Putini şoka salan “Kürdüstan planı”

Putini şoka salan “Kürdüstan planı”: Rusiya tələyə düşüb
15 İyul 2017 12:01
    Gündəm
Putini şoka salan “Kürdüstan planı”: Rusiya tələyə düşüb













Fərrux Məmmədov: “Moskva Suriyada nüvə mərkəzi yaratmaq istəyir” ABŞ Silahl Qüvvələri İŞİD yaraqlılarının müqavimətini tam qıraraq Raqqa şəhərinə daxil olub. Amerikanı anti-terror koalisiyasında təmsil edən xüsusi təyinatlı hərbçilərin komandanı Rayan Dillonun verdiyi məlumata görə, kürd silahlıları bu əməliyyatda Birləşmiş Ştatların əsgərlərinə kömək edib. Xatırladaq ki, Suriyanın Raqqa şəhəri 2013-cü ildən etibarən İŞİD-in işğalı altında idi. BMT-nin hesabatına görə, şəhərdə 100 min nəfərdən artıq insanın həyatı silahlı toqquşmalar zamanı təhlükə altına düşüb.
Raqqanın İŞİD-dən azad olunmasına baxmayaraq, ABŞ PYD/YPG terror təşkilatı ilə əməkdaşlığı davam etdirir. Bu da Türkiyə-ABŞ münasibətlərinin getdikcə gərginləşməsi ilə müşayət olunur. Hələ əməliyyat başlamazdan öncə ABŞ-ın müdafiə naziri Ceyms Mətts türk həmkarı Fikri Işıkla görüşündə Raqqa əməliyyatı başa çatdıqdan sonra kürd yaraqlılarına verilən ağır və müasir silahların geri alınacağını vəd etmişdi. Razılaşmaya əsasən, həmçinin PYD/YPG-yə verilən silahların adı, sayı və istifadə olunduğu ərazilər barədə də Ankara məlumatlandırılmalıdır.
Artıq Raqqa əməliyyatı başa çatıb. İŞİD-in əsas mərkəzlərindən biri sayılan Mosul da azad edildikdən sonra terror qruplaşmasında pərakəndəlik yaranıb. Birləşmiş Ştatlar yəqin ki, bundan sonra Suriya ərazisində PYD/YPG ilə işbirliyini davam etdirib-etdirməyəcəyinə aydınlıq gətirməlidir. Üstəlik, Vaşinqton PYD/YPG-nin əlində olan silahların yeri və sayı barədə Türkiyəni məlumatlandırmalıdır. Əks təqdirdə, kürd terrorçuların əlində külli miqdarda ağır texnika və müasir silahlar qala bilər. Məğlubiyyət ərəfəsində olan İŞİD-ə qarşı əməliyyat başa çatdıqdan sonra həmin silahların Türkiyəyə tərəf yönələcəyi şübhə doğurmur. Ona görə də siyasi ekspertlər Türkiyə-ABŞ strateji tərfdaşlığının pozulmaq təhlükəsi ilə üzləşdiyini proqnozlaşdırır. ABŞ-ın bölgədə artan geosiyasi təsirinin qarşısını almağa çalışan Rusiya isə Yaxın Şərqdəki mövqelərini möhkəmlətmək üçün ciddi planlar üzərində düşünür.

