SƏRHƏD MÜHAFİZƏSİ (LAYİHƏ-TƏDRİS VISAİTİ)

SƏRHƏD MÜHAFİZƏSİNİN TAKTİKASI
(TƏDQİQAT ESKİZLƏRİ)

HÖRMƏTLİ OXUCU!
BU TƏDQİQAT ESKİZLƏRİ ADI VERDİYİM ƏSƏR MƏNİM ÖZ TƏŞƏBBÜSÜMLƏ HƏYATA KEÇİRDİYİM ELMİ YENİLİK OLDUĞUNA GÖRƏ ONDAN İSTİFADƏ ETMƏK İSTƏYƏNLƏR MÜTLƏQ MƏNİMLƏ ƏLAQƏSAXLAYIB, RAZILIĞIMI ALMALIDIRLAR. ƏKS TƏQDİRDƏ, İCAZƏ ALMAYANLAR HÜQUQİ SANKSİYALARLA QARŞILAŞMAQ TƏHLÜKƏSİ İLƏ ÜZLƏŞƏ BİLƏRLƏR.
AMMA, SADƏCƏ OXUYUB, TANIŞ OLMAQ VƏ ÖZ QEYD VƏ RƏYLƏRİNİ YAZMAQ İSTƏYƏNLƏRƏ BU TƏLƏB TƏTBİQ OLUNMUR. F.S.
Bu tədqiqat eskizlərini mən 1999-cu ilin əvvəllərində H. Əliyev adına Ali Hərbi Məktəbin SQ kafedrasında xidmətim dövründə başlamış və sonra Sərhəd Qoşunlarının Tədris kurslarında fəaliyyətim dövründə işi davam etdirərək hazırlamışdım. Lakin o vaxt buna tələbat olmaması üzündən bu vacib qeydlərim arxivimdəcə qaldı. Bu gün (12.02.2013) nədənsə, keçmişləri yada salaraq bir veteran sərhədçi kimi, kifayət qədər vaxtımın səmərəsiz keçməməsi üçün o arxiv materiallarına nəzər salmaq xəyalına düşdüm və əlyazmalarımı nəzərdən keçirməyə başladım. Onlarda, mənim təsəvvürümcə, ölkənin sərhəd mühafizəsinin təkmilləşdirilməsi üçün istifadə edilə biləcək müddəaların hələ də qaldığını görüb, o qeydlərimi olduğu kimi bu SƏRHƏDÇİ BLOQUMDA çap etməyi və maraqlananlara çatdırmağı qərara aldım. Əlbəttə, bu yazılarım elektron daşıyıcısında deyil ki, onları qısa müddətdə bloqda yerləşdirə biləm. Mənim kompüterdəki yazı sürətimlə mənim "TAKTİKANIN" hazır olan əsas hissəsini burada nəşr etməyim üçün mənə aylar lazım gələcəkdir. Lakin bu məni çəkindirmir. Çünki bunların VƏTƏNİMİN sərhədlərinin mühafizəsi üçün lazım ola biləcəyini düşündükdə, mən yalnız Allahdan güc, qüvvə və mənə imkan yaratmasını, səbir, hövsələ verməsini diləyirəm!

Materialın oxunaqlı olması və müəyyən sistem üzrə burada nəşr edilməsi üçün müəyyən texniki qaydaların olması vacib şərtdir. Bunların ən əhəmiyyətli şəkildə yerləşdirilməsini oxucular da təklif edə bilərlər. 

Beləliklə,                                                    
                                                                BİRİNCİ BÖLMƏ

      DÖVLƏT SƏRHƏDİNİN MÜHAFİZƏSİ

DÖVLƏT SƏRHƏDİ MÜHAFİZƏSİNİN
ƏSASLARI

I FƏSİL

DÖVLƏT SƏRHƏDİNİN HÜQUQİ
ƏSASLARI

I. DÖVLƏT SƏRHƏDİ. ONUN MÜHAFİZƏSİNİN MAHİYYTİ VƏ ƏHƏMİYYƏTİ 

1) Bəşər cəmiyyəti inkişafının müxtəlif mərhələlərində məmləkətlərin sərhədlərinin təşəkkül tapması, mahiyyəti və əhəmiyyəti sosisal-tarixi fəaliyyətə qədəm basmış dövlət və dövlət qurumlarının varlığı ilə bilavasitə bağlı olmuşdur.

2) Dövlət sərhədi məfhumu tarixi anlayış olmaqla sosial-iqtisadi inkişafın müəyyən pilləsində insan toplumlarının ictimai birliyinin ərazi (məkan) hüdudlarının son həddi kimi təcəssüm etmişdir. Təbii ki, bu tərif dövlət sərhədinin dolğun və çoxtutumlu mahiyyətini tam əks etdirməsə də, onun səthi cizgilərinə bilavasitə işarə edir.

3) Bəyan etdiyimiz mülahizə ilə ilk nəzərdə razılaşaraq, qeyd etməliyəm ki, sovet dövrü mütəxəssisləri sərbəst (volüntarist) marksizm-leninizmin sübyektiv, elmi əsaslara söykənməyən konsepsiyalarına əsaslanaraq tarixən dövlət sərhədinin yaranması səbəblərini, gerçək zəmindən uzaqlaşaraq, təxəyyüllərində yaratdıqları (və tətbiq etdikləri) sinfi ziddiyyətlərdə görür, cəmiyyəti, xalqları, millətləri zahidrən bir-birinə qarşı qoymaqla, ümumiyyətlə tarixi gerçəklikləri təhrif və təkzib edərək, bəşər cəmiyyətinin daxili və təbii (dialektik) qanunauyğunluqlarına zidd mövqe tutaraq, onlara qarşı çoxillik müharibələr aparmış və nəticədə digər aldanmışlarla birgə bəşriyyəti Yaradandan təcrid etməklə, sonsuz münaqişələr subyekti olmağa məhkum etmişdilər. 

4) Cəmiyyətlər, dövlətlər, millətlər arasında barışmaz ziddiyyətlərdən və antaqonist qarşıdurma münasibətlərindən başqa pozitiv heç bir amil görməyən başa bəla materialist alimlər gerçək aləmin ecazkar qanunlarını, əsrarəngiz və misilsiz hüdudlarının dərinliklərini dərk etməkdə acizlik çəkərək, daima xalqları, millətləri bir-birindən təcrid olunmuş halda saxlayır və onların qarşılıqlı təbii təmaslarına maneələr ucaldırdılar.

5) Sabiq sovet dönəminin ən amansız və bədxahlıq törəmələrindən biri də "dəmir qapılı" dövlət sərhədi idi. Halbuki həmsərhəd dövlətlər arasında sərhəd, ona bəşəri baxımdan yanaşıldıqda, dövlətləri birləşdirən, qonşulaşdıran, həmdivar edən (bəli, ayıran yox, birləşdirən) müştərək hüduddur. Yalnız bu konseptual baxımdan dövlət sərhədinin mahiyyətinə yanaşdıqda bu gün biz dövlətlər arasında sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma, həmdivar qonşuluq münasibətləri yaradılmasına səy etmiş, təsir göstərmiş, səbəb olmuş olarıq.

6) Sərhədlərin tarixi kateqoriya kimi dəyişməsi və inkişafı, bundan öncəki sosial-iqtisadi sistemlərdə də olduğu kimi, indi də istehsal münasibətlərinin dəyişkənliyi ilə, təbii ki, vasitəsiz bağlıdır və bu zəmində baş verir.

7) Hazırda beynəlxalq hüquq normaları əsasında irəli sürülən dövlətlər arasındakı sərhədlərin mahiyyəti haqqında mühüm nəzəri müddəalar elmi axtarışlarla, tədqiqatlarla əsaslandırılır. İkinci dünya müharibəsindən sonra mövcud sərhədlərin toxunulmazlığı beynəlxalq müqavilələrlə tarixi və sosial ədalət əsasında təsbit edilmişdir. Bu müddəa 1991-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında Azərbaycan Respublikasın Qanununda öz əməli  təcəssümünü tapmışdır. Qanun Azərbaycan Respublikasının Dövlət Sərhədinin hüquqi əsaslarını və onun ölkənin siyasi, iqtisadi və hərbi maraqlarının mühafizəsində rolunu təsbit etmişdir.

8)  Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq,  Azərbaycan Respublikasının Dövlət sərhədi  Azərbaycan Respublikasının dövlət ərazisinin hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Bu anlayış  Azərbaycan Respublikasının bütün fiziki sahələrində dövlət sərhədinin hüquqi quruluşu və onun severenliyinin əhatə etdiyi məkan hüdudlarını bildirir. 

9)  Azərbaycan Respublikasının quru ərazisinə ölkə ərazisinin həm materik hissəsi, həm də  Azərbaycan Respublikasına məxsus bütün adalar, arxipelaqlar və sahilə yaxın qayalar, kontinental şelf, habelə yerin təki daxildir.

10) Su ərazisi, dövlət ərazisinin bir hissəsi kimi, özündə  Azərbaycan Respublikasının ərazi və daxili sularını ehtiva edir. 

11) Sərhəd çaylarında, göllərində və digər sututarlarında  Azərbaycan Respublikasının dövlət sərhədinin müəyyənləşdirilməsi beynəlxalq müqavilələrə, dövlətlər arasında sazişlərə uyğun olaraq həyata keçirilir. Əslində qapalı su hövzəsi olan və ənənəvi olaraq Xəzər dənizi adlandırılan Xəzər gölündən keçən dövlət sərhədinin statusu "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bölmə (sektor) prinsipinə əsasən müəyyən edilmişdir.

12) Xəzər dənizi beş dövlətin ərazi hüdudlarında yerləşir və 1982-ci il Dəniz Hüququ üzrə Beynəlxalq Konvensiyabıb 122-ci maddəsinə müvafiq olaraq "qapalı dıniz" statusuna malikdir. Konvensiyanın müddəalarına uyğun olaraq, qapalı dəniz iki və daha artıq sahilyanı dövlət ərazisi ilə əhatə edilən və ancaq ərazi sularındn ibarət körfəz, hövzə və ya dənizdir.

13) Beləliklə, açıq dənizlərdən fərqli olaraq qapalı dənizlərin sahilyanı dövlətləri Xəzər dənizindən sərhəd dənizi kimi istifadə etməli olduqları üçün Azərbaycan Respublikasının qanunvericiliyində bu məsələ ən ümdə və elmi cəhətdən özünü doğrulda bilən variantda nəzərdə tutulmuşdur.

14) Sərhəd çayı, sərhəd gölü (dənizi) və digər sərhəd sutytarları dövlətlər arasında müştərək bağlanmış beynəlxalq müqavilələrlə təsbit edildiyindən Xəzər dənizindən (gölündən) keçən dövlət sərhədinin beş sahilyanı dövlət tərəfindən bu qaydada qəbul edilməsi  hüquqi normalara, Beynəlxalq Dəniz Hüququ Konvensiyasına tam uyğundur.

15) Xəzər dənizində 12-millik (bə ya başqa ölçülü) ərazi suları zonası anlayışı tətbiq edilə bilməz. Çünki məhdud ərazi suları zonası yaradılması açıq dənizlərə məxsus beynəlxalq hüquqi normadır.

16) Yerin təki onun səthindən nüvə mərkəzinədək və yer qabığı da daxil olmaqla, yerin mantiyasını və onun nüvəsini əhatə edir; dar mənada yerin təki məfhumu altında yer qabığının dərin hüdudlarında faydalı qazıntılar aparmağa imkan verən üst hissəsi anlaşılır.


17) Yerin təkinin hüquqi reıimi Azərbaycan Respublikasının "Yerin təki haqqında" Qanun və digər qanunvericilik aktları ilə tənzimlənir.

18) Yerin təkində dövlət ərazisinin hüdudlarınının istismarı texniki cəhətdən mümkün olan dərinliklərə qədər uzanır.

19) Hava fəzası  Azərbaycan Respublikasının quru və su ərazisi üzərindəki fəzasına deyilir.


