“Putin RLS-in əvəzini çıxmağa çalışacaq”


Elxan Şahinoğlu: “Putin RLS-in əvəzini 


çıxmağa çalışacaq”


2012-12-11 - 13:11:00
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu Rusiyanın Qəbələ RLS-i hələ 20 il öncə tərk etməyə hazırlaşdığını, ancaq o zaman Azərbaycandakı qarışıqlıqdan yararlanaraq vaxtı uzatdığını bildirib.
Dekabrın 11-də “Media forum” saytına danışan Elxan Şahinoğlu rəsmi Bakının doğru qərar qəbul etdiyini deyib və Rusiyanın müxtəlif təzyiqlərinə hazır olmağın vacibliyini vurğulayıb: “Azərbaycan hakimiyyəti RLS-i bağlamaq qərarını Putin hakimiyyətə gələndən sonra verdi. İlk mesaj “Kommersant” qəzetindən gəlmişdi. Bu nəşr RLS-lə bağlı danışıqlarda Azərbaycan nümayəndə heyətinin 300 milyon dollar tələb etdiyini yazırdı. Aydın idi ki, Rusiya bu məbləğə razılaşan deyil.
İkinci mesaj Qəbələnin turizm obyektinə çevrilməsi məqsədilə bu bölgəyə xərclənən yüz milyonlarla dollar idi. Bahalı turizm mərkəzləri ilə yanaşı hərbi obyektin varlığı mümkün görünmürdü.
Rəsmi Bakının Moskvaya dolayı yollarla üçüncü mesajı Qəbələdə rəsmi görüşlərə start verməsi idi. İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğanı sentyabr ayında məhz Qəbələdə qəbul etdi.
Dördüncü mesaj Azərbaycan rəsmilərinin son zamanlar Qəbələnin ekologiyasından narahat olduqlarını bildirmələri idi. Halbuki illər uzunu Qəbələ RLS-in ekologiyaya zərər vurması ilə bağlı aparılan araşdırmaları elə hakimiyyətdəki məmurlar əngəlləyərdilər.
Rəsmi Bakının beşinci mesajı Qəbələni MDB-nin mədəni paytaxtı olmasına namizədliyinə irəli sürməsi idi.
Və nəhayət, altıncı mesaj prezident İlham Əliyevin özündən gəldi. Dövlət başçısı MDB-nin Aşqabaddakı zirvə toplantısına qatılmamaqla rusiyalı həmkarı Vladimir Putinə bir daha anlatdı ki, Qəbələ ilə bağlı yeni sazişə imza atmayacaq”.
“Azərbaycan hakimiyyəti nədən RLS-i bağlamaq qərarına üstünlük verdi” sualına cavab verən Elxan Şahinoğlu bunun daha çox Qarabağla əlaqəli olduğuna diqqət çəkib: “Azərbaycan hakimiyyəti uzun illər düşünüb ki, bəlkə Moskva sonda Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yaşıl işıq yandırar. İlham Əliyevin keçmiş həmkarı Dmitri Medvedyevə müəyyən ümidi var idi. Bakıda onunla qaz anlaşmaları imzaladı, vasitəçilik təşəbbüslərinə qoşuldu. Ancaq sonda aydın oldu ki, Medvedyev Ermənistanı yola gətirmək imkanından məhrumdur. Bəlkə də Medvedyevin nəsə xoş niyyəti olub, ancaq Rusiya hakimiyyətindəki və hərbi dairələrindəki qüvvələr onun bu xoş niyyətinin gerçəkləşməsinə imkan verməzdilər. Söhbət Ermənistanı forpost görən qüvvələrdən və indiki dövlət başçısı Vladimir Putindən gedir.
Rəsmi Bakı görsəydi ki, Kreml Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə yardım edə bilər, inanıram ki, həm Qəbələ RLS-lə bağlı yeni anlaşmaya imza atardı, həm də Putinin Avrasiya Birliyi ideyasına dəstək verərdi. Ancaq Kreml Qarabağ məsələsində heç bir pozitiv addıma hazır olmadı. Ona görə də rəsmi Bakı nə RLS, nə də Avrasiya Birliyə “hə” dedi. Əslində bunun belə olacağını Moskva anlamalıydı. Top birinci onların meydanına ötürülmüşdü”.
Qəbələ RLS-in qapanmasının Azərbaycan-Rusiya münasibətlərində gərginliyi bir qədər də artıra biləcəyini deyən Elxan Şahinoğlu qərarın eyni zamanda Azərbaycana Qərb və Türkiyə ilə hərbi-strateji əlaqələrini yeni müstəviyə qaldırmaq fürsəti verdiyini deyib: “Əlbəttə, kinli siyasətçi olan Putin RLS-in əvəzini bizdən hansısa başqa müstəvidə çıxmağa çalışacaq. Çünki bu, Putinə bir sillə idi, o, itki verməyə öyrəşməyib. Ona görə şimaldan gələcək təhlükələrə hazır olmalıyıq. Uzaq bölgələri, o cümlədən Suriyanı əldən vermək üzrə olan Kreml diqqəti yaxın ətrafına yönəldib. Putin yaxın ətrafı sözəbaxan etmək üçün əlindəki bütün resursları hərəkətə gətirməyə çalışır. Ancaq ABŞ da Putinin bu inadkarlığını rahatlıqla seyr etmək fikrində deyil. Avrasiya Birliyinin əsl tərifini ABŞ dövlət katibi Hillari Klinton verib: “Avrasiya Birliyi ideyası SSRİ-nin bərpası deməkdir”. Odur ki, Rusiyadan gələn mümkün təhlükələrə müqavimət göstərməyin yeganə alternativi ABŞ, NATO və Türkiyənin imkanlarından və dəstəyindən istifadə etməkdir”. 
"Media forum"

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами