Peyğəmbərin (s.ə.s.) kəşfiyyatı
Peyğəmbərin (s.ə.s.) kəşfiyyat
metodu
“Hz. Peyğəmbərin (s.ə.s) dövründə Islamın hakimiyyəti altına alınmış (fəth edilmiş) ərazilərin sürətinə uyğun olaraq aparılan döyüşlərdə çox az insan tələfatı olmuşdur. Bunun tarixdə misli görünməmişdir. Hz. Peyğəmbərin (s.ə.s) dini-siyasi fəaliyyəti əvvəlcə kiçik bir şəhər-dövlət olan Mədinənin bir hissəsində başlamışdır. Bu şəhər-dövlət, Ərəbistan yarımadasının hər tərəfini bürümüş sonu görünməyən münaqişələr, qan davaları və özbaşınalıqlarla əhatə edilmişdi. Əvvəllər kiçik bir şəhərcik olan Mədinə on ildən də az bir müddət ərzində (yeni) bir dövlətin paytaxtına çevrildi ki, onun nüfuzu altında olan sahəsi, Rusiyanı çıxmaq şərtilə, Avropanın ərazisinə bərabər idi. Milyon yarım kvadrat kilometrdən artıq ərazisi olan ölkədə sülh və əmin-amanlıq bərqərar edilmişdi. Baş vermiş bu möcüzədə kəşfiyyat xidmətinin rolu qətiyyən kiçildilə bilməz. Hz. Peyğəmbərin (s.ə.s) tətbiq etdiyi ali strategiya əsasında düşmənə qələbə çalması, onun düşmən haqqında bilməsi zəruri olan bütün mühüm məlumatları əldə etməyə qabil olması sayəsində düşmən qəflətən yaxalanırdı” . “Rabitəsiz müharibə olmaz” tələbinə uyğun olaraq ən gözəl üsullardan istifadə edən hz. Peyğəmbər (s.ə.s) olmuşdur, O, bu sahəyə Məkkə dövründə kifayət qədər əhəmiyyət vermiş, hicrətin gedişində kəşfiyyatdan istifadə etmiş, dövlətini qurduqdan sonra isə bu xidməti daha da inkişaf etdirmişdir. Biz bu mövzunu iki əsas başlıq altında araşdıracağıq.
A) Məkkə dövrü və hicrət zamanı kəşfiyyat
Müsəlmanlar Məkkədə qeyri-mütəşəkkil halda yaşayırdılar. Müşriklərə qarşı qoya biləcəkləri qüvvələri yox idi. Onlarla vuruşmağa heç niyyətləri də yoxdu. Lakin özlərini onlardan qorumağın yollarını axtarır, ilk vaxtlarda, bilavasitə hz. Peyğəmbər (s.ə.s) ilə görüşmək istəyən əcnəbilər haqqında yoxlamalar apararaq məlumat toplayırdılar .
Hz. Peyğəmbər (s.ə.s) səhabələrinə verdiyi vaxtaşırı tövsiyələrində müşriklərlə çox ehtiyatla rəftar etmələri, onlara gizli məlumatları sızdırmamaları barədə xəbərdarlıq edərdi . Beləliklə, müşriklərin onlardan məlumat ala bilməsi cəhdlərinin qabağını alardı . Müşrikləri maraqlandıra və onların tərəfindən əngəl törədilə bilən tədbirlər gizli aparılırdı. Əqəbə beyətləri bu qaydada keçirilmişdir. Bu gizli beyətlər camaat (icma) formasından dövlət quruluşuna keçməyə bərabər olan hicrət prosesinin özülünü təşkil etmişdir. Muhəmməd Hamidullah: “Hz Peyğəmbər (s.ə.s) tərəfindən qurulan və fəaliyyətə başlayan Islam dövləti qəti və açıq şəkildə hicrətdən bir ay əvvəl yaradılmışdı. Bu tarix üçüncü Akabə müqaviləsinin (beyətinin) bağlanması aktına təsadüf edən bir tarixdir” deyərək, bu beyətlərin əhəmiyyətini vurğulayır.
