Fərid Xayrullin: “Sonradan bildim ki, bu şəkilləri çəkəndə həyatımı nə dərəcədə böyük riskə məruz qoymuşam.”

Fərid Xayrullin: “Sonradan bildim ki, bu şəkilləri çəkəndə həyatımı nə dərəcədə böyük riskə məruz qoymuşam.”
Həmsöhbətimiz foto-jurnalist, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Fərid Xayrulindir.
-
Fərid müəllim, dəfələrlə cəbhə bölgəsində olmusunuz, Xankəndində,
Şuşada, Əsgəranda, Ağdamda, Zəngilanda və Qazaxda foto-çəkilşlər
aparmısınız. Özünüzü hərbi fotoqraf hesab edirsiniz?
- Təbii. Hərçənd fotoqraf sözünü
xoşlamıram. Mən həmişə deyirəm, təhsilim və iş təcrübəm etibarilə
birinci növbədə jurnalistəm. Jurnalist hadisədən bəhs edən insandır.
Fotojurnalist isə hadisəni mətn və fotoşəkil vasitəsilə çatdıran
şəxsdir. Təəssüf ki, bizdə çox vaxt çiynində fotoaparat olan hər bir
kəsə fotoqraf deyirlər. Bu məntiqlə kompüteri olan insan da dizeyner
sayıla bilər. Halbuki fotoqraf birinci növbədə peşəkar olmalıdır. Bəs
peşəkarla qeyri-peşəkar arasındakı fərq nədədir? Vaxtilə SİTA-da sovet
fotojurnalistikasının korifeyi Nikolay Raxmanov çalışırdı. Moskva
haqqında ən gözəl kitabları məhz o hazırlayıb. O deyirdi: “Peşəkar
düşündüyünü edən, qeyri-peşəkar isə alınanla barışan şəxsdir”. Buna görə
də peşəkarlıq bütün ixtisas sahiblərinə lazım olan təyinatdır.
- Sizcə, nə üçün insanlar müharibə foto-şəkillərinə baxmağa vaxt sərf etməlidilər?
-Əvvəla, ona görə ki, bu foto-şəkillər
bir növ yaddaşcadır, ikincisi isə heç də hamı hərbi əməliyyatlar
meydanında olmur. Orada yalnız hərbçilər, jurnalistlər və müvafiq
xidmətlərin əməkdaşları iştirak edir. Ən başlıcası isə bu foto-şəkillər
sülh üçün məsuliyyət daşıdığımızı yadımıza salan tarixdir.
- Siz Ermənistandan qaçqın düşmüş ilk insanları, Qarabağ müharibəsini çəkmisiniz. Ən çox nə yadınızda qalıb?
- Həqiqətən də ilk mitinqlərin, küçə
həyəcanlarının, ilk qaçqınların gəlməsinin, yanvar hadisələrinin,
Qarabağ müharibəsinin şahidi olmuşam və onları lentə almışam. Amma nə
qədər özümdə foto-şəkil qalıb? Üç-dörd ədəd. Sadəcə olaraq biz tarixi
hadisələrin şahidi olmağımızın fərqində olmamışıq. Düşünməmişik ki, bu
hadisələri çəkməzdən başqa, həm də onların arxivini yaratmalıyıq, öz
foto-şəkillərimiz də olmalıdır. Hərbi formada zirehli gödəkcədə ilk və
yeganə şəklimi Xankəndindəki hərbi hissənin batalyon komandiri çəkib.
Uca boyuma rəğmən (192 sm) ZTR-ə minib, dəfələrlə döyüş bölgəsinə
getmişəm. Bakıdan Şuşaya yollanan ilk humanitar yardım karvanını
müşayiət etmişəm. Hərbçilər məni brezent örtüklü yük maşınına
oturtmuşdular. Xankəndindən Şuşaya iki yol ayrılır: biri şəhərdən,
digəri isə lampa zavodu istiqamətindən. Biz aşağı yoldan getdik. Maşının
qabaq hissəsində dəlik var idi və mən oradan başımı çölə çıxarıb şəkil
çəkirdim. Lampa zavodunun yanında mənim lentim qurtardı. Ermənilər
zavodun sexlərinin üstünə çıxıb, bizə söyür, cürbəcür əşyalar atırdılar.
Mən lenti dəyişmək üçün başımı geri çəkdiyim andaca, bir saniyə öncə
durduğum yerə iri bir mişar daşı atdılar. Həmin illərdə mən bir şey
anlamışdım. Ekstremal hallarda sanki insan qorxu hissini itirir və özünü
sanki səfərbər edir. Qarabağ bölgəsində dəfələrlə olmuşdum. Amma demək
olar ki, qətiyyən qorxmurdum. Məsələn, o vaxt AzərTAc-da işləyəndə
redaksiyaya Mərkəzi Komitədən Polyaniçko zəng etmişdi ki, Xankəndiyə iki
rus jurnalist göndərib, Qarabağdan foto-material hazırlamaq lazımdır.
