AÇIQ SEPARATİZMİN MƏXFİ TƏRƏFLƏRİ

Analiz
print

AÇIQ SEPARATİZMİN MƏXFİ TƏRƏFLƏRİ



2010-12-24 - 18:06:00


1957-ci ildə Tərtərdə doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bərdədə komsomol orqanlarında çalışıb. SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Minsk Ali Kursunda təhsil alıb. Dövlət Təhlükəsizlik Komitəsi (Milli Təhlükəsizlik Nazirliyi) sistemində xidmət edib. Polkovnik-leytenant, Qarabağ müharibəsi veteranıdır. DTK-nın (MTN) Gəncə Şəhər Şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, Şəmkir və Göyçay bölmələrinin rəisi, Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi olub. 
  
 
İlham İSMAYIL 
Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri
Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında separatçılıq, etnik ekstremizm ölkəni təhdid edən təhlükələrdən biri kimi göstərilib. Dağlıq Qarabağda yaşayan ermənilərin separatçılıq fəaliyyəti və onun nəticələrinin necə bir fəlakət yaratdığı hamıya məlumdur. Ölkədə digər separatçı meyllərin də zaman-zaman baş qaldırması təhlükəsizliyimizi təhdid edən ciddi bir proses kimi dəyərləndirilməlidir.
Azərbaycanda separat meyllərdən bəhs etməzdən öncə ümumiyyətlə separatizm haqqında, onun mahiyyəti və dünyadakı mövcud separatçılıq hərəkatı barədə qısa bilgi verməklə məsələnin aktuallığını diqqətinizə çatdırmağa çalışacam.
Separatizm latın sözüdür, ayrı, ayrılıqda, xüsusiləşmiş mənasını verib dövlətdən ayrılma, başqa bir dövlət qurma və ya dövlətin tərkibində muxtariyyət əldə etmək fəaliyyəti kimi dərk olunur.
Tədqiqatçılar müasir dünyada 50 əsas separatizm ocağı olduğunu, 220 milyon əhalini və 12,7 milyon kvadratkilometr ərazini əhatə etdiyini bildirirlər. Coğrafi tipinə görə Qərbi Avropaya 8, Şərqi Avropaya 12, Asiyaya 14, Afrikaya 6, Amerikaya 4, islam tipinə görə isə 6 mərkəz düşür. Bunlardan 20-si silahlı qarşıdurma xarakteri daşıyır. Separatizm əsasən etnik mənsubiyyətdən qaynaqlanan bir hal olmaqla həm də etnik-dini zəmində özünü göstərir.
Dünyada 180-dən çox dövlət var, onlardan yalnız 20-si etnik-monoton ölkədir, yəni başqa millətlərin sayı bu ölkələrdə 5%-dən aşağıdır. Dövlətlərin 40 faizində isə ən azı 5 azsaylı xalq yaşayır. Nəzərə alsaq ki, planetdə 8 min xalq yaşayır və nəzəri baxımdan onların hər biri müstəqilliyinə can ata bilər, onda dünyanın böyük qisminin millətlərarası savaş meydanına çevrilməsini təsəvvür etmək çətin olmaz. Hətta sakit Qərbi Avropada belə separatizmin dərin kökləri mövcuddur. Böyük Britaniyada irlandlar və şotlandlar, İspaniyada basklar Fransada korsikalılar və başqalarının separatçı mübarizəsi 10 illərdir davam edir.
SSRİ və Yuqoslaviyanın dağılması nəticəsində etnik konfliktlərin yeni dalğası başlandı və bu gün də o ərazilərdə münaqişələrin bir qismi öz gərginliyini saxlayır.
Etnik konfliktlər törətdiyi nəticələrə görə çox təhlükəlidir və bu yalnız qarşıduran tərəflər üçün deyil, bütün dünya üzrə təhlükəyə çevrilə bilər. Yadımıza salaq ki, Birinci Dünya müharibəsi də serblərlə Avstriya-Macarıstan arasında olan etnik konfliktdən başladı.
Ötən məqaləmizdə qeyd etmişdik ki, terror kimi etnik konfliktlərin də yaranmasını dəqiq təyin edən formul yoxdur. Hər bir konfliktin öz unikallığı var.
Dağlıq Qarabağ konflikti öz yerində. Azərbaycanın ərazi bütövlüyünü, unitar dövlət quruluşunu təhdid edən separatçı meyllər ölkənin cənub-şərqində və şimalında da mövcuddur. Azərbaycan çoxmillətli ölkədir və əsrlərdir ki, burada müxtəlif millətlər aparıcı etnos olan Azərbaycan türkləri ilə dinc yanaşı yaşayıblar. Hər millət öz dilini, mədəniyyətini heç bir basqı olmadan bu günədək inkişaf etdirir.
