"Əməliyyat-axtarış fəaliyyəti" haqqında

http://e-qanun.az/print.php?internal=view&docid=2938&doctype=0


"Əməliyyat-axtarış fəaliyyəti" haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu qanun əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir və əməliyyat-axtarış tədbirlərinin tətbiqində hüquqi təminatlar sistemini müəyyən edir.

Birinci fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əməliyyat-axtarış fəaliyyətinin anlayışı, məqsədləri və vəzifələri
I. Əməliyyat-axtarış fəaliyyəti - müvafiq dövlət orqanları tərəfindən aşkar və qeyri-aşkar üsullarla bu qanunla müəyyən edilmiş tədbirlərin həyata keçirilməsidir.
II. Əməliyyat-axtarış fəaliyyəti insan həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini, dövlət sirrini, habelə milli təhlükəsizliyi cinayətkar qəsdlərdən müdafiə etmək məqsədi ilə həyata keçirilir.[1]
III. Əməliyyat-axtarış fəaliyyətinin vəzifələri aşağıdakılardır:
1) hazırlanan və törədilən cinayətlərin qarşısının alınması;
2) törədilmiş cinayətlərin aşkar edilməsi və açılması;
3) cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi;
4) məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran və ya itkin düşən şəxslərin axtarılması;
5) naməlum meyitlərin şəxsiyyətinin müəyyən edilməsi.
Maddə 2. Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericilik
I. Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
II. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlar (bundan sonra əməliyyat-axtarış fəaliyyətinin subyektləri adlanacaq) öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əməliyyat-axtarış tədbirlərinin təşkilini və taktikasını tənzimləyən normativ hüquqi aktlar qəbul edirlər.
Maddə 3. Əməliyyat-axtarış fəaliyyətinin prinsipləri
I. Əməliyyat-axtarış fəaliyyəti qanunçuluq, humanistlik, insan hüquq və azadlıqlarına hörmət, konspirasiya, aşkar və gizli iş üsullarının uzlaşdırılması prinsiplərinə əsaslanır.
II. Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmamışdırsa, hər hansı şəxsin vətəndaşlığı, milliyyəti, cinsi, yaşayış yeri, sosial və əmlak vəziyyəti, qulluq mövqeyi, ictimai birliklərə mənsubiyyəti, dinə münasibəti və siyasi baxışları əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə mane ola bilməz.
Maddə 4. İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatları
I. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar:
1) bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmayan məqsədləri güdmək və ya vəzifələri yerinə yetirmək;
2) hər hansı şəxsin razılığı olmadan onun şəxsi həyatının toxunulmazlığına, o cümlədən şəxsi və ailə həyatının sirrinə, habelə onun şərəf və ləyaqətinə dair əldə edilmiş məlumatları yaymaq qadağandır.
II. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan və vətəndaş hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini pozmaq qadağandır. Əməliyyat-axtarış tədbirlərinin tətbiqi ilə bağlı insan və vətəndaş hüquq və azadlıqlarının müvəqqəti məhdudlaşdırılmasına yalnız bu Qanunla müəyyən edilmiş qaydada cinayətlərin qarşısının alınması, onların açılması, məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran şəxslərin, itkin düşənlərin axtarışı zamanı yol verilə bilər.
III. Əməliyyat-axtarış fəaliyyəti subyektinin hər hansı bir siyasi partiyanın və ya digər ictimai birliklərin mənafeyi naminə hərəkətlər etməsi, qanunvericilik və ya məhkəmə hakimiyyəti orqanlarının, habelə qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş ictimai birliklərin və dini təşkilatların işində onların qanuni fəaliyyətinə təsir etmək məqsədilə məxfi iştirak etməsi qadağandır.
IV. Əməliyyat-axtarış fəaliyyəti subyektinin hərəkəti nəticəsində hüquq və azadlıqları pozulmuş hər bir şəxs həmin əməliyyat-axtarış fəaliyyətinin subyektinin tabe olduğu yuxarı orqanının rəhbərinə, prokurora və ya məhkəməyə şikayət etmək hüququna malikdir.
V. Belə şikayətin mahiyyəti üzrə qərar qəbul etmək üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada müvafiq olaraq xidməti yoxlama və ya məhkəmə baxışı aparılmalıdır. Onun hərtərəfliyini və dolğunluğunu təmin etmək məqsədi ilə əməliyyat-axtarış fəaliyyətinin subyekti məhkəmənin qərarına əsasən dövlət sirrinin və xidməti sirrinin yayılması və əməliyyat-axtarış fəaliyyətinin keçirilməsinə gizli surətdə yardım göstərən şəxslər haqqında məlumatlar istisna olmaqla, əməliyyat-qeydiyyat işinin məzmunu ilə şikayətçini tanış etməyə borcludur. [2]
Maddə 5. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri
I. Əməliyyat-axtarış fəaliyyətini Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat orqanları, korrupsiya ilə bağlı cinayətlər üzrə isə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı həyata keçirir.[3]
II. Əməliyyat-axtarış tədbirlərin əməliyyat-axtarış fəaliyyətinin hansı subyekti tərəfindən və hansı həcmdə tətbiqinin mümkünlüyünü Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. [4]
III. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin müvəkkili olunmuş şəxsləri öz vəzifələrini yalnız bu orqanların səlahiyyətləri daxilində həyata keçirirlər. [5]