Üçüncü Əqəbə beyətindən sonra məkkəlilər hz. Peyğəmbəri (s.ə.s) öldürməyə qərar vermişdilər. Bu qərarı Cəbrail əleyhissalam ona xəbər vermiş və o da hicrət etməyi qərara almışdı .O (s.ə.s.), şəhərin içində və ondan kənarda onu qoruyacaq adamların və yolun təhlükəsiz olmadığı üçün gizli hicrət etməyi üstün tutmuşdu .
Sui-qəsd xəbərini günorta vaxtı alan hz. Peyğəmbər (s.ə.s) elə o saat Əbu Bəkrin (A.o.r) evinə gedərək, bir yerdə hicrət planını hazırlamışdılar. Bu plana görə onlar şəhərdən kənarda yerləşən Sevr mağarasında gizlənməli idilər. Həmin dövrdə bir bələdçinin vasitəsi ilə vəziyyətdən xəbər tutacaq və şəhərdə baş verən həyəcanın yatması üçün o mağarada üç gün gözləməliydilər. Həmin günlərdə bir nəfər xəbər gətirən Məkkəyə gedib oradakı hadisələr haqqında məlumat gətirəcəkdi. Bu müddətin axırında heç vaxt istifadə olunmayan tamam başqa bir yolla Mədinəyə hərəkət edəcəkdilər.
Belə bir planı qərarlaşdırdıqdan sonra evinə qayıdan hz. Peyğəmbər (s.ə.s) orada gecənin xeyli vaxtını qaldı. Qəməri ayının son günləri olduğundan hər tərəf zil qaranlığa bürünmüşdü. Hz. Əlini (A.o.r.) evdə qoyub özü çıxdı. Evinin əhatə olunmasına baxmayaraq, düşmənlərinin gözünə görünmədən evdən uzaqlaşıb getdi .
Hz. Peyğəmbərə (s.ə.s) sui-qəsd xəbərini çatdıranın Rukeykə bint Əbi Seyfi b. Haşim adlı bir qadının olduğunu da rəvayət edirlər. Bu qadının hz. Peyğəmbərin (s.ə.s) babalarından birinin nəvəsi olması ehtimalı var. O, verdiyi xəbərdə hz. Peyğəmbərin (s.ə.s) gecə vaxtı yatağında öldürüləcəyini bildirmişdi .
Biz burada hicrəti təfsilatı ilə təsvir etmədən, digər bir məlumat əldə etmə vasitəsindən bəhs edəcəyik. Hicrətin birinci gününün gecəsi hz. Əbu Bəkrin (A.o.r.) oğlu Abdullah gizlicə mağaraya gəldi. Şəhərdə cərəyan edən olayları onlara xəbər verdi. Həmin gecə mağarada qaldı və səhər tezdən getdi. Bu işin Abdullaha tapşırılması onun çox ağıllı, zəkalı və etibarlı bir gənc olması ilə bağlı idi . Hz. Peyğəmbər (s.ə.s) və hz. Əbu Bəkr (A.o.r.) mağarada qaldıqları müddət ərzində Abdullah həmin vəzifəni yerinə yetirmişdi. Bundan başqa hz. Əbu Bəkrin (A.o.r.) azad etdiyi Amir b. Fuheyrə çobanlıq edirdi. Ona da xəbər toplamaq vəzifəsi tapşırılmışdı . Əgər bunlardan biri şübhə doğurub müşriklər tərəfindən yaxalanardısa, kəşfiyyat fəaliyyəti dayanmasın deyə, işi davam etdirən ikinci bir adamın olması da düşünülmüşdü.
Hz. Peyğəmbərin (s.ə.s) bu sahədəki istedadı məkkəlilərin onu tutmaq üçün ətrafa göndərdikləri bütün xəbərçilərin cəhdlərini boşa çıxartdı .