İki nəfər slavyan görünüşlü şəxsi – məni və Şulmanı Xankəndinə ezam
etdilər. Polyaniçko əvvəlcədən xəbərdarlıq etmişdi: “Uşaqlar, hətta
hərbçilərə də Bakıdan olduğunuzu deməyin”. Bizi Qarabağdakı hərbi
hissənin əks-kəşfiyyat rəisi və iki xüsusi təyinatlı müşayiət edirdi.
Bizdə o vaxt SİTA-nın Moskva vəsiqələri var idi. Xankəndi dəmiryol
stansiyasına getdik. Stansiya strateji obyektdir. Ərazidə xeyli zirehli
texnika və beş min sovet əsgəri vardı. Texnikanın qatarlara
yüklənməsində isə 25-30 nəfər erməni çalışırdı. Bizi müşayiət edən zabit
Moskva jurnalistləri kimi bizi stansiya komendantına təqdim edib,
getdi. Komendant çəkiliş üçün bizə yarım saata lazım olduğunu öyrənəndən
sonra, “bir-iki addım sola, sağa, bir-iki addım irəli-geri atmaq
olmaz”, dedi. Müşayiətçi əsgərlər öz həmyerlilərini görüb, bizdən
aralandılar. Mən çəkiliş üçün mizan-səhnələri qururam. Birdən yük
maşınının kabinəsindən bir erməni düşdü və mənə baxıb dedi: “Mən səni
tanıyıram. Sən Moskvadan yox, Bakıdan gəlmisən”. Bakı sözünü eşidən
kimi, atmosfer gərginləşdi. Komendant tələsik gəlib dedi ki, ermənilər
hay-küy salıblar ki, siz Bakıdan gəlmisiniz. Onlar sizin sənədlərinizlə
maraqlanırlar. Mən sərt cavab verdim ki, “bizi bura gətirənin kim
olduğunu görmədin? O əlbəttə ki, əvvəlcədən bizim sənədlərimizi
yoxlamışdı. Mən SSRİ Nazirlər Sovetinə tabe olan idarənin
nümayəndəsiyəm, burada çəkiliş aparıram. Bu ermənilər hansı haqla mənim
sənədlərimi yoxlamaq istəyirlər?” Məni hərçilərin ermənilərdən bu
dərəcədə qorxmaları o vaxt çox heyrətləndirmişdi. Bir müddət sonra
Sədərəkdə SSRİ Daxili Qoşunları komandanının mətbuat konfransında mən
bizdə olan məlumatlara görə, hərbçilər ermənilərə silah və döyüş
sursatları vermələrinə münasibəti ilə bağlı sual verəndə dedi ki, bunu
onlar yox, Sovet Ordusu hissələri edir. Bu cavab məni çox
təəccübləndirdi və dedim: “Bağışlayın, mən mülki adamam, mənim üçün
istənilən silahlı adam hərbçidir. Bəs sizin buna vətəndaş mövqeyiniz
necədir?”. Cavab verdi: “Meşə çaqqalsız olmaz”. Elə orada bir
polkovniklə tanış oldum, o dedi ki, Moskvada, Baş Qərargahda çoxlu
erməni çalışır. Adi bir sözün və ya hərəkətin üstündə bütün
xidmətlərinin üstündən xətt çəkə bilərlər. Buna görə də onlar
ermənilərdən belə çəkinirdilər.
Bir sözlə, cəbhə bölgəsində dəfələrlə
olmuşam və çox çəkilişlər aparmışam. 1993-cü ildə öz işimlə əlaqədar
türklərlə, müxtəlif siyasətçilər, jurnalistlər, iri şirkətlərin
rəhbərləri ilə çox ünsiyyətdə olurdum. Təbii ki, onlar mənim bu
hadisələrin iştirakçısı olduğumu bilirdilər. Çünki bu mövzuda çox söhbət
edirdik, hansı təhlükələrdən keçdiyimi öyrənmişdilər. Tez-tez məndən
soruşurdular: “Fərid bəy, nə üçün siz müharibəyə gedir, öz həyatınızı
təhlükəyə məruz qoyurdunuz? Axı siz azərbaycanlı deyilsiniz”. Cavab
verirdim ki, bu barədə heç düşünməmişəm də. Azərbaycan mənim ölkəm,
mənim Vətənimdir. Mən burada böyümüşəm, yaşayıram. Ona görə də jurnalist
kimi informasiya əldə edib, onu bütün dünyaya yaymalı və ölkəmi
informasiya blokadasından qurtarmalıyam.
- Səhv etmirəmsə, Ermənistandan qovulan azərbaycanlıları yalnız Siz çəkmisiniz. Bu təsadüf nəticəsində alınmışdı?
– Redaksiyaya zəng
edib bildirmişdilər ki, Ermənistandan qovulan ilk azərbaycanlılar artıq
dəmiryol vağzalına gəliblər. Bakıdan gedən ermənilər də vağzalda idilər.