Təəssüf ki, xarici amillərin təsiri altında bəzi Azərbaycan vətəndaşları öz etnik iddialarını ölkənin ərazi bütövlüyünün pozulması həddinə qədər çatdırıblar. “Sadval” ləzgi cəmiyyətinin, “Talış-Muğan Muxtar Respublikası” adı altında fəaliyyət göstərən təşkilatların ölkənin ərazi bütövlüyünü təhdid edən addımları yaxın tariximizdə baş verib. Azərbaycan dövlətinin qəti tədbirləri bu separatçı təşkilatların fəaliyyətini heçə endirsə də, problem tam aradan qalxmayıb. Çünki bu meyllərdən faydalanan xarici dövlətlər onlardan Azərbaycana təzyiq kimi istifadə etmək siyasətlərindən əl çəkməyiblər, əksinə, öz ölkələrinin ərazisində onlar üçün hər cür şərait yaradıblar. Konkret olaraq Rusiya ərazisində talış, ləzgi, avar millətindən olan bəzi şəxslərin separatçı meyllərini istiqamətləndirmək, bir mərkəzdə cəmləmək, təşkilatlandırmaq kimi xətt özünü açıq və gizli formada göstərir. “Talish.info”, “Antituran.info” kimi rus saytlarının məhz Azərbaycanı hədəfə aldıqları oradakı yazılardan bəlli olur.
Azərbaycanda yaşayan millətlərin nümayəndələri xaricdə diaspor təşkilatları, mərkəzləri yarada, mədəniyyət, dil, tarix haqqında qanunlar çərçivəsində təbliğat apara bilərlər və burada heç bir qısqanclıq yoxdur. Amma bu mərkəzlər, diasporlar fəaliyyətlərini anti-Azərbaycan əsasında həyata keçirəndə, təbii ki, dövlətin təpkisi sərt olmalıdır. Çünki söhbət dövlətin ərazi bütövlüyünə, unitarlığına qarşı yönəlmiş fəaliyyətdən gedir.
Bir sıra faktları nəzərinizə çatdırmaqla məsələnin sadə olmadığına diqqət çəkmək istəyirəm. “Antituran.info” saytında Ləzgi İbrahim adlı müəllif Azərbaycanı kiçik xalqlar üçün krematoriya adlandırır və bu ölkəni yer özündən silməyi təklif edir. Məqaləsini “Qardaşlar, ruhdan düşməyin, düşmənə qarşı bir yerdə mübarizə edək” kimi çağırışlarla bitirir. Həqiqi imzalarını gizlədərək hər cür təhqir, böhtanla yanaşı “Azərbaycan mövcud olmaq istəyirsə, federallaşmalıdır” kimi təhdid dolu təkliflər, şüarlar irəli sürürlər.
Azərbaycan türkü ilə ləzgilərin mehriban yaşamasını istəməyənlərin iradları da gülünc təsir bağışlayır. Məsələn, ləzgi toylarında türk musiqisinin səslənməsini də ləzgilərin hüquqlarının pozulması kimi dəyərləndirən müəllif (Ləzgi Allan) Azərbaycanda yaşayan ləzgilərin 90 faizinin özünü Azərbaycansız təsəvvür etməməsindən təəssüflənir, onların şimal ləzgilərinə, “Ləzgistan”a, “ləzgi bayrağı”na rişxənd etdiklərini, Qarabağda vuruşduqlarından qürurla danışdıqlarını heç cür sinirə bilmir və onların arasında təbliğat işini gücləndirməyi zəruri hesab edir.
Bu saytda, həm də “Talish.info” saytında Azərbaycanda yaşayan talışlarla bağlı dərc olunan materiallar isə daha aqressiv xarakter daşıyır.
Hər kəs mənsub olduğu millətin mədəniyyətini, tarixini, dilini bilmək, öyrənmək işində azaddır və bu onun əsas hüquqlarından biridir, o cümlədən talışların da. Ancaq bu işin altında Azərbaycanın ərazi bütövlüyünü hədəfə almaq, sərhədləri dəyişdirmək, dövlət muxtariyyəti əldə etmək kimi məkrli planlar olanda ona qarşı mütləq sərt münasibət göstəriləcək və göstərilməlidir də.
“Talish.info” saytı artıq cənub-şərq bölgəsindəki yer adlarını dəyişdirib. Lənkəranı Lankon, Astaranı Ostoro, Leriki Liik kimi yazırlar. Yunsur Şeyxməhəmmədzodo, Allahverdi Bayrami, Xani imzaları ilə yazan müəlliflər Azərbaycanın dövlət qurumlarını, təşkilatlarını, Azərbaycan türklərini faşist adlandırmaqdan, təhqir etməkdən çəkinmirlər. Düşündürücüdür, nədən Rusiyada bu tip insanların təşkilatlanmış formada fəaliyyətinə hər cür şərait yaradılır?
Rusiya mədəniyyət naziri Aleksandr Avdeyev “Talış diasporunun” prezidenti İsmayıl Şabanovu Nazirlər Kabinetində - Ağ evdə qəbul edir. İlk baxışda normal təsir bağışlamalı olan bu görüşün bəzi detallari onun adi gorüş olmadığına, məkrli xarakter daşıdığına şübhə yeri qoymur. Avdeyev Sankt-Peterburqda fəaliyyət göstərən bu diasporun Moskvada da mərkəz yaratmasını məqsədəuyğun hesab edir. Rus nazir “Azərbaycan Respublikasının talış rayonlarında yaşayan rusiyalıların (?) talışlarla birgə hərəkət etməsinin (?) vacibliyini vurğulayır”.
Sual olunur: nədə birgə hərəkət göstərməlidir rusiyalılarla talışlar?! Rusiyalı deyəndə kimlər nəzərdə tutulur? Rusiya nazirinin bu cür sözləri açıq separatizmə dolayışı dəstəkdən xəbər vermirmi? Əlbəttə, mədəniyyət naziri bu işdə bir vasitəçi rolundadır. Azərbaycana təzyiq siyasətinin tərkib hissəsi olan bu planlar başqa kabinetlərdə hazırlanır.
Başqa bir məsələyə diqqət edək. Bizlərə “yaxşı” tanış olan Ələkrəm Hümbətov jurnalist Yana Amelinaya müsahibə verib. Hərçənd müsahibəni oxuyandan sonra fikirləşirsən bu sualları verən jurnalistdir, yoxsa separatizmi açıq dəstəkləyən və az qala instruktor rolunu oynayan xüsusi xidmət orqanı işçisi? Sonuncu status Yana Amelinaya daha çox uyğun gəlir. Müsahibədə jurnalistin yönləndirici suallarına Ələkrəm Hümbətovun cavablarından:
- Biz talışlar ermənilərlə qardaşıq, erməniləri Lənkərandan gül-çiçəklə yola saldıq;
- Talış dövlətinin yaranmasını istəyirik və muxtariyyət əldə olunması gündəlikdədir;
- “Talış-Muğan Muxtar Respublikası”nın hüquqi prezidentiyəm, amma mənim varisim də olmalıdır;
- Əvvəllər Azərbaycanın bütövlüyünü istəyirdim, indi başqa cür düşünürəm.
Jurnalistin bir sualını xüsusi olaraq oxucuların diqqətinə çatdırmaq istəyirəm:
- Talışların öz məqsədlərinə çatması üçün terrorizm yoluna baş vura biləcəyi mümkündürmü?
Ələkrəm Hümbətov: - Mümkündür. Mənə bu barədə (yəni terror törətməkdə) çox təzyiq edirlər. Hələ ki, mən qoymuram, amma sabah başqa cür də ola bilər.
Bu, jurnalist-siyasətçi dialoqu yox, instruktor-terrorçu arasında olan söhbətə daha çox oxşayır.
Demokratiyadan uzaq bir ölkənin bizə yaxşı tanış olan, Azərbaycan ərazisində talış dövləti qurmaq üçün çalışan Fəxrəddin Aboszodoya siyasi sığınacaq verməsi hər iki tərəfin Azərbaycana olan münasibətlərinin göstəricisidir. 2010-cu ilin may ayında “Talış dirçəliş hərəkatı”nı yaratdığını elan edib və strateji hədəflərinin Azərbaycanın tərkibində talış muxtariyyəti yaratmaq oduğunu bildirən Fəxrəddin Aboszodo müsahibəsində “Rusiya bizə yaxındır və bizim mübarizəni dəstəkləməli, kömək etməlidir” deməklə tərəflərin niyyətlərini açıq söyləyir.
“Cənubi Osetiya Rusiya üçün nə dərəcədə vacibdirsə, “Talış-Muğan Muxtar Respublikası” da İran İslam Respublikası üçün o əhəmiyyəti daşıyır”. Bu fikir bölgənin vəziyyətini analiz edən erməni politoloq A.Abramyana məxsusdur və şərhə xüsusi ehtiyac yoxdur. Ümumiyyətlə, erməni analitiklər bu saytlarda fəal təhrikçi mövqeləri ilə seçilirlər.
Talış, ləzgi dilində kitab, qəzet çap etmək normal bir məsələdir və qanunlar çərçivəsində buna heç kim etiraz etmir. Amma çap məhsulları birbaşa Azərbaycan dövlətinin əsaslarını sarsıtmağa yönələndə qadağalar olacaq və bu qadağalar kiminsə hüquqlarının pozulması kimi dəyərləndirilə bilməz. İranın “İmdad İmam Xomeyni” komitəsinin talış dilində hazırladığı dini və tədris xarakterli kitablarda olduğu kimi. Bu kitablarda Azərbaycanın cənub-şərq bölgəsinin İran dövlətinə birləşməsi ideyalarının yer alması həmin kitabların əsl məqsədinin din və talış dilində yazılar yaymaq olmadığını göstərir.
Ərdəbil ərazisində 2001-ci ildən fəaliyyət göstərən radio əsasən talış dilində verilişləri efirə yayır və təxribatçı, pozucu ideyalarla talışları Azərbaycan Respublikasına qarşı qoymağa çalışır. İranın xüsusi xidmət orqanları Ərdəbil ərazisində Azərbaycandan getmiş bəzi gənclərdən ibarət hərbiləşmiş kiçik dəstələr hazırlayıb Azərbaycana yola salır. Dəstənin üzvlərinə tapşırıq budur ki, sakit həyat tərzi keçirib diqqət çəkməsinlər, vacib məqamı gözləsinlər, ta talış fəalların “siyasi qanadı” milli məsələni qızışdırana kimi. Azərbaycanın cənubunda fəaliyyət göstərən “İmami” dini icması isə tez-tez İrandan, xüsusilə Gilan ostanından nüfuzlu dini liderləri dəvət edir, talışlar arasında din pərdəsi altında milliyyətçiliyi təbliğ edirlər.
İran ləzgi, avar cəmiyyətləri ilə də əlaqə yaratmağa can atır. Tehran Universitetinin “Qafqaz tədqiqatları institutu”nun mütəxəssisləri tez-tez Azərbaycanda və Dağıstanda ləzgilərin, avarların kompakt yaşadığı yerlərə səfərlər edib vəziyyəti öyrənir, dövlətin lazımi qurumlarına analitik hesabatlar təqdim edirlər. İranlı mütəxəssislərlə gorüşlərdə ləzgi, avar fəallar İran ucun informasiya mənbəyi olduqlarının hələ fərqində deyillər.
Demokratiya dəyərlərindən uzaq olkələrin hər hansı bir millətin, o cümlədən talış, ləzgi, avarların “hüquqlarını müdafiə etməsini” səmimi qəbul etmək mümkün deyil. Bu, separatçılığı yaratmaq və idarə etməklə Azərbaycana təzyiq göstərmək siyasətidir. Bu, bir siyasət torudur ki, ora düşənlər səhv etdiklərinin fərqinə varanda qurbanlıq olduqlarını dərk edəcəklər. Zərərin yarısından dönmək də kardır.
Azərbaycanın təhlükəsizliyini təhdid edən separatçı fəaliyyətin qarşısını almaq ölkənin xüsusi xidmət orqanının - MTN-in əsas vəzifələrindən biridir. Nazirliyin bu istiqamətdə fəaliyyəti Azərbaycanın sərhədləri çərçivəsində məhdudlaşmamaldır. Xaricdə mədəniyyət və diaspor adı altında yaradılmış bəzi mərkəzlərin ölkənin ərazi bütövlüyünə qarşı fəaliyyəti əməliyyat, diplomatik və digər vasitələrlə zamanında neytrallaşdırılmalıdır.
Azərbaycanda millətlərarası gərginlik yaratmaq cəhdlərinə ölkənin milli təhlukəsizlik naziri general-leytenant Eldar Mahmudov da bir müsahibəsində toxunub. “Zerkalo” qəzetində dərc edilən müsahibədə rusiyalı politoloq Markelovun “Qarabağ problemindən başqa Rusiya Azərbaycana təzyiq üçün müəyyən rıçaqlara malik olub və bundan sonra da olacaq” bəyanatını xatırladan və “milli zəmində separatçılığı qızışdırmağa yönələn planlı ideoloji fəaliyyət” barədə sual verən jurnalistə nazir belə cavab verib: “Müəyyən vaxtlarda ortaya çıxan separatçı şüarlar bu etnik icmaların əhval-ruhiyyəsini əks etdirmir və dar qrupların məqsədlərinə xidmət edir. Təəssüf ki, millətlərarası gərginliyə nail olmaq və separatçı əhval-ruhiyyəni qızışdırmaq istəyən bəzi xarici və ya daxili qüvvələr həmişə tapılır. Ancaq kimdən gəlir-gəlsin, bu səylər əbəsdir və tarixi perspektivdən məhrumdur. Çünki Azərbaycandakı xalqların və etnosların taleyi Allah tərəfindən əbədi olaraq birləşdirilib”.

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами