Yaxud ATƏT-in hoqqabazlığı nə qədər davam edəcək?
Bu gün yenə ATƏT-dən söhbət acacağam. Buna səbəb isə dünən yenə növbəti bir mənasız və perspektivi olmayan görüşlərdən daha birisinin keçirilməsi oldu. Daha doğrusu, bu qurumun bir daha Ermənistana sözün həqiqi mənasında havadarlıq etməsindən bəhs etmək istəyirəm.
Xatırladım ki, dünən Vyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri Jak For (Fransa), Yan Kelli (ABŞ) və İqor Popov (Rusiya) ilə görüş keçirib. Bu “mühüm görüş” barədə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev axşam saatlarında televiziya ekranlarından bəh-bəhlə danışırdı. O da xüsusi ilə vurğulanırdı ki, sən demə görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, polşalı səfir Anjey Kaspşik də iştirak edibmiş.
Əsas mətləbə keçməzdən əvvəl onu qeyd edim ki, bu polyak diplomatını, bəlkə də, öz ölkəsində heç tanıyan yoxdur. Ola bilsin ki, çoxdan unudublar. Onun Bakıda və İrəvanda təmtəraqlı ofisləri, xeyli sayda köməkçiləri və sayı-hesabı bilinməyən maliyyə resursları var. Dağlıq Qarabağ münaqişəsi milyonlarla insana faciə və fəlakət bəxş etsə də, bu Kaspşik əməlli başlı varlanıb. Həm maddi, həm də mənəvi baxımdan.
Dəyərli vaxtınızı çox almaq istəməzdim, inşallah yaxın vaxtlarda bu cənab haqqında da gələcək nəsillərin bilməsi üçün bir araşdırma mövzumuz olacaq.
Bu gün ki, mövzumu isə bizimkilərə və onlara həsr etmək istəyirəm. Bizimkilər dedikdə, mən konkret olaraq Prezident Administrasiyasını və onun tapşırıqlarını yerinə yetirən XİN-i nəzərdə tuturam. Onlar dedikdə isə, ATƏT və onun 3 həmsədr ölkəsini, həmçinin ATƏT-ə sədrlik edən ölkələri nəzərdə tuturam.
İndi növbəlik prinsipi ilə ATƏT-ə Ukrayna sədrlik edir. Artıq bu ölkənin sədrlik müddətinin də xeyli hissəsi keçib. Hesabat üçün fəaliyyətdə olan sədr, Ukraynanın xarici işlər naziri Leonid Kojara tez-bazar ötən həftələrdə Azərbaycana və Ermənistana səfərlər həyata keçirdi. Bundan əvvəl isə ATƏT-in sədri kimi Kojara yalnız iyunun 14-də Minsk qrupunun həmsədrləri olan o məşhur üçlüyü və haqqında bir qədər əvvəl bəhs etdiyim şəxsi nümayəndə Anji Kaspşiklə görüşüb.Və maraqlısı budur ki, ATƏT-in mətbuat katibliyi məlumat yaymışdı ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar məsələləri müzakirə edib. Həmsədrlər ATƏT sədrini danışıq prosesinin hazırkı vəziyyəti, həmçinin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşün nəticələri barədə qısa məlumatlandırıblar.
Əgər siz ATƏT sədrlərinin bu postu təhvil aldıqları müddətlərin məlumatlarına diqqət yetirsəniz, görərsiniz ki, bütün sədrlər ATƏT-in sədri postunda bu və ya digər ölkə üçün guya ölkəsinin ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində səylərini dəstəklədiyini təsdiqləyərək, bu məsələnin onlar üçün ATƏT-in sədrliyi dövründə prioritet olduğunu qeyd ediblər. Amma bu boş və mənasız açıqlamaların arxasında heç bir nəticənin olmadığını biz illərlədir ki müşahidə edirik. Bu onların “iş metodu” və ən əsası isə “İŞ YERLƏRİDİR” (seçdirmə mənimdir- Ü. C.). Kim istəyər ki, yüksək məvacibli və hər cür komfortlu iş yerini itirsin? Bu konflikt nə qədər çox uzansa, bir o qədər xaricilər üçün əzabsız-əziyyətsiz həyat davam edəcək.
Bütün bunları gördükləri halda, bəs bizim başbilənlərimiz niyə bu avantüraya, sözün həqiqi mənasında Azərbaycan xalqının mənliyinə və varlığına toxunan vəziyyətə etiraz etmir, ATƏT və digər qurumlar qarşısında öz kəsərli sözünü deyə bilmir?
Bəlkə də, xarici işlər naziri Elmar Məmmədyarovdan soruşsanız ki, o həmsədrlərlə, həmçinin Ermənistanın xarici işlər nazirləri ilə indiyə qədər neçə görüşlər keçirib, bəlkə də dəqiq cavab verməyə çətinlik çəkər. Özü də, hər dəfə Edvard Nalbandyan və digər yanlar Azərbaycanı qeyri-konstruktiv mövqe tutmaqda günahlandırır və bir çox hallarda Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasında bizə irad bildirir.
Bir qayda olaraq, danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin həlli yolu və prosesin hazırkı durumu müzakirə olunur. 20 ilə yaxındır ki, bu mənasız və perspektivsiz danışıqlar, görüşlər davam edir. Ancaq hamı gözəl anlayır ki, bu münaqişənin həlli birbaşa Rusiya tərəfindən asılıdır. Elə Amerika Birləşmiş Ştatları da bu məsələdə çox passiv mövqe sərgiləyir. Elə yeri gəlmişkən, dünən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Minsk Qrupunun həmsədrləri və erməni həmkarı Edvard Nalbandyanla Vyanada keçirilən görüşünü şərh edərkən bunları söyləyib.
“ABŞ ATƏT-in Minsk Qrupunda fəaliyyətini gücləndirəcək və əlindən gələni edəcək ki, bu münaqişənin yekun həlli imkanlarını artırsın...”
Səfir həmçinin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqı üçün ağrılı-acılı və önəmli bir problemdir.
Deyir, Tarixi-Nadir kitabını da oxusan, bu cümlələrdən baş açmaq çətindir. Mən başa düşürəm ki, cənab Morninqstar diploimatdır və ona verilən tapşırıqlara uyğun danışır. Amma, onun özü də çox yaxşı bilir ki, belə gedişlə heç vaxt bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmaz...
Şəxsən mənim qənaətim ondan ibarətdir ki, Azərbaycan tərəfi ATƏT və digər beynəlxalq qurumlar qarşısında konkret vaxt göstərməlidir ki, torpaqlar işğaldan azad edilsin. Əks təqdirdə, güc işlətməkdən də biz çəkinməməliyik və bunu açıq şəkildə bəyan etməliyik. İyunun 26-da Silahlı Qüvvələr günü ilə əlaqədar Bakıda keçirilmiş Hərbi Parad zamanı nümayiş etdirilən güc və hərbi texnikamız da ərazi bütövlüyü məsələsində düşmənə heç bir güzəşt etməyəcəyimizlə bağlı çox ciddi bir mesaj idi. Bundan da faydalanmaq gərəkdir.
Unutmayaq ki, həmin paraddan sonra həm Rusiya, həm də Ermənistan çox ciddi narahatçılıqlar keçirməyə başladır. Deməli, onlar da artıq başa düşürlər ki, bu status-kvo mütləq mənada dəyişməli və işğalçı qüvvələr öz yerlərinə geri çəkilməlidirlər.
Sonda, onu da qeyd etmək istərdim ki, Azərbaycan mühüm siyasi tədbir ərəfəsindədir. Yəni, oktyabrda növbəti prezident seçkiləri keçiriləcək. Belə vacib və ölkənin taleyini həll edə biləcək hadisələr öncəsi, Azərbaycan iqtidarı da qəbul etdiyi qərarlarda ilk növbədə xalqının mənafeyini üstün tutmalı və Dağlıq Qarabağ münaqişəsinin həllini uzadan qüvvələrə sərt təpki göstərməlidir.
Комментарии
Отправить комментарий