Mən hakim deyiləm, oğraşam, oğraş...
Mən hakim deyiləm, oğraşam, oğraş, oğraaaaşşş….
Tapşırıq və rüşvətlə qərar qəbul edən hakimlərə, haram yeyən bütün insanlara həsr olunur.
Ömrü boyu bizə bir tikə də olsa haram yedirtməyən mərhum atam Cəlal müəllimin və anam Gülüsüm xanımın əziz xatirəsinə ithaf edirəm.
“Mən qızımı arxadan bərk-bərk qucaqladım. O tamam lüt idi. Qollarım arasında çırpınır, xilas olmağa çalışırdı. Mən isə onu yatağına tərəf sürüyürdüm. Tək bir alt paltarındaydım…Arxadan səs eşitdim, dönəndə, qəzəbdən gözləri həlqəsindən çıxmış arvadımın mənə hücum etdiyini gördüm.“Bir bu qalmışdı” – deyə, üstümə atıldı. Mənim bir qızım, bir də oğlum var idi….”
Onunla dəniz kənarındakı parkda tanış olduq. Gecə yarıdan keçmişdi. Dincimi almaq üçün taxta oturacaqlardan birinə yaxınlaşdım. O artıq orada oturmuşdu.
Hiss etdim ki, çox gərgindir. Gözləri yol çəkirdi. Heç mənim yaxınlaşdığımı, onunla yanaşı oturduğumu da, deyəsən, hiss etmədi. Gözləri bir nöqtəyə dirənib durmuşdu.
Sakitcə oturdum. Çalışdım ki, narahat olmasın, xəyallarından diksinib ayılmasın. Qeyri-ixtiyari olaraq, altdan-altdan onu süzdüm. İçində kiminləsə danışırmış kimi ara-bir başını aşağı-yuxarı yelləyir, sağa-sola tərpədərək, kiməsə etiraz edirdi. Üzündən iztirab yağırdı. Daxilən narahat olduğu sifətindən oxunurdu.
Deyəsən, ona baxan olduğunu hiss edib diksinərək ayıldı birdən, xəyallarından qopdu. Dərhal da sifətindəki cizgilər dəyişdi. Dərin bir ah çəkdi, sinə dolusu nəfəs aldı. Əvvəlki vəziyyətindən ayrıldığı üçün sanki sevinirdi.
O, dünyamıza dönmüşdü, xəyallar aləmindən ayrılmışdı. Alnının tərini sildi, sağ əli ilə, alnından başlayaraq sifətini yaxşı-yaxşı ovuşdurdu. Dərin bir ah çəkdi. Bu soyuq havada onu tərlədən fikirlər görəsən nə ilə bağlıdır? Ağlıma gələn ilk fikir bu oldu.
Yəqin siz də rast gəlmisiniz : birinə telefon açmaq istəyirsən və ya haqqında düşünürsən, bir də görürsən o sənə zəng etdi, ya da qarşına çıxdı. Yaxud da, kiminsə sənə baxdığını hiss edir, dönəndə, həqiqətən də, sənə zillənən baxışları görürsən, ya da sən özün “ifşa olunursan”.
Görünür, bizim adi gözlə görə bilmədiyimiz əlaqə vasitələri, təsir imkanları var. İnsan hələ də özünü tam kəşf etməyib, öyrənməyib. Özünü tam öyrənməyən insan nələr kəşf etməyib bu günə kimi ? Görün, özünü hərtərəfli öyrənsə nələr edər!..
Kiminsə ona baxdığını hiss etmişdi. Bulvarda ikimiz qalmışdıq. İnsanlar qumsal torpağa səpilən su kimi çəkilib getmişdilər.
Az öncə sifətində gördüyüm iztirab, əzab nigarançılıq əlamətləri mənə də sirayət etmişdi. Narahat oldum.
Getmək, ondan, qəm adasına çevrilmiş bu oturacaqdan bir anlığa uzaqlaşmaq üçün ayağa qalxdım.
Gözlərini qaldırıb mənə baxdı : “getməyin , xahiş edirəm, qardaş, məni burada tək qoymayın, xahiş edirəm, vəkil bəy,”–dedi.
Sanki mənə yalvarırdı. İstəyini yerinə yetirməsəm, ağlaya bilərdi. Mənə belə gəldi.
– Siz məni tanımırsız, ancaq mən sizi yaxşı tanıyıram. Xahiş edirəm, getməyin, tələsməyin, oturun bir az. Mən hakiməm. Ancaq nədənsə indiyədək mənim proseslərimdə vəkillik etməmisiniz. Üz-üzə gəlməmişik. Allah yəqin məsləhət bilib ki, burada görüşək, o xarabada yox….
– Allahın bura nə dəxli var, hakim qardaş. Bir də ki biz niyə üz-üzə gəlməliyik, yan-yana yox? Vəkilin üz-üzə gəlməli olduğu tərəf var, hörmətli hakim.
– Var,var. Allahın bura çox dəxli var. Görünür, Allahın yazığı gəlib mənə. Ona görə sizinlə məni məhkəmə zalında yox, parkda, dəniz qırağında görüşdürüb.
– Heç nə anlamadım, möhtərəm hakim. Bağışlayın, adınızı da bilmirəm. Bir də ki çox qəribədir: hakimlər Allaha inanır məgər?
– Sizi başa düşdüm. Yaxşı başa düşdüm. Tam haqlısınız. Bizim üçün Allah olmayıb. Mən onu bu gün tapdım,-deyə, başını aşağı-yuxarı yelləməyə başladı. Susdu. Bir anlığa gözləri yenə də yol çəkdi. Baxışları bir nöqtəyə dirəndi. Birdən cəld başını qaldırıb: – Adımı da bilməsəz yaxşıdır, elə dediyiniz kimi, “hakim” deyin. Biz, onsuz da hamımız klonlaşdırılmış adamlarıq, hakimləri deyirəm. Bir-birimizdən heç bir fərqimiz yoxdur. Ona görə də, ada ehtiyac yoxdur. Quşlar kimi, canavar, leş eşəndi, nədi, o “kaftar” deyirlər, onlar kimi. Milyonlarla quş var. Hamısına quş deyilir. Canavar, kaftar da elə. İnsanlara ad qoyma prosesi səhvdir. Məncə, ad Dədə-Qorquddakı kimi qoyulmalıdır: doğulan kimi yox, əməlinə görə.
Maraqlı adam idi, diqqətlə qulaq asdığımı görüb:
– Sizə və mövqeyinizə yaxşı bələdəm. Siz, onsuz da, biz hakimlərə eyni bir prizmadan baxırsınız, hamımızı da elə “hakim” kimi tanıyırsınız, leş eşənlərin hamısını “kaftar” adlandırdığınız kimi.
– Allah eləməsin, siz nə danışırsınız ? Nə kaftar, nə canavar, nə quş, siz özünüz haqda niyə belə düşünürsünüz ?
– Tək siz vəkillər yox, elə bütün hamı, məhkəməyə işi düşən hər bir adam bizi öz adımızla yox, “möhtərəm hakim” kimi tanıyır. Yaxın qohumlar, dostlar da elə. “Möhtərəm” haaa…., ələ salmaq üçün ele bil tapıblar bu sözü: “Möh-təə-rəəm.” – uzada-uzada, heca-heca dedi.
Məni maraq bürümüşdü. İçi dolu idi bu adamın. Qara bulud kimi dolmuşdu deyəsən, boşalmağa fürsət axtarırdı.
– Onu da bilirəm ki, bizə nifrət edirsiz. Hörmətiniz yoxdur hakimlərə- deyə, gözlərini gözlərimə zillədi.
– Allah eləməsin, siz nə danışırsınız ? Tanımadığım adama niyə nifrət etməliyəm ki? Sevməyə, hörmət etməyə əsas olduğu kimi, nifrət etməyə də əsas olmalıdır. Siz məni, deyəsən, yaxşı tanımırsınız- dedim.
Gözlərini məndən çəkdi. Dirsəklərini dizlərinə dayadı. Yumaq kimi bükülmək istəyirdi sanki. Çiyinlərini qısdı və:
– Gecənin bu vaxtında, dəniz və ulduzlar şahiddir ki, səmimi danışmırsınız. Dedim axı, siz bizi, hamımızı “hakim” kimi tanıyırsınız. Şəxsən tanımamağınızın fərqi yoxdur. Nə fərqi var ki ? Canavarın yırtıcı olmasını bilmək üçün məgər bütün canavarların səni parçalaması lazımdır ? – deyə, yarı bükülmüş vəziyyətdə, başını mənə döndərib altdan yuxarı baxdı.
– Canavar məsələsində haqlısınız. Heç mənim özümü parçalamağına ehtiyac da yoxdur. Aqillər demişkən, başqalarının başına gələnlərdən nəticə çıxartmaq da kifayətdir. Ancaq, məncə, misal yerinə düşmür, -dedim.
– Düşür, düşür, elə düşür. Lap yerinə düşür. İndi bildinizmi mən hakim işləyirəm? Bildiniz. Yəni o canavarlardan, o kaftarlardan və ya yırtıcı quşlardan olduğumu bildiniz. Deməli, bu andan etibarən mənə də nifrət edirsiniz. Nəinki sevmək, hörmət etmək… – Yenə də başını dizləri arasına salladı. Sonra da astadan: – İmkan düşsə əlinizə, hələ pislik də edərsiniz, it kimi gəbərdərsiniz bizi — deyə, əlavə etdi.
– Siz nə danışırsınız ? Hakimlərin arasında mənim yaxın dostlarım, tələbə yoldaşlarım, keçmiş vəkil həmkarlarım, hələ qohumlarım da var. Niyə onlara, belə deyək də, ən azı özümünkülərə nifrət etməliyəm?
-Hörmətli vəkil, səmimi olun, heç olmasa, siz səmimi olun! Xahiş edirəm, sizə belə heç yaraşmır. Axı mən sizi az da olsa, qiyabi olsa da, tanıyıram, fəaliyyətinizi izləyirəm, siyasi mövqeyinizə də bələdəm. Demək olar ki, adınız keçən bütün məqalə və müsahibələri oxuyur, teleçıxışlarınızı izləyirəm. Xüsusilə də, “möhtərəm” haqqında olan çıxışlarınızı işdən sonra, internetdən tapıb təklikdə çox baxmışam.
– Çox sağ olun.
– Yox, dəyməz, mən bunu “sağ ol” üçün demirəm. Sizə yarınmaq, yaltaqlanmaq ehtiyacım da yoxdur. Mən bunun planını çoxdan doldurmuşam.
Bir anlığa fasilə verib:
– Yaltaqlıq qanımıza elə yeridilib ki, bütün vəzifəli şəxslərin bu dövrdə bildiyi ən kamil elm yaltaqlıqdır. Bəli, elm. Yaltaqlıq çox vacib elm imiş. Hakimliyin mənə öyrətdiyi həyat dərslərindən biri də budur. Fikrim dağıldı deyəsən. Sadəcə, demək istəyirəm ki, səmimi olun, ən azı indi, burda, gecənin bu vaxtında. Mənim indi səmimi bir adama çox, həm də lap çox ehtiyacım var. Bəlkə də, sizi Allah göndərib ki məhz burada, bu məqamda, bu halımda sizinlə danışım, söhbətləşim, dərdimi deyim, içimdəki çirkabı töküm, etiraflarımı edim ki, bəlkə bir az yüngülləşim. Deyirlər, xristianlıqda günahkar adamlar kilsəyə gedib oradakı bir keşiş vasitəsi ilə günahlardan təmizlənə bilirlər. Siz də hesab edin ki, mən o günahkar bəndə, siz də keşişsiz. İnciməyin sözlərimdən, xahiş edirəm, mənimlə səmimi, açıq olun.
– Düzdür, xristianlarda elə bir şey var. Ancaq iki yaradılandan biri o birinin, iki günahkar bəndədən birinin digərinin, günahkarın günahlarını bağışlaması, sizcə, mümkündürmü ? Haqq sahibi yalnız özü bağışlaya bilər. O da Allahdır. Yaradanın əvəzindən bağışlamaq ona şəriklikdir. Bu isə çox böyük günahdır. Mən heç keşiş olmaq istəməzdim.
– Xristianlıqda həqiqətən belədir. Keşiş pərdə arxasında dayanıb öz günahlarını etiraf edən adamı dinləyir və onu günahlardan təmizləyir. Kinolarında görməmisiniz?
– Görmüşəm, siz düz deyirsiniz. Mən, sadəcə, demək istəyirəm ki, bu hərəkət düzgün deyil və islam dininə ziddir. Sizcə, insanın düzəltdiyi komputerlərdən biri xarab olsa, o biri komputerlər onu düzəldə bilərmi, təmir edə bilərlərmi ? Əslində , xristianlıqla islamın fundamental fərqlərindən biri də elə budur. Onlarda Allahla bəndə arasında vasitəci- keşiş var. İslamda isə bəndə birbaşa Allahla təmasa girir, ona dualar edir, birbaşa Tanrının özündən istəyir arzuladıqlarını, diləyini, bağışlanmasını, tövbələrinin qəbulunu.
– Başa düşmədim, bu necə olur ki, insan Allahdan bir başa necə istəyə bilər ki?
– Siz namaz qılmırsınız ?
– Dərdimi təzələmə, yoldaş vəkil, nə namaz, mənim yurdumu elə namaz dağıtmadımi?
– Əstağfurulla, belə danışmayın. Məmləkətin hakimi dərdlidirsə, gör kasıblar, işsizlər, arxasızlar, zəiflər, xəstələr, şikəstlər, aşağılar nə gündədir, hakim qardaş? – deyə, gülümsəyərək ona baxdım.
– Xoş onların halına. Vallah, onlar məndən, elə hakimlərin, vəzifədə olanların hamısından min dəfə xoşbəxtdirlər. Cəlil Məmmədquluzadə necə deyirdi: “Ən böyük dərd qanmaq dərdidir”. Qanmaq, həqiqətən də, çox böyük dərd imiş, yoldaş vəkil.
– Demək istəyirsiz ki, aşağıdakılar qanmırlar?
– Vəkilliyin yadına düşməsin. “Sən” deməyimdən də incimə, sən Allah, sən də mənə “sən” de. Belə daha rahat olaram. Biz indi məhkəmədə deyilik ki, məndən söz tutursan. Dərdim mənə artıqlaması ilə bəs edir indi. Qanmağına hamı qanır, niyə qanmaz olurlar ki. Ancaq biz qandığımızı onların qanmamağı da təbiidir. İnsan görmədiyi, bilmədiyi şeyi necə qana bilər ki?…
– Elə çox vaxt da səhvimiz bunda olur. Qanmaq, başa düşmək, dərk etmək üçün mütləq gözlə görməyə, şəxsən o hadisələri yaşamağa ehtiyac yoxdur axı. Allahı gözlə görmürük deyə, onu yox hesab edə bilərikmi ? Yaxud da ayağı sınmış adamın acı çəkməsini dərk etmək üçün mütləq ayağımız sınmalı deyil ki ?
– Qardaş, bunlar hamısı aydındır. Bunları mən də bilirəm. Ancaq …..-duruxdu, pauza verdi, hiss etdim ki, daxili tərəddüd keçirir, deyəcəklərini götür-qoy edir – gəl açıq danışaq, səmimi olaq. Səncə, bir fəhlə, hakimin qanunsuz, yəni tapşırıqla qərar qəbul etməsinin sirrini dərk edə bilərmi? O başa düşə bilərmi ki, hansı metodlarla hakimlər qanunsuz qərarlar qəbul etməyə məcbur edilirlər? Hə, başa düşə bilərmi? Hakimin öz mənliyini itirməsinin əsl səbəblərini anlaya bilərmi?
Sualı verib, özü də cavabını izah etməyə başladı:
– Heç vaxt, qətiyyən! Hakim olmayan, o prosesləri yaşamayan adam bunu başa düşə bilməz, qana bilməz, dərk edə bilməz.
– Sən demək istəyirsən ki, bu dekabr ayında, yanımızdakı bu dəniz suyunun soyuq olmasını bilmək üçün ora baş vurmalıyıq? Fəhləsi də, kəndlisi də, vəzifəli-vəzifəsizi də bilir ki, qışda su soyuq olur, donur.
– Mən başqa şeydən danışıram, sən başqa şeydən. O adamların, səncə, neçəsi soyuma, donma prosesinin elmi izahını bilər? Soyuq olduğunu bilər, ancaq niyə soyuq olduğunu neçəsi qanar? Bunun üçün savadı olmalıdır, fizikanı, kimyanı bilməlidir.
– Başa düşmədim, qanunsuz qərar qəbul etməyə məcbur etmənin və ya qanunsuz hökm çıxarmanın da elmi var? Tərəflər, onsuz da elmsiz-zadsız sənin qərarının qanuni olub-olmamasını dərhal bilirlər. Buna nə elm?
– Çox-çox üzr istəyirəm, mən söz güləşdirməyin tərəfdarı deyiləm və səndən də xahiş edirəm burada vəkillik-hakimlik etməyək. Məni anlamağa çalışın.
Dayandı. Danışmadı. Gözləri yenə də dirəndi. Haralarasa getdi. Cismi oturacaqda, mənim yanımda olsa da, ruhu uzaqlarda idi. Hərdən dodaqları tərpənir, ancaq səs çıxmırdı. İçi ilə danışırdı.
Hiss edirdim ki, daxili doludur. Hansı dərdsə onu dilləndirir. Həm də yaxasından tutub əl çəkmir deyə, tez-tez dalğınlaşır, fikrə gedir, gözləri yol çəkir.
İndi də mən keçmişəm əlinə, məndə də öz həmdərdini görür. “Həmdərd” sözü əslində yerinə düşmür. Bu söz “eyni dərdli” mənasındadır. Həmhal, həmxasiyyət, həmyerli və s. kimi. O əslində mənim simamda “keşiş” tapmışdı. Dərdini deməyə adam axtarırmış. Hətta məqsədinə çatdığı üçün gözləri yol çəkəndə simasında sevinc də hiss olunurdu. Rahatlamışdı sanki.
Danışdıqca da, uzun müddət su üzünə həsrət qalmaqdan yarpaqları saralan, dibinə yenicə su tökülmüş gül kimi açırdı, canlanırdı, dirilirdi.
Ancaq gec idi. Mən evə getməliydim. Evdəkilər mən getməyincə yatmayıb məni gözləyəcəkdilər. Belə vərdiş ediblər. Nə həyat yoldaşım, nə də nəvələrim mənsiz çörək yeməz, yatağa uzanmazdılar.
Onun özünə gəlməsini gözləyirdim ki, fürsət olan kimi ayağa qalxım, xudahafizləşim onunla. O isə “o dünyadan” qayıdan kimi danışmağa başladı. Fasilə vermədən, mənə qalxmaq üçün şans tanımadan danışırdı.
Mən ayağa qalxdım. O isə danışırdı: məhkəmələrdəki vəziyyətdən, vəkillərin dəllallığından, ölkədəki siyasi bataqlıq və özbaşınalıqdan, ictimai əxlaqın pozulmasından, Şərqin özünü itirməsindən, Qərbin Şərqə xəyanət və tələlərindən və s. Bir sözlə, hər şeydən danışırdı. Sanki, məqsədi sadəcə danışmaqdır. Nə olur olsun, təki danışsın. Başa düşürdüm ki, danışmaq, onun özünün özünə diri olduğunu sübut etmə vasitəsidir. O, yaşadığına özünü də inandırmaq üçün danışırdı. Reallıqda isə, mənə elə gəlirdi ki, o çoxdan ölüb, səs çıxardan isə ruhsuz bir bədəndir.