“ABŞ silahları geri almayacaq”
Məsələ ilə bağlı mövqeyini “Cümhuriyət” qəzetinə açıqlayan NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədovun fikrincə, son illər baş verən proseslər həm ABŞ-ın, həm də Avropa Birliyinin Türkiyə ilə müttəfiqliyə sadiq olmadığını təsdiq edib: “Bunun obyektiv və subyektiv səbəbləri var. Ərdoğan hökuməti ilə razılaşmaların əldə edilməməsi və digər məsələlər Türkiyə dövlətçiliyinin mövcudluğu üçün təhdid yaradan proseslərə yol açdı. Biz bunun PYD-nin silahlandırılmasında “İncirlik” hərbi hava bazasındakı koalisiya qüvvələrinin iştirakı zamanı şahidi olduq. Bütün bunlara baxmayaraq, Türkiyə regionda güc sahibidir. Lakin Amerika, müttəfiqlər bölgədə hərbi balansı qorumaq üçün PYD-ni silahlandırdı. PYD-dəki bütün silahların inventarı Türkiyədə var. Lakin Birləşmiş Ştatlar həmin silahları geri almayacaq. Ola bilər ki, medianın və ya ictimaiyyətin diqqətini cəlb etmək üçün müəyyən qismini geri qaytarsın. Amma ümumilikdə verilən silahlıar, hərbi texnika, xüsusi qurğular PKK-ya və Məsud Bərzaninin tabeliyində olan peşmərgələrə ötürülə bilər. ABŞ bu oyunu yalnız Türkiyəyə qarşı deyil, həm də İraq hökumətinə qarşı da qurub. 
Çünki İraqın hazırkı hökuməti Amerikanın siyasi planlarına qarşı çıxır. Ona görə də Mosulun və Raqqanın azad edilməsində Amerika birbaşa iştirak edir. Bu, daha çox Bərzaniyə dəstək məqsədi daşıyır. Doğrudur, Bərzaninin enerji maraqlarına görə, Türkiyə ilə münasibətləri yaxşıdır. Lakin İŞİD-in tezliklə məhv ediləcəyi də real görünmür. Çünki Rusiya yeni manevr siyasətinə keçib. Hamburqda Rusiya və ABŞ prezidentlərinin görüşündən sonra Vladimir Putin öz strateji xəttində dəyişiklik etməyə məcbur oldu. Hələ mediaya açıqlanmayan bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Prezident Tramp Putinə bildirib ki, biz İraq və Suriya ərazisində dövlət deyil, kürdlərə muxtariyyət verə və kürd zonası yarada bilərik. Bundan sonra Rusiya prezidenti vəziyyətin nə qədər ciddi olduğunu anlayıb. Ona görə ki, kürd birliyinin yaranması Bəşər Əsədin hakimiyyətdən getməsi deməkdir. Bundan sonra kürd təşkilatları Əsədin nəzarətində olan ərazilərdə möhkəmlənmə siyasəti aparacaq. Putin bu təhlükənin qarşısını almaq üçün hazırda Federal Təhlükəsizlik Xidməti ilə məsləhətləşmələr aparır. Hətta Putinin Suriyada nüvə mərkəzi tikmək ideyası var. Həmin layihənin birinci mərhələdə Atom Elektrik Stansiyasının inşası adı altında həyata keçirilməsi nəzərdə tutulub”. 
“Rusiya da tələyə düşdüyünü anladı”
Ekspert bildirib ki, ağır müharibələr nəticəsində Suriyanın 64 milyard dollarlıq dövlət büdcəsi 20 milyarda düşüb: “Rusiya isə belə strateji proseslərlə bu fərqi aradan qaldırmaq istəyir. Rusiyanın orada mövcud olması “Hizbullah”, “HƏMAS” kimi təşkilatların fəaliyyətdə qalması deməkdir. Bu da İranın maraqlarına cavab verir. Bu prosesi diqqətlə izləyən ABŞ isə Türkiyə ilə müttəfiqliyi qoruyub saxlamağa çalışsa, daha yaxşı olar. Amerika unutmamalıdır ki, Rusiyanın Yaxın Şərqdə möhkəmlənməsi yalnız Türkiyəyə qarşı deyil, eyni zamanda Birləşmiş Ştatlara qarşı yönəlib. Çünki ABŞ-ın sərhədləri artıq Yaxın Şərqdədir. “İncirlik” hərbi bazası Amerikanın ərazisi deməkdir. Vaşinqton bu məsələlərdə sərt addımlar atmamalı, olduqca ölçülüb-biçilmiş siyasət yürütməlidir. Çox