Xalq artisti Nurəddin Mehdixanlı

A A A
Xalq artisti Nurəddin Mehdixanlı: “Məni qəsdən quru qoşunlarına göndərdilər” - SÖHBƏT
 22.08.2013, 17:39




















Azərbaycan Respublikasının xalq artisti Nürəddlin Mehdixanlı - bu ad öz yurduna, öz xalqına və dövlətinə ürəkdən bağlı olan hər bir vətənpərvər Azərbaycan vətəndaşı üçün çox doğmadır. Ən azı ona görə ki, keşməkeşli tariximizin zaman-zaman ağır sınaqlarla üzə-üzə qaldığı kifayət qədər mürəkkəb və gərgin dönəmlərinə məhz onun - bu fədakar səhnə xadiminin yaratdığı və yaşatdığı obrazlarla şahidlik etmişik.
Sənəti və şəxsiyyəti, tariximiz və yaradıcılığı arasındakı son dərəcə ciddi və etibarlı bağlılığı bu sadə təbiətli sənət adamına həyatda və yazılı mənbələrimizdə yaşamaq hüququ qazanan nə varsa, hər şeyi olduğu kimi, bəzəksiz-düzəksiz bizə çatdırmaq səadətini bəxş edib. Şübhə etmirəm ki, bunu çağdaş teatr tariximizin ən parlaq nümayəndələrindən biri kimi tanınan çox hörmətli xalq artistimizin özü də bilməmiş deyil. Yoxsa, sözün əsl mənasında, bu qədər çılğın, bu qədər ehtiraslı, bu qədər üsyankar təbiəti ilə öz tamaşaçılarının sevimlisinə necə çevrilə bilərdi. Axı bu çılğınlığın, bu ehtirasın, bu üsyanın yeganə ünvanı Vətəndir: Hamımıza qucaq açan, hamımızı öz qoynunda yaşadan ana Vətən.
Hərbçi olmaq istəyən gənc və taleyin hökmü
Maraqlıdır, Azərbaycanın xalq artisti Nürəddin Mehdixanlı haqqında düşünəndə nədənsə həmişə belə qənaətə gəlmişəm ki, o öz həyatında mütləq nə vaxtsa hərbçi olmaq istəyib. Bu, onun həm xarici görkəminin, həm də mənəvi dünyasının reallıqda zaman-zaman bizə pıçıldadığı danılmaz bir həqiqətdir. Elə söhbətimizə də məhz bu düşüncələrimlə körpü atıram.