Saat artıq ikini keçmişdi. Elə bu vaxt cib telefonuma zəng gəldi. Xanımım narahat idi. Niyə gecikdiyimi, harada olduğumu, kiminlə və niyə olduğumu soruşurdu. Səsində bir qədər də təlaş var idi. Yaşadığımız bu 35 illik ailə həyatında başımıza çox işlər gəlmişdi. Narahat olmaqda haqlı idi.
“Gəlirəm bir azdan, parkda bir keçmiş tanışımla rastlaşdım, ona görə belə gec qaldım. Adını sən bilmirsən. Evə gələndə ətraflı danışaram. Məni gözləməyin, yatın siz. Məndən narahat olma” – deyə, həyatımın bu əzabkeş, cəfakeş dostunu sakitləşdirməyə çalışdım. O isə: “Sən nə danışırsan, uşaqlarına bələd deyilsən, axşam yeməyini də yemədilər ki, atamız gəlsin sonra. Nəvələrin hərəsi bir tərəfdə acqarnına uzanıb yuxuya gediblər. Qurban olaram sənə, narahatam, tez gəl.”- dedi və mən telefonu söndürənə qədər xətdə qaldı. Həmişə belə edər, mən söndürməyincə telefonun dəstəyini qulağından çəkməz. Vərdiş edib. Deyir: “ birdən nə isə deyərsən, eşitmərəm, günaha bataram”. “Görəsən, dünyanın bütün qadınları ərlərinə qarşı belə qayğıkeş və diqqətlidir, yoxsa, Allah beləsini tək mənə verib?” – düşünərək, həmsöhbətimə döndüm.
O isə:
- – Bu sözün məni lap dəli etdi. Qurban olum, qardaşımsan, getməyin. Nə olar zəng edin bacıya, deyin ki, gec gələcəksiniz. Xahiş edirəm. Mənim sizə ehtiyacım var. Bir insan yardımına – Allah bəndəsinə möhtacam mən. Nə olar, xahiş edirəm, – deyə, ağıllı-başlı yalvarırdı.
Bu yalvarışlarla da gözlərini gözlərimə dirəyib, sol əlini mənim sağ dizimə qoyub cavab gözləyirdi. Gözləri mənə: “nə durmusan, götür telefonu, zəng elə, getmə evə, qal. Heç olmasa, sən bu gecə ürəyimin dərdlərinə şərik ol, onu çatlamağa qoyma,” – deyirdi.
Baxışları ürəyimi ağrıtdı. İnsan əzabının gözlərə necə təsir etdiyini ilk dəfə görürdüm. Onun iztirabı mənə də sirayət etdi. Evə zəng etdim. Dedim ki, çox gec gələcəyəm, bəlkə, heç səhərə qədər də gəlmədim, məndən narahat olmasınlar, əmin yerdəyəm. Rahat olsunlar. Bir təhər razı sala bildim.
Telefonu söndürəndə: “nə xoşbəxt adamsan,”- deyə, bu dərdsiz görünən dərdli hakimin çox dərindən ah çəkdiyini hiss etdim. Sanki, həyatda istədiyi ən böyük arzusuna çatıb rahatlamışdı.
- -Çox sağ olun. Məni bağışlayın ki, sizi də narahat etdim. Mənə görə ailənizi də intizarda qoydunuz,- deyə, özü də bilmədən “siz”ə keçdi.
Bir qədər sonra:
- – Sən xoşbəxt adamsan. Səni gözləyən var. Səni sayan var,- dedi.
Elə bil öz-özünə danışırdı. Güclə eşidirdim onu. Bir az da mənə təsir etdi bu sözləri. Sanki mənə həsəd aparır, paxıllığımı çəkirdi. Niyə? Anlamadım. Ailə bir-biri ilə maraqlanmayacaqsa, bir-birindən nigaran qalmayacaqsa, nə ailədir? Bəs necə olmalıdır?
- – Sənə həqiqətən ehtiyacım var,- o davam etdi. Əslində, şəxsən sənə yox, bir adama, bir Allah bəndəsinə ehtiyacım var. Görünür ki, Allah da səni məsləhət görüb. Bu gün mən dərdimi, başıma gələnləri kiməsə danışmasam, bölüşməsəm, inanın ki, ürəyim partlayar, dəli olaram, başıma hava gələr. Kim bilir, bəlkə heç dəli olmağa, havalanmağa da vaxtım, imkanım olmadı.
Son sözləri məni üşəndirdi.
- -“Sevinc paylaşanda çoxalır, dərd paylaşanda azalır” deyirlər. Narahat olmayın, mən sizi dinləməyə hazıram, buyurun, eşidirəm sizi, əlimdən nə gəlir, kömək etməyə hazıram sizə,-dedim.
- -“Siz” yox, xahiş edirəm. “Sən” deyin ki, danışa bilim. Bir də ki, mənimki köməkdən keçib artıq. Sadəcə eşidilməyə, dinlənilməyə, başa düşülməyə ehtiyacım var, qardaş!
Yenə də gözləri dirəndi. Baxışlarında məna itdi. Sanki göz bəbəklərinin yerində bir boşluq-çala var idi, dibsiz bir quyu….
Sonra asta səslə davam etdi:
- Ziyalı ailəsində böyümüşəm. Atam da, anam da ali savadlı idilər. Sovetlərin vaxtında bölgəmizin sayılan, seçilən ailələrindən olmuşuq. Atam 30-50-ci illərin həqiqi kommunistlərindən idi. Rəhbər işlərdə olmuşdu.
Qeyri-ixtiyari olaraq ürəyimdən keçdi: “yəqin o dövrün fəal üzəduranlarından olub, neçə-neçə ziyalının güllələnməsində iştirak edib”. Axı o vaxt kommunist olmaq, “ziyalı” olmaq və vəzifədə olmaq elə bu demək idi. Partiyanın siyasətinə xidmət etmək, qulluq etmək. Partiyanın da siyasəti repressiya idi. Qırmızı terror. Bu isə çoxlu yalançı şahidlər, üzəduranlar tələb edirdi. Bəlkə də, zənnə qapılıram, Allah günahımdan keçsin.
Mən daxilimdə danışırdım. Yaxşı ki, o məni eşitmirdi. O isə davam edirdi:
- – Məktəbdə də, məhəlləmizdə də tay-tuşlarımdan seçilirdim. Yaxşı oxuyurdum. Atam deyirdi ki, mədəni adam rus dilini bilməlidir. O vaxt belə idi. Rus dilini ana dilimdən yaxşı öyrəndim. Böyük arzularla yaşayırdım. Hind kinolarında olan hakimlərə oxşamağa çalışırdım. Bəzən həmyaşıdlarımın arasında olan mübahisələrdə “hakimlik” edirdim.
- -Niyə hind kinolarındakı vəkillərə yox, hakimlərə oxşamaq istəyirdiniz?-deyə, soruşdum.
–O vaxt mənə elə gəlirdi ki, məhkəmədə hamı, vəkil də hakimə tabedir. Bir də ki, son qərarı hakim verəndə ona zillənən gözləri görüb, ona edilən alqışları eşidib özümü hakimin yerində hiss edirdim. Fərəhlənirdim. Daxilən qürrələnirdim və mənə elə gəlirdi ki, belə hallarda mən ucalıram, ayağım yerdən üzülür, yuxarı qalxıram, hamı aşağıdan yuxarı mənə baxır. Mən həqiqətən ədalət ilahəsi Femida olmaq istəyirdim. Fe-mi-da, — bir qədər pauza verdi, daxilində nə isə dedi və davam etdi: – o vaxt mən bu Femidanın nə iş gördüyünü, o kürsüyə gedən yolda nələr çəkdiyini, o kürsüyə oturduqdan sonra isə necə ələ salındığını və təhqir edildiyini bilmirdim. Bu arzu ilə universitetin hüquq fakültəsinə sənədlərimi verəndə göyün yeddinci qatında uçurdum. Qəbul olacağıma şübhəm yox idi. Orta məktəbi əla oxumuşdum Atamın: “rahat get, hər şey danışılıb, sən tələbə olacaqsan” sözlərini əvvəl başa düşməmişdim. Hər şeyi sonra anladım. 70-ci illərdə hüquq, tarix, tibb və şərqşünaslıq fakültəsinə pulsuz, rüşvətsiz, yaxud da adamsız girmək mümkün deyildi.
- – Bilirəm, mən də ziyanını az çəkməmişəm, orta məktəbi bitirdikdən 6 il sonra girə bildim hüquq fakültəsinə, – deyə, ona dəstək verdim.
- – Sən demə, atam əvvəlcədən kimlərisə görübmüş. Bunu bilənədək mən sovet cəmiyyətində rüşvət olduğunu eşitməmişdim. Bunu biləndən sonra isə orta məktəbdə bəzi şagird və müəllimlərin mənə qəribə nəzərlərlə, bəzən ikrahla baxdıqlarının səbəbini dərk etməyə başladım. Ancaq mən böyük ideallarla yaşayırdım. Təmizlik, düzlük, insanlara kömək etmək, ədalətli olmaq. Eh, daha nələr, nələr.. Universiteti bitirəndən sonra polisdə, prokurorluqda, MTN-də işlədim. Tələbə vaxtı mənə korluq vermədi. Atamı deyirəm. Nə vaxt nə qədər pul lazım olurdusa, göndərirdi. Bir az içəndə də ürəyi yumşalır, tələbə dostlarıma da pul paylayırdı. Mən heç vaxt düşünməmişdim ki, atam nə qədər əmək haqqı alır, bu qədər pulu haradan qazanır? Hər belə qonaqlıqdan sonra dostlarım seyrəlir, bəzilərinin isə mənə nifrət etdiyini hiss edirdim. Səbəbini çox sonralar başa düşdüm. O vaxt 50-60 tələbənin içində 5-6 kasıb uşaq olurdu. Sən demə, bu da Moskvaya hesabat vermək üçün imiş, xarici dövlətlərə “nümunə göstərmək” üçün imiş, yəni görürsüz, bizdə ayrı seçkilik yoxdur, kasıblar da hüquq fakültəsində oxuya bilirlər. O yazıq 5-6 nəfər tələbə isə oxuduqları 5 il müddətində eksponata dönürdülər. Hər komissiyaya onlar təqdim edilir, hər toplantıya, konfransa, olimpiadalara onlar göndərilirdilər. Əslində, bu həm də onlara xeyirli idi. Daim öz üstlərində işləməyə məcbur olur, savadlarını artırırdılar. Mən isə həqiqətən özüm oxuyurdum… Səncə bizdən başqa hansısa millətin dilində belə sözlər varmı: “özüm oxumuşam”, “özün girdin universitetə?”, “dərsə getməməyin xərci nə qədərdir?”, “imtahan neçəyədir?” və s.— deyə, mənə tərəf döndü.
- -Yəqin heç bir millətin, – dedim.
- -Qəribə xalqıq. Bu əxlaq, xüsusilə, XX əsrin 70-80-ci illərində oturuşdu bu məmləkətdə.
- -Niyə, məgər keçən əsrin 40-50-60-cı illərində rüşvət yox idi sovetlərdə? Atandan soruşmamışdın heç?
- -Soruşmamışdım. Ancaq dəqiq bilirəm ki, 1970-ci ilədək rüşvət və oğurluq indiki səviyyədə olmayıb. Ola bilsin, o vaxt da mənimsəmə, oğurluq, rüşvət və s. hallar olub. Sən də bilirsən ki, belə şeylərə görə həmin dövrdə ağır cəzalar verilirdi. Çox vaxt da ya güllə, ya “Sibirə sürgün”.. Ən azı “cinayətə görə cəza” qaçılmaz idi deyə, adamlar, heç olmasa, qorxularından qanunu pozmamağa çalışırdılar. Bu köpəkoğlu Stalin nə qədər diktator, nə qədər qaniçən olsa da, özü təmiz adam olub, kasıbın, yoxsulun tərəfində olub, yoxsulluq və oğurluqla barışmaz mübarizə aparıb. O vaxt adamlar həqiqətən bərabər idilər.
Onlar it kimi qorxurdular, biz də it kimi yaşayırdıq.
Özümü saxlaya bilmədim:
- – Bunları haradan bilirsən belə, Stalinin yanında olubsan? Onunla bir evdə yaşamısan yoxsa? Kommunist ideologiyasının nağılları idi bütün bunlar. Milyonlarla insan Stalinin vaxtında ya güllələnmiş, ya da sürgün edilmişdilər. Təsəvvür edirsiniz? 50-60 milyondan söhbət gedir. Aralarında da xeyli ziyalı olub. Daha doğrusu, onun güllələtdirdiyi adamların arasında nə qədər ziyalı olub? Şəxsən bizim millətin sonrakı problemlərinin əsası elə o 30-40-cı illərdə qoyulub. Azad düşüncə sahibi olan, söz deməyi bacaran, yüksək savada malik olan bütün başbilənlərimiz məhv edilib. Bu idi ədalət? Yerdə nə qalıb: savadsızlar, qorxaqlar, tülkülər, işverənlər, üzəduranlar, yaltaqlar. Kommunist Partiyasına, Leninə, Stalinə mədhiyyə deyənlər iş başına keçib. İndi də onların tör-töküntüləridir respublikanı pis günə qoyanlar. Mən səni başa düşdüm. Keçmişlə üz-üzə gəlmək, hesablaşmaq asan deyil. Səni təhqir etmək fikrində də deyiləm. Qətiyyən. Ancaq, ingilislər demiş, faktlar amansız olur. Reallığın üzünə dik baxmağı bacarmalıyıq. Yaxınımız, dostumuz, qohum-qardaşımız olsa da, oğruya oğru deməyi öyrənməliyik. Səncə, o vaxt Hüseyn Cavid, Mikyıl Müşfiq, Əhməd Cavad və yüzlərlə başqa ziyalılarımız məhv edilməsəydi, bu günədək ədəbiyyat və tarix dərsliklırində bizə böyük dramaturq, şair, nasir, dövlət xadimi kimi təqdim edilənlər olardımı? Belələri və onlardan törəyənlər meydan sulaya bilərdilərmi? Sevgili Pyğəmbərimiz (s.a.s) İslam dinini qəbul etmədən ölən yaxın qohumlarının cəhənnəmə getdiklərini deyəndə, onların kafir kimi öldüyünü iddia edəndə qohumları ondan incimirdilərmi? Onun (s.a.s) qohumluq hissləri yox idimi? Bəla burasındadır ki, bizim camaat çox vaxt ondan-bundan eşitdiyi, məkrli, çirkin siyasi niyyətlərlə dövriyyəyə buraxılan sözləri tutuquşu kimi təkrar etməyin günah olduğunu bilmir. Bir də baxırsan, teleekrandan birisi, ağzı köpüklənə-köpüklənə deyir: “Elçibəy Kamaz sürücüsünü icra başcısı qoymuşdu”. Yaxud da, sən demə, AXC-nin hakimiyyəti dövründə heç kim arvadı ilə küçədə gəzə bilmirmiş və ya cəbhəçilər dükanları talayırmışlar. Beləsindən soruşanda ki, “o kamaz sürücüsü- icra baçşısı kimdir ?” , “sənin tayfandan neçə qız-gəlin-arvad aparmışdılar və ya sənin hansı dükanından oğurluq etmişdilər?” – gözlərini bərəldib, ağız büzərək : “belə deyirlər, mən özüm görməmişəm”, – cavabını verir. İndi sən də, hakim qardaş, Stalin və o vaxtkı rejim haqqında onların özlərinin uydurduqları əfsanələri oxumusan. Bir hüquqşünas kimi, heç düşünmüsünüzmü, bir ölkədə qısa müddət ərzində milyonlarla kəndli, fəhlə, savadsız adam necə cinayətkar ola bilər? Ən vacibi də, bu savadsız adamlar hansı ağır cinayətləri törətməli idilər ki onları ya güllələsinlər, ya da 20-25 il müddətinə sürgün etsinlər?
- -Bilirsiz, o vaxt dövlət gənc idi, yeni qurulurdu. Səhvlər mümkün idi. Əvəzində dünyaya meydan oxuyan bir dövlət qurulmuşdu. Bütün Avropa və Amerika SSRİ-dən it kimi qorxurdu.
- -Düz deyirsiz, onlar it kimi qorxurdular, biz isə it kimi yaşayırdıq.
- Bir də ki, 1917-ci ildə hakimiyyətə gələnləri, 30-35 il hakimiyyətdə olanları sən necə “gənc” adlandırırsan? Bəs cəmi 11 ay hakimiyyətdə olan Elçibəyin ayağına respublikanın bütün problemlərini yazmağı necə başa düşək?
- -Bu məsələdə mən də səninlə həmfikirəm. Bu, həqiqətən də, haqsızlıqdır,-dedi:
- -Səmimisinizsə, bu haqsızlığa qarşı etiraz etdinizmi? Bir dəfə də olsun mövqeyinizi səsli və ya yazılı ifadə etdinizmi?
- -Əşşi, rəhmətliyin oğlu, mən kiməm ki, etiraz edim. Məni adam sayan var bu ölkədə? Bizim ağzımıza qurut verən kimdir? Mənim sözümlə nəsə düzələcəksə, deyim. Siz 20-25 ildir deyir, yazır, yeri gəldi-gəlmədi, özünüzü təhlükəyə atıb cürbəcür tədbirlər keçirirsiniz, xeyri var? Yox! Olmayacaq da.– dedi və başını yelləyərək əlavə etdi: —- Bu xalqdan heç nə çıxmaz. Bizim millət millət deyil, bir ovuc yaltaq, qorxaq, ikiüzlü, ləyaqətsiz kütlədir, kütlə. Kütlə isə zora tabedir. Bilirsiz də, Hitler bu barədə ne deyib? Bu xalq fahişə kimi zoru sevir, zoru. Sizinsə zorunuz, gücünüz, pulunuz yoxdur. Ailənə, uşağına yazığın gəlsin. Şəxsən mənim sənə və qardaşına hörmətim var. İzləyirəm. Qardaşın indi düz yoldadır. Əşi, nəyinə lazımdır? Qardaş, görürsən ki bu xalq onu minənə, təhqir edib alçaldana, döyənə, əzənə əl çalır. Beləsinə görə əzab çəkməyə dəyərmi?
- -Biri qaldı,- dedim — Deyəsən, bu xalq həm də onun haqqında qanunsuz hökm çıxaran hakimlərə hörmət edir, əl çalır, yol verir, toyda və yasda yuxarı başa keçirir.
- -Bəli, elədir ki var. Bəlkə də sən ironiya ilə deyirsən. Ancaq, həqiqətən də, belədir. Üzr istəyirəm, məsəli bizdən uzaq, sahibi tərəfindən döyülən it sahibinin ayaqlarına başını, üzünü sürtərək yalmandığı kimi, döyülən qəhbə qadın ona işgəncə verən kişiyə daha yaxşı xidmət göstərdiyi kimi, bu millət də belədir: ona daha çox pislik edənə daha çox hörmət edir, şəxsən gözlərimlə görmüşən.
- -Təqribən neçə nəfər beləsini görübsən, cənab hakim, 10 min nəfər olar? – deyə, soruşdum.
