyyəti) 1919-cu il yanvarın 25-də AXC-yə müraciət edərək, hərbi və maddi yardım istədi. Buna cavab olaraq, Azərbaycan hökuməti onlara hərbi təlim keçmək üçün zabitlər və xeyli qızıl pul göndərdi.
Qars Demokratik Cümhuriyyəti (Cənub-Qərbi Qafqaz Cümhuriyyəti) iki tərəfdən – Ermənistan və Gürcüstandan təzyiqlərə məruz qalırdı. Gürcüstan Batumi iddiasına görə bu siyasəti yürüdürdü. Cəmi 15,5 min hərbi qüvvəyə malik olan yeni dövlət bu təzyiqlərə çətinliklə qarşı çıxırdı. Artıq Qafqaza diktə etməyə başlayan ingilislər də Ermənistanı və Gürcüstanı dəstəkləyir, Qars dövlətinin ərazisini bu iki ölkə arasında bölüşdürməyi planlaşdırırdı. Buna baxmayaraq, ingilislər AXC hökumətini Qars Demokratik Cümhuriyyəti ilə bağlı status-kvonu saxlayacaqlarına inandırırdılar. Qars Demokratik Cümhuriyyəti müvəqqəti hökumətinin sədri 1919-cu ilin 26 yanvar tarixində AXC-yə nota göndərir.
“Gürcüstan Ərdəhan mahalını və Axalsıx qəzasını işğal etməyə cəhd göstərir. Bütün müsəlman əhalisi buna qarşı ayağa qalxmışdır. Ermənilər də Naxçıvan qəzasına hücumlar edirlər. Gürcülərin Axalsıx və Axalkələk qəzalarına hücumları zamanı 45 min davar aparılmışdı”, - deyə notanın mətnində bildirilir.
Nəhayət, 1919-cu ili 12 aprel tarixində ermənilər ingilislərin köməyi ilə Qarsa hücuma keçdilər. AXC hökuməti ermənilərin Qarsda törətdiyi soyqırımı ilə bağlı Böyük Britaniya komandanlığına etiraz etdi. Lakin ingilislər Qars Demokratik Cümhuriyyəti hökumətinin 35 üzvünü həbs edərək, zirehli qatarla Gümrüyə, oradan da Batumi yolu ilə Malta adasına sürgün etdilər. Bununla da Qars Demokratik Cümhuriyyəti (Cənub-Qərbi Qafqaz Cümhuriyyəti) süqut etdi.
(Qars Demokratik Cümhuriyyətinin Hökumət üzvləri yalnız 1921-ci il mayın 23-də Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun köməyi sayəsində Maltadan əsirlikdən vətənə qayıtdılar).
Aprelin 14-də ingilis generalı Devinin məsləhəti ilə 6 türk, 1 rus, 1 yunandan ibarət yeni Milli Şura yaradıldı. Aprelin 19-da S.Korqanov Qarsda qubernator kimi fəaliyyətə başladı. Bundan sonra erməni qoşunları Qars vilayətinə soxuldular. Yerli müsəlman-türk əhali dəhşətli soyqırımına məruz qaldı. Aprelin 30-da qondarma Milli Şura ləğv edildi. 1920-ci ilin payızınadək Qars Demokratik Cümhuriyyətinin ərazisi ermənilərin və gürcülərin işğalı altında qaldı. Bu işğal 1920-ci ilin okrtyabrında bölgənin türk ordusu tərəfindən azad olunmasına qədər davam etdi.
Tarixçi Nazim Mustafa “Türkiyədə Qətliam” məruzəsində bildirir ki, ermənilər yaş və cins fərqi qoymadan silahsız əhalini məhv edirdilər: “Ərzurumda və Qarsda ermənilər əsil soyqırımı etdilər. Erməni quldur dəstələri Ərzincandan Qarsa qədər böyük ərazidə müsəlman kəndlərini tamamilə dağıtdılar. Qars ərazisində ermənilərin müsəlman əhaliyə qarşı kütləvi qətlləri 1920-ci ilin oktyabrında türk ordusunun regionu azad etməsinə qədər davam etdi”.