- Doğrudan da belədir. - Müsahibim az qala sözümü ağzımda qoyur. - Mənim hərbçi qardaşlarım var. Onlardan biri vaxtilə Almaniyada xidmət yolu keçib. Digər qardaşım isə dörd il Əfqanıstanda döyüşüb.  Yəni hərb sənəti bizim ailəmizə, ümumiyyətlə, Mehdixanlı nəslinə çox yaxın və doğma bir sənətdir.  Bu, bəlkə ondan irəli gəlir ki, biz türk qövmünün Avşar nəslinə məxsusuq. Avşarlar da tarixdə savaş adamları kimi yadda qalıblar. Elə o üzdən  hərb sənəti həm də mənim ən çox sevdiyim bir sahə olub.
Hətta 1974-cü ildə Leninqrad Ali Siyasi məktəbinə daxil olmaq üçün imtahan vermişdim. Leninqrada yollanmamışdan bir neçə gün qabaq həyatımda hər şey dəyişdi. Bakıda 26 Bakı Komissarı adına teatr fəaliyyət göstərirdi. Rəhbəri  Lütfi Məmmədbəyov idi.  Mən bu ocağa tez-tez baş çəkirdim. Lütfi müəllim məni hərbçi olmaq fikrimdən daşındırdı. Nəticədə sənədlərimi  incəsənət institutunun dram-kinoaktyorluq fakültəsinə verməli oldum. Halbuki heç vaxt aktyor olmaq haqqında fikirləşməmişdim.
Bu bir tale məsələsidi bəlkə də. Mənim 26 Bakı Komissarı adına xalq teatrında Lütfi Məmmədbəyovla tanışlığım  həyatımı kökündən dəyişdi. Bu haqda düşünəndə həmişə belə fikirləşmişəm ki, ola bilsin, aktyor kimi Azərbaycanın teatr mədəniyyəti tarixində az da olsa müəyyən yaddaqalan xidmətlərim olub, ancaq bu qənaətdəyəm ki, əgər hərbçi olsaydım,  xalqıma bundan da artıq xeyir verə bilərdim.
«Müstəqilliyimiz - ən böyük həqiqətimizdir»
Əgər söhbət indidən, bu günümüzün reallığından gedirsə, mən bunu da tam ciddiyətiylə deyirəm ki, bu gün Azərbaycana şairdən, yazıçıdan,  müğənnidən, aktyordan çox əsgər lazımdır. Əli silah tuta bilən, döyüşməyi bacaran, ali təhsilli, peşəkar əsgər və zabit. Azərbaycanın savaşmağı bacaran, müasir hərbi texnikanın sirrlərinə dərindən bələd olan  döyüşkən oğullara böyük ehtiyacı var. Elə oğullar ki, Vətənin, Sərhəddin nə olduğunu bütün incəliklərinə kimi başa düşsünlər. Vətənin, Sərhəddin namus məsələsi olduğunu anlasınlar. Ürəyi odlu, başı sərin, qolları güclü oğullar. Bu pafos deyil, ritorika deyil, bu mənim inandığım  böyük həqiqətdir.
Biz uzun bir dönəmdə, yəni sovetlər dövründə, müstəqillyimizi itirmişdik.  Azad deyildik. Azərbaycanda hərb sənətinin təbliğatı, mən deyərdim ki, sıfır səviyyəsində idi. Bu nədən irəli gəlirdi? Əlbəttə, hər şeydən öncə  məqsədli şəkildə həyata keçirilən məkrli siyasətdən.  Azərbaycanlılar bilərəkdən, əksər hallarda hərbi xidmətə tikinti briqadalarına göndərilirdilər.  Onları hərbin xüsusi sahələrinə yaxın buraxmırdılar. Elə mən özüm də şəxsi təcrübəmdə bunun canlı şahidi olmuşam. İnstitutu bitirəndən sonra hərbi desant qüvvələrinə xidmətə göndərilməyim üçün ərizə yazdım, bir nəticəsi olmadı.  Məni qəsdən quru qoşunlarına göndərdilər. Demək istədiyim odur ki, biz bu gün artıq müstəqil bir dövlətik, müstəqil bir ölkəyik. Öz Sərhəddimiz var,  öz Bayrağımız var, öz Ordumuz var. Bu müqəddəs dəyərləri kimlər qorumalıdır? Bundan ötrü, əlbəttə, əsgər lazımdır, zabit lazımdır. Bunu qorumaqdan ötrü ordu lazımdır.
Əgər bir millətin ordusu yoxdursa, həmin millət başqa dövlətin ordusunu yedirtməyə məcbur və məhkumdur. Bir millətin ordusunun olması onun varlığını təsdiq edən ən vacib amillərdən biri və mən deyərdim ki, birincisidir. Qısası,  ordun varsa, yurdun var. Ordun yoxdursa, yurdun da yoxdur.
Təəssüf edirəm ki, hətta inqilaba qədərki dövrdə tanınmış milyonçularımızdan bəziləri azərbaycanlıların hərbi xidmətə çağırılmaması üçün çar Rusiyasının dövlət xəzinəsinə ovuc-ovuc qızıl verirdilər. Əlbəttə, bu çox zərərli bir  tendensiya idi.
“Ümummilli liderimizə borcluyuq”
Müsahibim yaxın tariximizin ən dərin qatlarına baş vurur və  o illərin  uğursuz təcrübəsini böyük təəssüf hissi ilə yenidən xatırlayır. Hiss edirəm ki, bu anlarda Nürəddin Mehdixanlı teatr xadimindən çox, həyatını orduya bağlamış peşəkar hərbçi kimi danışır. Dilindən çıxan Vətən, Xalq, Bayraq, Sərhəd kimi müqəddəs kəlmələri ağ varaqlara istər-istəməz böyük hərflərlə köçürürəm. Onun hər bir məqama, hər bir dönəmə xüsusi həssaslıqla yanaşması diqqətimdən yayınmır. Axı bu dönəmlər gələcəkdə Azərbaycanda ordu quruculuğu işində  qazanılacaq uğurların əsasını təşkil edir.  O üzdən hər bir faktı, hər bir hadisəni özünəməxsus bir tərzdə şərh edən müsahibimin ölkəmizdə fəaliyyət göstərən hərbi təhsil ocaqları  ilə bağlı dediklərini də xüsusi diqqətlə dinləyirəm:


