"İslam dininin dünyada təbliğ etməliyik". İlham ƏLİYEV
Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.
İlham Əliyev deyib ki, Azərbaycanda müsəlman ölkələrinin səfirliklərinin sayı artır. Azərbaycan da öz növbəsində diplomatik nümayəndəliklərini müsəlman ölkələrində artırır: “Siyasi əlaqələr çox yüksək səviyyədədir. İqtisadi sahədə də inkişaf vardır. Ancaq hesab edirəm ki, gələcək illərdə iqtisadi sahədə əməkdaşlığa daha da böyük diqqət verilməlidir. Eyni zamanda, bizim ölkələrimiz beynəlxalq təşkilatlarda da uğurla fəaliyyət göstərirlər, bir-birinə dəstək olurlar. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı çərçivəsində bir-birini daim dəstəkləyibdir. İki il bundan əvvəl Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsində də müsəlman ölkələrinin səyi çox əhəmiyyətli idi. Biz bu dəstəyə görə minnətdarıq”.
İlham Əliyev bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə də daim müsəlman ölkələrinin dəstəyini hiss edir: “Bildiyiniz kimi, Xocalı soyqırımını soyqırımı kimi tanıyan ölkələrin sayı artmaqdadır. Biz çox şadıq ki, Xocalı soyqırımını soyqırımı kimi ilk tanıyan ölkə müsəlman ölkəsi Pakistan olub. Bildiyiniz kimi, uzun illərdir ki, Azərbaycan erməni işğalından əziyyət çəkir. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Dağlıq Qarabağda və ətraf rayonlarda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın, köçkün vəziyyətinə düşüb. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb. ATƏT-in faktaraşdırıcı missiyası işğal edilmiş ərazilərə iki dəfə baş çəkib. Qeyd edibdir ki, hər şey dağıdılıbdır. Bütün binalar, ictimai obyektlər, tarixi abidələr, qəbirlər, məscidlər – hər şey ermənilər tərəfindən dağıdılıb”.
“Biz hesab edirik ki, müxtəlif dinlərə mənsub olan xalqlar, millətlər sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər və yaşamalıdırlar da. XXI əsrdə ayrı-seçkiliyə, diskriminasiyaya yol vermək olmaz. Bəzi ölkələrdə islamofobiya meyllərinin gücləndirilməsi bizi haqlı olaraq narahat edir və hiddətləndirir. Bu meyllərə qarşı biz birgə mövqe ortaya qoymalıyıq və səylərimizi daha da birləşdirməliyik. Eyni zamanda, İslam dininin sülhsevər, mərhəmətli din olduğunu dünyada daha da geniş şəkildə təbliğ etməliyik”, - İlham Əliyev əlavə edib.
Комментарии
Отправить комментарий