AKADEMİK Rafiq Əliyev

İKİ ŞAGİRDLƏ BİR AKADEMİKİN SÖHBƏTİ
BÖLÜM: Gündəm
YAYIM TARİXİ: 21 Avqust 2010 16:42
İKİ ŞAGİRDLƏ BİR AKADEMİKİN SÖHBƏTİ

Rafiq Əliyev: “Bizim nəzəriyyə Çinə ildə yüz milyardlarla dollar gəlir gətirir”

8-ci sinifə oxuyan iki şagird - Əminə və Ramiz məşhur azərbaycanlı alim, akademik Rafiq Əliyevlə həmsöhbət olub, ondan müsahibə götürüblər. Musavat.com-da təqdim olunmuş maraqlı müsahibəni təqdim edirik:

Şərtləşdiyimiz vaxtda Rafiq müəllimlə kabinetində görüşdük. Bizi qarşılayıb yer göstərdi.Onun bizə göstərdiyi xüsusi diqqət və mehribanlıq həyəcan və narahatlığımızı tezliklə unutdurdu. Növbəylə suallarımızı verməyə başladıq:
- Özünüzü necə tanıdardınız, professor Rafiq Əziz oğlu Əliyev kimdir?
- Mənim üçün bu sualı cavablanrmaq doğrudan çox çətindir.Amma cavab da cox sadədir. Elm qarşısında, cəmiyyət qarşısında məsuliyyətini başa düşüb,borcunu yerinə yetirən adam.
- ATV ilə yayımlanan verilişdə siz “Çin bumu” kimi bir ifadə işlətdiniz. Həmin ifadənin anlamı nədir?
- Dünya iqtisadiyyatında son 10-20 ilin göstəricilərinə nəzər salsaq görərik ki, davamlı iqtisadi artım Çindədir. Bildiyiniz kimi bütün dünyanı iqtisadi böhran bürüdü. Elə bir dövlət yox idi ki, bu böhran onun iqtisadiyyatına öz dağıdıcı təsirini göstərməsin. Amma Çin bu böhrandan ən tez qurtulan dövlət oldu və öz iqtisadiyyatını qorumağı bacardı. “Bum” sözünün mənası bir növ inqilabi tərəqqidir. Çin öz inkişafını keçmiş Sovetlər İttifaqının seçdiyi kəskin yenidənqurma yolu ilə deyil, azad,dünyavi,iqtisadi islahat yolu ilə apardı. Hazırda Çin iqtisadi tərəqqisinin kökündə Zadə ilə bizim birgə hazırladıgımız qeyri-səlis məntiq nəzəriyyəsinin tətbiqi durur.
- Dəyərini zamanında tapmayıb zamanı qabaqlayan nəzəriyyə və kəşflər çox olub. Sonralar bəşəriyyətin inkişafında öz rolunu oynayan həmin kəşflər haqda tarixdə kifayət qədər nümunələr var. Qeyri-səlis məntiq nəzəriyyəsinin mahiyyəti nədir və nədəndir ki, Azərbaycanda öz tətbiqini tapmır?
- Zamanı qabaqlayan kəşflərə öz zamanında çətin ki, düzgün qiymət verilsin. Bütün tarixi zamanlarda belə kəşflərə rast gəlinib. Qeyri-səlis məntiq nəzəriyyəsinin əsas mahiyyətini izah edim. Məntiq idrak elmidir. Yunan filosofu Aristotelin belə bir fəlsəfi deyimi var: ”Bir adamın dediyi ya dogrudur, ya yalan”. Göründüyü kimi, Aristotel yalan və dogru kimi kateqoriyalar arasinda qalan aralıq dərəcələri qəbul etməyib.Amma ilk dəfə dünyada Zadə ALLAHDAN başqa hər şeyin dərəcəsinin olduğunu sübut etdi.Yəni dünyada qəti olaraq tam ag və qəti olaraq tam qara deyilən şey yoxdur.Bu iki məhfum arasinda minlərlə çalar dəyişikliyi-aralıq nüanslar var. Aristotelin kəskinliyini Zadə yumşaltdı.Başqa sözlə desək, həqiqətdə mövcud olan aralıq kateqoriyaları aşkarladı..Bizim nəzəriyyəmizin mahiyyəti tolerantlığındadır. Bu nəzəriyyə arada qalaraq aşkardakı səhnədə görünməyən çalarların hüquqlarını tanıtdı və bərpa etdi. Konfiliklərin həll olunması, həqiqətin aşkarlanması, hesablamaların dəqiqliyi aralıq fazalara əhəmiyyət verilmədən aparıla bilməz. Aparılmış olarsa onlarda kifayət qədər qüsurlar mövcud olacaqdır. Nəzəriyyəmizi ilk olaraq iqtisadiyyatlarına yaponlar tətbiq etdilər. Hazırda Yaponiyada istehsal olunan texmiki avadanlıqların böyuk əksəriyyətinin üzərində qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanaraq hazırlandığı bildirilir. Yaponlardan sonra amerikanlar həmin nəzəriyyəni öz ölkələrinə tətbiq etdilər. Amerikanın hava hücumundan qorunmasının yenidənqurulması məsələsi gündəmə gələndə Kasko adında bir alim bizim nəzəriyyəni tətbiq etməyi təklif etdi. Trilyon dollarla vəsait sərfi ilə görülməli işi bizim nəzəriyyəmiz həll elədi. Bizim nəzəriyyə Çinə ildə yüz milyardlarla dollar gəlir gətirir. Onun həcmini müqayisə etmək üçün söyləyim ki, bizim büdcəmiz təxminən on milyarddır. Mən inanıram ki, Azərbaycanda hər hansı sahənin,yaxud strukturun yenidənqurulması zamanı gənc nəsl çox yaxın gələcəkdə həmin nəzəriyyədən istifadə edəcəkdir.
- Sizin adınz çəkilən kimi yada görkəmli alim və professorlardan Lütfi Zadə,Xudu Məmmədov və akademik Petrov düşür. Onlar barədə nə deyərdiniz?
- Əvvəla, başlayaq aramızda olmayanlardan. Xudu müəllim mənim yaxın qohumumdur. Amma qohumluqdan başqa bizim 30 illik dostluğumuz olub. O,qeyri-adi intellekt sahibi və olduqca mübariz insan idi. Onun ziyalılığının kökündə zamanəsının eybəcərliklərinə barışmazlığı dururdu. Xalqın taleyinə biganə yanaşmayan, inkişafa dəstək verən, dövrünü yaxşılığa dəyişdirməyə can atan Xudu Məmmədov ziyalılıq zirvəsi idi. Ondan öyrənməmək qeyri-mümkündür. Onun bayatılarını oxusanız bu insanın nə qədər həssas qəlbli və əhatəsinə nə qədər tənqidli yanaşdığını görərsiniz.

Çiy yumyrta soyulmaz,
Göydə ulduz sayılmaz,
Bütün xalqlar oyandı,
Mənim xalqım ayılmaz.

Elm köməyim olsun,
Əlim köməyim olsun,
Kimsəyə yük olarsam,
Ölüm köməyim olsun.
Akademik Petrov isə SSRİ Elmlər Akademiyasının vitse-prezidenti idi. O, mənim müəllimim olub. Bir vaxtlar İnterkosmos layihə həyata keçirilirdi. Yəni dövlətlərarası layihə əsasında kosmosa buraxılmaq üçün “Soyuz-Apollon” kosmik gəmisi hazırlanmışdı. Bu ABŞ-la SSRİ-nin birgə hazırladığı proqram idi. Təsəvvür edin ki, yalnız akademik Petrovun imzasının təsdiqindən sonra gəmi kosmosa buraxıla bilərdi.
Müqayisə üçün deyim ki, Lütfi Zadə Nyuton, Eynşteyn səviyyəli bir dahidir. Onun verdiyi nəzəriyyə bütün elmləri dəyişdi. İlk başda məntiq həndəsə üçün yaranmışdı. Amma Lütfi Zadənin nəzəriyyəsindən sonra məntiqin özü də yeniləşdi. Bu elm həndəsəni, riyaziyyatı və digər elmləri daha dəqiqliyə səfərbər etdi. ”Qeyri-səlis məntiq” nəzəriyyəsi elmə yeni baxış, yeni bir yanaşma tərzi gətirdi. Mən deyərdim ki, bu nəzəriyyə hər hadisəyə, hər qəti fikrə bir müqayisə açıqlığı gətirdi. Bu isə elmdə ehtiyac duyulan ağıl, idrak əlaməti oldu. Sinifdə hamı “5” qiymət ala bilər. Yalnız müqayisə aparılarsa kimin nə dərəcədə”5”-ə sahibləndiyi aşkarlanar. Lütvi Zadənin xidməti həmin aşkarlığı sübut etməkdən ibarət oldu. İndi biz müqayisələr hesabına hədlərin kənar sərhədlərini daha şəffaf və daha aşkar görə, onlaın aldığı qiyməti daha dəqiqliklə ifadə edə bilirik. Dünya əhəmiyyətli nəzəriyyəsi səbəbinə Lütfi Zadəyə sağlığında ABŞ-ın Kaliforniya universitetinin ömürlük fəxri professoru adı verilib. Sağlığında bu cür fəxri ada sahib olmaq dünya alimlərindən yalnız bir-ikisinə nəsib olmuşdur. Lütfi Zadə ona dünya şöhrəti qazandıran 5 kəşfin müəllifidir. Sualınıza cavabı ümumiləşdirsəm belə deyə bilərəm ki, mənim bir insan kimi(bir ziyalı kimi deyə bilmirəm, çünki ona yalnız siz qiymət verə bilərsiniz) formalaşmağımda Xudu Məmmədovun, elm adamı kimi tanınmağımda isə Zadənin əvəzsiz rolu olmuşdur.
- Bütün dünya sizi Lütfi Zadənin xələfi kimi tanıyır. Onun kəşfləri, həyat və yaradıcılığı haqqında məlumat V sinif “Ata yurdu”dərsliyinə salınmışdır. Bu qədər xidmətinizə baxmayaraq sizin haqqınızda isə məlumata hələ ki, dərsliklərimizdən heç birində rast gəlməmişik. Bu barədə kimlər düşünməlidir?
- Lütfi Zadə dahidir. Onun haqqında məlumatın dərsliklərə salınması üçün mən təşəbbüs qaldırdım. Möhbəddin Səmədə müraciət etdim. M.Səməd “Dünya dahilərin çiynində durur”adlı kitabın müəllifidir və əsər Lütfi Zadəyə həsr olunub. Dərslik üçün məlumat hazırlandı. Sonradan əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Yaqub Mahmudluya müraciət etdik və məlumatın dərsliyə salınmasına nail olduq.
Deyim ki,X-XI siniflər üçün “İnformatika və hesablamalar texnologiyası”dərsliyinin həm rus, həm Azərbaycan dillərində müəllifi mənəm. Amma özümü nə isə etmiş saymıram. Dərsliklərə də mənim haqqımda materialın salınmasına özümü hazır bilmirəm.
- Məktəb illərində yay tətilinizi necə keçirərdiniz?
- Mənim sovetlər dönəminə elə də bir nastoljim yoxdur. Stalin dövründə yaşamaq asan deyildi. Fikirlərinə görə insanlar təqib olunurdular, sürgünə göndərilir, həbsxanalara atdırılırdılar. O dönəmdə düşündüklərini danışmaq, qafandakıları bölüşmək çox çətin idi. İnsanlara yalnız düşüncələrinə görə də cəzalar verilirdi. Çətinliklər isə bununla bitmirdi. Digər tərəfdən də öikədə ərzaq, qida çatışmazlığı vardı. Bununla belə mənim həyata, dünyaya baxışım həmişə dialektik olub. Yadımda qalan odur ki, necə qayğıkeş müəllimlərimiz vardı. Biz müəllimə peyğəmbər kimi baxardıq. Onlar heç bir təmənna güdmədən dərs saatından sonra da müxtəlif dərnəklərdə şagirdlərlə məşğul olardılar. Yay tətilini adətən kənddə keçirərdik. Valideynlərə kömək edərdik. Barama saxlayar, əldə etdiyimiz qazancı da özümüzə-məktəb ləvazimatlarına sərf edərdik.

Tanıtma: Professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Dövlət Neft Akademiyası Avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının müdiri, MBA proqram direktoru, ADNA, Corciya Dövlət universiteti, Atlanta, ABŞ, BBA Proqram direktoru, ”Zadə irsi və süni intellekt”Assosiasiyasının prezidenti...
R.Ə.Əliyev 10 fevral 1942-ci ildə Ağdamın Novruzlu kəndində anadan olub. 1958-ci ildə Ağdamda orta məktəbi qızıl medalla, 1958-1963-cü illər isə Bakıda M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institunu fərqlənmə diplomu ilə bitirib.


Rafiq Əliyevlə həmsöhbət oldular: “Gənc İstedadlar”liseyinin VIII sinif şagirdi Əminə Əmirxanlı və Bakı Türk liseyinin VIII sinif şagirdi Ramiz Vəlizadə

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами