Avropa Parlamentində Cənub Qaz Dəhlizi müzakirə olunub
Avropa Parlamentində Cənub Qaz Dəhlizi müzakirə olunub
05 mart, 2014 22:30
photo: eunews.az
Martın 5-də Avropa Parlamentində Xəzər Strateji İnstitutunun və avroparlamentarilər Norika Nikolai, Vittorio Prodi və Niki Tzavela ilə birgə təşkilatçılığı ilə “Cənub Qaz Dəhlizi: Hədəflər və İmkanlar” mövzusunda “Xəzər Brüssel Forumu” keçirilmişdir. Forumda səfirlər, diplomatik nümayəndəliklərin əməkdaşları, enerji mütəxəssisləri və Avropa Parlamentinin işçiləri iştirak etmişlər.
Xəzər Strateji İnstitutunun baş katibi Haldun Yavaş açılış nitqində Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyi üçün oynadığı vacib rol haqda və gələcək enerji təchizatı potensialından danışıb. Həmçinin Xəzər Strateji İnstitutu haqda məlumat verən Haldun Yavaş, Türkiyənin enerji sahəsində gələcək planları haqda, enerji ötürülməsi qovşağına çevrilmə iddialarından bəhs edib.
Azərbaycanın Belçika, Lüksemburq və Avropa İttifaqı yanındakı səfiri Fuad İsgəndərov Şahdəniz layihəsinin və Cənub Qaz Dəhlizinin son illər ərzində ən böyük sərmayə cəlb edən layihə olduğunu bildirib və bu baxımdan Azərbaycanın Aİ ilə eyni səviyyədə əməkdaşlıq edən yeganə Şərq Tərəfdaşlığı ölkəsi olduğunu bildirib. Bununla yanaşı, səfir Aİ ilə əməkdaşlıq etməyə hazır olan bütün Şərq Tərəfdaşlığı ölkələrində aqressiv separatizm probleminin yaradıldığını bildirib və Avropa İttifaqının buna siyasi qiymət verməsinin zəruriliyini vurğulayıb.
Con Bolduin (John Baldwin) BP-nin Cənub enerji dəhlizi üzrə vitse-prezidenti öz çıxışında yaxın illərdə təbii qazın öz əhəmiyyətini itirməyəcəyini və Avropada ona olan tələbatın azalmayacağını bildirib. Həmçinin, cənab Bolduin deyib: "Biz düşünə bilərik ki, bu qaz haradan gələcək? Təbii ki, Rusiya, Şimali Afrika kimi mənbələr var, ancaq Cənub Qaz Dəhlizi mövcud mənbələrin ən məqsədyönlüsüdür. O baxımdan ki, Azərbaycanı Gürcüstan vasitəsi ilə Türkiyəyə bağlayan və 9 milyard kub-metr qaz ötürən boru xətti artıq mövcuddur. Bu, hazır infrastrukturdur. CQD 40 milyard dollardan çox investisiya tələb edir. Bu investisiyanı müştərilər edəcək." Con Bolduin bildirib ki, əgər Azərbaycan üçün bu layihənin xeyiri siyasi xarakter daşıyırsa - müştərilərin müxtəlifləşdirilməsi və regiondakı ölkələrin daha sıx əməkdaşlığına imkan yaratmaq, Aİ daha çox iqtisadi maraqlar güdür - təchizatçıların müxtəlifləşdirilməsi və digər ölkələrə ixracatı. Layihə bütünlükdə siyasi və iqtisadi əhəmiyyətə malik olmalıdır, əks halda həyata keçməsi mümkün olmayacaq. “Enerji təhlükəsizliyini qorumaq üçün stretji yanaşma lazım olduğu halda, bunun çox strateji olması da lazım deyil, əks halda layihə də əldən çıxacaq”.