B) Mədinə Islam dövlətində kəşfiyyat
Mədinədə Islam dövləti qurulduqdan sonra bu dövlətin qorunması və genişləndirilməsi lazım idi. Hz. Peyğəmbər (s.ə.s) bu barədə çox böyük səylə çalışırdı. Təşəkkül tapmaqda olan dövlətin sirlərinin düşmənin əlinə keçməməsi üçün böyük həssaslıq göstərdi. Bu yöndə səhabələrini də hazırladı. Düşmənin məlumat ala biləcəyi bütün mənbələri bağladı. Səhabələrinin təkbaşına yola çıxmamasını, səyahət etməməsini tövsiyə etmişdi .
Dəvələrin boyunlarına asılan və müxtəlif növ səslər çıxaran alətlərin döyüşə gedərkən qəti olaraq çıxarılmasını əmr edərdi . Çıxdığı səfərlərinin məqsədini gizli saxlayar , kəşfiyyat bölmələrindən düşmənin əlinə keçməməyi tələb edərdi .
Hz. Peyğəmbər (s.ə.s) bir dövlət başçısı kimi, kəşfiyyat və əks-kəşfiyyat məsələləri barəsində belə bir yol tutmuşdu.
1. Mübarizə meydanına kəşfiyyatçı yeridilməsi
Hz. Peyğəmbərin (s.ə.s) əmisi Abbas müsəlmanlığı qəbul etsə də hicrət eləməmişdi. Məkkədə qalmasını ondan hz. Peyğəmbər (s.ə.s) istəmişdi. Abbas (A.o.r.) varlı bir tacir idi. Taif və Mədinə kimi şəhərlərlə daima əlaqədəydi. Məkkədə cərəyan edən hadisələr haqqında hz. Peyğəmbərə (s.ə.s) yazır və onu hər şeydən xəbərdar edirdi .
Ibn Abdulbərr bu barədə aşağıdakıları qeyd edir:
“Allahın Elçisinin (s.ə.s.) əmisi Abbas b. Abdilmuttallib Xeybərin fəth olunmasından əvvəl müsəlman olmuşdu. Müsəlmanlığını gizlədir və müşriklər haqqında xəbərləri yazıb Allahın Elçisinə (s.ə.s) göndərirdi. Hz. Peyğəmbər (s.ə.s) ona: “Məkkədə qalmağın daha xeyirlidir” deyə yazmışdı” .
Bədr müharibəsinə səbəb olan karvanın hərəkəti , Uhud müharibəsindən əvvəl müşriklərin hazırlığı , Xəndək müharibəsindən əvvəl müşriklərin Mədinəni mühasirəyə alacaqları və bununla əlaqədar qonşu qəbilələrlə müqavilə bağladıqları haqqında məlumat alan hz. Peyğəmbərin (s.ə.s), təbii ki, Məkkənin daxilində kəşfiyyatçısı vardı. Məhz bu kəşfiyyatçı - əmisi Abbas idi.