20) Bir sıra ölkələrin beynəlxalq hüquq nəzəriyyələrində dövlət suverenliyinin fəzada yuxarı həddinin yer səthindən 60-dan 150 kilometrə qədər səviyyədə müəyyənləşdirilməsi zərurəti haqqında rəylər irəli sürülür. Bu məsələlərə Birləşmiş Millətlər Təşkilatının sülh məqsədi ilə istifadə edilməsi üzrə Komitə və onun köməkçi komitələri tərəfindən baxılır. Komitənin iştirakçısı olan bəi dövlətlərin nümayəndələri hava fəzasının yuxarı həddini okean səviyyəsindən 100 yuxarı götürməyi təklif edirlər və bunu həmin həddən kosmik fəzanın başlanması ilə əlaqələndirirlər.

21) Fəza yüksəkliyinin dəqiq sərhədi dövlətlərarası razılaşma və müqavilə ilə müəyyənləşdirilməlidir.

22)  Azərbaycan Respublikasının dövlət sərhədi xəttinin keçdiyi üç mühitə müvafiq olaraq yerin təki ilə birgə quru, su və hava sərhədləri bir-birindən fərqlənirlər.


23)  Azərbaycan Respublikası tam müstəqillik əldə etdikdən sonra dövlət sərhədi mühafizəsinin mahiyyəti dəyişikliyə uğradı. Sovet dövründə dövlət sərhədləri sinfi (?) xarakter daşıyırdı və sərhəd müxtəlif sosial sistemlərə məxsus olan dövlətləri bir-birindən ayıran xətt kimi nəzərdə tutulurdu ki, bu qonşu dövlətlər arasında ədalətli münasibətlərin və təhlükəsizliyin tam bərqərar olmasına, qarşılıqlı anlaşmaya mane olurdu.


24) Müstəqil dövlətimiz "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək ümumbəşəri dəyərlərə sadiq olmağı, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı bəyan etməklə dövlət sərhədinin mühafizəsinə yeni məzmun vermişdir.


25) Bununla yanaşı,  Azərbaycan dövlətinin müstəqilliyinin, süverenliyinin və ərazi bütövlüyünün qorunmasında dövlət sərhədinin mühafizəsi ən vacib vəzifəyə - Ana Vətənin müdafiəsinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.


26)  Azərbaycan Respublikası dövlət sərhədində dönmədən sülh siyasəti yeridir, ərazilərinin işğal olunmasına baxmayaraq, problemin dinc yolla həll olunmasına səy göstərir, qonşu ölkələrlə təhlükəsizliyin bərqərar olmasın, müxtəlif ölkələr arasında tarixən müəyyənləşdirilmiş sərhədlərin toxunulmazlığı prinsipinə dəstək verir.


27) Sərhədlərin toxunulmazlığı prinsipi hər bir dövlətin ərazi bütövlüyünün, siyasi bağımsızlığının, suverenliyinin və vahidliyinin təcəssümüdür.

28) Lakin, Dövlət sərhədimiz qeyd etdiklərimizə baxmayaraq, hələ də müxtəlif səciyyəli xassələrə malikdir və mürəkkəm əməliyyat şəraitində mühafizə edilir. Bu vəziyyət Azərbaycan Hökumətinin dövlət sərhədinin daima möhkəmləndirilməsi və onun mühafizəsinin təkmilləşdirilməsi qayğısına qalmasına gündəlik ehtiyac yaradır. Təbii ki, bu - qanunauyğun haldır. Çünki sərhədi mənafeyinin əhəmiyyəti, onun xüsusi vəziyyəti (statusu), sərhəd rejimi və sərhədboyu rejim mühafizənin məzmunu, firmaları, üsulları və metodları ilə həmahənglik təşkil edir.  

29)  Azərbaycan Respublikasının dövlət sərhədi haqqında  Azərbaycan Respublikası Qanunu ilə dövlət sərhədinin mühafizəsi dövlət hakimiyyəti və idarəetməsinin ali orqanlarının simasında  Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə - Sərhəd Qoşunlarına etibar edilmişdir. Buna görə dövlət sərhədinin mühafizəsi, geniş mənada,  Azərbaycan Respublikasının dövlət sərhədinin və ərazi bütövlüyünün toxunulmazlığının təminatı üzrə dövlətin  həyata keçirdiyi Vətənin müdafiəsinin siyasi məqsədlərinin, hərbi, iqtisadi, diplomatik və başqa formalarının dialektik vəhdətini nümayiş etdirir ki, bu da öz əksini "Sərhəd Qoşunları haqqında"  Azərbaycan Respublikası Qanununda hüquqi əsasını tapmışdır.


30) Dar mənada, dövlət sərhədinin mühafizəsi adı altında bilavasitə sərhəddə və sərhədboyu zonada Azərbaycan dövlətinin siyasətini həyata keçirən müvafiq dövlət qurumunun əməli  fəaliyyəti başa düşülür.

31) Azərbaycan Respublikasında belə dövlət qurumu -  Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və  Azərbaycan Respublikasının MN Hava Hücumundan Müdafiə qoşunlarıdır. Elə buna görə də  "Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında" Qanun dövlət sərhədinin mühafizəsini, dar mənada, quruda, dənizdə, göllərdə və başqa sututarlarında ənənəvi olaraq bu mühafizə, onun həvalə edildiyi Dövlət Sərhəd Xidmətinin fəaliyyəti ilə bağlayır.

32) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti özünün əməli  fəaliyyətində hava fəzasında dövlət sərhədini mühafizə edən Hava Hücumundan Müdafiə Qoşunları ilə ən sıx qarşılıqlı əlaqə saxlayır.

33) Müasir sərhəd mühafizəsi nəzəriyyələrinə (sərhədşünaslıq konsepsiyalarına) görə "dövlət sərhədi mühafizəsi təyin edilmiş hüdudlarda dövlət sərhədi sahələrinin və sərhəd buraxılış məntəqələrinin mühafizəsi üçün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sərhəd birlik, birləşmə, hissə və bölmələrinin zaman və məkan daxilində fəal və fasiləsiz həyata keçirdikləri qoşun fəaliyyəti, əməliyyat, rejim və başqa tədbirlər kompleksidir".


34) Qoşun fəaliyyəti  dövlət sərhədinin mühafizəsi üzrə tapşırıqların yerinə yetirilməsi zamanı Dövlət Sərhəd Xidməti tərəfindən tətbiq edilən xidmət-döyüş hərəkətlərinin müxtəlif forma və üsullarının məcmusudur. Bu fəaliyyət Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının təyin edilmiş sərhəd sahələrində sahələrində yerləşən quru, dəniz, aviasiya bölmələri, hissələri, birlik və birləşmələri  tərəfindən həyata keçirilən və düşmənin agenturasını və habelə başqa sərhəd pozucularını bilavasitə aşkar edib tutmaqdan, qoşun qruplarının və quldur dəstələrinin silahlı basqınlarını dəf etməkdən, silahlı və başqa fitnəkarlıqların qarşısını almaqdan, həmçinin digər tapşırıqların yerinə yetirilməsindən ibarətdir.

35) Qoşun fəaliyyəti, adətən, əməliyyat və rejim dərbirləri ilə kompleksdə keçirilir.

36) Əməliyyat tədbirləri Sərhəd qoşunları kəşfiyyat orqanlarının dövlət sərhədində əleyhdarın düşmənçilik fəzliyyətinin aşkar edilməsi , yolverilməzliyi və qarşısının alınması üzrə əməli işdir.

37) "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu ildə qəbul olunmuş Qanununa görə "əməliyyat-axtarış fəaliyyəti müvafiq dövlət orqanları tərəfindən aşkar və qeyri-aşkar üsullarla bu Qanunla müəyyən edilmiş tədbirlərin həyata keçirilməsidir". Bu Qanun Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində Sərhəd qoşunlarının əməmliyyat fəaliyyəti keçirilməsi üçün  bilavasitə hüquqi əsas yaradır, belə fəaliyyət göstərilməsinin prinsiplərini müəyyən edir və əməliyyat-axtarış fəaliyyətinə məxsus tədbirlərin konkret növlərini göstərir. Əməliyyat tədbirləri bilavasitə əməliyyat qüvvə və vasitələri tərəfindən yerinə yetirilir (bax, III fəsil).

38) Rejim tədbirləri sərhəd mühafizəsinin ümumi sistemində mühüm yer tutan dövlət sərhədində müəyyən edilmiş qayda-qanunun təminatı üzrə Dövlət Sərhəd Xidmətinin, dövlət orqanlarının, sosial təşkilatların, müəssisələrin , idarələrin və vəzifəli şəxslərin Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq yerinə yetirdikləri hərəkət və tədbirlərin məcmusudur.  

39) Rejim tədbirləri  Azərbaycan Respublikasının dövlət sərhədi rejimini təmin etməkdən, sərhədboyu rejimə, dövlət sərhədinin buraxılış məntəqələrindəki rejimə riayət edilməsinə nəzarəti  həyata keçirməkdən ibarətdir.

40) Rejim tədbirləri " Azərbaycan Respublikasının  dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununa, qanunvericiliyin digər aktlarına Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə, sərhədin mühafizəsi altına alınmış tapşırıq və qəbul edilmiş qərara uyğun olaraq təşkil edilir.

41) Azərbaycan Respublikasının dövlət sərhədinin mühfizəsi Azərbaycan dövlətinin müstəqilliyinin, süverenliyinin və xarici təhlükəsizliyinin təmin edilməsində, habelə casusluq, ziyankarlıq və təxribatla, ölkəmizin təbii sərvətlərinə edilən qəsdlə, Azərbaycan Respublikasının əleyhinə yönəldilmiş digər düşmənçilik hərəkətləri ilə vurulan zərərin qarşısının alınmasında mühüm siyasi və iqtisadi əhəmiyyət kəsb edir.

42) Azərbaycan Respublikası ərazisinə qoşun qruplarının və quldur dəstələrinin silahlı basqınının dəf edilməsi, sərhəddə əleyhdarın silahlı və digər fitnəkarlıqlarının qarşısının alınması məqsədi ilə sərhəd qoşunlarının daima  döyüş hazırlığı vəziyyətində saxlanmasını tələb etdiyi üçün dövlət sərhədinin mühafizəsi mühüm hərbi əhəmiyyət daşıyır.

43) Ehtimal edilən əleyhdarın Azərbaycan Respublikasına qəfil həmləsinin qabaqlanması və  başqa silahlı hərəkətlərinin pozulması üzrə keçirilən tədbirlərin təsirli nəticələr göstərməsi sərhəd qoşunlarının zabit və şəxsi heyətinin bacarıqlı hərəkətlərindən çox asılıdır. Bu, qanunauyğun haldır. Çünki müasir hərb sənətində uğur, əleyhdarı qabaqlayaraq qüvvələrini  tez yerbəyer edən müvafiq qoşun qruplaşmaları yaradan, habelə mübarizə aparılan tərəfin obyektlərinə ilk növbədə və vaxtı ötürmədən zərbə endirən tərəfə nəsib olur.

44) Təcrübə göstərir ki, bu məqsədə nail olmaq üçün  Dövlət Sərhəd Xidmətinin  birləşmələri və hissələri hələ əmin-amanlıq dövründə hərbi komandanlığın mənafeyi istiqamətində fəal kəşfiyyat apara, cəbhələrin əməliyyat istiqamətində açılması (разворачивание) rayonlarına dövlət sərhədindən daxil ola biləcək düşmən casuslarına və təxribat-kəşfiyyat qruplarına qarşı dura və habelə ilk əməliyyatların başlanğıcı ilə bir sıra döyüş və xüsusi tapşırıqları yerinə yetirə bilərlər.      

45)  Azərbaycan Respublikasının "Müdafiə Haqqında" qanunda göstərildiyi kimi,  Azərbaycan Respublikası "bütün dövlətlərlə dinc yanaşı yaşamaq prinsiplərini əsas tutur və öz müdafiə qabiliyyətini təcavüzdən qorumaq üçün müdafiə yetərliyi səviyyəsində saxlayır".  Azərbaycan dövlətinin Hərbi Doktrinasının müdafiə xarakteri  Azərbaycan Respublikasının Silahlı Qüvvələri qarşısında, o cümlədən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları qarşısında yeni nəzəri və əməli məsələlər qoymuşdur. Zamanın bu tələbi ilə ayaqlaşaraq,  Azərbaycan Hökuməti  dövlət sərhədi mühafizəsinin problem məsələlərini gerçək sərhədşünaslıq konsepsiyalarına, elmi-nəzəri baxışlardan irəli gələn nəticələrə, sınaqdan çıxmış əməli təcrübəyə əsaslanaraq həll edir.




2.  AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT SƏRHƏDİNİN 
TƏYİNİ, QURULMASI VƏ NİŞANLANMASI


46)  Azərbaycan Respublikasının dövlət sərhədi  Azərbaycan Respublikası Milli Məclisinin qərarları ilə və habelə  Azərbaycan Respublikasının həm ikitərəfli, həm də çoxtərəfli beynəlxalq müqavilələri ilətəyin edilir.

47) Dövlət sərhədinin Ali hakimiyyət orqanlarının aktları ilə təyin edilməsi və qurulması təcrübəsi, Azərbaycan Respublikası yenidən müstəqillik əldə etdiyi ilk aylardan yaranmışdır. Azərbaycan müstəqil, suveren dövlət elan edildikdən sonra dövlət sərhədi (sabiq CCRİ-nin bağladığı müqavilələrlə) milli qüvvələr tərəfindən mühfizə edilməyə başlandı. Azərbaycan dövləti bağladığı müqavilələrə ciddi surətdə riayət etməklə həm də yeni dövlətlərarası müqavilələr bağlanması üçün bir sıra tədbirlər həyata keçirir.

48) Rusiya Federasiyası və Gürcüstan Respublikası ilə dövlət sərhədlərimizin delimitasıyasının keçirilməsi məqsədi ilə dövlət komissiyaları yaradılmışdır. Sərhədlərin delimitasiyasını keçirən  dövlət komissiyaları qarşısında mühüm məsələlər qoyulmuşdur. Onlar delimitasiya müqavilələrinin beynəlxalq vəziyyətin gerçək şərtlərinə tam cavab verən və ərazi bütövlüyümüzü təmin edən qaydada hazırlanıb bağlanmasına bütün səylərini sərf etməlidirlər.

49) Azərbaycan Respublikasının İran İslam Respublikası və Türkiyə Respublikası ilə dövlət sərhədləri Sovetlər İttifaqının onlarla bağladığı müqavilələrə əsasən mühafizə edilsə də, müstəqil dövlətimizin qonşu həmsərhəd  dövlətlərlə öz qanunvericiliyinə əsaslanan beynəlxalq müqavilələrin bağlanması suveren dövlətin müstəsna hüquqlarındandır. 

50)  Azərbaycan Respublikası ilk növbədə Rusiya Federasiyası, Gürcüstan Respublikası, Türkmənistan və Qazaxıstan respublikaları ilə, sonra da yerdə qalan digər həmsərhəd ölkələrlə dövlət sərhədlərini ikitərəfli müqavilələrlə rəsmiləşdirməkdədir.


51) Dövlətlərarası sərhədlər müəyyənləşdirilərkən və ya dəyişdirilərkən, beynəlxalq təcrübəyə müvafiq olaraq, dövlətlər arasında sərhədlərin delimitasiyası, demarkasiyası və redemarkasiyası tətbiq edilir.

52) Sərhədlərin  delimitasiyası, demarkasiyası və redemarkasiyası beynəlxalq hüquqa əsasən həmsərhəd dövlətlərin birgə iştirakı ilə və müştərək müqaviləsi ilə həyata keçirilən və mühüm tarixi əhəmiyyət daşıyan dövlət ərazilərinin hüdudlarının məhdudlaşdırılmasından irəli gələn hüquqi, təşkilati və texniki proseslərdə təzahür edən fəaliyyət növləridir. 

53) Sərhədin delimitasiyası - bir qatda olaraq, irimiqyaslı xəritələr üzrə relyefin, sututarların, yaşayış məntəqələrinin və başqa fiziki-coğrafi obyektlərin ətraflı təsviri verilən dövlət sərhədinin  müqavilə ilə təyin  edilməsidir.


54) Sərhədin delimitasiyası zamanı müqavilə bağlayan tərəflər xəritədə çəkilmiş sərhəd xəttinə onun ətraflı təsvirini əlavə edirlər. Dövlət sərhədi xətti çəkilmiş xəritə, adətən, imzalanır və ya paraflanır, müqavilə bağlayan tərəflərin gerbli möhürü ilə təsdiq edilir və sərhədin delimitasiyası haqqında müqavilənin tərkib hissəsinə çevrilir.


55) Sərhədin delimitasiyası müqaviləsi əsasında onun demarkasiyası keçirilir.


56) Sərhədin demarkasiyası -  sərhədin delimitasiyası haqqında müqavilələr və onlara əlavə edilmiş xəritələr və təsvirlər üzrə dövlət sərhədi xəttinin ərazidə dəqiq təyin edilməsi və onun sərhəd nişanları ilə nişanlanmasıdır. 

57) Sərhədin redemarkasiyası - qüvvədə olan müqavilə sənədləri əsasında dövlət sərhədi xəttinin ərazidə bərpası və onun sərhəd nişanları ilə nişanlanmasıdır. Sərhədin redemarkasiyası həmçinin itmiş, dağılmış sərhəd nişanlarının bərpasını (təmirini), əlavə nişanların qurulmasını, yeni protokol-təsvirlərin, xəritələrin və sərhəd nişanlarının protokollarının tərtib edilməsini nəzərdə tutur. Yeni hazırlanmış sənədlər tərəflərin qüvvədə olan daxili qanunvericiliyinə müvafiq qaydada təsdiq edilir. 

58) Həmsərhəd dövlətlər arasında sərhədin redemarkasiyası üzrə işlər, tərəflərin razılığına əsasən, bu məqsədlə xüsusi yaradılmış qarışıq komissiyalar vasitəsilə həyata keçirilir.

59) Bəzi hallarda sərhəd xəttində və ya onun yaxınlığında su su qovşaqlarının dəryaçalarının, körpülərin, bəndlərin və sair tikililərin inşaası nəticəsində sərhədin ərazidən keçməsində cüzi dəyişikliklər və ya dəqiqləşdirilmələr aparılır. Məsələn, İran İslam Respublikası və Türkiyə Respublikası ilə həmsərhəd olan Araz çayında körpülərin, digər su qurğularının tikilişində dəyişilmələr və dəqiqləşdirilmələr yerinə yetirilmişdir.

