Lahıcda yayılan qorxulu həşaratların şok sirləri...
Lahıcda yayılan qorxulu həşaratların şok sirləri...
“İçərinizdə insanları yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir”. “Quran”, 3:104
Son dövrlər Azərbaycanda insanları həyəcana, qorxuya salan, rahatlığını pozan sirli hadisələr çoxalmaqdadır. Məsələn, Ağdaş rayonunda baş verən sirli hadisələr, bəzi rayonlarda evlərin daşa basılması, sirli yanğınların baş verməsi, suların zəhərə çevrilməsi və s. Bu günlərdə bunların sırasına daha bir qorxulu hadisə də əlavə olundu. Məlum oldu ki, İsmayıllı rayonunun Lahıc qəsəbəsinə və ətraf kəndlərə qorxulu həşəratlar darışıblar ki, bu da insanların rahatlığını ciddi şəkildə pozubdur. Maraqlıdır ki, sadaladığım (və sadalamadığım) bu və digər hadisələr əsasən gecə saatlarında baş verir.
Elmi-lədun araşdırmalarımız göstərir ki, bütün bunlar təsadüfü olmayıb, biri-birinin davamıdır və yolun azmış, haqdan-ədalətdən uzaqlaşmış millətimizə Allahdan göndərilən bəlalardır ki, bu və ya digər formada təzahür edir. Fikrimizi sübut etmək üçün “Quran”a nəzər salaq:
“Biz ayrı-ayrı möcüzələr üzrə onlara tufan, əkinlərinə çəyirtkə və həşərat, (evlərinə, yeməklərinə) qurbağa və (çeşmələrinə, kəhrizlərinə) qan göndərdik. Onlar yenə də (iman gətirməyi) özlərinə sığışdırmayıb kafir bir tayfa oldular”. “Quran”, 7: 133.
Ayədən göründüyü kimi, Allah yolun azmış millətlərə qəzəbini bu cür hallarla bildirir. Allahın qəzəbinin təzahürləri müxtəlif olduğu kimi, bu qəzəbi yaradan səbəblər də müxtəlifdir. Bunların bəzilərini sadalamaq istəyirik ki, insanlar istəsələr (!) günahlarını aradan qaldırsınlar.
Millətimizin ən çox (kütləvi şəkildə) etdiyi günah açıq-saçıq geyim tərzi və şəhvətini cilovlaya bilməməsidir (həm qadınlar, həm də kişilər). Beləliklə də cahiliyyət dövründə olduğu kimi açıq-saçıqlıq və pozğun həyat tərzi cəmiyyətin mənəvi çöküşünə və Allahın qəzəbinə səbəb olmuşdur. Bu barədə Rəbbim Qurani-Kərimdə buyurur:
“Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurub valideyninizi ( və yaxud Adəm və Həvvanı) Cənnətdən qovdurduğu kimi, Şeytan sizi də aldadıb yoldan çıxartmasın. Şübhəsiz ki, o (Şeytan) və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Biz şeytanları iman gətirməyənlərin dostları etdik.
Onlar bu cür ədəbsizlik etdikləri zaman: “Atalarımızı belə gördük. Bunu bizə Allah əmr etmişdir” ,- deyirlər. De: “Allah ədəbsizlik əmr etməz. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?” 7:27-28
Açıq-saçıqlığı tənqid etdiyimiz zaman elə bilməyin ki, biz bütün qadınların çadraya bürünüb evdə oturmalarını təbliğ edirik. Əsla yox! Təcrübə göstərir ki, çadraya bürünməmiş də qadın abır-həyasını, ismətini qoruya bələr. Sadəcə, ciddi və əxlaqlı qadınlar geyim tərzinə görə digər (küçə) qdınlarından fərqlənməlidirlər. Yəni, insan küçədə qarşısına çıxan qadının geyiminə baxarkən, onun əxlaqlı, yaxud, əxlaqsız (sahibli, yxud, sahibsiz) olduğunu sezməlidir. Allah da “Quran”da bizlərə məhz bu mesajı verir. Belə ki, örtünməklə bağlı olan ayədə məhz belə buyrulur:
“Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!” 33:59
Bu ayə o vaxt nazil oldu ki, müharibədə əsir alınan və iman gətirməyən qadınlar vardı ki, onlar hüquqsuz olduğundan küçədə onlara sataşırdılar. Bəzən elə olurdu ki, cahil insanlar küçədə mömün (hüquqlu) qadına da sataşırdılar (onları cariyələrdən ayırd edə bilmədikləri üçün). Bütün bu yaramazlıqların baş verməməsi üçün yuxarıdakı ayə nazil oldu ki, mömün (sahibli) qadınlar öz geyim tərzlərinə görə əsir alınmış (sahibsiz) qadınlardan fərqlənsinlər. Bu fərqlilik o vaxt ancaq baş örtüyü ilə ola bilərdi. Çünkü, o dövrün qadınları hamısı uzun libas geyinirdilər.
İndiki dövrdə cəmiyyətimizdə əsir (cariyə) qadınlar olmasa da, küçə qadınları (yaxud bar qadınları) kimi qəbul edilən bir təbəqə mövcuddur ki, onlar öz açıq-saçıq geyimləri ilə diqqəti cəlb edirlər. Təssüflər olsun ki, cəmiyyətimizdə belə bir tendensiya müşahidə edilməkdədir ki, əxlaqlı (və yaxud sahibli) qadınlar geyim tərzləri ilə onlarla bəhəsə girirlər. Beləliklə də küçədə rastlaşdığımız qadınların hansının sahibli, hansının sahibsiz (bar qadını) olduğunu müəyyənləşdirmək bir çox hallarda çətinlik törədir. Bu, Allahın qəzəbinə səbəb olan əlamətlərdəndir. Bunu aradan qaldırmaq istəyənlər yaxşı olar ki, başlarını bağlamırlarsa, heç olmasa küçə qadınlarından fərqlənən (intim yerləri görünməyən) geyim geysinlər.
Son dövrlər insanlarımızda müşahidə edilən neqativ əlamətlərdən biri də çoxluğun verdiyi sözə (vədə, əhdə) əməl etməməsidir. Yəni, insanlar etməyəcəkləri bir şeyi çox məsuliyyətsizcəsinə vəd edib, boyunlarına götürürlər. Sabah həmin əhdə (verdikləri sözə) əməl etməyərək çox böyük günaha yüklənirlər (!). Beləliklə, insanlarımızın böyük əksəriyyəti cahillikləri ucbatından öz-özlərini günaha yükləyirlər və Allahın qəzəbinə gətirirlər. Çünkü, vəd barəsində Allah xüsusi ayə göndərib və verdiyimiz sözə görə bizim sorğu-sual olunacağımızı bildirib:
“Əhdə vəfa edin. Çünki insan əhd barəsində (tək söz verdiyi adama deyil, həm də) Allah qarşısında cavabdehdir”. “Quran”, 17:34
Təcrübə göstərir ki, hansı qövm yolun azarsa, ona müxtəlif bəlalarla yanaşı həm də qəddar, insafsız başçılar qismət olar. Allah bu cür rəhbərlərin əliylə həmin milləti cəzalandırar. Həm də belə rəhbərlərin ayağıyla ölkədən xeyir-bərəkət çəkilər, yoxsulluq, səfalət baş alıb gedər. Bunu dərk edən din böyükləri tövsiyyə etmişlər ki, əgər zalım bir rəhbərlə qarşılaşmısınızsa, onu dəyişməyə çalışmaqdansa, çalışın özünüzü dəyişəsiniz. Çünkü, “Quran”da buyrulduğu kimi, hakimiyyət Allaha məxsusdur və onu istədiyi vaxt (millətin layiq olduğu formada) dəyişməyə qadirdir. Deməli, yaxşı (insaflı, ədalətli) rəhbər arzulayan millət ilk növbədə öz əxlaqı və əməlləriylə buna layiq durumda olmalıdır!
“Beləliklə, hər bir obanın günahkarlarını oranın başçıları təyin etdik ki, onlar orada bacardıqları qədər məkrlə məşğul olsunlar. Onlar yalnız özlərinə qarşı məkr edərlər, lakin (bunun) fərqinə varmazlar”. “Quran”, 10:123.
Müşahidələrimiz göstərir ki, millətimiz haqqı tələb etdiyi halda, özü Haqqa boyun əymir – bu və ya digər formada başqalarının haqqın tapdalayır (əziyyət verir). Odur ki, bir neçə il qabaq qəzetlərin birində manşetə çıxardığımız fikri bir daha təkrar edirik: HAQQI TƏLƏB EDƏNLƏR ÖZLƏRİ HAQQA BOYUN ƏYMƏLİDİRLƏR!
Allahın qəzəbinə səbəb olan əlamətlərdən biri də insanların (özəlliklə də dini təbliğ edənlərin) sözləri ilə əməllərinin biri-birinə uyğun gəlməməsidir. Yeri gəlmişkən, bu axşam (Cüməaxşamı) qonaq olduğum bir evdə olan söhbəti qısaca diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycan telekanallarının birindən tanınmış bir din xadimi Cüməaxşamı ilə əlaqədar ənənəvi dini söhbət edirdi. Məclisdəki xanımlardan biri onun bəlağətli çıxışına (gözəl sözlərinə) valeh olduğunu bildirdi. Həmin din xadimini şəxsən tanıyan başqa bir qonaq isə, onun insana yaraşmayan əməllərindən bir-neçə nümunə gətirdi. Mən isə, həmin vaxt yadıma düşən “Quran”ın “İnək” surəsinin 204, 205–ci ayələrini misal gətirdim:
“İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da (dili ilə ürəyinin bir olmasına) Allahı şahid göstərər. Halbuki, o, düşmənlərin ən qəddarıdır.
O şəxs səndən ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli (islam cəmiyyətini) məhv etməyə çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz!” 2:204, 205
Yaxşı olar ki, dinin gözəlliyini təbliğ edən insan özü bu gözəlliyin nümunəsi olsun. Əks halda onun təbliğatını nə cəmiyyət, nə də Allah qəbul etməz. Təssüflər olsun ki, bu gün cəmiyətimizdə əks halla daha çox qarşılaşırıq. Yuxarıda sadaladığım bəlaların gəlməsinə səbəb olan amillərdən biri də elə budur.
O ki, qaldı gələn bəlalardan qorunmağın (sığortalanmağın) yollarına, bu çox sadə və bəsitdir: yuxarıda sadaladığım bu və digər nöqsanlar aradan qaldırılmalı, toplumda gözəl əxlaqa və saleh əməllərə malik insanlar çoxluq təşkil etməlidirlər. Yalnız Allah bəyənən əxlaq və əməllə bu və digər (gələcək) bəlaları dəf etmək olar.
“Malınızdan Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq edənləri sevir”. “İnək” surəsi, 195-ci ayə.
Paşa Yaqub – tədqiqatçı-yazıçı
Müəllifin arxivi:
Комментарии
Отправить комментарий