IV. Poçt göndərişlərinin, teleqraf və digər məlumatların yoxlanılması, mülkiyyət formasından asılı olmayaraq rabitə xidmətləri göstərən, rabitə vasitələri təqdim edən idarə, müəssisə və təşkilatların, fiziki və hüquqi şəxslərin stansiya avadanlığına qoşulmaqla telefon danışıqlarının qulaqasması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması ilə bağlı əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və ya korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı tərəfindən tətbiq edilir. [6]
V. Korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış tədbirlərini yalnız korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı, yaxud həmin prokurorluq orqanının yazılı tapşırığı əsasında təhqiqat orqanları həyata keçirirlər. [7]
Maddə 6. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin vəzifələri
Bu Qanunun 1-ci maddəsində göstərilən məqsədlərə nail olmaq üçün əməliyyat-axtarış fəaliyyəti subyektlərinin aşağıdakı vəzifələri vardır:
1) insan və vətəndaş hüquq və azadlıqlarının, fiziki və hüquqi şəxslərin qanunla müdafiə olunan mənafelərinin, ictimai və dövlət təhlükəsizliyinin qorunması üçün öz səlahiyyətləri daxilində bütün qanuni tədbirləri görmək;
2) əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair məhkəmə qərarlarını, istintaq orqanlarının qərarlarını və ya cinayət işləri üzrə yazılı tapşırıqlarını, habelə əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarlarını yerinə yetirmək;
3) əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatları, onların mənbəyini və əldə edilməsi üsullarını yaymadan, konkret cinayət işi üzrə təhqiqatı və ya istintaqı aparan şəxsə və yaxud məhkəməyə vermək;
4) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən xarici dövlətlərin hüquq-mühafizə orqanlarının və müvafiq beynəlxalq təşkilatlarının sorğularına cavab vermək;
5) Azərbaycan Respublikasının ərazisində əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinin səlahiyyətinə aid olan faktların aşkar edildiyi təqdirdə təxirəsalınmaz tədbirlər keçirməklə onları xəbərdar etmək və lazımi kömək göstərmək;
6) əməliyyat-axtarış fəaliyyətini həyata keçirərkən konspirasiya qaydalarına riayət edilməsi üçün müvafiq tədbirlər görmək;
7) öz qulluq mövqeyinə görə məxfi məlumatlara və ya xüsusi icazə tələb edən işlərə buraxılan şəxsləri yoxlamaq;
8) öz əməkdaşlarının, onların yaxın qohumlarının, əməliyyat-axtarış fəaliyyəti subyektlərinə kömək edən şəxslərin, onların yaxın qohumlarının, habelə cinayət prosesi iştirakçılarının, onların yaxın qohumlarının şəxsi təhlükəsizliyini və əmlakını hüquqazidd qəsdlərdən qorunmasını təmin etmək;
9) hər hansı şəxslə əməkdaşlığın məxfiliyini və anonimliyini təmin etmək;
10) hadisələrin, faktların, əşyaların və digər informasiya mənbələrinin əməliyyat uçotunu aparmaq.
Maddə 7. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin hüquqları
Əməliyyat-axtarış fəaliyyətinin subyektləri öz səlahiyyətlərini bilavasitə yerinə yetirərkən aşağıdakı hüquqlara malikdirlər:
1) bu Qanunun 10-cu maddəsində nəzərdə tutulmuş qaydada əməliyyat-axtarış tədbirlərini aşkar və gizli üsullarla həyata keçirmək;
2) əməliyyat-axtarış fəaliyyəti subyektlərinə məxfilik əsasında kömək etməyə razılaşan şəxslərlə əvəzli və ya əvəzsiz qaydada əməkdaşlıq etmək;
3) əməliyyat-axtarış fəaliyyətini təmin etmək üçün informasiya sistemi yaratmaq və ondan istifadə etmək;
4) əməliyyat-axtarış fəaliyyəti zamanı müqavilə və ya şifahi razılığa əsasən fiziki və hüquqi şəxslərin yaşayış və qeyri-yaşayış binalarından və otaqlarından, nəqliyyat vasitələrindən və digər əmlakından istifadə etmək;
5) konspirasiya məqsədi ilə uydurma idarə, müəssisə və ya təşkilat (hüquqi şəxs) yaratmaq, bu məqsədlə əməliyyat-axtarış fəaliyyəti subyektlərinin müvəkkil edilmiş şəxslərinin şəxsiyyətini, bu orqanların bölmə, təşkilat, bina və nəqliyyat vasitələrinin idarə mənsubiyyətini, eləcə də bu orqanlara məxfilik əsasında əməkdaşlıq edən vətəndaşların şəxsiyyətini pərdələndirən sənədlərdən istifadə etmək.
Maddə 8. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin səlahiyyətlərinin həddi
I. Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə öz səlahiyyətlərinin icra edilməsi zamanı:
1) insanların həyatını, sağlamlığını, əmlakını və qanuni mənafelərini təhlükə altına alan hərəkətlərə yol vermək;
2) hər hansı şəxsi qanun pozuntularına təhrik etmək;
3) zor işlətmək, hədələmək və şantaj etmək, habelə insan və vətəndaşların hüquq və azadlıqlarını, qanunla müdafiə olunan mənafelərini məhdudlaşdıran digər qanunsuz tədbirlərə əl atmaq;
4) səlahiyyətindən kənara çıxan tədbirləri həyata keçirmək qadağan olunur.
Maddə 9. Əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərilməsi
I. Azərbaycan Respublikasının dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxsləri əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə kömək göstərmək borcludurlar.
II. Azərbaycan Respublikasının ərazisində olan hər bir şəxs əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə onların səlahiyyətlərinin yerinə yetirilməsində kömək göstərə bilər. Heç kəs əməliyyat-axtarış fəaliyyətində məcburi qaydada iştirak edilməsinə cəlb edilə bilməz.
III. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin vəzifəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməməsi və ya onlara maneçilik törədilməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulan məsuliyyətə səbəb olur.