Azərbaycanın Belçika, Lüksemburq və Aİ yanında səfirliyinin birinci katibi Rəşad Novruz Azərbaycanın sənayə sahəsində 135 ildən çox təcrübəyə malik olduğunu, Nobel qardaşlarının ideyalarına ev sahibliyi etdiyini vurğulayıb. Bu baxımdan, Azərbaycanın yaxın illərdə CQD-nin yaxın onillikdə 1 trilyon kub metrə qədər qaz ixrac etmək potensialı olduğunu deyib, Türkmənistan və İraqın CQD-yə qoşulma ehtimalından da söz açıb. CQD, ona daxil olan ölkələrin Aİ-yə tək siyasi deyil, həm də iqtisadi baxımdan daha yaxın olmasına şərait yaradacaq. İqtisadi müstəqillik Azərbaycan, bölgə və tərəfdaşlar üçün həm böyük imkanlar yaradacaq, həm də həll tələb edən məsələlər ortaya çıxaracaq. Sonda, Rəşad Novruz Brüssel və Bakının əməkdaşlıq sahəsində böyük perspektivlərinin olduğunu vurğulayıb. "Biz enerji strategiyamızla mərhələli şəkildə irəliləyəcəyik və hər bir addımda əlavə dəyər yaratmağa çalışacağıq", - deyə o, əlavə edib. O, bildirib ki, Türkmənistan öz qazını Azərbaycan üzərindən Avropaya nəql etmək istəsə Azərbaycan buna hazırdır. İraq qazının da TANAP-a qoşulmaq ehtimalı var, ancaq yaxın perspektivdə yox. Avropanın ehtiyacı olduğu İraq qazı ölkənin şimalında yox mərkəzindədir. Odur ki, hamının gözlədiyinin əksinə olaraq, onu Aİ-yə nəql etmək asan olmayacaq. Sonda cənab Novruz diqqətə çatdırıb ki, Avropanın enerji məkanında biznes dairələri üçün ən böyük çətinlik Aİ-nin qanunları və qanunvericiliyidir. Aİ-nın biznes dairələrinin, eləcə də Azərbaycanın maraqlarını qane etməsi münasibətlərin sonrakı inkişafına təsir göstərəcək.
İtaliyanın Avropa İttifaqı yanındakı səfirliyinin nəqliyyat, telekommunikasiya və enerji üzrə attaşesi Marko Landolfi (Marco Landolfi) Avropa Komissiyasının TAP layihəsinə dəstək verməsinin layihə üçün çox böyük əhəmiyyət daşıdığını bildirib, TAP-ın bölgənin digər enerji layihələrinə qoşulmasının işin gedişatına böyük töhvə verəcəyinə əminliyini bildirib. "İtaliyanın Avropa İttifaqının Şurasına sədrliyi zamanı, biz Aİ enerji siyasətini fəaliyyət planına daxil etməyi planlaşdırırıq və CQD reallaşmasını tezləşdirmək üçün əlimizdən gələni edəcəyik."
Bunun ardınca, yeni panelə rəhbərlik edən Avropa Parlamentinin deputatı Vittorio Prodi öz çıxışında deyib: “Cənub Qaz Dəhlizinə olan marağımız siyasi oyunlardan uzaq olan etibarlı layihələrə ehtiyacımızla bağlıdır”.
Yunanıstanın Aİ yanındakı Daimi Nümayəndəliyinin enerji attaşesi Teodor Kristopulos (Theodoros Christopoulos) çıxışının əvvəlində bildirib ki, tədbirə Aİ sədliyinin nümayəndəsi kimi yox Yunanıstan nümayəndəsi kimi dəvət olunub. “TAP və TANAP layihələrində iştirak edən bütün ölkələrlə yaxşı münasibətlərimiz var”, -deyə o, əlavə edib. Onun sözlərinə görə Aİ-nin yunan sədrliyinin prioritetləri arasında enerji təhlükəsizliyi məsələləri var. 15-16 mayda keçiriləcək fövqəladə enerji şurasında enerji infrastruktu, enerji mənbələrinin diversifikasiyası və cənub dəhlizi müzakirə olunacaq. Enerji mənbələrinin diversifikasiyası şuranın prioritet mövzusu olacaq. Kristopulos bildirib ki, Yunanıstanın coğrafi mövqeyi diversifikasiya üçün ən idealıdır. Şahdəniz qazının Avropaya Yunanıstan üzərindən nəqli bütün region üçün faydalıdır. Bu, həm də yunan iqtisadiyyatının da rəqabət qabiliyyətliliyini artıracaq. Yunanıstan ərazisində LNG layihələrini də inkişaf etdirilir. Yunanıstanın Şimalında yerləşən LNG boru kəmərlərinə və saxlanma mərkəzlərinə yaxın olduğu üçün strateji əhəmiyyətə malikdir.