- -10 min olmasa da, onlarla beləsini görmüşəm hakimliyim dövründə.
- -1000 nəfər olar?
- -Sənə rəqəm önəmlidir, yoxsa mahiyyət? Bir küp balın şirin, ya acı olmasını bilmək üçün bir barmaq da kifayətdir. Hamısını yeməyə ehtiyac yoxdur ki, qardaş. Reallıqdır da bu. Bizim millət budur. Mən də başa düşürəm: təhqiramizdir, acıdır, alçaldıcıdır, ancaq belədir.
Mən Quranı yox, hər gün hökm oxuyuram
- -Yoldaş hakim, sən özün necə, sən özünü bu millətdən hesab edirsənmi? Dediklərini özünə də, ailənə, qohum-qardaşına da aid edirsənmi?
- -Yəqin zənn edirsən ki, “yox” deyəcəyəm, hə? Əlbəttə, aid edirəm. Burada başqası yoxdur. Ikimizik. Mən etiraf etməyi ayıb bilmirəm. Bəlkə də, 30 il öncə bu suala müsbət cavab verməzdim. Ancaq indi, — duruxdu, daxilində nəsə götür-qoy etdi və əlavə etdi: — Səncə, belə olmayan neçə nəfər olar bu millətdə? – deyə, üzümə baxdı. Məndən cavab gözləyirdi.
- -Millətimizin, Azərbaycan vətəndaşlarının sayı, deyilənlərə inansaq, 10 milyona yaxınlaşır. Deyək ki, bunun 4-5 milyonu da rejimin zülmündən qərib ölkələrə qaçıb. 4-5 milyon da burada zülm çəkir. Sən də onlardan, qoy olsun, 1000 nəfərini belə görmüsən. Bununla hamıya eyni qiyməti vermək olmaz axı.
- Qardaş, minini mən görmüşəm, mənim kimi minə qədər hakim, minlərlə prokuror, rəis, vəzifəli şəxs var. Hərəsi minini görsə, gör neçə eləyir? Üstünə gəl; qəzetlərdə, televiziya ekranlarından səhərdən-axşama kimi məddahlıq edənləri. Həm də bunlar hamısı savadsız, fəhlə-kəndli deyil haa. Aralarında akademiklər, elmlər doktoru, müəllim, həkim, bir sözlə, əksəriyyəti ziyalıdır. Neçə-neçə yazıçı, şair, bəstəkar, rejissor, müğənni bu kütlənin içindədi, gecə-gündüz “möhtərəm”ə tərif deməklə, “ulu öndər” haqqında nağıllar uydurmaqla məşğuldurlar.
- Etiraz etmirəm, düz deyirsiz, qoy olsun hamısı bir yerdə bir milyon, iki milyon, canım, lap olsun, üç-dörd milyon. Beş-on nəfər namuslu insan varmı? Sən şəxsən özünü hansılara aid edirsən?
- Əvvəllər, o beş-on nəfərdən biri olmaq arzusu ilə yaşayırdım. Hakim olanadək. Sonra, — pauza verdi, gözləri bir anlığa yol çəkdi, başını silkələyib ayıldı və davam etdi – qoşuldum namussuzların sırasına. Daha doğrusu, qoşdular, məcbur etdilər bu sürüyə qoşulmağa.
-Bu günədək heç düşünmüsünüzmü ki, nə üçün bu tip adamları məhz hakimlər, prokurorlar, rəislər və bəzi vəzifəli şəxslər görür? Niyə, məsələn, mən görə bilmirəm, mənim niyə qabağıma belələri çıxmır?
– Maraqlı sualdır. -dedi.
Soyuqdan keyimişdim. Ayağa qalxıb qızışmaq üçün əl-qolumu oynatdım, əyilib-qalxdım. Oturub-durdum. Altdan-altdan da onu süzürdüm. Fikrə getdiyini görüb əvvəl narahat etmək istəmədim. Bu adam hələ də onu daxildən incidən əsas məsələdən danışmırdı. Özünə gəldiyini görəndə soruşdum:
-Sən fizikanı, kimyanı orta məktəbdə necə oxumusan?
-Dedim axı, atamın vəzifədə olmasına baxmayaraq, özüm oxumuşam, həm də əlaçı olmuşam. –dediklərinin qəribəliyinə özü də təəccüb etdi. Dodaqlarını bərk-bərk sıxıb, qabağa uzadaraq, başını sağa-sola yellədi, – özüm oxumuşam. -deyə, təkrar etdi — Niyə soruşursan ki ?!
-Bayaq bir küp balla insanları müqayisə etdiniz. Bal məsələsində sizinlə razıyam. Ancaq mayelərlə bərk cisimlərin xassələri eyni ola bilərmi, səncə? Mayelərə aid edilən hər hansı əlamət bərk cisimlərə və ya qazlara da şamil edilə bilərmi? Məncə, müqayisəniz bir qədər uğursuz oldu. Şərtlər səhv olanda, nəticə də səhv olar. Sizin arqument , məncə, düz olmadı.
-Yoldaş vəkil, deyilənə görə, insan fiziki bədəndən və ruhdan ibarətdir. Qorxaqlıq, yaltaqlıq, ikiüzlülük, yalan şahidliyə meyl, tamah və s. bu kimi hallar da fiziki deyil, ruhidir. Ruh isə universal anlayışdır və bütün insanlarda var. Sən bir küp balı bir küp ruh kimi qəbul et, onda görərsən ki, mənim misalım yerindədir,- dedi və təsdiq gözləyən gözlərini mənə dikdi.
-Sən Quranı oxumusanmı? – deyə, ondan soruşdum.
– Qardaş, qoy Quranı bir yana. Quranın, Allahın bu adamların alçaqlıq və ləyaqətsizliyinə nə aidiyyəti var axı?
-Aidiyyata hələ toxunmayaq. Sadəcə olaraq, soruşuram: Qurani Kərimi oxumusanmı?
-Mən ərəbcə bilmirəm.
-Yoldaş, hörmətli, möhtərəm hakim, mən Quranın dilimizə tərcüməsini soruşuram, yəni orada yazılanların mənasından xəbərin varmı?
-Hökm, qətnamə, arayış yazmaqdan oxumağa vaxt olur ki ? Mən Quranı yox, hər gün hökm oxuyuram,- dedi və özü də bu cavabından təəccübləndi sanki. -Quranı oxumamısansa, İncili, Tövratı heç oxumazsan. – Öz-özümə danışırmışam kimi astaca dedim.
-Quranı, ya İncili oxusaydım, nə dəyişəcəkdi ki? Bu adamlar gəlib məhkəmədə yalan şahidlik etməklə mənim qanunsuz hökm çıxartmağıma, lənət sahibi olmağıma səbəb olmayacaqdılar ki?
-Mən başqa şey demək istəyirəm, siz deyəsən, maddənin yeni bir halını: “ruh” halını kəşf etmisiniz.- deyə, gülümsəyərək davam etdim: -Allah Quranda buyurur: “Mən sizi qeyri-bərabər, fərqli yaratdım: sağlam-xəstə, güclü-zəif, varlı-kasıb, uzunboy-qısaboy, ağdərili-qaradərili. Bir-birinizi tanıyasınız, fərqlənəsiniz deyə”. Deməli, ruhlar da fərqli xüsusiyyətlərə malikdir. Bir küpəyə doldura bilsən də, eyni keyfiyyətə düşməzlər. Səncə, belə deyil ?
– Nə çox Allahdan, Qurandan danışırsan? Olmaya sən də namaz qılırsan?
– Bir müsəlmana bu sualı vermək, adama “sən adamsan?” , “sən yemək də yeyirsən?” sualını vermək kimi bir şeydir. Əlbəttə, qılıram.
-Əşşi, qoy görək, vəkil adamsan, ziyalı, müasir adamsan, nə namaz? Zarafat edirsən mənimlə?
– Anlamadım, niyə belə təəccüblənirsən ki? Mən Ərdoğandan, Güldən, Mövlanədən, Füzulidən, nə bilim, Buxaridən və ya Qazi Bürhanəddindən çox ziyalıyam, çox məşğulam məgər? Onların namaz qılması cahilliklərinin əlamətidir, yoxsa….
Sözümü kəsdi :
– Onlar başqa, onların yaşadığı mühit, dövlətlər, cəmiyyətlər, dövrlər fərqlidir axı. Sən XXI əsrin müasir Azərbaycanında yaşayırsan, yoldaş vəkil. Mən, nəsə, sənə yaraşdıra bilmirəm.
- Başa düşmədim, “XXI əsr”, “müasir Azərbaycan” deyəndə nə başa düşülür ki? Allahsızlıq? Dinsizlik? Açıq-saçıq geyinmək? Yoxsa, əxlaqsızlıq, pozğunluq? Nə? Yadınızdadırmı, 1985-1986-cı illərdə İranda zəlzələ olmuşdu. O vaxt SSRİ-dən də yardıma çoxlu həkim , tibb işçiləri getmişdi. O vaxt bilirsinizmi, “İzvestiya” qəzeti nə yazmışdı? Şəxsən özüm oxumuşdum : ”başı çadralı, hicablı İran qadınlarının işlətdikləri tibbi texnikanı SSRİ-dən gedən alim- professorlar işlədə bilmədikləri, başları çıxmadığı üçün sovet tibb heyəti geri döndü”. Həmin o çadralı, hicablı İran bu gün atom texnologiyası ilə uğraşır, Türkiyədə isə hicaba qarşı rəsmi müharibəyə güclə son qoyulub, Azərbaycanda isə hicabla mübarizə təzə qızışır! “Müasirik” deyə, normal seçki keçirə bilmirik, sənin kimi hakimlər də prokurorluğun notariusu kimi, ittihamnamələri təsdiqləyib hökmə çevirməklə məşğuldur. Budur müasirlik? – deyə, soruşdum.
- ABŞ, Avropa namaz qılmır, hicab taxmır. Ona görə bizdən belə geri qalıblar həə? – deyə, ironiya ilə soruşdu və davam etdi: – bütün yeni texnologiyalar qərbdə, o açıq-saçıq geyimli qeyri-müsəlmanlardan gəlir, – dedi. Qalib ədası ilə mənə baxdı. Sanki, “hə, buna nə sözün?”- deyə, meydan oxuyurdu.
- -ABŞ və ya Avropa müsəlman deyil məgər? Sən Quranı bircə dəfə oxu. Onda görərsən ki, bu gün xristianlıq dediyimiz dinin bütün vacib cəhətləri, prinsip və qaydalarını İslam dini qəbul edib və Quranda təsdiqləyib. Adi bir misal deyim. Bu gün bütün xristian aləminin süngü ilə qarşıladığı zinakar qadın və kişinin daş-qalaq edilərək öldürülməsi ayəsi Tövrat və İncildən olduğu kimi qəbul edilib. Bu, ilk dəfə Quranla gəlməyib ki. Eləcə də, rüşvət barədə. Hələ Hz.Musaya verilən “10 Qanun”da zina və rüşvət barədə hökmlər var idi. Deməli, indiki xristian dünyası Quranın bir hissəsini faktik olaraq yaşayırlar. Fərq ondadır ki, onların əksəriyyəti qismən bu qaydalara ciddi əməl edirlər, biz isə, çoxumuz islamdan, deməli, həm də xristianlıqdan çox uzağıq. Düz deyirsiz, bizim kimi natamam müsəlman olmaqdansa, onlar kimi kamil xristian olmaq yaxşıdır.
-Mən səni başqa cür tanıyırdım. Sən lap molla kimi danışırsan.
Gündəlik qazancını düşünən hakim.
Telefon yenə səsləndi, havanın soyuqu ona da təsir etmişdi sanki, titrəyirdi. Dərhal saata baxdım. Saat 04-ü keçmişdi. Telefonu açdım. “Harda qaldın, gəlmirsən, narahatam axı.”- deyə, xanımım məni gözlədiyini bildirdi. Yatmayıb, məni qapıda gözləyəcəyini israr edəndə, mən: “həyatım, gülüm, çiçəyim, sevgili mələyim, sən yat dincəl, məni gözləmə. – dedim və: — məndə açar var, özüm qapını açaram, sən qəti narahat olma.” — əlavə etdim. O isə: “Yox, sən gəlməmiş mən gözümü yummayacayam.” — dedi və narahat səsi ilə: “soyuqdur, özünü qoru.”- deyə, telefonu söndürməyimi gözlədi.
Həmsöhbətimin mənə zillənən qəribə baxışlarını tutdum.
-Niyə elə baxırsan? – deyə, soruşdum.
- Vallah gözlərimə, qulaqlarıma inana bilmirəm. Yəni indiki zəmanədə də belə ailə münasibətləri var? Qadın, əri evə gəlməmiş yatmır, nəvələr, uşaqlar narahat olur. Nə bəxtəvərsən, ay vəkil. Göz dəyməsin. Tfu, tfu… tfu… Bir dəfə də olsun üzümə qapı açan olmayıb. Hakim işləyənə qədər bizdə də vəziyyət sizdəki kimi idi əslində. Allah Türklərin evini yıxsın. Onların məktəbləri, mənim evimi, yurdumu, tufağımı dağıtdı.
- -Türk məktəbləri? Niyə? Məktəb niyə ev dağıdır?- təəccübümü gizlədə bilmədim.
Sol əli ilə sağ biləyimi tutdu. Sıxdı. Başını yuxarı-aşağı yelləyə-yelləyə, sanki daxilində kiminsə dediklərini təsdiqləyirmiş kimi, gözləri yol çəkdi. Sonra asta-asta mənə tərəf döndü.
- -Vaxtım daralır. Zaman bitir. Tezliklə vidalaşmalı olacağıq.— dedi.
Hiss etdim ki, içini deşən, onu qışın bu soyuğunda oturacağa pərçimləyən, ruhunu qıc edən nələrisə danışmaq istəyir. Ona mane olmamaq, danışmağına şərait yaratmaq üçün əlimi çəkmədim, tərpənmədim, gözümü ona zilləyərək, dinləyici duruşunda gözlədim.
O, asta-asta davam etdi:
- Hakim olanadək ailəmi öz qazancım və valideyinlərimdən qalan varidatla dolandırırdım. Evimdə hüzur, sevgi, hörmət var idi o vaxtlar. Bir oğlum, bir də qızım oldu. Uşaqlar böyüdükcə qayğıları da çoxaldı. Hüquqşünaslıq fakültəsini bizim dövrümüzdə qurtaran tələbə yoldaşlarımla görüşüb, get-gəl etdikcə, ailəmdə asta-asta deyingənlik artdı. Mənim özümün də həyata baxışımda dəyişikliklər baş verdi. Məndən savadsız yoldaşların, tanış və dostların məndən yüz qat firavan, bəlkə də, zəngin desəm daha doğru olar, həyat keçirtdiklərini gördüm. Hamısının kənarda saxlaması var idi. Bəzisi, ailəsindən kənarda 2-3 qadın saxlayırdı. Öz köməkçisi, katibəsi, iclas katibi ilə yaşayan kim, öz iş yoldaşlarının arvadı və ya qızı ilə gizlində görüşən kim, məzuniyyətə çıxanda da xarici kurort və sanatoriyalara yad qadınlarla keyfə gedən, öz xanımını isə başqa kurortlara göndərən kim? Elə qadın hakimlər var ki, onların iç üzünü tanısan, əxlaqlarına bələd olsan dəhşətə gələrsən. Beləsinə insan taleyi tapşırmaq özü bir cinayətdir. Bu tip həyat mənim yuxuma da girməzdi. Təbii ki hamısı belə deyildi. Aralarında, çox qazansalar da, ciddi həyat tərzi keçirənlər də var idi. Ancaq beləsi çox az olardı. Qumar, içki məclisləri, keyf ziyafətləri əsas məşğuliyyətləri idi. Hamısı da rüşvətin hesabına. Mən təhtəlşüur olaraq başa düşürdüm ki, təhlükəli və alçaldıcı bir yola qədəm qoymaqdayam. Ancaq məndə qəribə hal baş verirdi. Bunu bilə-bilə, özümü daxilən inandırmağa çalışırdım ki, rüşvət almadan, haram yemədən də hakim işləmək, yaxşı yaşamaq olar. Niyə belə düşünürdüm, indi də anlamış deyiləm.
Mən daxilimdə: “Allahı tanımırsan, Qurandan xəbərin yox, namaz qılmırsan, şeytanın əməlindən hardan xəbərin olsun, ay yazıq”- dedim. O isə dayanmadan, asta-asta, özü ilə danışırmış kimi davam edirdi. Əlini qolumdan çəkib oturacağın arxalığına söykəndi, başını səmaya tərəf qaldırıb dərin nəfəs aldı. Havasızlıqdan əziyyət çəkən xəstə kimi ciyər dolusu havanı içinə çəkdi və dərin bir köks ötürərək dedi:
- Biz, bəlkə də, dünyanın yeganə millətiyik ki, aylıq maaşa işləyən məmur, hakim, prokuror, polis, müstəntiq, həkim, müəllim, baxça işçisi, nazir, elə hamı gündəlik qazancını düşünür. Səhər evindən çıxanda həmin gün nə qədər qazana biləcəyini düşünür və axşam evə qayıdanda da evdəkilərə həmin günün qazancına uyğun sifət göstərir. Dəhşət orasıdır ki, artıq evdəkilər də vərdiş edib, işdən gələn hər bir ailə üzvünü həmin günün qazancına uyğun qarşılayır. Mən bunu anlayan, müşahidə edən gündən düşünürəm: biz niyə beləyik axı? Aylıq maaşa işləyən adam gündəlik necə qazana bilər? Niyə, nə vaxtdan biz belə yaşamağa başlamışıq? Yoldaş vəkil, təsəvvür edirsənmi: hakim evindən səhər-səhər çıxanda, bazarda ticarətlə məşğul olan adam kimi, gündəlik qazanc niyyəti ilə çıxır. Dünyada, inanmıram ki, ikinci belə bir millət olsun.
- Niyə, buna görə narahatsansa, narahat olma, — gülümsəyərək dedim — rüşvəti, korrupsiyanı, oğurluğu biz kəşf etməmişik ki. Bizim bu işdə də qabiliyyətimiz yoxdur, arxayın ol. Bizdən də pis vəziyyətdə olan millətlər var. Rüşvət alan İtaliyada da, Yaponiyada da var. Şeytan tək bizlərlə uğraşmır ki. Korrupsiya hər yerdə var.
- Sən də lap “möhtərəm” kimi danışırsan. – deyə, gülümsədi, barmağı ilə yuxarını göstərdi və dərhal da ətrafına boylandı.
- Dənizə, küləyə, ağaclara və bu dilsiz-ağızsız oturacağa arxayın ola bilərsən, qorxma. — dedim və gülməkdən özümü saxlaya bilmədim.
- Gül, qardaş, gül. Həqiqətən, halımız gülməlidir. Ancaq Şimali Koreyalılara baxanda biz şükürlüyük.
