Elçin Quliyevin mövqeləri Zakir Həsənovun nəzarətinə verilir
Elçin Quliyevin mövqeləri Zakir Həsənovun nəzarətinə verilir
9 oktyabr prezident seçkilərindən sonra adı nəmizədlər siyahısında çəkilmədiyi halda müdafiə naziri təyin olunan Zakir Həsənova rəsmi, qeyri-rəsmi çox geniş səlahiyyətlər verilib. Bu barədə redaksiyamıza hökumətə yaxın mənbədən verilən məlumatda sensasiyalı iddialar yer alıb. Bu iddialardan ən diqqətçəkəni odur ki, Zakir Həsənova Müdafiə Nazirliyində mühüm məsələlərlə bağlı müstəqil qərar vermək səlahiyyəti ilə yanaşı, qeyri-rəsmi olaraq bir sıra bəzi birləşmələrə, dövlət xidmətlərinə ümumi nəzarəti həyata keçirmək funksiyası da tapşırılıb.
Məlumata görə, bundan sonra Daxili Qoşunlar, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, həmçinin Dövlət Sərhəd Xidmətinin işinə ümumi nəzarət funksiyasını Zakir Həsənov həyata keçirəcək. Çox böyük ehtimalla, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti isə, əvvəllər olduğu kimi Müdafiə Nazirliyinin tabeçiliyinə veriləcək. Bu barədə müzakirələr Z.Həsənov nazir təyin olunduqdan az sonra başlayıb.
Xatırlayırsınızsa, Z.Həsənov iş başına keçdikdən bir qədər sonra Azərbaycanda hərbi xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyətinin tibbi komissiyalar tərəfindən təkrarən yoxlanılması haqda qərar qəbul etmişdi. Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə hərbi xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti Silahlı Qüvvələrin birliklərində, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılmış tibbi komissiyalar tərəfindən təkrarən yoxlanışdan keçiriləcək. Xəstəlik aşkar edilən çağırışçılar geri qaytarılacaq.
Zakir Həsənovun bu əmri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işinə inamsızlıq kimi qiymətləndirilmişdi. Həqiqətən də müdafiə naziri bu əmrilə, faktiki olaraq, adıçəkilən xidmətin fəaliyyətinə kölgə salmışdı. Bizə verilən məlumata görə, bu məsələ ən yuxarı səviyyədə müzakirə olunarkən Zalir Həsənov haqlı hesab olunub və ona Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işinə müdaxilə etmək səlahiyyəti verilib. Ardınca bu məsələ gündəmə gəlib ki, həmin Xidmət, əvvəllər olduğu kimi, yenidən Müdafiə Nazirliyinə tabe etdirilsin.
Hərbi xidmətə çağırışı təşkil etmək səlahiyyəti Müdafiə Nazirliyindən alınandan və müstəqil Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılandan sonra bu qurum Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin nəzarəti altına düşmüşdü. Belə ki, E.Quliyev çoxsaylı namizədlər arasından öz kadrının – Arzu Rəhmovun bu Xidmətə rəis təyin olunmasına nail olmuşdu. Lakin belə görünür ki, Müdafiə Nazirliyi uğrunda mübarizədə məğlub olan Elçin Quliyev, əvvəlki mövqelərini də qoruyub saxlamaqda çətinlik çəkir. Hətta Kəmaləddin Heydərovdan aldığı dəstək hesabına Silahlı Qüvvələrdə avtoritetini artıraraq müstəqil güc formalaşdıran, nəticədə müdafiə naziri olmaq iddiasına düşən Elçin Quliyevin, indi qeyri-rəsmi olaraq, şəxsi münasibətlərində problemlərin olduğu Zakir Həsənova tabe etdirilməsi məsələsi belə gündəmə gəlib.
Xatırlatmaq yerinə düşər ki, 9 oktyabr prezident seçkilərindən az əvvələ qədər Elçin Quliyev müdafiə naziri postuna ən real namizəd hesab olunurdu. Hakimiyyətdə əsas söz sahiblərindən olan Kəmaləddin Heydərovun namizədi olaraq bu gizli mübarizəyə qatılan E.Quliyevin qarşısında elə bir ciddi rəqib görünmürdü. Lakin məlum olduğu kimi, seçkidən təxminən 2 ay əvvəl Qəbələdəki qapalı bir toplantıda baş verənlərdən Prezidentin xəbər tutmasından sonra Elçin Quliyevin namizədliyinin üzərindən xətt çəkildi. Məlumatlara görə, hətta onun dərhal vəzifədən götürülməsi məsələsi belə gündəmdə olub. Sərhəd Xidmətinin rəisi başı üzərindəki bu təhlükəni Kəmaləddin Heydərovun ciddi səyləri nəticəsində dəf edə bilib.
Etibarlı mənbə bildirir ki, bu baş verənlər DSX-nın özündə belə E.Quliyevin avtoritetini sarsıdıb. Hətta bu yaxınlarda DSX rəhbərliyində böyük bir gərginliyin yaşandığı haqda söz-söhbətlər var…
Bütün bu məlumatlardan belə niticəyə gəlmək olur ki, hakimiyyətin ən üst qatlarında Zakir Həsənova etimad o qədər yüksək səviyyədədi ki, müdafiə naziri bəzi məsələlərdə çox qüdrətli dairələri belə üstələyə bilir.(azpolitika)
Комментарии
Отправить комментарий