İkinci fəsil

ƏMƏLİYYAT-AXTARIŞ FƏALİYYƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ

Maddə 10. Əməliyyat-axtarış tədbirləri
I. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri bu Qanunla müəyyən edilmiş qaydada aşağıdakı əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər:
1) vətəndaşların sorğusu;
2) soraqlaşma;
3) telefon danışıqlarına qulaqasma;
4) poçt, teleqraf və digər göndərişlərin yoxlanılması;
5) texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması;
6) məhkumların məktublarının yoxlanılması;
7) nəqliyyat vasitələrinə baxış keçirilməsi;
8) binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə;
9) binaların, o cümlədən yaşayış binaların, habelə digər qapalı tikililərin, qurğuların, torpaq sahələrin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi;
10) insanların güdülməsi;
11) şəxsiyyətin eyniləşdirilməsi;
12) nəzarət qaydasında mal alınması;
13) əşya və sənədlərin tədqiqi;
14) müqayisəli tədqiq üçün nümunələrin toplanılması;
15) nəzarətli göndəriş;
16) cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi;
17) hüquqi şəxsin yaradılması;
18) əməliyyat eksperimenti, yəni cinayətkar fəaliyyəti təqlid edən davranış modelinin tətbiqi.
II. Bu maddənin I hissəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərin siyahısı yalnız Qanunla dəyişdirilə bilər.
III. Bu maddənin I hissəsinin 3 - 5, 8 və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə başqa yolla nail ola bilmədikdə məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilə bilər.
IV. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan:
1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər;
2) cinayəti hazırlayan, törədən, törətmiş, cəzaçəkmə müəssisələrindən və ya həbsdən qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. [8]
V. Bu maddənin IV hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora  əsaslandırılmış qərarı təqdim etməlidirlər. [9]
VI. Hər hansı bir şəxsə zor işlədilməsi, hədə-qorxu ilə tələb etmə və ya hüquqazidd digər hərəkətlər tətbiq edilməsi təhlükəsinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməsi zərurəti olduqda onların telefonu və ya digər danışıq cihazları ilə aparılan danışıqlara həmin şəxsin ərizəsi əsasında müvafiq əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən qulaq asıla bilər.
VII. Bu maddənin I hissəsinin 16-cı və 17-ci bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirlərinin, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının nəzarətli göndərişinin tətbiqinə yalnız mütəşəkkil cinayətkar qurumlar tərəfindən hazırlanan və ya törədilən ağır cinayətlərin, habelə xüsusi təhlükəli dövlət cinayətlərin qarşısının alınması, həmin cinayətlərin açılması və onları hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi ilə əlaqədar yol verilir.[10]
VIII. Bu Qanunla müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən əməliyyat-axtarış tədbirlərinin aparılması, habelə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən (yəni əməliyyat-axtarış tədbirləri çərçivəsində informasiyanın gizli yolla əldə olunması məqsədilə xüsusi olaraq yaradılmış, işlənib hazırlanmış, istehsal olunmuş, proqramlaşdırılmış, təkmilləşdirilmiş avadanlıqlar, cihazlar, qurğular, ləvazimatlar və digər texniki vasitələr) istifadə olunması qadağandır.[11]
  IX. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyalara aiddir. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən onların istehsalı, satışı, əldə edilməsi, ölkəyə gətirilməsi və ölkədən çıxarılması yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada verilən xüsusi icazə əsasında həyata keçirilə bilər.[12]
X. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin növləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[13]
Maddə 11. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəblər və əsaslar
I. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat-axtarış fəaliyyətinin subyektlərində bu maddədə nəzərdə tutulmuş səbəblər və əsaslar olmalıdır.
II. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəblər aşağıdakılardır:
1) fiziki şəxslərin ərizələri;
2) müəssisə, idarə, təşkilatların vəzifəli şəxslərinin müraciətləri;
3) kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar;
4) əməliyyat-axtarış fəaliyyəti subyektlərinin bilavasitə əldə etdikləri məlumatlar;
5) əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinin yazılı sorğuları;
6) Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti orqanlarını və xüsusi obyektlərini mühafizə edən orqanlarının yazılı sorğuları;
7) cinayət işləri üzrə təhqiqatı və ya istintaqı aparan şəxslərin yazılı tapşırıqları;
8) xarici dövlətlərin hüquq-mühafizə orqanlarının və ya müvafiq beynəlxalq təşkilatlarının rəsmi sorğuları.
9) kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin yazılı sorğuları. [14]
III. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır:
1) məhkəmənin (hakimin) qərarları;
2) istintaq orqanlarının qərarları;
3) əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarları.
IV. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə məhkəmənin (hakimin), istintaq orqanının və ya əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektinin qərarı yalnız aşağıdakı hallarda qəbul oluna bilər:
1) başlanmış cinayət işi mövcud olduqda:
2) (Çıxarılıb); [15]
3) cinayət işinin başlanmasına kifayət qədər əsaslar olmasa da, cinayət hazırlayan, törədən və ya törətmiş şəxs barəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olduqda;
4) dövlət təhlükəsizliyinə və ya müdafiə qabiliyyətinə təhlükə yaradan hadisə baş verdikdə, yaxud onun qarşısı alındıqda;
5) şəxs məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizləndikdə, cəza çəkməkdən boyun qaçırdıqda, yaxud itkin düşdükdə;
6) naməlum meyit aşkar edildikdə.
Maddə 12. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarlar, yazılı tapşırıqlar və sorğular
I. Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar, yazılı tapşırıq və ya rəsmi sorğu yalnız Azərbaycan Respublikasının qanunvericiliyinin əsasında belə səlahiyyətə malik olan şəxs tərəfindən verilə bilər.
II. Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda, yazılı tapşırıqda və ya rəsmi sorğuda belə tədbirin zəruriliyi əsaslandırılmalıdır.
III. Bu Qanunun 10-cu maddəsinin I hissəsinin 3 - 5, 8 və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda bundan başqa aşağıdakılar mütləq öz əksini tapmalıdır:
1) müvafiq tədbir keçirmək təklifi verən əməkdaşın soyadı, adı, atasının adı və vəzifəsi;
2) haqqında tədbir keçirilməsi təklif edilən şəxsin soyadı, adı, atasının adı və ya obyektin təsviri;
3) müdaxilə xarakterli üsul və vasitələrin tətbiq olunması haqqında tələbi əsaslandıran faktlar;
4) adi təhqiqat üsulu vasitəsi ilə zəruri məlumatın alınmasının qeyri-mümkünlüyünün əsaslandırılması;
5) müdaxilə xarakterli üsul və vasitələrin tətbiqinin nəzərdə tutulan müddəti;
6) tədbir keçirməsi ilə əlaqədar əldə edilə bilən nəticə.
Maddə 13. Əməliyyat-axtarış tədbirlərinin tətbiqinin şərtləri
I. Qanunla mühafizə edilən yazışma, telefon, poçt-teleqraf və digər rabitə üsulları ilə ötürülən məlumatların sirrinin qorunması, eləcə də mənzil toxunulmazlığı ilə əlaqədar əməliyyat-axtarış tədbirlərinin tətbiqinə ancaq cinayət hazırlayan, cinayət törətməyə sui-qəsd edən, cinayət törədən, həmçinin məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran şəxslər barədə məlumat toplamaq, habelə oğurlanmış əmlakı tapmaq, dəlillərinin gizlədilməsinin və məhv edilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilən tədbirlər nəticəsində əldə olunmuş məlumatların cinayət işi üzrə sübut ola biləcəyini və axtarılan şəxslərin tutula biləcəyini güman etmək üçün kifayət qədər əsas olduğu halda icazə verilir.
II. Telefon və digər danışıqlara qulaqasması və onların yazılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, poçt-teleqraf göndərişlərinin yoxlanılması və mənzillərə baxış keçirilməsi ilə əlaqədar tətbiq edilən əməliyyat-axtarış tədbirlərdə əməliyyat-axtarış fəaliyyəti subyektlərinin müvəkkil edilmiş şəxslərində həmin tədbirlərin tətbiqinə dair qərar və özlərinin xidməti vəsiqələri olmalıdır.
III. Şəxs tərəfindən cinayətin törədilməsi və ya hazırlanması barədəki kifayət qədər əsas olduqda onun özü və əlaqələri haqqında məlumat almaq məqsədilə tətbiq edilən əməliyyat-axtarış tədbirində insanın səhhətinə və ətraf mühitə ziyan vuran texniki vasitə, psixotrop, kimyəvi və digər maddələrdən istifadə edilməsi qadağandır.
IV. Əməliyyat-axtarış tədbirlər tətbiq edilərkən əməliyyat-axtarış fəaliyyəti subyektinin müvəkkil edilmiş şəxsləri, həmin tədbirlərin cinayətkar qəsdlərin dövlətin və cəmiyyətin mənafeyinə vura biləcəyi ziyanın ictimai təhlükəsizlik dərəcəsinə uyğunluğunu gözləməyə borcludurlar.
Maddə 14. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi
I. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi əməliyyat-axtarış fəaliyyəti subyektinin rəhbərliyinin nəzarəti altında həyata keçirilir.
II. Əməliyyat-axtarış fəaliyyəti subyektinin müvəkkil edilmiş şəxsi əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi zamanı bilavasitə və birbaşa rəisinə tabedir. Rəisindən açıq-aşkar qanunsuz əmr və ya göstəriş aldıqda o qanunu rəhbər tutmalı və əməliyyat-axtarış fəaliyyəti subyektinin tabeliyi üzrə yuxarı orqanına bu barədə məlumat verməlidir. Əməliyyat-axtarış fəaliyyəti subyektinin müvəkkil edilmiş şəxsi tərəfindən rəisinin əmrini və yaxud göstərişini yerinə yetirdiyi vaxtda cinayət baş verərsə və ya verəcəyi ehtimal olunarsa, bu barədə əməliyyat-axtarış fəaliyyəti subyektinin tabeliyi üzrə yuxarı orqanına və yaxud məhkəməyə şikayət verə bilər.
III. Qanunla birbaşa buna müvəkkil edilmiş şəxslər istisna olmaqla əməliyyat-axtarış fəaliyyəti subyektlərinin və onların vəzifəli şəxslərin qanuni hərəkətlərinə heç kəs müdaxilə edə bilməz.
IV. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı informasiya sistemlərindən, video və səsyazmadan, kino və fotoşəkillərdən, həmçinin vətəndaşların həyatı və sağlamlığına, ətraf mühitə zərər vurmayan digər texniki və başqa vasitələrdən istifadə edilə bilər.
