MTN cinayətlərinin "sığdığı" 1 otaqlı "Sultan" kafesi

MTN cinayətlərinin "sığdığı" 1 otaqlı "Sultan" - "Müstəntiq havalanıb çıxdı" - FOTO

6 Yanvar 2017 13:25
0 Şərh     Baxış: 616



"Füzuli Əliyev (ləğv edilmiş MTN-in transmilli cinayətkarlıqla mübarizə idarəsinin rəis müavini, hazırda məhkəməsi gedir. - red.) məni "Hyundai Accent" maşınına oturdu, içərisində 161 min manat pul olan sellofan torbanı əlimdən zorla alıb maşının yük yerinə qoydu. Məni MTN-in inzibati binasına yox, yaxınlıqda yerləşən beşmərtəbəli binanın birinci mərtəbəsindəki "Sultan" kafesinə gətirdilər..."
Bu, MTN-in Transmilli Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş general Sübahir Qurbanovun və onunla birlikdə çoxsaylı quldurluq, talançılıq əməlləri törətmiş mütəşəkkil cinayətkar qruplaşmanın işi üzrə çoxsaylı zərərçəkənlərdən biri, Sumqayıtda mebel sexinin sahibi olan Gündüz Əliyevin ifadəsindədir. Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu cinayət işinin materiallarında "Sultan" kafesinin adı onlarla epizodda çəkilir. Hər dəfə zərərçəkənlər bildirir ki, Füzuli Əliyev və digər MTN-çilər onlardan pulu "Sultan" kafesində alıblar, yaxud təhdid etmək, hədə-qorxu gəlmək üçün MTN-in binasına yox, həmin kafeyə aparıblar.
Bəs cinayət işinin materiallarına əsasən MTN-dəki mütəşəkkil qruplaşmanın qorxulu mağarası obrazında olan bu "Sultan" kafesi nədir? Orada nələr baş verib? İşçilər MTN generallarının, polkovniklərinin bu kafedə törətdikləri quldurluq əməlləri haqda nə deyə bilər?
Bu suallara cavab tapa bilmək üçün "Sultan" kafesinə yollanırıq. Kafeni tapmaq xüsusi çətinlik törətmir, ancaq içəri daxil olanda buranın həqiqətən MTN-çilərin işində adı keçən kafe olduğuna şübhəmiz yaranır. Bəlkə, düz gəlməmişik? Axı bura cəmi bir otaqdan ibarətdir, həmin otağın pəncərələri Parlament prospektinə açılır. Ofisiantdan yuxarı mərtəbənin və ya arxada kabinetlərin olub-olmadığını soruşduq. Məlum oldu ki, olan elə bu göz qabağındakı bircə otaqdır. O boyda cinayət işinə sığışmayan əməllərin bu balaca kafedə (restoran deməyə adamın dili gəmir) necə baş verdiyi barədə öz-özümüzə sual edirik.
"Yazın Məmməd, nə fərqi var?"
Kafedə  bir küncdə əyləşib söhbət edən iki nəfərdən başqa heç bir müştəri yox idi. Bizi maraqlandıran sualları vermək üçün rəhbərliklə danışmaq istədik. Məlum oldu ki, müştəri bildiyimiz o şəxslər restoranın rəhbərləridir. Onlardan nisbətən cavanı, təxminən 55-60 yaşlı kişi maraqlandığımız suallara cavab verməyə hazır olduğunu dedi. Ancaq nə qədər israr etdiksə, adını demədi: "Yazın Məmməd, nə fərqi var?"
-Yəqin, məlumatınız var, sizin restoranın adı MTN işində çəkilir. Bura MTN generallarının gəldiyi, iş adamlarından məhz burada pul alındığı, hətta bəzilərinin zorla bura gətirildiyi deylir. Çovdarov da gəlirdi buraya?
-Mən Çovdarov tanımıram (gülür). Bu kafeni gördünüz? Burada iki kişi otursa, MTN işçisi bura girər? Xüsusən də general. General üçün general restoranları var. Bir də ki, Çovdarov olmasın, qeyri-Çovdarov olsun. Əgər kimsə gəlib burada mülki geyimdə çörək yeyirsə, biz haradan bilək ki, o MTN işçisidir? Bir neçə gün əvvəl bir rus oturmuşdu, sonradan öyrəndim ki, MTN işçisi imiş. Ümumiyyətlə, pulu olan oğlan buraya girib çörək yeyər?
-Niyə, bura ucuz restorandır ki?
-Yox, siz məni başa düşmədiniz. Əgər bir adamın pulu varsa, "Range Rover"də gəlib və özü də sürücüsü də böyründə, niyə bizim restoranda otursun ki? Gedib kabinetdə yeməyini yeyər də.
Kafe sahibi iddia edir ki, onun obyekti ilə bağlı bütün yazılanlar yalan və qərəzlidir. Niyəsini isə heç özü də bilmir. Dediyinə görə, bu kafe ona öz evi kimidir. "Qoca kişilərik, oturub dost-tanışla yeyib-içib bir az lağ-lağı edib çıxıb gedirik evimizə. Heç kimdən qorxmuram, mənim çörəyim onlardan gəlmir ki. Yazırlar ki, guya burada maskalılar kisələrlə pul alıblar. Bura pul alınası yerdir?" - deyə kafe sahibi hiddətini gizlətmir.
"Müstəntiqi dəvət elədim, gəldi..."
Dediyinə görə, MTN işi ilə bağlı onu da dəfələrlə istintaqa çağırıblar.   "Müstəntiqi kafeyə dəvət elədim. Onlara göstərdim ki, sizcə, bu balaca yerə mənim yanımda maskalı girib pul ala bilərmi? Müstəntiq buraya girəndən sonra havalanıb çıxdı. Özü də etiraf etdi ki, bura pul alınası yer deyil, onu deyənlərin başı xarab olub. Hansı general gəlib burada çörək yeyər? Sizcə, bura adam döyüləsi yerdir?" - deyə adını gizlədən kafe sahibi sual edir.
Həmsöhbətim iddia edir ki, "Sultan"la bağlı MTN işində yazılanların hamısı yalandır. Lakin dərhal da əlavə edir ki, kafeyə daxil olanlardan sənəd soruşmurlar, yəni kimin kim olduğunu müəyyən etmək onların işi deyildi.
"Bəlkə, MTN-çilər pulları alandan sonra buraya yemək yeməyə gəlib?"
"İki il öncə Ukraynadan Azərbaycana gəlib restoran biznesinə başladığını deyən sahibkar ölkəyə gəlməsinə peşman olduğunu deyir. Onun sözlərinə görə, gələndən ancaq əsəb keçirir. ""Sultan"la bağlı yazılanlar qərəzlidir, onu yazanlar "tupoy"dular. Ola bilər ki, MTN-ə gələnlər haqq-hesablarını edəndən sonra deyə-gülə gəlib burada çörək yeyiblər. Amma mən onları haradan tanıyıram? MTN-in məyər zirzəmisi yoxdur, ya yeməkxanası yoxdur? Onların məyər adam döyməyə yerləri yoxdur? Niyə kimisə gəlib burada döysünlər ki? Mən Azərbaycana iki ildir ki, gəlmişəm. Əvvəllər Ukraynada işləmişəm. Gələndən də bu hərəkətləri görüb əsəbimdən partlayıram".
Kafe sahibi onu da bildirdi ki, burada heç bir general görməyib. "Onların qəbuluna düşmək olur? Heç MTN-in idarə rəisinin qəbuluna düşmək olmur. Belə adam heç vaxt gəlib "Sultan" kafesində çörək yeməz".
Kafe sahibinin imkan tapıb restoranın zəif işləməsindən də gileyləndi. Onun sözlərinə görə, buranın gündəlik alveri 120-150 manatı keçmir.  Gördüklərimizin və eşitdiklərimizin qarışıq təəsüratları altında adı günlərdir mətbuat səhifələrindən düşməyən məşhur "Sultan" kafesini tərk edirik...
Milli.Az

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами