Putindən Polşaya təklif - “Ukrayna qondarma ölkədir…”
Putindən Polşaya şok təklif - “Ukrayna qondarma ölkədir…”
Polşa parlamentinin spikeri Radoslav Sikorski bildirib ki, 2008-ci ildə Polşa rəhbəri olanda Rusiya prezidenti Vladimir Putin ona Ukraynanı öz aralarında bölməyi təklif edib.
“Reuters” xəbər agentliyi məlumat verir ki, sentyabr ayınadək Polşanın xarici işlər naziri olan Sikorski Putinin bu təklifini ABŞ-ın “Politico” vebsaytına bildirib.
Onun sözlərinə görə, Putin Polşanın baş naziri Donald Tuskun 2008-ci ildə Moskvaya səfəri zamanı belə deyib. Sonradan isə Sikorski həmin müsahibənin “tərcümədə təhrif” olduğunu bildirib.
“O istəyirdi ki, Ukraynanın bölgüsündə biz də iştirak edək. Putin baş nazirimiz Donald Tuskun Moskvaya səfəri zamanı belə deyib. Putin qeyd etmişdi ki, Ukrayna qondarma ölkədir, Lvov isə Polşanın şəhəridir. Bu məsələyə birlikdə aydınlıq gətirmək lazımdır”, – 19 oktyabr müsahibəsində Sikorski bildirib.
II Dünya müharibəsindən əvvəl ukraynalıların “Lviv” adlandırdıqları Lvov şəhəri də daxil olmaqla, indiki Ukraynanın qərb hissəsi Polşanın tərkibində idi.
Moskvaya səfərdə Tusku müşayiət edən Sikorskinin sözlərinə görə, Tusk danışıqların qeydə alındığını bilirmiş. Ona görə də Putinin təklifinə cavab verməyib.
Buna baxmayaraq, Polşa heç vaxt Rusiyanın bu cür əməliyyatlarında maraqlı olduğunu bildirməyib. “Biz fikrimizi onlara çox aydın şəkildə çatdırdıq və bu təklifə əhəmiyyət vermədik”, – Sikorski deyib.
Müsahibə yayıldıqdan sonra Sikorski tərcümədə bunun çox şişirdildiyini bildirib. Oktyabrın 20-də Sikorski öz “twitter” hesabında tərcümədə bəzi fikirlərin çox təhrif olunduğunu yazıb. Həmçinin deyib ki, Polşa heç bir anneksasiyada iştirak etmir.
Qeyd edək ki, bu müsahibə Polşa-Rusiya münasibətlərini daha da pisləşdirə bilər. Ukrayna böhranına və Moskvaya casusluq edən 2 şəxsin həbsinə görə münasibətlər onsuz da gərgindir.
Polşanın Xarici İşlər Nazirliyi və Rusiya rəsmiləri hələlik məsələyə rəsmi münasibət bildirməyiblər.
“Putin belə təklif edibsə, bu, çox qalmaqala səbəb olacaq. Polşanın heç bir baş naziri başqa ölkənin bölünməsi kimi belə çirkin bir addım atmayacaq”, – Brüsseldə vəzifəyə gedəndən sonra Tusku əvəz edən Eva Kopaç oktyabrın 20-də TVP ictimai telekanalına bildirib. Eva Kopaç əvvəllər bu haqda eşitmədiyini deyib.
Rusiyanın Ukraynanı bölmək istədiyini təkcə Sikorskinin müsahibəsi göstərmir. Qeyd edək ki, Krımın anneksasiyasından sonra Rusiya parlamentinin spikeri Vladimir Jirinovski də Polşa, Rumıniya və Macarıstan hökumətlərinə məktub göndərmiş və Ukraynanı bölməyi təklif etmişdi. /eunews.az/
Комментарии
Отправить комментарий