- Onlar da bizim kimi başlamışdılar. əvvəl susdular, sonra tərəfsiz, seyirci qaldılar, ardınca qorxdular və yaltaqlandılar, sonra da təzimlər, əl öpmələr, baş əymələr, göz yaşları, sürəkli alqışlar və bütpərəstlik. Əslində isə, əsl səbəb allahsızlıqdı. Allaha, axirətə inanmamaqdır. İslamı ilk qəbul edən səhabələrin başlarına açılan müsibətlərdən, onlara verilən işgəncələrdən, canlarına, mal-mülklərinə olan hücumlardan, vətənləri Məkkəni məcburən tərk edib ailə- uşaqlarından illərlə ayrı qalmaqlarından, təqib olunmalarından və apardıqları müharibələrdən xəbərin varmı? Səncə, vaxtında bu dirənişi göstərməsəydilər, inanclarında, imanlarında sabitqədəm olmasaydılar, insanlıq düz yolu tapa bilərdimi, tapılan yolda irəliləyə bilərdimi? Ya da, bu günkü kimi, milyard yarım insan bu dinlə, haqq dini ilə bir canda olardımı? Allaha, onun təkliyinə, onun göndərdiklərinə inanmayanların qəlbindəki, şüurundakı boşluqları tiranların, haram və günahların, tamah və qorxunun doldurması olduqca təbiidir. Boşluq mütləq dolmalıdır, ya da dolmaq yalnız boşluqlar mühitində mümkündür. Bu, həyatın, təbiətin və cəmiyyətin dəyişməz qanunudur. Düşmən həmişə sərhəddin zəif yerindən keçər. Allahın olmadığı, daha doğrusu, Allahın tanınmadığı məmləkətlərdə Allahın yerinin boş olduğu qəlblərdəki taxtı diktatorlara olan sevgi və ya qorxu, cinayətkarlar, tamah, hərislik, haram, çirkin və ziyanlı niyyətlər tutar. Təkəbbür, mənəm-mənəmlik o yeri işğal edər.
- Onda bizim işimiz şuluqdur ki. Bizdə Allahın özü yox, quruca adı var. Ya, Allah bizi alaq otu kimi öz bostanından çıxarıb kənara atıb ki, qurudub sonra yandırsan, ya da… – susdu, nəsə düşündü.
- Ya da nə?- deyə, soruşdum.
- Ya da, Allah heç yerli-dibli olmayıb bu ölkədə. Bizi yaddan çıxarıb. Bizi çıxdaş edib, gözdən salıb. Ya daa – “a”-nı xeyli uzatdı. — “O”nun səbri çox diapazonlu və sonsuzdur, yoxsa.. — yenə də susdu.
- Yoxsa nə?- mən cavab gözlədim.
- Sən və təmsil etdiyin tərəf, tənqid etsəz də, bəzi şeyləri bilsəz də, əsl həqiqətləri bilmirsiniz, yuxarılarda nələrin baş verdiyindən, şəxsən məhkəmələrin, hakimlərin necə işlədiklərindən, nə ilə məşğul olduqlarından, dövlətin necə idarə edildiyindən tam xəbərsizsiniz, heç nə bilmirsiniz. — pauza verdi və davam etdi: — Bunun sonu çox pis olacaq, dəhşət olacaq. Sən dediyin Allah həqiqətən varsa, onda bu məmləkətə göydən od yağacaq, daş töküləcək başımıza. Ayaqlarımızın altı od tutub yanacaq.
- -Cəhənnəm əzabının bu dünyadamı verilməsini istəyirsən, yoldaş hakim? Sən lap axirəti təsvir edirsən ki. O vaxt onsuz da bütün bunlar olacaq. Belə çox tələsmə. Qurani-Kərimdə bu barədə də Allah buyurub: “Günahların cəzasının hamısını bu dünayada versəydim, yer üzündə adam qalmazdı”.
- – Bəs niyə vermir, nəyi gözləyir, qardaş? Sənin bu Allahın istəyir ki, təzə doğulan körpələr də qurumsaq, oğraş, xoşqeyrət, fahişə kimi bu dünyaya hazır gəlsinlər? Anasının bətnindən çıxanda, kiməsə vermək üçün, əllərində rüşvətlə çıxsınlar? — Getdikcə səsinin tonunu qaldırdı, sanki üsyana qalxmışdı, Allaha əli yetmədiyindən, intiqamını məndən almaq istəyirmiş kimi məni ittiham edirdi. Davam etdi: — Nəyi gözləyir? Nələr baş verdiyini görmür? Bəs, deyirlər: “O” hər şeyi görəndir, hər şeyi biləndir? Bir yas yerində molla dedi ki, “O”, hətta, şah damarımızdan da bizə yaxındır. O görmür, bilmir, hiss etmir ki, bizim şah damarımızda qan əvəzinə çirkab axır, haram axır, rüşvət, korrupsiya, monopoliya, sifarişli hökmlar, binamusluq axır? Bilmir? Bilirsə, nəyi və niyə gözləyir? Cavab ver, başa sal da məni, qardaş, məni inandır.- deyə, israrla məndən cavab gözlədi.
- Möhtərəm hakim, əsəbləşməyin, sakitləşin. Əsəblərinizi, sağlığınızı qoruyun.
- Əşşi, kimə lazımdır bundan sonra mənim sağlığım, əsəbim, kimə? Mən heç kimə lazım deyiləm. Məndən alət kimi istifadə edənlərdən, mənim və mənim kimilərin əli ilə milyardlar yığanlardan başqa, heç kimə lazım deyiləm mən. – Səsi titrədi. Susdu bir anlığa. Birdən-birə, sübh şehi yarpaqlardan süzülən kimi, gözlərindən yaş axmağa başladı. Ancaq yarpaqlar onlara toxunanda şehlərini belə tökərlər, mənsə ona toxunmamışdım. Kimsə, nəsə ona bərk toxunmuşdu deyəsən. Başını iki əlləri ilə qucaqlayıb hönkürməyə başladı.
Mən dərhal qalxıb ondan kənarlaşdım, var-gəl etməyə başladım. Hissləri ilə onu tək buraxmaq, halını mənim gördüyümü bilməsini, üzülməsini istəmədim.
– Getmə, mən qətiyyən bu halımdan utanmıram. Uzaqda durma. Mənə sənin ən böyük yaxşılığın məni başa düşmək istəməyindir. Gəl, xahiş edirəm, gəl otur. – deyə, məni yanına çağırdı. – Mənə cavab ver, sənin Allahın hara baxır axı?
ALLAH hara baxır axı?
- Qardaşım, biz həyatımızı düzgün yaşamırıqsa, Allah buna neyləsin? Allah bizim əvəzimizdən hərəkət etməyə də məcbur deyil ki. “O” tək bir vəzifə qoyub bizim çiynimizə: o da düzgün yaşam variantını seçmək. “O” deyir: içmək, şərab haramdır. Bizsə içirik, heyvan kimi yerlərdə sürünür, ailəmizdə, çevrəmizdə, cəmiyyətdə problem yaradır, özümüzü donuz kimi aparırıq. “O” deyir: əmanətə xəyanət etməyin, günahdır. Biz siqaret çəkməklə, içki içməklə, pis əməllərdən istifadə etməklə.”O”nun bizə verdiyi bu sağlam canı, “O”na qaytarmalı olduğumuz bu əmanəti korlayır, zədələyir, xəstələndiririk. “O”deyir: rüşvət verib-almayın, yetim malı, haram yeməyin. Biz uzun müddət ac qalmış vəhşi heyvanlar kimi bunun tərsini edirik, əksinə, başqasının halal malını ələ keçirmək, rüşvət qoparmaq üçün dəridən-qabıqdan çıxırıq. “O” deyir: zina etməyin, iffətli olun, abırlı dolanın. Biz tam tərsinə, məhz bu yolla həm öz ailəmizi dağıdır, həm başqa ailələri məhv edir, min cür xəstəlikləri yayır və müxtəlif cinayətlərə səbəb oluruq. Yoldaş hakim, buna Allah neyləsin?
- Necə neyləsin, yaradırdısa, elə yaradaydı ki, biz o murdarlıqları etməkdən uzaq olardıq. Etməyəydik. Qəsdlə insanı belə zəif, tamahına düşkün yaradıb, sonra da qır qazanında yandırmağın, cəhənnəm atəşində əzab verməyin mənası nədir ? Məqsədi nədir bu Allahın? Məni niyə elə yaratdı ki, indi mən bu sahildə, bu soyuq havada isti evimdən, ocağımdan it kimi qovulmuş halda titrəməyə, səni də evindən–eşiyindən etməyə, dərdimi sənə yükləməyə məcbur olum? Niyə? Mən ondan xahiş etməmişdim axı məni yaratsın. Həm də belə yaramaz bir halda? Niyə? Bax, sən özün, kişi kimi, səmimi deyə bilərsənmi, bu günədək heç haram yeməmisən ? Rüşvət almamısan? Bu sistemi, hakimiyyətin idarə edilməsi qaydasını, üsulunu və əxlaqını bildiyim üçün, qəti əminəm ki, bu ölkədə bir nəfər də olsun düz adam, halal adam yoxdur. Səmimi olaraq etiraf edə bilərsənmi, haram yemisən ya yox?- deyə, məndən cavab gözlədi.
- Mən, möhtərəm hakim, mələk olduğumu iddia etdimmi? Bu məmləkətdə, bəlkə də, ən çox günah işləyənlərdən biri də mənəm. Mələklik iddiasından da çox uzağam. Ancaq bilirsənmi problem nədədir? Yeri gəlmişkən,—mövzunu dəyişmək istədim– hüquq fakültəsini necə oxumusan?
- Əla qiymətlərlə. – qıssa cavab verdi.
- Neçə nəfər idiniz kursda?
- Əlli olmuşuq.
- Hammısı sizin kimi əla oxuyurdu?
- Yox, 5-6 nəfər əla, 10-15 nəfər orta. Qalanları müəllimlərə rüşvət verirdilər ki oxumasınlar. Eləsi var idi ki, heç dərsə də gəlmirdi. Pulunu verib qiymətini yazdırırdı. 70-ci illərdə bu bir qaydaya çevrilmişdi elə bil. Səncə, dünyada bizdən başqa oxumamaq üçün rüşvət verən ikinci bir millət varmı?
- Bir hind kinosunda görmüşəm. Ata oğluna deyir ki, mən də diplomu pulla almışam. Demək var. Məsələ onda deyil. Bax özün dedin ki, əlli nəfərdən beş-altısı əla oxuyub eləmi? Bu əlli nəfərə eyni müəllimlər dərs deyirdilərmi? Onda niyə sən əla oxuyurdun, otuz beş-qırx adam yox? Onlar imtahan vermirdilərmi? Yaxşı, müəllim dərs deyəndə imtahan olacağını əvvəlcədən deməmişdimi? Demişdi, təbii ki. Buna baxmayaraq, əlli adamın hər biri fərqli hərəkət variantı seçdi. Düzdürmü? Müəllim neyləməlidir ? Kimsə özünü insan kimi aparmayacaq, oxumayacaq deyə, sənə də dərs deməməli idi? Bir bax, adam imtahan verəcəyini bilə-bilə oxumur, hazırlaşmır. Müəllim isə bunu bilə-bilə dərsini deyir. Müəllimi bu hərəkətinə görə qınamaq olarmı?
- -Məncə, hörmətli vəkil, misal yerinə düşmədi. Allah hara, müəllim hara?
- -Ola bilər. Mənim bacardığım bura qədərdir. Mən, sadəcə, izah etməyə çalışıram. Yəni niyyətim… məqsədimə çata bilirəm ya yox, o başqa məsələdir. Yaxud da, bir atanın beş oğlu var. Beşinə də eyni öyüd-nəsihəti, tərbiyəni verir. Həm də bilir ki, beşi də bir olmayacaq. Bir də gördün bir tərbiyəli atanın on uşağından biri cinayətkar oldu, narkoman, oğru oldu. İndi atanı ittiham edək ki, o niyə bu oğru uşağı dünyaya gətirib, ya da bilə-bilə ki, on uşağın onu da eyni olmayacaq, niyə onlara eyni tərbiyəni verib? Allah hamıya ağıl verib ki, həyatda qarşısına çıxan yollardan ən düzgününü seçsin. Düz seçsin ki, sabah ALLAH imtahanından kəsilməsin. “O”nun da imtahanı iki hissəlidir,- deyə, gülümsədim və əlavə etdim:- bir hissəsi bu dünyada, o biri hissəsi də axirətdə. Qır qazanını da, cəhənnəm odunu da insan özü seçir. Sənin o imtahandan kəsilən, ya da rüşvətlə diplom alan tələbə dostların kimi. Axı, Allah əvvəlcədən bizi imtahan edəcəyini, sınağa çəkəcəyini deyib. Quranda bu dəfələrlə təkrarlanır. Yəni, necə ki, dərc edilməyən, elan edilməyən qanunu pozmağa görə insanlar məsuliyyət daşımırlar, eləcə də, Allah əvvəlcədən elan etmədiyi hansısa qaydanı pozduğuna görə insanı cəzalandırmır. Vaxtınız olanda bir Quran Həm də ucadan oxuyun ki, uşaqlarınız, yoldaşınız da eşitsin.
- Mənim evimi elə o Quran yıxmadımı? Qapımdan içəri girdi-girmədi həyatımın nizamı pozuldu. — deyə, dərin bir ah çəkdi. Gözləri yenə də dirəndi. Özünə qapandı. Məni sanki unutmuşdu. Danışmırdı. Nəsə fikirləşirdi. Bir azdan sakit, aram səslə davam etdi: — İlk dəfə rüşvət alanda tər məni basmışdı. Bədənim əsir, o adamın gözlərinə baxmamağa çalışırdım. Çox-çox sonralar anladım ki, sən də məni bağışla, rüşvətxorla fahişənin bir oxşar taleyi var: çətini birinci dəfədir. Ondan sonrası adiləşir. Abır, həya, ləyaqət hissi yox olur. Səni hər gün alıb-satırlar. Heysiyyatını elə tapdalayırlar ki, insanlıq haqqında düşünməkdən qorxursan. Əslində qorxmursan, qəsdlə bu barədə düşünmürsən ki, birdən o bakirə duyğular, hisslər səni bu yeni yolundan çəkindirə bilər. Qeyri-ixtiyari olaraq, rüşvət hesabına yaranmış, haramla əldə etdiyin o təmtəraqlı həyatı əldən vermək istəmirsən. Doğrudan da, insanı Allah yaradıbsa, — mən dərhal, “buna şübhən olmasın”, dedim.– onu çox zəif yaradıb. Çox , həm də lap çox zəif yaradıb. Zəif, zəif, çox zəif.
Sanki mən yox idim. Öz-özünə təkrar edirdi. Birdən mənə döndü:
- Bayaqkı sualıma cavab vermədin axı? Rüşvət almısanmı, haram yemisənmi?
- Dedim axı, mən mələk deyiləm. Əvvəla, rüşvət almaq imkanı olan vəzifədə olmamışam. Bəlkə də, olsaydım, sovet rejimində və o rejimin davamı olan indiki siyasi şərtlərdə məndən rüşvətxoru olmazdı. Çünki bu rejim, bu ailənin hakimiyyəti rüşvət üstündə qurulub. Hakimiyyəti qanunsuz mənimsəyənlərin tək bir məqsədi olur: dövləti, ictimai əmlakı talamaq. Adi bir oğru, quldur, soyğunçu və ya adamları oğurlayıb pul tələb edən cinayətkar kimi. Bu talamanın yollarından biri də rüşvətdir. Allahıma şükür edirəm ki, onların rejimində vəzifəyə getmək naminə yaltaqlıq, yarınmaq, qorxaqlıq etməmək üçün mənə güc verib. Özümü bu yoldan qoruya bilmişəm. Bir tikə ruzumu isə Allah özü yetirir. Şükr! Harama gəldikdə isə, indiki şərtlərdə haram yeməməyim mümkün deyil. Yalan deyə bilmərəm. Ancaq özümü bir müsəlman kimi dərk edəndən, Quranı az-maz öyrənəndən sonra bir çox şeylərdən tövbə edib, halal yaşamağa çalışıram. Allah rəhmli və rəhmandır. Əvvəlki günahlarımı bağışlar, İnşallah. Çalışıram, alınır-alınmır, o artıq Allahla mənim aramdadır. Şeytan da ki, bilirsən də, Allaha söz verib, bizi, o zəif yaradıldığını bildiyin insanı axirətədək hər an yoldan çıxarmağa çalışacaq. Buna görə də, şeytanla mübarizəni ardıcıl və vaxtında aparmaq üçün günün beş vaxtında namaz qılmağı bizə vacib bilib Allah. Hər halda, çalışıram mən. Allah bağışlar bizi, İnşallah.
Ev yıxan namazdırmı?
- Namaz? Başıma gələn fəlakətlərin bir səbəbi də elə o namaz oldu. Evimə girdi- girmədi həyatımın nizamı pozuldu.- yenə də öz-özünə danışırdı. Başını aşağı salıb, dirsəkləndiyi dizləri arasından yerə baxırdı.- Əvvəl boşanma, aliment, əhəmiyyətsiz qonşu davalarına baxırdım. Hakim əbasını geyəndə özümü qeyri-adi hiss edirdim. İçimi fərəh bürüyürdü. Dəhlizdə, məhkəmə zalına doğru irəliləyəndə mənə baxan insanları görüb nə qədər dəyərli, arzulanan, ümid yeri olduğumu dərk edəndə sanki uçurdum. Heyf, atam-anam mənim o günlərimi görmədi. İnsanların baxışlarında özümə qarşı hörmət, ehtiram görür, səmimiyyət hiss edirdim. Bu yalnız bir il çəkdi. İlk dəfə məhkəmə sədri çağırıb, “tərəflərdən hansı yaxşı məbləğ təklif etsə, onun xeyrinə də qərar ver” deyənə qədər. Əvvəl, guya başa düşmədim. Özümü elə göstərdim. Sədr təkrar etdi. Eşitdim, anlamaq, qəbullanmaq istəmədim. Prosesi uzatmağa başladım. Bu çirkaba bulaşmaq istəmirdim. Sədr başa düşəndə ki, mən onun dediyini eləmək istəmirəm, növbəti iclasda tərəflərdən biri boş, mənasız, qanunsuz əsaslarla mənə etiraz etdi və sədr işi məndən alıb başqa hakimə verdi. Mülk davası idi. Evin qiyməti, təqribən, 300-500 min manat olardı. Cavabdeh tam haqlı olsa da, iddiaçı, zor-xoş, mülkə sahib çıxmaq istəyirdi. Sonradan öyrəndim ki, yazıq cavabdeh öz ata-baba mülkünü qorumaq üçün evinin qiymətinin 25-30 faizi miqdarında rüşvət verib. Həm də kredit hesabına. Bizdə hər şey analoqsuzdur. Oxşarı yoxdur. Mənzili əlindən çıxmasın deyə, adam gedib bankda borca girir, rüşvət verir. Sonra da ömrü boyu bankla çəkişir. Həyat cəhənnəmə dönür. Adamlar, bəlkə də, bilmirlər ki, Allahın, “cəhənnəm” deyə bizi qorxutduğu yer elə buradır – A z ə r b a y c a n. Yəqin elə başqa ölkələr də bu gündədir… Bir müddət yenə də aliment, boşanma, qonşu davaları və xırda xuliqanlıq işlərinə baxdım. Mən halımdan məmnun idim. Ən xırda, əhəmiyyətsiz görünən işdə belə, ədalətli, qanuni qərar qəbul edəndə vətəndaşın minnətdarlıq dolu baxışları, təşəkkür bildirən ifadələri səni öz gözündə ucaldır, özünə hörmət hissi yaradır, içini işıqla, nurla doldurur. Fərəhlənirsən. Bilirsənmi, insan ictimai əhəmiyyətliliyini dərk edəndə insanlaşır. Yoxsa, adi heyvandan heç bir fərqi yoxdur insanın. Mənimlə razısınızmı?- deyə, mənə toxundu. Elə bildi yatmışam, mürgüləyirəm. Məni ayıltmağa çalışırdı sanki.