Orada hətta qarşıdurma da olmuşdu. Amma mən vağzala çatanda artıq
sakitçilik idi. Vağzal rəisi bildirdi ki, qaçqınların Bakıya
buraxılmaması haqqında göstəriş var. Ona görə də içində qaçqınlar olan
vaqonlar Qazaxda saxlanılıb. O vaxt nəqliyyatın fəaliyyətində müəyyən
fasilələr olduğundan, Qazaxa yola düşmək üçün nəqliyyat ayırmaq
məqsədilə AzərTAc-ın rəhbərliyinə müraciət etdim. Bildirildi ki, cavan
adamsınız, özünüz birtəhər ora gedə bilərsiniz. Buna görə də öz şəxsi
maşınımda Qazaxa yollandım. Orada rayon prokuroru bildirdi ki, burada
maraqlı heç nə yoxdur, amma Zəngilana Ermənistandan qovulanlar gəliblər.
Bu dəfə artıq Zəngilana yollandım. Zəngilan rayon komitəsindən məni
Ermənistanın Qafan rayonu ilə həmsərhəd olan Otuzuncu kilometr yaşayış
məntəqəsinə apardılar. Yaşayış məntəqəsində məktəb, uşaq baxçası, evlər
qaçqınlarla dolu idi. Bəzi qaçqın ailələri hətta küçədə yaşamağa məcbur
olmuşdular. Çox ağır durumda idilər.
- Hansı fotoreportajınız Sizə daha çox təsir edib?
– 1990-cı il 20 yanvar hadisələrilə
bağlı çəkdiklərim. Həmin fotolar bütün dünyanı dolaşıb. Sonradan bildim
ki, bu şəkilləri çəkəndə həyatımı nə dərəcədə böyük riskə məruz
qoymuşam. Ətrafda gülələlər atılır, mən isə heç əyilmirdim də.
Düşünürdüm ki, mən terrorçu deyiləm, əlimdə silah da yoxdur, üstəlik də
vəzifəsini icra edən jurnalistəm. Bütün bu faciələri bir neçə kamera ilə
çəkirdim – həm ağ-qara, həm rəngli, həm də slaydla. Çünki onda artıq
bəzi xarici agentliklərlə əlaqə yarada bilmişdik. Onlar şəkilləri
slaydda almaq istəyirdilər. Bir cavan oğlan xəbər verdi ki, Salyan
kazarmasının alaqapısının yaxınlığında “KamAZ” yük maşını ilə bir
nəfərin üstündən keçiblər. Həmin şəxslə ora yollandım və başladım
çəkilişə. Yaxınlıqda isə bir neçə sovet əsgəri və zabiti var idi. Bir
neçə gündən sonra APN agentliyindən olan bir həmkarım yaxınlaşıb
bildirdi ki, sən mənə borclusan. Məlum oldu ki, mən foto-şəkillər çəkən
zaman bir mayor avtomatı əlinə götürüb və məni nişana alıb. Bu zaman
həmin həmkarım onun yanına qaçaraq, mənim SİTA-nın əməkdaşı olduğumu
bildirib və yalnız bundan sonra zabit avtomatı aşağı salıb. Ümumiyyətlə,
həmin günlərdə küçələrdə, morqda fotolar çəkmişdim. Dəfn mərasimindən
çəkdiyim və bütün dünyada məşhur olan foto-şəklim böyük əziyyət bahasına
başa gəlib. “Azərbaycan” mehmanxanasının eyvanından bu fotonu çəkməyə
razılığı çox çətinliklə almışdım. Lakin təəssüf ki, bu gün həmin
fotoların altında müəllif kimi adım yazılmır.
- Sevimli foto-şəkliniz varmı?
- Birmənalı olaraq hansı foto-şəklin
mənim ən sevdiyim olduğunu demək çətindir. Amma bir foto-şəkil də var ki
mənim üçün çox əzizdir. 1999-cu ildə ABŞ səfirliyində Heydər Əliyevlə
çəkdirdiyim foto-şəkil. Həmin gün səfirlikdəki tədbirin rəsmi hissəsi
başa çatandan sonra Heydər Əliyev ətrafdakılarla söhbət edirdi. Birdən
gözü mənə sataşdı və yanına çağırdı: “Xayrulin, bura gəl”. Məni ABŞ
səfirinə təqdim edib dedi: “Bu adam 1990-cı ildə Moskvadan Bakıya
gələndə, məni qarşılayanlardan biri idi”. Dövlət xadimi və siyasət adamı
kimi onun zəkasına, yaddaşına heyran idim.
Gündüz Nəsibov, 1905.az
Oxşar yazılar
1. Ufuk Kamal: “Bu taktika bizim üçün keçərli deyil” 2. Əhməd Qəşəmoğlu: “Mənim nəzəriyyəmi Kemp-Devid sövdələşməsinə bənzətdilər” 3. Fikrət Əzimov: “Saytlarımıza hücumlar Ermənistanda mövcud olan texniki imkanlar sayəsində baş vermir” 4. Kamil Səlimov: “Xocalı hadisələrində bilavasitə məsuliyyət daşıyan və əməllərində terrorçuluq olan 27 cinayətkar var” 5. Emin Müsəvi: “Televiziya ilə vidalaşmamışam” 6. Cavid Cabbaroğlu: “Biz xaricdə tanınan və böyük nüfuza malik ciddi media orqanlarımızın sayını artırmalıyıq.”
Комментарии
Отправить комментарий