(Islam Peyğəmbəri (s.ə.s.) 14 əsr bundan əvvəl, müasir agentur kəşfiyyatının mahiyyətcə oxşar formalarından dövrünə məxsus özəlliklə istifadə etmişdir. Buna misal olaraq, Əbu Cemrənin rəvayət etdiyi hədis diqqətəlayiqdir. O belə rəvayət edir: “Bir dəfə Ibn Abbas Əbu Zərrin necə müsəlman olmasını sizə bildirimmi? - deyə soruşdu. Biz də: Bəli, - deyə cavab verdik. (Ibn Abbas belə dedi:) Əbu Zərr özü haqqında deyib ki, mən Gifar qəbiləsindən çıxmış bir adam idim. (Günlərin bir günü:) “Məkkədə bir adamın peyda olması və peyğəmbər olması haqqında bizə bir xəbər çatdı. Mən qardaşıma (Uneysə): tez ol, (Məkkəyə) o adamın yanına get və onunla görüş! (nə desə qulaq as) və onun (barəsində əldə etdiyin) xəbərlə yanıma gəl! – dedim. (Nəhayət) qardaşım getdi. Allahın Elçisi (s.ə.s.) ilə görüşdü və qayıdıb gəldi. Qardaşımdan: Nə xəbər var? – deyə soruşdum. O: “Bir nəfər gördüm. O, xeyir işlər görməyi, şərdən uzaq olmağı buyurur” - dedi. Qardaşıma: “Ürəyimi açan bir xəbər gətirməmisən!” deyə bildirdim və mən bir dağarcıq götürüb əlimə də bir əsa alaraq Məkkəyə yollandım. (Məscidi-Harama gəldim) ancaq mən Allahın Elçisini (s.ə.s.) tanımırdım. Onun haqqında başqasından soruşmaq da mənə pis gəlirdi. Zəmzəm suyu içir və məsciddə olurdum. Əbu Zərr (sözünə davam edərək) deyir ki: “Bu arada Əli (Ibn Əbu Talib (A.o.r.) məni görüb: “Bu adam deyəsən qəribdir” – dedi. Mən də: “Bəli, qəribəm” – dedim. – “Elə isə, bizə buyur!” – dedi. Əbu Zərr deyir ki: “Əli ilə birlikdə getdim. (Səhərə qədər) o məndən gəlişimin səbəbinə dair bir şey soruşmadı. Mən də ona bir söz danışmadım. Səhər açılınca (qalxdım) Allahın Elçisi (s.ə.s.) haqqında xəbər almaq üçün quşluq (namazı) vaxtı məscidə getdim. Fəqət kimsə onun haqqında mənə bir xəbər vermədi. Əbu Zərr (sözünə davam edərək) deyir ki: “(Yenə) Əliyə rast gəldim və o: “Sənin yerini tapmaq vaxtı gəlmədimi? (yəni hələ də qərib adam bir yer tapıb yerləşmədimi?) – deyə soruşdu. Mən: “Xeyir, (burada qalmaq niyyətində deyiləm)” dedim. Əli: “Tez ol, (bizə) gedək, dedi. (Getdik. Evdə) Əli: “Yaxşı, sənin işin (vəziyyətin) nədən ibarətdir? Bu şəhərə niyə gəlmisən? – deyə soruşdu. Mən də: “Gizli saxlayacağını mənə söz versən, sənə deyərəm, dedim. Əli: “Əmin ol, istədiyin kimi edərəm”, dedi. Mən belə dedim: “eşitdiyimizə görə burada bir adam peyda olmuşdur, və peyğəmbər olduğunu deyirmiş. Onunla görüşmək üçün qardaşımı göndərdim. Amma qardaşım qayıdıb gəldikdən sonra gətirdiyi xəbər məni qane etmədi. Buna görə özüm bu şəxslə üz-üzə gəlib görüşmək istədim (və buraya gəldim). Əli: “Heç şübhəsiz ki, sən ağıllı hərəkət etmisən) və hidayətə nail olmusan. Çünki axtardığın şəxs Allahın Elçisi (s.ə.s.), həqiqi peyğəmbərdir. Sabah mən onun yanına gedəcəyəm, sən də ardımca gələrsən” – dedi... Səhər olan kimi, Əli: “mən indi Allahın Elçisinin yanına gedirəm, arxamca gəl, girdiyim yerə, sən də gir! Əgər mən yolda sənə xətər toxunduracağından ehtiyat etdiyim bir adam görsəm, guya başmağımı düzəldirmişəm kimi hərəkət edib üzümü bir divara tərəf tutub dayanacağam. Sən isə (dayanmadan yanımdan keçib) get!” – dedi... Əli yola düşdü, mən də onun ardıyca getdim. Nəhayət o Peyğəmbərin (səllallahu əleyhi və səlləm) yanına daxil oldu. Onun ardıyca mən də girdim və elə o saat Allahın Elçisinə (s.ə.s.): “Ey Allahın Elçisi, mənə Islamı öyrət! – dedim. O da mənə öyrətdi. Mən elə oradaca müsəlman oldum. Buna görə Allahın Elçisi: “Ey Əbu Zərr, bunu gizli saxla və qayıt get öz ölkənə! Sonra sənə bizim aşkara çıxmağımız xəbəri çatanda, o saat gəl!” – deyə buyurdu. Mən isə dedim: “Ey Allahın Elçisi, sən haqq peyğəmbər edənə and içirəm ki, mən, şübhəsiz, bu (mübarək) kəlməni (şəhadət kəlməsini) ən azı, müşriklərin içində hökmən uca səslə bildirəcəyəm!” dedim. (Hədisi rəvayət edən Ibn Abbas deyir ki:) qureyşlilər məsciddə yığışdıqları bir vaxtda Əbu Zərr məscidə girib belə dedi: “Ey Qureyş camaatı! Bütün varlığımla bilir və sizə də bildirirəm ki, Allahdan başqa ibadət ediləcək heç bir məbud yoxdur, ancaq Allah vardır. Bir də səmimi qəlbdən elan edirəm ki, Muhəmməd Allahın qulu və Peyğəmbəridir. Qureyş müşrikləri isə onu öldürmək məqsədilə ayağa qalxıb: “Vurun bu Sabeilini!” – deyərək məni sıra ilə döyməyə başladılar. Bu arada Abbas həmin anda məni özü ilə örtərək onlara tərəf döndü: “Görüm sizi məhv olasınız! Gifardan olan bir adamı öldürürsünüz, Gifar isə sizin ticarət etdiyiniz yer və keçdiyiniz yol üstündədir” – dedi. Qureyşlilər məndən əl çəkdilər. Ertəsi gün səhər çağı mən yenə məscidə getdim. Dünənki kimi yenə də bəyan etdim. Onlar da: “Qalxın bu Sabiiliyə hücum çəkin” – dedilər və dünənki kimi ölüncəyə qədər döydülər. Yenə də Abbas dadıma çatıb daha məni vurmağa qoymadı. Dünən qureyşlilərə dediklərini bu gün də təkrar etdi. (Ravi) Ibn Abbas demişdir: “Allah rəhmət etsin! Əbu Zərrin Islama gəlməsi hadisəsi belə olmuşdur”.) .
Hz. Peyğəmbər (s.ə.s) əmisi Abbas b. Abdilmuttallibdən başqa, digər bir mənbədən də istifadə etmişdir. Məkkədə ailəsi tərəfindən əziyyət verilən və evdə qalmağa məcbur edilmiş iki gənc müsəlman vardı. Hicrətin üçüncü ilində Peyğəmbər (s.ə.s) Məkkəyə göndərdiyi bir kəşfiyyatçısına:
“Məkkəyə get, orada filan adda, Islama gizlicə girmiş və səmimi müsəlman olan bir zərgər vardır. Onu tap və görüş. Özün onun evində qalarsan. Həmin vaxtda həbsdə olanlarla əlaqə yaratmağa çalış!” kimi bir təlimat vermişdi. Məkkəyə gedən kəşfiyyatçı bu təlimata uyğun olaraq hərəkət etmiş və ona həvalə edilən işin öhdəsindən gəlmişdir.
2. Kəşfiyyat bölmələrinin göndərilməsi
Hz. Peyğəmbər (s.ə.s) Mədinə Islam dövlətini qurduqdan sonra ətrafa azsaylı hərbi bölmələr göndərirdi. Bu bölmələr düşməni vahiməyə salmaq, müsəlmanların gücünü nümayiş etdirmək və məlumat toplamaq məqsədilə fəaliyyət göstərirdilər.
Комментарии
Отправить комментарий