- Tamamilə, haqlısınız. Razıyam, əlbəttə. Mən səni dinləyirəm. Özüm müdaxilə etmək istəmirəm ki, fikirləriniz qırılmasın, mane olmayım. Buyurun, davam edin, yeri gəlmişkən soruşum: hakim üçün ən çətin iş hansıdır, sizcə? – qeyri-ixtiyari olaraq, “siz”ə keçdim.
O cavab vermək istəyirdi ki, yenə zəng gəldi. Xanımım idi. “Sübh namazının vaxtı çıxmaq üzrədir, namazını qılmısanmı? Gün doğur birazdan, evə nə vaxt gələcəksən axı?” – deyə, səhər yeməyini mənsiz yeməyəcəyini xatırlatdı. Söz verdim ki, tezliklə gələcəyəm.
Dərhal qalxıb yaxınlıqdakı çəmənlikdə namazımı qıldım.
Yerimə qayıdan kimi o davam etdi:
- Səmimi cavab verim: indi Azərbaycan hakimləri üçün ən çətin iş tərəflərin heç birinin rüşvət təklif etmədiyi işlərdir. Belə olanda hakimlər az qalır dəli olsunlar. Plan var axı.— ara verib davam etdi. — Bir azdan ölkədə siyasi vəziyyət gərginləşdi. Müxalifət mitinq və etiraz nümayişlərinə, piketlərə başladı. Hakimlərin dediyi kimi, “sezon” qızışdı. Beş-altı nəfər cavan uşağı, aralarında tələbələr də var idi, “on beş sutkalıq” üçün gətirdilər. Tək məndə yox, o biri hakimlərin də hərəsində 5-10 iş var idi. Sədr məni öz otağına çağırıb qısa və aydın şəkildə əmr etdi : “yuxarıdan tapşırıblar, hərəsinə 5-15 sutka ver getsinlər. Kimə nə qədər verməyi isə özün müəyyənləşdir”. “Yuxarı”deyəndə, şəhadət barmağını, altında oturduğu portretə tuşladı. Elə dedi ki, etiraza yer qoymadı. Həm də bu anadək, məni “o”nun çörəyini yediyimə inandırmışdı. Çörək yediyin təknəyə tüpürmək isə kişilikdən deyildi. Mən o gün dərk etdim ki, son il yarımda mənimlə aparılan “tərbiyəvi- ideoloji söhbət”lərin də məqsədi elə məni bu reallığa alışdırmaq, uyğunlaşdırmaq imiş. Ancaq, insafən, mənə həm də müstəqillik vermişdi. Kimə 5, kimə də 15 sutka verməyi özüm müəyyənləşdirə bilərdim. Yəni cəza verməyin vacibliyini “yuxarı”, miqdarını mən özüm müəyyən edirdim. Etiraz da qəbul edilmir. Bax, həmin gün mən fahişəliyə ilk addım atan qadının halına düşdüm. Düzdür, bu yolu mən könüllü seçmirdim, məni zorlayırdılar, ancaq mən bu zorlanmaya etiraz etmədiyim üçün, əksinə hətta xoşlandığım, bəlkə də arzu etdiyim üçün könüllü qaydada fahişəlik edən qadınla mənim fərqim yox idi. Çətini isə, bu addımı birinci dəfə atanacandır. Arxası asan olacaq. Zorlamaq həvəsi olan zorlamağından, zorlanmaqdan da fayda güdən zorlanmağından həya etməyəcək. Əsas birinci dəfədir. Sonrası adiləşir. Gündəlik həyat tərzinə çevrilir.
- Mənə maraqlı olan bilirsənmi nədir, yoldaş, möhtərəm?- deyə, gülümsədim. – Günahsız olduğunu bildiyin adama necə cəza verə bilirsən? Mənə bu çatmır. Anlaya bilmirəm. Vicdanın səni heçmi narahat etmir?
Millət, yoxsa sürü?
- Birinci dəfəyə qədər mən də sənin kimi düşünürdüm. Heç ağlıma da gətirmirdim nə vaxtsa belə bir iş görəcəyimi. Ancaq bilirsən nə baş verdi o gün? Mən dərk edirdim ki, “yuxarı”nın tapşırığını icra etdiyimə görə, mən də “yuxarı”dan nəsə ummaq haqqı əldə edirəm və bu haqq mənə mütləq veriləcək.
- Nə verdi ki sənə yuxarı ? Umduğunu ala bildinmi? Başqasının ailəsini başsız qoymağın, gənc bir insanın ömrünü haqsız olaraq kəsməyin qarşılığında “yuxarı” sənə nə verə bilər ki? Bunun qarşılığı nədir axı? Bu qanunsuz hərəkətinlə sən, bir hakim kimi şəxsi həyatını təhlükəyə atırsan. Sabah, o qanunsuz həbs etdiyin birinin oğlu, ya qardaşı, elə azadlığa çıxandan sonra özü vurub səni öldürə bilər. Səndən , ailə üzvündən intiqam ala bilər. Yəni bunun qarşılığı nə ola bilər ki, hakim qardaş?
- -Bu bir diplomatiyadır. Alçaqlığın, namussuzluğun, oğraşlığın diplomatiyasıdır. Heç kim səninlə bu alış-veriş barədə yazılı müqavilə bağlamır. Hərə öz vəzifəsini prosesin gedişində anlayır, dərk edir və təhtəlşüur olaraq qəbullanır.
- Nə verdi axı ? – deyə, mən səbirsizləndim.
- Cəzasızlıq hüququ və qorxusuz rüşvət almaq imkanı. Mən dərk etdim ki, “yuxarı”nın qanunsuz tapşırığını yerinə yetirdiyimə görə, sabah bir xəta , ya cinayət etsəm də, “yuxarı” məni müdafiə etməyə məhkumdur və bundan sonra mən istədiyim işi istədiyim kimi həll edə bilərəm, istədiyim qədər də qazana bilərəm.
- Bəs, o qanunsuz həbs etdiyiniz, haqqını tapdaladığınız insanlar? Onlara heç yazığınız gəlmədi, intiqamlarından qorxmadınız?
- Nə? İnsanlar? İntiqam? Əvvəla, uzun illərdir ki, bu millətin hüquqlarını pozan bir peşəkar kimi deyirəm: bu millətin öz düşmənindən, ona pislik edəndən intiqam ala biləcək qədər kişiliyi, mənliyi, ləyaqəti yoxdur. O, bütün bunları Xocalıda, Kəlbəcərdə, Şuşada, Xankəndində və saxta prezident, parlament, bələdiyyə seçkilərinin nəticələrinə dözəndə itirib. Mənə inan. Bir də ki, elə həmin gün sənin insan dediyin bu canlılar mənimçün biznes, qazanc obyektinə çevrildi. Taxta-dülgər üçün, cırıq ayaqqabı — pinəçi üçün hansı rolu oynayırsa, nədirsə, məhkəməyə işi düşən adam da mənimçün odur. Bu hiss gün-gündən gücləndi və mən, sözün həqiqi mənasında, “hakim- biznesmen” oldum. Məhkəmə, hakim kürsüsü və hakim cübbəsi əslində bu biznesi pərdələyən vasitələrdir. Biz “yuxarılar”la şərikli biznes aparırıq. Ortaqlarıq. Adam oğruları kimi. Alıb satdığımız da insan hüquqları və ailə taleləridir.
O bu fikirləri elə ciddi ifadə edirdi ki, inanmamaq mümkün deyildi. Mənim təəccüblə baxdığımı görüb : “Bu millətə bu da azdır.”- deyə, məni bir daha inandırmağa çalışdı.
- Millətin nə günahı? Sən də, mən də, bizim yaxınlarımız, doğmalarımız da bu millətdən deyilmi?
- Pafoslu, gəlişi gözəl, populist sözləri bir kənara qoy. Tək-tək ləyaqətli, namuslu və qəhrəman, cəsur, qərarlı şəxsiyyətlərin olması hələ bütün millətin belə olması demək deyil. Belələrinin, yəni passionar adamlarının sayı və gücü millətlərin xarakterini, hərəkətlərini müəyyən edəcək həddə olan millətlərə qəhrəman, ləyaqətli demək olar. Bir millətin ki müəllimi, həkimi, məmuru seçkini saxtalaşdırır və səsi saxtalaşdırılanlar, iradəsi zorlananlar da buna dözür, ona millət demək olmaz. Bu, bir kütlə və ya sürüdür, insanabənzər canlılar sürüsü.
- Anlamadım. Sən kimi ittiham edirsən ki? Bütün bu saxtakarlıqları qanunlaşdıran sənin kimi hakimlər deyilmi? Buna millət neyləsin?
- Millət neyləsin? Sənin bu qəhrəman millətin mənim erməni və ya rus kəşfiyyatı tərəfindən bu vəzifəyə yerləşdirilməməyimə əmindirmi? Bunu bilirmi? Ya da “yuxarı”dakılardan o göstərişi verənlərin necə? Onları kimin idarə etdiyini, onların kimə və haralara xidmət etdiyini bilirmi? Qəbul edilən qərarların, qanunların, hökm və qətnamələrin, atılan addımların, yürüdülən daxili və xarici siyasətin onun mənafeyinə zidd olduğunu görmürmü? Niyə susur? Kimi və nəyi gözləyir?
- Deyəsən, sən də təzə ayılmısan. Bütün bunları deyəndə öz günahını necə, qəbul edirsənmi? Nə vaxtdan belə anlamağa başlamısan, cənab hakim?
- Ayılmağına, anlamağına çoxdan ayılmışam. Ancaq qərar vermək üçün kişiliyim, gücüm yoxdur. Yəqin ki, bu gün qərar verəcəyəm,- susdu, fikrə getdi. Başını aşağı salıb davam etdi:- “OMON”çuların, Xalq Cəbhəsi hakimiyyətinin nümayəndələrinin, Rəhim Qazıyevin, Tale Bağırzadə və Abgül Süleymanovun, Nigar Yaqublunun işində mən “yuxarı”ların əsil mahiyyətini, niyyətlərini dərk etdim. O işlər üzrə hökm çıxaranda da, o hökmləri təsdiq edəndə də mən nələr yaşadım, bir Allah bilir. Təsəvvür edirsən, eyni hərəkəti törədən minlərlə bığıburma kişi həbs edilməyə – edilməyə, bizim əlimizlə bir qız uşağını həbs etdirib millətin namusuna, ləyaqətinə tüpürdülər, onun heysiyyatını döşəmə əskisi kimi ayaqlar altına sərdilər. Düzü o gün mən elə bilirdim ki, bu dəqiqə məhkəmə zalında məni və başqa hakimləri güllələyəcək, məhkəmə binasını alt-üst edəcəklər. Ancaq olmadı. Elə həmin gün anladım ki, bu millətin kişilik damarı, mənlik hissi artıq ölüb. Bunu dərk edəndə isə qorxdum. Çox qorxdum. Bu hala salınmış bir millət heç vaxt ermənidən torpağını geri ala bilməz. Evində qorxaq olan itin çöldə kimisə qorxutması mümkün deyil. – susdu, gözləri yol çəkdi bir anlığa, yenə davam etdi: – Mənim babalarımın, yaxınlarımın qəbirləri o torpaqlarda qalıb. Burada mənə zorla “baba” sırıyır, kiminsə qəbrinə baş əyməyə məcbur edirlər.
- Məndən incimə, bir söz deyəcəyəm. Savadsız, cahil, qanmaz bir adamın belə hərəkət etməsi başa düşüləndir. Ali savadlı hüquqşünasın belə, guya millətin dərdinə qalması, eyni zamanda da, bu xəyanətə qulluq etməsini anlamaq, qəbul etmək mümkün deyil. Səni zorla orada, o kürsüdə saxlayan var? İşləmə, çıx işdən, istefa ver qarşını kəsən var? Mən hakim, prokuror, müstəntiq işləmirəm, acından ölürəm? Ay qardaş, Allah hərəyə bir tikə ruzi yetirir. Onu halal qazanmaq və yemək mümkün deyilmi? Başqa iş tap özünə. Açıq deyirəm, mən sənin bu sözlərinin səmimiyyətinə inanmıram.
- Başqa iş tapım? Bax görürsən, nəinki sadə vətəndaşlar, heç sənin kimi hüquqşünas da bilmir əslində bu ölkədə nə baş verdiyini. Qardaş, elə bilirsən bunların əlindən qurtulmaq asandır? Bir məqam oldu, aradan çıxmaq istədim. Kifayət qədər mal-mülk, sərvət, pul toplamışam. Sifarişlərin getdikcə artdığını və qorxunc xarakter aldığını görəndə, gələcək təhlükələri nəzərə alaraq, aradan çıxmaq istədim.
- Çıxardın. Nə mane oldu ki? – deyə, soruşdum.
- Ehh – dərin bir ah çəkdi. – birini bilirsən, yüzündən bixəbərsən. Tək sən yox haaa, elə bütün müxalifət, millət sənin günündədir. Yatmısız fil qulağında. Qardaş, xəbərin var ki, son 20 ildə Azərbaycanın bütün əmlakından, ümumi daxili məhsulundan 5-10 dəfə çox, yəni 10 Azərbaycan oğurlanıb ? Həə, xəbərin vaaaar? Səncə, bu boyda oğurluğu, 5-10 adam edə bilər? Mənim kimi minlərlə adam cəlb edilib bu prosesə: yığ-ver, çal-çap, al-ötür. Aldığının müəyyən, cüzi faizi özündə qalır, qalanını yuxarı ötürməlisən. Hünərin var bir qəpik gizlət. O cüzi faiz də vasitəçi-iştirakçılara bəs edir. Elə hakim, məmur var ki, 5-10 villası, 5-10 xarici maşını, milyonlarla pulu var, saxladığı fahişə qadınlara ev-eşik, bahalı maşınlar alıb və s. Bunun “cüzi”-si bu qədərdirsə, gör yuxarı ötürülən nə qədərdir?!
- – Əşşi, səni zəncirlə saxlayan var? Eləmə. Çıx oyundan. Tövbə elə. Heç olmasa, bundan sonra adam kimi yaşa, adam kimi qazan, adam kimi də öl.
- -Dedim axı, cəhd etdim. İstədim adam olam. – susdu, öz-özünə danışırmış kimi, səsinin tonununu aşağı saldı, pıçıltı ilə danışmağa davam etdi – əvvəl yuxarının sifarişi, sonra da bu sifarişin doğurduğu mənəvi haqqa söykənən rüşvət alma, ardınca yeni sifarişlər və … bu zəncirvari proses davam edir. Bu bir bataqlıqdır. Batdıqca batırsan. Hər addımın, hər hərəkətin, hər rüşvət qoparman, səni bu bataqlığın dibinə daha çox çəkir. Sən bütün həyatınla, ailənin firavan dolanışığına, arvadının brliyantlarla bəzənməsinə, övladlarının bahalı məktəblərdə, xarici dövlətlərdə təhsil almasına, hətta saxladığın fahişələrə etdiyin hədiyyələrə görə də o “yuxarı”ya borclusan. Aradan çıxmaq istəyən bütün bunları sahibinə qaytarmalı, yolunmuş qaz, yolux cücə həddinə düşməlidir. Yolux cücə. Bunu mənə çox incəliklə qandırdılar. Üstəlik də başa saldılar ki, hələ bununla qurtara bilsəm, Allaha şükür də etməliyəm. Çünki o siyasi sifarişli işlərə və elə sifarişlərə də arxayın olub aldığın rüşvətlərə görə adamı qoduxluğa soxarlar. Hakim kürsüsündən həbsxana çarpayısına. Mən, hətta, bütün bunları gözə alaraq, qəti addım atmaq qərarına gəlmişdim. Ancaq, ilk müqavimətin qarşısında aciz qaldım. Sındım, uduzdum, geri çəkildim və elə o andan da olan-qalan mənliyimi də itirdim.
- Kimə uduzdun belə? Qəribədi, nə dedilər ki? Nə baş verdi?
- Arvadıma, həyat yoldaşıma, ailəmə, “ailə” haaa, – deyə, üzündə qəzəb, kədər, qəm-qüssə bir-birinə qarışdı. Bir də təkrarladı: -a i l ə, arvad, həyat yoldaşı. Sizinki dünəndən çörək yemir, səni gözləyir. Mənimki isə, – yenə də gözləri yol çəkdi. Susdu. Birdən, cəld mənə tərəf dönərək: – bütün vəzifəli şəxslərin, rüşvətxorların bir ümumi səhvi var. Bilirsən nədir bu? – deyə, soruşdu.
- Deyərsən bilərəm, cənab hakim, – cavab verdim.
- Ailələrini, xüsusilə də, həyat yoldaşlarını vəzifənin verdiyi imkanlara və aldıqları rüşvətin səviyyəsinə uyğun yaşatmaq, buna vərdiş etdirmək. Bir də aldıqlarını arvada bildirmək.
- Sən bunu səhv hesab edirsən? Özünün rüşvət aldığını yox, arvad-uşağı bu rüşvətə uyğun yaşatmağı səhv hesab edirsən? Mən nəsə başa düşə bilmədim.
- Hə, hə. Biz onsuz da yazıq, bədbəxt olmuşuq. Bu ölkədə rüşvətə bulaşmayan bir nəfər də olsun vəzifəli şəxs yoxdur və ola da bilməz. Ya rüşvət alır, ya da dövlət əmlakını mənimsəyir. Hamı bu ölkədə zorən-cinayətkar, zorən-haram yeyəndir, hamı buna məcbur edilir, rejimin mahiyyəti budur. Gərək ağıllı adam, heç olmasa, ailəsini bu harama bulaşdırmasın. Axırı…
- Sən özün bunu bacardınmı? – deyə, sözünü kəsdim.
- Bacarmadım deyə, indi mən səninlə bu soyuqda titrəyə-titrəyə oturmuşam, arvadım isə öz aşnası ilə mənim isti yatağımda kef çəkir. Məni evə buraxmır.
- Sən nə danışırsan? Zarafat edirsən, yoxsa…
Dərhal sözümü kəsdi:
- Nə zarafat, bayaqdan imkan vermirsən ki mən ürəyimi boşaldım, istədiklərimi, ürəyimi deşən, beynimi xərçəng kimi gəmirən bu bəlamı sənə danışım. Xahiş edirəm, sus, sus və diqqətlə məni dinlə.
Özü susdu. Ara verdi. Nəsə fikirləşdi. Daxilində yenə də kiminləsə mübahisə edir, sözlə atışırdı. Başının hərəkətləri, mimika və əl hərəkətləri bundan xəbər verirdi. Kənardan baxan onu dəli zənn edərdi. Mənə tərəf döndü. Gözlərini gözlərimə zilləyib, özündən intiqam alırmış kimi, acı-acı gülümsəyərək dedi:
- Bəli, cənab vəkil, mən arvadımın mənim yatağıma saldığı kişinin çıxıb getməsinə qədər burada gözləməliyəm. Yalnız arvadım mənə zəng edib evə çağırsa gedə bilərəm. Zəng, aşnasının getməsini bildirəcək. Müqayisəyə görə üzr istəyirəm, sənin xanımın, anam-bacım olsun, axşamdan on dəfə zəng edib səni çağırır ki, sənsiz yeməyəcək və yatmayacaq. Mənimki isə zəng etməlidir ki, aşnası gedib, mən öz evimə qayıda bilərəm. Yuxarıların hesabına qazandığım o pulları, sən demə, çoxdandır ki, arvadımın saxladığı kişi də yeyir. “Arvadımın saxladığı kişi” – deyə, təkrar vurğuladı. Acı-acı gülümsədi.