ARDNŞ-ın Belçika nümayəndəliyinin direktoru Vüsal Məmmədov çıxışını başlayarkən diqqəti ona yönəldib ki, bu tədbir müxtəlif siyasi qrupların müştərək şəkildə təşkil etdiyi nadir tədbirlərdəndir. Bu isə onun Avropa üçün vacibliyindən xəbər verir. Vüsal Məmmədovun fikrincə Şahdəniz qazının Avropaya nəqli meqa layihədir. Bu, Azərbaycan və region üçün təkrarı olmayan Birbaşa Xarici Sərmayə layihəsidir. O, xatırladıb ki, Gürcüstan və Türkiyəyə 2018-də, Avropaya isə 2019-da ilk qaz satışı nəzərdə tutulur. Vüsal Məmmədov layihənin Avropa üçün əhəmiyyətindən danışarkən bəzi məqamlara diqqət çəkib. İlkin olaraq Avropadakı enerji bazarının şərtlərinin Azərbaycan qazı üçün tələbat yaratdığını deyən Məmmədov əlavə edib ki, Şahdəniz Avropaya yeni qaz gətirir, halbuki digər mənbələr yeni deyil. Onun fikrincə, bu layihə Cənubi Avropada birləşdiricilırin inkişafına təkan verəcək, yeni investisiya və iş yerləri gətirəcək. Avropanı sarsıdan iqtisadi böhran vaxtı bu, çox əhəmiyyətlidir. O, daha sonra bildirib ki, layihənin başa çatdırılmasından sonra nəql olunan qazın həcmi artırıla,əlavə infrastruktur yaradıla, buraya əlavə mənbələr qoşula bilər.
Azərbaycanın bu layihədəki məqsədinə toxunan Vüsal Məmmədov qeyd edib ki, söhbət strateji məqsədlərdən gedir. Əslində, Azərbaycan öz qazını daha yaxına və asan şəkildə sata bilər. Ancaq o, Avropanın da qaz təminatçısı olmaq istəyir. Azərbaycan hökuməti və ARDNŞ milli səviyyəli oyunçu olmaqdan çıxıb, dünya səviyyəsində oyunçu olmaq istəyir.
Cənab Məmmədov yekun olaraq qeyd edib ki, infrastruktur hazır olan kimi Azərbaycan qazı Avropalı istehlakçılar üçün əlçatan olacaq.
“BOTAŞ”-ın Baş Direktorunun müavini Mustafa Arınc Türkiyənin artan enerji tələbatlarına cavab vermək üçün böyük investisiyalara ehtiyacı olduğunu və bu CQD, TANAP boru xəttinin ölkə üçün böyük əhəmiyyət daşıdığını bildirib. O, həmçinin Azərbaycanın Rusiya və İrandan sonra Türkiyənin ən böyük qaz təchizatçısı olduğunu deyib, “BOTAŞ”ın beynəlxalq enerji aktyoru olaraq göstərdiyi fəaliyyətlər haqda danışıb. “TANAP boru xətti təbii qazın Türkiyənin şərqindən başlayaraq Yunan sərhəddinə və oradan Avropaya ixrac olunmasına imkan yaradacaq. CQD-nin bizim üçün kəsb etdiyi əhəmiyyəti nəzərə alaraq, BOTAŞ Şah Dəniz 2 layihəsində payını artıra bilər”, - deyə o bildirib. Sonda cənab Arınc CQD-nin gələcəkdə Xəzər hövzəsində və Yaxın Şərqdə yeni mənbələrə qoşulacağına dair ümidlərini paylaşıb.
TAP şirkətinin xairic əlaqələr şöbəsinin rəhbəti Maykl Hofman (Micheal Hoffman) TAP layihəsinin indiki mərhələyə çatması üçün 11 il tələb olunduğunu və Aİ-yə ilk qaz idxalı 2019 üçün nəzərdə tutulduğunu nəzərə alaraq, bu tip layihələrin çox uzun zaman tələb etdiyini vurğulayıb. Bununla yanaşı, Maykl Hofman deyib: “CQD hökümətlər və özəl biznes qurumları arasında uğurlu əməkdaşlığın bariz nümunəsidir. CQD-ni uzunmüddətli layihə kimi görmək lazımdır.” Natiq sonda indiyə qədər görülən işin çox böyük və uzunmüddətli bir layihənin sadəcə birinci hissəsi olduğunu da bildirib.
Baxılıb: 314
Комментарии
Отправить комментарий