V. Obyektiv səbəblərdən əməliyyat-axtarış tədbirlərinin tətbiqini qeyri-mümkün edən şərait yarandıqda (qarşısı alına bilməyən fövqəladə hadisə baş verdikdə və ya qarşısı alına bilməyən qüvvə mane olduqda və yaxud ictimai təhlükəsizliyə real təhlükə yarandıqda) belə tədbirlərin həyata keçirilməsi dayandırılır.
VI. Həyata keçirilən əməliyyat-axtarış tədbirlərinə aşağıdakı hallarda son qoyulur:
1) bu qanunun 1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olunduqda;
2) haqqında keçirilən şəxsin hərəkətlərində cinayət tərkibinin mövcudluğu 6 ay ərzində müəyyən edilmədikdə.
VII. Əməliyyat tapşırığını yerinə yetirərkən əməliyyat-axtarış fəaliyyəti subyektlərinin müvəkkil edilmiş şəxsin cinayətkar qrupların və ya kriminogen obyektlərin daxilində olması, habelə bu zaman zəruri özünümüdafiə və ya son zərurət halında onun tərəfindən yol verilmiş hərəkətlər Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət tərkibini yaratmır.
VIII. Əməliyyat-axtarış tədbirlərinin təşkili və həyata keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyəti sahəsində qanunvericilikdə nəzərdə tutulmuş digər məlumatlar dövlət sirrinin bir növü kimi müvafiq qanunla müəyyən edilmiş qaydada mühafizə olunur. [16]
IX. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirərkən dövlət sirri və xidməti sirr sayılan, əməliyyat-axtarış fəaliyyətinin təşkilinə, əməliyyat məlumatların mənbəyinə, üsul və metodlarına, eləcə də vətəndaşların şəxsi və ailə həyatına aid olan məlumatlar aşkarlanmamalıdır.[17]
X. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə məxfi əməkdaşlıq etmiş və edən şəxslər barədə məlumatlar yalnız həmin şəxslərin yazılı razılığı ilə qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda aşkarlana bilərlər. [18]
Maddə 14-1. Əks-kəşfiyyat fəaliyyətində əməliyyat-axtarış tədbirlərinin tətbiq edilməsi [19]
I. Əks-kəşfiyyat fəaliyyətində əməliyyat-axtarış tədbirlərinin tətbiq edilməsi bu Qanuna, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə müvafiq həyata keçirilir.
II. Əks-kəşfiyyat fəaliyyətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün səbəblər və əsaslar, onların tətbiqi şərtləri, həyata keçirilməsi, tətbiqinə nəzarət, bu tədbirlərə dair qərarların, yazılı tapşırıqların və sorğuların verilməsi, habelə keçirilən tədbirlərin nəticələrindən istifadə edilməsi qaydaları bu Qanunla və digər qanunvericilik aktları ilə tənzimlənir.
Maddə 15. Əməliyyat-qeydiyyat işi
I. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi olduqda bu qanunun 11-ci maddəsinin III hissəsində nəzərdə tutulmuş qərarların əsasında əməliyyat-qeydiyyat işi başlanılmalı və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalıdır.
II. Əməliyyat-axtarış fəaliyyətinin subyektində məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizlənilən, cəza çəkməkdən boyun qaçıran, cinayət törətməkdə şübhəli olan və ya itkin düşən şəxslər haqqında eyni hüquqazidd hərəkətlərə görə yalnız bir əməliyyat-qeydiyyat işi aparılmalıdır.
III. Əməliyyat-axtarış tədbirlərinin nəticələri əməliyyat-qeydiyyat işində əks edilməli və sistemləşdirilməlidir.
IV. Əməliyyat-qeydiyyat işi onu aparan əməliyyat-axtarış fəaliyyətinin subyektində saxlanılır.
V. Ədalət mühakiməsi naminə hallar istisna olunmaqla, cinayətin törədilməsində qanunla müəyyən olunmuş qaydada təqsiri sübuta yetirilməyən şəxs haqqında əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş materiallar bir il müddətində saxlanılır, sonra isə məhv edilir.
Maddə 16. Əməliyyat-axtarış tədbirlərinin nəticələrindən istifadə edilməsi
I. Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. [20]
II. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi nəticəsində əldə edilmiş məlumatlar bu tədbirlərin məqsədlərinə uyğun olmadıqda onların aşkar edilməsi və ya hüquqi və fiziki şəxslərin əleyhinə istifadə edilməsi qadağandır.
III. Şəxs haqqında xüsusi texnikanın köməyi ilə əldə edilmiş məlumat açıqlandıqda həmin şəxs bu məlumatın qanunsuz əldə edilməyinə və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində xüsusi texnikanın tətbiqinə icazə alınmamasına əsaslanaraq ifadələrindən imtina və məhkəməyə şikayət edə bilər. Belə vəziyyətdə məhkəmə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi qanuniliyini araşdırıb mübahisəli məlumatların qanuni yolla əldə edilməsini və ya hüquqi baxımdan qüvvəsiz hesab olunmasını elan edir.
IV. Bu qanunun tələblərinə riayət olunmadan əldə edilmiş məlumatlar dərhal məhv edilməlidir.
V. İnsanın şəxsi və ailə həyatına, şərəfinə və ya ləyaqətinə aid olan, lakin tərkibində qanunla qadağan edilməmiş hərəkətlərin törədilməsindən xəbər verən əməliyyat-axtarış tədbirlərinin nəticəsində əldə edilmiş məlumatlar saxlanıla bilməz və onlar məhv edilməlidir.[21]
VI. Açılmamış cinayətlər üzrə insanların təhlükəsizliyinə və ya istintaqa ziyan vura biləcək əməliyyat-axtarış tədbirlərin nəticəsində əldə edilmiş məlumatlarını yaymaq qadağandır.
VII. Hər hansı cinayətin törədilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlarla tanış olmaq hüququ məlumatların mənbəyini aşkarlamamaq şərti ilə yalnız həmin cinayət işi üzrə istintaqı aparan şəxsə, prokurora və ya məhkəməyə verilir.