Hələ ki ALLAH uduzur.
Mən eşitdiklərimə inanmaq istəmirdim. Bu qədər də olmaz. Qeyri-ixtiyari soruşdum:
- Bəs uşaqlar, oğlun, qızın harada qalırlar gecənin bu vaxtı?
- Tələsməyin. Dedim axı, mənə sakitcə qulaq asın. Sadəcə dinləyin. Sən dinlə məni. Sonra sual verərsən – bir az ara verdi və davam etdi: — oğlum ərə gedib. Təəccüblənməyin, ərə gedib mənim oğlum, ailə qurub bir xarici vətəndaşla. 9-10-cu sinifdə oxuyanda məlumat aldım ki, narkotikə qurşanıb. Ona 150 min manatlıq maşın almışdım, özünün villası, bağ evi, həm də gündəlik xərci. Aylıq 20-30 min xərcləyirdi. Buradakı dost-tanışından ayırmaq üçün düz-qoş edib Avropa ölkələrindən birinə göndərdim. Orada da ev aldım ona. 3-4 ildən sonra, qulaqları sırqalı bir şəklini də internetə yerləşdirib, məni toyuna dəvət etdi. Heç kim eşitməsin, bilməsin deyə, açıb-ağartmadım, gizlətdim. Küçəyə çıxanda elə bilirdim hamı ürəyində tənə vurur, lağa qoyur məni. Sahibsiz küçə itləri kimi ürkə-ürkə yeriyirdim məhkəmə koridorlarında. “Yerin də qulağı var” deyirlər. Bəzi adamlar haradansa öyrənmişdilər. Öncə qohumlarım, sonra dostlarım məndən qaçdı. Dünənə qədər, ən azı puluma görə, süfrəmin qırağında yalmananlar, sanki utanırmışlar kimi, onlara da ləkə olar deyə, məndən gen gəzməyə başladılar. Əsl faciələr dalda imiş. Elə şeylər baş verdi ki, oğlumun bu oğraşlığı onların yanında toya getməli oldu. Müxalifət fəallaşdıqca, siyasi vəziyyət gərginləşdikcə, gənclər hərəkatı, bu “Nida”dı nədi, qızışdıqca, hüquq müdafiəçiləri siyasi məhbus siyahılarını Avropaya ötürdükcə sifarişli hökmlərin, qərarların da sayı çoxaldı. Ona uyğun da aldığım rüşvətin məbləği artdı. Elə açıq qanunsuz qərarlar verdirirdilər ki, istər-istəməz adam qorxur, həyəcan keçirir, gələcəyindən narahat olursan. Bu narahatlıq mənim kişiliyimə də pis təsir etdi, üzr istəyirəm səndən. Əsəblərim pozuldu. Tək mənim yox, hakimlərin 70-90 faizi ürək, əsəb xəstəsidir. Biz, üzərində eksperiment aparmaq məqsədi ilə bir qəfəsə doldurulmuş siçovullar kimiyik. Hərə öz növbəsini gözləyir. Həm də, tək hakimlər yox, rəislər, prokurorlar, nazirlər, gömrük, vergi məmurları, seçkini saxtalaşdıran müəllimlər, həkimlər, iş yerindən taxta parçası, sement, daş oğurlayan hər bir fəhlə bu vəziyyətdədir. Nə isə… Sən də yaxşı tanıyırsan, Qurban Məmmədovun CM-nin 263.1 və 299.1-ci maddəsi ilə həbsinə sifariş gələndə hakimlərin bəzisi işi götürməkdən imtina etdilər. Hərəsi bir bəhanə tapdı. Yenə də qoyun məni bildilər. Təsəvvür edirsən, şahidlər hamısı “büdcədən”, dustaqlar “poykovoy” deyirlər, iş başdan ayağa saxta. Bunları görmək, bilmək üçün heç hakim olmağa da ehtiyac yoxdur. Hadisə saat 12:40-da olub, şahid deyir ki, hadisə yerinə saat 15:00-da gəlib və hadisəni görüb. İnanırsan ki, əsəbimdən bağrım çatlayır. Az qalıram şahidin anasını-bacısını, var-yoxunu söyəm ki, ay şərəfsiz, sən məhkəməni barmağına dolamısan, ya məni eşşək yerinə qoymusan? Ancaq deyə bilmirəm. Çünki o bilir ki, əslində mən hakim özümü eşşək, qanmaz yerinə qoymuşam və bu yalan ifadəyə görə o, heç vaxt cəzalandırılmayacaq. “Yuxarı”nın, yalan olmasın, bəlkə də, yüz minlik “Yalançı şahidlər Ordusu” Sən də millətdən dəm vurursan. Bu ordunun dövlətə vurduğu ziyan Ermənistan ordusunun son 20 ildə vurduğu zərərdən daha çox və qorxuludur. Adam hər gün, ən azı həftədə 2 dəfə müxtəlif işlərdə hal şahidi, şahid kimi iştirak edir. Bunların arasında kimlər yoxdur: “stoyanşiklər”, gecə gözətçiləri, narkamanlar, fahişələr, “bomjlar”, vağzal-liman sakinləri, “ ziyalılar”, əlillər, bir sözlə, hər zümrədən, hər təbəqədən var. Lazım gələndə polis, müstəntiq, hətta alimlər belə, yalançı şahid kimi ifadə verirlər. Həm də at kimi dirənirlər. Hərdən onları bəhanə edərək, “mən nə edə bilərəm, şahidlər var” deyə, özümüzə haqq qazanırmaq istəsək də, onların yalançı şahid olmalarını ifşa etmək də bizim vəzifəmizdir və bu, çox asandır. Çünki, son 10-15 ildə müstəntiqlər də, cəzasız qalacaqlarına o qədər əmindirlər ki, heç bir zəhmət çəkmədən, özlərinə əziyyət vermədən, əllərinə, ağızlarına, ağıllarına və xəyallarına nə gəldi işin içinə doldurub məhkəməyə ötürürlər. Bilirlər ki, artıq ölkədə məhkəmə yox, bu ad altında, “ittihamnaməni hökmə çevirən notariuslar” fəaliyyət göstərir. Heç işdəki ziddiyyətləri, şahidlərin ifadələrindəki, hadisəyə tam zidd olan ekspertiza rəylərindəki ağlasığmaz uyğunsuzluqları da aradan qaldırmaq istəmirlər. Bir dəfə bir müstəntiqdən səbəbini soruşanda, belə izah etdi: “sifariş icra etməkdən, kimlərə görəsə öz gələcəyimizi təhlükəyə atmaqdan, kimlərinsə fahişələrinin qudurğan həyatına vasitəçi olmaqdan bezmişik. Bu da bizim üsyanımız, etirazımızdır. Qoy gələcək nəsillər bilsin ki, bizim apardığımız işlər qanunsuz olub, heç olmasa, gələcəkdə bu adamlara kömək olar. Biz də vicdanımızı belə rahatladırıq”. O, tam haqlı idi. Sifarişli işlərin normal məhkəmə proseslərindən keçmək ehtimalı sıfırdır. Bicliklərinə bax. Demək, bütün məsuliyyət yenə də, məhkəmənin, hakimin üstündə qalır. Bizə də təminat verilib deyə, biz də açıq şəkildə qanunsuz olan işləri bir ucdan, konveyr kimi təsdiqləyib ötürürük məhkəməyə.. İstər Qurban Məmmədovun, istər Tofiq Yaqublu və İlqar Məmmədovun, – duruxdu, fasilə verdi və daxilində nəsə öz-özünə danışandan sonra davam etdi – ay qardaş, İsmayıllı hadisələri bitəndən sonra rayona gələn bu adamlar necə təşkilatçı və ya təhrikçi ola bilərlər? Belə çıxır ki, o “qudurğan nazir qohumları”nı da Tofiqlə İlqar öyrədiblərmiş ki, camaatın var-yoxunu söysün, taksi sürücüsünü döysün? Bunu başa düşməmək üçün eşşək olmalısan. Mən, o işdə hökmü çıxardanda da, apellyasiya və kassasiya şikayətini rədd edəndə də, özümü eşşəkliyə, qanmazlığa qoydum. Elə, Qurban Məmmədovun işində də. Taleh Bağırzadəni görmüsənmi, tanıyırsanmı? – sanki öz-özünə danışır, monoloq söyləyirdi, – tək ona görə məni çarmıxa çəkib parçalamaq lazımdır. Əvəz Zeynallı, Sərdar Əlibəyli, Abgül Süleymanov, cəbhəçilər, “çilər”, “çilər”… . “Nida”çılarda isə … – duruxdu yenə, nəsə başı ilə nizamsız hərəkətlər etdi, – “Nida”çılar mənim axırıma çıxdılar. İntiqam Əliyevi yaxşı tanıyırsan. Kim tanımır ki onu? Bütün Avropada məşhurdur. Bir put çörək kəsmişəm onunla. Azərbaycanın hüquq elmi və məhkəmə təcrübəsi üçün onun etdiklərinin əvəzi yoxdur. Hələ Leyla Yunusu, Xədicə İsmayılovanı demirəm. Bütün bu işlər üzrə qəbul etdiyim qərarlar, hökmlər də, apellyasiya və kassasiya instansiyalarında qəbul etdiyim qərarlar da tam qanunsuzdur və o işlərdə qanun bir alay əsgər tərəfindən zorlanmış qadın kimidir. Görünür… — yenə də gözləri dirəndi, susdu, xəyala daldı. Mənsə qımıldanmırdım. Onu diksindirməkdən, fikirlərini dağıtmaqdan qorxurdum. — Sifariş, ardınca rüşvət, rüşvət, ardınca dərinləşən bataqlıq və yenə də sifarişlər, yenə rüşvət… İslamçıların həbs edilməsi, həm də narkotiklə şərlənərək, müxtəlif bəhanələrlə cəmiyyətdən təcrid olunmaları bir tərəfdən ölkədəki mənəvi boşluğun dərinləşməsi və bu boşluğun çirkabla doldurulmasına yol açırsa, digər tərəfdən İslamın gözdən salınmasına, ALLAHa olan inamın sarsılmasına yol açır. Baş verənlər, əslində, ALLAHa müharibə elan etmək deməkdir. Hələ ki ALLAH uduzur. Bir gün, gecəyarısı, yataq otağmızda məndən kənardakı çarpayıda tək yatan həyat yoldaşımın qəribə səslər çıxardığını eşitdim. Otaq qaranlıq olduğu üçün heç nə görə bilmirdim. Beynimə ox kimi təsir edən bu inilti, ah-uflar, işvəli-şəhvani təngənəfəslik məni yerimdən dik atılmağa məcbur etdi. Bu nədir, arvadımın yanında kişimi var? Kimdir bu belə özünə arxayın dəyyus? Ya arvadım? O necə bu hərəkətə yol verə bilərdi? İniltisi, şəhvət dolu pıçıltıları və təhgənəfəsliyi getdikcə artır, bütün villaya yayılırdı. Qızımın eşitməsindən çox narahat oldum. Mənə elə gəldi ki, onun iniltiləri villadan kənarda da eşidilir. Dərhal işığı yandırdım. Gözlərim qarşısındakı mənzərə məni dəhşətə gətirdi. O, lüt idi. Üstündən yorğanını atmışdı, bədəninin müxtəlif yerlərindən qan sızırdı. Dırnaqları ilə özünü didir, qanadırdı. Hərdən də, kimlərdənsə müdafiə olunurmuş kimi, nizamsız əl-qol atır, yerində o yan-bu yana hellənirdi. Cırıq-cırıq olmuş alt paltarları isə döşəməyə səpələnmişdi. O yuxuda idi. Otaqda yad adam yox idi. Mən donub qalmışdım. Onun bu hala düşməsinin səbəbləri barədə ağlabatan bir cavab tapa bilmədim. Yenidən inilti və çığlıqlar artmağa, “yox-yox”, “istəmirəm”, “kömək edin, köməəək” səsləri ucalmağa başladı. Sürüşüb yatağından döşəməyə düşdü və otaq boyu o tərəf-bu tərəfə hellənməyə, qəribə hərəkətlər etməyə başladı. Onu qucağıma alıb yerinə gətirdim. Bir daha düşməsin deyə, bərk-bərk qucaqladım və ucadan çağıraraq, yanaqlarına vuraraq ayıltmağa çalışdım. Bədəni bütün qan-tər içində idi. Birdən ayıldı. Əvvəl, nə olduğunu başa düşmədi. Bəbəkləri az qala yerindən çıxacaqdı. Baxışları elə qorxulu, vahiməli idi ki, canımdan bir gizilti keçdi. Mənə baxıb-baxıb, birdən hönkürtü ilə ağlamağa başladı. “Sakitləş, hər şey qaydasındadır, nə olub sənə, nəsə pis yuxu görürdün?” — deyə, soruşdum. Son 5-6 il olardı ki, bədənimiz bir-birinə dəymirdi. Ayrı yatırdıq. Mənə sığındı, bərk-bərk qucaqladı, hıçqırır, içini çəkir, göz yaşları və bədəninin müxtəlif yerlərindən axan qanı üstümə süzülürdü. Qəribə hisslər keçirirdim. Axır vaxtlar başım sifarişli, rüşvətli, tapşırıqlı hökm və qətnamələri yazmağa elə qarışmışdı ki, ruhən, psixoloji olaraq üzülür, bəzi işlərə görə keçirdiyim qorxu və stressdən evə üzgün, yorğun halda gəlirdim. Onun qadın kimi təbii tələbatlarını, ruhi ehtiyaclarını ödəyə bilmirdim. Bunun da fərqində idim. Evə çox vaxt qəsdlə gec gəlirdim ki, o yatmış olsun. Kişilik qürurumun zədələnməsinə səbəb olmasın. Bağışla ki, belə açıq danışıram səninlə. Danışmasam, daha pis olar mənə. Dərdimin, faciəmin səbəblərini bilməyini istəyirəm, çünki tək mən deyiləm bu halda olan. — dedi, fikrə getdi və asta-asta davam etdi: – Həyat yoldaşım sağlam bədənli, həyat, nəşə dolu bir qadındır. Gözəl qadındır. Həqiqətən gözəldir, hərtərəfli gözəldir. Bəzən, qadınların belə, həsədlə onun arxasınca baxdıqlarının şahidi olmuşam. Əslində, bizim indiki duruma düşməyimizdə mən özüm günahkaram. Ancaq, … ancaq tutaq ki, mən pisəm, bəs o özü? Namus məgər kişi üçün qorunmalıdır ki? Kasıb vaxtlarımızda, daha doğrusu, evimin qapısından rüşvət, haram tikə girənədək başqa cür idi. Sonra ilk rüşvət, ilk 5 kiloluq mal əti, 3 kiloluq quzu əti, yeşiklər, karobkalarla alınan meyvələr, ləziz yeməklər, bahalı hədiyyələr, restoranlar, sanatoriya və kurortlar. İkinci rüşvətdə yaxşı qazanmışdım. Pulu arvadıma verəndə, o nazlana-nazlana: “Ürəyim, çoxdandır mənə nə qızıl, nə də … bir şey alırsan” – dedi. “Brliant” demək istəyirdi, demədi. Haqlı idi. Halal əmək haqqımla çoxdandır ona bahalı bir şey almamışdım. O başlanan başladıq. Hər dəfə evə pul gətirəndə özünə nəsə bəzək əşyası alırdı. Bahalı-bahalı. “Dar günümüzdə lazım olar” deyirdi. Hakim arvadı olan rəfiqələri ilə görüşəndə daha əvvəlki kimi sıxılmır, alnı açıq gəzirdi. Həəə, alnı açıq. Qadınların bər-bəzəyə olan meylləri, onların ən zəif yerləridir.
O bu barədə danışdıqca, istər-istəməz keçmişi xatırlamalı oldum. Mənim həyat yoldaşım öz nişan üzüyünü 1989-cu ildə “meydan hərəkatı”na yardım üçün göndərib, hələ də ona yenisini ala bilməmişəm. Heç yada salıb istəmir də. Qeyri-ixtiyari ürəyim sıxıldı.