təəssüf ki, Almaniya ilə münasibətlərdə baş verən hadisələr Türkiyənin yalnız buraxılmasına gətirib çıxartdı. Hesab edirəm ki, İraqda və Suriyada gedən proseslər yeni kürd dövlətinin yaradılması ilə bağlıdır. Rusiya da tələyə düşdüyünü anladı. Moskva həmin ərazilərdə mövcudluğunu qoruyub saxlamaq üçün mübarizəni davam etdirəcək. Raqqanın bu günlərdə İŞİD-dən azad edilməsi təsadüfi deyil. Amerika bununla Rusiya,Türkiyə, İran və Əsəd rejiminə mesaj verir ki, biz artıq kürd dövlətini yarada bilərik. Ən azı kürd vilayətinin yaradılmasına başlanılıb. Raqqa və Mosul da onun bir hissəsidir”. 
Fərrux Məmmədov onu da bildirib ki, ABŞ və Qərb ölkələri Yaxın Şərqdə güc balansını təmin etmək üçün müstəqil kürd dövlətinin yaradılması planını davam etdirəcək. Bu da öz növbəsində, Türkiyə ilə münasibətlərdə ziddiyyətləri artıra bilər. Bu plan ABŞ-ın maraqlarına uyğun gəlsə də Türkiyənin milli təhlükəsizliyi üçün ciddi problem yaradır. Ona görə də ekspert təklif edir ki, ABŞ, Türkiyə və Almaniya arasında qarşılıqlı sammit keçirilməli və adıçəkilən dövlətlər ortaq məxrəcə gəlməlidir. Belə bir görüşün baş tutması həm regiondakı münaqişələrin həllinə, həm də dünyadakı iqtisadi proseslərə müsbət təsir göstərə bilər. Əgər ABŞ, Türkiyə və Almaniya Yaxın Şərq məsələsi ilə bağlı anlaşmaya nail ola bilməsə, regionda böyük fəlakətə səbəb olacaq yeni parçalanmaya səbəb olar. Qeyd edək ki, İŞİD-in məhv edilməsindən sonra Yaxın Şərqdə hadisələrin inkişafı ilə bağlı siyasi müşahidəçilər iki ehtimal üzərində dayanır. Birincisi, İŞİD-ın varlığına tamamilə son qoyulacağı, İraq və Suriya ərazisində isə müstəqil kürd dövlətinin yaradılacağı ilə bağlıdır. Digər qrup ekspertlər hesab edirlər ki, İŞİD-in məğlub olması hələ bölgədə terrorizmin yox olması anlamına gəlmir. Yəni, İŞİD-i başqa terror qrupları əvəz edə bilər.
“İŞİD-in məhvinə qərar verilib”
NATO Əməkdaşlıq İnstitutunun rəhbərinin fikrincə, terror qruplaşmaları hələ bir müddət də fəaliyyətini davam etdirəcək: “Onlar müəyyən siyasi maraqlar üçün qorunub saxlanılacaq. Ancaq kiçik qruplar şəklində məhdud ərazilərdə qalacaq. Qətərin əslində qurban verilməsi həmin terror təşkilatlarının ləğvinə gətirib çıxaran bir prosesdir. İstəyirlər ki, terroru maliyyələşdirmək məsuliyyətini hansısa dövlətin üzərinə yükləsinlər. Bu yük də Qətərin üzərinə düşdü. Bu o deməkdir ki, İŞİD-in məhvinə qərar verilib. Lakin kürd dövlətinin qurulması da o qədər asan proses deyil. Ümumiyyətlə, siyasi proseslər biri digərini əvəz edərkən illərlə çəkir. Orada başqa bir dövlətin yaradılması üçün coğrafi ərazi amili əsas deyil. 
Önəmli olan həmin siyasi ərazinin müəyyən olunmasıdır. Bu baxımdan, kürd dövlətinin yaradılması qaçılmaz görünür. Çünki siyasi ərazi artıq hazırlanıb. İŞİD-in tam məhvi reallaşmasa da sıradan çıxarılmasının şahidi olacağıq. Terrorçular “Əl-Qaida” kimi xırda qruplar şəklində fəaliyyətini davam etdirə bilər. Lakin Rusiyanın Suriyada qalmaq istəməsi ən azı kürd vilayətinin yaradılmasına gətirib çıxaracaq ki, onların da əsgərləri PYD, YPG və peşmərgələr olacaq”.   Cebhe.info

Комментарии

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Наставление по охране государственной границы (пограничный наряд)

Глава вторая Основы охраны государственной границы пограничными нарядами