60) "Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğvi qaydaları haqqında"  Azərbaycan Respublikası Qanununa müvafiq olaraq dövlət ərazisi məsələlərinin həllini nəzərdə tutan müqavilələr, yəni  Azərbaycan Respublikasının digər dövlətlərlə ərazi hüdudları haqqında bağlanana sazişlər Milli Məcli tərəfindən ratifikasiya edilməlidir. Bu halda ratifikasiya dövlət sərhədinin təyinatı məsələlərinin Milli Məclis tərəfindən həll edilməsi formasıdır.

61)  Azərbaycan Respublikasının həmsərhəd dövlətlərlə dövlət sərhədi (Ermənistanla sərhəd istisna olmaqla) sülh, dostluq və qonşuluq sərhədidir.

62) Azərbaycan Respublikasının həmsərhəd dövlətlərlə dövlət sərhədinin ilk beynəlxalq hüquqi əsası sabiq SSRİ-nin İran dövləti  və Türkiyə Respublikası ilə iyirminci əsrin iyirminci illərində bağladığı müqavilələrlə müəyyən edilmişdi. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, göstərilən dövlətlərlə sərhədlərə dair yeni müqavilələr hələlik bağlanmamışdır.

63) Dövlət sərhədimizin mühafizəsində keçmişdən "irsən" qalmış müqavilələr, milli hökumətimiz tərəfindən yeniləri bağlananadək qüvvədədir.

64) Sovet dövrünün mirası olan müttəfiq respublikaların arasında mövcud olmuş sərhədlər o zaman dövlət sərhədi statusuna malik olmadıqları və demarkasiya edilmədikləri üçün, hal-hazırda müstəqil dövlətlərə çevrilmiş Ermənistan, Gürcüstan və Rusiya ilə mövcud faktiki sərhədlərimizin ərazidə keçməsi haqqında nə dövlətlərarası müqavilələr bağlanmış, nə də dövlət sərhədlərimizin delimitasiyası və demarkasiyası keçirilməmişdir.


65) "Normativ-hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, Azərbaycan Respublikasının  dövlət müstəqilliyinin bərpası bəyan edilənədək qüvvədə olmuş və dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə zidd olmayan, milli dövlət quruluşunun zorakılıqla dəyişdirilməsinə yönəldilməmiş aktların hamısı Azərbaycan Respublikasında hüquqi qüvvəsini saxlaması ilə bağlı, Azərbaycan Respublikasının müvafiq aktları qəbul edilənək, siyahısı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən edilmiş CCTİ-nin normativ-hüquqi aktları Azərbaycan Respublikası ərazisində qüvvədədir.

66) Azərbaycan Respublikası Milli Məclisinin və Hökumətinin qərarları ilə Rusiya Federasiyası və Gürcüstan Respublikası ilə dövlət sərhədlərinin ərazidə delimitasiyasını və həm də demarkasiyasını həyata keçirmək üçün 1997-ci ildə səlahiyyətli dövlət komissiyaları yaradılmışdır. Dövlət Komissiyaları müvafiq tədbirlər keçirirlər.

67) Ermənistan Respublikası ilə dövlət sərhədi haqqında müqavilə, Ermənistan dövləti işğal etdiyi ərazimizi tərk etdikdən və həmin torpaqlarımızda Azərbaycan dövlətinin suveren hüquqları tam bərpa edildikdən və Ermənistanla hərbi münaqişələrə son qoyulduqdan və erməni yaraqlıları torpaqlarımızdan çıxarıldıqdan sonra, sülh sazişi və sərhədlər haqqında müqavilə bağlana bilər.      

68) Bütün hallarda həmsərhəd dövlətlərlə dövlət sərhədinin təyinatı, müəyyənləşdirilməsi və onun mühafizəsinin təminatı məsələlərinin həlli zamanı Azərbaycan Respublikası qonşularla dinc yanaşı yaşamaq, qarşıllıqlı, mehriban qonşuluq əlaqələri saxlamaq, mübahisələrin dinc yolla həll edilməsi prinsipini əldə rəhbər tutmaq mövqeyindən çıxış edir.

69)  Azərbaycan Respublikasının dövlət sərhədi müəyyən edilərkən və onun keçdiyi xətt qanunla müəyyən olunmuş qaydada dəyişdirilərkən, habelə həmsərhəd dövlətlərlə sərhəd məsələləri nizama salınarkən " Azərbaycan Respublikasının dövlət sərhədi haqqında"  Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş aşağıdakı prinsiplər əsas tutulur: 


70)  Azərbaycan Respublikasının dövlət suverenliyinin, ərazi bütövlüyünün və dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi. Bu müddəa Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 1975-ci il Yekun Aktının tələblərinə tamamilə müvafiq olaraq həyata keçirilir. Həmin Akta görə dövlətlər bir birinin suverenliyinə və bundan doğan bütün hüquqlara hörmət bəsləməli, bir birinin sərhədlərinə, eləcə də Avropanın bütün dövlətlərinin sərhədlərinə toxunulmaz kimi baxmalı, dövlətlərin ərazi bütövlüyünə hörmət etməlidirlər. Bu gün bu bəşəri prinsiplər dövlətlərarası münasibətlərdə əsas meyar götürülür.

71) Şərh edilən prinsiplər (70)  Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının dövlət sərhədinin mühafizəsində ölkə Konstitusiyasına və beynəlxalq hüquq normalarına əsaslanan ən vacib və ümumbəşəri müddəalardır.


72)  Azərbaycan Respublikasının dövlət sərhədi yeddi (7) qonşu dövlət ərazisi ilə həmhüduddur. Sərhədlərimiz: Rusiya Federasiyası, Gürcüstan Respublikası, Ermənistan Respublikası, Türkiyə Respublikası, İran İslam Respublikası, Türkmənistan Respublikası və Qazaxıstan Respublikası ilə həmsərhəddir.

73) Rusiya Federasiyası və İran İslam Respublikası ilə Azərbaycan Respublikası quru sərhədlə yanaşı, dəniz sərhədlərinə də malikdir, o cümlədən, İran İslam Respublikası ilə çay (göl) sərhədlərinə də malikdir. Türkmənistan və Qazaxıstan Respublikaları ilə isə yalnız dəniz sərhəimiz vardır.

74) Azərbaycan Respublikasının dövlət sərhədi ölkəmizin beynəlxalq müqavilələri ilə başqa hallar nəzərdə tutulmursa, aşağıdakı qaydada müəyyənləşdirilir:

75) Quruda - relyefin səciyyəvi nöqtələri və xətləri, aydın görünən səmt göstəriciləri üzrə. Bu o deməkdir ki, dövlət sərhədi  dağlıq ərazilərdə  dağ törəmələrinin suayrıcı üzrə, relyefinin hündürlükləri (təpələr, yüksəkliklər və s.) olan düzənlik ərazilər üzrə isə bu təpə və yüksəkliklərdən keçən düz xətlərlə keçməlidir.


76) Bəzi hallarda beynəlxalq müqavilələrdə  Azərbaycan Respublikasının dövlət sərhədinin müəyyənləşdirilməsinin digər qaydaları nəzərdə tutula bilər. Belə hallarda sərhəd ərazisinin relyefi, çayların, göllərin və sairənin konfiqurasiyası nəzərə alınmaya bilər.


77) Dənizdə -  Azərbaycan Respublikasının Xəzər dənizindəki ərazi (sektoral) sularının xarici kənarı ilə.  Azərbaycan Respublikasının ərazi (sektoral) suları Rusiya, Qazaxstan, Türkmənistan və İran ərazi suları ilə qovuşuq olduğu üçün adları çəkilən həmsərhəd dövlətlər orta kəsişmə xəttindən icazə olmadan ərazi (sektoral) sularımıza tərəf keçmək hüququna, əgər sərhədin keçilməsi barədə digər razılaşma aktları bağlanmayıbsa, malik deyillər.


78) Sərhəd çaylarındakı adalar çayın məcrasını iki və daha çox qollara ayıra bilər.  Ən çox su axan qol baş qol hesab olunur. Bu baş (əsas) qolun ən aşağı səviyyəsində su səthinin ortası sərhəd xətti kimi qəbul olunur. 

79) Yer səthində çaylar daimi və dəyişməz obyekt deyildir. Onların məcrası (yatağı) təbii şəraitə uyğun olaraq dəyişikliklərə uğrayır: zaman keçdikcə çayların sahil xətti, talveqi, farvateri və habelə çayın ortası da dəyişir. Bununla əlaqədar olaraq, Sərhəd qoşunlarının təcrübəsində sərhəd çaylarında dövlət sərhədinin keçməsinin dəqiqləşdirilməsi üzrə məsələlərə ehtiyac duyulur.

80) Oxşar məsələlərin həll edilməsinə beynəlxalq hüquqda, ən azı, iki yanaşma üsulu mövcuddur. Bunlardan birincisi - çayların yatağının hər hansı dəyişmələrə uğraması halında dövlət sərhədinin dəyişməzliyini nəzərdə tutur, yəni talveq, farvater və ya çayın ortası müqavilə ilə ilkin necə müəyyən edilmişsə, beləcə də saxlanılır (dəyişdirilmir) və sərhəd xətti də dəyişmir. Lakin digər yanaşmaya görə, belə dəyişmələr sərhədin keçdiyi xətti də dəyişir.

81) Beynəlxalq və sərhəd mühafizəsi təcrübəsi göstərir ki, sərhəd çaylarında müəyyən edilmiş sərhəd xətti, çayın sahil xətləri dəyişsə də, suyun səthindən asılı olmayaraq, dəyişməz saxlanılır. Bu, eynilə təbii hadisələr nəticəsində çayın məcrasının (axarının) vəziyyətinin bu və ya digər tərəfə kəskin surətdə yönəlməsi hallarına da aiddir.

82) Dövlət sərhədi yuxarıdakı hallarda tərəflərin xüsusi razılığına əsasən dəyişdirilə bilər. Həm də bu halda tərəflərin hər biri çayın suyundan istifadə etmək imkanına malik olmalıdır.

83) Beynəlxalq hüquq belə (82) imkanı nəzərdə tutur və dövlətlərin təcrübəsi də onu təsdiq edir. Belə hallar, əsasən,  Azərbaycan Respublikasının dövlət sərhədinin Araz çayından keçdiyi İran İslam Respublikası ilə həmsərhəd sahədə baş verir. Araz çayının axar istiqaməti şimal tərəfə meyilli olduğu üçün  Azərbaycan Respublikası sahil torpaqlarını daha çox eroziyaya uğradır. Bu isə  Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Qoşunlarının məsuliyyətini artırır. Onların sərhəd rejiminə, onun daima müşahidə altında saxlanmasına nəzarəti gücləndirməsini tələb edir. Çayların axarlarının dəyişməsini vaxtında üzə çıxarmaq dövlət sərhədinin toxunulmazlığı baxımından mühüm vəzifələrdəndir. Sərhəd çayının dəyişilməsinin vaxtında aşkar edilib üzə çəxarılması həmsərhəd dövlətlər arasında sonradan baş verə biləcək narazılıqların, sərhəd hadisələrinin qarşısını qabaqcadan almağa imkan verir.


84)  Azərbaycan Respublikasının dövlət sərhədi, sərhəd çayı sahillərindən başqa, su qovşaqlarının dəryaçalarında və süni sututarlarda da təyin edilə bilər. Belə ki,  Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə digər hallar nəzərdə tutulmayıbsa, dövlət sərhədi həmin ərazilərdən, onlar su ilə doldurulanadək keçdiyi qaydada keçir.

85) Dövlət sərhədinin su qovşaqlarının dəryaçalarından və başqa süni sututarlardan keçməsi Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə müəyyən edilə bilər. Əgər dövlət sərhədi, süni sututar tikilənədək çayın dolanbac, döngəli yatağı ilə keçirdisə, tərəflər onu düz xətt üzrə  götürərək ərazidə elə bir tərzdə nişanlaya bilərlər ki, sərhəd mühafizəsinin sərhəd xəttinə asanlıqla nəzarət etmək imkanı olsun.

86) Həmsərhəd dövlətlər arasında ərazi dəyişmələri  qarşılıqlı odənməli, yəni kompensə edilmək şərti ilə həyata keçirilməlidir.

87) Sərhədlərin dəyişməzliyi prinsipi sərhəd rejimi haqqında dövlətlərarası  müqavilələrdə  nəzərdə tutulmalıdır.

88) Dövlət sərhədinin yoxlanması zamanı çaylarda sərhədin dəyişməsi və dəqiqləşdirilməsi haqqında məsələ yarandıqda, bu, tərəflərin Ali Dövlət Hakimiyyəti və  və idarəetmə orqanları tərəfindən həll edilir.

89) Həmsərhəd dövlətlərlə dəmir yolu və avtomobil yolu körpülərində, bəndlərdə və qurğularda dövlət sərhədi çayların sərhəd sahəsində bu qurğuların ortası və ya texnoloji oxu üzrə keçir. Bu müddəa, bir qayda olaraq, yuxarıda adı çəkilən qurğuların tikintisi və istismarı haqqında müvafiq beynəlxalq müqavilələrdə, habelə körpülərin, keçidlərin, bəndlərin və şlüzlərin mühafizə, təmir və saxlanması, onların tikilməsi qaydasını nəzərdə tutan sərhəd rejimi haqqında müqavilələrdə öz əksini tapır.

90) Azərbaycan Respublikasının dövlət sərhədi özəl xassələrə malik xüsusi sərhəd nişanları ilə nişanlanır.

91) Nişanlar ərazidə aydın görünməli, möhkəm və davamlı olmalıdır.

92) Maraqlı tərəflər sərhədin demarkasiyası gedişində sərhəd nişanlarının növünü, formasını, ölçülərini və rəngini seçirlər. Eyni vaxtda,  sərhəd keçən ərazinin yerli xüsusiyyətləri və xassələri (quru, çay, göl, və ya dəniz sahələri) nəzərə alınır. Bütün bunları əsas götürərək, sərhəd nişanlarının müvafiq forması, ölçüləri, növü və rəngi müəyyənləşdirilir. 


93) Sərhədi quruda nişanlamaq üçün, bir qayda olaraq, üç ünsürdən ibarət olan sərhəd nişanı götürülür. Bunlar - iki sütun və mərkəzi ara dirəkdir.  Hər sütunun üzərində  sərhəd nişanının nömrəsi, müvafiq dövlətin gerbi olur və onlar dövlət sərhəditərəflər arasında razılaşdırılmış boya ilə rənglənir. Quruda sərhəd xəttinin nişanlanması bəzən sərhəd mayakları, kurqanları, piramidaları və sairənin quraşdırılması ilə yerinə yetirilir.

94) Sərhəd çayları sahələrində, bir qayda olaraq, iki sütundan ibarət olan və hər iki sahildə qurulan sərhəd nişanları ilə nişanlanır. Sərhədin çaydan quru sahəsinə və ya quru sahəsindən çaya keçdiyi yerlərdə sərhəd xətti dörd ünsürdən - üç sütun və bir mərkəzi dirəkdən ibarət sərhəd nişanı ilə nişanlanır.

95) Dövlət sərhədinin düz xətt üzrə ayırdığı göllərin və dəryaçaların (arasında məsafəsi nisbətən çox olmayan, yəni müşahidə edilmə hüdudlarında olan) qarşı sahillərində nişanlanması adi sərhəd nişanları ilə həyata keçirilir.

96) Dövlət sərhədinin keçdiyi su hövzələri kifayət qədər geniş olduqda və sərhəd bu sahələrdə döndükdə tərəflər onun ya laylı nişanlar, ya da buy və payalarla nişanlanmasını öz aralarında razılaşdırırlar.

97) Xəzər dənizində dövlət sərhədi sərhəd nişanları ilə təchiz olunmur (nişanlanmır). Lakin bu məsələ Xəzəryanı həmsərhəd dövlətlərlə müqavilələr bağlandıqda başqa hallar nəzərdə tutula bilər. Beynəlxalq təcrübədə sahilyanı dövlətlər arasında sərhədlərin dənizdə laylı nişan və buylarla nişanlanması halları (Norveç, Polşa, Türkiyə və s.) mövcuddur.



3. Azərbaycan Respublikasının dövlət sərhədi rejimi  


98)  Azərbaycan Respublikasının dövlət sərhədi rejimi Azərbaycan Respublikası dövlət sərhədinin keçilməsi qaydası, xarici ölkə təyyarələrinin və digər uçuş aparatlarının  Azərbaycan Respublikasının hava fəzasına girməsi, orada olması, xarici qeyri-hərbi gəkilərin və hərbi gəmilərin Azərbaycan Respublikasının ərazi sularında üzməsi və olması, xarici hərbi gəmilərin və qeyri-hərbi gəmilərin Azərbaycan Respublikasının daxili sularına və limanlarına girməsi və orada olması, Azərbaycan Respublikası dövlət sərhədinin lazımi qaydada saxlanması, Azərbaycan Respublikasının dövlət sərhədində müxtəlif işlərin görülməsi, istehsalat fəaliyyəti və digər fəaliyyət göstərilməsi qaydalarıdır.

99) Azərbaycan Respublikasının dövlət sərhədi rejimi "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında"  Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və Azərbaycan Respublikasının həmsərhəd dövlətlərlə beynəlxalq müqavilələri ilə müəyyən edilir.

100) Azərbaycan Respublikasının dövlət sərhədindən keçən dəmir yolu, avtomobil, dəniz, çay, hava nəqliyyatı əlaqəsini və başqa əlaqələri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi sərhəd buraxılış məntəqələrində Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə uyğun olaraq həyata keçirir.

101) Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqələri  və gömrük idarələri yaradılır.............        










Комментарии

  1. Hörmətli oxucu!
    Bu - "Sərhəd mühafizəsi taktikası" adlı tədqiqat layihəmi oxuyarkən onun yalnız nəzəri mahiyyət daşıyan bir iş olduğunu unutmayın. Ondan müvafiq tədris qurumlarında istifadə etmək üçün, onun üzərində əsaslı surətdə işləmək və qanunvericilikdə edilmiş mümkün dəyişikliklərə uyğun təshihlər etmək zəruri olacaqdır. Bu, artıq AR DSX səlahiyyətliləri ilə müştərək çalışmalarda həyata keçirilə bilər. Mən veriləcək təkliflər üstündə işləməyə məmnuniyyətlə girişərdim. F.S.

    ОтветитьУдалить

Отправить комментарий

Популярные сообщения из этого блога

Глава четвертая Служба пограничных нарядов

Глава вторая Основы охраны государственной границы пограничными нарядами

Наставление по охране государственной границы (пограничный наряд)