Türkiyənin baş naziri
Ahmet Davudoğlunun siyasi müşaviri təyin olunmuş erməni
Etyen Mahçupyan nəhayət ki, "danışdı".
"Akşam" qəzetinin yazarı "Yeni Türkiyə perspektivi" adlı doktrina hazırladığını və bu prinsiplər toplusunun reallaşacağı təqdirdə, Türkiyənin regiondakı mövqeləri ilə dünya siyasətində tutduğu yerin səbatlaşacağını bildirir.
Nədir bu "doktrina"?
Etyen Mahçupyan CNN Türk-ə verdiyi müsabihəsində deyib: "Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı aprelin 24-də Ermənistana rəsmi səfərə dəvət edib. Aprelin 24-də dövlət başçımızın Ermənistana yollanması çox mühüm siyasi jest olardı. O səfərədək də bir sıra jestlər olmalıdır. Bu jestlər olarsa, Türkiyə ilə Ermənistan arasında münasibətlərdə dönüş yaranar və Türkiyə prezidentinin də Ermənistana səfərə yollanma ehtimalı artar. Fəqət realist olsaq, belə ehtimal görmürəm. Bu il erməni tərəfinin daha sərt mövqe tutacağını düşünürəm.
Erməni tərəfi daha sərt olduqca Türkiyənin belə bir jest etməsi ehtimalı da yoxdur. Səfərdən əvvəl xeyli iş görülməlidir. O işlərin yarısını Ermənistan görməlidirsə, yarısını da Türkiyə gerçəkləşdirməlidir. Ermənistan sadəcə, dəvət edib gözləyərsə, Türkiyə prezidentinin oraya gedəcəyini sanmıram", - E.Mahçupyan deyib.
Daha sonra E.Mahçupyan bildirib ki, bu il erməni-türk münasibətlərində böyük irəliləyişin olacağını zənn etmir: "2015-ci ildən sonra inkişaf ehtimalı artacaq, 2016-cı ildə gərginlik bir qədər azalacaq. 1915-ci il hadisələrinin 100 illiyinə həsr olunmuş tədbirlər geridə qalandan sonra daha gerçəkçi, daha uzunmüddətli baxışlar olacaq.
Zatən indi toplumlar arasında anlaşmaya yönəlik proseslər var, çoxsaylı sənət və kültür layihələri var. Xeyli türk erməni dilini öyrənir, xeyli ermənistanlı türkcə bilir. Türkiyədə baxışlar sürətlə dəyişir. Məsələn, indi nəslində, ailəsində erməni olub-olmadığını araşdıranların sayı artır. Bu enerji mütləq siyasətə də təsir edəcək, amma sürətlə olmayacaq. Çünki Azərbaycan nefti var, Qarabağ məsələsi var. Bütün bu amillər inkişafı ləngidir".
E.Mahçupyan İstanbulda çıxan "Aqos" qəzetinin baş redaktoru olduğu, sonra "Akşam"da yazarlıq etdiyi dönəmlərdəki mövqeyindən əsla əl çəkməyib və bu, onun müşavir postundakı ilk siyasi açıqlamasında aşkar görünür.
Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin, daha doğrusu, münasibətsizliyin problem olduğunu vurğulayan erməni yazar-müşavir "baiskar" kimi Azərbaycanı göstərir. Onun məntiqinə görə, Qarabağ məsələsi və Azərbaycan nefti olmasaydı, Ankara-Yerevan münasibətləri sürətlə normallaşardı.
Etyen Mahçupyan bilərəkdən, qəsdən qondarma "erməni soyqırımı" məsələsini, ermənilərin Türkiyəyə qarşı ərazi iddialarını, rəsmi Yerevanın yürütdüyü və tək Türkiyəyə yox, ümumiyyətlə, türklərə nifrət üzərində aşılanan siyasətini görməzliyə vurur.
Sanki bütün bunlar yoxmuş - olan sadəcə, "Türkiyəni neftlə ələ alan Azərbaycandır".
Türkiyənin baş naziri Əhməd Davudoğlu belə erməni millətçiliyi, Azərbaycana nifrət və həqarət ruhunda olan bəyanatdan xəbərdardırmı?
Etyen Mahçupyan müşavir vəzifəsində ilk siyasi açıqlamasında Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşması istiqamətində olan proseslərdə Azərbaycanı yeganə "maneə" sayırsa, bu sözləri adi vətəndaşın və ya siyasətçinin baxışı saymaq doğru olmazdı.
Danışan Türkiyə baş nazirinin müşaviridir və onun "Yeni Türkiyə perspektivi" planı ilə bağlı dedikləri də rəsmi şəxsin bəyanatı qismində qəbul olunmalıdır.
Azərbaycanı aşağılayan, Bakı və Ankara arasındakı münasibətləri "neftlə Qarabağ" səviyyəsinə endirən şəxsin bundan sonra nə məşvərətlər edəcəyini təxminləmək isə, fikrimizcə, heç çətin deyil.
Orxan Hun
Milli.Az
Комментарии
Отправить комментарий