O isə davam edirdi:
- – Arvadım tələb etdikcə, mən aldım, aldıqca da, daha çox rüşvətə ehtiyac yaranırdı. Bir azdan da, hər gün evdən çıxanda o günlük qazancım haqqında düşünürdüm. Axşam işdən evə qayıdanda da, indi yad kişinin qoynunda qıvrıla-qıvrıla yatan xanımıma hesabat verirdim. Xanımıma, bəli, ona. Bir gün təcrübəli hakim dostlarımdan biri çox ağıllı məsləhət verdi mənə: “Qazancının hamısını arvada bildirmə, pulunun da hamısını bir evdə toplama, kənarda bir qadın saxla. Belə qadınlar daha sədaqətli, səni hər an itirmək qorxusundan, it kimi sənə bağlı olurlar”. Tezliklə belə bir qadın da tapdım. Dörd mərtəbəli bir villa, 160 min manata xarici maşın və gözəl bir bağ evi aldım ona. Ərindən boşanmışdı. Cəmi 6 ay ərdə olmuşdu. Uşağı da yox idi. Ancaq çoxlu rəfiqələri var idi. Tez-tez onları qonaq çağırırdı. Özümü onların əhatəsində rahat hiss edirdim. Allah müxalifəti var eləsin. Onlar fəallaşdıqca, tapşırıqlar və ona uyğun da rüşvətin məbləği artırdı. Ona görə də, arvadım kənara gedən pulları hiss etmirdi. Bir gün başa düşdüm ki, arvadım kənardakı həyatımdan xəbər tutub. Kimsə satmışdı məni. O isə, qətiyyən üstünü vurmurdu. Bir gün dedi ki, rəfiqəsi ilə kurorta getmək istəyir. Mənim də ürəyimdən oldu. Rahatca kef çəkə bilərdim. 50-60 min dollar götürüb getdi. Evdən çıxanda, düzü, rəfiqəsinin kim olduğunu da soruşmadım. İspaniyaya getməyi planlaşdırmışdılar. 15 gündən sonra 50 min dollar da göndərməyimi istədi. Mən də göndərdim. O gələnə qədər bağda o ki var, o biri qadınla dincəldim. Dincəldim deyəndə ki, saat 23-24-dək qətnamə, hökm, qərardad yazmaqla keçirirdim. Ondan sonra da, 1-2 saat istirahətə vaxt ayırırdım. Əslində, yenə də üzülürdüm. Sadəcə olaraq, dəyişiklik mənə az da olsa kömək edirdi. Arvadım bir aydan sonra gəldi. Hər ikimiz nə isə baş verdiyini, münasibətlərimizdə çox ciddi dəyişikliklərin olduğunu hiss edirdik. Ancaq özümüzü “müasir”, “mədəni” insanlar kimi aparırdıq. Ona pul və mənsizlik, mənə isə onsuzluq və dəyişkənlik lazım idi. O gecə gördüyü yuxu barədə danışdıqları indi də qulağımda səslənir: “qızımla göy bir çəməndə, meşənin qırağında gəzirdik. Birdən, meşədən bir sürü adam çıxıb bizə hücum etdilər. Kişili-qadınlı bizi yaxalamaq üçün dalımıza düşdülər, biz qaçır, onlar qovurdular. Gördüm çatırlar, qızıma dedim meşəyə qaçsın. 3-4 qadınla 5-6 kişi onun dalınca cumdular, qalanları yenə məni təqib etdilər. Yaxalayan kimi, yerə yıxıb, üst-başımı cırıq-cırıq etdilər. Əvvəl qadınlar başladı. Biri üzüyümü, biri boyunbağımı, o biri qolbağımı dartıb çıxardır, qulaqlarımı cıraraq, sırğalarımı pay-püş edirdilər. Cəmilə adlı birisi dedi ki, ərin mənim evimi qanunsuz olaraq başqasına verib, mən uşağım öləndə yas mərasimi keçirtmək üçün yer tapa bilməmişəm. Tamella adlı bir yaşlı, nurani qadın dedi ki, ərin biz dörd bacının Gəncədəki ata yurdunu alıb hansısa deputatın xalası oğluna verib. Bir ayağı şikəst olan qadın isə bağırdı ki, ərin mənim qanuni evimi qonşuya verməmək üçün məndən səkkiz min manat alıb, ver mənim pulumu, uşaqlarım acından ölür. Mən yerdə, torpağın üstündə, tikanlar içində eşələnir, özümü onlardan qorumağa çalışırdım. Qadınlar hərəsi bir şey götürüb mənə tüpürə-tüpürə geri çəkildilər. Sonra kişilər yaxınlaşdı. Enli bığları olan, bütün bədəni tüklə örtülü, ayıya oxşayan biri mənə yaxınlaşaraq, iri, mazutlu, çirkli əlləri ilə bir anda dartıb bütün paltarlarımı cırıq-cırıq edib kənara atdı. Lüt qaldım. “Bu gözəl bədəni sənin ərin mənim pulumla aldığı firmenni gecə köynəkləri ilə qoruyub mənə saxlayıb.” – deyə, məni zorladı. Başqa kişilər də, hərəsi bir tərəfdən üstümə düşdü. Hamısı da deyirdi ki, “ərin səni də, qızını da bizim pulumuzla saxlayıb, siz həm də bizimsiniz, ərinlə şərikik”. Kişilər geri çəkiləndə 4-5 yaşlı bir körpə uşaq yaxınlaşdı. Məni süzdü, süzdü və dedi: “sənin ərin, mən hələ doğulmamışdan, atamı yalançı şahidlərin ifadəsi ilə türməyə göndərib. Atam orda ölüb, anam isə məni saxlaya bilmədiyi üçün məni yetimxanaya verib. Mən indi atasız və anasızam”. Bu sözləri deyəndən sonra, uşaq mənim üst-başıma işədi, məni mundarladı. Sonra baş verənləri isə danışmağa qorxuram”. Bu qorxunc yuxusunu danışdıqdan sonra yoldaşımdan çıxan hıçqırıqlar hələ də qulaqlarımda səslənir. Arvadım yuxusunu danışıb qurtarandan sonra, qeyri-ixtiyari olaraq, ona verdiyim sual ikimizi də təəccübləndirmişdi: “Bəs qızımıza nə etdilər, ona nə oldu?”. Hə, yoldaşım bir də dedi ki, bir qoca kişi də olub adamların içində. O da əlindəki əsanı onun alnına taqqıldada-taqqıldada deyib ki, guya onun nəvəsini mən qanunsuz həbs etdiyim üçün, ürəyi partlayıb ölüb. O dünyada gözləyir ki, mən ora gedən kimi, mənim ürəyimi öz uşaqlarıma yedirtsin. Arvadımın dediyinə görə, şikayətçi, iddiaçı, gileyli o qədər adam olub ki, hamısını yadda saxlaya bilməyib. Nə isə… Bir dəfə evə gələndə gec idi. Saat 23:30-da sonuncu hökmü yazıb qurtarmışdım. Evə çatanda bildim ki, qapının açarını özümlə götürməmişəm. Arvad-uşağı narahat etməmək üçün “saxlama”mın yanına getmək qərarına gəldim. O, bağda tək qalırdı. Bağda gözətçi də var idi deyə arxayın idim. Qorxmurdu. Saat 01:30-da bağa çatdım. Darvaza açıq idi. Fikirləşdim ki, yəqin gözətçi yaxındakı dükana gedib. Həyətə girdim. Bağın aşağı tərəfindəki sauna kompleksinin işıqları yanırdı. Fikirləşdim ki, yəqin yadlarından çıxıb söndürməyiblər. Dedim əvvəl oranı söndürüm, sonra evə qalxaram. Yaxınlaşanda isə gördüklərim məni sarsıtdı. Mənim pulumla yeyib qızışan bu qancıq gözətçi ilə saunada kef çəkirdi. Əvvəl istədim içəri girib hər ikisini də baltalayım. Qəzəbdən boğulurdum. Elə qızışmışdılar ki, darvaza yadlarından çıxmışdı. Saunanın da qapısını açıq qoymuşdular. Bir az durub dinlədim. Arabir mənim arxamca söyüş də söyürdülər. Qızım gözlərim qarşısına gəldi. Sanki birdən ayıldım. Bu qadın mənim nəyim idi ki, sadəcə, bir fahişə, başqa heç kim. Bir fahişəyə görə həyatımı məhv etməyə dəyərdimi? Gül kimi işim, qazancım, firavan həyatım. O qədər qadın var ki bu dünyada. Olmasın bu, olmasın o birisi. Ona aldığım villa, maşın, bağ evi, qızıl-brliantlar məni ağrıtsa da, bu hiss də tez keçdi. Dədəmin pulu ilə almamışdım ki. Astaca geri qayıtdım. O gecəni maşınımda keçirtdim. Düzdür, sonra yenə də onu saxladım. Fikirləşdim, başqa birisinə o qədər xərc çəkməkdəndirsə, bu var daa. Nə fərqi var. Təzə tapacağım bundan yaxşı olmayacaq ki. Hamısı eyni şeydir. Ürəyimdə ona bəzən haqq da qazandırırdım. Cavan qadın idi. Mənsə, qətnamə, hökm, rüşvət və hər an məni təqib edən qorxu stresindən onu ürəyi istəyən kimi bir kişi olaraq təmin edə bilmirdim.
ALLAH türklərin evini yıxsın
Onun bu söhbətlərindən ürəyim bulanır, qanım qaralır, özümü zorla tuturdum. Yaxşı ki, mövzunu dəyişdi və davam etdi:
- Qızım mənim göz bəbəyimdir. Bu həyata məni bağlayan, bəlkə də, tək ona olan məhəbbətimdir. Qızımı çox sevirəm. İstəyirdim yaxşı təhsil alsın, xaricdə oxusun, yüksək səviyyəli mütəxəssis – beynəlxalq hüquq üzrə kadr kimi yetişsin. Bəzi dostlarımla əvvəlcədən danışmışdım da. Avropa məhkəməsində işə düzəltməyə söz vermişdilər. İstənilən xərci ödəməyə hazır idim. 9-cu sinifdə onu Türk Liseyinə qoydum. Bizim məktəblərdəki vəziyyəti bilirsən dəə. Allah bu Türklərin də evini yıxsın, məktəblərini bağlasın. — o dayanmadan danışırdı deyə, mən “niyə”sini soruşmaqla fikirlərinə mane olmaq istəmədim – Qızım iki aydan sonra namaz qılmağa başladı. O günə qədər tanımadığı, bir dəfə də olsun qapısını açmadığı bibisini, şikəst dayısını və rayonda yaşayan başqa qohumlarımızı yoluxmaq üçün onlara baş çəkdi. Ramazandı, nədi, o ayda, dini bayramlarda bəzi qonşularla, qohumlarla get-gələ başladı. Qız elə bil birdən-birə dəyişdi. Başım işə qarışmışdı deyə, mən olanları biləndə artıq gec idi. Çox gec. Qızım hicab taxırdı. Mən isə hicaba görə mitinqə çıxan gəncləri narkaman kimi şərləyib həbsxanalara doldururdum. Bir gün ayıldım ki, mənim 14 otaqlı evimdə, bir qapının arxasında bir-birinə zidd 3 mədəniyyət, 3 dünya görüşü və 3 əxlaq var. Əsl tolerantlıq nümunəsi. Müsəlman qızım, dinsiz ata və pula, qızıla, brlianta sitayiş edən ana – bilmirəm ona ana deyim, qadın deyim, ya nə deyim? Bir bazar günü, necəsə, üçümüz də eyni vaxtda evdə olduq. Qızım günorta saat təqribən 13:30-14:00-da namaz qılandan sonra, özünün asta, həzin, qəlb oxşayan, ürkək, gözəl səsi ilə: “ata, səndən bir şey öyrənmək istəyirəm, olarmı?” – deyə, mən oturduğum divana bitişik kresloya yaxınlaşdı. “Niyə olmur, mələk qızım.” – dedim. “Sənin əmək haqqın nə qədərdir?” – deyə, birbaşa mətləbə keçdi. “1200-1500 manat olur, mənim balam. Bir azdan 2500-2800-ə qaldıracaqlar.” – cavab verdim.
Aramızda söhbət belə davam etdi:
O: – Əmək haqqın 1500 manatdırsa, bu evimizi, maşınlarımızı, hansı pulla almısan bəs? Anamın iki gündən bir aldığı brliantlar, qızıllar hansı pulla alınır? 3-4 ay bundan qabaq, anamla birlikdə, mənə bəzi şeylər almaq üçün ticarət mərkəzinə getmişdik. Çox-çox üzr istəyirəm, mənə bir firma gecə alt paltarı dəsti aldı – 2800 manata. Özünə də 4200 manatlığından götürdü. Mən başa düşə bilmirəm. Axı sənin əmək haqqınla düz gəlmir bunlar.
Mən: – Mələyim mənim, sən daha yaxşılarına, bahalılarına layiqsən. – deyə, özümü elə apardım ki, guya onun məqsədini anlamadım.
O: – Yox, sən məni, deyəsən, başa düşmədin. Mənə verdiyin dəyərə görə çox sağ ol, ata. Ancaq mən hesab eləmirəm ki, mənim dəyərim geydiyim paltarların, taxdığım bəzəklərin qiyməti ilə ölçülür. Mən də bibim qızları, dayım uşaqları kimi 5-10 manatlıq paltarlar geyə bilərəm və bununla mənim dəyərim, xarakterim, dünyaya baxışım dəyişməz. Mən soruşuram ki, bizim evdə xərclənən bu böyük məbləğli pullar haradandır, mənbəyi məni maraqlandırır, atacan.
Mən: – Qızım, mənim gəlirim tək hakimlik maaşım deyil ki. Başqa yerlərdən də gəlirim olur axı.
O: – Haradan? – qısa və kəskin, müstəntiq kimi.
Mən: – Obyektlərim var, qızım. O obyektlərdən mən ayda 100 minlərlə gəlir götürürəm, – yalan danışmağa məcbur idim.
O (deyəsən əl çəkmək fikri yox idi): – Ata, qurban olum sənə, mən sənin tək qızınam. Tək bir dənə də oğlun var. Sabah, Allah eləməsin, başını yerə qoysan, sənin varislərin biz olacağıq, elə deyilmi? Bəs, bu obyektlərdən mənim niyə xəbərim yoxdur? Anam da bu günədək bu barədə bir söz deməyib.
Anası kənarda oturub qulaq asır, qarışmırdı söhbətə. Təzə aldığı 32 min manatlıq brliant komplekti ilə məşğul idi. Sırğalarını sığallayırdı asta-asta.
Mən: – Vaxtı gələndə hamısını görəcəksən, qızım. – vəziyyətdən birtəhər çıxmaq istəyirdim – Sən indilik dərslərinə fikir ver, mənim gözüm, bəbəyim, başımın tacı.
O: – Ata, mən artıq uşaq deyiləm, mənimlə belə danışma. Sənə bir ata kimi olan hörmət və inamımı zədələmə. Mənimlə dürüst ol, xahiş edirəm, yalvarıram. – deyə, anasına döndü:
— Sən niyə susursan, ana? Deyə bilərsənmi, bu bahalı daş-qaşları hansı gəlir hesabına alırsan belə? O obyektlərdən, heç olmasa, sənin xəbərin varmı? – israrla soruşdu.
Anası: – Ay qız, bəsdir başımızı apardın. Prokuror olub bizə. Get otur dərslərini hazırla. Verirlər ye, gey, yaşa, nə istəyirsən artıq? Bibinin, dayının uşaqları kimi dilənçi günündə yaşasaydın yaxşı olardı? O kişinin əlini-ayağını öp ki, sənə belə şərait yaradıb. Nə düşübsən kişinin üstünə?
O: – Nə? Kişi? – Qızım mənalı-mənalı anasının gözünün içinə baxa-baxa soruşdu. — Atam sənin üçün nə vaxtdan kişi olub, ana, bəlkə bunu da deyəsən?
Arvadım bir anlığa rəng alıb, rəng verdi. Özünü itirdi elə bil. Tez də toparlanıb: “rədd ol, çıx bu otaqdan, get öz otağına, dərslərini elə, tez ol !” – deyə, qızı qovmağa çalışdı.
Qızım isə, deyəsən, axıradək döyüşmək qərarı vermişdi. Gözlərindən yaş axa-axa üzünü mənə tutdu:
— Ata, bilirsənmi sizdən bunları niyə soruşuram? Bu gün Litseydən çıxanda bir qoca nənə qabağımı kəsib, sənin qızın olub-olmadığımı soruşdu. Mən də, “bəli, filan hakimin qızıyam.” – dedim. O, mənə baxdı-baxdı, sonra da sol əlinin üstünə sərdiyi yaylığının altında saxladığı sağ əlini və əlində tutduğu bir banka mayeni mənə göstərib dedi: “Qızım, Allah günahımdan keçsin, gəlmişdim bu bankadakı “kislata” ilə sənin sifətini yandırıb kor edim, qızımın intiqamını, qisasını alım. Ancaq sənin bu hicablı, nurlu üzünü görəndə, fikrimdən daşındım”. Səbəbini soruşdum, dedi: “Atan mənim qızımı, 17 il gəlin kimi yaşadığı əri evindən 3 uşağı ilə çıxarıb küçəyə atdı. Qızım dərdə dözməyib, özünü bu “kislata”nı içməklə öldürdü. 3 uşağı anasız-yetim qaldı. Balamın iyini nəvələrimdən alırdım. Atan onu da mənə çox gördü. Uşaqları alıb kürəkənimə, atalarına qaytardı. Qızımı evindən çıxartmaq üçün atan kürəkənimdən 20 min manat almışdı. Çünki evləri çox bahalı idi. Oğlum bu haqsızlığa dözməyib, kürəkənimlə danışıb, heç olmasa, uşaqlardan birini mənə verməsi üçün onunla danışığa getdi. “Arxalı köpək qurd basar”. Nazir müavini olan atasına arxalanan kürəkənim, oğlumu elə öz evinin həyətindəcə vurub öldürdü. Cavandırlar. Bir-birilərinin sözləri boğazlarından keçməyib. Oğlumun da iki körpəsi yetim qaldı. Düşmənçiliyin qarşısını almaq üçün mən razılaşdım ki, kürəkənimi də həbs edib balalarını başsız qoymasınlar. Oğlumun yetimlərinin haqqını ödəsinlər barışaq. O iki tifillə gəlinim çöllərdə qalmasın. Razılaşmışdıq. Bu dəfə də, atan kürəkənimin atasından 100 min manat rüşvət alıb, buna imkan vermədi. Hökmü elə çıxartdı ki, guya oğlum kürəkənimi öldürmək istəyirmiş, o da özünü müdafiə edib. Sonra da, dünən qudam mənə etiraf etdi ki, atan ona deyibmiş ki, zərərçəkmişə milyon da versən, məhkəmənin haqqı çatmasa, oğlunu həbs edib 15 il verəcəyəm. Zərərçəkmişlə barışmağının xeyri yoxdur onsuz da. O da məcbur qalıb, mənim o 2 tifilimin anasına ödəmək istədiyi 100 mini atana verib oğlunu xilas edib. Mən də, bu qoca vaxtımda, xəstə halımla oğlumun iki yetimini böyütmək üçün dilənməyə məcbur olmuşam. Mən nə işləyə bilərəm ki bu yaşımda? Ona görə də, məni bu hala salan atanın özünə əlim çatmasa da, qızından qisas almaq qərarına gəlmişdim. Üzündəki bu nuru görüb, bu hicabına səni bağışladım, qızım”. – bunu deyib hıçqıra-hıçqıra ağladı. O, dönüb getdi. Bütün bu söhbətləri isə, yanımda olan 4 nəfər kurs yoldaşlarım eşitdilər, istəmədən hər şeyin şahidi oldular. Budurmu sənin obyektlərin? Həə, budurmu, sənin əlavə gəlir yerlərin, ata?” – deyə, uca səslə ağlaya-ağlaya öz otağına qaçdı. Qapını örtüb yoxa çıxanadək mən özümə gələ bilmədim. Açığı, əvvəllər belə deyildi. Hakim dostlarımızın uşaqları ilə oturub-duranda özünü çox normal aparırdı. Bu lənətə gəlmiş türk litseyinə gedəndən 2-3 ay sonra belə oldu. Uşaq tamam dəyişdi. Əvvəlki kimi, hakim ailələri ilə get-gəldən qaçmağa, xəstə, kasıb qohum və qonşularla əlaqə saxlamağa başladı. Namaza da başlayandan sonra tamam dəyişdi. — bir qədər ara verib davam etdi:– Elə nə oldusa, o gecə oldu. Qızım öz otağına gedəndən sonra, arvadımla xeyli səssiz oturduq. Heç nə danışmadıq. Kəlimə də kəsmədik. Nə baş verdiyini ikimiz də yaxşı bilirdik. Bir azdan biz də yatmağa getdik. Təzəcə yuxlamışdım ki, həmin o inilti, yalvarış, müqavimət, şəhvani səslər yenidən eşidilməyə başladı. Bu dəfə səs qızımın otağından gəlirdi. Eyni səslər, eyni sözlər, eyni inilti və eyni çığlıqlar. Arvadım yatırdı. Mən dərhal yatağımdan qalxdım. Maykasız yatmağa adət etdiyim üçün, bir tursikdə idim və geyinməyə vaxt itirmədən qızımın otağına cumdum. İşığı yandıranda yenə də qanım dondu, şok oldum. Qarşımda eyni mənzərə var idi. Bütün bədəni qan içində, cırnaq-cırnaq olmuş qızım döşəmədə o tərəf-bu tərəfə hellənir, kimlərdənsə müdafiə olunurmuş kimi nizamsız əl-qol atır, gah inildəyir, gah “gəl-gəl”, gah da “yox-yoox-yooox”, – deyə, öz bədəninin müxtəlif yerlərini didir, cırmaqlayırdı. O, tamam lüt idi. Alt paltarları cırıq-cırıq olmuş halda otağına səpələnmişdi. Mən qızımı arxasından bərk-bərk qucaqladım. Qollarım arasında çabalayır, xilas olmağa çalışırdı. Ayağa qaldırdım. Onu yatağına doğru sürüyürdüm. Mən tək bir tursikdə idim, qucağımda da lüt qızım. Arxadan səs eşitdim. Dönəndə, qəzəbdən gözləri həlqəsindən çıxmış arvadımın mənə hücum etdiyini gördüm. “Bir bu qalmışdı?” – deyə, üstümə atıldı. Nəyləsə başımdan vurdu. Huşumu itirməmişdən qabaq son sözlərini eşitdim: “Doğma qızını zorlamaq istəyən qurumsaq”. Ayılanda qızımı yatağında, anasını isə onun başı üstündə gördüm. Qızımın bədənində caynaqlanmayan yer qalmamışdı. Əllərinə baxdım. Onun dırnaqları yox idi. Qızım, ümumiyyətlə, bəzi qızlar kimi dırnaq saxlamağı xoşlamazdı. Bədəni isə başdan-başa dırnaq izi idi. Ayılandan sonra, yuxuda başına gələnləri danışanda mən dəhşətə gəldim. Təqsirkar mən idim. Hamısı mənim üzümdən olmuşdu. Arvadımın o vaxt dediklərindən fərqli bir onu dedi ki, meşədən ağ saqqallı, başı çalmalı, üzü nurlu yaşlı bir kişi çıxıb, ona hücum edən, zorlamaq istəyən kişiləri qovub, əlindən tutaraq: “Qalx, sənə zaval yoxdur, sən qurtulanlardansan !” – deyə, onu hicabla örtüb. Sabahısı qızım evə gəlmədi. Arvadım dedi ki, Litseydə qızlarla bir yerdə qalmağa qərar verib. Orada özünü daha yaxşı hiss edir. Bir söz demədim. “Bəlkə, belə daha yaxşıdır, qoy özünə gəlsin, olanları unutsun.” – deyə, razılaşdım, etiraz etmədim. Təki oxusun.