Üçüncü fəsil

YEKUN MÜDDƏALAR

Maddə 17. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin hüquqi və sosial müdafiəsi
I. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslər dövlət tərəfindən müdafiə olunurlar.
II. Əməliyyat-axtarış tədbirlərində şəxslərin könüllü iştirakı bağlanmış müqavilə əsasında həyata keçirilə bilər.
III. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin əmək haqqı, mükafat və digər maddi təminatlar almaq hüququ vardır.
IV. Əməliyyat-axtarış fəaliyyətində iştirak etmələri ilə əlaqədar şəxslərin, eləcə də onların yaxın qohumlarının həyatına, sağlamlığına və əmlakına real təhlükə yarandıqda səlahiyyətli orqanlar onların mühafizəsi və dəymiş zərərin ödənilməsi, həmçinin təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlər görürlər.
V. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin pensiya təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.[22]
VI. Əməliyyat-axtarış tədbirlərində iştirak edərkən həlak olmuş, yaxud şikəst olmuş şəxslərin ailəsinə müvafiq olaraq min yüz manat və beş yüz əlli manat birdəfəlik müavinət verilir. Həmin şəxslərin ailəsinə həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada pensiya təyin edilir.[23]
VII. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrini yerinə yetirilməsi müddəti və müvafiq surətdə onun maddi təminatı birin üçə nisbəti hesabı ilə hesablanır.
VIII. Əməliyyat-axtarış fəaliyyətinin subyekti ilə əməkdaşlığa cəlb olunmuş və cinayətin açılmasında fəal iştirak etmiş cinayətkar qrupun üzvü, tərkibində cinayət əməlləri olan və ağır nəticələrə səbəb olmayan əməllər törədilibsə və vurulmuş zərəri ödəyibsə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq cinayət məsuliyyətindən azad olunur.
Maddə 18. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin maddi-texniki və maliyyə təminatı
I. Əməliyyat-axtarış fəaliyyətini və avtomatlaşdırılmış informasiya sistemlərinin qurulmasını, saxlanılmasını və mühafizəsini bu qanunun tələblərinə uyğun surətdə həyata keçirilməsi üçün əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə zəruri maliyyə vəsaitləri və maddi-texniki təminat verilir.
II. Əməliyyat-axtarış fəaliyyətinin maddi-texniki və maliyyə təminatı Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaitləri, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər mənbələr hesabına maliyyələşdirilir. Bu vəsaitlərin xərclənməsi qaydalarını və normalarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. [24]
III. Əməliyyat-axtarış subyektlərinin maddi-texniki təminatının qaydalarını və normalarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
IV. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinə ayrılan maliyyə vəsaitinin xərclənməsinə həmin subyektlərin rəhbərləri tərəfindən nəzarət edilir.
Maddə 19. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində qanunçuluğun təminatı
Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin rəhbərləri əməliyyat-axtarış tədbirlərinin təşkili və həyata keçirilməsi zamanı qanunçuluğa əməl olunmasına nəzarət edirlər və buna görə fərdi məsuliyyət daşıyırlar.

Maddə   19-1.   Əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarəti [25]
Əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Maddə 20. Əməliyyat-axtarış fəaliyyətinə prokuror nəzarəti
I. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının baş prokuroru və onun tərəfindən müvəkkil edilmiş prokurorlar həyata keçirirlər.Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının əməliyyat-axtarış fəaliyyətini yerinə yetirməsi zamanı qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının Baş prokuroru həyata keçirir. [26]
II. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı qanun pozuntularına yol verilməsi barədə materiallar, məlumatlar və ya vətəndaşların yazılı ərizələri daxil olduqda, habelə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müəyyən olunmuş qaydalar və qəbul olunmuş qərarların qanuniliyi yoxlanıldıqda, prokurorların sorğuları əsasında əməliyyat-axtarış fəaliyyəti subyektlərinin rəhbərləri əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəb və əsaslarına dair sənədləri təqdim etməlidirlər.
III. Cinayət məsuliyyətinə cəlb olunması halları istisna edilməklə cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil olmuş şəxslərin, əməliyyat-axtarış subyektlərinin ştatdan kənar və məxfi əməkdaşlarının şəxsiyyəti haqqında məlumatlar həmin şəxslərin yazılı razılığı olduqda qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda prokuror nəzarətinin subyektinə təqdim edilə bilər.[27]
IV. Əməliyyat-axtarış tədbirlərinin təşkili, taktikası, üsul və vasitələrinə dair məlumatlar (korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının əməliyyat-axtarış tədbirləri ilə bağlı məlumatları istisna olmaqla) prokuror nəzarətinin predmetinə daxil deyil.[28]
V. Əməliyyat-axtarış fəaliyyətinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının baş prokuroru və onun tərəfindən müvəkkil edilmiş prokurorlar onlara verilən sənədlərdə əks olunan məlumatların məxfiliyini təmin etməlidirlər.
Maddə 21. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı qanunçuluğun pozulmasına görə məsuliyyət
I. Əməliyyat-axtarış fəaliyyətinin bu qanunla müəyyən edilmiş məqsədlərə, əsaslara və ya şərtlərə əməl edilmədən təşkili və həyata keçirilməsi, onun keçirilməsi üçün etibar olunmuş və ya iş və xidmətlə əlaqədar belə məlumatlarla tanış olmuş şəxslər onları yaymağa görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq olaraq cinayət, inzibati və intizam məsuliyyəti daşıyırlar.
II. İnsanın hüquq və azadlıqları, hüquqi şəxslərin qanuni mənafeləri pozulduqda, habelə haqqında əməliyyat-axtarış tədbirləri keçirilmiş şəxsin hüquqpozmaya aidiyyəti təsdiq olunmadıqda əməliyyat-axtarış fəaliyyətinin subyekti pozulmuş hüququ bərpa etməyə və vurulmuş maddi və mənəvi ziyanı ödəməyə borcludur.
III. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən bu Qanunda nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirlərinin tətbiqi istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.[29]