1920-ci ilin 25 dekabrında Amerika kəşfiyyatının admiral Mark Bristoluya göndərdiyi “Qars 3300 epizod” adlı 14 səhifədən ibarət məxfi teleqramda belə yazılıb: “Türklər Qarsa girdilər və erməni əsgərlər heç bir atəş açmadan qaçmağa başladılar. Erməni əsgərlərin bir çoxu silahını atıb, formalarını çıxardır və evlərdə, xəstəxanalarda və uşaq evlərində gizlənirdilər. Hətta erməni əsgərləri uşaq çarpayılarının altında qorxa-qorxa gizlənirdilər. Bəzi əsgərlər türklərə təslim olur və öz orduları haqqında bütün sirləri açırdılar, əsgər yoldaşlarının yerini deyirdilər”.
Bu sənəd hazırda ABŞ Konqresinin Kitabxanasının əlyazmalar bölməsində saxlanılır.
Qars Milli Müsəlman Şurasının məlumatına görə, 1919-cu ilin avqustuna qədər Qars ətafında 70 kənd, Kaqızmanan ətrafında 50 kənd, Kela bölgəsində 30 kənd ermənilər tərəfndən tamamilə dağıdıldı, on minlərlə insan öldürüldü və yaralandı. Bu bölgələrdə erməni vandalizminin izləri – müsəlmanların kütləvi qəbiristanlığı indiyə qədər qalır.
... Ermənilərin və Qərb güclərinin bölgəyə dair planları indiyə qədər davam edir. Məlumatlara görə, erməni diasporunun bölgə ilə bağlı planlarına Soros Fondu da yaxından dəstək verir. Xüsusilə, bölgəyə xristian missionerlər göndərilərək, yerli müsəlmanlar arasında xristianlığın yayılmasına çalışırlar.
Erməni diasporu və Sorosun Naxçıvanla sərhəddə BÖYÜK OYUNU
Qarsdakı Harakan məscidinin imamı Yavuz Selim qələmə aldığı məqaləsində yazır: “Ermənistan Azərbaycan torpaqlarını işğal edərək, yüz minlərlə insanı evindən-yurdundan qovdu. Türkiyə buna görə 1993-cü ildə Ermənistanla sərhədlərini bağladı. Erməni diasporu bundan sonra Türkiyədəki fəaliyyətini gücləndirərək, Cənub-Şərqi və Qərbi Anadoluda, həmçinin, Qafqazda təşkilatlanmaya başladı. 1993-cü ildən indiyə kimi onlar sərhədlərin açılması üçün çalışırlar və bu işdə Qarsı mərkəz olaraq seçiblər. Xristian missionerləri müxtəlif adlar altında bölgəyə göndərilir. Xüsusilə, Fransa, Belçika, Hollandiya, Almaniya və Amerikada olan erməni lobbisinin yüksək səviyyəli şəxsləri Qarsla bağlı bir sıra planlar qurublar. Onlar “Qarsı Qafqazın çox mədəni və müxtəlif etnik qrupların yaşadığı mərkəzi edəcəyik” deyə bildirirlər. Bu işdə onların Qarsdakı tərəfdarları da iştirak edir. Erməni diasporunun bu fəaliyyətinə ən böyük dəstəyi Lissabonda yerləşən Gülbenkyan Vəqfi verir. Xarici ölkələrin də dəstəyi ilə Qarsda fəaliyyət göstərən erməni diasporu şəhərin türk memarlıq tikililərinin dəyişdirilməsi istiqamətində də çalışır. Bütün bunlar isə “Qarsda Osmanlı mirasının qorunması” adı altında aparılır. Erməni diasporunun bu fəaliyyəti 2013-cü ildən başlayaraq güclənib. Qarsın memarlıq quruluşunun yenilənməsi adı altında tarixi müsəlman abidələri məhv edilir”.
Böyük oyun davam edir. Bu oyunun daha da genişlənməməsi üçün diqqətli olmalı və lazımı anda qabaqlayıcı addımlar atılmalıdır. Ən azından tarixin təkərrür etməməsi üçün...
Asif
Комментарии
Отправить комментарий