Mən oğraşam, oğraaaaaaşş !!!
Ancaq arvadımın o gecəki hərəkətlərini və çıxartdığı səsləri unuda bilmirdim. Əslində, qızı ilə nə baş verdiyini hamıdan yaxşı bilən arvadımın hərəkətləri mənə qaranlıq qalmışdı. Həmin günün sabahı bunun səbəbini soruşanda, eşitdiklərim məni şoka saldı: “Mən gördüm ki, sən onu zorlamaq istəyirsən. Gözlərimə inanım, sənə? Bir tursikdə lüt qızı qucaqlamaqda məqsədin nə idi? Lazım gəlsə, mən sənin nazirinə də, əlaqədar orqanlara da, lap “yuxarı”ya da yazacağam. Özün bilərsən, işini bil”. “Lazım gəlsə !” – o məni şantaj edirdi. Açıqdan-açığa və həyasızcasına, lap sənin o vəkil yoldaşının məhkəməsində yalan ifadə verən şahidlər kimi, üzümə dururdu. Əslində, mən bunun səbəbini fəhmən, təhtəlşüur olaraq duyurdum. Şübhələnmişdim. Ancaq faktım, sübutum yox idi. O da bu gün oldu, – mənə diqqətlə baxdı, sanki yoxlayırdı görsün mən yatmışam, yoxsa ona qulaq asıram – bu gün saat 18:00-da qızımdan zəng gəldi. Litseyə köçəndən ilk dəfə idi ki mənimlə əlaqə saxlayırdı. Sevincdən bilmədim nə edim. Telefonu açan kimi, qızım salamsız-kalamsız, bir nəfəsə dedi: “Ata, ömründə bir dəfə kişi ol. Heç olmasa bu gün o məhkəmə adlı obyektindən tez çıx, evinə get. Çalış ki, saat 21-də öz evinin qapısında olasan.” – cavab gözləmədən də telefonunu qapatdı. Bu müəmmalı zəng məni silkələdi. Əlimdə olan bütün qətnamə, hökm və qərarları seyfə yığıb məhkəmədən çıxdım. İş yoldaşlarım hamısı mənə təəccüblə baxırdılar. Son 10 ildə ilk dəfə idi ki, mən işdən vaxtında çıxırdım. Şəhərdə bir az fırlanıb, saat 21:30-da evə getdim. Mənzilin qapısını açmaq istədim. Açar deşiyinə girmədi. Nə qədər əlləşdim qapını aça bilmədim. Başa düşdüm ki, içəridən açarı üstündə qoyublar deyə, bu tərəfdən açar girmir. Arvadıma zəng elədim. Telefonun səsi içəridən gəldi. Evdə idi. Hiss etdim ki, kimsə asta-asta qapının gözlüyünə yaxınlaşıb baxdı. Çünki, gözlüyün rəngi ani olaraq dəyişdi. Mən yenə təkrar-təkrar zəng etdim. Qapının zəngini də dəfələrlə basdım. Arvadım hiss etdi ki, əl çəkən deyiləm. Qapının qabağında gözləyirəm. Bir azdan əl telefonuma zəng gəldi: “Ay qızını zorlamaq istəyən oğraş, nə istəyirsən, deməmişəm evə gələndə əvvəl zəng elə. Get gəz, get o günahsız adamlara hökm yaz, lazım gələndə, mən sənə zəng edərəm, gələrsən, kişi olub mənim üçün, qeyrətə gəlib dəyyus”. Mən, həqiqətən özümü itirmişdim. Nə etmək lazım olduğunu bilmirdim. “Lazım gələndə”ni elə vurğuladı ki, yəni lazım gəlsə, “yuxarı”lara yazacaq.
Bir dəfə də, təsadüfən arvadımın gündəliyi əlimə düşmüşdü. Sən demə, evə nə vaxt, nə qədər pul gətirirəm hamısını yazır. Başa düşdüm ki, lazım gəlsə, o dəftər də işə düşər. Artıq mənim üçün hər şey aydın idi. Mən öz qapımın dalında durub arvadımla aşnasının rahat kef çəkmələri üçün gözətçilik etməli idim. Buna isə qeyrətim yol vermədi.
Mən ürəyimdə: “Bərəkallah sənin qeyrətinə!” – dedim.
O, susdu, xeyli vaxt danışmadı. Mən isə qarşımda oturan bu canlını qətiyyən başa düşə, anlaya bilmirdim. O, hansı millətin nümayəndəsi idi? Nə tip adamdır? Harda, necə yetişib? Onu bu hala salan mühit necədir? Nə baş verir bu millətlə?
Sanki gözlərimdən bu sualları oxudu. Sağ ayağını sol ayağının üstünə aşırıb, arxaya söykənərək dedi:
— Sənə qəribə gəlir, hə? Bəlkə də mənə heç inanmırsan. Ancaq inan, inan mənə, indi Azərbaycanda minlərlə mənim kimi kişiciyəz var. Qəti deyə bilərəm ki, rüşvət alanların 90 %-i bu vəziyyətdədir. Son 35-40 ildə, sanki əvvəlcədən düşünülmüş plan əsasında, mənim kimi adamlar sürüsü yetişdiriblər. Hamı şantaj və təhdid altındadır. Bir dəfə bir yaraşıqlı, hündürboy, idmançı bədəni olan oğlanın mülki işində kömək etdim. Adətimin ziddinə, nəsə yaxınlaşdıq. Bir gün yeyib içəndə, bir az artıq içdi deyəsən. Dili açıldı. Harada işlədiyini soruşdum. Dedi ki, pornofilm çəkməklə məşğul olur. Mən təəccübləndim. Soruşdum ki, məgər bizdə belə film çəkən studiyalar var? Dedikləri məni şoka saldı. Sən demə, 50 gözəl qadın və 50 yaraşıqlı oğlandan ibarət bir qrup var. Onların işi vəzifədə olan, xüsusi xidmət orqanlarının marağında olan və siyasi rəqib hesab edilən adamları həmin gözəl qızların və oğlanların vasitəsilə ələ almaq, onlarla görüşüb gizli videoya çəkməkdir. Dediyinə görə, müəyyən orqanlarda bir vaqon belə kasset toplanıb. Həm də, tək o vəzifəli şəxslərin özlərinin yox, həm də ailə üzvlərinin: arvadlarının, qızlarının və oğlanlarının. Sən demə, bu məqsədlər üçün milyonlarla pul ayrılır. Ancaq bu pul batmır. Şantaj edəndən sonra, məsələn, qadın-qızları ələ alandan sonra, onlara verilmiş bütün bahalı hədiyyələr, xərclənən pullar artıqlamasıyla geri alınır. Onun deməsinə görə, müxalifətdə bəzi adamların mövqe dəyişməsi, yeri gələndə susması və sonadək getməmələrinin, eləcə də, vəzifədə olanların köpək sədaqətinin əsl səbəbi bu imiş. Yəni demək istəyirəm ki, mən tək deyiləm bu məmləkətdə. Sadəcə olaraq, mən özümdə güc tapıb, başıma gələnləri sənə danışa bildim.
- Etimadına görə çox sağ ol. İndi sən xanımının zəngini gözləyirsən ki, o icazə versin, sonra evinə gedəsən? – deyə, ehtiyatla soruşdum.
- Mən elə ləyaqətsiz adama oxşayıram, səncə? – deyə, dik gözümün içinə baxdı.— Mənim mənliyim, qürurum, kişiliyim var.
Mənə elə gəldi ki, onun ağlı qaçıb, dəli olub. Nə dediyini anlamır deyəsən. Bu adamın dəyərlər sistemi ilə mənimki tamam fərqlidir. Ya da, bəzi anlayışları fərqli dərk edirik. Yenə də, ehtiyatla soruşdum:
- Heç olmasa, bu qədər həngamədən sonra, başına gələnlərin səbəblərini bilirsənmi, bu barədə heç düşünübsənmi?
- Nə səbəb? Yəqin zatı xarab imiş. Nəslində əxlaqsızlıq var imiş, ona görə. Ya nənəsi, ya da ulu nənəsi fahişə olub yəqin. – dedi.
- Axı, etiraf etdin ki, sən özün də düz yolda olmamısan. Əxlaqsız qadın saxlamısan.
Susdu, çiyinlərini dartdı. “Eh, nə bilim” – deyə, dərin bi ah çəkdi.
- Mənə diqqətlə qulaq asa bilərsənmi, bir azdan günəş doğacaq, mən çox qala bilmərəm, getməliyəm: – dedim.
- Buyur, buyur, niyə qulaq asmıram? Elə buna görə səni bütün gecə burada saxlayıb, dərdimə şərik etməmişəmmi? – deyə, sol dirsəyini oturacağın arxasına söykəyərək, mənə tərəf döndü, – eşidirəm, danışın.
- “Sağlam bədəndə sağlam ruh olar” məsəlini yəqin eşidibsən!
- Eşitmişəm – qısa cavab verdi.
- Bunun tərsi də belə olar da yəqin: “Xəstə bədəndə xəstə ruh olar”. Elədirmi?
- Elədir. Bəli.
- Səncə, sağlam bədəndə xəstə ruh ola bilərmi?
- Onda əvvəlkinə zidd olur axı. Demək istəyirsən ki, məsəl səhvdir?
- Yox, elə-belə fikir yürüdürəm. Ya da fiziki cəhətdən xəstə olan adamların ruhları da mı xəstədir? Bu məsələ görə belə olmalıdır əslində.
- Yox, mən elə hesab etmirəm, – cavab verdi yoldaş hakim.
- Deməli, bu məsələdəki “bədən” nədisə, yalnızca fiziki, bioloji bədən, gövdə, qol-qıç, baş-ayaq deyil, elə deyilmi?
- Elə çıxır.
- Ya da məcazi mənada deyilib.
- Ola bilər.
- İslam dininə görə, insan fiziki bədəndən və ruhdan ibarətdir. “Allah insanı qurumuş palçıqdan (gildən) yaratdı, sonra ona ruh pülədi, “ol” dedi oldu”, “ana bətnində bir laxta qan ətə, sonra sümüyə çevrilir, sonra sümük ətlə örtülür, sonra ona ruh verilir” təqribən belə deyilir Quranda. Yadımda qalan budur. Cism və ruh. Tibb alimləri cismin, bədənin, yəni insanın fiziki hissəsinin xəstəliklərinin min bir səbəbini tapıblar. Məsələn, A, B, C virusu, donuz, quş, ebola nə bilim hansı viruslar. Elədirmi?
- Bəli, elədir.
- Ancaq rəsmi təbabət ruhun xəstələnməsinin bircə səbəbini də hələ tapa bilməyib və bilməyəcəklər də. Bilirsən niyə?
- Yox, bilmirəm. Niyə?
- Çünki, Quranda deyilir ki “Ya Məhəmməd! Səndən ruh haqqında soruşurlar, de ki, o barədə mənə çox az bilgi verilib. “O” bilir”. Yəni ruh da, qeyb kimi, Allahlıqdır, bəndəlik deyil. Bəndə onluq olmayan şeyin xəstəlik və ya sağlamlaşdırmaq səbəbini necə öyrənə bilər?
- Ağlabatandır. – dedi.
- Ancaq ruhun xəstəlik səbəblərini və onu sağaltmağın bütün yollarını Allah Qurani Kərimdə göstərib.
- Doğrudan? – deyə gözlərini bərəldib mənə baxdı. – Onda, bu psixi xəstələri niyə sağalda bilmirlər bəs?
- Psixi xəstəlik başqadır, ruhi xəstəlik başqa. Quran insanın ruhu ilə bağlı qaydaları müəyyənləşdirir, yəni əxlaq, davranış, dəyərlər. Psixika tibb elminin obyektidir. Ruh isə dinin.
- Heç nə anlamadım düzü, incimə, yoldaş vəkil.
- Yox, niyə inciyirəm ki. Baxın, sənin, arvadının və oğlunun hərəkətləri psixi xəstəlikdirmi?
- Nə psixi xəstəlik, qardaş, biz hamımız sağlam, ağlı başında olan adamlarıq.
- Mən də elə hesab edirəm. Sizə dəli demək, özü dəlilikdir.
- Əlbəttə!
- Özünüz etiraf etdiniz ki, Sizin ağlınız da başınızdadır.
- Yoxsa, buna şübhə edirsən, vəkil qardaş, – gülümsəmək istədi, deyəsən içindən gülüş gəlmədi.
- Qətiyyən! Mən tam əminəm ki, bu ölkədə bütün rüşvətxorların və fahişələrin ağlı yerindədir. Sadəcə olaraq, ağıllarını səhv istiqamətə işlədirlər, ya da düz işlətməyin yollarını bilmirlər, necə yaşamaq lazım olduğundan xəbərsizdirlər. Bu isə psixi yox, ruhi məsələdir. Onların ruhu xəstədir. Ruhlarına virus düşüb.
- O nə virusdur elə? – deyə, maraqla soruşdu.
- “Təkəbbür virusu”, “Zina virusu”, “rüşvət virusu”, “tamah virusu”, “qeybət virusu”, “sələm virusu”, “qonşu haqqını yemək virusu” və sair onlarla belə virus haqqında xəbər verilir Quranda.
- Birinci dəfədir eşidirəm. Düzü, oxumamışam Quranı. Bəs o virusların müalicə üsulları hansılardır ki, deyirsən o da Quranda var?
- Məsələn, oğurluq 2 cürdür. Biri ruhla, o biri psixika ilə bağlıdır. İkincisinin elmi adı kleptomaniyadır. Bu, psixi xəstəlikdir. Ancaq dövlət əmlakını talamaq, yetim malını yemək, qonşunun malını mənimsəmək və s. bu kimi oğurluqlar isə, ruhi xəstəliklərdir. Ruhi xəstəliyin ən bariz nümunəsi isə, rüşvətxorluq, korrupsiya və monopoliyadır. Tövrat da, İncil də, Quran da deyir ki, “rüşvət verib, məzlumun haqqını yeməyin”, “qul haqqını yeməyin” və s. Quran deyir: “ Qeybət etməyin, öz ölmüş qardaşınızın ətini çeynəyərsinizmi?”. Allah buyurur: “Sələm verməyin”, “könül xoşluğu ilə, Allah rizasına borc verin” və s. Bütün bunlar ruh, əxlaq, mənəviyyat məsələsidir. Nə fiziki, cismani, nə də psixi məsələdir. Səncə, rüşvəti alan və ya verən bunu niyə edir? Ehtiyacdanmı? Diqqətlə bax, elə özündən götür. Rüşvəti alanlar kimlərdir? Ən imkanlı, varlı, vəzifəli, milyonlarla insandan yaxşı yaşayanlar. Elə deyilmi? Bir də baxırsan, hansısa dövlətin baş naziri, prezidenti, baş prokuroru rüşvətxorluqda ittiham edilir. Ya da monopoliya. Kim bu işlə məşğul olur? İş adamları. Milyardlarla sərvəti var, yenə gözü doymur. Bizim dinimizə görə, bunların ruhunda, əxlaq və mənəviyyatında problem var.
- Müalicəsi nədir, vəkil yoldaş? Onu de. Mən artıq tələsirəm. Vaxtım yaxınlaşır. – müəmmalı şəkildə dedi.
- Müalicəsi: Namaz, Oruc, Tövbə, Allaha dua etmək, İslam həyat tərzi, bir sözlə, Quranı bilən, öyrənən, ona əməl edən, islamın əsaslarına söykənən kimsə ruhunu şeytana qapdırmaz. Sənin də o gül balanı xilas edən, anasının gəzdiyi ağacı budaq-budaq gəzməkdən çəkindirən də lənətlədiyin Türk məktəbləri və onun qıldığı Namaz olub, möhtərəm hakim!
Birdən ayağa qalxdı, gözləri bərəldi. Var gücü ilə çığırmağa başladı: “mən hakim deyiləm, mən hakim deyiləm, mən oğraşam, oğraş. Eşidirsiiiz, mən oğraşam, oğraaaaaaaş”.
Çığıra-çığıra sahilə tərəf getməyə başladı.
–Səbrli ol, Allah böyükdür, bağışlayandır, tövbələri qəbul edəndir, o qız balanın uğrunda sən öz nəfsinlə döyüş, Allaha yalvar, yaradan sənə kömək edər, ümidini itirmə. – dedim.
O isə: “Mən oğraşam, oğraaaaaş !!!” – deyə-deyə, dənizə tərəf addımlayırdı.
Bu vaxt xanımımdan zəng gəldi.
Dedim: “Yoldayam. Çayı qoy”.
Dedi: “Nəvələrin həmişəki kimi, sənin yataq otağının qarşısında sıraya düzülüb himn oxuyurlar. Tez gəl”.
Başımız söhbətə elə qarışmışdı ki, günün doğmasından da xəbərim olmayıb. Taksi duracağına tərəf gedəndə, parkın ortasında dayanıb geri baxdım. O, artıq dənizə çatmışdı….
Mən isə, 34 ildir ki, hər səhər yediyim şirin çayla pendirin ləzzətini növbəti dəfə damağımda hiss etmək üçün evimə tələsirdim.
Mən getməsəm, həyat yoldaşım yenə də mənsiz yeməyəcək, nəvələrimin o şaqraq gülüşləri evimizi bürüməyəcəkdi.
Şükür sənə Allahım!
Verdiyin və aldığın hər şeyə görə sənə şükürlər olsun! Amin!
Bakı İstintaq Təcridxanası (BİT)
13 iyul 2014. Saat 00-07:25
ardı var.
17,722 dəfə ümumi oxunub, 6 dəfəsi bu günə aiddir.
Комментарии
Отправить комментарий