- Ötən əsrin 60-70-ci illərində  ümummilli liderimizin həyata keçirdiyi bir sıra vacib tədbirlər uzaqgörən və müdrik bir siyasətin təzahürü idi.- Xalq artisti sözünə bir qədər ara verir və ani sükutdan sonra fikirlərini eyni inamla yenidən bölüşür. - Bakıda Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinin fəaliyyət göstərməsi azərbaycanlılar arasında hərb sənətinə marağı ikiqat artırdı. 70-ci illərin əvvəllərində Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması isə  yeniyetmələrimizin  ordu sıralarında təmsil olunmasında əsaslı dönüş yaratdı. Bu mənada ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətləri sayəsində  Bakıda fəaliyyət göstərməyə başlayan hərbi təhsil ocaqlarında rəhbər vəzifələrə yerli hərbçi kadrları təyin etməsi də gələcəyə hesablanmış çox ciddi bir addım idi. Məhz bu hərbi təhsil ocaqları  yeni yaranan Silahlı Qüvvələrimizin kadrlarla təminatında sonradan əsaslı baza rolunu oynadı. O illərin məzunları bu gün də ordumuzun sıralarında yüksək vəzifələrdə şərəflə Vətənə xidmət edirlər. Buna görə biz ilk növbədə ümummilli liderimizə minnətdar olmalıyıq.
“Ordumuzla fəxr edirəm”
Xalq artisti özünəxas təmkinlə, səbrlə danışır və bu zaman ən adi məqamları belə yaddan çıxarmırdı. Onun müasir Azərbaycan ordusu haqqında kifayət qədər zəngin informasiyaya malik olması məni yaxşı mənada  yenidən təəccübləndirir. Bu anlarda düşünürəm: Nürəddin miəllimin hətta səs tembri də özündə vətənpərvərliyin, yurdsevərliyin bir sıra vacib elementlərini yaşadır. Torpağı, xalqı, tariximizi və dövlətimizi tanımaq üçün, zənnimcə, şəxsiyyətinə böyük hörmət bəslədiyim xalq artistini sadəcə dinləmək yetər. Onun səsi də qan yaddaşımızın ən dərin qatlarından gələn bir sıra vacib tarixi məqamların etibarlı daşıyıcısıdır. O müstəqil Azərbaycan respublikasının Silahlı Qüvvələrilə fəxr edir, öyünür:


- Fikir verirsinizsə, qısa bir müddəti ərzində xüsusilə ordu quruculuğu sahəsində ciddi uğurlara imza atmışıq. Təkcə onu demək kifayətdir ki, bu gün hərbi təhsil ocaqlarımızda bir sıra MDB dövlətlərinin nümayəndələri, gəncləri oxuyur, hərb sənətinin sirrlərinə yiyələnirlər. Azərbaycanlı sülhməramlı əsgərlərin dünyanın bir sıra münaqişə ocaqlarında sülhü dəstəkləmə əməliyyatında iştirakı da xalqımıza və dövlətimizə başucalığı gətirən faktlardandır. Bu bizim üçün böyük fəxrdir. Ümumiyyətlə, mən orduya bir etalon kimi, kişilik məktəbi kimi baxıram və orduda xidmət etməyənlərin bu Torpaqda, bu Vətəndə yaşamaq haqqını tanımıram.
Söhbət zamanı Nurəddin Mehdixanlı oğlu Ərturandan da danışmağı unutmur. Kifayət qədər geniş imkanlarının, nüfuz və hörmətinin fonunda övladının Azərbaycanın Silahlı Qüvvələrində  əsgər kimi xidmət etməsindən xüsusi bir qürurla, özünəxas fəxrlə söz açır və bununla da, başqalarına  növbəti  dəfə  əsl vətənpərvərlik nümunəsi  göstərmiş olur.
- Ə turanın hərbi xidmətə yollanması həyatımda ən əlamətdar hadisələrdən biridir. Axı o, müstəqil Azərbaycan dövlətinin ordusunda əsgərlik edəcəkdi. - Müsahibimin üzündəki ilıq təbəssüm mənə çox doğma gəlir, axı özüm də oğlumun Azərbaycan ordusunda, xüsusilə cəbhə bölgəsində xidmət etməsilə həmişə öyünmüşəm.- Bu, müstəqilliyin, azadlığın nə demək olduğu bilən hər bir valideyn üçün böyük xoşbəxtlikdir. Son hərbi paradda ürəyim dağa döndü. Meydandan keçən ən müasir hərbi texnikaları və o texnikaları idarə edən hərbçilərimizi görəndə fərəhimdən yerə-göyə sığmırdım. Hava şahinlərimiz səmamızda qıy vurub Azərbaycan bayrağını əks etdirməklə bir daha dünyaya mesaj verdilər ki, bu torpağın, bu səmanın sahibi var; bu torpağın, bu səmanın sahibi bizik.
“Əsgər haqqı müqəddəsdir”
Nurəddin Mehdixanlı daim nümunə olmağa çalışan və əksər məqamlarda öz niyyətinə çatmağı bacaran  çağdaş sənət fədailərimizdəndir. İti baxışları, hündür boyu, enli kürəyi, xüsusilə, bir-birindən doğulan və bir-birini tamamlayan sifət cizgilərilə auditoriyanı, tərəf müqabillərini ələ almaqda çətinlik çəkmir. Bütün bunların arxasında, heç şübhəsiz, onun bir insan kimi səmimiliyi, kifayət qədər ciddi xarakteri, ən əsası isə, təəssübkeşliyi dayanır. Nurəddin Mehdixanlı mənsub olduğu Vətəndən, Xalqdan tutmuş ona aid, ona məxsus nə varsa, hər şeyə səmimi bir qısqanclıq hissilə yanaşır. Elə ordumuza da.


- Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev ordumuzun müdafiə qüdrətini artırmaqdan ötrü böyük işlər görür. Nəticə göz qabağındadır. Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşayır. Silahlı Qüvvələrimiz keçmiş sovet respublikalarının, demək olar ki, hamısının ordusundan güclüdür. Qısa bir zaman kəsiyində bu qədər uğurlara imza atmaq heç kimə asan gəlməsin. Mən tez-tez ayrı-ayrı hərbi hissələrimizdə olur, zabit və əsgərlərimizlə görüşürəm. Yerlərdəki vəziyyətlə, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı ilə tanış olduqca, ordumuzun döyüş ruhuna, əzmkarlığına bir daha yenidən ürəkdən inanıram. Ancaq bəzən orduya qarşı qeyri-obyektiv münasibətin də şahidi oluruq. Bu məni çox ağrıdır. - Xalq artisti yenə öz ampulasındadır: diqqət, həssaslıq və təəssübkeşlik kimi ali hisslər onu daim müşaiyət edir.- İnkişaf, tərəqqi, dinamika olan yerdə, əlbəttə, problemlər də olacaq. Məni narahat edən bu problemlərin məqsədli şəkildə qeyri-səmimi şərh olunmasıdır. Ordumuza qarşı qara piar kampaniyası aparanlar ölkəmizin müharibə şəraitində olmasını, düşmənlərimizi unutmamalıdırlar. O üzdən Silahlı Qüvvələrimizə daha həssas, daha diqqətlə yanaşmalıyıq. Ordumuzu qorumalıyıq, ordumuzu yaşatmalıyıq. Unutmamalıyıq ki, ordumuza görə yalnız hərbçilər deyil, bizim hamımız məsuliyyət daşıyırıq. İlk növbədə gənclərə Vətənimizin tarixini öyrətməliyik. Tarixini bilən və onu sevən gənc mütləq vətənpərvər olacaq, yurdsevər olacaq. Yəni, biz öz hərbçilərimizə dayaq olmalıyıq. Hər hansı bir hadisəni qəsdən şişirdib dövlətimizə, ordumuza qarşı yönəltmək isə indiki dövrdə heç kimə baş ucalığı gətirməyəcək. Axı dünyanın heç bir ordusu problemlərdən sığortalanmayıb. Axı dünyanın elə bir ordusu yoxdur ki, orada ölüm-itim olmasın. Bunu o qara qüvvələrin özləri də bilirlər. Demək istədiyim odur ki, biz əsgərlərimizi öz balamız kimi sevməliyik. Hələ sovet dövründə analarımız, nənələrimiz dili, dini ayrı, qeyri millətlərdən olan əsgərləri görəndə onlara gözlərinin yağını yedizdirirdilər. İndi də belə olmalıdır. Cəmiyyətdə orduya səmimi münasibət formalaşmalıdır. Bilirsiz, həyatda Tanrıdan sonra ən birinci haqq valideyn haqqıdır. Ancaq, mənim fikrimcə, Vətənimizin keşiyində dayanan  əsgərlərimizin haqqı ondan da irəlidir...
Son söz əvəzi
Nurəddin Mehdixanlı ilə, ondan ayrılmağın çətinliyini duya-duya, sağollaşıram. Özünəxas intonasiyası, bəlağətli səsi və bu intonasiyanı, bu səsi tamamlayan dolğun fikirləri uzun müddət qulaqlarımdan çəkilmir: »Tez-tez teatr qastrollarında, səfərlərdə oluram. Başqalarını deyə bilmərəm, ancaq mən həmişə sərhədləri keçəndə daim ürəyimin başında gəzdirdiyim pasportumla öyünürəm, fəxr edirəm».
Biz də sizinlə öyünürük, sizinlə fəxr edirik, ustad. O pasportu ürəyinizin başında gəzdirməyə haqqınız var. Axı siz dünənimizin Cavad xanı, Haçı Zeynalabdin Tağıyevi, general Xasay Usmiyevi olduğunuz kimi, bu günümüzün, sabahımızın da əsgərisiniz. Bütün dövrlərin Vətənə sevgi ilə, sədaqətlə silahlanmış qalib əsgəri.
Polkovnik-leytenant
İbrahim RÜSTƏMOV,
əməkdar jurnalist 

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами