Millət vəkili Qənirə Paşayeva köməyə ehtiyacı olan Aygün xanımla görüşündən yazıb.
Millət vəkili Qənirə Paşayeva köməyə ehtiyacı olan Aygün xanımla görüşündən yazıb.
"Qafqazinfo" həmin yazını təqdim edir:
"Əmimin yas mərasimini verib, Tovuzdan Bakıya qayıdırdıq. Köməkçim zəng etdi və Aran rayonlarının birindən (rayonun dəqiq adını həmin qadını tanımasınlar deyə çəkmirəm) Aygün adlı bir qadının məni görməyə gəldiyini, dayanmadan ağladığını (habelə, cüzi maaşa çalışdığı kiçik iş yerindən çətinliklə icazə alıb gəldiyini) dedilər. Üstəlik, onun hansısa xəstəlikdən əziyyət çəkməsi səbəbindən halının heç də yaxşı olmadığını, şiddətli çarəsizliyini… dedilər. Belə bir ortamda uzaq yoldan, yasdan gəlmək də, görüşməməyə bəhanə ola bilməzdi. Gəldim, onu görən kimi öz dərdim yadımdan çıxdı. Qarşımda yaşından qat-qat böyük (yaşlı) görsənən, saçları dümağ olan, üzündəki dərin qırışlardan dərdi, ağrısı dərhal görsənən, gözləri şişkin, xəstəhal bir qadın, bir ana vardı...
Mədə-bağırsaq xəstəliyindən ciddi əziyyət çəkdiyini deyirdi o qadın. Onu dinləməyə başlamazdan öncə yaxşı bir həkimə ehtiyacı olduğunu görürdüm və ilk növbədə onun həyatını təhlükə qarşısında qoyan xəstəliyi müalicə olunmalı idi. Sağ olsun, hər zaman belə anlarda təmənnasız köməyə yetən dəyərli dostumuz – M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin tanınmış həkimi Qurbanxan Müslümovu aradım. Həkimlə danışan zaman Aygün xanımın utancaq bir səslə, “Qənirə xanım, çox sağ olun kömək üçün mənim həkimə verəcək, dərman alacaq pulum yoxdu, qoyun müalicə qalsın, mən sizin yanınıza başqa dərd üçün gəlmişəm” dedi. Özümü daha da pis hiss edirdim, onun abırlı… amma çarəsiz danışığı mənə çox pis təsir etmişdi... Ona, bütün dərmanları və müalicə xərclərini üzərimizə götürdüyümüzü dedim, çox müəssir olmuş Qurbanxan həkim də, böyük ürəklə, nə mümkünsə, edəcəklərini dedi...
Sonra dərdini danışmağa başladı... Bəlli oldu ki, atasız böyütdiyi yeganə övladı, pis bir çevrəyə düşüb, hadisə törədib və cəzaevinə düşüb. Xəstə oğlunu gözləyən 8 illik həbsxana həyatı ananı sözün həqiqi mənasında məhv edib..! “Mən onun 1 ildir həbsxanada olmasına dözə bilmirəm, daha 7 ilə necə dözəcəm?!.” deyib, ağlayırdı… Ona təskinlik vermək asan deyildi. –Sirayətedici ağrısı insanın içini dağlayırdı... Çünki övladının bu duruma düşməsində özünü günahkar bilirdi... – Özünü!.. “…Onu böyütmək və qardaş-bacılarıma kömək üçün bütün günü işləyirdim. Həyat yoldaşım da yox idi… Bəlkə gərəkən nəzarəti edə bilsəydim belə olmazdı” deyirdi...
Qadının durumu doğrudan vahim idi. Bakıda bir nəfərin obyektində və evində 200 manat müqabilində bütün günü işləyir, onun 100 manatını kirayə ödəyir, qalanına isə həm özü yaşayır, həm də oğluna kömək etməyə çalışır... “Allah razı olsun ev sahibindən, 2-3 aydır kirayə belə ödəyə bilmirəm amma o məni qovmayıb. Hələ o gün bir az pul da verdi ki, get oğluna baş çək... Nə zamandır ona baş çəkə də bilmirdim” deyir...
Bu zavallı ananın qeydiyyatda olduğu rayonun İcra Hakimiyyəti başçısı və həmin rayondan seçilmiş deputat həmkarımla danışdım. Ona dövlətin bu cür ailələr üçün dəstəyi olan ünvanlı sosial yardımdan yararlana bilməsi istiqamətində addımlar atılacağını dedilər. Və ona həyətyanı torpaq sahəsi ayrılması barədə xahişimizə mümkün olan ən qısa zaman kəsiyində kömək edəcəklərini dedilər… Bir sözlə, anaya gücümüzün çatdığı qədər kömək olmağa, onun üzüntülərini əlaqədar orqanlara, şəxslərə çatdırmağa çalşdıq. Amma yazmaq istədiyim daha önəmli məsələ indi başlayır... Əslində bu yazını və Aygün xanımın hekayəsini bəzi gənc qızlar və ailələrə ibrət ola bilər deyə yazmaq istəyirəm…
Erkən nigah xoşbəxtliyə deyil, bir çox hallarda bədbəxtliyə aparan yoldur…
Gənc qızlarımız diqqətli olmalıdırlar. Anlamalıdırlar ki, öz həyatlarını öz əlləri ilə bir andaca məhv edə bilərlər. – Aygün kimi...
Aygün çox erkən yaşlarda olarkən, qonşuluqdakı bir xanım qohumlarından birinin ona aşiq olduğunu deyir. Həmin xanım qonşu, ona daim qohumundan, onun sevgisindən danışır, qohum da ara bir qonşugilə gəlir və qız tanımadığı, bilmədiyi, araşdırmadığı bu adama meyillənir. Beləliklə, bir gənc təhsil arxasınca getmək və ya bir sənət öyrənmək yolundan sapır... Anasının xəbəri olanda, “vermərəm” deyir amma qız dinləmir və… qoşulub qaçır.
Aygünə toy etmirlər, rəsmi nigah da bağlanılmır, sadəcə dini nigahla yaşamağa başlayır... Bir az sonra bəlli olur ki, sən demə, Aygünün qoşulub qaçdığı həmin adam bundan öncə özünün bir qohumu ilə evlənibmiş… hətta birinci evlilikdən övladı var amma onunla da dini nigahla yaşayır.
Aygün bildiklərindən dəhşətə gəlir və ona gerçəkləri söyləməyən həyat yoldaşına qarşı qəlbi qırılır. Onun rəsmi nigah bağlanması istəyi qəbul olunmayınca böyük peşmançılıq keçirir, lakin ailəsi ilə belə dərdini paylaşa bilmir çünki anası qızı qoşulub qaçdıqdan sonra onu görmək istəmir…
Günlərin birində Aygünün anası ağır xəstəlik keçirir və Aygün ona qarşı deyiləcək hər şeyi gözünün önünə alıb, doğulduğu evə - anasına baş çəkməyə gedir. Təbii ki, artıq dərdini də saxlaya bilmir və hər şeyi anasına danışır. “…Ya rəsmi nigah kəsiləcək ya da bir daha o adama dönməyəcəksən, əks halda bizim sən adlı qızımız yoxdu” tələbi qarşısında aciz qalan Aygün bu dəfə doğma ailəsinin sözünü dinləməyə üstünlük verir. Evləndiyi adam rəsmi nigah bağla-maqdan imtina edincə, hamilə olmasına baxmayaraq… ər evini tərk edir. Və… beləcə, bir qədər sonra dünyaya gələn körpəsini təkbaşına böyütməyə başlayır. – Min bir çətinliklə… Təhsili, sənəti olmadığı üçün səhərdən axşama qədər müxtəlif kənd təsərrüfatı malları satmaqla övladını böyütməyə, ailəsinə kömək etməyə çalışır gənc… amma gənclik görməmiş bir qadın, bir ana...
Rəsmi nigah olmadan evlənmək böyük xətadır….
Rəsmi nigahı olmadığı üçün ata övladına demək olar ki, heç nə vermir və Aygün də tələb edə bilmir. Çünki nə rəsmi nigahı, nə həyat yoldaşının yaşadığı evə qeydiyyatı vardı Aygünün… Haqqını tələb etməyə isə nə təhsili, nə də haqqını tələb etmə yolları barədə elementar bilgisi vardı... Kömək edən də olmayıb. İqdisadi çətinliklərlə yanaşı, qoşulub qaçması faktı, rəsmi nigahı olmadan evlənməsi və uşaq dünyaya gətirməsi onun ətrafında soyuq baxışlar çevrəsi yaradır. Yenidən qadın xoşbəxtliyinə nail ola bilmir Aygün. Əslində heç onun da bu barədə düşünməyə vaxtı olmur..! Dedi-qodulara tuş gəlməmək üçün daim ehtiyatla yaşayaraq, övladını böyütmək, kasıb ailəsinə kömək edə bilmək dərdi ilə bütün günü çalışır, çalışır... …Həyatı bütün gün min bir əziyyətlə ailəsinə bir tikə çörək pulu qazanmaqla keçən Aygünün, böyüyən oğluna gərəkən tərbiyəni vermək üçün zamanı az olur. Atasız böyüyən oğlunun çox pis bir çevrəyə düşdüyünü isə ana… ancaq oğlu həbs olunanda bilir.
Tənha analara dəstək üçün dövlət proqramına ehtiyac var...
Bu məsələni parlamentdə də qaldırmışdım və Aygünü dinləyəndən sonra bir daha əmin oldum ki, tənha analara dəstək üçün dövlət proqramına ehtiyac var. Tənha analara övladlarını böyütmək üçün mütləq dövlət yardımları təmin olunmalıdır.
…Oğlunun nə zaman belə bir çevrəyə düşdüyündən xəbərsiz ananın əlindən heç bir iş gəlmir. Bütün günü gözyaşları… məhkəmə və həbsxana yollarında keçən günlər, ağır iş şəraiti, pis qidalanma… sonunda ağır xəstəliklə nəticələnir. Amma ana anadır! Belə ağır durumunda da, min bir əziyyətlə böyütdüyü oğlunun həbsxanada müalicəsini düşünür və ona kömək etmək üçün özü bir tikə çörəklə, xəstəliyi şiddətlənsə də dərman almadan keçinir.
“Mən onun 7 il həbsxanada qala bilməsinə dözə bilmərəm, ölərəm” deyərək, gözyaşları sel kimi tökülürdü Aygünün... Oğlunun böyük bir cinayət törətmədiyini, gənc olduğunun səhvini anladlığını, peçmanşılıq çəkdiyini, dövlətin onu əfv eəcəyi təqdirdə tamam başqa bir həyata başlayacağını deyir.
…Onun müraciəti əsasında Əfv Komissiyasına oğlunun, özünün və bir millət vəkili kimi mənim xahiş məktublarımı göndərdik. İnşallah Əfv Komissiyası növbəti dəfə işlərə baxanda müsbət dəyərləndirər və ana bu çilədən qurtular, deyə ümid edirəm…
Oğul gəncdi, inşallah yaxın zamanlarda ya əfv olunar ya da cəzasını çəkib çıxacaq. Amma bəs ana?!. – Bütün gəncliyi, ömrü ağrılar, acılar, çətinliklər işərisində keçmiş və ağır xəstə olan bir qadın, bir soydaşımız bəs?!.
Kimdir günahkar?
Məncə, əslində hamı günahkardı bu hekayədə… Aygün özü, onu anlamayan, arxasında durmayan ailəsi, ona pislik edən qonşu, bir qadını bədbəxt edən o adam, laqeyd ətraf, duyarsız toplum… Amma ortada ağrı dolu bir həyat var…
Aygünün başına gələnlər tək bir hadisə deyil… Erkən nigahların, rəsmi qeydiyyatı olmayan evliliklərin onlarla qızlarımızı sürükləyə biləcəyi bir örnək hekayədir bu…
Ailənin qızlar üzərindəki basqılarının, xəta etdikdə onlara qurtulmağa kömək etmək əvəzinə daim cəzalandırmanın, hər zaman xətalı, sanki qadınmış kimi hər zaman yanlışlığı qadında axtarmanın və ona qarşı soyuq, bəzən isə amansız münasibətin sonucudur bu hekayə…
Aygün kimi gənc yaşda qocalan, bədbəxt olan və az qala ümidsiz hala gəlmiş kimi küskün olan qadınlarımızın çoxalmasını istəmiriksə, dəyişməliyik!..
Qızlarımızın hər zaman təhsil almasına calışmalıyıq!
Erkən nigah kimi zərərli halların yayılmasına imkan verməmliyik”
Ali təhsil dalınca getməyən qızlarımızın mütləq bir sənət, bir peşəyə malik olmasına nail olmalıyıq!
Qızların öz hüquqlarını bilməsi, öz ayaqları üzərində dura bilməsinə bir qadın məsələsi kimi deyil, qadınlı-kişili bir toplum məsələsi olaraq baxmalıyıq!
Daha çox önyarğılı deyil, anlayışlı olmalıyıq!
Həyatda xəta edən, yanlışlıq edən qadına amansız olmamalıyıq! Onların faciələrinə bizim biganələyimiz daha böyük faciələr əlavə edir!..
Tənha analara dövlət və toplum olaraq diqqətimizi artırmalıyıq! (Çünki əziyyəti körpələr çəkir…)
Bir sözlə, hər belə hekayədən dərs almalıyıq… Çünki ortada bir qadının, bir ananın faciəsi var… Faciələr artmasın!"
qafqaz.info
Bu, xalqımızın faciəsidir. Onun xurafat içində batmasının, dinsizliyinin, Allaha laqeyd yanaşmasının və imansızlığının acı, fəlakətli nəticəsidir. Sağ olsun Qənirə xanım ki, bir-neçə belə zavallıya imkanı daxilində kömək əlini uzadır. Lakin Qənirə xalqı əvəz edə bilməz! Tək-tək bədbəxt insanlara yardım göstərməklə ölkənin bu vəziyyətini yaxşılaşdırmaq mümkün deyil! Bu vəziyyəti heç onun təklifini verdiyi layihələr də əsaslı yardım göstərə bilməz! Mən bunu qəti deyirəm. Çünki Allahın zəlil etdiyi toplumların dirçəlişi və səadətə qovuşması onların iman deyilən mənəvi durumları ilə mütənasibdir, tarazlaşır və heç bir hakimiyyət sistemindən və ya sosial qurumlardan asılı deyil. Bu sadaladığım sonuncular yalnız Allah istədikdə xalq və ya hər hansı toplum üçün hansısa müsbət rol oynaya bilərlər. "Demokratiya", "azadlıq" və s. illüziyarla insanları qloballaşmağa səy göstərənlər, ilk növbədə qlobal aldanışı planlaşdırırlar. Amma bütün qünyanın varı, dövləti, silahı, elmi və texnikası bir yerdə təmərküzləşdirilsə də bəşəriyyəti, hətta ayrı-ayrı xalqları belə səadətə, kamil rifaha qovuşdura bilməz! Çünki insanların səadət qapısı yalnız Allah dərganda açıqdır! Allah Fövqəlsəbirlidir və O gözləyir ki, insanlar tövbə edib Ona qayıtsınlar. Əbədi Səadətə Qovuşduran da Odur!
Комментарии
Отправить комментарий