KEÇİD MÜDDƏALARI

I. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
II. Hakimlərin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar bu qanunda nəzərdə tutulmuş səlahiyyətləri yeni cinayət-prosessual qanunvericiliyi qəbul olunduqdan və "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hakimlər təyin edildikdən sonra qüvvəyə minir.
II. Hakimlərin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar bu qanunda nəzərdə tutulmuş səlahiyyətləri qüvvəyə minənədək, həmin səlahiyyətlər mövcud cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Azərbaycan Respublikasının prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 28 oktyabr 1999-cu il
№ 728-IQ


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1.       17 may 2002-ci il tarixli 324-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 250)
2.       24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328)
3.       5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-ci il, № 3, maddə 133)
4.       30 sentyabr 2005-ci il tarixli 1022-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1079)
5.       23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 fevral 2006-cı il)
6.       23 dekabr 2005-ci il tarixli 32-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 64)
7.       20 oktyabr 2006-cı il tarixli 171-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 933)
8.       20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005)
9.       17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560)
10.   1 aprel 2008-ci il tarixli 577-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 252)
11.   2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462)
12.   12 fevral 2010-cu il tarixli 953-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 mart 2010-cu il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 172)
13.   31 may 2010-cu il tarixli 1015-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 iyun 2010-cu il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 6, maddə 487)
14.   4 mart 2011-ci il tarixli 77-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 aprel 2011-ci il, № 82 Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 252)
15.   18 mart 2011-ci il tarixli 95-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 aprel 2011-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 268)
16.   25 oktyabr  2011-ci il tarixli 214-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 noyabr 2011-ci il, № 252, “Azərbaycan” qəzeti 24 noyabr 2011-ci il, № 259)


QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 20 oktyabr 2006-cı il tarixli 171-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 933) ilə 1-ci maddəsinin II hissəsindən “və hərbi” sözləri çıxarılmışdır.

[2] 20 oktyabr 2006-cı il tarixli 171-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 933) ilə 4-cü maddəsinin V hissəsindən “, hərbi” sözləri çıxarılmışdır.

[3] 18 mart 2011-ci il tarixli 95-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 aprel 2011-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 268) ilə 5-ci maddənin I hissəsi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
I. Əməliyyat-axtarış fəaliyyətini Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat orqanları həyata keçirirlər.

[4] 18 mart 2011-ci il tarixli 95-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 aprel 2011-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 268) ilə 5-ci maddənin II hissəsində “hansı təhqiqat orqanı” sözləri “əməliyyat-axtarış fəaliyyətinin hansı subyekti” sözləri ilə əvəz edilmişdir.

[5] 18 mart 2011-ci il tarixli 95-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 aprel 2011-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 268) ilə 5-ci maddənin III hissəsində “Təhqiqat orqanlarının” sözləri “Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin” sözləri ilə əvəz edilmişdir.

[6] 18 mart 2011-ci il tarixli 95-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 aprel 2011-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 268) ilə 5-ci maddənin IV hissəsində “müvafiq icra hakimiyyəti orqanları” sözlərindən sonra “və ya korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı” sözləri əlavə  edilmişdir.

[7] 18 mart 2011-ci il tarixli 95-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 aprel 2011-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 268) ilə 5-ci maddəyə yeni məzmunda V hissə əlavə  edilmişdir.

[8] 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328) ilə 10-cu maddənin IV hissəsinin 2-ci bəndində "azadlıqdan məhrum etmə yerlərindən" sözləri "cəzaçəkmə müəssisələrindən" sözləri ilə əvəz edilmişdir.

[9] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133) ilə 10-cu maddənin V hissəsində "məhkəməyə" sözü "məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora" sözləri ilə əvəz edilsin.

[10] 17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560) ilə 10-cu maddəsinin VII hissəsinə “əməliyyat-axtarış tədbirlərinin” sözlərindən sonra “, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının nəzarətli göndərişinin” sözləri əlavə edilmişdir.

[11] 31 may 2010-cu il tarixli 1015-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 iyun 2010-cu il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 6, maddə 487) ilə10-cu maddəsinin VIII hissənin birinci cümləsində xüsusi və digər texniki vasitələrdən sözləri texniki vasitələrdən (yəni əməliyyat-axtarış tədbirləri çərçivəsində informasiyanın gizli yolla əldə olunması məqsədilə xüsusi olaraq yaradılmış, işlənib hazırlanmış, istehsal olunmuş, proqramlaşdırılmış, təkmilləşdirilmiş avadanlıqlar, cihazlar, qurğular, ləvazimatlar və digər texniki vasitələr) sözləri ilə əvəz edilmişdir.

[12] 4 mart 2011-ci il tarixli 77-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 aprel 2011-ci il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 252) ilə 10-cu maddəsinin IX hissəsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:
 IX. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən işlənilməsi, istehsalı, satışı, alınması, ölkəyə gətirilməsi və ölkədən çıxarılması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada lisenziyalaşdırılmalıdır.

[13] 31 may 2010-cu il tarixli 1015-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 iyun 2010-cu il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 6, maddə 487) ilə10-cu maddəsinin X hissədə Gizli informasiya alınması üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin sözləri Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin sözləri ilə əvəz edilmişdir.

[14]  30 sentyabr 2005-ci il tarixli 1022-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1079) ilə 11-ci maddənin II hissəsinə 9-cu bənd əlavə edilmişdir.

[15] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133) ilə 11-ci maddənin IV hissəsinin 2-ci bəndi çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:
2) cinayət işi başlananadək cinayət əlamətlərinin mövcudluğuna görə ibtidai istintaqın aparılması məcburi olduqda;

[16] 23 dekabr 2005-ci il tarixli 32-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 64) ilə 14-cü maddənin VIII hissəsində "həyata keçirilməsi" sözlərindən sonra ",habelə əməliyyat-axtarış fəaliyyəti sahəsində qanunvericilikdə nəzərdə tutulmuş digər məlumatlar" sözləri əlavə edilmişdir.

[17] 20 oktyabr 2006-cı il tarixli 171-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 933) ilə 14-cü maddəsinin IX hissəsində “, hərbi” sözü “sirri” sözü ilə əvəz edilmişdir.

20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005) ilə 14-cü maddəsinin IX hissəsində "şəxsi" sözündən sonra "və ailə" sözü əlavə edilmişdir.

[18] 23 dekabr 2005-ci il tarixli 32-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 64) ilə 14-cü maddənin X hissəsində "və ya qanunda birbaşa nəzərdə tutulmuş" sözləri "qanunvericiliklə müəyyən edilmiş qaydada və" sözləri ilə əvəz edilmişdir.

[19] 30 sentyabr 2005-ci il 1022-IIQD nömrəli tarixli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1079) ilə Qanuna 14-1-ci maddə əlavə edilmişdir.

[20] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133) ilə 16-cı maddənin I hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:
I. Cinayət işi başlandıqdan sonra təhqiqat və ya istintaq zamanı əməliyyat-axtarış tədbirlərinin nəticələri cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq yoxlanıldıqdan sonra həmin cinayət işində sübut kimi istifadə edilə bilər.

[21] 20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005) ilə 16-cı maddəsinin V hissəsində "şəxsi" sözündən sonra "və ailə" sözü əlavə edilmişdir.

[22] 1 aprel 2008-ci il tarixli 577-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 252) ilə "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinin V hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
V. Əsas fəaliyyət növü kimi şəxslərin əməliyyat-axtarış fəaliyyətinin subyektləri ilə əməkdaşlıq etdiyi dövr onların əmək stajına daxil edilir və bu şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada pensiya verilir.

[23] 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462) ilə 17-ci maddəsinin VI hissəsinin birinci cümləsində “şərti maliyyə vahidinin bir min misli miqdarında və beş yüz misli miqdarında” sözləri “min yüz manat və beş yüz əlli manat” sözləri ilə əvəz edilmişdir.

[24] 17 may 2002-ci il tarixli 324-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 250) ilə 18-ci maddənin ikinci hissəsinin birinci cümləsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:
Əməliyyat-axtarış fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaitləri hesabından maliyyələşdirilir.

[25] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133) ilə 19-1-ci maddə əlavə edilmişdir.

[26] 18 mart 2011-ci il tarixli 95-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 aprel 2011-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 268) ilə 20-ci maddənin I hissəsinə yeni məzmunda ikinci cümlə əlavə  edilmişdir.

[27] 23 dekabr 2005-ci il tarixli 32-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 64) ilə 20-ci maddənin III hissəsində "razılığı olduqda" sözlərindən sonra "qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda" sözləri əlavə edilmişdir.

18 mart 2011-ci il tarixli 95-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 aprel 2011-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 268) ilə 20-ci maddənin III hissəsində “prokurora” sözü “prokuror nəzarətinin subyektinə” sözləri ilə əvəz  edilmişdir.

[28] 25 oktyabr  2011-ci il tarixli 214-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 noyabr 2011-ci il, № 252, “Azərbaycan” qəzeti 24 noyabr 2011-ci il, № 259) ilə 20-ci maddəsinin IV hissəsində “məlumatlar” sözündən sonra “(korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının əməliyyat-axtarış tədbirləri ilə bağlı məlumatları istisna olmaqla)” sözləri əlavə edilmişdir.

[29] 12 fevral 2010-cu il tarixli 953-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 mart 2010-cu il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 172) ilə21-ci maddəsinə III hissə əlavə edilmişdir. 23 dekabr 2005-ci il tarixli 32-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 64) ilə 20-ci maddənin III hissəsində "razılığı olduqda" sözlərindən sonra "qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda" sözləri əlavə edilmişdir.

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами